Azərbaycanın ilk Avropa liseyi 20 yaşında
Zülfiyyə Veysova: Bakı Avropa Liseyi Azərbaycanda
ali məktəblərə daxil olanların sayına görə
ən yüksək reytinqə malikdir
Məlum olduğu kimi, bu
günlərdə Bakı Avropa Liseyi fəaliyyətə
başlamasının 20 illik yubileyini qeyd edir. Bu münasibətlə
keçirilmiş tədbirlərdə bu təhsil
ocağının 20 illik fəaliyyətinin müxtəlif
aspektlərinə və əldə etdiyi böyük nailiyyətlərə
yenidən nəzər salınıb, liseyin azərbaycanlı
uşaqların savadlı, vətənpərvər ruhda
yetişdirilməsi sahəsində gördüyü işlər
yüksək qiymətləndirilib. Müsahibimiz Bakı Avropa
Liseyinin direktoru Zülfiyyə Veysova ilə söhbətimizdə
də liseyin 20 illik fəaliyyəti, əldə olunmuş
nailiyyətlər və bu təhsil ocağının tətbiq
etdiyi yeniliklərlə bağlı məsələlərə
toxunduq:
- Zülfiyyə xanım, bu
günlərdə Bakı Avropa Liseyi öz yubileyini qeyd edir.
İstərdik ilk olaraq, geridə qoyduğumuz 20 ilə yenidən
nəzər salaq...
- Bildiyiniz kimi, Bakı Avropa
Liseyi 1991-ci ildə yalnız yuxarı sinifləri əhatə
edən, istedadlı uşaqlar üçün orta ümumtəhsil
məktəbinin nəzdində yaradılıb, 1994-cü ildə
isə müstəqil lisey statusunu qazanıb. Mən 1993-cü
ildən liseyin elmi rəhbəri kimi fəaliyyət göstərmişəm,
2005-ci ildən isə direktor vəzifəsində
çalışıram. Liseyin yaradılması çox
mürəkkəb tarixi şəraitə təsadüf edib. Və
bu çətinlikləri liseyin fəaliyyətində də
açıq şəkildə hiss etmişik. İlk dövrlərdə
şagirdlərimizi sadəcə bir dərs otağında
hazırlamışıq, dərsləri bir otaqda
keçmişik. Sonradan böyüdüb liseyi bu günkü
vəziyyətə gətirməyə nail olmuşuq. Bakı
Avropa Liseyinin əsas məqsədləri istedadlı
uşaqların intellektual və yaradıcı
potensialının üzə çıxarılması və
inkişafı, onların şəxsiyyətinin yüksək
mənəvi və mədəni dəyərlərə əsaslanaraq
formalaşdırılması, XXI əsrdə şagirdlərin
ehtiyac duyduqları kompetensiyaları, həyat boyu öyrənməsi
və cəmiyyətin məhsuldar üzv olması
üçün vacib olan qabiliyyətləri inkişaf etdirmək
üçün müvafiq imkanların və yolların təmin
edilməsidir. Avropa Liseyi Azərbaycan təhsilində yeni ənənələrin
təşəbbüsçüsüdür. Bu təhsil
ocağı respublikada həyata keçirilən bir çox
yeniliklərin beşiyidir. Burada ilk dəfə şəxsiyyətyönümlü
tədris prosesi həyata keçirilib, interaktiv təlim
metodlarının tətbiqinə başlanılıb,
istedadlı uşaqlar üçün nəzərdə
tutulmuş differensiallaşdırılmış tədris
proqramları işlənib hazırlanıb. Liseydə tədris
prosesi semestrə bölünür, bilik və
bacarıqların qiymətləndirilməsi üçün
100 ballıq qiymətləndirmə və eyni zamanda, bonus
sistemi tətbiq edilir. Məktəb idarəçiliyində
demokratiya, aşkarlıq və şəffaflıq prinsipləri
həyata keçirilir, məktəbin fəaliyyəti
psixoloqların sistematik işinə əsaslanır, müəllim
və şagird seçimi psixoloji testlər əsasında
aparılır.
- Bakı Avropa Liseyi Azərbaycanda
yeni tədris metodlarını tətbiq edən tədris
müəssisəsi kimi çıxış edib və bu
modellərin uğurla tətbiqi liseyə böyük nailiyyətlər
qazandırıb. Bu modellərin fərqlilikləri və
üstünlükləri nədən ibarətdir?
- Bizim müstəqil təhsil
modeli, dünya psixoloji və pedaqoji elmlərinin ən yeni
nailiyyətlərini, özünəməxsusluğunu
özündə əks etdirir. Liseyin bazasında zamanın tələblərinə
və təhsil prinsiplərinə cavab verən yeni və daha
effektiv təhsil yanaşmaları sınaqdan keçirilib və
onların əsasında yeni təhsil modeli yaradılaraq, tətbiq
olunub. Bakı Avropa Liseyinin təhsil modeli Təhsil Nazirliyi tərəfindən
öyrənilib və respublikada təhsil islahatı çərçivəsində
istifadəsi üçün layiqincə qiymətləndirilərək
ölkə ərazisində bu modelin yayılması tövsiyə
edilib. İlk dövrlərdə lisey Azərbaycanda ilk Avropa məktəbi
təhsil modelini tətbiq edib, 1993-cü ildən sonra isə
yeni bir model - istedadlı uşaq modelini tətbiq etməyə
başlamışıq. Bakı Avropa Liseyinin təhsil modeli
yeni və daha səmərəli təhsil
yanaşmalarının tətbiqinə və müasir tələbləri
özündə əks etdirən metod və texnologiyalara əsaslanır.
Lisey təsisçilərinin əsas məqsədi Avropa və
Şimali Amerikanın ən mütərəqqi təhsil sahəsində
nailiyyətləri, Avropa İttifaqı ölkələri məktəblərinin
təcrübəsini liseyin təlim prosesinə inteqrasiya
olunması idi. Liseyin unikal təhsil modelində iki müasir (“Avropa
məktəbi” və “İstedadlı uşaq”), yerli şəraitə
uyğunlaşan və inkişaf edən modellərin sintezi
durur. Bu təhsil modelinin əsasında qurulan təhsili Azərbaycandakı
başqa təhsil müəssisələrindən fərqləndirən
bir sıra səciyyəvi xüsusiyyətləri var.
Yarandığı ilk
gündən etibarən istedadlı uşaqların seçimi
psixoloqlar tərəfindən xüsusi, Azərbaycan mühitinə
uyğunlaşdırılmış psixoloji testlər vasitəsi
ilə həyata keçirilir. Biz ilk vaxtlardan orta təhsil məktəblərində
yaxşı oxuyan tələbələri deyil, istedadlı
uşaqları seçirdik. Çünki
düşünürdük ki, Azərbaycan yenicə müstəqillik
qazanmış bir ölkədir və gələcəkdə
intellektual elitaya böyük ehtiyac yaranacaqdı və biz istədik
ki, hər bir şagirdimiz gələcəkdə istedadlı,
savadlı, yüksək intellektli kadrlar kimi dövlətimizə
xidmət etsinlər. Ona görə də, biz bu addımı
atdıq. Bu gün isə Bakı Avropa Liseyi yüksək tədris
standartları ilə innovativ, şagirdlərə yönəlmiş
və demokratiya əsaslı fəaliyyət göstərən
məktəb kimi əla imicə malikdir. Liseyə hörmət
yüksək rəqabətli qəbul prosesində öz əksini
tapıb. 20 il ərzində Bakı Avropa Liseyinin 19
buraxılışı olub, 623 məzun Bakı Avropa Liseyinin
attestatını qazanıb. Əgər ilk illərdə liseydə
yalnız 100-ə yaxın uşaq təhsil alırdısa, bu
il 1000-dən çox uşaq özünü liseyist
adlandırır.
- Zülfiyyə xanım,
bildiyimiz kimi, Bakı Avropa Liseyində digərlərindən fərqlənən
müxtəlif tədris metodları tətbiq olunur. İstərdik,
burada tətbiq olunan təlim metodlarının
üstünlüklərindən danışasınız...
- Bakı Avropa Liseyi Azərbaycanda
təhsil islahatlarının avanqardındadır. Lisey
özünü Azərbaycan təhsilində yeni ənənələrin
təşəbbüsçüsü kimi tanıdıb. 20 il
ərzində bizim liseydə təhsil sahəsi üzrə 15
yenilik tətbiq edilib. Şəxsiyyətə yönəlmiş
tədris yanaşması, fəal (interaktiv) təlim
metodları, inkişafedici Fənlərarası Təlim
proqramı, tədris prosesinin semestr üzrə təşkili,
biliklərin yoxlanılmasında test üsulu, bonuslar daxil
olmaqla 100 ballıq diferensial qiymətləndirmə sistemi,
formativ qiymətləndirmə yanaşması, məktəbin
idarəçiliyində demokratik metodlar, Valideyn-Müəllim
Assosiasiyası, Kiçik Elmlər Akademiyası ölkədə
təhsil sahəsində aparılan islahatlar çərçivəsində
davamlı inkişafını qazanmış tam olmayan
innovasiyaların bəziləridir. Bakı Avropa Liseyinin fərqləndirici
cəhəti onun demokratik idarə edilən tədris
mühitidir ki, burada şagird məktəbin idarə edilməsində
və tədris prosesində bərabərhüquqlu
iştirakçıdır. Liseyin innovativ inkişafedici təlim
mühiti şagirdləri yaradıcılığa və
axtarışa həvəsləndirir, onların
istedadını müxtəlif yollarla üzə
çıxarır, nümayiş etdirir və dərsdən kənar
təlim imkanlarını genişləndirir. Gələcəkdə
uğurlu mütəxəssislər olmaq üçün
şagirdlərdə erkən yaşlarından müasir,
peşəkar bacarıqlarla tanış olmaq üçün
imkanlar təmin edilir.
- Siz qeyd etdiniz ki, burada təhsil
alan liseyistlər xüsusi seçim metodları ilə müəyyənləşdirilir.
Bəs müəllimlərinizi hansı üsullarla
seçirsiniz?
- Bakı Avropa Liseyi müəllimləri
də müsabiqə əsasında seçir. Bu zaman müxtəlif
məsələlərə diqqət ayırırıq. Əvvəla,
liseyin müəllimləri yüksək ixtisaslı olmaqla
yanaşı, təlim, tərbiyə üsullarını da dərindən
bilməlidirlər. Bizim bu istiqamətdə də seçimlərimizin
nə qədər ədalətli və düzgün olduğu
artıq təsdiqini tapıb. Müəllimlərimizin bir
neçəsinin elmi dərəcəsi, beynəlxalq
sertifikatları var, bəzi müəllimlərimiz “Əməkdar
müəllim”, “İlin ən yaxşı müəllimi” və
bu kimi başqa mükafatlara layiq görülüblər.
2008-ci ildən Azərbaycan Respublikasının Prezidenti tərəfindən
liseyin 11 müəllimi “İlin ən yaxşı müəllimi”
fəxri və 5 müəllimi “Əməkdar müəllim”
adına layiq görülüb. Müəllimlər bir
çox beynəlxalq layihələrdə iştirak ediblər,
müxtəlif respublika və beynəlxalq layihələrdə
onlarla treninq keçiriblər. Bizim müəllimlər fəal
təlim üzrə ən yaxşı məşqçi
müəllimlər kimi ölkəmizdə aparıcı yer
tuturlar. Liseyin gələcək inkişafı
üçün əhəmiyyətli xüsusiyyətlərdən
biri də çoxlu sayda cavan, çalışqan,
istedadlı və iddialı müəllimlərin liseyə qəbul
olunmasıdır.
- Liseyin layihələri barədə
bilmək də maraqlı olardı. Bakı Avropa Liseyi
hansı layihələri reallaşdırır və
bunların həyata keçirilməsi şagirdlərə nə
verir?
- Bakı Avropa Liseyinin həyata
keçirdiyi layihələr öz müxtəlifliyi ilə
seçilir və meqa-layihələrin müxtəlif növləri
(“Dünyanın mədəni-ekoloji ənənələri”,
“Master klass” kimi) uşaqları axtarışa,
yaradıcılığa, əlavə bacarıqlarını
müxtəlif yollarla nümayiş etdirməyə və dərsdən
kənar zamanda təlim imkanlarını genişləndirməyə
həvəsləndirir. Bakı Avropa Liseyində Azərbaycanda
ilk dəfə yaradılmış uşaqların elmi-tədqiqat
bacarıqlarını inkişaf etdirən unikal təşkilat
“Kiçik Elmlər Akademiyası” 2000-ci ildən fəaliyyət
göstərir. Bu təşkilat şagirdlərin istənilən
bilik sahəsi və mövzuda elmi iş yazmaqlarını dəstəkləyir.
“Kiçik Elmlər Akademiyası”nın illik təşkil
etdiyi konfranslarda tanınmış alimlərdən ibarət
münsiflər heyəti bu tədqiqat işlərini qiymətləndirir.
200 nəfərə yaxın şagird liseyin “Kiçik Elmlər
Akademiyası”nın akademiki adına layiq görülüb.
İncəsənət, musiqi, kino, rəqs sahəsində
yüksək ixtisaslı peşəkarlar bu sahələrdə
uşaqların bacarıq və
yaradıcılıqlarının inkişafını hər
zaman dəstəkləyirlər. Müxtəlif illərdə
liseydə unikal incəsənət layihələri həyata
keçirilib (“Kino məktəb”, “For kids” İngilis dram
studiyası və s.). Şagirdlərin 30 faizi hər il
Bakının müxtəlif peşəkar səhnələrində
“İstedad” adlı rəqs qrupunun teatr tamaşaları və
konsertlərində iştirak edir.
Onu da qeyd edim ki, bizim liseyistlərimiz
aktiv sosial həyat tərzi sürür. Təkcə son illərdə
liseyistlər 5 sosial, 8 ekoloji aksiya və layihədə
iştirak edib, 29 xeyriyyə tədbiri həyata keçiriblər.
Liseydə hər il bir sıra xeyriyyə məqsədilə
müxtəlif tədbirlər keçirilir. Onların bəziləri
(Novruz Bayramı ərəfəsində keçirilən
uşaq yarmarkası) 2005-ci ildən başlayaraq ənənəvi
olaraq keçirilir. Liseyin xeyriyyə ənənələri
uşaqları daha mehriban, tolerant və həssas olmağa
sövq edir.
- İstərdik, Liseyin
qazandığı nailiyyətlər haqqında da məlumat
verəsiniz. 20 illik fəaliyyəti dövründə Bakı
Avropa Liseyi hansı nailiyyətləri qazanıb?
- Liseyin şagirdləri 20
beynəlxalq və onlarla yerli layihələrdə iştirak
ediblər. Onlar bir sıra respublika və beynəlxalq
olimpiadalarda iştirak ediblər, 7 nəfəri isə qalib gəlib.
Respublika və beynəlxalq rəsm müsabiqələrində
500 şagirdimiz iştirak edib, onlardan 22 nəfəri qalib
olaraq diplomla, 170 nəfəri müxtəlif fərman və
sertifikatlarla mükafatlandırılıb, 6 şagird Beynəlxalq
Uşaq Rəsm Olimpiadasının qalibi olub, 13 şagirdin isə
fərdi sərgisi keçirilib. Liseyin şagirdləri hər
il şəhər, respublika və beynəlxalq idman
yarışlarında iştirak edərək müxtəlif
mükafatlara və birinci yerlərə layiq
görülürlər. Liseyin 9 şagirdi fərdi təqaüdə
layiq görülüb. Hər il şagirdlərin 100 faiz ali məktəblərə
yüksək ballarla daxil olurlar. Lisey Azərbaycanda ali məktəblərə
daxil olanların sayına görə ən yüksək
reytinqə malikdir. Bir çox məzunlarımız
dünyanın ən tanınmış universitetlərində
təhsil alırlar. 1998-ci ildən bu günədək 64 məzunumuz
ali məktəblərə qəbul imtahanlarında 600-dən
çox bal qazanıb. Gördüyümüz işlərin nəticələrini
biz aldığımız mükafatlarda da görürük.
Bakı Avropa Liseyi 2000-2005-ci illərdə “Fəal təlim və
məktəb rəhbərliyi” layihəsi çərçivəsində
UNİCEF tərəfindən fəal təlimə əsaslanan
nümunəvi məktəb adına layiq görülüb,
2007-ci ildən Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən
həyata keçirilən “Elektron məktəb” layihəsi
üzrə pilot məktəb kimi fəaliyyət göstərməyə
başlayıb. Bundan başqa, 2008-ci ildə Azərbaycan
Respublikası Prezidenti tərəfindən “İlin ən
yaxşı məktəbi” adına layiq görülüb,
2010-cu ildə “Məktəb uşağın dostudur” layihəsi
çərçivəsində UNİCEF tərəfindən
nümunəvi məktəb adına layiq görülüb.
- Zülfiyyə xanım,
sonda qəzetimizin kollektivi və çoxminli
oxucularımız adından 20 illik yubileyiniz münasibətilə
sizi və rəhbərlik etdiyiniz liseyin kollektivini təbrik
edir, fəaliyyətinizdə yeni və daha böyük
uğurlar arzulayırıq.
- Mən də diqqətinizə
və xoş arzularınıza görə qəzetinizə dərin
minnətdarlığımı bildirirəm.
Aqşin ŞAHİNOĞLU
Yeni Azərbaycan.- 2011.- 17 may.- S.6.