Milli-mənəvi dəyərlərimizin etibarlı hamisi – Heydər Əliyev Fondu

 

Yarandığı gündən Ulu öndər Heydər Əliyevin mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan ali ideallarının ictimai şüurda möhkəmlənməsinə çalışan, millətin gələcəyi naminə strateji əhəmiyyətli layihələri uğurla həyata keçirən Heydər Əliyev Fondu qısa müddətdə milyonlarla insanın ümid, pənah yerinə çevrilib

Tarix boyu hər bir xalqın mənəvi-əxlaqi dəyərlərini qoruyaraq onun genetik yaddaşını, tarixi kimliyini, milli irs və özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiya hər zaman həmin xalqların tarixini yaradan fenomen şəxsiyyətlərinin üzərinə düşüb. Bu da bir faktdır ki, yalnız böyük şəxsiyyətlər yetişdirən xalqlar minilliklər boyu formalaşmış milli düşüncə sistemini, mental xüsusiyyətlərini istənilən ictimai-iqtisadi formasiyada hifz edərək möhkəm mənəvi təməl üzərində inamla irəliləyirlər. Dünyanın bir çox dövlətləri bu gün də öz tarixi liderlərinin müəyyənləşdirdiyi yolla addımlayır, davamlı və sabit inkişafı bu uğur magistralından kənarda təsəvvür etmirlər.

Tarixin hər bir dönəmində ağır, məşəqqətli günlər yaşayan Azərbaycan xalqı da bu mənada fəxr edə bilər. Çünki dövlət quruculuğu, xalqın milli-mənəvi dəyərlərini gələcək nəsillərə yetişdirmək kimi ağır və taleyüklü missiya məhz Ulu öndərimiz Heydər Əliyevin qismətinə düşdü. Hakimiyyətdə olduğu bütün dövrlərdə milli-mənəvi dəyərlərimizin böyük hamisi olan Ümummilli liderimiz müasir dünyada qloballaşma proseslərinin nəticəsi kimi meydana çıxan sivilizasiyalararası toqquşma və ziddiyyətlərin xalqın milli kimliyinin və özünəməxsusluğunun qorunmasını aktual məsələyə çevirdiyini hər zaman vurğulayırdı. Dahi şəxsiyyət Azərbaycanın min illərin sınağından çıxmış tarixinə, mədəniyyətinə, adət-ənənələrinə həddən artıq bağlı olmaqla yanaşı, onların olduğu kimi xalqa qaytarılması üçün əlindən gələni əsirgəmirdi. Ulu öndərimiz Heydər Əliyev, bu mənada, həm də xalqın saf inanclarını, sağlam dəyərlərini bütün siyasi ideologiya və proseslərin fövqündə saxlayaraq qorumağı bacarmış lider kimi əbədiyaşarlıq zirvəsinə ucalıb.

Əlbəttə ki, böyük tarixi şəxsiyyətlərin ideya və fikirləri bir qayda olaraq konkret zaman və məkan çərçivəsinə sığmır. Bu mənada, Ümummilli liderimiz Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi, Onun milli və ümumbəşəri ideyalarının geniş təbliğ olunaraq praktik həyatda tətbiqi və gələcək nəsillərə çatdırılması qarşıda duran vacib məsələlərdən biri sayılır. Ulu öndərimiz Heydər Əliyevin adını daşıyan Fondun - Heydər Əliyev Fondunun yaranması da məhz bu zərurətdən irəli gəldi.

Yarandığı gündən Ulu öndər Heydər Əliyevin mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan ali ideallarının ictimai şüurda möhkəmlənməsinə çalışan, millətin gələcəyi naminə strateji əhəmiyyətli layihələri uğurla həyata keçirən Heydər Əliyev Fondu qısa müddətdə milyonlarla insanın ümid, pənah yerinə çevrildi. Fəaliyyətə başlamasının 7-ci ildönümünü qeyd edən Fondun başlıca məqsədi Ümummilli liderimizin zəngin dövlətçilik irsinin öyrənilməsinə və təbliğinə xidmət edən irimiqyaslı proqramları himayə etmək, xalqın rifahının yüksəldilməsinə yönəlmiş faydalı təşəbbüsləri dəstəkləmək, elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrə yardımçı olmaq, milli-mənəvi dəyərlərə sadiq gənclərin yetişdirilməsinə çalışmaq, respublikamızın beynəlxalq aləmdə nüfuzunu artırmaq kimi mühüm vəzifələrdən ibarətdir.

2004-cü il mayın 10-dan fəaliyyətə başlayan Heydər Əliyev Fondu Ulu öndərin həyat və fəaliyyət fəlsəfəsinin, Onun elmi-nəzəri irsinin, azərbaycançılıq ideologiyasının öyrənilməsi, təbliği, gələcək nəsillərə çatdırılması yolunda üzərinə götürdüyü şərəfli missiyanın uğurla həyata keçirilməsi üçün səylə və ardıcıl şəkildə çalışır. Fondda Ulu öndərin həyatını, zəngin fəaliyyətini əks etdirən elmi tədqiqatlar və axtarışlar, arxiv materialları əsasında yaradılan ekspozisiya nümayiş olunur. Ötən 7 il ərzində bu ekspozisiya ilə bir çox dövlət başçıları, görkəmli dövlət, din, mədəniyyət xadimləri, tanınmış siyasətçilər və bir çox sahələrin nümayəndələri tanış olublar. Heydər Əliyev Fondu respublikanın müxtəlif regionlarında, böyük şəhərlərdə, həmçinin, Azərbaycanın xarici ölkələrdəki səfirliklərində Heydər Əliyev muzeyləri və mərkəzlərinin yaradılmasına dəstək olur. Bu muzeylər müvafiq eksponatlar, sənədlər, fotoşəkillər və digər əyani vəsaitlə təmin olunur. Onlar təkcə Heydər Əliyevin həyatı və fəaliyyəti barədə deyil, tariximizin böyük bir dövrü, Azərbaycanın müasir inkişafı haqqında dolğun və müfəssəl məlumat verir.

 

Heydər Əliyev Fondu ölkəmizdə təhsilin, səhiyyənin inkişafına xüsusi töhfələr verir

 

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti milli-mənəvi və intellektual yüksəlişə xidmət edən idealların cəmiyyətdə daha da möhkəmlənməsinə yönəlib. Azərbaycanın birinci xanımının istər milli-mənəvi irsin qorunması və dünya miqyasında təbliği, istər elm və təhsilin səviyyəsinin yüksəldilməsi, istərsə də səhiyyənin inkişafı, insanların fiziki-mənəvi sağlamlığının təminatı yönündə həyata keçirdiyi strateji layihələr onun fəal vətəndaşlıq mövqeyində dayanmasının, yüksək mənəvi məsuliyyətinin təzahürüdür. Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, nəcib və tərəqqipərvər təşəbbüslərinə görə 2004-cü ildə YUNESKO-nun, 2006-cı ildə İSESKO-nun xoşməramlı səfiri adına layiq görülən, 2007-ci ildə isə “Qızıl ürək” beynəlxalq mükafatı, Dünya Səhiyyə Təşkilatının İhsan Doğramacı Ailə Sağlamlığı Fondunun mükafatı, “Əsrlərin xeyriyyəçiləri” Beynəlxalq Fondunun Yaqut Xaç ordeni, Fransanın Ali Dövlət Ordeni ilə təltif olunan Mehriban xanım Əliyeva üzərinə götürdüyü şərəfli missiyanı inamla davam etdirir.

Çoxşaxəli fəaliyyət sferası olan Heydər Əliyev Fondunun fəaliyyətinin öncül sahələrindən biri də ölkəmizdə təhsilin inkişafına dəstək verməkdir. Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva “Yeniləşən Azərbaycana yeni məktəb” proqramının reallaşmasını təmin etməklə ölkəmizdə təhsilin səviyyəsini yüksəltməyə, valideyn himayəsindən məhrum olmuş uşaq və yeniyetmələrin təlim-tərbiyəsi üçün şəraiti yaxşılaşdırmağa imkan yaradıb. Heydər Əliyev Fondunun həyata keçirdiyi “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı”nın uğurlu nəticələri bu gün öz bəhrəsini verməkdədir. Bu kateqoriyadan olan onlarla uşaq müəssisəsində yenidənqurma və tikinti-təmir işləri aparılıb, zəruri avadanlıqla təmin edilib, zəngin kitabxanalar yaradılıb. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində yüzlərlə məktəb təmir və inşa olunub. “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində tikilən və infrastrukturu yerli tələbata və imkana uyğunlaşdırılan bu məktəblər müasir avadanlıq, istilik sistemi, zəngin kitabxanalar, əyani vəsait və kompüter avadanlığı ilə təchiz olunub.

Bundan başqa, Heydər Əliyev Fondu kor və ya görmə qabiliyyəti zəif olan şəxslərə əlavə imkanlar yaratmaq mexanizmi kimi informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadəni zəruri sayır. Bu məqsədlə “Kor və görmə qabiliyyəti zəif olan insanlar üçün informasiya-kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsinə dair” layihə həyata keçirilib. Görmə qüsuru olan uşaqlar üçün kitabxana və təlim mərkəzi yaradılıb.

Qeyd olunduğu kimi, bir sıra sahələrdə mühüm layihələr həyata keçirən Heydər Əliyev Fondu insanların sağlamlığının təmin olunması, səhiyyə sahəsində problemlərə də diqqət ayırır. Bu sahədə “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə” adı altında həyata keçirilən layihələr xüsusi qeyd olunmalıdır. Talassemiya Diaqnostika Mərkəzinin yaradılması ölkəmizdə bu xəstəlikdən əziyyət çəkən insanların həyata bağlanmasına xüsusi töhfə verib. Bu xəstəlikdən əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təmin olunması üçün donor xidmətinin inkişafı, əhalinin maarifləndirilməsi, prenatal diaqnostika üsulu ilə xəstəliyin proqnozlaşdırılması məsələlərinə xüsusi diqqətin göstərilməsi də təqdirəlayiqdir. Fondun təşəbbüsü ilə talassemiya ilə mübarizədə İtaliya, Türkiyə, Yunanıstan və İsrail dövlətlərindəki təcrübə öyrənilir, bu ölkələrin müvafiq qurumları ilə əməkdaşlıq genişləndirilir. Ürək xəstəliklərindən əziyyət çəkən körpələrin bir qisminə xarici ölkələrdə cərrahiyyə əməliyyatı aparılmasına kömək göstərən Heydər Əliyev Fondu milli genofondumuzun qorunmasında da öz sözünü deyir.

 

Ulu öndərimizin adını daşıyan Fond mədəni irsə həssas münasibət bəsləyir və Azərbaycan həqiqətlərini dünyaya çatdırır

 

Onu da xüsusi olaraq qeyd etmək yerinə düşər ki, hələ 1995-ci ildə “Azərbaycan Mədəniyyətinin Dostları” Fondunu yaratmış Mehriban xanım Əliyeva milli mədəniyyətimizin dünyada təbliği istiqamətində mühüm uğurlar əldə edib. Azərbaycanın görkəmli alimlərinin, yazıçı və bəstəkarlarının yubileylərinin keçirilməsi, “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyinin beynəlxalq miqyasda qeyd olunması, YUNESKO-nun “Dünya irs siyahısı”na İçərişəhərin Şirvanşahlar Saray Kompleksinin, Qobustan Qoruq Muzeyinin və Atəşgahın da daxil edilməsi, tarixi-mədəniyyət abidələrinin bərpası “Azərbaycan Mədəniyyətinin Dostları” Xeyriyyə Fondunun fəaliyyətinin təqdirəlayiq məqamları kimi vurğulanmalıdır. Mehriban xanım Əliyevanın Azərbaycan muğamlarının öyrənilməsi və təbliği ilə bağlı fəaliyyəti onun mənəvi dəyərlərə bağlılığının və yüksək vətənpərvərliyinin əyani təsdiqidir.

Heydər Əliyev Fondu xalqın milli varlığını özündə yaşadan maddi-mənəvi və intellektual irsə böyük diqqət və həssaslıqla yanaşır, milli mədəniyyətimizin dünya arenasına çıxmasında və təbliğində fəal iştirak edir. Fond ulularımızdan yadigar qalmış mədəniyyət incilərinin qorunması, bu sərvətin heç bir itkiyə məruz qalmadan gələcək nəsillərə əmanət edilməsi üçün dəqiq, məqsədyönlü, konkret fəaliyyət planına malikdir. Fondun milli mədəniyyətin təbliği sahəsində həyata keçirdiyi layihələrdən biri də “Qarabağ xanəndələri” albomu olub. YUNESKO-nun xətti ilə hazırlanmış albomun “Qarabağ xanəndələri” adlandırılması ilə bütün dünyaya Qarabağın əzəli və əbədi Azərbaycan torpağı olduğu, muğamın isə bu torpağın dünyaya bəxş etdiyi nadir sənət nümunəsi sayıldığı nümayiş etdirildi. Beynəlxalq Muğam Mərkəzi YUNESKO tərəfindən Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil edilmiş Azərbaycan muğamının inkişafına və dünyada geniş təbliğinə imkan yaradır. Fondun təşkilati dəstəyi ilə dünyada ilk dəfə olaraq “Muğam aləmi” Beynəlxalq muğam festivalı məhz bu Mərkəzdə keçirildi. Fondun təşəbbüsü ilə Müasir İncəsənət Muzeyi açılıb və muzeydə rəssam və heykəltəraşların 800-dən çox işi sərgilənir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırmağa xüsusi önəm verən Heydər Əliyev Fondunun “Qarabağ həqiqətləri” toplusu müxtəlif dillərdə nəşr olunub. Bu istiqamətdə Xocalı soyqırımı ilə bağlı davamlı layihələr həyata keçirilir. 2007-ci ildən başlayaraq Fond hər il dünyanın bir sıra böyük şəhərlərində Xocalı soyqırımının ildönümünə həsr olunmuş aksiyalar həyata keçirir. Əsasən diplomatik korpusların xətti ilə reallaşan anma mərasimlərində Fondun hazırladığı “Xocalı soyqırımı” filmi ilə yanaşı, insanlığa qarşı törədilən cinayəti əks etdirən müxtəlif ekspozisiyalar nümayiş olunur. Xarici ölkələrdə təşkil olunan bu tədbirlərə müxtəlif qurumların, diplomatik missiyaların nümayəndələri, şəhər sakinləri, eləcə də, kütləvi informasiya vasitələrinin nümayəndələri dəvət olunur. “Xocalıya ədalət” kampaniyası çərçivəsində bir sıra beynəlxalq təşkilatlarda, o cümlədən, böyük dövlətlərin paytaxtlarında tədbirlər keçirilir.

Beləliklə də, Heydər Əliyev Fondunun hərtərəfli fəaliyyətində bir daha Ümummilli lider Heydər Əliyevin ideyalarına sadiqlik görürük. Bütövlükdə, Ulu öndərin ideyalarının reallaşdırılmasına xidmət edən Fond bu zəngin irsin qorunmasında və gələcək nəsillərə ötürülməsində əsas rol oynayır.

 

 

Pərviz SADAYOĞLU

 

Yeni Azərbaycan.- 2011.- 12 may.- S.3.