Elnur Aslanov: “Azərbaycan gəncliyi
2011-2015-ci illərdə” Dövlət Proqramı ölkəmizin
modernləşmə xəttinin təcəssümü
olmalıdır
Azərbaycan Respublikası Prezidenti Administrasiyası
siyasi təhlil və informasiya təminatı şöbəsinin
müdiri Elnur Aslanov Azərbaycan Dövlət Teleqraf Agentliyi
- AzərTAc-a verdiyi
müsahibəsində Azərbaycan gəncliyinin
inkişafı və gənc nəslin qarşısında
duran əsas vəzifələrlə əlaqədar bir
sıra aktual məsələləri şərh edib.
- Məlum olduğu kimi, Azərbaycan
Prezidenti İlham Əliyevin tapşırığına əsasən,
“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət
Proqramı hazırlanır. Sizin fikrinizcə, bu Proqramın əsas
vəzifəsi nədən ibarətdir və həmin proqram həyata
keçirilməyə başlayandan sonra Azərbaycan gənclərinin
inkişafında nə dərəcədə ciddi təkan
gözlənilir?
- Son illərdə Azərbaycan
siyasi, iqtisadi və sosiomədəni baxımdan intensiv
inkişaf edir. Hərçənd, sosial-iqtisadi xarakterli
problemlərin, eləcə də yeni nəslin intellektual
inkişafı ilə əlaqədar məsələlərin
hərfi mənada hamısının həll edilməsi barədə
danışmaq, ola bilsin ki, hələ tezdir. Çoxlu layihələr
və təşəbbüslər
reallaşdırılmış, çox iş
görülmüşdür, lakin hələ də təxirə
salınmadan həll edilməsi tələb olunan məsələlər
vardır.
Aristotel deyirdi ki, cəmiyyəti
idarə edən dövlətin məqsədi vətəndaşların
xoşbəxtliyidir. Bu xoşbəxtlik isə, əlbəttə,
rifah vasitəsilə, ümdə problemlərin həlli, arzu
olunan gələcəyin təmin edilməsi yolu ilə əldə
edilir. Bu baxımdan, dövlət siyasətinin əsas qayəsi
yeni “Rifah dövləti”nin yaradılması, sosial ədalətin
təmin edilməsi və insanların yaşayış şəraitinin
yaxşılaşdırılmasıdır. Bu, liberal
konsepsiyanın inkarını deyil, mövcud bazar münasibətlərinin
təkmilləşdirilməsini və dövlətin zəruri
müdaxiləsini tələb edir.
Məhz bu postulatları əsas
tutaraq son onillikdə ölkəmizdə bir sıra səmərəli
proqram həyata keçirilmişdir. Məsələn,
2005-2009-cu illərdə gənclər siyasəti üzrə
Dövlət Proqramı reallaşdırılmış, bu
proqramın 100-dən çox bəndi həyata
keçirilmişdir. Lakin 2005-ci ildə Dövlət
Proqramında qarşıya qoyulan vəzifələr bu
gün, o vaxtdan 6 il keçəndən sonra dəyişmiş,
transformasiyaya məruz qalmışdır.
Əvvəlki Proqramın
xeyli hissəsi uğurla
reallaşdırılmışdır, onun bəzi bəndləri
həyata keçirilməkdədir. Çünki həmin bəndlər
daha uzun müddət tələb edir, bəzi məsələlər
isə cəmiyyətdə yalnız indi aktual məsələlər
kimi qarşıya çıxır. Bu və ya digər məsələlərin
həlli təkcə maliyyə vəsaiti deyil, həm də
müvafiq şərait tələb edir. Buna görə də
dövlət və cəmiyyət inkişaf etdikcə,
sosial-iqtisadi mühit transformasiyaya uğradıqca, vətəndaşların
maddi rifah səviyyəsi artdıqca, təbii ki, qarşıya
yeni aktual məsələlər çıxacaqdır. Hər
dövrün inkişaf tempi və xüsusiyyətlərinə
uyğun olaraq tələblər və
çağırışlar meydana gəlir. Biz bu
çağırışları aradan qaldırmaq
üçün əlverişli şərait yaratmalıyıq
və zəruri vasitələrə malik olmalıyıq. “Azərbaycan
gəncliyi 2011-2015-ci illərdə” Dövlət
Proqramının əsas məqsədi və vəzifəsi gənclərin
sosial, iqtisadi problemlərinin həlli mexanizmlərini,
onların intellektual mühitini təkmilləşdirməyə
imkan verən şərait yaratmaqdır. Bu, əlbəttə,
geniş və hərtərəfli yanaşmanın məhsuludur.
Maddi baza ilə
yanaşı, müvafiq kadr potensialımız da
olmalıdır və əminəm ki, ölkəmizdəki gənc
intellektual və kreativ insanlar, eləcə də bu gün
xaricdə təhsil alanlar qarşıya qoyulan məsələlərin
reallaşması üçün dayaq olacaqlar.
Eyni zamanda, Proqramda Azərbaycan
gənclərinin intellektual, yaradıcı, fiziki, hərbi-vətənpərvərlik
tərbiyəsi məsələlərinə böyük əhəmiyyət
veriləcəkdir. Prezident dəqiq vəzifələr
qarşıya qoymuşdur - proqram canlı, konkret və
dürüst olmalıdır. O, ölkəmizin modernləşmə
xəttinin təcəssümü olmalıdır.
- Azərbaycan dövləti
gənc nəslin qarşısında hansı əsas vəzifələri
qoyur? Yaxın gələcəkdə Azərbaycan gəncləri
hansı məqsədlərə nail olmalıdır? Azərbaycan
gənclərinin qarşısında duran əsas
çağırışlar nədən ibarətdir?
- Gənclik ictimai tərəqqinin
hərəkətverici qüvvəsidir. Gəncliyin enerjisi,
intellekti, yaradıcı potensialı və kreativliyi yeni
maraqlı və səmərəli layihələrin həyata
keçirilməsi üçün zəruri şərait
yaradır. Bu gün ölkəmizdə yaşı 29-a qədər
olan vətəndaşların sayı 3 milyona yaxındır.
Bununla bərabər, Azərbaycan
gənclərinin xeyli hissəsi ictimai təşkilatlarda həyata
keçirilən müxtəlif layihələrə və təşəbbüslərə
bu və ya digər formada cəlb edilmişdir. Əlbəttə,
məqsəd ondan ibarət deyildir ki, bütün gənclər
hər hansı ictimai və ya siyasi təşkilatlarda fəaliyyət
göstərsin. Vəzifə ondan ibarətdir ki, proqram gənclərin
nümayəndələrinin maksimum geniş dairəsini əhatə
etsin. Gənclər sosial-iqtisadi inkişafın, transformasiyanın
əsas elementi kimi Azərbaycanın inkişafına öz
töhfələrini verməli,
çalışdıqları sahələrdə peşəkarlıqları
və uğurları ilə yeni inkişaf perspektivlərinin
yaranmasına səbəb olmalıdırlar. Onlar cəmiyyətin
hərəkətverici və aparıcı qüvvəsi kimi
yeni texnologiyaların tətbiqinə, müasir elmi biliklərə
yiyələnməyə və Azərbaycanı beynəlxalq
arenada lazımınca təmsil etməyə daha həssasdırlar.
Dövlət
proqramının hazırlanması üçün ictimai
debatlar keçirilməyə başlanmışdır. Bu
cür debatlar ayda bir neçə dəfə keçirilir.
Biz ilk debatlarda informasiya cəmiyyəti şəraitində gənclərin
rolu barədə danışdıq, nəyin olması və nəyin
çatışmaması məsələlərini müzakirə
etdik. Etiraf etməliyəm ki, xeyli maraqlı və çox
ümdə təkliflər səsləndi: elektron
kitabxanaların sayının artırılması zərurətindən
başlamış, regionlarda internetin inkişafı
yollarına qədər.
Məsələn, mən hər
bir debatda 15-ə yaxın işgüzar və səmərəli
təklif qeydə alıram. Həmin təkliflər dövlət
proqramının hazırlanması üzrə işçi
qrupun müzakirəsinə çıxarıla bilər. Monteskyö
deyir ki, yaxşılıq etmək yaxşı etməkdən
min dəfə asandır. Buna görə də biz
bütün təklifləri dinləyib qarşıya qoyulan məqsədlərə
nail olmağın ən optimal yollarını
araşdıracağıq.
Biz xüsusi elektron ünvan
açmışıq. Gənclər öz təkliflərini
həmin ünvana (dp2011@mys.gov.az) göndərə bilərlər.
Prezident Administrasiyasının Twitter ünvanı vasitəsilə
gəncləri və ümumiyyətlə, bütün
ictimaiyyəti işçi qrupun iclaslarında müzakirə
edilən məsələlər barədə məlumatlandırırıq.
Bu gün gənclər arasında ünsiyyət vasitələri
şaxələnmiş və sadələşmişdir.
Qloballaşan müasir dünyada məsafə
anlayışının öz əhəmiyyətini itirməsi
məhz yeni texnologiyaların gündəlik həyatımızın
ayrılmaz bir elementinə çevrilməsinə
bağlıdır. Azərbaycan informasiya kommunikasiya
texnologiyalarının inkişafını prioritet sahə etməklə
həm iqtisadi fəaliyyətin yeni sferalarını təyin
edir, həm də gənclərin müxtəlif sosial şəbəkələr
(Facebook, Twitter) vasitəsilə inteqrasiyasına, onların
müasir dövrün çağırışlarına
cavab verən yetkin gənc kimi formalaşmasına töhfə
verir.
Ümumiyyətlə, təhsil
səviyyəsinin artırılması, Azərbaycan gənclərinin
nümayəndələri üçün yeni təhsil modelləri
yaradılması, xaricdə oxuyan gənclər ölkəmizə
qayıtdıqdan sonra onların təhsil prosesinə cəlb
edilməsi dövlət üçün vacib məsələlərdir.
Bu mühüm missiya təhsilin səviyyəsini təkmilləşdirməyə
imkan verəcəkdir. Prezident İlham Əliyev gənclərlə
görüşündə bu barədə konkret və ətraflı
danışmışdır.
Müasir Azərbaycan gəncləri
qlobal transformasiyalar və ümumdünya inteqrasiyasının
intensivləşməsi dövründə formalaşan nəsildir.
Buna görə də, Prezidentin qeyd etdiyi kimi, təhsilə
maksimum diqqət yetirməklə yanaşı, proqramda
böyüməkdə olan nəslin mənəvi-əxlaqi dəyərlərinin
tərbiyə edilməsi məsələsinə də yer
ayrılacaqdır. Qloballaşma, xarici qüvvələr tərəfindən
milli xüsusiyyətləri ləğv etmək və “milli
suverenitetin aradan qaldırılmasının”
aktuallaşdırıldığı şəraitdə bu,
mühüm aspektdir. Bu gün Azərbaycan gəncləri
başa düşməlidirlər ki, ölkəmiz dəyişmişdir,
indi o, hələ 15 il və ya 10 il bundan əvvəlki ölkədən
əhəmiyyətli dərəcədə fərqlənir.
Geosiyasi və geoiqtisadi determinant dəyişmişdir.
Əlbəttə, ölkənin
iqtisadi və siyasi inkişaf səviyyəsi beynəlxalq
sistemin bəzi aktorlarını narahat edir. Özü də
bu, bizim kənar aktorlar tərəfindən idarə edilən
məkan olduğumuz dövrə aid tarixi analogiyalarla
bağlıdır.
Bu gün Azərbaycan gəncləri
azad, müstəqil ölkədə yaşayırlar və
Prezidentin qeyd etdiyi kimi, heç kəs şübhə etməməlidir
ki, biz öz müstəqilliyimizi göz bəbəyimiz kimi
qoruyacağıq. Gənclərin vəzifəsi qazanılmış
uğurları qoruyub saxlamaq və artırmaqdır.
Eyni zamanda, Azərbaycan gənclərinin
hər bir nümayəndəsi milli tarixin, o cümlədən,
Ermənistan-Azərbaycan münaqişəsinin tarixinin öyrənilməsinə
xüsusi yer verməlidir. Biz uydurmalara əsaslanan erməni təşviqat
və təbliğatının dünya birliyini
çaşdırmasına yol verə bilmərik. Kommunikasiya
işinin səmərəli təşkili həm erməni təbliğat
maşınının yalanlarını üzə
çıxarmağa, həm də Azərbaycanda gedən
quruculuq işləri, inkişaf meyilləri haqqında
dünya ictimaiyyətini obyektiv məlumatlandırmağa imkan
verəcəkdir. Tarixi legitimlik, hüquqi leqallıq, ədalət
Azərbaycanın tərəfindədir. Ermənilər bunu
gözəl dərk edir, ona görə də mövcud
reallığın təhrif olunmuş formada təbliği ilə
məşğuldurlar. Lakin Azərbaycanın gözəl
atalar sözü var, yalan ayaq tutar, amma yeriməz. Beynəlxalq
təşkilatların qərarları, münaqişənin
qiymətləndirilməsi və beynəlxalq tədqiqatçıların
məsələyə yanaşması bunun bariz nümunəsidir.
Gəncliyin hər bir nümayəndəsi bu münaqişə
ilə bağlı reallıqların dünya ictimaiyyətinə
çatdırılması məsələsinə fəal
kömək etməlidir.
Yuxarıda sadalanan məsələlərlə
yanaşı, daha bir mühüm məqam vardır - gənclərin
ideoloji hazırlığı məsələsi. Ermənistan-Azərbaycan
münaqişəsi, eləcə də bu işdə
marağı olan bəzi dairələrin fəaliyyəti
fonunda Azərbaycan gəncləri indikindən qat-qat
hazırlıqlı olmalıdır. Bunun üçün bizə
yaxşı tarixçilər, strateqlər və pedaqoqlar
lazımdır. Bismarkın dediklərini yaddan çıxarmaq
olmaz: “Almaniya üçün Fransa ilə müharibəni əsgərlər
deyil, müəllimlər udmuşlar”.
- Siz cənab Prezidentin Azərbaycan
gənclərinin nümayəndələri ilə
görüşündə iştirak etmisiniz. Sizin fikrinizcə,
bu hadisənin əhəmiyyəti nədən ibarətdir və
o, gənclərin Azərbaycan dövləti ilə
qarşılıqlı münasibətlərinə necə təsir
göstərə bilər?
- Azərbaycan Prezidenti
İlham Əliyev gənclərlə bu formatda ilk dəfə
görüşdü. Bundan əvvəl də dəfələrlə
görüşlər olmuşdu, lakin onlar forma etibarilə bir
qədər fərqli idi.
Çox vacibdir ki, Prezident
görüşün lap əvvəlində son dərəcə
aktual olan bir sıra tezisləri müəyyən etdi və
diskussiyaya çox maraqlı bir ahəng verdi. Əlbəttə,
gənclər də bu görüşə öz ideyaları
və təklifləri ilə gəlmişdilər. Lakin
Prezidentin maksimum dərəcədə açıq söhbət
etmək istəyi bu görüşə səmərəli
dialoq xarakteri verdi.
Söhbətin lap əvvəlində
Prezident texniki peşə təhsili problemlərinə, təhsil
məsələlərinə, Gənclər Fondunun
yaradılması zəruriliyinə, millətin intellektual
dirçəlişi problemlərinə, Azərbaycan dövlətçiliyinin
ideoloji aspektlərinə toxunmuş, Bakıda beynəlxalq gənclər
mərkəzi yaradılması ideyasını dəstəkləmişdir.
Gənclərin nümayəndələri
isə görüşdə maraqlı və aktual problemlər
qaldırdılar. Onların arasında təhsil mühitinin
cavanlaşdırılması, ali məktəblərin rəhbərliyi
ilə tələbə təşkilatlarının
qarşılıqlı münasibətləri, ipoteka krediti
verilməsi, qəza vəziyyətində olan məktəblərin
problemləri, tələbə təqaüdləri,
regionlardakı gənclərin problemləri vardı.
Prezident hər bir məsələ
barədə öz fikrini söyləyir, bu və ya digər məsələlərin
“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət
Proqramına daxil edilməsi barədə dərhal
tapşırıqlar verirdi. Bu, tarixi görüş oldu.
- Sizin fikrinizcə, bu gün
Azərbaycan gənclərinin qarşısında həll edilməsi
zəruri olan hansı problemlər vardır? Azərbaycan
dövləti həmin problemləri necə həll etmək
niyyətindədir?
- Məhz Azərbaycan gənclərinin
problemlərinin həll edilməsi üçün Prezident “Azərbaycan
gəncliyi 2011-2015-ci illərdə” Dövlət
Proqramının hazırlanması barədə Fərman
imzalamış, işçi qrupu yaradılmışdır.
Bu qrupa həm dövlət strukturlarının nümayəndələri,
həm də gənclərin ən iri təşkilatlarının
rəhbərləri daxildir.
Dövlət inkişaf etdikcə
cəmiyyətin, o cümlədən gənclərin
qarşısında duran məsələlər və
çağırışlar da transformasiyaya məruz
qalır. Onların forması dəyişərək
dövrün tələblərinə uyğunlaşmağa
başlayır.
1996-cı ilin fevral ayında
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü
ilə keçirilmiş Azərbaycan gənclərinin birinci
forumu yadımdadır. Təxminən 10 saat davam etmiş
çıxışlarda və Heydər Əliyevin yekun
nitqində növbəti onillik üçün Azərbaycanın
dövlət gənclər siyasətinin əsas vektoru müəyyən
edildi. O vaxt tamam başqa problemlər vardı, gəncləri
tamamilə başqa məsələlər maraqlandırır
və narahat edirdi. Zaman da dəyişir,
çağırışlar da.
Prezident İlham Əliyev gənclərlə
görüşdə bir sıra məsələlər barəsində
öz iradəsini ifadə etmiş və
vurğulamışdır ki, gənclərin intellektual fəaliyyətinə
xüsusi diqqət yetirmək zəruridir.
Bu baxımdan regionlarda
intellektual klublar yaradılması haqqında təklif dövlətimizin
başçısı tərəfindən dəstəklənmişdir.
Məhz bu sahənin uğurları dövlətimizin
strategiyasının əsas məqsədini - neft
kapitalının insan kapitalına çevrilməsi məqsədini
həyata keçirməyə imkan verər.
Hələlik isə biz
müvafiq təklifləri seçməklə məşğuluq
və yəqin ki, ən yaxın vaxtlarda konkret addımlar
atılacaqdır.
Yeni Azərbaycan.- 2011.-4 may.- S.6.