Müasir Azərbaycan milli ideyanın təcəssümü kimi

 

Ad augusta per angusta (lat.) - Zirvəyə aparan yol çətin olur

 

Azərbaycan Prezidenti İlham Əliyev 2011-ci il mayın 10-da “Buta” sarayında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə təntənəli mərasimdəki nitqində deyib: “Bu gün Azərbaycan dinamik inkişaf edən, öz ehtiyaclarını özü ödəyən müasir ölkədir. Bizim siyasətimiz çox açıqdır, aydındır. Güclü iqtisadi təməl üzərində müasir siyasi sistemin formalaşdırılması, dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi, azərbaycançılıq ideologiyasının gücləndirilməsi məsələləri bizim üçün prioritet məsələlərdir... Biz müstəqilliyi bərpa etmişik, qoruyub saxlaya bilmişik. Bu gün müstəqilliyi möhkəmləndiririk. Müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük nemətdir, ən böyük dəyərdir”.

(“Azərbaycan” qəzeti, 12 may 2011-ci il).

Məqalənin mövzusunun açılmasında bu fikirlər əsas rol oynayır.

SSRİ-nin süqutu ərəfəsində 1991-ci il oktyabrın 18-də Azərbaycan müstəqilliyini yenidən bərpa edib. Hər bir xalqın tarixində 20 il o qədər də böyük müddət deyildir. Lakin Azərbaycan üçün bu illər ciddi sınaqlar dövrü idi: o, müstəqil dövlət kimi yaşaya biləcəkdimi?! Zaman göstərdi ki, Azərbaycan xalqının milli ruhu sönməmişdi, əgər bu millətin layiqli lideri, dünya miqyaslı dövlət xadimi olarsa, o, istənilən çətinlikləri dəf edə bilər.

Bu illər ərzində həll edilən məsələlərin xarakterini əvvəlki illərlə əsla müqayisə etmək olmaz. XIX əsrdə və XX əsrin əvvəllərində azərbaycanlıların bir neçə nəslinin həyata keçirmək uğrunda mübarizə apardığı milli ideya özünün həqiqi təcəssümünü məhz müstəqil Azərbaycanın mövcud olduğu bu 20 ildə tapıb.

İranla müharibə nəticəsində 1828-ci ildən Rusiya imperiyasının tərkib hissəsinə çevrilmiş Şimali Azərbaycanda XIX əsrin ikinci yarısından etibarən dini identiklikdən Azərbaycan milli ideyasının formalaşmasının başlanğıcı olan etnik identikliyə keçid ideyası bu məkanda ideya axtarışlarının mərkəzində dayanırdı. Bu dövrdə ən ümdə məqsəd etnik şüurun dini şüurdan ayrılması ideyası idi. XIX əsrin A.A.Bakıxanov, M.F.Axundzadə, Mirzə Kazımbəy kimi mütəfəkkirləri bu yöndə çalışırdılar.

Milli məsələ XX əsrin əvvəlində Azərbaycan cəmiyyətində xeyli aktuallaşmışdı və bunun da ciddi səbəbləri vardı. Həmin dövrdə Azərbaycan sənaye cəmiyyəti yaradılması yoluna qədəm qoymuş və ümmənin (müsəlman icmasının) etnik-mədəni millət mərhələsinə transformasiyası prosesi başlanmışdı. O dövrün Azərbaycan ziyalılarının milli problemləri nə səviyyədə başa düşmələrini bizim yazıçıların, publisistlərin, şairlərin, ictimai xadimlərin əsərlərində görmək olar.

Azərbaycanda inqilabaqədərki milli təfəkkür əvvəlcə türkçülük və etnik millətçilik ideologiyası kimi inkişaf edirdi. Bu, həmin ideyanın transformasiyası üçün mühüm və zəruri platforma idi, çünki çox böyük bir regionun türkdilli əhalisinin tarixi və mədəni yaddaşına əsaslanırdı. Bu ideologiya öz milli hüquqlarının müdafiəsi işində bütün türkdilli xalqların birliyi və həmrəyliyini, ayrıca türk (Azərbaycan) millətinin, perspektivdə isə dövlətinin yaranmasını təmin etməli idi.

Sonrakı dövrdə bizim mütəfəkkirlər milli identiklik ideyasını irəli sürməyə başladılar. Bu ideya azərbaycançılıq ideologiyasının formalaşmasına keçidi nəzərdə tuturdu, onun növbəti hədəfi isə milli ideya idi. Azərbaycanda genişlənən kəskin siyasi mübarizə milli ideyanı öz məntiqi sonluğuna - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxardı. Bu, bizim böyük əcdadlarımızın fəaliyyətinin kvintessensiyası idi.

Əlbəttə, bütün bu məqsədlər formalaşmaqda olan Azərbaycan cəmiyyətində çox böyük izahat işi aparmağı tələb edirdi. Ziyalıların görkəmli nümayəndələri öz intellektini bu məsələlərin həllinə sərf etməli, cəsarət və məsuliyyət nümayiş etdirməli idilər. Əhalini böyük dəyişikliklərə hazırlamaq, insanların tarixi və mənəvi dəyərləri dərk etməsi, onlarda etnik mənlik şüuru oyatmaq üçün vaxt lazım idi. Bütün bu işlər çarizm tərəfindən müqavimətlə, onun Cənubi Qafqaz müsəlmanlarına tətbiq etdiyi məhdudiyyətlərlə üzləşirdi. Əhali onun üçün ənənəvi olmayan etimadsızlıq, şübhəlilik, bəlkə də düşmənçilik şəraitində yaşayırdı.

Üstündən neçə-neçə onilliklər keçəndən sonra soydaşlarımızın həyatının həmin dövrünü dərindən düşünəndə anlamağa başlayırsan ki, onlar nə qədər hüquqsuz, təhqiramiz şəraitdə yaşayıblar. Yeri gəlmişkən deyək ki, sovet hakimiyyəti dövründə də Kremldə azərbaycanlılara qarşı etimadsızlıq olub. Bunu mən öz şəxsi həyat təcrübəmə və Azərbaycan Kommunist Partiyasının rəhbərlərindən biri kimi iş təcrübəmə əsasən deyirəm. Əgər bu gün xalqımız mövcuddursa və çoxları üçün nümunədirsə, bu, yalnız və yalnız onun daxili insan resursları və istedadı sayəsindədir.

XX əsrin əvvəlində o dövr üçün az-çox bitkin məzmun kəsb etmiş Azərbaycan milli ideyası və birləşdirici ideologiya kimi “azərbaycançılıq” milli ruhu və milli-mədəni yüksəlişin mexanizmlərini dirçəltmək, o cümlədən xalqı öz tarixi torpaqlarından tədricən qovulmaqdan xilas etmək cəhdi idi. Bu ideyanın reallaşdırılması xalqın öz milli muxtariyyətini, sonradan isə suveren, müstəqil dövlətini yaratmasını nəzərdə tuturdu.

1918-ci ilin mayında Azərbaycan dövlətinin yaradılması Azərbaycan xalqının milli mənlik şüurunun formalaşması prosesinin obyektiv yekunu oldu. M.Ə.Rəsulzadə 1952-ci ildə Münxendə çıxan “Qafqaz” jurnalında yazırdı: “Böyük dövlətlər Azərbaycanı 1920-ci il yanvarın 12-də tanımışlar. Bu, artıq gerçəkləşmiş milli ideyanın təntənəsi günü idi. O vaxtdan Azərbaycan müstəqil dövlət kimi beynəlxalq ailəyə daxil olmuşdur”.

Azərbaycan milli ideyası prioritetlərin müəyyən edilməsində uzun bir yol keçib. Bu müddətdə əvvəlcə dini tərkib hissə yaranıb, sonradan o, tədricən milli mənlik şüurunun mədəni-tarixi paradiqmasına - türkçülüyə transformasiya edib.

XIX-XX əsrlərdə Azərbaycanda ictimai fikrin təkamülü milli inkişafın “türkləşmə, islamlaşma, avropalaşma” prioritetlərini əks etdirən formulu yaradıb. Bu gün məhz həmin ideyalar Azərbaycanın Dövlət bayrağının üç rəngində təcəssüm olunur.

XIX-XX əsrlərin tarixi zaman kəsiyində C.Məmmədquluzadə, M.Ə.Sabir, Y.V.Çəmənzəminli, Ə.Topçubaşov, Ə.Ağayev, Ə.Hüseynzadə, H.Zərdabi, F.Xoyski, M.Ə.Rəsulzadə və digər milli klassiklər və görkəmli maarifçilər azərbaycanlıların milli mənlik şüurunun oyanışında başlıca rol oynayıblar.

Onlardan bəziləri həm də müstəqil Azərbaycan dövlətinin yaradılmasının təməlini qoyublar. Göstərilən dövr azərbaycanlıların tarixində həmişə bu insanların adları ilə bağlı olacaq. Bununla belə, tarix sübut edib ki, nəzəri fikrin formalaşdırılması onun tərkib hissələrinin əməli şəkildə həyata keçirilməsi qədər məsuliyyətli işdir. Təəssüf ki, bir sıra obyektiv və subyektiv daxili və xarici səbəblər üzündən birinci Azərbaycan Respublikasının liderləri dövlətçiliyimizin uzunmüddətliliyinə nail ola bilmədilər. Nəticədə keçən əsrin 90-cı illərinin əvvəlində Sovet İttifaqı dağılana qədər müstəqillik ideyaları boğuldu. SSRİ-nin dağılması ilə Azərbaycan xalqı milli ideyanın həyata keçirilməsi - müstəqil milli dövlətçiliyin qurulması üçün daha bir tarixi şans əldə etdi. Lakin 1990-cı illərin əvvəlində həm Azərbaycanın daxilində, həm də qlobal geosiyasi kontekstdə cərəyan edən ictimai-siyasi proseslər, regiondakı qüvvələr nisbəti, üstəlik, həmin dövrdə hakimiyyətdə olmuş şəxslərin siyasi baxımdan qeyri-yetkinliyi, millətin və dövlətin inkişafının strateji prioritetlərini lazımınca təsəvvür etməmələri bu vəzifənin tam şəkildə yerinə yetirilməsini təhlükə qarşısında qoymuşdu. XX əsrin əvvəlində qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ibrət götürülməmiş mənfi dərslərinin təkrarlanması təhlükəsi 1993-cü ildə özünü aşkar şəkildə göstərməyə başlamışdı.

Mənfi ictimai-siyasi proseslərin gedişi təkidlə tələb edirdi ki, Azərbaycanı tamamilə dağılmaq və ya parçalanmaq təhlükəsindən yalnız sözün həqiqi mənasında tarixi miqyaslı, həm Azərbaycan millətinə xas olan mühüm dəyərlərin müəyyən toplusunun təcəssümü rolunda, həm də qeyri-standart siyasi qərarların güclü və iradəli mənbəyi rolunda çıxış etməyə qadir olan şəxsiyyət xilas edə bilər. Yalnız böyük dövlət xadimi milləti xilas edə, onun ideyasını həyata keçirə bilər.

Fəlsəfə elmində çoxdan təsdiqlənib ki, milli ideya cəmiyyətin həyatında, siyasi praktikada mühüm rol oynayır. Ona görə də, hər bir millətin öz milli ideyası olmalıdır, əks halda həmin millətin yaşamağa haqqı yoxdur. Filosoflar milli ideyanı xalqın taleyini, onun vəzifəsini ifadə edən və taleyüklü məsələlərin həlli üçün milli enerjini səfərbər edən inteqrativ milli mənlik şüuru konsepsiyası adlandırırlar.

Milli ideya bir insanın ixtirası deyil, o, xalqın şüurunun dərinliklərindən qaynaqlanır və konkret tarixi məqamda sosial reallıq onu dəstəkləyir. Çoxmillətli dövlətdə ərazi bütövlüyünü qoruyub saxlamaq üçün milli ideya dilindən, etnik mənsubiyyətindən və dinindən asılı olmayaraq, ölkənin bütün əhalisinin maraqlarını nəzərə almalıdır. Milli ideya cəmiyyətin inkişafının ümumi məqsədi və strategiyasıdır.

Milli ideyanın mahiyyətinin məğzi nədən ibarətdir? Qeyd etmək lazımdır ki, milli ideya əvvəlcə milli şüurun oyanması, müstəqillik uğrunda mübarizə ilə şərtlənən əqli nəticə, ictimai ideya kimi yaranır. Dövlətçilik yaranıb təkamül etdikcə, ölkənin sosial-iqtisadi mövqeyi möhkəmləndikcə, mədəniyyət inkişaf etdikcə milli ideya tədricən milli maraqlarla, dövlətin beynəlxalq birlikdə rolunun elmi dərki ilə qovuşur. Bu şəraitdə milli ideya elmi cəhətdən əsaslandırılır və müvafiq ideologiyanın formalaşması üçün zəmin kimi çıxış edir.

Millətin indi və gələcəkdə salamatlığı, inkişafı və tərəqqisinin strategiyası kimi milli ideya milləti sıx birləşdirir, onu möhkəmləndirir, millətin vahid tam kimi fəaliyyət göstərməsinə şərait yaradır, bütövlükdə cəmiyyətin mənafelərini ifadə edən davranış qaydaları, qanunlar və digər mühüm ictimai-siyasi qaydalar formalaşdırmağa kömək edir. Milli ideya etnosun (millətin), onun bənzərsiz mədəniyyətinin, təkrarsız “Mən”inin qorunub saxlanmasına imkan yaradır.

Milli ideya mənəvi və rəmzi mənada müəyyən dəyərlər toplusu kimi çıxış edir. Bu halda formalaşması xalqın mənəvi seçimi ilə sıx bağlı olan milli ideyanın ən mühüm tərkib hissəsi və özəyi ərazinin və millətin yaradıcısı və qorunub saxlanmasının təminatçısının rəmzi kimi məhz millət və milli dövlət ideyası çıxış edir. Əgər milli ideya tarixi təcrübəyə, sosial-mədəni dəyərlərə və ənənələrə əsaslanmırsa, o, həyat qabiliyyətli ola bilməz.

Müasir mərhələdə Azərbaycan milli ideyasının leytmotivi Azərbaycanın müstəqil mahiyyət kimi dərk edilməsi olmalıdır. Bundan ötrü isə milli ideyanın özü şəxsi, ictimai və dövlət varlığının baza dəyərlərini ehtiva etməlidir. Ölkənin BMT tərəfindən tanınmış sərhədləri daxilində qorunub saxlanmasına yönəldilmiş Azərbaycan milli ideyasının və onun mahiyyətinin həyata keçirilməsi ərazi, əhali və idarəçilik kimi əsas xüsusiyyətlərə malik olan dövlətin ən mühüm vəzifəsidir. Azərbaycan xalqı məhz öz milli ideyasını müəyyən etmək yolu ilə millətə çevrilib.

Milli ideya və milli ideologiya anlayışlarını qarışdırmaq olmaz. Elmi ədəbiyyatda onların eyniləşdirilməsi hallarına tez-tez rast gəlmək olar. Hərçənd, məlum olduğu kimi, qərarlaşmış milli dövlətə bunların hər ikisi xasdır. Buna baxmayaraq, çox vaxt milli ideyanı səhvən ideologiya kimi təsnif edirlər. Halbuki onların funksiyaları müxtəlifdir: milli ideyanı strategiya kimi səciyyələndirmək olar, ideologiya isə ideyanın reallaşdırılmasına kömək edən taktikadır. İdeologiya milli ideyanın cəmiyyətdə yayılması metodları və vasitələridir. O, milli ideyanın daşıyıcısıdır. Reallıq dəyişir, onun təqdim edilməsinin metodları və formaları da dəyişməlidir.

Şəksiz təşkilatçılıq xüsusiyyəti olan ideologiya cəmiyyətin mənəvi həyatının ən mühüm strukturudur, lakin ondan yalnız milli məsələlərin həlli, milli ideyanın reallaşdırılması üçün zəruri mexanizm kimi istifadə etmək lazımdır. Nəzərə almaq lazımdır ki, milli birliyə xidmət edən ideologiya milli ruhun mənəvi meyarlarına uyğun olmalıdır. Lakin əgər milli şüura tətbiq edilmiş həqiqilik meyarı surroqat həqiqətlə əvəz edilirsə, onda hakimiyyət nüfuzunu itirir, milli dəstəkdən məhrum olur.

Dövlət ideoloji fəaliyyətlə məşğul olmağa, yəni konkret milli və dövlətçilik dəyərlərini dəstəkləməyə və təbliğ etməyə borcludur, eyni zamanda, başa düşməlidir ki, milli ideologiya milli ideyanı əvəz etməməlidir. İdeya həyata keçirilməsi nəzərdə tutulan, müəyyən nəticəyə gətirib çıxarmalı olan bir niyyət, yaxud “nəzəri sistemin əsasını təşkil edən məntiqi prinsipdir” (bax: Soçioloqiçeskiy ensiklopediçeskiy slovar. M. 1998, s. 94).

İdeologiya isə insanların gerçəkliyə və bir-birinə münasibətini dərk etməyə, qiymətləndirməyə imkan verən, müxtəlif sosial qrupların və cəmiyyətlərin mənafelərini ifadə edən baxışlar və ideyalar sistemidir.

Milli ideologiya bütün millətin mənafelərini ifadə etdikdə, onun həyatına, inkişaf vektoruna, ölkə əhalisinin əksəriyyətinin dünyabaxışının mühüm hissəsinə çevrildikdə öz məqsədini doğrulda bilər.

Son 20 ildəki siyasi inkişaf göstərib ki, Azərbaycan cəmiyyəti üçün təkcə milli ideya yetərli deyildir, ölkəyə milli maraqlara söykənən yeni, müasir siyasi ideologiya lazımdır.

Məhz bu səbəbdən müasir Azərbaycanın ideoloji konstruksiyasının mahiyyətinin müəyyən edilməsi çox aktual məsələdir. Artıq 18 ildir ki, “azərbaycançılıq” ideoloji konstruksiyası bu missiyanı gerçəklikdə öz üzərinə götürüb. Bu konstruksiya mühüm funksional keyfiyyətlərlə zəngindir. Onların mahiyyəti ölkəni mənəvi və fiziki cəhətdən zəiflətmək cəhdlərindən qorumaqdan, Azərbaycanı unitar, hüquqi və demokratik dövlət kimi möhkəmləndirmək və inkişaf etdirməkdən ibarətdir. Azərbaycançılıq ideologiyası elə bir mənəvi dəyərdir ki, o, müstəqil və öz yolu ilə gedən Azərbaycanı informasiya baxımından koqnitiv (idraki) sivilizasiyalar sırasına, yəni biliklərə əsaslanan və biliklər iqtisadiyyatı yaradan cəmiyyətə çevirəcək.

Milli ideyanın və azərbaycançılıq ideologiyasının reallaşdırılması yalnız o halda uğurlu hesab edilə bilər ki, onlar əhalinin sosial aktiv təbəqələrinin səfərbər edilməsi, inkişaf və modernləşdirmə strategiyası, ölkənin qarşısında duran məsələlərin həlli ətrafında hakimiyyətin xalq kütlələri ilə həmrəyliyinin təmin olunması vasitəsinə çevrilsin.

Xalqın milli mənlik şüurunun oyanması ilə milli ideyanın yaranması arasında çox böyük zaman kəsiyi var. Milli ideya qəti şəkildə yalnız millətin yaranması ilə formalaşır, yəni tam qərarlaşmış formaya düşür.

Bizim müasir Azərbaycan üçün milli ideya anlayışının məzmununu nə ilə dolğunlaşdırmaq barədə düşünməyimizə ehtiyac yoxdur. Strateji məqsədlər ölkənin Konstitusiyasında müəyyən edilib. Ona görə də, milli ideyanın maddiləşdirilməsi Azərbaycan Konstitusiyasının reallaşdırılması yolu ilə həyata keçirilir. 1995-ci ildə qəbul edilmiş Konstitusiya ölkənin bütün vətəndaşlarını birləşdirən ideyadır. Bütün insanları təkcə keçmiş haqqında xatirələr deyil, məhz Konstitusiya birlikdə saxlayır. Bu gün Azərbaycan Konstitusiyası Azərbaycan milli ideyasının rəsmi ifadəsidir.

Bəs, milli ideyanın və xalqın dəyər oriyentasiyalarının mahiyyəti nədən ibarətdir? Heç şübhəsiz, əsas dəyərlərdən biri məhz, dövlətçilikdir. Dövlətin ali dəyərləri isə müstəqillik, dövlət suverenliyi, habelə mədəniyyət, din və ənənə dəyərləridir. Milli ideya Azərbaycan cəmiyyətinin və dövlətinin həyatının əsas məqsədi və mənasıdır. XXI əsrdə Azərbaycan milli ideyasının əsas tərkib hissələri bunlardır: dövlətin, ərazi bütövlüyünün və müstəqilliyin qorunub saxlanması, iqtisadiyyatın hərtərəfli inkişafı, vətəndaşların firavanlığı (buraya bir sıra komponentlər daxildir), müasir təhsil standartları, mənəvi inkişaf, demokratiya, təhlükəsizlik və ondan irəli gələn tam bir sıra məsələlər.

Tarix sübut edib ki, dövlətin, cəmiyyətin və qlobal proseslərin inkişafını müəyyən edən başlıca amillərdən biri şəxsiyyət fenomenidir. Tarixi proseslərə obyektiv surətdə təsir göstərən bütün başqa amillər konkret ictimai-siyasi, geosiyasi, sosial-iqtisadi şəraitdən asılıdır. Şəxsiyyətin rolu isə prioritet kimi çıxış edir, çünki məhz konkret şəxsiyyət özünün fəaliyyəti və qəbul etdiyi qərarlarla xalqların, dövlətlərin tarixinə və dünya nizamına təsir göstərə bilər. Bəşəriyyətə ən qədim zamanlardan bəri çoxlu görkəmli insanlar, şəxsiyyətlər məlumdur, dünya tarixinin ayrı-ayrı dövrləri, bütöv epoxalar, millətlərin keçmişi və bu günü onların adı ilə bağlıdır. Bu tarixi şəxsiyyətlər öz əməlləri ilə xalqların həyatında o qədər dərin iz qoyurlar ki, millətin və dövlətin inkişafının həmin dövrü konkret görkəmli siyasi şəxsiyyətin ideyalarının təcəssümünün nəticəsi kimi onların adları ilə səciyyələndirilir.

Bir çox xalqların tarixi təcrübəsi milli tarixin böhranlı zaman kəsiyində məhz müəyyən şəxsiyyətin sayəsində ölkədə vəziyyətin necə dəyişməsinə, həyati əhəmiyyətli məqsədlərə nail olmaq üçün cəmiyyətin və onun ən yaxşı nümayəndələrinin sıx birləşməsinə dair parlaq misallarla zəngindir. Bu baxımdan nisbətən yaxın tarixdən misallar göstərmək olar: Mustafa Kamal Atatürk və 1920-ci illərdə müasir Türkiyə Cümhuriyyətinin yaradılması; Konrad Adenauer və müharibə nəticəsində dağıdılmış Almaniya Federativ Respublikasının 1950-ci illərdə bərpası; Şarl de Qoll və 1960-cı illərdəki narahat Fransa; Li Kuan Yu və 1965-ci ildə Sinqapurun yaranması; Franklin Ruzvelt və 1930-1940-cı illərdə ABŞ-ın timsalında dünya hegemonunun formalaşması.

Azərbaycan xalqının ən yeni tarixində belə bir şəxsiyyət Ümummilli lider Heydər Əliyev - sözün həqiqi mənasında millətin və dövlətçiliyin xilaskarı olan insan öz bəsirəti, təcrübəsi və işləri ilə indiyəqədərki bütün dəyərlər və siyasi oriyentirlər sisteminin fövqünə ucalmış şəxsiyyət olub. Heydər Əliyevin Onu tarixi şəxsiyyətlər sırasına çıxaran vətəndaş və siyasi hünəri müxtəlif təhdidlərə və təqiblərə rəğmən siyasətə qayıtmaq və Azərbaycanın taleyini öz əlinə almaq qətiyyətindən ibarət idi.

1991-ci ildə Azərbaycanın müstəqillik yoluna qədəm qoyması onun tarixində yeni səhifə açmaqla yanaşı, həm də o vaxt qarşıya çıxan məsələlərin təcili həll edilməsini kəskin zərurətə çevirmişdi. Lakin təəssüf ki, müstəqilliyin ilk illərində Azərbaycan dövlət quruculuğu ilə əlaqədar bütün təxirəsalınmaz məsələlərin - xarici təcavüzün dəf edilməsi, daxili siyasi vəziyyətin sabitləşdirilməsi, cəmiyyətin tam hərc-mərcliyə və vətəndaş müharibəsinə sürüklənməsinə yol verilməməsi, heç olmasa, minimum həyat qabiliyyətinə malik iqtisadiyyat yaradılması məsələlərinin az bir hissəsini də reallaşdıra bilməmişdi.

Ölkənin o vaxtkı rəhbərliyinin xüsusən xarici siyasət, müdafiə qabiliyyəti və iqtisadi islahatlar kimi sahələrdə diletant idarəçilik metodları və tam bacarıqsızlığı Azərbaycan cəmiyyətində daxili siyasi qarşıdurmanın kəskinləşməsini son həddə çatdırmış və separatçı meyillərin güclənməsi üçün zəmin yaratmışdı. Belə bir şəraitdə hər hansı uzunmüddətli məqsədlərə nail olmaq naminə millətin sıx birləşməsindən söhbət də gedə bilməzdi və ölkə rəhbərliyinin özü də həmin məqsədlərin nədən ibarət olduğunu aydın dərk edə bilmirdi. Bu uğursuz siyasət nəticəsində dövlət qurumları və ictimai təsisatlar tamamilə tənəzzülə uğramışdı. Ona görə də, 1988-ci ildən 1993-cü ilədək olan dövrü tam əminliklə qarışıqlıq, hakimiyyətsizlik və anarxiya dövrü adlandırmaq olar.

Tarixi miqyaslı şəxsiyyət olan Heydər Əliyev ölkədə yaranmış vəziyyəti hərtərəfli düşünülmüş şəkildə qiymətləndirərək, Azərbaycan dövlətinin varlığının özü üçün gərəkli təcili və həyati əhəmiyyətli məsələlərin - hakimiyyət boşluğunun aradan qaldırılması, separatçılıq təhlükəsinin və silahlı quldur dəstələrinin ləğv edilməsi, döyüş qabiliyyətli ordu yaradılması kimi məsələlərin həlli naminə bütün Azərbaycan cəmiyyətini sıx birləşdirə və səfərbər edə bildi.

Xarici dövlətlərin rəhbərləri, dünyanın tanınmış analitikləri birmənalı şəkildə etiraf edirlər ki, Heydər Əliyev XX əsrin ikinci yarısının - XXI əsrin əvvəlinin siyasi tarixində görkəmli siyasi xadim və dövlət xadimi kimi qalacaq. Çox böyük siyasi təcrübəsi, nadir xarizması, natiqlik qabiliyyəti və yüksək nüfuzu onu müasir siyasi xadimlər arasında kəskin şəkildə fərqləndirirdi. Onun məqsədi qabaqcıl Avropa standartlarına uyğun milli dövlət yaratmaq idi. Məhz o, Azərbaycan dövlətçiliyinin möhkəm təməlini qoydu, bununla da milli müstəqilliyin inkişaf vektoruna dönməzlik xarakteri verdi. Heydər Əliyev mürəkkəb geosiyasi dövrdə ölkəni vətəndaş qarşıdurması və dərəbəylik vəziyyətindən, dərin iqtisadi və siyasi böhrandan çıxarmağa, onu sabit inkişaf səviyyəsinə qaldırmağa nail oldu. Ölkənin xarici siyasi aləmdə təcrid olunmuş vəziyyətdən çıxarılması da onun xidmətidir. O, bütün dünyaya sübut etdi ki, Azərbaycan tərəqqi edən müasir dövlətə çevrilə bilər.

Heydər Əliyev bütün dövlət quruculuğu prosesinin həyata keçirilməsinin yeganə təminatçısı olub. Ötən əsrin 70-80-ci illərində uğurla həyata keçirilən səmərəli dövlətçilik, varislik və proqnozlaşdırıla bilən konsepsiya əsas götürüldü.

Azərbaycan xalqı çox güclü məna potensialı ilə dolğunlaşdırılan, cəmiyyətin daxilindəki ziddiyyətləri həll etməyə və davamlı inkişaf üçün zəmin yaratmağa qadir olan milli ideya əldə etdi.

 

Yeni paradiqma

 

Ad cogitandum et agendum homo natus est (lat.) - İnsan düşünmək və iş görmək üçün yaranmışdır

 

Heydər Əliyevin bütün parlaq həyatı mühüm tarixi hadisələrlə zəngin idi. Bütövlükdə isə o, siyasət korifeyi idi və özünün qaynar fəaliyyəti ilə qeyri-adi şəxsiyyət kimi müasir Azərbaycanın tarixində çox böyük rol oynayıb.

1993-2003-cü illəri əhatə edən on il ən müxtəlif təhdid və təhlükələrlə dolu idi, gənc respublikaya çox böyük təzyiqlər vardı. Heydər Əliyevin siyasi nüfuzu və onun vaxtında qəbul etdiyi qərarlar Azərbaycanı simasız dövlət vəziyyətinə yuvarlanmaq təhlükəsindən xilas etdi. Azərbaycan bu on ildə dövlətçiliyin bərqərar olması, demokratik keçid və konsolidasiya yolu qət edib, eyni zamanda, ölkədə genişmiqyaslı iqtisadi islahatlar aparılıb, siyasi sistem və sosial münasibətlər humanistləşib. Bu cür geniş əhatəli transformasiya sistemli xarakter daşıyır və subyektiv səpkili çoxsaylı maneələrə rəğmən həyata keçirilirdi.

Azərbaycanda dövlətçiliyin və milli şüurun, iqtisadiyyatın və sosial quruluşun, siyasi sistemin və identikliyin durğunluq və tənəzzül keçirdiyi həmin dövrdən təqribən 20 il ötəndən sonra cəsarətlə deyə bilərik ki, 1993-2003-cü illərdə Heydər Əliyevin on illik prezidentliyinin əsas uzunmüddətli hədəfləri aşağıdakılar olub:

- ölkədə son dərəcə zəruri olan ictimai-siyasi həyatın sabitləşdirilməsi, demokratik ənənələrin və təsisatların yaradılması və təkmilləşdirilməsi;

- dövlət aparatının möhkəmləndirilməsi və işlək dövlət idarəçilik təsisatlarının formalaşdırılması;

- cəmiyyətdə yeni davranış normaları və stereotiplərinin yaradılması, yeni - açıq və demokratik vətəndaşlıq mövqeyinin formalaşdırılması;

- 1994-cü ildən başlayaraq, Qarabağ cəbhəsində atəşkəs rejimi şəraitində iqtisadi inkişafın mühüm prioritetlərinin formalaşdırılması;

- müstəqil dövlətin neft strategiyasının yaradılması, - bunun təməli “Əsrin müqaviləsi”nin imzalanması ilə qoyulub, - əsas regional enerji aktoruna transformasiyanın başlanması;

- “Böyük İpək yolu” layihəsində fəal iştirak etməklə regional logistika mərkəzi kimi Azərbaycanın rolunun dəyişdirilməsi;

- tarazlaşdırılmış xarici siyasətin dövrə uyğunlaşdırılmış modelinin formalaşdırılması;

- müasir və döyüş qabiliyyətli ordunun yaradılması və s.

Heydər Əliyevin həm nəzəri səviyyədə, həm də praktikada həyata keçirdiyi norma və dəyərlərin məcmusu konsolidasiya edilmiş demokratiyanın həyat qabiliyyətli modelinə çevrilib. Heydər Əliyevin prezidentliyi dövründə ölkənin müasir inkişafı üçün möhkəm təməl qoyulmuş, Azərbaycanın yetkin dövlət kimi qəbul edilməsi təmin olunmuş, gələcəkdə müasir dünyaya sürətlə qovuşması üçün şərait yaradılmışdı. Ölkə inamla qəddini düzəltmiş, həm quruculuq fəaliyyəti, həm də dövlətçiliyin qorunub saxlanması və inkişaf etdirilməsi problemlərinin fəlsəfi baxımdan dərk olunması üçün imkan yaranmışdı. Azərbaycan cəmiyyətinin üzləşdiyi müasir təhdidlər və çətinliklər daha ciddi tələblər irəli sürür, XXI əsrin çağırışları nəzərə alınmaqla, sonrakı illərdə ölkəyə başçılıq edə biləcək şəxsiyyətin seçilməsinə daha böyük tarixi məsuliyyətlə yanaşmağı zəruri edirdi.

2003-cü ildə Azərbaycan öz tarixinin yeni mərhələsinə qədəm qoyub. Ölkə yuxarıda sadalanan istiqamətlərin hamısında nəzərəçarpacaq uğurlar qazanıb. Azərbaycan dövləti uzunmüddətli həyat qabiliyyətinə malik olduğunu, cəmiyyət isə tarixi prosesin növbəti mərhələsində iştirak etməyə hazır olduğunu nümayiş etdirib.

Müasir Azərbaycan Respublikasının müstəqilliyi həm adi vətəndaşlar, həm də qlobal miqyaslı ən mühüm güc mərkəzləri üçün aksioma çevrilib. Məhz, Heydər Əliyevə xas olan xarizma, uzaqgörənlik, iradi keyfiyyətlər, təcrübə, başqa sözlə desək, onun şəxsiyyəti göstərilən dövrdə bizim üçün sistem əhəmiyyətli “millət”, “dövlətçilik”, “idarəetmə sistemi”, “hakimiyyət”, “inkişaf etmiş iqtisadiyyat”, “mənəvi dirçəliş”, “liderlik”, “transformasiya”, “çoxvektorluluq” kimi dəyərlərin təşəkkülü və möhkəmlənməsində çox mühüm rol oynayıb.

Prezident İlham Əliyevin şəxsiyyəti ölkənin inkişafının 2003-cü ildə başlanmış növbəti mərhələsinin rəmzinə çevrilib. Dövlətçilik quruculuğu tarixi prosesinin məntiqi müasir dövrün çağırışlarını başa düşməyin keyfiyyətcə yeni səviyyəsinə keçməyi tələb edirdi. Bununla belə, sistem dəyərləri dəyişməz qalmalı idi. İlham Əliyev Azərbaycan milləti üçün hər iki tələbi təmin edən seçim oldu. Əgər bu seçimə Azərbaycan milləti və dövlətçiliyinin bütün tarixi təcrübəsi prizmasından nəzər salsaq, o, mahiyyət etibarilə reallıq olan tarixi dövlət layihəsinin legitimləşdirilməsi idi.

Müstəqil milli dövlətçiliyin və identikliyin qorunub saxlanmasını və eyni zamanda, dünya birliyinə inteqrasiya strategiyasını nəzərdə tutan milli ideyanın Prezident İlham Əliyev tərəfindən fəlsəfi baxımdan dərk edilməsi onun bütün əməli fəaliyyətində öz əksini tapır.

Böyük dövlət xadimi kimi İlham Əliyevin malik olduğu şəxsi keyfiyyətlər onu tarixi miqyaslı siyasətçi, millətin kollektiv tarixi təcrübəsini dövlət quruculuğu istiqamətinə yönəldən ali idarəçilik funksiyalarını yerinə yetirməyə sövq edir. Azərbaycan cəmiyyəti və dünya birliyi bu fenomeni 2003-cü ildən bu günə qədər müşahidə edə bilir.

Milli və dövlət müstəqilliyinin qorunub saxlanması, dünya birliyinə inteqrasiya indi azərbaycanlıların milli mənlik şüurunun tərkib hissəsinə çevrilib. Məhz, müstəqil Azərbaycan dövlətinə görə, onun hadisələrlə zəngin tarixinə görə qürur hissi, Azərbaycan millətinin dünya tarixinə öz töhfəsini verməyə hazır olması Heydər Əliyevi belə deməyə sövq etmişdi: “Mən fəxr edirəm ki, azərbaycanlıyam”.

Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində bu siyasi kateqoriyalar tarixi prosesin yeni mərhələsində yeni keyfiyyət məzmunu ilə dolğunlaşıb, milli mənlik şüurunun strukturunu möhkəmlədib, milli “Mən”də konkret və dəqiq forma kəsb edib.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev 2003-cü il oktyabrın 31-də andiçmə mərasimindəki nitqində Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycanın qazandığı bütün uğurlardan danışarkən, ilk növbədə, ölkə iqtisadiyyatının vəziyyətinin kökündən dəyişməsini vurğulayıb, 1993-2003-cü illərdə həyata keçirilmiş islahatların bütün spektrini, o vaxta qədər ölkəyə cəlb edilmiş investisiyaların ümumi həcminin 15 milyard dollar olmasını, bu proseslərdə ictimai-siyasi sabitliyin mühüm rol oynamasını xatırladıb. İlham Əliyev yeni vəzifədə elə ilk nitqində müasir Azərbaycanın ən mühüm probleminə - Dağlıq Qarabağın işğal edilməsinə yeni səpkidə münasibətini bildirib, dünya birliyini “ikili standartlardan” imtina etməyə çağırıb, dünyanın və regionun əsas aktorlarının təcavüzkara təzyiq göstərməkdə öz rollarını fəallaşdırmasının zəruriliyini vurğulayıb. Prezident İlham Əliyev öz mövqeyinin vektorunu göstərib: “Biz torpaqlarımızın işğal edilməsi ilə heç vaxt barışmayacağıq, Azərbaycan öz ərazilərini nəyin bahasına olursa-olsun, azad edəcək”.

Bu bəyanatlar Dağlıq Qarabağ üstündə Ermənistanla hərbi qarşıdurma şəraitində dövlətin inkişafının strateji konsepsiyasının, eləcə də, politoloji baxımdan adi “postsovet məkanından” inkişaf etməkdə olan azad dövlətə siyasi və iqtisadi keçid dövründə cəmiyyətin transformasiyasının əsasına çevrilib.

 

Sözlə əməl bir olanda

 

Concordia parvae res crescunt, discordia maximae dilabuntur (lat.) - Harmoniya olduqda ən kiçik də böyüyür, nizamsızlıqda isə böyük də yox olur

2003-cü ilə qədər Azərbaycanda hakim elitanın, cəmiyyətin fəal hissəsinin və geniş xalq təbəqələrinin təşəkkül tapmış həmrəyliyi daxili siyasətdə yanaşmalara dəyişikliklər olunmasını tələb edirdi. Müstəqillik illərində yaradılmış yeni dövlət təsisatları indi artıq onların fəaliyyətinin şəffaflığı və səmərəsinin artırılması istiqamətində təkmilləşdirilirdi. Bu, ilk növbədə, Azərbaycan cəmiyyətinin sosial və iqtisadi aspektlərinə aid idi, çünki Prezident İlham Əliyevin strateji baxışlarının reallaşdırılması ən əvvəl əhalinin maddi rifahının yaxşılaşması və yüksəlməsində, ölkənin hər bir vətəndaşının, - istər dövlət orqanlarında xidmət, istərsə də ictimai fəaliyyət və ya şəxsi təşəbbüsü olsun, - özünütəsdiqi üçün bütün imkanların açılmasında öz əksini tapmalı idi.

İlham Əliyev 2003-cü ildə dövlətə başçılıq etdiyi ilk günlərdən Azərbaycan iqtisadiyyatının həyat qabiliyyətli strukturunun təmin edilməsi üçün zəruri olan və idarəçiliyə cəlb edilmiş kadrların seçilməsi məsələsinə keyfiyyətcə yeni yanaşma tələb edən genişmiqyaslı infrastruktur layihələri irəli sürdü. Həmin məsələnin başa düşülməsi dünya birliyinə inteqrasiyanın strateji məqsədi ilə ahəngdar şəkildə uzlaşırdı. Sosial modernləşmə olmadan, ölkənin məmur və idarəçi elitasını “cavanlaşdırmadan”, həmin elitanı texnokratlar, bu və ya digər fəaliyyət sahəsində uğur rəmzinə çevrilmiş, müvafiq praktik iş təcrübəsinə malik insanlar hesabına genişləndirmədən bu məqsədə çatmaq mümkün olmazdı. Bununla bərabər, iqtidar başa düşürdü ki, regional miqyasda Azərbaycanın çox böyük təbii və yüksək insani resursları nəzərə alınmaqla, həmin istiqamətlərdə qazanılan uğurlar ölkəni regional lider səviyyəsinə ucaldacaq.

Modernləşmə müasir dövlətin zəruri funksiyalarından biridir. Azərbaycan innovasiya modernləşməsinin həyata keçirilməsində çox maraqlıdır. Bu halda həmin proseslər fəal sosial qrupların maksimum sayda nümayəndələrini əhatə edəcək. İnnovasiya modernləşməsi tipologiya baxımından inkişafın təkamül yoluna yaxındır, bu isə Azərbaycanın demokratik transformasiya strategiyasına uyğundur. Düşünürük ki, dəyişməkdə olan dünyada modernləşmə siyasətinin həyata keçirilməsi ölkədə keyfiyyət dəyişiklikləri üçün mühüm stimul olacaq.

Ona görə ki, Azərbaycan dövləti daha möhkəm olacaq, çünki o, yeni çağırışlara, postindustrial cəmiyyətə xas olan dinamik mühitdə yaşamağa daha yaxşı uyğunlaşdırılacaq. Eyni zamanda, modernləşmə ritorikasının ölkənin müvafiq inkişaf strategiyalarının bütünlükdə məzmununa və real sosial-iqtisadi proseslərin tərkib hissəsinə çevrilməsi vacibdir. Əks halda o, təbliğat proqramı kimi qalacaq ki, bu da insanları məyus edə bilər.

Prezident İlham Əliyev müasir cəmiyyətin, müasir infrastrukturun yaradılmasını və müasir insanın formalaşdırılmasını modernləşmə sahəsində ölkə qarşısında duran əsas vəzifələr kimi müəyyən edib. Eyni zamanda, onu da nəzərə almaq lazımdır ki, inkişaf və modernləşmə idarə edilən proseslərdir, onların təkcə lokomotivi deyil, həm də hərəkəti tənzimləmək üçün pedalları var.

Qərbin tanınmış siyasi filosofları bildirirlər ki, “qızıl milyard” ölkələri qeyri-Qərb dövlətlərinin modernləşməsinin uğurlu olmasında o qədər də maraqlı deyildir. Qərbi həmin ölkələrin iqtisadiyyatının yalnız ayrı-ayrı sahələrinin inkişafı qane edir. Çünki həmin sahələr bu və ya digər dərəcədə Qərbin maraqlarına xidmət edir. “Qızıl milyard” ölkələrinə inkişaf etmiş rəqiblər lazım deyildir. Onlar, bir qayda olaraq, ucqar ölkələrin istismarı hesabına fəaliyyət göstərir. Onlara həmin ölkələrin təbii ehtiyatları və insan resursları lazımdır.

Müasir qlobal çağırışlar və dünyada yaranmaqda olan yeni geosiyasi və geoiqtisadi struktur şəraitində Azərbaycan milli ideyasının və milli ideologiyasının həyata keçirilməsi o halda uğurla nəticələnəcək ki, bunlar yalnız milli strateji maraqlara əsaslanmış olsun.

Prezident İlham Əliyevin dövründə ölkənin seçdiyi dinamik sosial-iqtisadi inkişaf xətti üçün ən ciddi sınaq əvvəlcə Amerika iqtisadiyyatının ümumi axsaması fonunda ABŞ-ın ipoteka sistemində başlanmış böhranın doğurduğu 2008-2011-ci illərin dünya maliyyə böhranı oldu. Qeyd etmək yerinə düşər ki, əvvəlcə yalnız maliyyə sektorunu bürüyən böhran sonradan iqtisadiyyatın real sektoruna da keçmişdi. Fond və valyuta bazarlarında yaranmış problemlər qlobal iqtisadiyyatda struktur sarsıntılarına gətirib çıxarmış və xammal bazarlarında güclü dəyişkənliklə müşayiət olunmuşdu ki, bu da ayrı-ayrı ölkələrin və bütöv regionların milli iqtisadiyyatına son dərəcə mənfi təsir göstərmişdi. Əksəriyyətinin korporativ tarixi Avropanın bəzi dövlətlərinin yaşından çox olan ən iri beynəlxalq banklar, o cümlədən, Lehman Brothers, Fannie Mae, ING, Northern Rock və ABM Amro kimi nəhənglər müflisləşmə həddinə çatmışdı. 2011-ci ilin martına qədər Amerikanın 350-yə yaxın bankı müflisləşdiyini bildirmişdi. Citigroup, General Motors, AIG və General Electric də daxil olmaqla, ən iri şirkətlər on minlərlə əməkdaşı ixtisar etmək məcburiyyətində qalmışdı. Portuqaliya, Yunanıstan, İslandiya və bir sıra başqa ölkələr ciddi böhran dərəcəsinə çatmış və öz tərəfdaşlarından maliyyə yardımı istəməyə məcbur olmuşdu. Onlar böhranın nəticələrindən hələ də özlərinə gələ bilmirlər.

Maliyyə-iqtisadi böhran bir sıra dövlətlərin sosial siyasətinə də təsir göstərmişdi. Həmin ölkələr öz borclarını yüngülləşdirməyə çalışaraq, əhaliyə ödənilən sosial müavinətləri və pensiyaları azaltmağa məcbur olmuş, cəmiyyətin aztəminatlı təbəqələrinə kömək məqsədi ilə nəzərdə tutulan müxtəlif proqramlar kəskin şəkildə məhdudlaşdırılmışdı və s.

Hətta, bu gün, dünya iqtisadiyyatının tədricən özünə gəldiyi bir vaxtda da böhranın nəticələri hiss edilir. Onun nəticələri o qədər ciddidir ki, dünyanın bir sıra regionlarında sosial gərginliyə səbəb olur, dünya iqtisadiyyatında resursların qeyri-bərabər paylanması, ərzaq qıtlığı, siyasi qarşıdurmalar kimi xroniki hallar bunu daha da kəskinləşdirir. Bu isə öz növbəsində sosial-siyasi sabitliyin pozulmasına gətirib çıxarır və çox vaxt belə halların nə ilə nəticələnəcəyini proqnozlaşdırmaq mümkün olmur. Dünya təcrübəsi göstərir ki, iqtisadi zəiflik, xarici amillər qarşısında tab gətirməmək çox vaxt dövlətlərin suverenliyi və milli təhlükəsizliyi üçün təhlükəyə çevrilir. Nəticədə həmin dövlətlərin bundan sonra hansı istiqamətdə hərəkət etməli olması barədə öyüd-nəsihət verməyə cəhd göstərən çoxlu məsləhətçilər peyda olur və onlar bəzən bunu dövlətlərin daxili işlərinə qarışmaq niyyətlərini gizlətmədən edirlər.

Azərbaycan iqtisadiyyatı, ölkənin bank sistemi, real sektorun sistemyaradan müəssisələri dünya maliyyə böhranını sənaye cəhətdən inkişaf etmiş bir sıra ölkələrdə və yeni müstəqil dövlətlərdə olduğu dərəcədə hiss etməyib. Hətta, böhran dövründə Azərbaycan iqtisadiyyatının artım sürəti isə dünya ekspertləri arasında uğurlu strategiya nümunəsi kimi diskussiya mövzusuna çevrilib. 2008-2009-cu illərdə - böhranın ən şiddətli dövründə belə Azərbaycan iqtisadiyyatı 9 faiz artmışdı. Özü də ÜDM-in strukturunda istehsal sektorunun üstünlüyü qorunub saxlanmış, yəni iqtisadi artımın 64 faizi real sektorun, istehsal sahəsinin hesabına təmin edilmişdi. Qonşu Ermənistanda isə 2009-cu ilin yekunlarına görə, ÜDM-in həcmi dram ilə götürdükdə 14,4 faiz, dollar ifadəsində 30 faizdən çox aşağı düşmüşdü. Böhranlı 2009-cu ildə Gürcüstanda da ÜDM 3,9 faiz azalmışdı.

Hələ 2004-cü ilin əvvəlində qəbul edilmiş və sonrakı dörd ildə həyata keçirilmiş regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramı iqtisadi artım sürətinin saxlanmasında mühüm rol oynayıb. Proqram çərçivəsində qarşıya qoyulmuş bütün vəzifələr yerinə yetirildikdən sonra 2009-2013-cü illər üçün yeni proqram qəbul edilib və hazırda o da uğurla həyata keçirilir. Prezident İlham Əliyev Azərbaycan regionlarının sosial-iqtisadi inkişaf planlarının həyata keçirilməsi, habelə, nəzərdə tutulan işlərin yerinə yetirilməsinin gedişi ilə tanışlıq çərçivəsində, 2003-cü ildən 2011-ci ilin may ayına qədər respublikanın 58 rayon və şəhərinə 195 səfər edib. Təkcə bu fakt dövlət başçısının bölgələrin hərtərəfli və sürətli inkişafına dərin maraq göstərməsinə dəlalət edir.

2008-2009-cu illərdə dünya böhranının şiddətli vaxtında yaranmış çətinliklər Azərbaycanın xarici borclardan həddən çox asılı olan bir sıra kommersiya banklarına, o cümlədən, sistemyaradan banklara da müvəqqəti təsir göstərmişdi. Lakin tənzimləyici dövlət orqanlarının gördüyü səriştəli tədbirlər və müvafiq dövlət fondlarında ehtiyatların həcminin kifayət qədər olması sayəsində bu çətinliklər tezliklə aradan qaldırılmışdı. Bundan əlavə, Azərbaycan Mərkəzi Bankı 2003-cü ildən başlayaraq, ölkənin kommersiya banklarının kredit bazarında daha ehtiyatlı davranışına yönəlmiş bir sıra qabaqlayıcı tənzimləmə tədbirləri görmüşdü. Böhran ərəfəsində bankların çoxunda əcnəbi ekspertlərin iştirakı ilə yaradılmış və təkmilləşdirilən riskləri idarəetmə sistemləri mövcud idi, aktivlərin və kreditlərin təminatı kimi qəbul edilən girovların keyfiyyətinə dair tələblər sərtləşdirilmişdi.

Prezidentin strateji baxışları çərçivəsində qarşıya qoyulmuş iqtisadi xarakterli vəzifələr iqtisadiyyatın müxtəlif sahələrində mövcud istehsal güclərinin modernləşdirilməsini davam etdirməyə, müəyyən edilmiş müddətlərdə iqtisadiyyatın strukturunu şaxələndirməyə imkan verib. 2004-2011-ci illərdə ölkənin dövlət büdcəsinin mədaxil hissəsi 7,6 dəfə artıb. Həmin dövrdə ümumiyyətlə 900 minə yaxın iş yeri, o cümlədən, 700 min daimi iş yeri açılıb.

2010-cu ildə yerli banklar tərəfindən ölkə iqtisadiyyatına ayrılmış qısamüddətli kreditlərin məbləği 8,8 faiz artıb. Uzunmüddətli kreditlər üzrə isə bu göstərici 9,1 faiz idi. 2011-ci il fevralın 1-nə ölkənin bank sektorunun aktivlərinin ümumi həcmi 13 milyard manatdan çox idi. 2010-cu ildə fiziki şəxslərin ölkə banklarındakı depozitlərinin ümumi həcmi 29,7 faiz artaraq, ilin yekunlarına görə 3,3 milyard manat olub.

Azərbaycan Dövlət Neft Fondunun aktivləri 2011-ci il aprelin 1-nə 25,7 milyard manata çatıb. Həmin tarixdə Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları da maksimum məbləğə çataraq 6,7 milyard ABŞ dolları olub.

Onu da vurğulamaq lazımdır ki, qeyri-neft sektorunun inkişafı iqtisadi və sosial xarakterli başqa məsələlərin həlli üçün Azərbaycan Prezidenti tərəfindən qarşıya qoyulmuş strateji məqsədlərdən biri olub. Son 7 ildə ümumi daxili məhsul təxminən 3 dəfə artıb, hətta, 2008-2009-cu illərdə dünya maliyyə böhranının ən kəskin dövründə də öz dinamikasını saxlamışdı. Eyni zamanda, qeyri-neft sektorunun inkişaf sürəti bütövlükdə iqtisadiyyatın inkişaf sürətini xeyli qabaqlayırdı. Belə ki, 2010-cu ildə ölkədə ÜDM-in artımı 5 faiz olduğu halda, qeyri-neft sektorunda bu göstərici 7,9 faiz idi.

Uzunmüddətli perspektivdə neft-qaz ehtiyatlarının məhdud olacağını nəzərə alaraq, Azərbaycan iqtisadiyyatın şaxələndirilməsinə daha çox diqqət yetirir. Bu məqsədlə kiçik və orta sahibkarlığın dəstəklənməsinə yönəldilmiş geniş tədbirlər həyata keçirilir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kiçik və orta sahibkarlığın fəal kreditləşdirilməsi, o cümlədən, uzunmüddətli kreditlərin ayrılması özəl sektorun inkişafına güclü təkan verib. Bu gün Azərbaycan vətəndaşlarının, onun idarəçilik və işgüzar elitasının ən yaxşı nümayəndələrinin “uğur tarixlərinin” əksəriyyəti məhz özəl sektorda müşahidə olunur. Kreditlərin 80 faizinin regionlara verilməsi göstərir ki, iqtisadiyyatın təkcə sektorlar üzrə deyil, həm də respublikanın bölgələri üzrə şaxələndirilməsinin zəruriliyinə diqqət yetirilir.

Təkcə son bir ildə ölkədə beş mindən çox müəssisə açılıb. Həm də ölkə iqtisadiyyatına cəlb edilən investisiyaların həcmi saxlanılmaqla onların strukturunda müsbət dəyişikliklər baş verir - investisiyaların üçdə iki hissəsi Azərbaycanın öz kapitalı ilə təmin edilir.

Azərbaycanda aqrar sektorun inkişaf etdirilməsi üçün nadir təbii-iqlim şəraiti var. Lakin Prezidentin fikrincə, ölkəmiz özünün bu üstünlüyündən hələ yetərincə istifadə etmir. Dünyadakı 11 iqlim qurşağından 9-nun Azərbaycan ərazisində olması il boyu müxtəlif bitkiçilik məhsullarının yetişdirilməsi, eləcə də, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsal edilməsi üçün əlverişli şərait yaradır və biz bu imkanlardan bacarıqla istifadə etməliyik. Azərbaycan iqtisadiyyatının intensiv və dinamik inkişafı, maddi resursların artırılması ölkənin kənd təsərrüfatı qarşısında yeni imkanlar açıb. Bu yeni imkanlardan yetərincə və səmərəli istifadə edilməsi aqrar sektorda dövlət siyasətinin ən başlıca vəzifələrindən biridir.

Hazırda kənd təsərrüfatı milli iqtisadiyyatın ən mühüm sahəsidir. 1995-ci ildən etibarən Heydər Əliyevin təşəbbüsü ilə ölkədə radikal torpaq islahatlarına başlanmışdı. Hazırda aqrar istehsalda özəl sektorun payı 99,7 faizdir. Bu isə o deməkdir ki, aqrar sektor bazar münasibətləri əsasında inkişaf edir. Ölkə əhalisinin 47 faizi kəndlərdə yaşayır, məşğul əhalinin 39,7 faizi kənd təsərrüfatı sahəsində çalışır.

Müasir Azərbaycanın həm qida məhsullarına olan tələbatını daxili istehsal hesabına təmin etmək, həm də bəzi məhsul növlərini xarici ölkələrə ixrac etmək üçün bütün imkanları var. Həyat səviyyəsinin yaxşılaşması, vətəndaşların pul gəlirlərinin çoxalması adambaşına qida məhsullarına istehlakçı tələbatını yüksəldib ki, bu da öz növbəsində ölkədə ərzaq bazarını genişləndirməyə şərait yaradıb.

Ərzaq təhlükəsizliyini təmin etmək məqsədi ilə “2008-2015-ci illərdə əhalinin ərzaqla etibarlı təmin edilməsi üzrə Dövlət Proqramı”nın həyata keçirilməsinə başlanıb. Bu proqram ölkədə yoxsulluğun aradan qaldırılması və davamlı inkişafın təmin edilməsi, habelə regionların sosial-iqtisadi inkişafı üzrə əvvəlki dövlət proqramlarını uğurlu şəkildə tamamlayır, aqrar, regional-iqtisadi və sosial siyasətdən ibarət bir növ üçbucaq yaradır, uzun müddət üçün əhalinin həyat şəraitinin yaxşılaşdırılmasının möhkəm təməlini qoyur.

Aqrar sahədə sahibkarlıq fəaliyyətinin stimullaşdırılması nəticəsində 2010-cu ildə kənd təsərrüfatı müəssisələrinin sayı 2036-ya, sahibkarların sayı 2659-a, emal müəssisələrinin sayı isə 556-ya çatıb.

2009-cu ildən etibarən kənd təsərrüfatı məhsulları istehsalçıları torpaq vergisindən savayı, bütün başqa vergilərdən azad ediliblər. Bu siyasət 1999-cu ildən tətbiq olunur.

Rayonlarda və kəndlərdə sahibkarlığın dövlət tərəfindən təşviqi prosesi də davam edir. Sahibkarlığın İnkişafına Kömək Milli Fondu tərəfindən verilmiş kreditlərin çox hissəsi məhz aqrar sahəyə yönəldilib. Dövlət tərəfindən maliyyələşdirilən layihələrin 94 faizi məhz kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrini əhatə edir.

İqtidar yaxşı başa düşür ki, aqrar sahədə dövlət siyasəti daha çevik həyata keçirilməli və əlaqələndirilməli, bu sektorun kadr potensialı gücləndirilməli, institusional problemlər həll edilməlidir. Bu məsələlərin həllini təmin etmək üçün Prezident İlham Əliyev 2011-ci il mayın 3-də “Azərbaycanda aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmin inkişaf etdirilməsi ilə bağlı Xüsusi Komissiyanın yaradılması barədə” Sərəncam imzalayıb. Bu, aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsində və aqrar elmin yenidən təşkilində mühüm vəsilə olacaq.

2010-cu il bir də onunla əlamətdar olub ki, Azərbaycan təkcə neft ölkəsi deyil, həm də qaz ölkəsi statusunu növbəti dəfə təsdiqləyib. Təsdiq edilmiş ehtiyatlarının həcmi 200 milyard kubmetrə çatan “Ümid” qaz yatağı açılıb. Bu tarixi layihə Azərbaycanın Avropanın enerji təhlükəsizliyi aktoru statusuna transformasiyası şəraitində ölkənin geoiqtisadi əhəmiyyətini yeni səviyyəyə yüksəldir.

Prezident İlham Əliyev ölkənin daxili simasını dəyişməklə bərabər, həm də onun regional funksionallığını modifikasiya edib. Hazırda regional əhəmiyyətli şimal-cənub və şərq-qərb istiqamətində yollar çəkilir, Çindən Avropaya qədər geniş bir məkanı əlaqələndirəcək Bakı-Tbilisi-Qars dəmir yolu tikilir.

Bunlarla yanaşı, yeni lokomotivlər və qatarlar, təyyarələr, gəmilər və bərələr alınır, çünki, Azərbaycan ərazisindən keçməklə yükdaşımaların həcmi artmaqdadır. Bütün bu infrastruktur layihələrinin həyata keçirilməsi, Bakıda yeni aeroport kompleksinin və dəniz limanının tikilməsi şübhəsiz ki, Azərbaycanın bütün regionun mərkəzi nəqliyyat qovşağına və rəqabətədavamlı logistika mərkəzinə çevrilməsinə şərait yaradacaq.

Müasir Azərbaycanın iqtisadi siyasətindən və modernləşmə xəttindən danışarkən informasiya və kommunikasiya texnologiyaları sahəsinə toxunmamaq olmaz. Son üç ildə Azərbaycan bu sahənin inkişaf dinamikasına görə MDB ölkələri arasında liderlik edir. Belə ki, BMT-nin məruzəsinə görə, ölkələrin elektron hökumət yaradılmasındakı uğurlarını əks etdirən “United Nations e-Government Survey-2010” indeksi üzrə Azərbaycan dünyanın 192 ölkəsi arasında 83-cü yeri, “e-iştirak” indeksinə görə isə 157 ölkə arasında 68-ci yeri tutub.

Prezidentin müəyyən etdiyi strategiyaya görə, Azərbaycan yaxın 10-15 ildə informasiya-kommunikasiya texnologiyaları sahəsindən gələn gəlirlərin həcminin neft ixracından əldə edilən gəlirlərə çatdırılmasına nail olmağı planlaşdırır. Prezident hələ 2003-cü ildə Cenevrədə, informasiya cəmiyyəti qurulması problemlərinə həsr edilmiş dünya sammitindəki çıxışında dəqiq göstərib ki, Azərbaycanın əsas məqsədi özünün “qara qızıl”ını insan kapitalına çevirməkdir və bu işdə aparıcı rollardan biri informasiya texnologiyaları sahəsinə məxsusdur. İKT artıq bu gün öz həcminə və potensialına görə energetika sahəsindən sonra ikinci yeri tutur, lakin inkişafın perspektivləri və dinamikası baxımından bu sektor şəksiz liderdir. 2003-cü ildən bəri bu sahədə orta illik artım sürəti 30-32 faiz səviyyəsində olub, halbuki, dünya üzrə illik artım orta hesabla cəmi 10 faizdir. Yalnız böhranlı 2009-cu il istisna təşkil etmiş, həmin il artım dinamikası 13-14 faizə düşmüşdü. Son yeddi ildə İKT sektorunun həcmi 5 dəfə artıb və hazırda 1,5 milyard ABŞ dollarına yaxındır. Bu isə Azərbaycanda bütövlükdə ÜDM-in 1,9 faizinə və qeyri-neft sektorunda ÜDM-in 4,3 faizinə bərabərdir. Hər il büdcədən bu sahəyə ayrılan birbaşa investisiyalar 50-60 milyon dollardan çoxdur.

Ümumiyyətlə, son dörd ildə rabitə və informasiya texnologiyaları sahəsinə 600 milyon dollardan çox sərmayə qoyulub. Təkcə son beş ildə Azərbaycan bazarlarına və regiondakı digər bazarlara 500-dək yeni İT - şirkət çıxıb. Davos Dünya İqtisadi Forumunun “The Global İnformation Technology Report 2010-2011” hesabatında göstərilir ki, şəbəkə hazırlığının səviyyəsinə (The Network Readiness İndex) görə Azərbaycan dünyanın 138 ölkəsi arasında 70-ci yeri tutur.

Azərbaycan Prezidentinin müəyyən etdiyi strategiyaya görə, “Virtual zona” layihəsinin həyata keçirilməsi planlaşdırılır. Bu layihə çərçivəsində bütün ölkə bir növ “makrotexnopark”a çevriləcək. Layihə çərçivəsində güzəştlər konkret əraziyə deyil, İT fəaliyyətinin müəyyən növlərinə şamil ediləcək. Vergi və gömrük güzəştləri, ucuz kreditlər, bütün zəruri infrastruktur - bunların hamısı İKT sahəsində biznes fəaliyyətini asanlaşdırmalıdır.

Ümumdünya inteqrasiyası, təhsilin beynəlmiləlləşməsi və qlobal maliyyə axınlarının günbəgün sürətlənməsi şəraitində bütövlükdə İKT, o cümlədən, İnternet hər bir fərdin həyatının ayrılmaz tərkib hissələrinə çevrilir. Buna görə də, dövlətin vəzifəsi ən yaxın perspektivdə hər bir vətəndaşın informasiya-kommunikasiya texnologiyaları ilə qarşılıqlı münasibətlər sahəsinə maksimum cəlb olunmasını təmin etməkdən ibarətdir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülmüş Azərbaycanın ilk orbital peykinin buraxılması layihəsi çərçivəsində işlər davam edir. Bu layihənin əhəmiyyətini qiymətləndirməmək olmaz. O, iqtisadiyyatdan daha çox informasiya baxımından əhəmiyyətlidir və Azərbaycanın müasir və uğurlu ölkə statusunu vurğulayır.

Şübhəsiz ki, Prezidentin iqtisadi siyasətinin əsas məqsədi Azərbaycanın ixrac potensialını genişləndirmək, xarici şirkətləri ölkəmizdə bütövlükdə Cənubi Qafqaz və Xəzər hövzəsi regionuna xidmət edəcək regional ofislərin və nümayəndəliklərin təşkilinə cəlb etməkdir. Azərbaycan xarici investisiyaların cəlb edilməsi üçün əlverişli şərait yaratmaqla bərabər, ölkə iqtisadiyyatı özü də iri investora çevrilir, dünya iqtisadi məkanında özünün müsbət imicini transformasiya edir. 2003-2010-cu illərdə Azərbaycan fəal investisiya siyasəti həyata keçirib və başqa ölkələrin iqtisadiyyatına 5,7 milyard dollar sərmayə qoyub. Şübhəsiz ki, Azərbaycanın maliyyə ehtiyatları bu göstəricini bir neçə dəfə artırmağa və dünyanın bir sıra regionlarında həyata keçirilən qlobal layihələrdə Azərbaycanın iştirakını təmin etməyə imkan verəcək.

Bütün bunlar onu göstərir ki, artıq bu gün yeni texnologiyalar sahəsində gələcək uğurların təməli qoyulur. Bu, Azərbaycan iqtisadiyyatına nəinki çox güclü təkan verəcək, həm də Prezidentin həyata keçirdiyi strateji layihələrə uyğun olaraq, gəlirlərin şaxələndirilməsini təmin edəcək.

Müasir dövrün qarşıya qoyduğu vəzifələrə və çağırışlara uyğun olaraq ölkənin bundan sonrakı modernləşmə və inkişaf xətti İlham Əliyevin aşağıdakı sözlərində vurğulanıb: “Biz 10 il, 20 il, 50 il qabağa baxmağa çalışmalıyıq. Dünya necə inkişaf edəcək?! Azərbaycan nəyin hesabına inkişaf edəcək?! Bölgədə vəziyyət necə olacaq?! Demoqrafik vəziyyət necə olacaq?! ... Bu gün aparılan işlər 10 il, 15 il, 20 il bundan sonra uğurlu inkişafımızı təmin edəcək”.

 

Zamanın seçimi

 

Prezidentin seçdiyi daxili və xarici siyasət xəttinin uğurları, bu xəttin ölkə əhalisi tərəfindən dərk edilmiş şəkildə qiymətləndirilməsi və qəbul olunması Azərbaycanda onun özünə xas olan, qlobalist romantizmdən azad, Azərbaycan dövlətçiliyinin qurulmasının tarixi prosesinin reallıqlarını nəzərə alan və milli inkişafın məntiqindən irəli gələn konsolidasiya edilmiş demokratiya modelinin, yaxud, ABŞ-ın vitse-prezidenti Dik Çeyninin təbirincə desək, “soverign democracy” modeli yaratmaq yolundakı gələcək fəaliyyəti stimullaşdırır.

Bu gün Azərbaycan demokratiyanı əsas məqsəd kimi deyil, tarixi təcrübənin və ənənələrin dönüş dövrlərində hər bir xalqın keçdiyi tarixi tərəqqi prosesi kimi başa düşərək, öz inkişaf modelini nümayiş etdirir. Azərbaycan cəmiyyətinin demokratikləşməsi sonsuz prosesdir və milli xüsusiyyətlər gözlənilməklə, müstəqil dövlət quruculuğu və milli identikliyin qorunub saxlanması şərti ilə həyata keçirilir. Prezident İlham Əliyevin anlamında demokratiya milli inkişaf və şüurun ayrılmaz atributudur. Lakin o, cəmiyyətin siyasi və iqtisadi inkişaf səviyyəsi ilə ahəngdar olmalıdır. Buna görə də, ölkədə islahatlar paralel, kəsişmədən bir-birini qabaqlamadan həyata keçirilir. Siyasi sabitliyin iqtisadi əsası olmalıdır və yalnız bu halda cəmiyyətdə demokratik inkişaf və şəffaflıq barədə danışmaq olar.

Demokratiya milli maraqların və dövlət müstəqilliyinin ziyanına olaraq kənardan zorla qəbul etdirilə bilməz. Bizim hər birimiz demokratiyanı öz daxilimizdə “yetişdirir”, sonra isə onu ictimai-siyasi səviyyəyə ötürürük. Bu gün başqa geosiyasi və etnik-milli məkanlarda yüzilliklər boyu formalaşmış təcrübəni “qəflətən daxil etmək”, “kor-koranə köçürmək”, “gətirmək” olmaz. Hər bir cəmiyyət onun yeni idarəçilər, top-menecerlər, intellektuallar nəsli formalaşdıqca, sosial-iqtisadi bazis dəyişdikcə demokratikləşir və daha şəffaf olur. Bu, bir-birindən asılı olan, iqtisadi inkişafın milli dünyagörüşü ilə dəstəklənən siyasi transformasiyalarla yanaşı getdiyi, onların bir-birini qabaqlamadığı prosesdir. Bu həqiqətlərin başa düşülməsi Prezidentin Azərbaycanda demokratik transformasiya məsələsinə yanaşmasını formalaşdırır.

Bir neçə il bundan əvvəl ABŞ Prezidenti C.Buş (oğul) “hər yerdə demokratiya” anlayışını adi danışıq dilinə daxil etməyə cəhd göstərmişdi. Lakin ətrafa nəzər saldıqda, geosiyasi maraqlar naminə geoiqtisadi demarşları təhlil etdikdə istər-istəməz bu qənaətə gəlirsən ki, “hər yerdə mövcud olan demokratiya”, çox ehtimal ki, utopiyadır. Hərbi qüvvə vasitəsilə devrilmiş və müdaxilələrə, “demokratikləşməyə” məruz qalmış məkanlar təkcə milli suverenliyin itirilməsi, qlobal inteqrasiya prosesləri ilə əlaqədar sərhədlərin silinməsi təhlükəsi ilə üzləşmir, həm də ehtimal edilən rəqabət mübarizəsindən xeyli dərəcədə kənarda qalır, yanacaq-energetika sahəsi, strateji kommunikasiyalar üzərində nəzarəti itirir. Belə məkanlarda innovasiya və texnologiyalar yalnız “strateji tərəfdaşlıq” çərçivəsində satın alınan məhsul kimi mümkündür. İnkişafın idxal edilmiş modelinin təzyiqi altında cəmiyyətlər düşərgə baraklarına çevrilir, ölkələrin müdafiə qabiliyyətinin zəifləməsi isə onları “forpostlara” çevirir.

İnstitusional əsasları zəif olan ölkələr üçün milli ideya və ya milli identiklik kimi amillər yoxdur. Ona görə ki, cəmiyyətin daxili bazisi kənardan olan nəzarətə və direktivlərə tabedir. Bu isə ona gətirib çıxarır ki, ya milli “Mən” və suverenlik, bunun nəticəsi kimi dövlətçilik tədricən itirilir, yaxud da sərt radikallaşma və təcavüzkar millətçiliyin güclənməsi kimi əks proses gedir. Bunların hər ikisi sabitlik, dövlətin və onun vətəndaşlarının təhlükəsizliyi üçün çox qorxuludur. Hər ikisi sonda hərc-mərcliyə, xaosa və çox ola bilsin ki, anarxiyaya gətirib çıxarar.

Qərb analitiklərinin fikrincə, istənilən modernləşmə vesternləşməyə, yəni “qərbləşməyə” gətirib çıxarmalıdır. Düzdür, cəmiyyətlər özləri seçim etməlidir, lakin vesternləşmə olmadan modernləşmə şansı çox cüzidir. Böyük qalmaqala səbəb olmuş “Sivilizasiyaların toqquşması?” bestsellerinin müəllifi S.Hantinqton bu barədə kifayət qədər dəqiq yazıb. Bununla belə, gözümüzün qabağında heyrətamiz siyasi metamorfozalar baş verir: dəbdə olan “qloballaşma” terminindən istifadə etməklə cəmiyyətin milli dayaqları yox edilir, “gecə gözətçisi dövləti” layihəsi həyata keçirilir, dövlətin qüdrəti zəifləyir. Bu baxımdan F.Fukuyama ilə razılaşmamaq çətindir. O yazır: “Güclü dövlət qurulması dünya birliyinin ən mühüm problemlərindən biridir, çünki dövlətlərin zəifliyi və dağılması yoxsulluqdan tutmuş, QİÇS, narkotiklər və terrorizmə qədər bir sıra çox ciddi problemlərin mənbəyidir” (Fukuyama F. Silnoe qosudarstvo. M.2006. s. 5).

Dünyanın ən böyük siyasi filosoflarından və sosioloqlarından biri olan Ziqmunt Baumanın fikrincə, “bu gün baş verən qloballaşma hər cəhətdən mənfi qloballaşmadır, dövlət sərhədlərinə, yerli maraqlara, hüquqlara, imtiyazlara və digər məqamlara məhəl qoymamaqda ixtisaslaşan qüvvələrin qloballaşmasıdır. İndiyə qədər qloballaşmış qüvvələr, güclər milli dövlətlərin qüdrətini, qabiliyyətini azaltmaqda davam edən elə həmin qüvvələrdir. Buraya maliyyə, qloballaşan ticarət, informasiya, habelə cinayətkar təşkilatlar (müxtəlif mafiyalar), silah və narkotiklər alveri, beynəlxalq terrorizm aiddir” (bax: “Polit.ru”, 6 maya 2011 q.).

Prezident İlham Əliyevin milli dövlət quruculuğu, Azərbaycanın demokratik inkişafı məsələləri barədə mövqeyi tarixi məntiqə, dünya təcrübəsinə, səmərəli siyasətə, ən başlıcası isə Azərbaycanın milli maraqlarına söykənən milli ideyanın gerçəkləşməsinin nəzərə alınmasına əsaslanır. Cəmiyyətin bu dərk edilmiş obyektiv tələbatı onun milli dəyərlərindən irəli gəlir və dövlətin qorunub saxlanmasına, onun mövcudluğu və mütərəqqi inkişafı üçün əlverişli şərait yaradılmasına yönəlib. Milli maraqlara və inkişaf strategiyasının mahiyyətinə xalqın əksəriyyətinin həmrəy münasibətinə əsaslanan demokratiya daha səmərəlidir və hər bir yeni müstəqil dövlət üçün nümunə ola bilər.

 

Regional geosiyasəti formalaşdırarkən

 

Əsası Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasətin çoxvektorluluğuna, regionda ən yüksək döyüş qabiliyyətinə malik ordunun yaradılmasına və ölkənin geostrateji mövqeyinin maksimuma çatdırılmasına yönəlmiş fəaliyyət xətti bu gün də davam etdirilir. Məhz, Azərbaycan cəmiyyətinin monolitliyi və siyasi iradəsi, eləcə də, əhalinin geniş təbəqələrinin düşüncəsi və qəlbində ölkənin lideri kimi İlham Əliyevin alternativinin olmaması tarazlaşdırılıb və çoxvektorlu, lakin qat-qat fəal xarici siyasət yeritməyə imkan verib.

İlham Əliyevin prezidentlik dövrü, ilk növbədə müstəqil xarici siyasət təşəbbüslərinin, o cümlədən, iqtisadi və nəqliyyat-energetika təşəbbüslərinin sayı ilə fərqlənir. 2003-cü ildən bəri dövlət başçısı dünyanın 45 ölkəsinə 146 səfər edib və buraya yalnız dövlət səfərləri və rəsmi səfərlər daxildir. Xarici ölkələrin liderlərinin və siyasi xadimlərinin Azərbaycana səfərlərini də buraya əlavə etsək, görərik ki, bu gün ölkəmiz Cənubi Qafqazda regional liderə çevrilib, onun fikri nəzərə alınmasa, istənilən regional layihələr ya bəri başdan səmərəsizliyə məhkum olacaq, yaxud da, açıq-aşkar utopiya olaraq qalacaq. Bu gün Azərbaycan təkcə xammal ixracçısı və nəqliyyat dəhlizi deyil, həm də Avropa geoiqtisadiyyatının və regional siyasətin mühüm vəsiləsidir. Üstəlik, ölkəmiz tədricən Cənubi Qafqaz regionunun intellektual və informasiya mərkəzinə çevrilməkdədir. Müasir geosiyasət bizi regional və qlobal proseslərlə bağlı bir sıra məsələləri yenidən qiymətləndirməyə məcbur edir. Azərbaycan məhz bütün bunları başa düşərək, Avrasiyanın coğrafi mərkəzi kimi çıxış edib təkcə regional geosiyasəti deyil, həm də geoiqtisadiyyatı öz xeyrinə dəyişməyə nail olub.

Azərbaycan millətinin və dövlətçiliyinin, cəmiyyətimizin kollektiv “Mən”inin milli semantika və dünyanı dərk etmək simvolikasının əsasını təşkil edən bütün milli prioritetlər hazırda Prezident İlham Əliyevin xarici siyasət xəttində reallaşır.

Azərbaycan Respublikası müsəlman və türk həmrəyliyi prosesində lider mövqelərdən birini tutur, Avropa inteqrasiyasına sadiqliyini nümayiş etdirir, ABŞ və Rusiya kimi qlobal dövlətlərlə, regiondakı qonşu dövlətlərlə və MDB üzrə tərəfdaşlarla qarşılıqlı şəkildə tamamlanan əlaqələri qurmaqda davam edir. Azərbaycan müasir dövrün qlobal çağırışlarında - istər terrorizmə, transmilli cinayətkarlığa və narkotrafikə qarşı mübarizədə, ətraf mühitin qorunması problemlərinin həllində, istərsə də demoqrafiya və əhali miqrasiyası kimi məsələlərdə özünü bir sıra ölkələrin və beynəlxalq təşkilatların etibarlı tərəfdaşı kimi göstərib. Son illərdə mədəniyyətlərarası dialoqla bağlı bir sıra qlobal təşəbbüslərin müəllifi məhz Azərbaycandır.

Beləliklə, Azərbaycan Respublikası regionda informasiya mübadiləsinin və qarşılıqlı intellektual fəaliyyətin prioritet amilinə çevrilir. Müxtəlif dillərdə yayımlanan və çox geniş analitik və xəbər spektrini əhatə edən informasiya resurslarının sayına görə Azərbaycan Cənubi Qafqaz ölkələri arasında liderdir. Buna görə də, dünya intellektual elitasının müxtəlif mərkəzləri Azərbaycanla birgə iqtisadi, siyasi, elmi və humanitar xarakterli layihələri nəzərdən keçirməyə maraq göstərir. Hərçənd, bu da sirr deyil ki, ölkədə ictimai şüura təzyiq göstərmək məqsədilə informasiya-analitik “beşinci dəstə”lər yaratmaq cəhdləri də müşahidə olunur. Lakin sabitliyi pozmağa göstərilən bu cür cəhdlər Azərbaycan tərəfindən çox sərt reaksiya ilə üzləşib və bundan sonra da üzləşəcəklər.

Azərbaycan belə cəhdləri informasiya təxribatı, onun daxili işlərinə qarışmaq aktı və ölkənin suverenliyinə qəsd hesab edir.

Dağlıq Qarabağ münaqişəsinin həllinə dair ATƏT-in Minsk qrupunun əvvəlki illərlə müqayisədə daha yüksək fəallığının sənaye-iqtisadi potensial və hərbi quruculuq, habelə, cəmiyyətin monolitliyinin səviyyəsi baxımından Azərbaycanın Ermənistandan və kriminal “Dağlıq Qarabağ Respublikası” rejimindən total üstünlüyü kimi real əsasları var. Hazırda Ermənistanda mövcud olan kriminal rejim regionda yaranmış reallıqları qəbul etməkdən inadla boyun qaçırır, ictimai şüurla manipulyasiya edərək, yalançı şüarlar və miflərlə pərdələnərək, beynəlxalq hüququn müddəalarını özünün istədiyi kimi yozaraq təcavüzkar işğal siyasətini və tarixi həqiqətin danılmasını davam etdirir.

Azərbaycan erməni tərəfinə hər cür iqtisadi, siyasi və informasiya təzyiqi göstərmək siyasətini davam etdirəcək. İlham Əliyev öz müraciətlərində və çıxışlarında Qarabağ probleminə aid məsələlərə təkcə ölkənin xarici siyasət xəttinə görə cavabdeh olan dövlət başçısı kimi deyil, həm də ölkənin Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi toxunur.

Ermənistanda isə iqtisadiyyat bütün istiqamətlər üzrə tənəzzül keçirir, ölkə rəhbərliyinin irrasional siyasəti nəticəsində cəmiyyət ehtiyac və məhrumiyyətlərə düçar olub. Ermənistanda və onun işğal etdiyi Azərbaycan torpaqlarında fəlakətli demoqrafik vəziyyət hökm sürür, son illərdə erməni sosiumunda daxili siyasi qeyri-sabitlik müşahidə edilir, diaspor ilə münasibətlər nəzərəçarpacaq dərəcədə pisləşib. Bugünkü Ermənistanın reallıqları bunlardır. Ermənistanın birinci prezidenti və indiki erməni müxalifətinin lideri Levon Ter-Petrosyanın BBC telekanalına müsahibəsi bunun ən yaxşı təsdiqidir. O, həmin müsahibəni tamamilə birmənalı şəkildə belə tamamlayıb: “...Əgər Ermənistan hər hansı fəlakətli vəziyyətlə üzləşərsə, bunun təqsiri yalnız və yalnız bizdə olacaq” (“Pervıy prezident Armenii Levon Ter-Petrosyan: intervyu russkoy slujbe BBC”, http://www.1in.am/rus/armenia_apolitics_4736.html).

İlham Əliyevin müəyyən etdiyi hücum xarakterli xarici siyasət, Azərbaycan reallıqlarını dünya məkanına yayımlayan müasir kanalların yaradılması və daim təkmilləşdirilməsi, ölkədə KİV sektorunun və İnternet məkanının inkişafı çox qısa müddətdə Dağlıq Qarabağ problemi ilə əlaqədar Ermənistanla qarşıdurmada strateji qüvvələr nisbətində özünü göstərib. Lakin hazırda informasiya məkanında uğurlar barədə danışarkən, nəzərə almaq lazımdır ki, bu istiqamətdə hər gün iş aparılmalı, ermənilərin mövqeyinin saxta olması barədə dəlillər gücləndirilməli və konkret tarixi sübutlar təqdim edilməlidir.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki bazasının yeniləşdirilməsi, ümidverici hərbi-sənaye kompleksinin yaradılması da İlham Əliyevin prezidentliyi dövründə qazanılmış nailiyyətlərdir. Bu gün Cənubi Qafqazda ən güclü ordu Azərbaycanındır. Ölkədə müxtəlif tipli atıcı silahların, zirehli maşınların, kəşfiyyat təyinatlı pilotsuz uçuş aparatlarının və döyüş sursatının istehsalı qaydaya salınıb. Azərbaycanın illik hərbi büdcəsi Ermənistanın bütün dövlət büdcəsindən çoxdur və bu göstərici artmaqda davam edir.

Azərbaycan ərazisinin işğal edilməsi, hüququn güc üzərində aliliyinin Ermənistan tərəfindən total şəkildə inkar edilməsi heç də təbii hal kimi qəbul edilə bilməz. Prezident dəfələrlə vurğulayıb ki, Azərbaycanın səbrinin həddi var, beynəlxalq hüququn prinsipləri sərbəst şəkildə yozulmamalı, beynəlxalq gündəlikdə həmin prinsiplərə prioritet verilməlidir. Bu mənada dünya siyasətində “ikili standartlar”ın - bir halda təcavüzkarı sakitləşdirmək, başqa halda onu məcbur etmək praktikasının olmasını xatırlatmaq vacibdir. Çox vaxt aşkar görünür ki, dünya birliyi bəzi regionlarda münaqişəli vəziyyətlərə qeyri-mütənasib dərəcədə ciddi diqqət yetirdiyi halda, başqa regionlarda bu vəziyyətə açıq-aşkar etinasızlıq göstərir, münaqişələrin “dinc yolla həll edilməsi” və danışıqlar cəhdinə sədaqətdən dəm vurulur, həmin danışıqlar isə onilliklər boyu davam edir və heç bir nəticə vermir. Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunmasının zəruriliyi barədə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi (822, 853, 874 və 884 nömrəli) 19 ildən artıqdır ki, icra olunmamış qalır. Halbuki, bəzən, hətta, beynəlxalq hüquqi baxımdan xeyli mübahisəli, lakin müasir dünya nizamının sırf geosiyasi tələblərinə cavab verən hallarda BMT Təhlükəsizlik Şurasının qərarları bir neçə saatda həyata keçirilir.

Sirr deyil ki, Dağlıq Qarabağ münaqişəsi Ermənistan-Azərbaycan qarşıdurması çərçivəsindən çıxıb, beynəlxalq və regional məsələyə çevrilib. Son illərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın fəal iştirakı, bəzi ölkələr tərəfindən Ermənistan-Türkiyə sərhədinin açılmasının “zəruriliyi” məsələsi ilə əlaqədar Türkiyə rəhbərliyinə təzyiqlər edilməsi onu göstərir ki, dünyanın daha rasional və ədalətli qaydaya ehtiyacı var. XXI əsrin geosiyasəti getdikcə daha çox geoiqtisadiyyata və yanacaq-energetika amilinə istiqamətlənir. Bu isə heç şübhəsiz, qlobal sabitlik və təhlükəsizlik üçün yeni təhdidlər və çağırışlar doğurur.

Bu gün tam əminliklə demək olar ki, Azərbaycan diplomatiyasının ənənələri qərarlaşıb və ən yeni dövrdə mühüm nailiyyətlər qazanılıb. Qondarma “Türkiyə-Ermənistan yaxınlaşması” deyilən təşəbbüslərin qarşısının alınması, 2010-cu ildə Türkiyə ilə Strateji Əməkdaşlıq Şurası yaradılması haqqında saziş, Strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə imzalanması, Azərbaycandan nəql edilən qazın həcmi, tranzit şərtləri və qiyməti barədə Rusiya və Türkiyə ilə danışıqlardakı irəliləyiş, Rusiya Federasiyası ilə dövlət sərhədinin delimitasiyasının uğurla başa çatdırılması və s. buna misal ola bilər.

Eyni zamanda, regional inkişaf istiqamətində irəliləyiş və Dağlıq Qarabağ probleminin tezliklə həlli yollarının axtarışının hərtərəfli fəallaşması bir-biri ilə qarşılıqlı surətdə bağlı olmaya bilməz. Prezident bu barədə öz mövqeyini daim vurğulayaraq bildirir ki, Azərbaycan ilə Ermənistan arasında silahlı qarşıdurma və Azərbaycan torpaqlarının işğal edilməsi faktı aradan qaldırılarsa, regionun iqtisadi gələcəyi keyfiyyətcə fərqli inkişaf dinamikasına malik ola bilərdi. Bu baxımdan Ermənistan tərəfini danışıqlar prosesində konstruktiv mövqe tutmağa məcbur etmək üçün göstərilən hər hansı cəhdlər 1990-cı illərdən başlayaraq, Azərbaycanın xarici siyasətindəki iqtisadi və nəqliyyat-energetika amillərinin olması sayəsində əlavə dəyər kəsb edib.

 

“Azərbaycançılıq” və vətəndaşlıq

 

Tarixi prosesin yeni mərhələsi Azərbaycan xalqının tarixi irsinə və onun kollektiv yaddaşına, milli zəfərlər və ya uğursuzluqlar təcrübəsinə, milli qürurun obrazlar və rəmzlərinə tamam fərqli münasibət bəslənməsini tələb edib. Hazırda Azərbaycanın humanitar təfəkkürü “azərbaycançılıq” ideologiyasının məna dolğunluğu elementlərinə dair dərin və sistematik tədqiqatlar aparmağa başlayır. Əlbəttə, bu modelin ideoloji baxımdan özünü artıq tam təsdiqləməsini söyləmək hələ tezdir. Lakin inamla demək olar ki, müstəqil Azərbaycanın vətəndaşlarının gələcək nəsilləri millətin formalaşması semantikasındakı bu strateji irəliləyişə görə dövlətimizin indiki başçısını lazımınca qiymətləndirəcəklər.

Bu məna dolğunluğu mühüm rol oynayır, çünki tədqiqatların elə indiki mərhələsində aşkar görünür ki, “azərbaycançılıq” millətin və müstəqil dövlətin dünyanı dərk etməsi sistemidir, ilk növbədə məsuliyyətə və şüurlu vətəndaş mövqeyinə, milli yaddaşa və sabahkı günə istiqamətlənməyə əsaslanır. Məhz məsuliyyət və vətəndaşlıq şüuru etnik, sosial və dini mənsubiyyətindən asılı olmayaraq, bu gün ölkənin hər bir vətəndaşına özünün Azərbaycan millətinə, bu ölkənin ictimai-siyasi həyatına, kollektiv iqtisadi və sosiomədəni uğurlara aidiyyətini hiss etməyə imkan verir.

Bu gün artıq millətin dəyərlər sistemində vətəndaşlıq mövqeyinə, hər bir azərbaycanlının şəxsiyyət kimi inkişafının roluna, insanın və vətəndaşın öz qabiliyyətlərini reallaşdırmaq imkanlarının maksimum üzə çıxarılmasına strateji yanaşma aşkar görünür. Dövlət aparatına, ictimai fəaliyyətə, iqtisadiyyat sektorlarının və müəssisələrin idarə edilməsinə, elmi tədqiqat fəaliyyətinə mümkün qədər çox sayda fəal gənclərin cəlb olunması dövlət başçısının uzunmüddətli kadr siyasəti forması alıb. 2005-2009-cu illərdə ölkənin gənclər sektorunun inkişaf proqramının uğurla həyata keçirilməsinin nəticələri göz qabağındadır. 2011-ci ilin aprel ayında Prezident “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının hazırlanması haqqında Sərəncam imzalayıb.

Dünya təcrübəsi, o cümlədən, keçmiş sosialist düşərgəsinin bəzi ölkələrinin təcrübəsi göstərir ki, inkişafın milli xüsusiyyətlərinin nəzərə alındığı demokratiya modelinin bərqərar olması üçün təkcə cəmiyyətdə yeni davranış normalarının və dəyərlərin təşəkkülü deyil, həm də liderlərin və elitaların təhsil səviyyəsinin və submədəniyyətlərin şəffaflığının daim artırılması tələb olunur. Hər il bir neçə yüz gənc azərbaycanlı xarici ölkələrin nüfuzlu ali məktəblərində dövlət hesabına təhsil almağa göndərilir. Son illərdə azərbaycanlıların xaricdə təhsil proqramları üçün ayrılan müxtəlif növ kvotaların sayı yalnız artmaqdadır. Prezident özünün bir çox çıxışlarında Azərbaycan cəmiyyətinin təhsil səviyyəsinin keyfiyyətcə dəyişməsində, ölkəyə biliklərin və ən yaxşı dünya təcrübəsinin cəlb edilməsində bu gənclərin rolu barədə öz fikirlərini vurğulayır. Məhz, bu insanlar sabah dövlət aparatının, ölkə iqtisadiyyatının idarəetmə sükanı arxasında dayanacaq, Azərbaycanda ictimai-siyasi münasibətlərin inkişafının ümumi istiqamətini müəyyən edəcəklər.

İstənilən genişmiqyaslı sosial dəyişikliklər motivasiyalı sosial qrup olmasını tələb edir, bunsuz həmin dəyişiklikləri həyata keçirmək mümkün deyildir.

Tədqiqatçıların fikrincə, “biliklər cəmiyyəti”, “biliklər iqtisadiyyatı”, “informasiya sivilizasiyası”, “innovasiya modernləşməsi” trendinə keçid dövründə kreativ modernləşdirmə qrupu bu cür sosial komponent ola bilər. Məhz, həmin qrup insan kapitalının təkrar istehsalının subyekti, mədəni resursların və informasiya resurslarının daşıyıcısı kimi innovasiyaların əsas generatorudur.

Müasir Azərbaycanda kreativ qrup təşkil edən insanlar sırasına özünün peşə və ya sosial fəaliyyəti hüdudlarında inkişafın generatoru olan, maddi və ya mənəvi dəyərlər yaradan şəxsləri aid etmək olar. Buraya ilk növbədə, sahəvi və fundamental elmin nümayəndələrini, yüksək texnologiyaları işləyib hazırlayan və tətbiq edənləri, bəzi biznes seqmentlərinin nümayəndələrini, mənəvi dəyərlər və informasiya sisteminin yaradılması sahəsində çalışan ziyalıların fəal hissəsini aid etmək vacib olardı.

Kreativ qrupu ayrıca sosial-psixoloji tip kimi təsnif etmək mümkündür. Bu tipə çox vaxt daxili “təməli” olan, iradi keyfiyyətləri inkişaf etmiş, fəal həyat mövqeyi tutan passionar insanlar aid edilir. Məhz, bu keyfiyyətlərə malik insanları tərbiyə etmək hazırda Azərbaycan dövlətinin və bütövlükdə cəmiyyətin ən aktual vəzifəsidir.

Ölkədə milli demokratiyanın təkamülü və ictimai həyatın, xüsusən, QHT sektorunun nəzərəçarpacaq dərəcədə fəallaşması, İnternetin uğurla yayılması da gənclərin işlə təmin edilməsi, onların sosiallaşması, maraq dairələri üzrə ünsiyyət, sosiumda müxtəlif mövzularda ictimai diskussiyaların keyfiyyətinin artırılması sahələrində müsbət irəliləyişlər əldə edilməsində sanballı rol oynayıblar.

Cəmiyyətin demokratikləşməsi, yeni kreativ, yaradıcı, intellektual şəxsiyyətlərin formalaşması çox vaxt müxtəlif təşkilatlarda göstərilən təşəbbüskarlığın təzahürləri ilə bağlı olur. Qeyri-hökumət təşkilatlarının ölkədə cərəyan edən ictimai və sosial-humanitar prosesə fəal cəlb edilməsi məqsədilə onların dəstəklənməsi, konstruktiv ictimai tənqid üçün şərait yaradılması, QHT-lərin maddi-texniki bazasının möhkəmlənməsi, habelə aktual sosial və humanitar layihələrin həyata keçirilməsinə kömək göstərilməsi Azərbaycan cəmiyyətinin demokratikləşməsi yolunda görülən mühüm işlərdir. Hazırda Azərbaycanda üç mindən çox qeyri-hökumət təşkilatı var. 2007-ci ilin iyul ayında Prezidentin Sərəncamı ilə qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi və QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması QHT sektorunun dəstəklənməsində və ölkədə vətəndaş cəmiyyətinin inkişafında mühüm addım olub.

Sirr deyil ki, həmin Şura yaradılana qədər Azərbaycan QHT-lərinin əksəriyyətinin fəaliyyəti əsasən müxtəlif beynəlxalq fondların onlara göstərdiyi köməkdən asılı idi. Bu isə həm bu təşkilatların fəaliyyətinin istiqamətinə, həm də Azərbaycanda vətəndaş təşəbbüslərinin inkişafına ictimai tələbatı heç də həmişə təmin etməyən bu və ya digər layihələrdə müəyyən dərəcədə üstüörtülü siyasi məqamların olmasında özünü göstərməyə bilməzdi.

Bu gün isə Şura yerli qeyri-hökumət təşkilatlarına maddi və informasiya dəstəyi verir. Bunun nəticəsidir ki, 2008-ci ildə Şuraya 365 təşkilat müraciət edərək maliyyə dəstəyi istəmişdisə, 2010-cu ildə onların sayı demək olar ki, üç dəfə artıb. Ötən üç ildə mindən çox sosial və humanitar layihə uğurla həyata keçirilib. “Üçüncü sektor”un layihələri üçün dövlət büdcəsindən bütövlükdə 10 milyon manatdan çox vəsait ayrılıb. Bu müddətdə əvvəllər xarici donorların heç vaxt maliyyələşdirmədiyi sahələrdə ilk dəfə olaraq layihələr həyata keçirilib: məsələn, Dağlıq Qarabağın işğal edilməsi və Ermənistanın Azərbaycana qarşı təcavüzü problemləri ilə əlaqədar Azərbaycan reallıqları haqqında məlumatın dünya ictimaiyyətinə çatdırılması, qaçqınların və məcburi köçkünlərin hüquqlarının müdafiəsi və s.

Ölkənin demokratik tranzitində və səmərəli vətəndaş cəmiyyətinin formalaşmasında müstəqil KİV-lərin inkişafı mühüm yer tutur. Azərbaycanda müstəqil mətbuatın təşəkkülü Sovet İttifaqının mövcudluğunun son illərinə təsadüf edib. O vaxt Azərbaycanda ilk müstəqil qəzet və jurnallar yaranmağa başlamışdı. İndi isə Azərbaycanda dörd mindən çox KİV qeydiyyata alınıb, onlardan 300-dən çoxu daimi fəaliyyət göstərir. Müstəqil kütləvi informasiya vasitələrinin inkişafının dəstəklənməsi zərurəti nəzərə alınaraq, habelə hadisələri və prosesləri qabaqlayaraq ictimai rəyin inteqratoru kimi çıxış edə biləcək keyfiyyətli jurnalistikanın formalaşmasına şərait yaratmaq məqsədilə 2008-ci ilin iyul ayında Prezident İlham Əliyevin Sərəncamı ilə Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası təsdiq edilib. 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılıb.

Təsadüfi deyildir ki, 2010-cu ilin dekabr ayında 30 gündəlik və 19 həftəlik qəzet, 2 jurnal, 11 informasiya agentliyi, 13 jurnalist təşkilatı, 8 informasiya portalı, 7 telekanal və 3 radio kanalı arasında aparılmış sorğunun nəticələrinə görə Prezident İlham Əliyev “Jurnalistlərin dostu” mükafatına layiq görülüb.

İndiki dövrdə İnternet, innovasiyalar və sənayeləşmə ölkənin dünya birliyinə uğurla inteqrasiya etməsi üçün yeni perspektivlər açır və Azərbaycanda gələcəyin yetkin vətəndaş cəmiyyətinin qurulması üçün bu amillər əsas kimi götürülüb.

Bütün bunlar dövlətçiliyin dərk edilmiş, başa düşülmüş, suveren və demokratiyanın “hazır reseptlərindən” azad yolla məqsədyönlü şəkildə inkişafına nail ola biləcək mütəşəkkil siyasi qüvvə yaratmağa kömək edir. Həm də yeni şəraitə uyğunlaşma “yuxarıdan” zorla qəbul etdirilmir, “aşağıdan” baş verir, gündəlik həyat prosesləri lazımi şəklə salınmaqla, qarşılıqlı etimad və sosial inteqrasiya potensialına malik olan dəyərlər və normalar aşkar edilməklə baş verir.

Azərbaycan gənclərinin indiki nəsli vətəndaşı olduqları dövlətin beynəlxalq aləmdə müstəqil mövqelərdən çıxış etməsini təbii hal hesab edir. Lakin başa düşmək lazımdır ki, bu mövqeni yaradan ölkə daxilində, Cənubi Qafqaz regionunda və dünyada baş verən proseslər haqqında geniş təsəvvürə malik olan liderdir. Milli ideyanın uğurla həyata keçirilməsi, milli identikliyin qorunub saxlanması və eyni zamanda, dünya birliyinə inteqrasiya həqiqətən tarixi nailiyyətdir, çünki iqtisadiyyatın inteqrasiya olunduğu, texnologiyaların sürətlə inkişaf etdiyi, transmilli maliyyə kapitalı və bilik axınları qarşısında dövlətlərarası sərhədlərin götürüldüyü müasir aləmdə milli ideoloji konsepti inkişaf etdirmək çətindir. Hər yerdə mövcud olan qlobalizmin məddahları milli, lokal dəyərlərin üstündən xətt çəkib, milli dövlətlərin əhəmiyyətini azaltmaqla, onları anaxronizm hesab etməyə başlayıblar. 1990-cı illərin əvvəlində Qərbin bütün fəlsəfi və siyasi təfəkkürü bu ruhda idi. Belə nəticələr çıxarmağın yanlışlığı göz qabağındadır. Nə yaxşı ki, bunu başa düşən qüvvələr var və onlar dünyanın bir sıra regionlarındakı real həyatı və ictimai prosesləri əsas götürərək bildirirlər ki, bütün milli xüsusiyyətlərin aradan qaldırılması bəşəriyyətin plüralist inkişafı üçün ciddi təhlükə doğurur. Bu gün bəzi elmi nüfuz sahibləri də onların səsinə səs verərək, tarixi inkişafın məntiqinə zidd olan belə ictimai-siyasi konseptlərin yanlışlığı barədə xəbərdarlıq edirlər. Müasir mütəfəkkirlər hesab edirlər ki, yeni qlobal inteqrasiya şəraitində yalnız milli dövlətin inkişafı, texnoloji inkişaf, milli mənlik şüurunun inkişafı və modernləşmə ayrı-ayrı xalqların və bütövlükdə bəşəriyyətin xeyrinədir. Buna görə də, bərabər tərəfdaşlar hüququnda mədəni qarşılıqlı mübadiləyə üstünlük verilməklə dünya birliyinə inteqrasiya milli sosiomədəni məkanın qorunub saxlanması üçün zəruri olan gücü verir.

Milli ideya azərbaycanlıların özlərini identikləşdirməsinə, xalqın zəngin mədəniyyətini və onun tarixi irsini əks etdirən dünyagörüşünə əsaslanır.

Heydər Əliyev dəfələrlə vurğulayıb ki, mədəniyyət Azərbaycan xalqının böyük sərvətidir. Azərbaycanın tarixi abidələrinin beynəlxalq təşkilatlar tərəfindən tanınması prosesinin başlanması bu qayğının nəticəsi olub. 2000-ci ildə Bakının tarixi mərkəzi - Qız qalası və Şirvanşahlar sarayı da daxil olmaqla İçərişəhər YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilib. Bu qurumun ən mühüm vəzifələri dünya əhəmiyyətli obyektləri qoruyub saxlamaq və xüsusi mədəni, tarixi və ya ekoloji əhəmiyyətinə görə onları populyarlaşdırmaqdır. Eyni zamanda, Azərbaycan hökuməti hələ 1998-ci ildə ölkəmizin Hirkan milli parkı, Lökbatandakı palçıq vulkanları, Atəşgah məbədi, Naxçıvandakı Mömünə xatın, Yusif ibn Küseyir, Qarabağlar və Gülüstan türbələri, Abşeronun müdafiə qalaları kimi tarixi abidələrinin, habelə Şuşa, Ordubad, Şəki və digər şəhərlərin həmin siyahıya daxil olunmasını təklif etmişdi.

2003-cü ildən bu günə qədər Prezident İlham Əliyevin siyasəti ölkəmizin tarixi irsinin qorunması və təbliğinə yönəlib. Günümüzün dəyişmiş reallıqlarına uyğun olaraq, eləcə də mədəniyyət abidələrimizin Ermənistan tərəfindən mənimsənilməsi cəhdlərinin çoxalması ilə əlaqədar mədəni irsə qayğı göstərilməsi və onun qlobal miqyasda təbliğ edilməsi işləri tamamilə yeni səviyyəyə çatdırılıb. İndi Azərbaycan bu və ya digər hadisələrə “cavab” reaksiyası vermək praktikasından özünün mədəniyyət incilərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində fəal siyasətə keçir.

2007-ci ildə YUNESKO-nun Dünya İrsi Siyahısına Azərbaycan mədəniyyətinin daha bir abidəsi - Qobustan qayaüstü təsvirləri daxil edilib. Milli dövlət təsisatının həyat qabiliyyətli olması faktının özünün çox vaxt şübhə altına alındığı qloballaşan dünyada xüsusi əhəmiyyət kəsb edən qeyri-maddi dəyərlərin rolunu və mənasını başa düşən Prezident Azərbaycan mədəniyyətinin muğam sənəti, xalçaçılıq, aşıq sənəti və qədim bahar bayramı Novruz kimi bənzərsiz nümunələrinin qorunub saxlanmasına, inkişaf etdirilməsi və təbliğinə xüsusi diqqət yetirir. Buna görə də, Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrə uyğun olaraq, 2003-2010-cu illərdə Bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısı Azərbaycan muğamı, Novruz bayramı, Azərbaycan aşıq sənəti və ənənəvi Azərbaycan xalça sənəti ilə zənginləşib.

İndi ölkədə Azərbaycan mədəniyyətinin milli abidələrinin bərpası və qorunub saxlanması üçün çox böyük işlər görülür. Bu sahədəki müsbət dinamikanı adi gözlə də görmək olar. Prezidentin tapşırığına uyğun olaraq, Bakının tarixi mərkəzi İçərişəhərin bərpası və qorunub saxlanması sahəsində genişmiqyaslı işlər görülür.

Qeyd etmək yerinə düşər ki, zəngin mədəni irsə və ölkə daxilində müxtəlif mədəniyyətlərin birgə mövcud olması sahəsində tarixi təcrübəyə malik bir diyar kimi Azərbaycan indi regional miqyaslı mədəniyyətlərarası dialoq üzrə ideal platformaya uğurla transformasiya edir. 2009-cu ildə Bakı islam mədəniyyətinin paytaxtı elan olunmuşdu, 2011-ci il aprelin 7-9-da isə burada mədəniyyətlərarası dialoq üzrə ümumdünya forumu keçirilib. Bu forumun keçirilməsi heç də təsadüfi deyildi - o, Azərbaycan tərəfinin təşəbbüsü ilə başlanıb və “Bakı prosesi” adlanan prosesin məntiqi nəticəsi idi. Azərbaycanda bu prosesin əsası 2008-ci ildə Avropa Şurasının üzvü olan ölkələrin mədəniyyət nazirlərinin iclasında qoyulmuşdu.

Prezidentin siyasi fəlsəfəsi bundan ibarətdir ki, bütün xalqlar, bütün dinlərin nümayəndələri bir-biri ilə sıx ünsiyyət saxlasınlar, problemləri açıq müzakirə etsinlər, öz fikirlərini sərbəst bildirsinlər. İndi Azərbaycan müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa dair bu cür sanballı tədbirlər keçirilməsi üçün ənənəvi məkana çevrilib. Bunun həm coğrafi, həm tarixi, həm də mədəni əsasları var, çünki Azərbaycanda bütün xalqlar, bütün dinlərin nümayəndələri əsrlər boyu bir ailə kimi yaşayıblar. Prezidentin dediyi kimi, Azərbaycanda milli və dini dözümlülüyün, tolerantlığın yüksək səviyyədə olması faktdır və bu, Azərbaycan xalqının güc mənbəyidir. “Hər bir cəmiyyətin gücü onun dini və milli müxtəlifliyindədir”. Bu sözlər Prezident İlham Əliyevin strateji mövqeyini dəqiq nümayiş etdirir. Həmin mövqeyə görə çox zəngin tarixi və mədəni irsi, dini və sosial tolerantlıq ənənələri olan Azərbaycan hazırda mədəniyyətlərarası dialoq, dünya mədəniyyətlərinin və sivilizasiyaların qarşılıqlı təsiri məkanına uğurla transformasiya olunur, özünün zəngin təcrübəsini dünya ictimaiyyətinə təklif edir.

Azərbaycanın uzunmüddətli perspektivdə özünü yetkin bir dövlət kimi təsdiq etməsi və demokratiya qurulması sahəsindəki uğurları cəmiyyətin sosiomədəni fonunda dəyişikliklərə şərait yaradıb. Milli identikliyin müxtəlif aspektləri yeni-yeni formalarda təzahür edir, dünya təcrübəsi ilə sintez edərək vətəndaşların həyatının mənəvi-əxlaqi komponentini intensiv surətdə zənginləşdirir. İcma şüurunun, kollektiv, fərdiləşdirilməmiş şüurun açıq-aydın təzahür edən arxetipi tədricən demokratik tranzit üçün daha açıq olan kütləvi şüurun digər formasına çevrilir.

Cəmiyyətimizin Azərbaycan millətinin ruhuna xas olan tolerantlığı hələ keçən əsrin 70-ci illərində Azərbaycanda şəxsiyyətlərarası və kollektiv münasibətlərin bütün spektrinin gündəlik tərkib hissəsinə çevrilmiş və tətbiqi forma almışdı. Bu təcrübə müasir Azərbaycan üçün də mühüm güc mənbəyidir və ölkədə yaşayan, özlərinin Azərbaycan millətinə mənsub olmasını hiss edən bütün etnosların birliyini səciyyələndirir. Dövlətimizin tərəqqisi və ərazi bütövlüyü naminə hər şeydən əziz olan canlarını da əsirgəməmiş Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının adları və soyadları, onların çox müxtəlif etnik mənşəyi ilə tanışlıq buna ən yaxşı sübutdur.

 

Sabahı düşünərkən

 

Tempora mutantur et nos mutamur in illis (lat.) - Zaman dəyişir, onunla birlikdə biz də dəyişirik

Azərbaycanın sənaye-iqtisadi qüdrəti və ölkə rəhbərliyinin dövlətin strateji inkişafına dair layihələrinin - mühüm dəyər oriyentirləri sistemini harmonik şəkildə əks etdirən layihələrin olması informasiya cəmiyyətinin müasir tələblərinə uyğun surətdə milli mənlik şüurunun transformasiyasının əsasıdır.

Bu gün vətəndaşlıq şüuru lazımi səviyyədə olan hər bir azərbaycanlı müasir Azərbaycan dövlətçiliyinin inkişafına dair tarixi layihəyə özünün şəxsi töhfəsini real şəkildə hiss edə bilər. Məhz, son illərdə təkamül yolu ilə Azərbaycan fərdlərin ölkədə həyata keçirilən bütün tədbirlərin mənasını başa düşmək, dərk etmək imkanına malik şüurlu vətəndaşlara çevrilməsi üçün rahat şərait yaradan ölkə olub.

Azərbaycanda yaranmış iqtisadi inkişaf və dövlət idarəçiliyi modeli, modernləşmə xəttinin seçilməsi, heç şübhəsiz, bundan sonra yalnız təkmilləşəcək və bu mənada Azərbaycan demokratiyasının təkamülü istiqamətində səylər davam etdiriləcək. Lakin artıq indidən demək olar ki, Azərbaycanın inkişaf vektorları barədə Prezidentin strateji planları özünü tamamilə doğruldub.

İndi bütün siyasi ssenarilər və müzakirələr yalnız inkişaf məcrasında nəzərdən keçirilir və bu fakt son illərdə qazanılmış nailiyyətlərin nəticəsidir. İlham Əliyev şəxsiyyətinin fenomeni müasir Azərbaycanın tarixi uğurlarında başlıca rol oynayıb və əgər belə demək mümkündürsə, Azərbaycan millətinin və Azərbaycan dövlətçiliyinin tarixinin növbəti quruculuq mərhələsinin lokomotivinə çevrilib. Bu sahədəki uğurlar mübahisə doğurmur və azərbaycanlıların gələcək nəsilləri tərəfindən layiqincə qiymətləndiriləcək.

Əlbəttə, Azərbaycanın inkişafı indiyədək qazanılmış uğurlarla kifayətlənə bilməz. Buna görə də, gələcəyin fəth edilməsi dövlətin yüksələn xətlə inkişafının növbəti mərhələsində, yəni biliklərə əsaslanan cəmiyyətdə Azərbaycan milli ideyasının əsas vəzifəsidir.

İllər, onilliklər keçəcək, inkişaf etmiş müstəqil Azərbaycanın vətəndaşlarının nəsilləri bir-birini əvəz edəcək, yeni çağırışlar yaranacaq. Lakin 1993-cü ilin yayından başlanmış və bütün sonrakı illərdə gələcək nəsillər üçün azad və insana layiq həyatın təmin edilməsi məqsədilə həyata keçirilmiş tədbirlər millətin kollektiv yaddaşında həmişəlik qalacaq. “Bizim ən yaxşı vətəndaşlarımızın” yeni nəsilləri dövlət idarəçiliyi sükanını əldə saxlayacaq, bu gün Prezident İlham Əliyevin milli ideyanı gerçəkləşdirərək formalaşdırdığı səmərəli dövlətçiliyin, güclü iqtisadiyyatın və açıq cəmiyyətin bünövrəsinə əsaslanacaqlar.

 

 

Ramiz MEHDİYEV,

Azərbaycan Respublikası Prezidenti

Administrasiyasının rəhbəri,

Azərbaycan Milli Elmlər

Akademiyasının akademiki

 

Yeni Azərbaycan.- 2011.- 26 may.- S.2-5.