“Eurovision”la bağlı 5 sual

 

Adil Kərimli: Azərbaycan gələn il ölkəmizdə keçiriləcək “Eurovision” müsabiqəsini bütün digərlərindən fərqlənən, daha təmtəraqlı və möhtəşəm şəkildə təşkil etmək iqtidarındadır

 

“Eurovision”dakı qələbə tarixi qələbədir. Bu, Azərbaycan xalqının, Azərbaycan dövlətinin qələbəsidir və bizim əldə edə biləcəyimiz ən böyük uğurlardan biridir”. Bu sözləri qəzetimizə açıqlamasında “Eurovision” müsabiqəsi üzrə Azərbaycan nümayəndə heyətinin rəhbəri Adil Kərimli söyləyib. Onun sözlərinə görə, bu uğura nail olmaq heç də asan olmayıb. Bunun üçün Azərbaycan dövləti çox böyük işlər görüb. Bunun məntiqi nəticəsidir ki, “Eurovision” tarixində çox nadir görünən bir qələbəyə imza atılıb. Azərbaycan sadəcə 4 ildir ki, bu müsabiqədə iştirak etməsinə baxmayaraq, yarışı qalib tamamlayıb: “Bilirsiniz ki, İctimai Televiziya Avropa Yayımları Birliyinə (EBU) üzv olduqdan sonra ölkəmiz də “Eurovision”da təmsil olunmağa başladı. Birmənalı şəkildə deyə bilərəm ki, bu günə qədər bu məsələlərin reallaşmasında, Azərbaycan nümayəndələrinin ölkəmizi müsabiqədə layiqincə təmsil etməsində ən böyük pay ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın olub. Əgər Mehriban xanım Əliyevanın dəstəyi olmasaydı, bu qədər böyük nailiyyətlər qazana bilməzdik. Eyni zamanda, dövlət qurumlarının verdiyi dəstəyi də yüksək qiymətləndirmək lazımdır”.

Bu qələbədən sonra məsuliyyətimizin daha da artdığını söyləyən A.Kərimlinin sözlərinə görə, Azərbaycan gələn il ölkəmizdə keçiriləcək “Eurovision” müsabiqəsini bütün digərlərindən fərqlənən, daha təmtəraqlı və möhtəşəm şəkildə təşkil etmək iqtidarındadır: “Azərbaycan iqtisadi inkişaf, infrastruktur və digər məsələlər baxımından bu müsabiqəyə yüksək səviyyədə ev sahibliyi etməyə tam hazırdır”.

 

Qarşıdakı bir ildə də hamı Azərbaycandan danışacaq

 

Bu, yalnız Azərbaycan musiqisinin uğuru deyil. A.Kərimlinin sözlərinə görə, bu, həm də diplomatik sahədə əldə olunmuş böyük nailiyyətdir. O baxımdan ki, bu gün dünyada ölkəni təbliğ etmək, onu tanıtmaq üçün ən mükəmməl vasitələrdən biri musiqidir. Fikir verin, müsabiqədən artıq bir neçə gün keçməsinə baxmayaraq, hələ də dünya Azərbaycan haqqında danışır, beynəlxalq KİV-lər Azərbaycan haqqında məlumatlar yayırlar. Bu proses hələ bir ildən də artıq davam edəcək. Bu, eyni zamanda, ölkənin iqtisadiyyatı üçün mühüm dividendlər vəd edir. Təkcə, turizm sektorunun bu müsabiqədən əldə edəcəyi gəlirlər milyonlarla ifadə olunur. Həmçinin, müsabiqədə iştirak edəcək dövlət öz nümayəndə heyətlərinin burada qalması üçün müəyyən qədər xərc çəkəcək ki, bundan da yalnız ölkəmizdə müxtəlif sahələrdə çalışan iş adamları qazanacaqlar.

 

EBU-nun müsabiqə şərtləri

 

Məlum olduğu kimi, müsabiqədən dərhal sonra yarışın keçirilməsi şərtləri Azərbaycan nümayəndə heyətinə təqdim olunub. Bəs, bu şərtlər nədən ibarətdir?

Adil Kərimli bildirib ki, şərtlər toplusu müsabiqənin müvafiq qaydalara uyğun keçirilməsini nəzərdə tutan tələblərdir. Və burada bir sıra tələblər irəli sürülür: “Məsələn, müsabiqənin keçiriləcəyi yer, zalın həcmi ilə bağlı konkret tələblər mövcuddur. Eyni zamanda, xüsusi qrupların, xüsusi press mərkəzlərin olması, nümayəndə heyətləri üçün zəruri texniki vəsaitlərin təminatı və s. məsələlər şərtlər toplusunda əksini tapıb. Hətta bu, televiziya layihəsi olduğu üçün teleçəkilişlə bağlı da xüsusi tələblər var. Onu da qeyd etməliyəm ki, bu şərtlərin hamısını eyni vaxtda həyata keçirmək mümkün deyil və bu, heç tələb də olunmur. Bütün bunlar mərhələlərlə icra olunacaq, ekspert komissiyaları tərəfindən rəy verildikdən sonra digər məsələlərin icrasına başlanacaq”.

 

Azərbaycanın qələbəsi siyasi faktorları inkar etdi

 

Sirr deyil ki, bir çoxları müsabiqənin nəticələrinə siyasi faktorların müəyyən qədər təsir göstərdiyini iddia edirlər. Adil Kərimli isə deyib ki, tədbirin təşkili qaydalarında göstərilir ki, müsabiqə siyasətdən tamamilə kənar olan, sırf musiqi yarışmasıdır. Buraya hər hansı bir siyasətin qarışması tədbirin əsas prinsiplərinə ziddir. Doğrudur, səsvermədə müəyyən qonşuluq, yaxınlıq əlaqələrinin təsiri olduğu söylənir. Bunu inkar etmək olmaz. Amma Azərbaycanın qələbəsi göstərdi ki, bütün hər şeyə rəğmən, müsabiqəyə yüksək səviyyədə hazırlıq sonda öz sözünü deyir. Bilirsiniz ki, Azərbaycan təmsilçiləri heç qonşuluq əlaqələrinə malik olmayan, ölkəmizi yeni-yeni tanımağa başlayan ölkələrdən də kifayət qədər çox səs ala bildilər.

 

Ermənistan dövlətinə cəza verilə bilərmi?

 

“Əgər müsabiqənin şərtləri siyasi məsələləri tamamilə qadağan edirsə, onda Ermənistan dövlətinin siyasi əsaslarla Azərbaycanda keçiriləcək müsabiqədə iştirakdan imtina etməsi bu dövlətə qarşı hansısa cəza tədbirlərinin görülməsinə əsas yaradırmı?” sualına cavabında isə A.Kərimli qeyd edib ki, burada bir çox nüansa xüsusi diqqət yetirmək lazımdır. Əvvəla, müsabiqədə iştirak könüllülük əsasında müəyyən olunur. Hər hansı dövlət yeni müsabiqə ilində iştirak etmək üçün ərizə verir, daha sonra onların iştirakçı kimi təsdiq olunması EBU tərəfindən həyata keçirilir. Həmin dövlətin iştirakı təsdiq olunduqdan sonra prosesin gedişatında hər hansı siyasi çalarların olmasına yol verilmir. Yəni, məhz bu mərhələdə siyasi faktorlar qadağan olunur. Hər hansı bir dövlət hansı səbəbdən olmasından asılı olmayaraq, müsabiqədə iştirak etmirsə, burada heç bir cəza tədbiri nəzərdə tutulmur.

 

Müsabiqənin keçirilməsi üçün yeni kompleks tikilə bilər

 

Bu gün müsabiqənin harada keçiriləcəyi ilə bağlı cəmiyyətdə də müxtəlif diskussiyalar aparılır. Bəziləri, Tofiq Bəhrəmov adına Respublika stadionunun, bəziləri Heydər Əliyev adına Konsert və İdman Kompleksinin bu müsabiqənin təşkili üçün ideal məkan olduğunu söyləyirlər. Adil Kərimli isə dövlətin bu mənada hələ son sözü demədiyini açıqlayıb. Onun sözlərinə görə, bu məkan müəyyənləşdirilərkən müxtəlif şərtlər mütləq nəzərə alınmalıdır: “Əvvəla, bu məkan minimum 5000-8000 nəfər tutumlu olmalıdır. Nümayəndə heyətlərinin fəaliyyəti üçün maksimum rahatlıq təmin olunmalıdır. Bu zaman, həmin məkanın hotellərə yaxınlığı, kompleks ətrafında yetəri sayda maşınların dayanmasına imkan verən dayanacağın olması kimi şərtlər də nəzərə alınmalıdır. Bizdə isə belə məkanlar kifayət qədərdir.

Müsabiqənin təşkil ediləcəyi məkanla bağlı, əsasən 3 variant irəli sürülür. Bunlar, Tofiq Bəhrəmov adına stadionun, bəziləri Heydər Əliyev adına Konsert və İdman Kompleksinin rekonstruksiya olunaraq, yarışın standartlarına uyğunlaşdırılmasını təklif edir və ya yeni bir kompleksin tikilməsi yönündə də fikirlər var və dövlətimiz tərəfindən bu məsələ irəli sürülüb. Ola bilər ki, bu variant qəbul olunsun. Əgər yekun olaraq, məhz yeni bir kompleksin tikilməsi qərarı verilərsə, Azərbaycan dövlətinin gələn ilin may ayından da əvvəl bunu başa çatdırmağa gücü var”.

Adil Kərimli deyib ki, bu sualın yekun cavabını tapmaq üçün yay aylarını gözləmək lazımdır. Yayda ekspertlər qrupu Bakıya gələcək, keçiriləcək müzakirələr zamanı bu məsələlər konkretləşəcək.

 

Biletlərin qiymətini EBU müəyyənləşdirəcək

 

“Eurovision-2012”nin keçirilməsinə təxminən 1 ilə qədər vaxt qalsa da, artıq indidən bəzi məsələlər ciddi müzakirələrə səbəb olub. Onlardan biri də bu böyük tarixi hadisəyə yerində şahidlik etmək istəyənlərin biletləri neçəyə əldə edəcəyi ilə bağlıdır. Adil Kərimli isə deyib ki, bütün bu layihəyə rəhbərliyi Avropa Yayımları Birliyi həyata keçirir. Biletlərin qiymətləri də məhz EBU-nun səlahiyyətli şəxsləri tərəfindən razılaşdırılır. Bu zaman ölkənin və ölkə əhalisinin iqtisadi durumu nəzərə alınır. Bilet satışları isə rəsmi mərkəzlər tərəfindən həyata keçiriləcək. Bu zaman internetin imkanlarından da faydalanacaq.

 

Ölkəmizi müsabiqədə kim təmsil edəcək?

 

Bu gün əsas müzakirə olunan məsələlərdən biri də şübhəsiz ki, növbəti müsabiqədə ölkəmizi kimin təmsil edəcəyi ilə bağlıdır. Eldar və Nigarın böyük qələbəsi bəzilərinin növbəti dəfə də bu cütlüyün ölkəmizi təmsil etməsi yönündə fikirlər səsləndirməsinə əsas yaradıb. Elə Adil Kərimli də bunu təkzib etmir. Ancaq onu da qeyd edib ki, cütlüyün, ya da bu iştirakçıların ayrılıqda ölkəmizi təmsil etməsinin müəyyənləşməsi üçün hələ bir qədər gözləmək lazımdır: “Çünki bunun üçün müvafiq prosedurlara əməl etmək lazımdır. Milli seçim turları keçirilməli, qaliblər bu seçimlərlə müəyyənləşdirilməlidir. Ev sahibliyi etməyimiz bu proseduru dəyişdirmir. Münsiflər hesab etsə ki, yenidən bu cütlük ölkəmizi təmsil etməlidir, onda bu variant reallaşa bilər”.

 

 

AQŞİN

 

Yeni Azərbaycan.- 2011.- 21 may.- S.5