Ölkədə hər bir vətəndaşın
mənafeyinə hesablanmış sosialyönümlü
islahatlar layiqli həyat səviyyəsinin təmin olunmasına
xidmət edir
Səttar Mehbalıyev: Azərbaycan
Həmkarlar İttifaqları respublikamızın ictimai həyatında
mühüm rol oynamaqla iqtisadiyyatın və cəmiyyətin
demokratik dəyərlərinin inkişafı sahəsində
qarşıda duran vəzifələri uğurla yerinə
yetirir
Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin
deputatı Səttar Mehbalıyev www.yap.org.az saytına
müsahibə verib:
- Səttar müəllim, həmkarlar
ittifaqları ölkəmizdə əmək
hüquqlarının qorunmasında, işçilərin
sosial məsələlərinin həllində mühüm
rola malikdir. Öncə, istərdik ki, həmkarlar
ittifaqlarının keçdiyi yol haqqında ümumi məlumat
verəsiniz...
- 100 ildən çox tarixə
malik Azərbaycan Həmkarlar İttifaqları respublikamız
müstəqillik qazandıqdan sonra yeni mərhələyə
qədəm qoymuşdur. Cəmiyyətin bütün
ictimai-siyasi sahələrində olduğu kimi, həmkarlar
ittifaqlarında da islahatların aparılması və
demokratik həmkarlar ittifaqı mərkəzinin
yaradılması zərurətə çevrildi.
Konfederasiya Azərbaycan Həmkarlar
İttifaqlarının 5 fevral 1993-cü il tarixli
qurultayında təsis olundu. Əsas məqsəd qısa
vaxtda dünya həmkarlar ittifaqının tərkib hissəsinə
çevrilmək, böyük bir mexanizmin mərkəzdə cəmlənmiş
səlahiyyətlərini paylaşdırmaq, hər bir strukturun
səlahiyyətlərini özünə qaytarmaq və yeni
islahatlar aparmaq idi.
Ümummilli lider Heydər Əliyevin
hakimiyyətə yenidən qayıdışı nəticəsində
hakimiyyətin mahiyyəti dəyişdi, yeni sosial-siyasi
münasibətlər formalaşdı, Azərbaycan Həmkarlar
İttifaqlarının vəzifələri dəyişdi,
onların sosial təyinatı, funksiyaları, fəaliyyətlərinin
forma və metodları əsaslı şəkildə yenidən
quruldu. “Həmkarlar ittifaqları haqqında” Azərbaycan
Respublikası Qanunu qəbul edilməklə həmkarlar
ittifaqlarının cəmiyyətdəki yeri və onun statusu
müəyyən edildi; həmkarlar ittifaqlarının
qeyri-siyasi təşkilat kimi dövlət və təsərrüfat
orqanlarından və siyasi sistemin digər vəsilələrindən
asılılığı aradan qaldırıldı; həmkarlar
ittifaqlarının bütün strukturlarında, o cümlədən,
aşağı vəsiləli həmkarlar ittifaqlarında
inzibati amirlik sisteminə son qoyularaq sahə məsələlərinin
həllində həmkarlar ittifaqı təşkilatlarının
və orqanlarının müstəqilliyi təmin edildi; əmək,
sosial, iqtisadi məsələlər barəsində
qanunvericilik aktlarının hazırlanmasında həmkarlar
ittifaqlarının hüquqları tanındı; Azərbaycan
Həmkarlar İttifaqları beynəlxalq həmkarlar
ittifaqları hərəkatının tərkib hissəsinə
çevrildi. Bütün bunlar respublikada həmkarlar
ittifaqı hərəkatının inkişafına stimul
yaradaraq işçilərin sosial iqtisadi
hüquqlarının müdafiəsini daha səmərəli
formada həyata keçirməyə imkan yaratdı.
Ümummilli lider Heydər Əliyevin
sosial-iqtisadi inkişaf strategiyasına sadiq olan Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin həmkarlar
ittifaqlarının sosial iqtisadi məsələlərlə
bağlı mövqeyini dəstəkləməsi və bu sahədə
mühüm qərarlar qəbul etməsi xüsusi rol
oynadı. Ölkə Prezidenti ötən illər ərzində
xalqımızın etimadını qazanaraq, proqressiv
islahatların reallaşdırılması sahəsində
mühüm addımlar atmış, çoxsaylı dövlət
proqramları, fərman və sərəncamlar
imzalamışdır. Bu, Onun xalqın mənafeyinin
qorunmasını öz fəaliyyətinin başlıca
prinsipi hesab etdiyini bir daha təsdiqlədi.
Prezident İlham Əliyev dəfələrlə
həmkarlar ittifaqlarının güclü qüvvə
olduğunu və Azərbaycanda əmək
hüquqlarının qorunmasında, işçilərin
sosial məsələlərinin həllində mühüm
rola malik olduğunu qeyd etmişdir: “Əminəm ki, həmkarlar
ittifaqları cəmiyyətdə əməkdaşlıq
ruhunun bərqərar olması, sosial ədalət prinsiplərinə
əməl edilməsi, bazar iqtisadiyyatı şəraitində
işçilərin əmək hüquqlarının
qorunması, işəgötürənlərlə
işçilər arasında münasibətlərin tənzimlənməsi
istiqamətində çox işlər görə bilər”.
Bu fikirlər həmkarlar ittifaqlarını daha da əzmkarlıq,
birlik və həmrəylik nümayiş etdirməyə
istiqamətləndirmişdir. Belə ki, yeni ictimai-siyasi və
iqtisadi sistemin təşəkkül tapdığı bir
dövrdə vətəndaşların sosial və iqtisadi mənafelərinin
qorunması yalnız dövlət orqanlarının deyil, həmçinin,
həmkarlar ittifaqlarının da əsas işinə
çevrilərək və mühüm əhəmiyyət kəsb
edir. Həmkarlar ittifaqları elə təşkilatdır ki, həmkarlar
ittifaqı üzvlərinin və muzdlu işçilərin
iqtisadi, sosial-əmək, hüquqi və mənəvi
haqlarını, mənafelərini təmsil və müdafiə
edir. Həmçinin, fəaliyyətinin əsas strateji məqsədi
elə bir iqtisadi siyasətə nail olmaqdır ki, bu, əhalinin
məşğulluğunun səmərəli təşkilinə
imkan versin, insanın istismarına yol verməsin, işləmək
istəyənlərə bərabər imkanlar
yaradılsın, onların maddi rifah halının qənaətedici
səviyyəsi təmin edilsin.
- İşçilər
üçün sağlam və təhlükəsiz iş
şəraitinin təmin olunması, təhlükəsizlik
texnikası üzrə qayda və normalara əməl edilməsi
məsələlərinə nəzarət haqda nə deyə
bilərsiniz?
- İşçilər
üçün sağlam və təhlükəsiz iş
şəraitinin təmin olunması, təhlükəsizlik
texnikası üzrə qayda və normalara əməl edilməsi
sahəsində konkret və ciddi işlər
görülmüşdür. Məlumat üçün deyim
ki, 2010-cu ildə 25 sahə və 1 ərazi həmkarlar
ittifaqı orqanlarının texniki əmək müfəttişlərinin
iştirakı ilə əməyin mühafizəsi və
istehsalat zədələnmələrinin
qarşısının alınması məqsədilə 676
müəssisə və təşkilatda yoxlama
aparılmışdır. Nəticədə sanitar qaydalara,
istehsalat sanitariya və gigiyena normalarına və ekoloji təhlükəsizliyin
tələblərinə əməl olunmaması üzrə
3039 fakt müəyyən edilmişdir. Eyni zamanda, texniki
müfəttişlər tərəfindən aşkar olunan
pozuntuların 84,4 faizinin (2566) aradan qaldırılması təmin
edilmişdir.
Dövlət orqanlarında
üzv təşkilatların mənafelərinin təmsil edilməsi,
əmək və sosial-iqtisadi məsələlər üzrə
qanunvericilik aktlarının işlənib hazırlanmasında
iştirak etməsi, qanunlara, həmkarlar ittifaqı üzvlərinin
hüquq və mənafelərinə zidd olan qanunaltı aktlara
yenidən baxılarkən təkliflərin irəli
sürülməsi, vətəndaşların əmək
hüquqlarının qiymətlərin və həyat səviyyələrinin
yüksəlməsinə uyğun olaraq qorunması məqsədilə
tədbirlərin həyata keçirilməsi, məşğulluq
sahəsində qanunvericiliyə əməl olunmasına zərurətin
təmin edilməsi, beynəlxalq həmkarlar ittifaqı hərəkatında
iştirak etməsi, tabelikdə olan və əməkçilərin
sanatoriya - kurort müalicəsi və istirahəti, ekskursiya -
turizm, mədəni-maarif və idmanla məşğul olan təşkilatların
fəaliyyətlərinin istiqamətləndirilməsi
AHİK-in əsas funksiyalarıdır.
Həmkarlar ittifaqları
üçün əmək qanunvericiliyinin təkmilləşdirilməsi,
qanunların işlənib hazırlanması, onlara əlavə
və dəyişikliklərin edilməsi öz
aktuallığını saxlamaqdadır. Bu baxımdan
yaranmış zərurətə uyğun olaraq “Həmkarlar
ittifaqları haqqında” Qanunda, Əmək Məcəlləsində
və digər Qanun layihələrində dəyişikliklərin
bir çoxu bizim təkliflər əsasında qəbul
edilmişdir.
Ölkə iqtisadiyyatında
çalışan işçilərin sosial-iqtisadi vəziyyətinin
yaxşılaşdırılmasında Azərbaycan hökuməti,
Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar
(İşəgötürənlər) Təşkilatları
Milli Konfederasiyası arasında bağlanılan üçtərəfli
Baş Kollektiv Sazişin rolu böyükdür. Adıçəkilən
sənəddə iqtisadi siyasət, əməyin ödənilməsi,
əhalinin gəlirləri və həyat səviyyəsi, əmək
bazası və əhalinin məşğulluğu, sosial
müdafiə, əmək hüquqlarının müdafiəsi,
əməyin mühafizəsi, sosial tərəfdaşlıq və
digər sahələrdə hər bir tərəfin öhdəlikləri
təfsilatı ilə əks olunur, onların icrası
üçün tədbirlərin həyata keçirilməsi
nəzərdə tutulmaqla, icrasına ciddi nəzarət
edilir.
Baş Sazişin hazırlanması
zamanı əldə olunan razılıqlar real işə
çevrilir. İşçilərin sosial müdafiəsi
baxımından işəgötürənlərlə
kompromis qərarların qəbul edilməsi, kollektiv müqavilələrə
dair tövsiyələrə əməl olunması,
üçtərəfli əməkdaşlıq, sosial dialoqun
iştirakçıları arasında
qarşılıqlı əlaqələr qurmaq əsas məqsədlərimizdir.
Bunlara nail olmaq üçün biz həmkarlar ittifaqı hərəkatının
nüfuzunu artırmağa çalışır, həmkarlar
ittifaqlarının maliyyə və əmlak mənafelərinin,
onların maddi-texniki bazasının qorunub saxlanmasına, nizamnamə
vəzifələrinin yerinə yetirilməsinə xüsusi
önəm veririk.
Bu gün Azərbaycan Həmkarlar
İttifaqları vətəndaş cəmiyyətinin əsas
institutlarından biri olmaqla, cəmiyyətdə öz yerinin və
rolunun möhkəmləndirilməsi üçün real
yollar axtarıb tapır. Sosial ədalət prinsiplərinə
əməl edilməsi, bazar iqtisadiyyatı şəraitində
işçilərin əmək hüquqlarının
qorunması, işəgötürənlə işçilər
arasında münasibətlərin tənzimlənməsi
istiqamətində məqsədyönlü tədbirlər həyata
keçirir.
- Həmkarlar ittifaqları
respublikamızın ictimai həyatında mühüm rol
oynamaqla əmək hüquqlarının qorunmasında da vacib
bir təsisatdır. İnsanların əmək
hüquqlarının pozulması hallarının aradan
qaldırılması istiqamətində nə kimi işlər
görülür?
- Həmkarlar
ittifaqlarının fəaliyyətinin mühüm hissəsini
təşkil edən məsələlər sırasında
işçilərin əmək hüquqlarının
müdafiəsinin həyata keçirilməsidir. Təkcə
2010-cu ildə Azərbaycan Həmkarlar İttifaqlarına
ümumilikdə daxil olan 158627 ərizə-şikayətin 98,5
faizi işçilərin mənafelərinə uyğun olaraq,
öz müsbət həllini tapmışdır. Rəhbər
işçilər tərəfindən 17854 nəfər qəbul
edilmişdir. Qanunsuz olaraq işdən kənarlaşdırılmış
102 nəfər işçinin hüquqları həmkarlar
ittifaqının müdaxiləsindən sonra bərpa
edilmişdir. 10 nəfər işçinin hüquqları isə
həmkarlar ittifaqının nümayəndələrinin
iştirakı ilə keçirilən məhkəmələrdə
bərpa olunmuşdur. İl ərzində işəgötürənlərin
həmkarlar ittifaqlarına müraciət etmələrinə
baxmayaraq həmkarlar ittifaqları tərəfindən 452 nəfərin
işdən çıxarılmasına razılıq verilməmişdir.
Həmkarlar ittifaqlarının bu cür prinsipiallıq və
obyektivlik göstərmələri, qərəzsiz olmaları
onlara inamı artırır. Bəzi işəgötürənlərin
müqavimət göstərmələrinə baxmayaraq, həmkarlar
ittifaqlarının bacarığı və fəallığı
sayəsində ötən il işəgötürənlərlə
11890 kollektiv araksında müqavilə və 130 saziş
bağlanmışdır.
Azərbaycan Həmkarlar
İttifaqları respublikamızın ictimai həyatında
mühüm rol oynamaqla iqtisadiyyatın və cəmiyyətin
demokratik dəyərlərinin inkişafı sahəsində
qarşıda duran vəzifələri yerinə yetirir,
qloballaşmanın dərinləşməsi şəraitində
dünya həmkarlar ittifaqları ilə əməkdaşlığı
genişləndirir. Əhalinin sosial-iqtisadi və məşğulluq
problemlərinin həlli üçün hökumətlə
sıx əməkdaşlıq edir, cəmiyyətdə
mövqeyinin güclənməsinə çalışır.
26 sahə həmkarlar ittifaqını, 18 minədək ilk təşkilatı
öz ətrafında birləşdirən AHİK və onun
üzv təşkilatları qanunvericiliklə onlara həvalə
edilmiş hüquq və səlahiyyətlərinin yerinə
yetirilməsində uğurlu addımlar atırlar.
Bütün bunların sayəsində respublikada həmkarlar
ittifaqı hərəkatı xeyli dərəcədə
möhkəmlənmiş, həmrəyliyi artmış və
fəallaşmışdır.
- Səttar müəllim,
AHİK-in beynəlxalq əməkdaşlığı
hansı səviyyədədir?
- AHİK Beynəlxalq Əmək
Təşkilatının və Beynəlxalq Həmkarlar
İttifaqları Konfederasiyasının, Ümum Həmkarlar
İttifaqları Konfederasiyasının üzvüdür. 37
xarici ölkənin 42 həmkarlar ittifaqı mərkəzi ilə
əlaqələr yaratmış, müntəzəm olaraq
işgüzar görüşlər keçirir, beynəlxalq
həmkarlar ittifaqları hərəkatının bərabərhüquqlu
üzvü kimi, dünya həmkarlar ittifaqı hərəkatı
ilə sülh, demokratiya, insan hüquqları və sosial tərəqqi
uğrunda mübarizədə həmrəylik göstərərək
əməkdaşlıq edir.
Son vaxtlar bu sahədəki
nailiyyətlərimizi daha da artırmağa
çalışırıq. Belə ki, AHİK Rusiya Müstəqil
Həmkarlar İttifaqları Federasiyası, Sverdlovsk Vilayətinin
Həmkarlar İttifaqı Federasiyası və Gürcüstan
Həmkarlar İttifaqları Birliyi ilə əməkdaşlıq
haqqında müqavilə imzalamışdır. Bu müqavilələr
bir daha səmərəli əməkdaşlığımıza
imkan yaratmaqla ikitərəfli münasibətlərin
inkişafına öz töhfəsini verəcəkdir. Əməkdaşlıq
müqavilələrin bağlanması Rusiya, Ukrayna,
Qazaxıstan və Türkiyə həmkarlar ittifaqları mərkəzləri
ilə də davam etdiriləcəkdir.
- Bildiyimiz kimi, Azərbaycanda
kurort sahəsinin inkişafı ilə bağlı Dövlət
proqramı qəbul olunub, eləcə də, bu istiqamətdə
qanunvericilik bazası gücləndirilib. Atılan bu
addımlar praktikada özünü necə göstərir?
- Respublika əhalisinin
sağlamlığının qorunması və istirahətlərinin
təşkili məsələlərinin həlli istiqamətində
həmkarlar ittifaqları ardıcıl olaraq iş aparır.
Dövlətimiz onun gördüyü işləri daim
yüksək qiymətləndirir, bu istiqamətdə həmkarlar
tərəfindən irəli sürülən təklifləri
qəbul və müdafiə edir. İşçilərin və
onların ailə üzvlərinin məişət və
istirahətinin təşkilinə, sağlam həyat tərzi
sürmələri üçün şərait yaradılmasına
xüsusi önəm verən Azərbaycan həmkarlar
ittifaqları bu məqsədlə onların
sağlamlığının qorunması və istirahətinin
təşkili sahəsində ciddi tədbirlər və
islahatlar həyata keçirir. Onların
sağlamlığını daim nəzarətdə saxlamaq
üçün monitorinqlər keçirilir, üçtərəfli
baş, ərazi, sahə müqavilələri imzalanır,
istehsalat zədələrinin və peşə xəstəliklərinin
azalmasına və profilaktikasına yönəldilmiş
proqramlar işlənib hazırlanır.
“Azərbaycan
Respublikasında kurortların 2009-2018-ci illərdə
inkişafı üzrə Dövlət Proqramının təsdiq
olunması barədə” Azərbaycan Respublikası Prezidentinin
6 fevral 2009-cu il tarixli Sərəncamından sonra sanatoriyalar və
istirahət evlərində yenidənqurma işləri daha da
sürətləndirilmişdir.
AHİK-in “Kurort” Səhmdar Cəmiyyəti
müalicəyə və istirahətə gələnlərin
normal müalicə və istirahətini təşkil etmək
məqsədilə hər il daxili imkanları hesabına yenidənqurma
və əsaslı təmir işləri aparır. Müalicə
korpusları təmir olunur, abadlaşdırma,
yaşıllaşdırma işləri görülür,
vanna şöbələri, idman meydançaları tələbata
uyğun olaraq yenidən qurulur.
“Bilgəh”, “Abşeron”,
“Günəşli” və “Qaranquş” sanatoriyalarında əsaslı
təmir və yenidənqurma işləri aparılmış
müasir tələblərə cavab verən lyuks tipli yataq
kotecləri və otaqları istifadəyə verilmişdir.
Bununla belə Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının “Kurort” Səhmdar Cəmiyyəti
əməkçilərin sağlamlığının
qorunması və mühafizəsi üçün
bütün daxili imkanlarını səfərbər etmiş
və cəmiyyətin xidmətində olan müxtəlif
profilli sanatoriyaların hamısında müalicəyə gələnlərin
rahatlığını təmin etmək məqsədilə
hər cür şərait yaratmışdır. Hal-hazırda
həmkarlar ittifaqlarının 1 kurort birliyi, 5 sanatoriya, 1
müalicə pansionatı və istirahət evi fəaliyyət
göstərir. Bu müəssisələrin 12600
çarpayı fondundan yalnız 2250-si sanatoriya-kurort müalicəsi
və istirahəti üçün istifadə edilir. Bunun bir səbəbi
orada qaçqınların məskunlaşması,
çarpayı fondunun bir hissəsinin işğal olunmuş ərazilərdə
qalmasıdırsa, bir hissəsi də texniki cəhətdən
istismara yararsız olduğuna görə konservasiya edilməsidir.
Qarabağ münaqişəsi nəticəsində
qaçqın düşmüş soydaşlarımıza
kömək məqsədilə sanatoriyalarımızın əksəriyyəti
onların ixtiyarına verilmişdir. Hazırda
sanatoriyaların 70%-də 8500-ə yaxın qaçqın və
məcburi köçkün yaşayır. Didərgin
soydaşlarımıza göstərilən kommunal, səhiyyə
və digər xidmətlərin xərci əsasən həmkarlar
ittifaqları fondlarının hesabına ödənilir.
- Belə olan halda, AHİK
öz imkanları hesabına istirahət mərkəzləri
tikib istifadəyə verə bilirmi?
- Bəli, AHİK-in üzv təşkilatları
öz vəsaitləri hesabına tikdirdikləri istirahət
ocaqlarında da ittifaq üzvlərinin istirahətini təşkil
edirlər. Rabitə İşçiləri Müstəqil Həmkarlar
İttifaqının Nabran istirahət zonasında tikib istifadəyə
verdiyi istirahət ocağında ildə 300 nəfər, Dəmiryolçuların
Müstəqil Həmkarlar İttifaqının “Lokomotiv”
istirahət mərkəzində isə 420 nəfər dincəlir.
Bundan əlavə, Dövlət İdarələri və
İctimai Xidmət İşçiləri Həmkarlar
İttifaqı 3 ha sahədə istirahət zonasının
tikintisinin bir hissəsi yekunlaşdırılmış və
dövlət qulluqçularının istifadəsinə
verilmişdir. Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqının 260 yerlik istirahət ocağının
2012-ci ildə təhvil verilməsi nəzərdə
tutulmuşdur.
İşçilərin
övladlarının istirahətinin təşkili də diqqətdə
saxlanılır. Onların təhsili,
sağlamlığı, önəmli olduğu qədər
istirahətləri də vacib şərtlərdən biridir.
AHİK-in nəzdində uşaqlar üçün 4 uşaq
sağlamlıq düşərgəsi fəaliyyət göstərir.
Nabranda və Şüvəlanda Təhsil İşçiləri
Azad HİRK, “Xidmət-İş” Hİ Federasiyası və
Milli Elmlər Akademiyası Azad Hİ təşkilatları tərəfindən
təşkil olunmuş düşərgələrdə hər
il 2 mindən çox uşaq istirahət etmişdir.
Düşərgələrin maliyyələşmə xidmətlərinin
50 faizi Dövlət Sosial Müdafiə Fondunun, qalan hissəsi
isə müəssisələrin və onların həmkarlar
ittifaqı komitələrinin vəsaiti hesabına
aparılır.
- Səttar müəllim,
görülən işlər nəticəsində Azərbaycan
cəmiyyətində həmkarlar ittifaqlarının nüfuzu
getdikcə artmaqdadır. Həmkarlar ittifaqlarında ölkəmizin
aparıcı qüvvəsi olan on minlərlə gənc də
birləşib. Ümumiyyətlə, bu mənada cəmiyyətin
bu təşkilata etimadını şərtləndirən
amillər nədən ibarətdir?
- Azərbaycan Həmkarlar
İttifaqlarının işçilərin
sağlamlıqlarının qorunması, onların istirahət
və müalicələrinin təmin edilməsi sahəsində
apardıqları iş respublika rəhbərliyi tərəfindən
layiqincə qiymətləndirilmişdir. Azərbaycan Turizm və
Ekskursiyalar üzrə Respublika Şurasının 70, kurort sahəsinin
60 illiyi münasibətilə 30 nəfər həmkarlar
ittifaqı fəallarının respublikanın orden, medal və
fəxri adları ilə təltif edilməsi haqqında
Prezident İlham Əliyevin imzaladığı sərəncam
və fərmanlar onun respublika həmkarlar ittifaqlarının
bu sahədəki fəaliyyətinə verdiyi ən
yaxşı qiymətdir.
1 milyon 600 min nəfəri özündə birləşdirən, böyük gücə və nüfuza malik olan Azərbaycan Həmkarlar İttifaqları bütün qüvvələrini işçilərin sosial müdafiəsi, o cümlədən, işçilərin sağlamlığının qorunması və istirahətinin təşkili məsələlərinin ədalətli həllinə yönəldir, qarşısında duran vəzifələrin öhdəsindən ləyaqətlə gəlməyə səy göstərir.
Ən önəmli vəzifələrdən biri də hazırda həmkarlar ittifaqı sıralarında cəmləşən gənclərimizin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atmaqdır. Bu məqsədlə həmkarlar ittifaqlarının bütün vəsilələrinin imkanlarından maksimum istifadə edərək, gənclərin problemlərinin həllinə çalışırıq. Bu gün 306.532 nəfər gənc həmkarlar ittifaqlarında birləşir. Onlardan 865 nəfəri həmkarlar ittifaqı komitələrinə rəhbərlik edir. AHİK-in və üzv təşkilatlarının Gənclər Şuraları fəaliyyət göstərirlər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu yaxınlarda imzaladığı “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı haqda Sərəncam həmkarlar ittifaqı üzvü olan gənclərimizin də qarşısında yeni imkanlar açmışdır. Məhz bu proqramın məqsədini və əhəmiyyətini gənclərlə birlikdə müzakirə etmək üçün 16 may 2011-ci il tarixdə AHİK-də yüzlərlə gəncin iştirakı ilə görüş keçirilmişdir. Həmin tədbirdə gənclərin irəli sürdükləri təklifləri, rəyləri nəzərə alaraq konkret tədbirlər görüləcəkdir.
Müasir Azərbaycan cəmiyyətində həmkarlar ittifaqlarının nüfuzunun getdikcə artması, əhalinin sosial-iqtisadi problemlərinin həlli sahəsində həyata keçirilən bütün tədbirlər Azərbaycan Həmkarlar İttifaqlarına göstərilən böyük inam və etimadın bariz nümunəsidir.
Azərbaycanda aparılan çoxşaxəli siyasətin ali məqsədi Azərbaycanın hər bir vətəndaşı üçün layiqli və firavan həyat tərzinin təmin olunması, ölkəmizdə azad və demokratik cəmiyyətin qurulmasıdır. Ölkədə hər bir vətəndaşın mənafeyinə hesablanmış sosialyönümlü islahatlar layiqli həyat səviyyəsinin təmin olunmasına xidmət edir.
Yeni Azərbaycan.- 2011.- 24 may.- S.4.