Azərbaycan Xalq Cümhuriyyəti
tariximizin şərəf səhifəsidir
Şərqin ilk demokratik
respublikasının qurulmasından 93 il ötür
Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulmasından 93 il ötür. Bu illər ərzində Cümhuriyyətimizin tariximizdəki yerindən çox bəhs olunub. Bu il də 28 May-Respublika Günü münasibətilə AXC-nin Azərbaycan tarixindəki yerindən bəhs etmək üçün ziyalılarımıza müraciət etdik.
Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Musa Qasımlı 1918-ci il mayın 28-də Azərbaycan xalqını təmsil edən Milli Şuranın Şərqdə ilk dəfə olaraq respublika formasında Azərbaycanın dövlət müstəqilliyini elan etməsinin çox böyük tarixi hadisə olduğunu qeyd etdi. Millət vəkili bildirib ki, Cümhuriyyətlə bağlı danışılan zaman onun yaradılmasına aparan yol, elan edildiyi dövrdə siyasi vəziyyət, ona təsir göstərən beynəlxalq amillər, Azərbaycan hökumətinin ölkə daxilində həyata keçirdiyi tədbirlərin əhəmiyyəti və digər məsələlər mütləq şəkildə nəzərə alınmalı və dəyərləndirilməlidir: “1905-1907-ci illər inqilabı və ondan sonra baş verən proseslər Azərbaycana da yeniliklər gətirdi. Bu dövrdə bütün dünyada gedən ictimai-siyasi hərəkatda iki böyük cərəyan - milli-azadlıq hərəkatı, millətçilik və sosial-demokratiya paralel olaraq gedirdi. Həmin məqsədlərə uyğun olaraq ictimai və siyasi təşkilatlar yaradıldı. Milli-azadlıq hərəkatı son nəticədə imperiyaların dağılmasına, zülm altında inləyən xalqların azad olmasına və müstəqil dövlətlərin yaradılması məqsədini güdürdüsə, sosial-demokratiya daha çox rejimləri dəyişməklə mahiyyətinə görə, imperiyaların qorunub-saxlanılmasına yönəlmişdi. Azərbaycan xalqının istəklərinin ifadəçiləri, milli-azadlıq hərəkatının öndərləri “Difai”, “Müsavat”, sosial-demokratiyanın təmsilçisi isə “Hümmət” oldu. Müxtəlif cərəyanları təmsil edən partiyaların mövcudluğu Azərbaycan siyasi tarixinin zənginliyini, çoxtərəfliliyini göstərir”.
M.Qasımlı qeyd edib ki, I Dünya müharibəsinin sonlarında yaranmış gərgin vəziyyətdə Azərbaycanın istiqlalı məsələsində çox azsaylı azərbaycanlı ziyalılar-Əlibəy Hüseynzadə, Əhmədbəy Ağayev, Məhəmməd Əmin Rəsulzadə, Əlimərdanbəy Topçubaşov və başqaları müstəsna rol oynadılar: “Azərbaycanın gələcəyini düşünən ziyalılar müxtəlif yollar aramağa başladılar. Onlar daxili amillərlə yanaşı, xarici amilə də ümid edirdilər. Xarici amil isə Osmanlı dövləti idi. Bu məqsədlə bir neçə azərbaycanlı, hətta Ərzuruma gedərək Ənvər Paşa ilə görüşmüşdü. Onlar azərbaycanlıların çarizmin zülmündən xilas olmalarına kömək göstərilməsini xahiş etmişdilər. 1917-ci ilin fevralında Rusiyada çarizmin devrilməsi ilə Müvəqqəti hökumət quruldu. Az sonra bolşeviklərin hakimiyyətə gəlməsi və ölkənin müharibədən çıxdığını elan etməsi tamamilə yeni bir şərait yaratdı. Noyabr ayının əvvəllərində Bakıda bolşeviklər hakimiyyəti ələ aldılar. 1918-ci il fevralın 23-də Tiflisdə Transqafqaz Seymi (parlamenti) yaradıldı. Bu parlamentdə Azərbaycan fraksiyası 44 nəfərdən ibarət idi. Həmin il aprelin 22-də seym Cənubi Qafqazın müstəqilliyini elan edərək Zaqafqaziya Demokratik Federativ Respublikasını yaratdı. Daxili ziddiyyətlər aradan qaldırılmadığından mayın 27-də Azərbaycan fraksiyası ayrıca iclasına toplaşaraq müstəqilliyi elan etmək qərarına gəldi. Fraksiya özünü Azərbaycan Milli Şurası elan etdi. Azərbaycan xalqının tarixi istəyi yerinə yetirildi”.
Millət vəkili
bildirib ki, əgər Azərbaycan Rusiya tərəfindən
xanlıqlar formasında işğal edilib imperiyanın tərkibinə
qatılmışdısa, Cümhuriyyətin elan edilməsi ilə
Azərbaycan onun tərkibindən vahid, müstəqil dövlət
kimi çıxdı: “Cümhuriyyətin elanından sonra
milli hökumət yaradıldı. Nazirliklər quruldu. Azərbaycanda
icraedici hakimiyyəti hökumət həyata keçirirdi.
İlk baş nazir Fətəli xan Xoyski oldu. Hökumətdə
birinci, ikinci və üçüncü kabinetə Fətəli
xan Xoyski, dördüncü və beşinci kabinələrə
Nəsibbəy Usubbəyli başçılıq etdi.
Sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını azad etdi.
Gəncədə öz fəaliyyətini
dayandırmış Milli Şura noyabr ayında Bakıda fəaliyyətə
başladı. Milli Şura Azərbaycan parlamentini 120 nəfərdən
ibarət formalaşdırmağı qərara aldı. Azərbaycan
parlamentinin yaradılması haqqında qanun 1918-ci il
noyabrın 19-da qəbul edildi. Parlamentin sonuncu iclası 1920-ci il aprelin 27-də
keçirildi. Ümumiyyətlə, parlamentin 155 iclası
keçirildi. Parlamentin müzakirəsinə 270-dən
çox qanun layihəsi çıxarıldı. Onlardan 230-u
qəbul edildi. Parlamentin sədri Əlimərdanbəy
Topçubaşov, müavinləri Həsən bəy
Ağayev və Məmmədyusif Cəfərov idi. Azərbaycan
parlamenti milli tolerantlıq baxımından, hətta Qərb
ölkələri üçün bir model idi. Dini baxımdan
da bütün digər dövlətlərə nümunə
rolunu oynayırdı. Himn və bayraq qəbul edildi. Xüsusi
xidmət orqanları yaradıldı. Sərhəd və
Gömrük xidməti quruldu. Ordu yaradıldı. Türk dili
(Azərbaycan dili) dövlət dili elan edildi. İbtidai və
orta məktəblərdə işlərin ana dilində
aparılması haqqında qanun qəbul edildi. Bakı Dövlət
Universiteti yaradıldı. Təhsil və xalq maarifi, səhiyyə
sahəsində tədbirlər həyata keçirildi. Ölkənin
hər yerində müxtəlif səviyyəli məktəblər
açıldı. Dərsliklər hazırlanmağa
başladı. Xaricdən müəllimlər dəvət
edildi. Mədəniyyətə xüsusi diqqət yetirildi.
Teatrlar, kitabxanalar yaradıldı. Ana dilində mətbuat
orqanları quruldu. Milli kadrların hazırlanmasına
xüsusi diqqət yetirildi. 100 nəfər azərbaycanlı gəncin
xarici ölkələrdə oxumağa göndərilməsi
barədə qərar qəbul edildi”.
M.Qasımlı bildirib ki,
ölkədə yeni dövlət quruculuğu prosesində
problemlər də az deyildi: “Aparılan islahatlar ardıcıl
deyildi. Aqrar islahat həyata keçirilmədi. Cümhuriyyətin
sosial dayaqları zəif idi. Çarizm tərəfindən Azərbaycana
köçürülmüş bir sıra xalqlar dövlət
müstəqilliyini tanımır, onu Rusiyanın tərkib hissəsi
hesab edirdilər. Erməni təcavüzü dövləti zəiflədirdi.
Erməni terrorunun, ərazilərin işğalının və
kütləvi soyqırımların dayandırılması başlıca
problemlərdən idi. Beynəlxalq şərait də müstəqil
Azərbaycan üçün əlverişsiz idi. Azərbaycan
Xalq Cümhuriyyəti 1920-ci il aprelin 27-də bolşevik
Rusiyasının istilasına uğradı. Cümhuriyyət
daxili deyil, xarici amillər səbəbindən məğlub
oldu”.
Cümhuriyyət tarixinin
öyrənilməsinin bəzi ibrət dərslərini
almağa imkan verdiyini xatırladan M.Qasımlı qeyd edib ki,
dövlətin qorunub saxlanması onu qurmaqdan daha çox
çətindir: “20-30-cu illərdə milli düşüncəli
ziyalılar repressiya edildilər. Amma Sovet repressiya aparatı
istiqlal fikrini məhv edə bilmədi. 70-80-ci illərdə
ziyalılar Heydər Əliyevin qayğısı ilə əhatə
olundular. Müstəqil dövlət üçün lazım
olan təməllər məhz bu illərdə
düşünülmüş şəkildə
hazırlandı. Nəhayət, milli bayrağımız ilk dəfə
olaraq rəsmi şəkildə Naxçıvanda
qaldırıldı. 1991-ci il oktyabrın 18-də Azərbaycanın
dövlət müstəqilliyi bərpa edildi. Azərbaycan
Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi oldu.
1993-cü ildə yaranan çətin durumda isə
xalqımız Ümummilli liderimiz Heydər Əliyevin ətrafında
sıx birləşərək Azərbaycanda 1920-ci ilin təkrarlanmasına
imkan vermədi. Ulu öndərimiz Heydər Əliyevin siyasi zəkası,
böyükmiqyaslı fəaliyyəti Azərbaycanın ikinci
dəfə müstəqilliyinin itirilməsinin
qarşısını aldı”.
Azərbaycan Dövlət
Pedoqoji Universitetinin Filologiya fakültəsinin dekanı,
professor Buludxan Xəlilov isə qeyd edib ki, Azərbaycan
xalqının qəlbində hər zaman müstəqil
dövlətin qurulması ilə bağlı arzu olub:
“Düşünən ziyalılarımız, tərəqqipərvər
elm və mədəniyyət xadimlərimiz hər zaman bu
istiqamətdə çalışıblar. Bu mənada Azərbaycanda
Xalq Cümhuriyyəti qurulana qədərki dövrə qədər
də dövlətçiliklə bağlı
düşüncə tərzi olub. Bu isə son nəticə
olaraq Şərqin ilk demokratik Cümhuriyyətinin
qurulmasına yol açıb. Bu Cümhuriyyət xalqın istəyindən,
tələbindən yaransa da, bu istəyi reallaşdıran
şəxslər olub. Tale elə gətirib ki, həmin
dövrdə Şərqin ən tərəqqipərvər
insanları da, məhz, bizim xalqın içindən
çıxdı. Həmin insanlar bütünlüklə
karyeralarını, həyatlarını dövlət
quruculuğuna həsr etdilər. Onlar Cümhuriyyəti qurmaqla
həm də dünyaya sübut etdilər ki, Azərbaycan
xalqının liberal dəyərlərə malik dövlət
qurmaq üçün yetərli düşüncə tərzi
mövcuddur. Bu, dövlətin qurulmasında mütləq amil
olmaqla yanaşı, xalqın öz milli taleyi haqda perspektivlərini
fikirləşdiyini də göstərir. Amma təəssüf
ki, həmin dövrdə ölkəmizdə kadr
çatışmazlığı vardı, ölkəmiz
xarici qüvvələrin, separatçı qüvvələrin
təzyiqi altında idi. Həmin dövrdə Şərqdə
ilk demokratik dövləti qurmaq şərqli-qərbli
bütün dövlətləri narahat edirdi”.
Xalq Cümhuriyyətinin əbədi
olmamasını dövləti quran şəxslərin dövlət
idarəçiliyində o qədər də peşəkar
olmaması ilə əlaqələndirən B.Xəlilov qeyd
edib ki, bu səbəbdən də xarici təzyiqlərə
davam gətirilməsi çətin olub: “Mən analoji olaraq
bir müqayisə aparmaq istərdim. Bu təqib və təzyiqlər
1993-cü ildə müasir Azərbaycanın da müstəqilliyinə
təhlükə yaratmışdı. Həmin dövrdə
Bakıya gələn Ümummilli liderimiz Heydər Əliyev
dövləti qorudu, daxili, xarici təzyiqlərə
qarşı müqavimət təşkil etdi. Çünki
Ulu öndərin böyük dövlətçilik təcrübəsi
vardı. Əgər Ulu öndərimiz olmasaydı, 1920-ci ilin
təkrarlanma təhlükəsi vardı. Bu gün Xalq
Cümhuriyyətinin parlament iclaslarının stenoqramaları
dərc olunur. Az qalmışdı ki, 1920-ci ildə Xalq
Cümhuriyyətinin rəhbərləri özləri bolşevikləri
Azərbaycana çağırsınlar. Onlar bu yolla Azərbaycanın
ən azından bütövlüyünü qorumağa
çalışırdılar. Çünki xarici və
daxili təzyiqlərin ölkəni
parçaladığını görürdülər”.
Müasir Azərbaycan dövlətinin AXC-nin varisi olduğunu bildirən Buludxan Xəlilov Cümhuriyyətin tarixinin təbliğində qısa müddətdə böyük işlərin görüldüyünü önə çəkib: “Ulu öndər Heydər Əliyev hər zaman Xalq Cümhuriyyətini quran insanlara qarşı hörmət və ehtiram nümayiş etdirib. Müstəqillik dövründə AXC ilə bağlı arxiv materialları açıldı, elmi işlər reallaşdı, həqiqətlər ortaya çıxdı. Çünki Ulu öndərimiz də dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq. Çünki demokratik dövlət modelini Şərqə məhz Xalq Cümuhuriyyəti təqdim edib. O baxımdan Xalq Cümhuriyyətinin dövründə görülən işləri, alınan qərarları milli dövlətçilik tariximizdə bünövrə də adlandırmaq olar. XX əsrin sonlarında içimizdəki azadlıq, milli düşüncə məhz Xalq Cümhuriyyəti dövründən bizə qədər qorunub saxlanan bir dəyər idi. Amma tarix bir daha göstərdi ki, müstəqilliyi qoruyub yaşatmaq üçün yalnız ziyalı olmaq kifayət etmir. Onun üçün xalqın önündə əsl ictimai-siyasi xadim, lider olmalıdır. Bu lider isə Ulu öndər Heydər Əliyev idi. Ulu öndər hər bir işdə xalqına arxalanırdı, xalqa əsl reallığı göstərirdi. Çətin günlərdə məhz xalqı ayağa qalxmağa çağırdı. Bu bir daha xalqla lider arasındakı bağlılıqdan xəbər verirdi. Ona görə də, biz hər zaman müstəqil dövlətimizin yaşaması üçün Ulu öndərimiz Heydər Əliyevə borcluyuq”.
Xalq Cümhuriyyətini quran şəxslərə qarşı hörmət və ehtiram bu gündə davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2007-ci ildə “İstiqlal” abidəsinin açılışını etdi.
B.Xəlilov qeyd edib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Xalq Cümhuriyyətinin 90 illik yubileyi təntənəli şəkildə qeyd olunub: “Bütün bunlar Xalq Cümhuriyyəti dövrü tarixinə qarşı göstərilən hörmət və ehtiramdır. Bu gün Xalq Cümhuriyyətinin bizə yadigar qoyduğu üçrəngli bayrağımız dünyanın hər bir nöqtəsində dalğalanır. Qüdrətli, müstəqil və güclü Azərbaycan dövlətini qurmaq, yaşatmaq, inkişaf etdirmək özü Xalq Cümhuriyyətini quranların ruhuna hörmət göstərməkdir. Bakıda dalğalanan dünyanın ən əzəmətli bayrağı həm də bu ruha hörmətin göstəricisi sayılmalıdır”.
Yeni Azərbaycan.- 2011.- 28 may.-
S.10.