“Eurovision-2011”in qalibləri “Yeni Azərbaycan”ın qonağı olublar

 

Onlar Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsinin daha möhtəşəm təşkil olunacağına əmindirlər

 

Mayın 14-ü..., gecə yarıdan keçib... Nəinki Azərbaycanda yaşayan soydaşlarımız, eləcə də, dünyanın müxtəlif ölkələrində yaşayan bütün azərbaycanlıların gözləri Almaniyanın Düsseldorf şəhərinə yönəlib, qəlbləri bu şəhərlə birgə döyünür. Burada 19-cu sırada səhnəyə çıxan iki gənc - Eldar və Nigar ifa etdikləri sevgi nəğməsi ilə Avropanı riqqətə gətirir. Mahnı müsabiqəsi başa çatır. Gözlər o balaca qutuya - televizora dikilib. 43 ölkə finalçıların ifasına qiymət verir. Elə ilk cəhddən Azərbaycan yarışmada maksimum bal - Rusiyadan 12 xal alır. Saniyələr, dəqiqələr sürətlə bir-birini əvəzləyir. Bu zaman yarış tablosunda ölkələr aldıqları ballara uyğun olaraq tez-tez yerlərini dəyişirlər. Azərbaycan kiçik olsa belə, demək olar ki, əksər ölkələrdən xallar toplamağa başlayır. Və nəhayət, son...Azərbaycan təmsilçiləri 221 xalla “Eurovision” mahnı müsabiqəsini birinci yerdə başa vururlar. Eldar və Nigarın sevinc göz yaşları, ... əllərdə Azərbaycan və Türkiyə bayraqları dalğalanan iki gənc səhnəyə qaçır... tamaşaçılar qarşısında baş əyirlər... Azərbaycanın adını “Eurovision” mahnı musabiqəsinin tarixinə yazırlar. Cəmi 4-cü dəfə iştirak etməsinə baxmayaraq, Avropanın ən ali musiqi yarışmasını ölkəmizə gətirirlər...

Dünən bu iki gənc - Eldar Qasımov və Nigar Camal “Yeni Azərbaycan” qəzetində qonaq olublar. Görüşdə həmçinin, İctimai Televiziyanın (İTV) mətbuat xidmətinin rəhbəri Tahir Kərimov, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev iştirak ediblər.

Qonaqları salamlayan “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu Azərbaycan musiqisini Avropa dinləyicilərinə peşəkarcasına çatdırmaqla, onların qəlblərini fəth edə bildikləri üçün, eləcə də bu möhtəşəm mahnı müsabiqəsində qələbə qazandıqları üçün Eldar Qasımova və Nigar Camala öz təşəkkürünü bildirib: “Siz öz ifanızla sübut etdiniz ki, Azərbaycan Avropanın bir parçasıdır. Azərbaycan xalqının musiqisi, mədəniyyəti, mənəvi zövqü Avropanın mədəniyyətinin tərkib hissəsidir”.

Hikmət Babaoğlu “Eurovision” mahnı müsabiqəsində Azərbaycanı layiqincə təmsil etdiklərinə görə, Eldar və Nigara, eləcə də, İTV-nin rəhbərliyi də daxil olmaqla, bu uğurun qazanılmasında zəhməti keçən hər kəsə dərin təşəkkürünü bildirib.

O, dövlətimizin daim gəncləri dəstəklədiyini, onların inkişafı üçün lazımi şəraitin yaradıldığını qeyd edib və Eldarla Nigarın bu qələbəsinin dövlətimizin gənclərə olan qayğısına cavab kimi qiymətləndirib.

Görüşdə iştirak edən “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev də öz növbəsində qonaqlarımızı təbrik edərək onların qələbəsinin ölkəmiz üçün əhəmiyyətli olduğunu vurğulayıb: “Bu gün Türkiyə ilə Azərbaycan arasında münasibətlərə xələl gətirmək istəyən qüvvələr var. Sizin səhnəyə Türkiyənin dövlət bayrağı ilə çıxmağınız onu göstərdi ki, biz həqiqətən də iki dövlət, bir millətik. Sözsüz ki, sizin qələbəniz hər iki dövlətin sevincidir. Siz bu addımla bütün Türk dünyasının adını yüksəltdiniz”.

İTV-nin mətbuat xidmətinin rəhbəri Tahir Məmmədov isə görüşün təşkil olunmasına görə təşəkkürünü bildirib. O, əldə olunan qələbənin Azərbaycanın musiqisinə, mədəniyyətinə verilən böyük qiymət olduğunu söyləyib: “Bir çox insanlar müsabiqədə cəmi 4 dəfə iştirak etməyimizə baxmayaraq, yüksək nailiyyət qazanmağımızın səbəbini soruşurlar. Bizim bu qələbəmiz heç də təsadüfi deyildir. Bu, dahi Üzeyir Hacıbəyovun, Qara Qarayevin musiqisinin gücüdür. Azərbaycan artıq dünyada kifayət qədər məşhur olan karifey sənətkarlarımız - Rəşid Behbudov, Müslüm Maqomayevin ənənələrini hazırda bu gənclərimizin simasında davam etdirir. Təbii olaraq, bu qələbə həm də bütün yaradıcı heyətin böyük zəhmətinin nəticəsidir. Avropanın 43 ölkəsinin qatıldığı bu yarışmada qalib gəlmək böyük uğurdur. Avropa tamaşaçıları isə Azərbaycan təmsilçilərini öz səmimi ifalarına görə sevdilər, rəğbət bəslədilər. Yeri gəlmişkən qeyd edim ki, Eldarla Nigar çox çalışqan və istedadlıdırlar. Bu qələbə onların üzərinə düşən işin öhdəsindən məsuliyyətlə gəlmələrinin nəticəsidir. Bu qalibiyyət peşəkarlardan ibarət münsiflər heyətinin ideal seçim etdiyini göstərir”.

Redaksiya əməkdaşlarının iştirakı ilə davam edən görüşdə jurnalistlərimiz Eldarla Nigarı lap “sual atəşi”nə tutmuşdular.

- Mətbuatda yayılan məlumata görə, siz Ukraynada “Universal Music” şirkəti ilə müqavilə imzalamısınız...

Eldar: Bu doğru xəbər deyil. Biz hələ ki, heç kəslə müqavilə bağlamamışıq. Hələlik promotur etmək fikrindəyik. Avropanın bir çox ölkələrində, o cümlədən Azərbaycanın regionlarında konsert vermək fikrindəyik.

- Duet kimi fəaliyyətinizi davam etdirmək istərdinizmi?

Eldar: Əlbəttə ki, davam etdirmək istəyirik, yeni albom çıxarmaq fikrindəyik.

- Dediniz ki, regionlara səfərlər edəcəksiz. Bəs cəbhə bölgələrində konsert vermək fikriniz varmı?

Eldar və Nigar: Bəli, biz bütün rayonlarda konsertlər vermək istəyirik, həmçinin, sərhəd bölgələrində də.

- Azərbaycan bəstəkarlarından yeni mahnı təklifləri almısınızmı?

Eldar: Hələ ki, yox, amma çox istərdik ki, Azərbaycan bəstəkarlarının da mahnılarını ifa edək. Mənə elə gəlir ki, bu, bizdə çox yaxşı alınar.

- Azərbaycanda olduğu qədər artıq Türkiyədə də populyarlaşmısınız. Türkiyədə konsert verməyi düşünürsünüzmü?

Eldar, Nigar: Əlbəttə, Türkiyəyə də gedəcəyik, orada da konsert verəcəyik.

- Bakıda keçiriləcək “Eurovision-2012”-ni necə təsəvvür edirsiniz? Sizin qələbənizin bir daha təkrarlanması üçün necə hazırlaşmaq lazımdır?

Eldar: Müsabiqənin format və yaxud keçirilməsi məsələləri bizdən asılı deyil, bu işlə Avropa Yayımlar Birliyi məşğul olur. Lakin biz arzu edirik ki, 57-ci dəfə keçiriləcək “Eurovision” yarışmasının ən yaxşısı, məhz, Azərbaycanda baş tutsun.

Nigar: Hesab edirəm ki, “Eurovision-2012” çox yüksək səviyyədə keçiriləcək, bunun üçün bizdə bütün potensial imkanlar var və biz bunun, məhz, belə də olacağına inanırıq.

- Azərbaycan artıq 4 ildir ki, bu müsabiqədə təmsil olunur və uğurlu göstəricilər qazanır. Bu o deməkdir ki, Azərbaycan bu müsabiqəyə daha ciddi yanaşır...

Eldar: Əlbəttə ki, biz hamımız çalışmalıyıq ki, Azərbaycanı dünyada ən yüksək səviyyədə təmsil edək. Biz bu il də buna çalışdıq və alındı da. Buna görə çox sevinirik.

- Müsabiqədəki qələbədən sonra siz bir anda xalqın qəhrəmanına çevrildiniz. Bu, sizin həyatınızı necə dəyişdirdi?

Eldar: Biz mayın 15-də gecə Azərbaycana gələndə təyyarədən endikdə gördük ki, minlərlə insan hava limanındadır. Bu, bizim üçün böyük şərəfdir və insanların gözlərindəki sevinci gördüyümüz an özümüzü çox xoşbəxt hiss etdik.

- Qələbədən əvvəlki Eldar və Nigarla qələbədən sonrakı Eldar və Nigar arasındakı fərq nədir?

Eldar və Nigar: Bizim özümüzdə heç bir dəyişiklik baş verməyib. Lakin bizə olan münasibət, eləcə də həyat tərzimiz dəyişib. Yeni planlar var, iş rejimimiz çox gərgindir, ona görə də hamısını çatdırmağa çalışırıq.

- Maraqlıdır, nədən Nigar əlində Azərbaycanın deyil, Türkiyənin bayrağı ilə səhnəyə qaçırdı?

Nigar: Bildiyiniz kimi, qardaş ölkə finala vəsiqə qazana bilmədi. Odur ki, biz qərara gəldik ki, əgər qalib gəlsək, belə addım atacağıq - səhnədə bütün Türk dünyasının birliyini təmsil edəcəyik.

- Bəzi bukmeykerlər sizi 3-cü, 4-cü və daha aşağı yerlərdə görürdülər. Bəs siz özünüzü neçənci yerdə görürdünüz? Və özünüzə əsas rəqib kimi hesab edirdiniz?

Eldar: Biz hər zaman jurnalistlər arasında keçirilən rəy sorğularında birinci yeri tutmuşduq. Bukmeykerlərin qərarından asılı olmayaraq, elə ilk gündən özümüzə inanırdıq.

Jurnalistlərin suallarını cavablandıran Eldar Qasımov, həmçinin əlavə edib ki, Azərbaycanda keçirilən milli seçim turunun finalında münsiflər ölkəmizi bu mahnı yarışmasında təmsil etmək üçün duet göndərilməsinə dair qərar qəbul etmələri özünü doğrultdu. Nigar Camal da öz növbəsində, belə bir doğru seçim etdiyinə görə, münsiflərə minnətdarlığını bildirib.

Peşəkar musiqi fəaliyyətlərinə gəlincə isə “Eurovision” təmsilçilərimiz hər ikisi musiqi məktəbində fortepiano sinifində təhsil aldıqlarını bildiriblər. Eldar müsabiqəyə qədər peşəkar musiqi fəaliyyəti ilə məşğul olmadığını və Bakı Slavyan Universitetində magistr olduğunu bildirib. Nigar Camal isə uşaqlıqdan musiqiyə həvəs göstərdiyini və milli seçim turu haqda məlumat aldıqdan sonra, bu müsabiqəyə qatılmağa qərar verdiyini, bəstəkar İsa Məlikovun təklifi əsasında onunla əməkdaşlıq etməyə başladığını bildirib.

Daha sonra Eldar və Nigar onlarda musiqi istedadının olması üçün əcdadlarına – baba və nənələrinə minnətdar olduqlarını, bunun gendən gələn bir istedad olduğunu bildiriblər. Belə ki, Nigarın bir tərəfi məşhur aktyor Hüseynqulu Sarabski nəslindəndir. Eldar isə Azərbaycan görkəmli aktyoru Abbas Mirzə Şəfizadənin nəticəsidir.

Duetin adının nə üçün məhz “El və Nikki” adlandırılmasına münasibət bildirən gənclər, bunun daha asan səsləndiyini və Avropa dinləyicilərinin daha asan yadda qalması üçün edildiyini bildiriblər.

Azərbaycanda mədəniyyət sahəsinə dövlət tərəfindən göstərilən diqqət və qayğıya dair sualı cavablandıran Eldar Qasımov, dövlətimizin bu sahəyə böyük önəm verdiyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanda tikilən mədəniyyət evləri, teatr binalarının təmir olunması və digər tədbirlər bunu bir daha təsdiqləyir.

Gələcəkdə Azərbaycanda yaşamaq istəməsinə dair sualı cavablandıran Nigar Camal tez-tez həm Azərbaycanda, həm də İngiltərədə olacağını, musiqi sahəsində fəaliyyətini davam etdirəcəyini söyləyib.

Sonda “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu Azərbaycan vətəndaşlarına, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımıza bu sevinci yaşatdıqları üçün Eldar və Nigara öz təşəkkürünü bildirib, onlara hədiyyələr təqdim edib.

 

 

Hülya,

 

Səlim

 

Yeni Azərbaycan.- 2011.- 28 may.- S.12.