Elm və təhsil cəmiyyət qarşısında dayanan bir sıra əsaslı problemlərin həllində “açar rolunu” oynayır

 

Siyavuş Qarayev: Prezident İlham Əliyev milli mədəniyyətin total təsirlər nəticəsində assimilyasiyaya məruz qalmasına yol verməmiş, xalqın əsrarəngiz mədəni-mənəvi irsinin dünya miqyasında təbliği istiqamətində mühüm tədbirlər həyata keçirmişdir

Məlum olduğu kimi, bu il Azərbaycanın dövlət müstəqilliyinin əldə olunmasının 20-ci ildönümü tamam olur. Prezident İlham Əliyevin Sərəncamına əsasən, bununla bağlı dövlət səviyyəsində müxtəlif tədbirlər həyata keçiriləcək. “Yeni Azərbaycan” qəzeti olaraq, biz də müstəqilliyimizin ildönümü ilə əlaqədar bir sıra layihələr icra etməkdəyik. “Bu mənim mövqeyimdir” adlanan rubrikamız da bu layihələrdən biridir. Bu rubrikada Azərbaycanın görkəmli elm adamlarının, cəmiyyətdə nüfuzu olan ictimai, siyasi xadimlərin dövlətimizin müstəqillik tarixi, inkişaf yolu, müxtəlif sahələrdə əldə olunmuş nailiyyətlər, həyata keçirilən dövlət siyasəti ilə bağlı fikirlərini dərc etdiririk. Rubrikamızın budəfəki qonağı isə Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) rektoru, akademik, Əməkdar elm xadimi Siyavuş Qarayevdir. S.Qarayevlə Azərbaycanda həyata keçirilən təhsil, elm siyasəti haqqında geniş söhbət apardıq.

- Siyavuş müəllim, məlum olduğu kimi, Azərbaycan dövləti müstəqilliyinin ilk illərində bir çox sahələrdə köklü problemlərlə üzləşmişdir. Bu problemlər təhsil və elm sahəsində də ciddi böhranların yaranmasına səbəb olmuşdur. Lakin Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 1993-cü ildə xalqımızın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra təhsil və elm sahələrinin inkişafı üçün də yeni və çox geniş imkanlar yarandı. İstərdik, ilk olaraq, bu haqda sizin fikirlərinizi öyrənək. Ulu öndər Azərbaycan təhsilini, elmini inkişaf etdirmək üçün hansı zəruri addımları atmışdır?

- Müstəqil Azərbaycanın son illərdə davamlı tərəqqi və yüksəliş dövrünü yaşaması, elmi təmələ söykənən iqtisadi siyasət nəticəsində keçid dövrünü inamla başa vurması Ulu öndərimiz, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin milli inkişaf prioritetlərini düzgün müəyyənləşdirərək, ardıcıl və tarazlı tərəqqinin təmin edilməsi üçün elmin və təhsilin rolunu yüksək dəyərləndirməsi və bu sahəyə xüsusi qayğı göstərməsi nəticəsində mümkün olmuşdur. Elmə, təhsilə yüksək dəyər verən, bu sahələrin saflığını təmin edən ziyalı, alim adının ucalığını saxlamaq üçün qətiyyətli addımlar atan Heydər Əliyev respublikanın elmi prinsiplər üzərində inkişafının təməlini qoymuş, yeni-yeni ali məktəblər, elmi-tədqiqat institutları açmış, ali məktəblərə qəbul prosesində şəffaflığı və obyektivliyi təmin etmiş, gələcək naminə azərbaycanlı kadrların hazırlanması üçün minlərlə gənci xarici ölkələrin aparıcı mərkəzlərində təhsil almağa göndərmişdir.

Alimlərin cəmiyyətdəki rolunu yüksək qiymətləndirən müdrik rəhbərimiz xalqın təkidi ilə hakimiyyətə qayıtdıqdan sonra ilk görüş yerlərindən biri kimi məhz Azərbaycan Elmlər Akademiyasını seçmişdi. 1993-cü il sentyabrın 21-də keçirilən bu görüşdə elm adamlarına münasibətdə yol verilən ədalətsizliklərlə bağlı narahatlığın əsassız olduğunu, bunun naqis adamların təxəyyülünün məhsulu olduğunu cəsarətlə ifşa edərək, nəyin bahasına olursa-olsun Azərbaycan elminin inkişaf etdiriləcəyini bəyan etmişdi.

1997-ci ilin aprelində alimlərlə görüşən Heydər Əliyev Azərbaycan tarixinin, dilinin, mədəniyyətinin yeni dövrün tələbləri baxımından öyrənilməsi və tədqiqi zərurətini qeyd etmiş, elm adamlarını dövrün tələbləri ilə ayaqlaşmağa çağırmışdır. Məhz bu görüşdə, elmin gələcək inkişaf prioritetlərini və qarşıda duran vəzifələri proqram şəklində diqqətə çatdırmışdı.

Azərbaycanda təhsilin, pedaqoji fikrin, təlim-tərbiyə ocaqlarının tarixi qədim dövrlərlə bağlı olsa da müasir, yeni tipli məktəblərin əsası, çağdaş milli təhsilimizin təməli XIX əsrin sonlarında qoyulmuş, XX əsrin əvvəllərində genişlənmiş, Xalq Cümhuriyyəti dövründə milli təhsil quruculuğu dövlət siyasətinə çevrilmiş, Sovet hakimiyyəti illərində milli dəyərlərin kifayət qədər nəzərə alınmaması ilə bağlı müəyyən nöqsanlar olmasına baxmayaraq güclü təhsil sistemi formalaşmış, respublikanın zəngin intellektual potensialı yaranmış, xüsusən 70-ci illərdə, sözün əsl mənasında, ölkəmizdə Azərbaycan məktəbi yaranmışdı. Doğma Azərbaycan dilində gənclərə mükəmməl təhsil verən orta və ali məktəblərin yaranması, güclü intellektual potensialın formalaşması milli müstəqilliyə gedən yolda əldə etdiyimiz ən böyük tarixi nailiyyətlərdən biridir.

1998-ci ilin martında ölkə Prezidenti Azərbaycan Respublikası təhsil sistemində islahatlar keçirilməsi ilə bağlı Sərəncam imzaladı və tezliklə İslahatlar Proqramı hazırlandı. Həmin proqramda Azərbaycan təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması ilə yanaşı, milli təhsil ənənələrimizə sədaqətin və varisliyin saxlanılmasının vacibliyi də öz əksini tapmışdı.

Ali təhsil sahəsində yeniliklərdən biri də “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Prezidentin 13 iyun 2000-ci il Fərmanı ilə ölkənin aparıcı ali məktəblərinə - Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Tibb Universiteti və Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına maliyyə müstəqilliyi və bir neçə ali məktəbə “Universtitet” statusu verilməsi oldu.

Müstəqillik illərində təhsil sahəsində beynəlxalq əlaqələr genişlənmişdi. Dünyanın 40-a yaxın ölkəsində 160 ixtisas üzrə 3000-dən çox azərbaycanlı gənc təhsil alır, təqribən 50 xarici ölkədən isə Azərbaycanın müxtəlif ali məktəblərində 2000-dən çox əcnəbi bakalavriat və magistratura pillələrində, doktoranturada təhsil alırlar. Bu gün ali məktəblərimiz beynəlxalq fəaliyyət subyektlərinə çevrilmiş, Avropa İqtisadi Birliyinin, YUNESKO-nun və digər beynəlxalq təşkilatların müxtəlif təhsil proqramları və layihələrində iştirak edirlər.

Müasir dünyada hər bir ölkənin uğurlu gələcəyi elm və təhsilin səviyyəsi ilə müəyyən olunur. Təcrübə göstərir ki, təbii sərvətlərin bolluğu dövlətin inkişafınıın əsas göstəricisi deyildir. Bu sərvətlər cəmiyyətin hərəkətverici qüvvəsi olan insan kapitalına keçidi təmin etməlidir. Bir sıra aparıcı ölkələr malik olduqları maddi resurslardan daha çox, təhsil sisteminin yetişdirdiyi, insan kapitalından böyük gəlirlər əldə edirlər.

Müstəqillik dövründə ali məktəblərin kadr potensialı və müəllimlərin ixtisasartırma təhsili müasir tələblərə uyğunlaşdırılmış, kadr hazırlığında informasiya-kommunikasiya texnologiyalarından istifadə işi genişləndirilmiş, ali məktəblərin maddi-texniki bazası müasir tələblər səviyyəsinə qaldırılmışdır. Elmin inkişafı və iqtisadiyyatın texnoloji baza səviyyəsinin yüksəldilməsini nəzərdə tutan bir sıra sənədlərin qəbulu dövlət səviyyəsində elmə göstərilən qayğınıın təcəssümüdür.

- Cənab Prezident İlham Əliyev həmişə təhsilin inkişafı, bu sahədə həyata keçirilən islahatların əhəmiyyətini önə çəkir, bunu ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mühüm istiqamətlərindən biri elan edib. Bu istiqamətdə görülən işləri necə qiymətləndirirsiniz?

- Ulu öndərin siyasətini bütün sahələrdə inamla davam etdirən Prezident İlham Əliyev elmə, təhsilə qayğını ilk gündən mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmiş və qeyd etmişdir ki, “iqtisadi inkişaf strategiyasını elmi əsaslar üzərində quran, hər zaman mütərəqqi ənənələrə istinad edən dövlətlər dinamik inkişafa nail olur, dünya arenasında layiqli yerlərini tuturlar”.

Bu gün hər bir dövlətin gücü və qüdrəti təkcə onun təbii sərvətləri ilə deyil, məhz elmi-intellektual potensialı, insan kapitalı ilə müəyyənləşir. Respublikamızda da bu reallıq nəzərə alınır, neftdən əldə olunan gəlirlər elmin, təhsilin inkişafına yönəldilir.

İqtisadiyyatla elmin səmərəli vəhdətinə nail olmaq, idarəçilikdə yeni texnologiyalara, innovasion yeniliklərə istinad etmək, biliklərə əsaslanan iqtisadi inkişaf modeli formalaşdırmaq, gənclərdə elmə marağı gücləndirmək bu siyasətin əsasını təşkil edir. Həyata keçirilən uğurlu siyasət Azərbaycanı regionda lider dövlətə çevirmişdir. Azərbaycan cəmiyyətinin bütün sahələrində mənəvi intibah və tərəqqi duyulur, infrastruktur yeniləşir, bütün bunların nəticəsi kimi respublikamız dünyada səsi, sözü eşidilən dövlətə çevrilmişdir. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı” təsdiqlənmişdir. Bu sənədlərdə elmin mövcud durumu, yaranmış vəziyyət, habelə, nöqsanların, çatışmamazlıqların aradan qaldırılması üçün vəzifələr nəzərdə tutulur. Prezident İlham Əliyev 26 aprel 2011-ci ildə AMEA-nın illik yığıncağında çıxış edərək demişdir: “Bu gün Azərbaycan iqtisadiyyatı qarşısında duran çağırışlar elmin inkişafı ilə bilavasitə bağlı olmalıdır”.

Dövlət başçısının 21 oktyabr 2009-cu il Sərəncamı ilə Prezident yanında Elmin İnkişaf Fondunun yaradılması ölkədə elmin inkişafı istiqamətində atılmış mühüm bir addımdır. Bu fondun yaradılmasında məqsəd “Azərbaycan Respublikasında fundamental elmi tədqiqatların stimullaşdırılması, ölkəmizin təbii resurslarının, mədəni və tarixi irsinin öyrənilməsinin gücləndirilməsi, elmin müxtəlif sahələrində aparılan araşdırmaların səmərəliliyinin artırılması və dünya elm məkanında Azərbaycan elminin layiqincə təmsil olunmasının təmin edilməsi” kimi ifadə edilmişdir. Bunlar bütövlükdə elmi tədqiqatlar və onların səmərəliliyinin artırılmasına yönələn mütərəqqi niyyətləri qarşıya qoyur. Elmə ayrılan xərclərin 80-90 faizdən çoxu birbaşa və dolayı şəkildə dövlət büdcəsi hesabına formalaşır. Özəl sektorun payı çox cüzidir, həmçinin elmə ayrılan xərclərdən istifadənin də 60-70 faizi dövlət sektorunun payına düşür.

- Elmin səviyyəsindən söz düşmüşkən, istərdik bu mövzuda da sizin münasibətinizi öyrənək. Məlum olduğu kimi, hazırda Azərbaycanda elmin inkişaf səviyyəsi ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bir müddət öncə isə Azərbaycan Prezidenti İlham Əliyev AMEA-nın illik ümumi yığıncağında iştirak edərək, tədbirdə elmin inkişafı ilə bağlı çox dəqiq təhlillər aparmışdır. Siz, Azərbaycanda elmin inkişaf səviyyəsi və bu sahədə görülən işlərlə bağlı nə deyə bilərsiniz?

- Ölkədə yaranan yeni iqtisadi-sosial şərait, həyata keçirilən mürəkkəb islahatlar elmi fəaliyyətin canlanmasını, həyatda baş verən böyük dəyişikliklərə adekvat cavab verilməsini tələb edir. Dövlətimiz elmdən idarəçilik sistemində qəbul edilən siyasi qərarların nəticəsinin düzgün təhlilini, cəmiyyətimizin öyrənilməsi ilə bağlı tədqiqatlar aparılmasını, qlobal elm məkanına uğurlu inteqrasiya üçün alimlərimizdən elmin nüfuzunu yüksəltməyi gözləyir. Bunun üçün elmi tədqiqatların elmi və praktiki əhəmiyyəti, aktuallığı təmin olunmalı, elmi işlər elm naminə, cəmiyyətin inkişafı naminə aparılmalı, elmin, alimin adının təmizliyi qorunmalıdır. Elmi tədqiqatların səviyyəsini, aktuallığını, əhəmiyyətini artırmaq, onları müasir dövrün tələbləri səviyyəsinə qaldırmaq üçün hər bir alim var gücü ilə çalışmalıdır.

Bu gün elmin, təhsilin maddi-texniki bazası inkişaf etdirilir, yeniləşir, ən müasir, qabaqcıl texnologiyalar ölkəmizə gətirilir, onların əhalinin geniş kütlələri tərəfindən mənimsənilərək ümumi işin səmərəsi üçün tətbiq edilməsi istiqamətində tədbirlər həyata keçirilir. Dövlət təşkilatlarının, Heydər Əliyev Fondunun vasitəsi ilə təhsil müəssisələrinin şəbəkəsi genişləndirilir, bazası möhkəmləndirilir. Bu gün Azərbaycan təhsilin, səhiyyənin, bütövlükdə sosial sahənin inkişafına dövlət qayğısına görə dünyanın ən qabaqcıl ölkələri ilə bir sırada dayanır. Prezident İlham Əliyev qeyd etmişdir ki, bu gün ölkə qarşısında duran vəzifələr prioritet əsasında müəyyən edildiyi kimi, elm qarşısında duran məsələlər də eyni qaydada həll olunmalıdır.

Bazar iqtisadiyyatı şəraitində dayanıqlı iqtisadi inkişafın təminatı, ilk növbədə, elmin müasir tələblərə uyğun inkişaf etdirilməsini tələb edir. İqtisadi sahədə yeniliklərə (innovasiya) əsaslanan inkişaf istiqamətlərinin müəyyən edilməsi, insan kapitalının formalaşması, intellektual potensialdan səmərəli istifadə, elmi-tədqiqat işlərinin nəticələrinin tətbiqi bilik toplumunun inkişafında ən önəmli amildir. Hazırda Azərbaycan iqtisadi islahatları uğurla davam etdirərək keyfiyyətcə yeni dönəmə - bilik və texnologiyaya əsaslanan iqtisadi oriyentirə doğru irəliləyir. Bu oriyentirin əsas məqsədi isə iqtisadiyyatın ən müasir elmi biliklərə əsaslanan nailiyyətlərindən istifadə etməkdir. Məhz buna görə də, milli strategiya Azərbaycan elminin intellektual potensialının gücləndirilməsinə dair müvafiq tədbirlərin gerçəkləşdirilməsini tələb edir və elmin son nailiyyətlərinin ali məktəblərin tədris proqramlarına daxil edilməsi tələbini qəti şəkildə ortaya qoyur.

- Bu gün ölkəmiz yüksək sürətlə inkişaf edir, cəmiyyət həyatının bütün sahələrində yeniləşmə, yüksəliş özünü bariz şəkildə göstərir. Belə bir şəraitdə, Azərbaycan elminin gələcəkdə daha yüksək səviyyədə inkişafı üçün şübhəsiz ki, alimlərin də üzərinə böyük məsuliyyət düşür...

- Alimlərin qarşısında dayanan vəzifə bu gün Azərbaycan cəmiyyətində gedən sosial və iqtisadi-siyasi proseslərin elmi-nəzəri cəhətdən araşdırılması, dövlətimizin daha da möhkəmlənməsi, cəmiyyətin demokratikləşməsi işinin sürətləndirilməsi və humanistləşdirilməsi məsələlərinə dair əməli tövsiyələr hazırlanmasına diqqət yetirmək, əməli işə, təcrübəyə daha çox kömək göstərməkdir.

XXI əsrdə cəmiyyətin inkişafı prosesində insan amili müqayisəedilməz dərəcədə mühüm yer tutacaq, intellektual potensial, intellektual mülkiyyət əsas rol oynayacaq, informasiya sahəsindəki bütün dəyişikliklər bu əsrdə daha da inkişaf edəcək, informasiya amili aparıcı qüvvəyə çevriləcəkdir. Belə olan halda, elm və təhsildə də böyük işlər görmək üçün elmimizin qarşısında daha geniş imkanlar açılacaqdır. AMEA-nın illik ümumi yığıncağında Prezident İlham Əliyev demişdir: “Elmin inkişafı ümumi inkişaf templəri ilə uzlaşmalıdır. Azərbaycanda elmin, ali təhsilin, iqtisadiyyatın birliyi yaradılmalıdır”.

Yaşadığımız dövr təhsil sisteminin əsaslı sürətlə yeniləşməsini tələb edir. Böyük əhəmiyyət kəsb edən bu iş, müasir tələblərə cavab verən yeni tipli ali məktəblərin yaradılmasını tələb edir, ali məktəbdə səriştəlilik, axtarış və yenilik ruhu hökm sürməli, ətraflı elmi diskussiyalara, keyfiyyətli əməyə, yaradıcı adama hörmətə geniş yol açılmalıdır. Bütün bunlar ali təhsilin məzmununu yeniləşdirməyi, konkret profil üzrə mütəxəssislərin formalaşması üçün zəruri olan başlıca məsələləri ön plana çəkməyi, tədrisin keyfiyyətini yüksəltməyi, ali məktəblərdə mədəni, demokratik, tələbkar və daha işgüzar bir şərait yaratmağı tələb edir. Tədris sisteminin yeniləşdiyi bir vaxtda təbii ki, ayrı-ayrı fənlər də təkmilləşib yeniləşməlidir. Son illər respublikamızda gedən ciddi demokratik dəyişikliklərlə əlaqədar, ali məktəblərdə də xeyli işlər görülmüş, yeni bölmələr yaradılmış, tədrisin məzmununun yeniləşməsi məqsədi ilə yeni proqramlar, dərs vəsaitləri və metodik tövsiyələr hazırlanıb çap edilmişdir. Dünya standartlarına uyğun tədris planları və proqramlarının hazırlanması üzərində mühüm işlər gedir. Təcrübəli müəllimlərin birgə səyləri ilə proqram, dərslik və dərs vəsaitləri hazırlanması işinə kafedralarda xüsusi diqqət yetirilir. Kafedralar, fakültə elmi şuraları, elmi-metodik şuralar dərsliklərin, dərs vəsaitlərinin nəşrinə xüsusi tələbkarlıqla yanaşırlar. Bütün ali məktəblər üçün ixtisasından və xüsusiyyətlərindən asılı olaraq vahid tədris planlarının hazırlanması sahəsində də xeyli işlər görülmüşdür. Ali məktəblərdə tədrisi dünya standartları səviyyəsinə qaldırmaq məqsədilə xaricdəki qabaqcıl ali məktəblərlə təcrübə mübadiləsi, elmi əlaqələr genişləndirilir, müəllimlərin ABŞ, Rusiya, Fransa, Türkiyə və digər ölkələrdə ixtisaslarına uyğun təkmilləşmə keçmələri üçün işlər diqqət mərkəzindədir.

- Elmi - tədqiqat sahəsində ümumi vəziyyət necədir və bu sahədə görülən işlər haqqında nə demək olar?

- Təhsilin keyfiyyətinin yüksəldilməsi elmi-tədqiqat işləri ilə bilavasitə bağlıdır. Bu baxımdan ali məktəb müəllimlərinin bu sahədəki fəaliyyətlərinə xüsusi önəm verilir. Qabaqcıl ölkələrdə elmi-tədqiqat işləri başlıca olaraq universitetlərdə və tədris müəssisələrində aparılır. Biz hələ ali məktəblərdə elmi-tədqiqat işlərinin səviyyəsini lazımi yüksəkliyə qaldıra bilməsək də, bu sahədə xeyli nəticələrə nail ola bilmişik. İndiki şərait elmi-tədqiqat işlərinin səviyyəsini yüksəltməyi, ali məktəblərin üzünü elmə doğru çevirməyi tələb edir. Buna nail olmadan tədrisin keyfiyyətinin yüksəldilməsindən danışa bilmərik. Elmi araşdırmaların miqyasını genişləndirmək məqsədilə bu gün tədris müəssisələrində elmi-tədqiqat laboratoriyaları, mərkəzlər, institut, assosiasiyalar yaradıcılıq birliklərinin təşkili işləri genişləndirilir, ali məktəblərdə milli yüksəlişimizi sürətləndirəcək problemlər sahəsində elmi araşdırmalara üstünlük verilir.

- Son olaraq, müasir, qloballaşan dünyada elmin və təhsilin yerini və Azərbaycan elminin ölkəmizin inkişafına verdiyi töhfələri necə qiymətləndirirsiniz?

- Müasir qloballaşma dövründə elmi-intellektual sferada qazanılan yüksək nailiyyətlər hər bir dövlətin inkişaf səviyyəsindən, ümumi potensialından xəbər verən, sosial, iqtisadi, mədəni tərəqqini təmin edən, demokratikləşmə prosesini sürətləndirən mühüm meyarlardan biri kimi çıxış edir. Cəmiyyət qarşısında dayanan bir sıra əsaslı problemlərin həllində “açar rolunu” oynayan elm və təhsil həm də xalqların dünya arenasında layiqli təmsilçiliyinə, insan kapitalının formalaşdırılması yolu ilə qarşıya qoyduğu məqsədlərə doğru inamla irəliləməsinə real təminat yaradır. Praqmatik siyasətçi kimi dünya reallığını düzgün qiymətləndirən Prezident İlham Əliyev elm adamlarını qloballaşan dünyanın yeni çağırışlarına hazır olmağa, elmi tədqiqatlarda milli maraq və mənafeləri maksimum dərəcədə nəzərə almağa çağırır. Dövlət başçısı milli mədəniyyətin total təsirlər nəticəsində assimilyasiyaya məruz qalmasına yol verməmiş, xalqın əsrarəngiz mədəni-mənəvi irsinin dünya miqyasında təbliği istiqamətində mühüm tədbirlər həyata keçirmişdir. Son illər sürətli iqtisadi və sosial-mədəni tərəqqi yolu keçən Azərbaycanda elmin inkişaf təmayüllərinin yeni reallıqlara nəzərən müəyyənləşdirilməsi, bu sahədə mövcud problemlərin aradan qaldırılması dövrün reallıqları ilə şərtlənir. Ən müxtəlif elm sahələrində aparılan tədqiqatlar yüksək effektivlik əmsalı ilə yanaşı, həm də dövlətin və xalqın ümdə maraqlarının qorunmasına xidmət edir, cəmiyyətdə saf ideal və dəyərlərə, ümumən mənəviyyatın yüksəkliyinə sanballı töhfələr verir.

Qloballaşan dünyada təhsil və elm universallaşmaqda, bəşəriyyətin ali ideyaları sırasında ən qabaqcıl yerini qoruyub saxlamaqdadır. Müasir sivil cəmiyyətdə siyasi, iqtisadi və informasiya sahəsində rəqabətin gücləndiyi, təbii resursların kəskin şəkildə azaldığı, ekoloji balansın pozulduğu bir dövrdə elm və təhsilin rolu surətlə artmaqdadır. Özünün inkişaf strategiyasını insan kapitalının və intellektual resurslarının üzərində quran, elmin, təhsilin tərəqqisini demokratik dövlət quruculuğunun başlıca meyarı hesab edən ölkələr yüksəlişə daha asan və etibarlı surətdə nail olurlar. Çinlilər üçün belə bir atalar sözü məşhur devizə çevrilmişdir: “Planınız bir illikdirsə düyü əkin, on illikdirsə ağac əkin, yüz illikdirsə insanlara təhsil verin”.

Ulu öndər Heydər Əliyevin elmin inkişafı ilə bağlı söylədikləri fikirlər daha ibrətamizdir: “Gələcək bilikli, elmli, istedadlı insanların çiyinləri üzərində qurulur”.

Bu fikir Prezident İlham Əliyev tərəfindən “Biz neft gəlirlərinin insan kapitalına çevrilməsini təmin etməliyik” müddəası ilə daha da zənginləşdirilib. XXI əsrdə davamlı insan amilinin inkişafına yönələn bu çağırış məhz gələcək nəslə ünvanlanmış təhsil sisteminin özəyini təşkil etməlidir.

 

 

Aqşin ŞAHİNOĞLU

 

Yeni Azərbaycan.- 2011.- 13 may.- S.4.