Azərbaycan regionun lider dövləti kimi özünü birmənalı şəkildə təsdiqləyib

 

Əli Əhmədov: Ölkəmizdə hökm sürən ictimai-siyasi sabitlik Azərbaycan vətəndaşlarının təhlükəsiz və rahat həyatının təmin edilməsinin əsasını təşkil edir

 

SəsTV-nin qonağı Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədovdur:

- Əli müəllim, ölkəmizdəki ictimai-siyasi vəziyyəti ümumilikdə necə şərh edərdiniz?

- Hesab edirəm ki, Azərbaycanda ictimai-siyasi vəziyyət kifayət qədər sabitdir. Ölkəmizdə hökm sürən ictimai-siyasi sabitlik Azərbaycan vətəndaşlarının təhlükəsiz və rahat həyatının təmin edilməsinin əsasını təşkil edir. Buna görə də, Azərbaycan cəmiyyəti, bütövlükdə, ölkəmizdəki ictimai-siyasi sabitliyi çox yüksək dəyərləndirir. Artıq uzun illərdir ki, insanlar ictimai-siyasi sabitliyin, dincliyin, əmin-amanlığın faydasını görür və əmin olublar ki, ölkəmizdə qazanılan bütün uğurların kökündə dayanan fundamental dəyərlərdən biri də ictimai-siyasi sabitlikdir. Sabitlik, rahatlıq, əmin-amanlıq olmayan yerdə hər hansı bir inkişafdan söhbət gedə bilməz. Azərbaycanın yaxın tarixində baş vermiş qeyri-sabit ictimai-siyasi sabitlik bunu, birmənalı şəkildə, sübuta yetirir. Ölkəmizdəki bütün ab-hava, əhval-ruhiyyə ictimai-siyasi sabitlik üzərində köklənibdir. Digər bir məqamı da qeyd etmək istəyirəm ki, bu da ölkəmizin iqtisadi və digər sahələrdə sürətli inkişafı ilə əlaqədardır. Artıq bir neçə ildir ki, Azərbaycan ardıcıl surətdə iqtisadi cəhətdən yüksək dinamika ilə inkişaf edir. Bu artım ölkənin iqtisadiyyatını gücləndirir, dövlətçiliyin fundamentini möhkəmləndirir. Bundan əlavə, Azərbaycanın nəinki regionda, bütün dünyada mövqeyi daha da güclənir. Digər bir tərəfdən isə, iqtisadiyyatın inkişafı insanların güzəranının, sosial rifahının yaxşılaşmasına gətirib çıxarır. İqtisadiyyatın inkişafı, yeni-yeni iş yerlərinin açılması, çoxlu sayda insanların işlə təmin olunması bütövlükdə ailələrin, insanların güzəranına və güzəranı vasitəsilə əhval-ruhiyyəsinə bilavasitə təsir edir. Ölkədə ictimai-siyasi durumu müəyyənləşdirən səbəblərdən biri olaraq, Azərbaycanın dünyada mövqelərinin möhkəmlənməsini vurğulamaq istərdim. Məlum məsələdir ki, müstəqil dövlətin vətəndaşları öz ölkəsinin həm regionda, həm də dünyada hansı mərtəbədə dayanmasını xüsusi bir duyğu ilə qavrayır. Və buna münasib olaraq da, insanlarda əhval-ruhiyyə təsir edən məqamlar ortaya çıxmış olur. Azərbaycan artıq regionun lider dövləti kimi özünü birmənalı şəkildə təsdiqləyib. Bu, regionda və regiondan kənarda da qəbul olunan reallıqdır. Azərbaycan dövlətinin, mütəmadi olaraq, mövqeləri dünya səviyyəsində möhkəmlənməkdədir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyini təmin olunmasındakı rolundan tutmuş, digər bir sıra beynəlxalq məsələlərin həllinə qədər əhəmiyyətinin artması, bütövlükdə, beynəlxalq müstəvidə Azərbaycanın yerini, rolunu möhkəmləndirir. Bu reallığın dərk olunması da müstəqil bir dövlətin vətəndaşları kimi insanlarımızın əhval-ruhiyyəsini müəyyənləşdirir və ictimai ovqatı təyin etmiş olur. Xüsusi olaraq, son günlərdə dövlətimizin ictimai ovqatını müəyyənləşdirən və yüksək əhval-ruhiyyəsini formalaşdıran bir hadisəni də vurğulamaq istəyirəm. Bir neçə gün bundan öncə Azərbaycan dünyanın ən mötəbər musiqi yarışı olan “Eurovision” yarışımasında qalib oldu. Düşünürəm ki, bu, Azərbaycan vətəndaşlarının iftixar edəcəyi bir hadisədir. Bu xoş əhval-ruhiyyə bu günə qədər Azərbaycanda yaşanmaqdadır. Güman edirəm ki, ən azı, bu ovqat və bu ovqatı yaratmış əhval-ruhiyyə növbəti mahnı müsabiqəsinin keçirilməsinə qədər davam edəcək. Çünki bu müddət ərzində Azərbaycan növbəti mötəbər musiqi yarışının keçirilməsini təmin və ev sahibliyi etməlidir. Təbii ki, bütün bu proseslərin hamısı Azərbaycan cəmiyyətinin, xüsusi olaraq, gənclərimizin yüksək ictimai ovqatını müəyyənləşdirir. Beləliklə, Azərbaycanda ictimai-siyasi sabitlik üzərində formalaşan çox əhəmiyətli və hər birimizin xüsusi olaraq qeyd edə biləcəyi bir əhval-ruhiyyə mövcuddur. Mövcud olmuş bu əhval-ruhiyyə, bütövlükdə, Azərbaycanın müasir inkişafını və inkişafımızın gələcək perspektivlərini müəyyənləşdirir.

- Radikal müxalifət xarici qüvvələrin maddi və mənəvi dəstəyinə arxalanaraq, bu sabitliyi pozmağa cəhd göstərir. Sizcə, buna onların gücü, ictimai dəstəyi yetərlidirmi?

- Burada bir neçə məqamı xüsusi vurğulamalıyıq. Ola bilsin ki, Azərbaycanda mövcud olan müxalifətin müəyyən bir hissəsi ölkəmizdəki ictimai-siyasi sabitliyi pozmaq və müəyyən bir gərginlik yaratmaq niyyətindədirlər. Lakin müəyyən bir müxalifət dəstəsindən Azərbaycandakı ictimai-siyasi sabitliyi pozmaq cəhdi ilə sabitliyin pozulma ehtimalları arasında çox böyük fərqlər var. Yəni müxalifətin radikal qanadı ölkədə ictimai-siyasi sabitliyi pozmağa cəhdlər göstərir. Amma bu cəhdlərin ölkəmizdəki ictimai-siyasi vəziyyəti pozmaq həddində olması ilə əlaqədar hər hansı bir müsbət fikir söyləmək qətiyyən mümkün deyil. Yəni ölkəmizdəki mövcud ictimai-siyasi sabitlik o dərəcədə möhkəm, fundamental dayaqlara söykənir ki, müxalifətin bunu pozmağa heç bir gücü, qüvvəsi yoxdur. Doğrudur, radikal müxalifətin Azərbaycandakı ictimai-siyasi sabitliyi pozmaq arzusu var, amma bu arzuların həyata keçmə imkanları qətiyyən mövcud deyil və olmayacaq da. Müxalifət özünün kifayət qədər zəif olan mövqelərini xaricdən kimlərinsə dəstəyi ilə konpensasiya etməyə çalışır. Lakin onların ictimai-siyasi sabitliyi pozmaq cəhdləri həmişə iflasa uğrayacaqdır. Azərbaycandakı ictimai-siyasi sabitlik o dərəcədə möhkəm dayaqlar üzərində qərar tutubdur ki, nə radikal müxalifət, nə də onlara kənardan kimlərinsə dəstək verməsi, ölkəmizdə gərginlik yaratmaq arzuları reallaşmayacaq. Ölkəmizdə mövcud olmuş bu sabitliyin ən möhkəm, əyilməz qarantı və təminatçısı isə, Azərbaycan vətəndaşları və onların sabitliyə, əmin-amanlığa olan sədaqətidir.

- Gəncləri qeyri-qanuni əməllər törətməyə çağıran bir necə nəfər haqqında cinayət işi qaldırılıb. Maraqlıdır ki, bu məsələdə siyasi şou yaradanlar da var. Bununla bağlı nə deyə bilərsiniz?

- Hesab edirəm ki, Azərbaycanda istənilən şəxsin və ya ayrı-ayrı siyasi qurumlarda təmsil olunan vətəndaşların hərəkətlərinə qanun prizmasından yanaşaraq, qiymətləndirməyə çalışmalıyıq. Siyasətçi və ya qeyri-siyasətçi, fərqi yoxdur, hər hansı bir qanun pozuntusuna yol verilirsə, onun hərəkətlərinə qanun prizmasından qiymət verilməlidir. Bu mənada kimlərinsə qeyri-qanuni hərəkətlərinə qanun çərçivəsində qiymət verilməsini siyasiləşdirmək kontekstindən yanaşmasını perspektivsiz sayıram. Baxmayaraq, illərdir ki, ikili standartlar deyilən mövqedən yanaşaraq Azərbaycanda siyasi məhbus axtarışında olan qüvvələr var. Və bu qüvvələrə Azərbaycanın daxilindəki bəzi müxalifətçilər və hüquq müdafiəçisi kimi bir adı öz üzərinə götürmüş ayrı-ayrı insanlar köməklər edirlər. Bu isə yolverilməzdir. Gənclərin kimlər tərəfindənsə aldadılıb, qeyri-qanuni hərəkətlərə sövq edilməsi isə ciddi qanun pozuntusu hesab olunur. Bütövlükdə, gənclər daha çox oxumağa, təhsil almağa, öz potensialından Azərbaycanın inkişafı üçün istifadə etməyə çalışmalıdır. Ümumiyyətlə, gəncləri aldadaraq öz siyasi maraqlarının həyata keçiriliməsi üçün istifadə etməyə çalışanların hərəkətlərinə haqq qazandırmaq mümkün deyil. Yeni Azərbaycan Partiyasının sıralarında kifayət qədər gənclər var. Amma bizim gənclərlə bağlı yürütdüyümüz siyasət və əldə tutduğumuz prinsip onların mövcud olan potesialından özləri üçün daha faydalı şəkildə istifadə etməyə çalışmalarından ibarətdir. Çalışırıq ki, partiyamızın sıralarında olan gənclər daha çox biliyə yiyələnsinlər, müxtəlif dillər öyrənsinlər və Azərbaycanın gələcəkdə layiqli vətəndaşları kimi formalaşsınlar. Gənclərin Yeni Azərbaycan Partiyasının sıralalarında olmasının mənasını və məqsədini, hər şeydən əvvəl, bunda görürük. Xüsusilə, vurğulamaq istəyirəm ki, digər partiyalarda gənclərin özlərinin həyata keçirməsi mümkün və məqsədə uyğun olmayan, bəzi hallarda qanunsuzluqlarla müşahidə olunan ambisiyalarının reallaşması üçün istifadə edilməyə cəhdlər göstərilir. Bununla da onlar səhv yollara sövq edilir. Bu mənada, radikal müxalifətin gənclərə olan münasibətinə, hesab edirəm ki, heç bir halda haqq qazandırıla bilməz.

- Onları az qala “siyasi məhbus” kimi təqdim etmək istəyənlər də var.

- Hansısa beynəlxalq təşkilatlar tərəfindən onların siyasi məhbuslar kimi qəbul olunması məsələsi düşünürəm ki, bu, perspektivi olmayan bir məşğuliyyətdir. Ən azı, ona görə ki, Azərbaycanda kiminsə əqidəsinə, düşüncəsinə, siyasi baxışına görə həbs edilməsi ilə əlaqədar bir faktı ortaya qoymaq mümkün deyil. Əgər ölkəmizdə kimsə qanunları pozubsa, siyasi əqidəsindən asılı olmayaraq, Azərbaycan qanunları qarşısında digər vətəndaşlar kimi onlar da cavab vermək məcburiyyətindədir. Hesab edirəm ki, Azərbaycan öz mövqeyini dəfələrlə beynəlxalq strukturlara və təşkilatlara çatdırıbdır. Bu gün də həmin fikirdəyəm ki, insanların qanun pozuntusuna yol verdikdən sonra ikili standartlar mövqeyindən yanaşaraq, siyasi məhbuslar kimi beynəlxalq təşkilatlara təqdim edilməsi praktikası Azərbaycanda perspektivlərini itirmiş bir məşğuliyyətdir.

- Əli müəllim, hərbi xidmətdən yayındığına görə, Bəxtiyar Hacıyev adlı birinin cinayət məsuliyyətinə cəlb olunması nəyə görə bəzi xarici qurumlar tərəfindən bu qədər geniş müzakirə olunur?

- Yəqin ki, biz burada bu və ya digər dairələrin Azərbaycana təzyiq göstərmək cəhdlərini yada salmalıyıq və bunu mütləq şəkildə qeyd etməyi vacib sayıram. Birmənalı şəkildə, hər bir Azərbaycan vətəndaşı və ilk növbədə, Azərbaycan gənci hərbi mükəlləfiyyətçi olduğu halda, hərbi borcunu da vətən qarşısında ödəməlidir. Kimliyindən və ya hansı siyasi əqidənin daşıyıcısı olmasından asılı olmayaraq, eləcə də, hansı siyasi partiyanın üzvü olmasından asılı olmayaraq, o cümlədən də, B.Hacıyev Azərbaycan vətəndaşı kimi hərbi mükəlləfiyyətçi olduğuna görə, hərbi borcunu da ödəməlidir. Amma təəssüf hissi ilə qeyd etmək lazımdır ki, o, bu vətən qarşısındakı borcunu icra etmək istəmədiyinə görə, Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq, müvafiq şəkildə ona qarşı sanksiya tətbiq edilib. Bunu tamamilə normal hal hesab edirəm. Təkcə Azərbaycanda deyil, dünyanın istənilən ölkəsində gənc bir insanın hərbi mükəlləfiyyətçi olduğu halda, vətən qarşısında borcunu verməkdən imtina etməsi ortaya çıxarsa, onlara qarşı sanksiyalar tətbiq edilir. B.Hacıyevə də qarşı olunan sanksiya onun etdiyi əmələ tamamilə adekvat tətbiq edilmiş bir sanksiyadır. Burada hər hansı edilən hərəkətə adekvat olmayan sanksiyadan söhbət gedə bilməz. Bu kontekstdə yanaşdıqda B.Hacıyevə qarşı tətbiq edilən sanksiyanı qeyri-qanuni elan etməyə nə Azərbaycanın daxilində, nə də kənarda hər hansı bir qüvvənin gücü çatmır. Bu, Azərbaycan vətəndaşının öz dövləti və ölkəsi qarşısında borcunu yerinə yetirmədiyi halda, qanunla nəzərdə tutulmuş sanksiya kimi qiymətləndirilə bilər. O ki qaldı, bunun siyasiləşdirilməsi məsələsi, düşünürəm ki, bununla istər-istəməz bəzi kənar qüvvələr Azərbaycana qarşı təzyiq etməyə ümid bəsləyirlər. Amma proseslər təsdiqləyir ki, onların bu niyyəti iflasa uğrayır. Təəssüf hissi ilə qeyd etməliyəm ki, müstəqil bir dövlətə bu üsullarla, vasitələrlə təzyiq etmək niyyətinə düşən bəzi qüvvələr var. Bundan əvvəl də olub, indi də bəzi hallarda bunları müşahidə edirik. Azərbaycan dövləti kifayət qədər güclü, qüdrətlidir və möhkəm dayaqlar üzərində qərar tutur. Dövlətimiz kifayət qədər müstəqil xarici və daxili siyasətini yürüdür. Ona görə də, bu və ya digər uydurma “fakt”lara istinad edərək, bəzi maraqlı dairələrin Azərbaycana təzyiq göstərmək niyyətləri tamamilə puça uğrayır. İndiyə qədər də müxtəlif dairələrin uydurma “fakt”lar əsasında Azərbaycana qarşı təzyiq göstərmək cəhdləri iflasa uğrayıb, bu gün də onlar bu taleyi yaşamağa məhkumdur. Bundan sonra da əgər belə cəhdlər olunarsa, hesab edirəm ki, onlar səhvlərə yol vermiş olacaqlar.

- Siyasi fəaliyyətləri dönəmində Dağlıq Qarabağ kimi ümummilli bir problemlə bağlı konsepsiya irəli sürə bilməyən radikal müxalifət Nazirlər Kabinetinə təkliflər paketi təqdim etməyi planlaşdırır. Bu anormallığın görünən və görünməyən tərəfləri nədən ibarətdir?

- Hesab edirəm ki, əgər təklif vermək müxalifətin yadına yalnız indi düşübsə, onu deyə bilərəm ki, onlar həddindən artıq gecikiblər. Azərbaycan hökuməti həyatımızın bütün sferaları ilə əlaqədar bir neçə ildir ki, ardıcıl surətdə həyata keçirilən düşünülmüş proqramlar həyata keçirilməkdədir. Ölkəmizin bugünü və gələcəyi ilə bağlı çox geniş, əhatəli həyata keçirilən və insanlarımıza fayda gətirən proqramlar var və bu proqramlar ardıcıl surətdə həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə hökumətimiz tərəfindən müəyyənləşdirilib həyata keçirilən proqramlar kifayət qədər uğurlara gətirib çıxarıb. Həyatımızın digər sahələrindəki inkişafın kökündə dayanan gerçəkliklərdən biri də bütövlükdə siyasətimizin çox ciddi proqramlara istinad etməsidir. Ölkə rəhbəri cənab İlham Əliyev dəfələrlə qeyd edib ki, bütün sahələrlə əlaqədar Azərbaycan hökumətinin fəaliyyəti ciddi proqramlara istinad edir. Bu proqramlar ardıcıl surətdə həyata keçirilir və insanlar da bunun faydasını görür. Göründüyü kimi, Azərbaycan hökumətinin fəaliyyəti çox ciddi proqramlara istinad edir və bu proqramlar həyatımızın bütün sahələrini əhatə edir. Müxalifət bu günə qədər real konsepsiyanı ortaya qoya bilməyib. İstər Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında, istərsə də, bu və ya digər sferalarla bağlı Azərbaycan müxalifəti bugünkü Azərbaycan hökumətinin həyata keçirdiyindən fərqli olacaq proqramı ortaya qoya bilməyib. İndiyə qədər müxalifətin Azərbaycan cəmiyyətinə məlum olan yeganə məşğuliyyət növü yalnız tənqidçilik etmək, şər və böhtan atmaqdır. Bu isə, konsepsiya deyil. Bir az da geniş prizmadan yanaşsaq, bu, əslində, müxalifətçilik deyil. Müxalifətçilik hakimiyyətdə olan siyasətdən fərqli olan bir konsepsiyanı ortaya qoyulmasıdır ki, bu konsepsiyanın da indiyə qədər Azərbaycan müxalifəti ortaya qoya bilməyib. Ona görə də, onların hansısa proqramı irəli sürməsi ilə bağlı ciddi arqumentlərə əsaslanıb danışmaq da çətindir. Digər bir tərəfdən, müxalifətin vəzifəsi hökumətə proqram təqdim etmək deyil. Azərbaycan müxalifəti həmişə səhvlərə yol verir. Hökumətə proqram təqdim etməklə də müxalifət yenə də ciddi, siyasi cəhətdən haqq qazandırılması mümkün olmayan bir səhvə yol verib. Müxalifət insanlara, hökumətin həyata keçirdiyi proqramdan fərqli olan bir proqramını ortaya qoymalıdır ki, müxalifətçi olduğunu təsdiqləsin. Hökumət isə, təbii ki, insanların verdiyi səslər hesabına hakimiyyətə gəlir. Bu səsləri almaq üçün təqdim etdiyi proqramı həyata keçirmək şansı qazanır. Ona görə də, Azərbaycan vətəndaşları Azərbaycan hökumətinin hansı proqramı həyata keçirdiyini çox gözəl bilir və bu proqramın həyata keçirilməsinin bəhrələrini də görməkdədir. Əgər müxalifət öz proqramını hökumətə təqdim edirsə, bu, o deməkdir ki, müxalifət özünə inanmır. Hesab edirəm ki, bu real siyasətdən daha çox, sadəcə olaraq, insanları çaşdırmaq və guya müxalifət nə isə edir görüntüsü yaratmaq niyyətindən başqa bir şey deyil.

- İqtidar-müxalifət dialoqunun keçirilməsi ilə bağlı təkliflər irəli sürülür. Amma zamanında da belə təkliflər irəli sürüləndə, radikal müxalifət konstruktiv dialoqdan yayınıb. Bu dəfə də belə vəziyyət yarana bilərmi?

- Prinsip etibarilə dialoqun tərəfdarıyıq. Amma dəfələrlə Yeni Azərbaycan Partiyasının dialoq sədaqətini nümayiş etdirməsinə baxmayaraq, opponentlərimiz olan müxalifətin radikal qanadı birlikdə hakimiyyət-müxalifət partiyaları arasında dialoq əhval-ruhiyyəsinin pozulması üçün istənilən addımları atdılar. Dialoq ab-havasının yaranması üçün, ilk növbədə, qarşılıqlı etimad olmalıdır. Əgər müxalifət heç bir əsası olmadan Azərbaycan hökumətinin həyata keçirdiyi siyasəti tənqid edirsə, ölkəmizdə əldə olunan uğurlara inanmırsa, şər-böhtan atırsa, bunların hamısı tərəflər arasına dialoqun təşkil olunmasına yox, ciddi şəkildə pozulmasına xidmət edir. Bu mənada, müxalifət hakimiyyət partiyası ilə dialoq aparmaq niyyətinə düşübsə, hər şeydən əvvəl, konstruktiv mövqe nümayiş etdirməlidir. Biz heç də müxalifətin YAP-ın yürütdüyü siyasəti tərifləməsini istəmirik. Amma ən azından dialoq əhval-ruhiyyəsinin yaranması naminə hadisələrə obyektiv, qərəzsiz və düzgün münasibətin fərqlənməsini arzulayırıq. Bir tərəfdən onlar Yeni Azərbaycan Partiyasının yürütdüyü siyasəti təhrif edir, siyasətimizə böhtan atırlar, əldə olunan uğurlara qara yaxırlar. Digər tərəfdən isə, yenə də bizimlə dialoq aparmaq haqqında təkliflər irəli sürürlər. Biz isə onlara konstruktivlik təklifini irəli sürürük. Əgər müxalifətin radikal qanadı konstruktivlik əhval-ruhiyyəsinə gəlib çata bilərsə, YAP ilə onlar arasında bu və ya digər milli maraqlar zəminində çox ciddi fikir mübadiləsi aparmaq lazımdır. Bir sıra hallarda müxalifət YAP ilə dialoq haqqında söhbətlər apararkən sırf partiya maraqları prizmasından çıxış edir. Bunun özü də tərəflər arasında dialoq əhval-ruhiyyəsinin yaranmasına ciddi maneçilik törədir. YAP həm dialoq əhval-ruhiyyəsinin yaranması istiqamətində addımlar atmağa, həm də ictimai maraq kəsb edən məsələlər ətrafında müzakirələrin aparılmasına hazırdır. Təki opponentlərimiz tərəfindən səmimi şəkildə belə bir mövqe və hazırlıq ortaya qoyulmuş olsun.

 

 

Yeni Azərbaycan.- 2011.- 25 may.- S.3