Bakıda Türkmənistanın
Dirçəliş, Birlik
və Məhtimqulu poeziyası günü qeyd olunub
Qafqaz Universitetində
Türkmənistanın dövlət
bayramlarından biri-18 may Dirçəliş,
Birlik və Məhtimqulu poeziyası günü qeyd olunub. Türkmənistanın
Azərbaycandakı səfirliyinin
universitetlə birgə
təşkil etdiyi tədbirdə Bakıda akkreditə olunmuş diplomatik korpusun rəhbərləri
və əməkdaşları,
Milli Məclisin deputatları, paytaxtın müxtəlif ali məktəblərinin müəllim-professor
heyəti iştirak edib.
Tədbirdə çıxış
edən Qafqaz Universitetinin rektoru, professor Əhməd
Saniç Məhtimqulu
Fərağini bütün
türk dünyasının
şairi adlandırıb.
Fərağinin fəlsəfəsinə
istinad edən rektor deyib: “Bir-birindən ayrı yaşayan millətlərin
inkişafı problemdir,
birlikdə isə çox şeyə nail olmaq mümkündür”.
Türkmənistanın Azərbaycandakı
fövqəladə və
səlahiyyətli səfiri
Toylu Kömekov öz çıxışında
bu bayramın türkmən xalqının
ən əziz bayramlarından biri olduğunu qeyd edib: “Bu, ölkənin ən əsas bayramlarından biridir, türkmən xalqının
nəsillərdən- nəsillərə
ötürdüyü qədim
mədəniyyəti ilə
olan qırılmaz əlaqələrinin rəmzidir”.
Diplomatın sözlərinə
görə, bu, həmçinin, eyni dilə, mədəniyyətə,
tarixi irsə malik xalqların dostluq bayramıdır və Məhtimqulu da öz yaradıcılığında
daim bu dostluğu vəsf edib. Səfir, həmçinin,
qeyd edib ki, dostluq mövzusu şairin bütün çoxcəhətli
yaradıcılığının ana xəttini təşkil edib.
Dünyada sülh
və təhlükəsizliyin
təmin olunmasının
Türkmənistanın xarici
siyasətinin
əsas istiqamətlərindən
olduğunu diqqətə
çatdıran diplomat ölkəsinin
neytral dövlət olması ilə qürur duyduğunu vurğulayıb. Onun sözlərinə görə,
məhz bu amil Türkmənistana xarici sərmayələrin
axınına səbəb
olub. Hazırda dünyanın ən qabaqcıl şirkətlərinin
Türkmənistana investisiya
yatırdığını qeyd edən səfir, xarici sərmayələrin həcminin
45,7 milyard dollaradək
yüksəldiyini vurğulayıb.
Azərbaycan-Türkmənistan əlaqələrinə
toxunan səfir, ölkələrimiz arasında
əməkdaşlığın yüksək səviyyədə
qurulduğunu bildirib. Onun sözlərinə görə, hər iki ölkənin dövlət başçıları
arasında mövcud olan dostluq və
qardaşlıq münasibətləri
bu əlaqələrin
inkişafını daha
da sürətləndirir.
2008-ci ilin mayında Türkmənistan Prezidenti
Qurbanqulu Berdiməhəmmədovun
Bakıya, həmin ilin noyabrında Azərbaycan Prezidenti cənab İlham Əliyevin Aşqabada səfərlərini xatırladan
diplomat, onları tarixi
hadisə kimi xarakterizə edib. 2010-cu ilin noyabrında Bakıda keçirilən
Azərbaycan-Türkmənistan hökumətlərarası iqtisadi
əməkdaşlıq komissiyasının
iclasını xatırladan
səfir, burada iki ölkə arasında bir çox sahələr, o cümlədən, mədəniyyət
sahəsində əməkdaşlığa
dair mühüm qərarların qəbul olunduğunu vurğulayıb.
Bu tədbirin də həmin qərarların tərkib hissəsi olduğunu və xalqlarımızın bir-birinə
daha da yaxınlaşmasına
xidmət etdiyini bildirib.
Tədbirdə çıxış
edən professor Əjdər
Ağayev Məhtimqulu
Fərağinin böyük
şəxsiyyət, vətənpərvər,
türkmən xalqının
böyük oğlu olduğunu bildirib. Məhtimqulu Fərağini
Molla Pənah Vaqiflə müqayisə edən natiq qeyd edib ki, onlar öz xalqlarının ədəbi dilini yaradıb. Əjdər Ağayevin fikrincə, Məhtimqulunun dili müasir Azərbaycan dilinə çox yaxın olub.
Tədbirin bədii
hissəsində Qafqaz
Universitetinin tələbələrinin
ifasında Məhtimqulu
Fərağinin şeirləri
türkmən, Azərbaycan,
türk və ingilis dillərində səsləndirilib.
Bakının müxtəlif
ali məktəblərində
təhsil alan türkmənistanlı tələbələr isə xalq mahnılarını və rəqslərini ifa edib.
Qeyd edək
ki, bu günlərdə
M.F.Axundov adına Milli Kitabxanada TÜRKSOY tərəfindən nəşr
edilən böyük
türkmən şairi
Məhtimqulu Fərağinin
“Seçilmiş əsərləri”
kitabının təqdimatı
keçirilib. Təqdimat
mərasmində
TÜRKSOY-un baş katibi
Düsen Kaseinov, eləcə də, Azərbaycan Yazıçılar
Birliyinin üzvləri,
ziyalılar, ədəbiyyatsevərlər
iştirak ediblər. Tədbirdə çıxış
edən
TÜRKSOY-un baş katibi
bildirib ki, təmsil etdiyi qurum türk mədəniyyətinin təməl
əsərlərini nəşr,
tədqiq və təbliğ etmək üçün müxtəlif
layihələr həyata
keçirir. Həmin layihələrdən biri də türk xalqının görkəmli
şair və yazıçılarının əsərlərinin nəşr
edilməsidir: “Bu
silsilədən növbəti
əsər isə ortaq türk ədəbiyyatının görkəmli
nümayəndəsi, dahi
türkmən şairi
və mütəfəkkiri
Məhtimqulu Fərağinin
yaradıcılığına həsr olunub. Qədim, zəngin və köklü türk ədəbiyyatının
Yusif Balasaqunlu, Əlişir Nəvai və bu kimi
dühaların poetik irsini dərindən mənimsəyən və
yaradıcılıqla inkişaf
etdirən Məhtimqulunun
yaradıcılığı özündən
sonra gələn şairlərə
də böyük təsir göstərib”.
Xatırladaq ki, türkmən ədəbiyyatının
görkəmli nümayəndəsi
olan şair Dövlət-Məmmədin oğlu
Məhtimqulu 1733-cü ildə,
müxtəlif türkmən
tayfalarının yaşadığı
Kopetdağın ətəyində,
Atrek çayının
hövzəsində yerləşən
Hacı Qovuşan kəndində anadan olub. O, erkən yaşlarından ərəb
və fars dilində kitab oxumasına görə atasının zəngin kitabxanasına borcludur. Bundan başqa, Məhtimqulu uşaqlıqdan
zərgərlik və
dəmirçiliklə də
məşğul olub.
1753-1754-cü illərdə Buxarada iki mədrəsədə
təhsil alıb.
1760-ci illərdən ədəbi
yaradıcılığa başlayan
şair Azərbaycan ərazisindən keçməklə
Qazaxıstan, Rusiya, Yaxın Şərq ölkələri, Hindistan,
Tacikistan və Özbəkistanda olub. Təbii bu səyahətlər
onun yaradıcılığında
özünəməxsus iz
buraxıb. Məhtimqulunun
əsas nailiyyəti, klassik ədəbiyyatı
folklor ilə yaxınlaşdırmasıdır. O, həmçinin, türkmən
ədəbiyyatını ərəb
və fars təsirlərindən xeyli
azad edə bilib. Məhtimqulu türkmən tayfalarının
birləşməsini çox istəyirdi və bu, onun yaradıcılığının
ana xəttini təşkil edir. Məhtimqulunun yaradıcılığı
Azərbaycanın görkəmli
yazıçıları Molla
Pənah Vaqifə və Molla Vəli
Vidadiyə çox təsir edib. Həmçinin, Məhtimqulu
özü də, heç şübhəsiz,
Azərbaycan ədəbiyyatından
təsirlənib. Şair
1783-cü ildə vəfat
edib.
Səlim LOĞMANOĞLU
Yeni Azərbaycan.-
2011.- 20 may.- S.7.