Rabitə incə sənətdir

 

2010-cu ildə Londonda, məşhur “Sotbis” auksionunda bir rəsm əsəri rekord qiymətə - 69 milyon dollara satıldı. Bu rəsmin müəllifi Amedeo Modilyani sağlığında qiymətini almayan sənətkarlardan biri olub. Az qala heç bir rəsminə alıcı tapa bilməyən dahi rəssam vərəmdən, cəmi 35 yaşında ölüb.

Ümumən sənət aləminə münasibətdə belə bir stereotip var ki, guya sənətkar, rəssam ac olmalıdır. Ancaq rəssam o halda sənət haqda deyil, yemək haqda düşünür axı! Nə yaxşı indiki dövrdə sənətkarların qədrini bilənlər tapılır. Bəlkə də gələcəyin bir “Modilyanisi” bu saat Bakıdakı emalatxanasında rəsmlər yaradır, amma onun taleyinin acı olmayacağına böyük ümidlərimiz var.

Mayın 13-dən 20-nə qədər Bakıda Art Festival keçirildi. “Alış-veriş incəsənətdir” şüarı altında keçirilən festivalda gənc və tanınmış rəssamlar, heykəltəraşlar öz əsərlərini göstərmək, satmaq imkanı qazandılar. 18 may – Beynəlxalq Muzeylər Günü münasibətiylə dünyanın inkişaf etmiş ölkələrində belə tədbirlərin keçirilməsi ənənə halını alıb. Ölkəmiz də Art Festivalla bu şərəfli sıraya qoşulur. Sərginin məkanı da yetərincə uğurlu seçildi – paytaxt sakinlərinin sıx toplaşdıqları yerlərdən olan Dənizkənarı Milli Parkdakı “Park Bulvar” kompleksi. Tədbirdə həm yerli, həm xarici sənətkarların əsərləri göstərildi, xeyriyyə hərracı, xarici səfirliklərin nümayəndələri iştirak etdi.

Festivala maliyyə dəstəyini kim verdi? Biz bu suala uzun zaman düşünmədən cavab verə bilərik, çünki ölkəmizdə incəsənətlə bağlı belə xeyriyyəçilik layihələrinin altında demək olar həmişə bir şirkətin imzasını görürük. Bu, Azercell Telekom MMC-dir.

“Qara Qarayevin şəxsi royalı satışa çıxarılıb, xalqın sərvəti izsiz it-bata düşə bilər!” Problem yoxdur, Azercell royalı alır və Milli Konservatoriyaya bağışlayır.

“Görkəmli tarixçi alim Nəsiman Yaqublu qəhrəman türk ordusunun Bakını xilas etməsi haqda kitab hazırlayıb, çapına kömək lazımdır” – Azercell-ə zəng edin...

Tanınmış sənətçilərimizin yubiley gecələri, konsertlərinin təşkili, disk və kliplərinin maliyyələşdirilməsi – bunlar şirkətin incəsənət sahəsində davamlı kömək siyasətinin az bir hissəsidir. Mobil rabitə şirkətləri öz reklamlarında adətən bir sloqanı səsləndirməyi sevərlər: “Biz hər yerdəyik”. Bu şüar Azercell-in timsalında çox simvolik və yerində səslənir. Əslində Azercell abunəçiləri üçün də çox xoşdur ki, bu gün telefon danışığına sərf elədiyin pulun hansısa hissəsi sənətin yaşamasına gedir. “Danışmaq yox, iş görmək lazımdır” məsəli arxaikləşir, çünki sən danışırsan, bunun sayəsində rəssam şəkil çəkmək, heykəltəraş daş yonmaq, musiqiçi oxumaq imkanı qazanır. Danışmaq işə çevrilir. Mobil rabitə sanki gözəgörünməz dünya harmoniyasının simvoludur, harmoniya isə həm də incəsənətdir. “Sənət sənət üçündür” – bəlkə bu məşhur konsepsiya, bu sloqan da elə çağdaş zəmanəmizdə telekommunikasiya şirkətinin sənətə dəstəyinin şüarı ola bilər?

Haşiyə olaraq qeyd edək ki, sənətə yardım Azercell-in sosial layihələrində bir hissədir, şirkətin bu seqmenti o qədər rəngarəngdir ki... Kimsəsiz və valideyn himayəsindən məhrum uşaqlara yardımlar, idmançılara sponsorluq, intellektual yarışlara maliyyə ayrılması, tələbələrə təqaüd, alimlərə dəstək, tibbi və ekoloji layihələr... Saydıqca bitmir. Ölkədə başqa hansı özəl şirkət bu qədər sosial layihə ilə öyünə bilər?

Qayıdaq rəssamlıqla bağlı layihəyə. Park Bulvar-da keçirilən Art Festivalı Azercell-in bu ilə nəzərdə tutulan incəsənətə dəstək proqramındakı başqa bir istiqamətin qaranquşu sayıla bilər. İyunda Venesiyada “Biennale-2011” sərgisi keçiriləcək. Orda Azərbaycanın da öz pavilyonu olacaq, dünya ölkəmizin avanqard rəssamlığı ilə yaxından tanış olacaq. Ölkəmizin bu çox nüfuzlu, sayca 54-cü sərgi-forumda iştirakına Azercell əsas dəstək verir.

Aydın olsun deyə bu sərgi haqda məlumat verək, çünki sənətdən bir qədər uzaq insanlar Venesiya festivalının tanımaya bilərlər. Bu festival təsəvvür edin ki, ilk dəfə 1893-cü ildə keçirilib! O vaxtdan davamlı olaraq hər iki ildən bir (“biennale” elə italyancadan bizim dilə çevriləndə “iki ildən bir” deməkdir) dünya sənətkarlarının, avanqard rəssamların diqqəti Venesiyaya yönəlir. Pikasso, Renuar, Kurbe, Repin, Montiçelli, Roden, Klimt, Sezann, Matiss, Endi Uorholl, Yoko Ono... Bunlar Venesiya Biennale-sinin tarixinə adını yazdırmış böyük sənətkarlardan çox az hissəsidir. Təəssüf ki, girişdə adını çəkdiyimiz Modilyani Venesiya Biennalesində sərgilənmək şərəfinə yalnız ölümündən 2 il sonra layiq bilinmişdi.

İndi bizim rəssamlar da öz avanqard əsərləri ilə bu nüfuzlu sənət festivalında yarışmaq imkanı qazanıblar. Azərbaycan rəssamları isə tarixən Qafqazda sayılıb-seçilən olubdur. Səttar Bəhlulzadə, Mircavad, Rasim Babayev – bunlar vaxtilə öz dövrlərinin avanqard rəssamları olublar. İndi onların yolunu Teymur Daimi, Tərlan Qorçu kimi istedadlı rəssamlarımız davam etdirir.

Deni Didronun bir müdrik fikri var: “Rəssam pul haqda düşünməyə başlayanda gözəllik hissini itirir”. Qoy onlar gözəl əsərlərini yaratmağa davam eləsinlər, onların yaşaması, sərgiləri, festivallarda iştirakı haqda düşünən başqa xeyirxahlar var. Modilyaninin acı taleyi haqda isə yalnız bunu deyə bilərik: onun bəxti gətirməmişdi...

 

 

Səlim

 

Yeni Azərbaycan.- 2011.- 27 may.- S.4.