Görülən işlər nəticəsində
Kür-Araz çayları vasitəsilə sel-daşqın
sularının idarə olunması tam təmin ediləcək
“Azərbaycan Meliorasiya və
Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin
sədri Əhməd Əhmədzadə www.yap.org.az saytına
müsahibə verib:
- Əhməd müəllim,
məlum olduğu kimi, ötən ilin yaz aylarında Kür və
Araz çaylarının daşması nəticəsində
bir sıra yaşayış məntəqələrinə, təsərrüfatlara
ciddi ziyan dəydi. Təbii fəlakətin nəticələrinin
aradan qaldırılması, eləcə də, bu problemlərin
gələcəkdə baş verməməsi üçün
hansı tədbirlər həyata keçirilir?
- Məlum olduğu kimi,
2009-cu ilin IV rübündə və 2010-cu il ərzində
aramsız yağan yağıntılar respublikanın
çaylarında sululuğun normadan dəfələrlə
çox olmasına səbəb olmuşdur. Bunun nəticəsində
əsas su anbarlarına daxil olan suların miqdarı kəskin
surətdə artaraq, onların qısa müddət ərzində
tam həcmdə dolmasına şərait
yaranmışdır. Uzun müddət davam edən
yağışlar nəticəsində qonşu ölkələrdə
bu çaylar üzərindəki anbarlar, eləcə də,
respublikamızda Araz, Arpaçay, Ağstafaçay,
Coqazçay su anbarları tam həcmdə dolmuş, Şəmkir
və Mingəçevir su anbarlarında suyun səviyyəsi təhlükəli
həddədək qalxmışdı. 2010-cu ilin mart
ayının axırlarından etibarən Kür çayı
öz məcrasından çıxaraq mühafizə bəndləri
arasında axmağa başlamışdır. Dağ çaylarında
suyun sərfinin, Kür və Araz çayları ilə eyni
vaxtda artması vəziyyəti qəza həddinə
çatdırmışdır.
Ölkə Prezidentinin
Kür-Araz çaylarında baş verən təhlükəli
daşqınlarla əlaqədar fəlakət zonasında
olması, problemlə əlaqədar keçirdiyi
müşavirədə verdiyi tövsiyə və
tapşırıqlar, respublikanın bütün aidiyyəti
qurumlarını sel-daşqınlarla mübarizəyə cəlb
etməsi “Azmelsutəsərrüfat” ASC-tərəfindən
başlanmış işlərə güclü təkan
vermiş və öz müsbət təsirini qısa vaxt ərzində
göstərmişdir. “Azmelsutəsərrüfat” ASC-nin
ümumi səfərbərliyi və Azərbaycan
Respublikası Fövqəladə Hallar, Müdafiə və
Daxili İşlər nazirliklərinin köməkliyi ilə
qısa vaxt ərzində sel və daşqın
sularının maneəsiz ötürülməsi
üçün Kür, Araz və onlara qovuşan
çaylarda genişmiqyaslı və böyükhəcmli
mühafizə tədbirləri həyata keçirilmişdir.
Çaylar boyunca 900 km məsafədə torpaq mühafizə
bəndlərinin hündürlüyü
artırılmış və möhkəmləndirilmişdir,
4 milyondan çox kisələrə torpaq doldurularaq bəndlərin
təhlükəli (alçaq və nisbətən zəif)
yerlərinə düzülmüşdür. Baş vermiş
təbii fəlakətə qarşı mübarizə aparan
qurumların Azərbaycan Respublikası Prezidentinin daimi nəzarəti
altında mütəşəkkil və operativ qaydada həyata
keçirdikləri tədbirlər nəticəsində təbii
fəlakətin verə biləcəyi ziyan minimuma endirilmiş,
ən əsası isə insan tələfatının
qarşısı alınmışdır.
2010-cu ildə
daşqınlardan sonra Cəmiyyət tərəfindən
imkanları daxilində, maşın-mexanizmləri və
işçi qüvvələrini səfərbər etməklə
və Nazirlər Kabineti tərəfindən
ayrılmış vəsait hesabına mühafizə bəndlərinin
325 km uzunluğunda zəruri hissələrində mühəndisi
qaydada bəndlərin enləndirilməsi, hündürləndirilməsi
və möhkəmliyinin artırılması işləri
yerinə yetirilmişdir. O cümlədən, Sabirabad rayonunda
188,45 km, Salyanda - 37,1 km, Hacıqabulda - 24,6 km, Saatlıda - 17,0
km, Neftçalada - 16,8 km, Kürdəmirdə - 11,3 km,
İmişlidə - 10,7 km, Ağcabədidə - 4,9 km, Zərdabda
- 3,7 km və Şirvan şəhəri ərazisində 10,1
km, bundan əlavə Azərbaycan Respublikası Fövqəladə
Hallar Nazirliyinin sifarişi ilə Sarısu gölünün ətrafında
və Kür çayının sahilindəki 40 km
uzunluğunda torpaq bəndlər bərpa edilmişdir.
Bu işlərin 2011-ci ildə
də davam etdirilməsi nəzərdə tutulmuş və
hazırda Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən
ayrılmış vəsait hesabına podrat təşkilatlar
tərəfindən Kür və Araz çaylarındakı
mühafizə bəndlərinin 272 km-lik məsafəsində,
o cümlədən, Zərdab rayonu ərazisində 60,7 km,
Kürdəmir rayonunda 56,62 km, Ağcabədidə 41,75 km,
Salyanda 43,25 km, İmişlidə 27,8 km, Saatlıda 21,5 km,
Neftçalada 12,3 km və Hacıqabulda 7,8 km məsafədə
mövcud bəndlərdə bərpa işləri
aparılır. Bütün bu işlər Kür və Araz
çaylarında baş verə biləcək
sel-daşqın sularının təhlükəsiz
ötürülməsi üçün ən vacib sahələrdə
görülməsi lazım gələn müvəqqəti tədbirlərdir.
Kür, Araz və onlara
qovuşan çaylardan sel-daşqın sularının qəzasız
axıdılmasını təmin etmək məqsədilə
mövcud bəndlərin təmiri və bərpası, yeni bəndlərin
tikintisi üçün Səhmdar Cəmiyyətin sifarişi
ilə “Azdövsutəslayihə” İnstitutu tərəfindən
kompleks tədbirlər planı hazırlanmışdır. Bu
tədbirlərdə Kür-Araz çaylarında və onlara
tökülən çaylarda 1400 km uzunluğunda bəndlərin
bərpası və yenidən qurulması, kanalların, drenaj
şəbəkələrinin və nasos stansiyaların bəndlərin
mühafizə zonasından çıxarılması işlərinin
İnvestisiya Proqramı daxilində görülməsi
üçün 2011-2012-ci illərdə vəsait
ayrılması nəzərdə tutulur. Kompleks tədbirlər
proqramı Azərbaycan Respublikası Fövqəladə Hallar
Nazirliyi tərəfindən ekspertiza edilir. Gələcəkdə
vəsait ayrılaraq bu işlərin həyata keçirilməsi
nəticəsində Kür-Araz çaylarında
sel-daşqın sularının idarə olunması tam təmin
ediləcəkdir. 2011-ci ildə Kür-Araz çayları
vasitəsilə sel-daşqın sularının təhlükəsiz
axıdılması üçün aidiyyəti qurumlarla
birlikdə su anbarlarında ehtiyat həcm saxlanması
üçün tədbirlər görülür.
25 aprel 2011-ci il tarixə
respublikanın əsas su anbarlarına 15,0 mlrd. kb m həcmində
su toplanmışdır ki, bu da ötən ilin müvafiq
dövrü ilə müqayisədə 2,7 mlrd.kb m azdır.
Sel-daşqın sularını tənzimləmək məqsədilə,
Mingəçevir su anbarında 3,7 mlrd.kb m həcmində,
Şəmkir su anbarında 1,5 mlrd.kb m, Araz su anbarında 284
mln.kb m həcmində ehtiyat yer saxlanılmışdır.
Respublikamızın çaylarında baş verən
sel-daşqın sularının idarə olunması,
çaylarda müasir mühafizə tədbirlərinin həyata
keçirilməsi məqsədilə təkliflərin
hazırlanması məqsədilə Azərbaycan
Respublikası Fövqəladə Hallar Nazirliyinin dəvəti
ilə Hollandiyadan mütəxəssislər gəlmişdir.
Hazırda Hollandiyadan gəlmiş mütəxəssislər
Azərbaycan mütəxəssisləri ilə birlikdə
Kür-Araz və onlara qovuşan çaylarda kompleks mühafizə
işlərinin görülməsi üçün lazımi
işlərin görülməsi üçün tədbirlər
müəyyən etməkdədirlər.
Bu tədbirlərin nəticəsi
olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 fevral
2011-ci il tarixli 50s saylı sərəncamına uyğun olaraq
Mingəçevir, Şəmkir, Yenikənd, Varvara, Ceyranbatan
su anbarlarının, onların mühafizə və sutənzimləyici
hidrotexniki qurğularının, Azərbaycan Respublikası
Fövqəladə Hallar Nazirliyinin balansına verilməsi qərara
alınmışdır. Azərbaycan Respublikası Fövqəladə
Hallar Nazirliyi nəzdində Su Ehtiyatları üzrə
Dövlət Agentliyi yaradılmışdır ki, bu da
respublikada su ehtiyatlarının idarə olunmasına öz
töhfəsini verəcəkdir. Möhtərəm Prezidentimiz
İlham Əliyev cənablarının bu sahəyə
göstərdiyi diqqət və qayğı nəticəsində
sel-daşqın sularından əhalinin qorunması
üçün zəruri tədbirlər görülür və
bu işlər gələcəkdə də davam etdiriləcəkdir.
- Araz çayının
tarixi qolunun bərpası istiqamətində görülən
işlər hansı səviyyədədir?
- Azərbaycanda 2010-cu ildə
Kür və Araz çaylarında daşqınların
qarşısının alınması və suyun səviyyəsinin
aşağı salınması məqsədilə
İmişli rayonu ərazisində, Bəhrəmtəpə
hidroqovşağı yaxınlığında Araz
çayının yeni qolu açılaraq, suyun Araz
çayının əvvəl mövcud olmuş
yatağına yönəldilməsi üçün təxirəsalınmaz
tədbirlər həyata keçirilmiş və
çayın suyunun bir qisminin bu qol vasitəsilə
axıdılması nəticəsində yaranmış gərgin
vəziyyət nisbətən
normallaşdırılmışdır. Azərbaycan
Respublikası Prezidenti İlham Əliyev Kür və Araz
çaylarında baş vermiş daşqınlar zamanı dəymiş
zərərlərin aradan qaldırılması və gələcəkdə
bu cür hallara yol verilməməsi məqsədi ilə
keçirilmiş görüşlərdə Araz
çayında mühəndisi tipli yeni qolun
açılması üzrə müvafiq tapşırıq
vermişdir.
Bu məqsədlə, Azərbaycan
Respublikası Nazirlər Kabineti 9 iyul 2010-cu il tarixli 197s
saylı sərəncamı ilə Araz çayının yeni
qolunun açılaraq suyun bir qisminin Araz çayının əvvəllər
mövcud olmuş yatağına yönəldilərək bu
qol vasitəsi ilə birbaşa Xəzər dənizinə
axıdılması ilə bağlı yerinə yetiriləcək
işlər və daşqınla əlaqədar digər
işlər üzrə sifarişçi funksiyasını Azərbaycan
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar
Cəmiyyətinə həvalə etmişdir.
Azərbaycan Meliorasiya və
Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin
sifarişi ilə “Texnomost” layihə şirkəti və
“Azdövsutəslayihə” İnstitutu tərəfindən Araz
çayının yeni qolunun tikintisinin işçi layihəsi
hazırlanır. Hal-hazırda yeni qolun yaşayış məntəqələrinin,
meliorasiya və su təsərrüfatı obyektlərinin
sıx olduğu ərazilərdən və əkin sahələrindən
keçən başlanğıc 31,8 km-lik hissəsinin
işçi layihəsi tam başa çatdırılaraq
ekspertizadan keçməsi üçün Fövqəladə
Hallar Nazirliyinə təqdim edilmişdir. Layihədə
ümumi uzunluğu 130 km olan yeni qolun Mahmudçalaya
tökülənə qədər 76,6 km-lik hissəsi
İmişli və Biləsuvar ərazisindən keçir.
Arazın yeni qolunun tikintisi ilə gələcəkdə
Kür və Araz çaylarında baş verə biləcək
sel və daşqınların qarşısının
alınması, eləcə də, bu qol vasitəsilə
İmişli və Biləsuvar rayonlarının ərazisində
30 min hektara yaxın qış otlaq sahələrinin kənd təsərrüfatı
dövriyyəsinə verilməsi məqsədilə bu sahələrin
suvarma suyu ilə təmin edilməsi mümkün olacaqdır.
Layihəyə yeni qola su vermək
üçün Araz çayı üzərində
sugötürmə qabiliyyəti saniyədə 500-700 kb m olan
baş sugötürücü qurğunun, 76,6 km uzunluğunda
məcranın, İmişli, Biləsuvar və Cəlilabad
rayonlarının əkin sahələrini suvarma suyu və
yaşayış məntəqələrinin içməli su
ilə təmin edən kanalların işininin bərpası
üçün düker və 2 ədəd akvedukun, 5 ədəd
avtomobil körpüsünün, 7 ədəd
sudüşürənin və yeni suvarılan torpaq sahələrini
suvarma suyu ilə təmin etmək üçün 2 ədəd
suburaxıcının, 5750 pm uzunluğunda yeni kanalların,
drenlərin və digər qurğuların tikintisi işləri
daxildir.
Azərbaycan Meliorasiya və
Su Təsərrüfatı ASC Nazirlər Kabineti tərəfindən
ayrılmış vəsait müqabilində təxirəsalınmaz
tədbir kimi 2010-cu ildə yeni məcranın, baş
sugötürücü qurğunun, suvarma kanallarının
işinin bərpası üçün dükerlərin,
akvedukların və digər qurğuların tikintisinə
başlamışdır. Hazırda bu işlər davam
etdirilir. Azərbaycan Respublikası baş nazirinin
iştirakı ilə Fövqəladə Hallar Nazirliyində
23 dekabr 2010-cu il tarixində Hollandiya şirkətlərinin
Kür-Araz çaylarında “Daşqınlarla mübarizə
Proqramı çərçivəsində Azərbaycan-Niderland
əməkdaşlığı” mövzusunda keçirdikləri
təqdimat zamanı onlar tərəfindən 2011-ci ilin
daşqın mövsümü üçün nəzərdə
tutulan qısa-müddətli tədbirlər sırasında
vacib tədbir kimi “Bəhramtəpə
hidroqovşağının yuxarı hissəsində
Arazın yeni qolunun inşasının vaxtında
tamamlanması” qeyd olunmuş və hidroqovşaqdan yuxarı
hissədə yeni qolun açılması məqsədəuyğun
hesab edilmişdir.
- Samur-Abşeron
kanalının tikintisinin nə vaxt başa çatması
gözlənilir? Bu kanalın əhəmiyyəti nədən
ibarətdir?
- Samur-Abşeron suvarma sistemi
respublikanın şimal bölgəsi rayonlarını,
Bakı, Sumqayıt şəhərlərini, Abşeron
yarımadasını su ilə təmin edən irimiqyaslı
kompleks su təsərrüfatı obyektidir.
Başlanğıcını Azərbaycan və Rusiya
arasında sərhəd çayı olan Samur çayından
götürən və uzunluğu 182 km olan Samur-Abşeron
kanalı vasitəsi ilə hazırda respublikanın şimal
bölgəsinin 150 min hektara yaxın torpaq sahəsini suvarma
suyu və Bakı, Sumqayıt şəhərlərini, habelə,
Abşeron yarımadasını içməli, suvarma və
texniki su ilə təmin edir. Bu məqsədlər
üçün Samur-Abşeron kanalı vasitəsilə ildə
703-865 mln.kb m su verilir ki, onun 270-350 mln.kb m-i suvarma, 278-340
mln.kbm-i içməli və digər məqsədlər
üçün istifadə olunur.
Samur-Abşeron suvarma
sisteminin yenidən qurulmasının birinci mərhələsində
Samur çayı üzərində baş
hidroqovşağın təmir-bərpası, SAK-ın Vəlvələçay
çayına qədər olan ilk 50 km-lik hissəsinin, 60 min
hektar sahədə təsərrüfatlararası kanalların
və Xanarx kanalının yenidənqurulması, Vəlvələçay-Taxtakörpü,
Taxtakörpü-Ceyranbatan kanallarının və
Taxtakörpü su anbarının (SES-lə birlikdə)
tikintisi nəzərdə tutulmuşdur.
Sonrakı mərhələlərdə
kanal boyu çaylar üzərində suqəbuledici
qurğuların və qidalandırıcı boru kəmərlərinin
tikintisi, 150 min ha sahədə suvarma sistemlərinin yenidənqurulması,
30,7 min ha sahədə yeni suvarılan torpaqların istismara
verilməsi və digər işlər nəzərdə
tutulmuşdur. Bu tədbirlərin həyata keçirilməsi
Samur-Abşeron kanalının suburaxma qabiliyyətini saniyədə
20 kb m artırmağa, Samur çayının və şimal
bölgəsinin dağ çaylarının ekoloji cəhətdən
təmiz su axını hesabına iki illik su ehtiyatı
yaratmaqla il ərzində 750 mln.kb m suyun Taxtakörpü su
anbarında təbii şəraitdə duruldularaq onun öz
axını ilə Ceyranbatan su anbarına verilməsinə,
Bakı, Sumqayıt şəhərlərinə və
Abşeron yarımadasına verilən içməli suyun həcminin
414 mln.kbm və yaxud 1,43 dəfə artırmaqla regiondakı əhalinin
içməli suya olan tələbatının demək olar
ki, tam ödənilməsinə imkan yaradacaqdır. Eyni zamanda,
Taxtakörpü su anbarından suyun öz axını ilə
Ceyranbatan su anbarına verilməsi nəticəsində
Samur-Abşeron kanalı üzərindəki Sitalçay və
Ceyranbatan nasos stansiyaları ləğv olunacaq və bununla da,
hər il 167 mln. kvt elektrik enerjisinə qənaət ediləcəkdir.
Dünya Bankının
krediti ilə Samur-Abşeron kanalının ilk 50 km-lik hissəsinin
və Samur çayı üzərində yerləşən
Baş Suqəbuledici qurğunun bərpası, eləcə də,
bu hissədə yerləşən təsərrüfatlararası
kanalların yenidən qurulması işləri 2007-ci ilin
birinci yarısında başa
çatdırılmışdır. Layihənin dəyəri
23 mln.manat təşkil etmişdir. İslam İnkişaf
Bankının krediti ilə Samur-Abşeron suvarma sisteminin yenidən
qurulması layihəsinə daxil olan Xanarx kanalının 37,5
km uzunluğunda birinci hissəsinin tikintisi 2003-cü ildə,
onun 29,7 km uzunluğunda ikinci hissəsinin tikintisi isə
2006-cı ildə başa
çatdırılmışdır.
Başlanğıcını
Samur-Abşeron kanalının 50-ci km-dən Vəlvələçay
çayından sonrakı hissəsindən götürərək
öz axını ilə suyun Taxtakörpü su anbarına
verilməsi məqsədilə yeni trassa ilə sərfi saniyədə
75 kbm olan Vəlvələçay-Taxtakörpü
kanalının İslam İnkişaf Bankı, Səudiyyə
İnkişaf və OPEC Fondlarının kreditləri və Azərbaycan
Respublikasının dövlət büdcəsi hesabına
maliyyələşdirilən 10,7 km uzunluğunda birinci hissəsinin
tikintisi 2010-cu ildə başa
çatdırılmışdır. Azərbaycan
Respublikası Prezidenti İlham Əliyevin Sədrliyi ilə 01
sentyabr 2005-ci il tarixində respublikamızda su təchizatı
və meliorasiya sahəsində görülən işlər
və perspektiv layihələrlə bağlı
keçirilmiş müşavirədə dövlət
başçısının göstərişinə əsasən,
Dövlət Neft Fondundan “Samur-Abşeron suvarma sisteminin yenidən
qurulması layihəsi”nin maliyyələşdirilməsi
tapşırığı verilmişdir. Möhtərəm
Prezidentimiz İlham Əliyev tərəfindən 8 noyabr 2007-ci
il tarixində Dövlət Neft Fondunun maliyyəsi ilə həyata
keçirilən ümumi su tutumu 268 mln. kb m olan
Taxtakörpü su anbarının su elektirik stansiyası ilə
birlikdə tikintisinin təməli qoyulmuşdur. Hazırda
Dövlət Neft Fondunun vəsaiti ilə maliyyələşdirilən
“Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi”
tərkibində Vəlvələçay-Taxtakörpü,
Taxtakörpü-Ceyranbatan kanallarının və
Taxtakörpü su anbarının (SES-lə birlikdə)
tikintisi uğurla davam etdirilir və bu işlərin 2013-cü
ildə başa çatdırılması nəzərdə
tutulur.
- Respublikamızda əkin sahələrinin
su təminatı ilə bağlı vəziyyət necədir?
Suvarma sistemlərinin, eləcə də, kollektor və
drenajların yenidən qurulması istiqamətində nə
kimi tədbirlər görülməkdədir?
- Meliorasiya və su təsərrüfatı
respublikamızın iqtisadiyyatında, xüsusən, kənd təsərrüfatının
inkişafında mühüm rol oynayır. Mürəkkəb
iqlim və ağır torpaq şəraitinə malik
respublikamızda kənd təsərrüfatı məhsullarının
istehsalı əsasən suvarılan torpaqlarda cəmləşmişdir.
Əkinə yararlı 3,2 milyon hektar sahənin təxminən
yarısı, yaxud 1 milyon 453 min hektarı suvarılan
torpaqlardır. Bu torpaqlar daimi mühəndisi suvarma və
kollektor - drenaj şəbəkələri ilə təchiz
edilmişdir. İstehsal edilən kənd təsərrüfatı
məhsullarının 85-90 faizi bu torpaqların payına
düşür.
Müasir meliorasiya və
irriqasiyanın təməli ötən əsrin əvvəllərində
qoyulmasına baxmayaraq, onun əsas inkişafı Ümummilli
liderimiz Heydər Əliyevin respublikamızda rəhbərlik
etdiyi 1969-1982-ci illərə təsadüf edir. Bu illərdə
Onun şəxsi təşəbbüsü və bilavasitə
köməkliyi ilə bu sahədə böyük quruculuq
işləri aparılmış, güclü istehsal
bazasına, tikinti və istismar təşkilatlarına, elmi-tədqiqat
və layihə-axtarış institutlarına malik
ixtisaslaşmış meliorasiya və su təsərrüfatı
kompleksi, geniş və tutarlı meliorasiya potensialı
yaradılmışdır.
Hazırda Cəmiyyət tərəfindən
ümumi su tutumu 21,5 mlrd.kb m olan 129 su anbarı, 16
hidroqovşaq, 51,8 min km suvarma kanalı, 30,4 min km kollektor-drenaj
şəbəkəsi, ümumi gücü 712,5 meqavat olan 925
nasos stansiyası, 7262 subartezian quyusu, 128 min müxtəlif
hidrotexniki qurğu, 175 km daş-beton və beton, 1675 km torpaq bəndləri,
digər mühüm dövlət əhəmiyyətli su təsərrüfatı
sistemləri və qurğuları istismar olunur.
Ulu öndərimiz Heydər Əliyevin
layiqli davamçısı möhtərəm Prezidentimiz
İlham Əliyevin rəhbərliyi ilə hazırda respublika
iqtisadiyyatının bütün sahələrində
olduğu kimi, meliorasiya və su təsərrüfatı sahəsində
də genişmiqyaslı quruculuq işləri həyata
keçirilir. Əkin sahələrinin su təminatının
yaxşılaşdırılması, su itkilərinin
azaldılması məqsədi ilə Cəmiyyət tərəfindən
əsaslı kapital qoyuluşu və digər maliyyə mənbələri
hesabına hər il onlarla obyektlərdə tikinti işləri
aparılır. Yeni meliorativ fondlar istismara verilir. Əkin sahələrini
suvarma, əhalini içməli su ilə təmin etmək məqsədi
ilə rayonlarda yüzlərlə subartezian quyusu
qazılıb istifadəyə verilmişdir. Bu işlər
hazırda da davam etdirilir.
Möhtərəm Prezidentin
qayğısı və sahəyə diqqəti sayəsində
hazırda meliorasiya və su təsərrüfatı üzrə
bir çox layihələr uğurla yerinə yetirilir. Cəmiyyət
tərəfindən meliorasiya və irriqasiya sistemlərinin
normal istismarının təşkili, tələb olunan həcmlərdə
təmir-bərpa işlərinin görülməsi,
suvarılan torpaqların su təchizatının və
onların meliorativ vəziyyətinin
yaxşılaşdırılması, sel və daşqın
sularına qarşı mübarizə tədbirlərinin davam
etdirilməsi sahəsində konkret tədbirlər işlənib
həyata keçirilir.
Belə ki, istismar tədbirlərinə
ayrılan vəsait hesabına suvarma sistemlərində və
kollektor-drenaj şəbəkələrində hər il orta
hesabla 10-11 min km şəbəkə təmizlənərək
yararlı hala salınır. Sistemlər üzərində ildə
6000-6500 qurğu, 1000-1100 hidropost, 2100-2200 subartezian nasosu,
220-230 stasionar nasos, 250-260 dizel və elektrik mühərriki,
340-350 transformator təmir edilib işlək vəziyyətə
gətirilir. Torpaq eroziyası və su itkisinə qarşı
mübarizə məqsədi ilə kanal, kollektor və digər
su təsərrüfatı obyektləri boyunca hər il orta
hesabla 150-160 ha yeni meşə zolaqları salınır.
Suvarılan sahələrin su təminatının və
meliorativ vəziyyətinin
yaxşılaşdırılması məqsədi ilə
onlarla obyekt əsaslı təmir olunur.
Ötən il respublika
üzrə bütün kənd təsərrüfatı bitkiləri
1320436 hektar sahədə 3 dəfə suvarılmış, o
cümlədən, taxıl 548301 hektarda 2,2 dəfə,
pambıq 30648 hektarda 3,0 dəfə, tütün 2106 hektarda
3,5 dəfə, yem bitkiləri 437743 hektarda 3,37 dəfə,
bostan-tərəvəz 71484 hektarda 4,27 dəfə,
çoxillik əkmələr 83489 hektarda 3,11 dəfə və
həyətyanı sahələr 146665 hektarda 4,33 dəfə
suvarılmışdır. Hazırda cari ilin suvarma tədbirləri
davam etdirilir.
- Əhməd müəllim,
Azərbaycanın su ehtiyatları haqqında nə deyə bilərsiniz?
Su ehtiyatlarının potensialının artırılması
mümkündürmü?
- Azərbaycan quru iqlimə
malik (arid) zonada yerləşdiyinə görə burada kənd
təsərrüfatının inkişafı həmişə
süni suvarma aparmaqla mümkün olmuşdur. Azərbaycan qədim
suvarma əkinçiliyi diyarıdır. Hazırda suvarılan
torpaqlar ölkənin kənd təsərrüfatına
yararlı torpaq sahələrinin 1/3-ni (1432,7 min hektar) təşkil
edir və ölkədə istehsal olunan kənd təsərrüfatı
məhsullarının 90 faizə qədəri bu torpaqlardan
götürülür. Ölkənin su ehtiyatları olduqca məhdud
olub bölgələr üzrə qeyri-bərabər
paylanmışdır. Yerüstü su ehtiyatları 31,23
mlrd.kb m təşkil edir və quraqlıq illərdə bu həcm
20,3 mlrd.kbm-ə qədər azalır. Yeraltı su
ehtiyatları 5,2 mlrd. kbm-dir. Ölkədə orta illik su
çatışmamazlığı 4,5-5,0 mlrd. kb m arasında
dəyişir. Yerüstü su ehtiyatlarının 70 faizi
ölkə hüdudlarından kənarda formalaşır.
Respublika ərazisində
irili-xırdalı 8359 çay vardır ki, onların da əksəriyyətinin,
yəni, 7861 çayın uzunluğu 10 km-dən azdır. Bu
çayların çoxunun suyu yayda quruyur. Onların əsas
gursulu dövrləri yaz və payız daşqınları
vaxtına təsadüf edir. Azərbaycan dünyanın təbii
fəlakətlərə ən çox məruz qalan
regionlarından biridir. Burada 154 sel gətirən çay
vardır. Bunlardan 61-i daha təhlükəlidir. Bu baxımdan,
sel və daşqın təhlükəli çayların
üzərində su anbarları tikməklə, həm baş
verə biləcək təhlükələrin
qarşısını almaq, həm də gursulu dövrlərdə
həmin çaylardan keçən su axınlarını
toplamaqla onlardan daha səmərəli istifadə etməklə,
suvarılan torpaq sahələrinin daha da genişləndirilməsi
mümkündür.
Bu məqsədlə
“2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin
ərzaq məhsulları ilə etibarlı təminatına
dair Dövlət Proqramı”nda ümumi su tutumu 545 mln. kb m olan
8 yeni su anbarının tikilməsi nəzərdə
tutulmuşdur.
Yeni Azərbaycan.- 2011.- 4 may.- S.6