Əmək Məcəlləsinə edilən dəyişiklik tam zamanında verilmiş qərardır

 

Asəf Hacıyev: Hansısa insan ciddi fəaliyyət göstərmək iqtidarında deyilsə, o, təqaüdə getsə, yaxşı olar

 

Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Asəf Hacıyev “www.yap.org.az” saytına müsahibə verib:

- Asəf müəllim, bu günlərdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Büro iclası keçirilib. Azərbaycanın nümayəndəsi olaraq bu iclasda iştirak etmisiniz. İclasda hansı məsələlər müzakirə olundu?

- Qeyd etdiyiniz kimi, mən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT) Parlament Məclisinin növbədənkənar Büro iclasında iştirak etmək üçün Kiyev şəhərində səfərdə oldum.

Səfər Ukrayna Ali Radasının sədrinin dəvəti əsasında baş tutdu. Bu tədbirdə Parlament Məclisinin bu ilin yayında keçiriləcək növbəti sessiyası, təşkilatın gələcək əməkdaşlıq perspektivləri, indiki vəziyyəti və digər mövzular ətrafında fikir mübadiləsi aparıldı.

Məlumat üçün deyim ki, qurumun növbəti sessiyası 1-2 iyul tarixlərində Ukraynanın paytaxtı Kiyev şəhərində keçiriləcək. Büro iclasında da sessiya öncəsi məsələlər müzakirə edildi. Artıq zaman keçir, hər şey inkişaf edir. Bu mənada büro iclasında vurğulandı ki, təşkilatın nizamnaməsində müəyyən dəyişikliklərin edilməsinin vaxtı gəlib çatıb. Qərar qəbul olundu ki, bu məqsədlə işçi qrupu yaradılsın. İşçi qrupuna nümayəndə heyətlərinin başçıları daxildir və qrupun ilk iclasının iyunun ortalarında İstanbulda keçirilməsi nəzərdə tutulur. Bildiyiniz kimi, hazırda Avropa məkanında inteqrasiya prosesləri gedir, Avropa Parlamenti ilə QİƏT Parlament Məclisinin sıx əlaqələri müşahidə olunur. Hətta bir neçə ay əvvəl Avropa Parlamenti ilə birgə iclas olmuşdu, QİƏT Parlament Məclisinin nümayəndələri Avropa Parlamentinin təmsilçiləri ilə görüşmüşdülər. Həmin tədbirdə əsas məruzəçi mən idim. Məruzə hər iki təşkilat arasında əməkdaşlıq perspektivləri və digər məsələlərə həsr olunmuşdu. Yəni, hazırkı inteqrasiya prosesləri bu təşkilatda da müəyyən yeniliklər, islahatlar həyata keçirilməsini zəruri edir.

Onu da deyim ki, QİƏT Parlament Məclisinin yay sessiyasında qurumun baş katibinin və onun müavinlərinin seçkisi də gözlənilir.

- Ümumiyyətlə, nəzərdə tutulan yeniliklər seçki məsələlərini də əhatə edirmi?

- Bəli, bu prosesin də həyata keçirilməsi zəruridir. Artıq baş katib vəzifəsinə beş ölkənin namizədi var idi. Rusiyalı nümayəndə namizədliyini geri götürdükdən sonra dörd namizəd qalıb. Namizədlər isə Ukrayna, Yunanıstan, Moldova və Türkiyənin nümayəndələridir. Digər tərəfdən, baş katibin üç müavini vəzifəsinə də bir neçə namizəd var. Bu məsələlər ətrafında müzakirələr aparıldı. Hesab edirəm ki, bu baxımdan, çox önəmli bir toplantı idi. Çünki seçki məsələlərində ölkələr arasında fikir yaxınlaşması baş verdi. Əvvəllər hər dəfə seçkilər olanda təşkilat daxilində müəyyən gərginlik yaşanırdı. Niyə? İş burasındadır ki, baş katib vəzifəsi həmişə 3-4 böyük dövlət arasında dəyişir. Amma fikrimcə, belə olmamalıdır. Ona görə də, Azərbaycan nümayəndə heyəti olaraq uzun müddətdir məsələ qaldırırdıq ki, QİƏT Parlament Məclisində mövcud olan vəzifələrə seçimlər rotasiya prinsipinə uyğun müəyyənləşsin. Yəni, təşkilata üzv olan hər bir ölkənin imkanı olsun ki, öz nümayəndəsini burada təmsil etsin. Əvvəllər bu təklif müqavimətlə qarşılanırdı. İndi isə qərar qəbul olundu ki, nizamnamə üzərində iş gedəcək və rotasiya məsələsi nizamnaməyə əlavə olunacaq. Bu dəyişikliklər nəticəsində bir şəxs eyni vəzifəyə iki dəfədən artıq seçilə bilməyəcək. Rotasiya prinsipi tətbiq olunandan sonra Azərbaycan təşkilatda demək olar ki, daimi olaraq öz nümayəndəsini görəcək. Xüsusilə, bu gün nümayəndəmiz komitənin katibidirsə, gələcəkdə onu qurumun baş katibinin müavini və s. vəzifədə görə bilərik. Hesab edirəm ki, Azərbaycan kimi ölkələr üçün bu cür nüfuzlu beynəlxalq təşkilatda öz nümayəndəsini görmək çox önəmlidir.

- Asəf müəllim, başqa bir mövzu ilə bağlı da fikirlərinizi bilmək istərdik. Milli Məclisdə Əmək Məcəlləsinə edilən dəyişikliklər nəticəsində dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işləyən yaşı 65-ə çatan insanlar təqaüdə göndəriləcək. Bu dəyişiklik elm və təhsil sahəsində çalışanlar üçün də tətbiq olunacaq. Bu sahənin adamı kimi bu yeniliyə münasibətiniz necədir?

- Hesab edirəm ki, bu, çox düzgün qərardır. Belə bir qərarın qəbul olunması çox vacibdir. Son illər Azərbaycan Prezidenti tərəfindən elm və təhsilə xüsusi diqqət göstərilir. Dövlət başçısının Sərəncamına əsasən təhsil və səhiyyə işçilərinin dövlət qulluğunun xüsusi növünə aid edilməsilə əlaqədar işlər gedir. Eyni zamanda, Prezident İlham Əliyev AMEA-nın illik ümumi yığıncağında çıxış edərkən elm qarşısında olan vəzifələr haqqında danışdı, daha sonra alimlərin maaşları 20 faiz artırıldı. Bütün bunlar isə o deməkdir ki, dövlət başçısı elmin inkişafına xüsusi diqqət göstərir. Bu da təsadüfi deyil. Çünki əvvəllər hər bir ölkənin inkişafı onun təbii sərvətləri ilə ölçülürdüsə, bu gün dünya dəyişir, dövlətin gücü yalnız onun təbii sərvətləri ilə deyil, eyni zamanda, informasiya texnologiyalarının istehsalı və inkişafı ilə bağlıdır. Bu baxımdan, Azərbaycanda da bu istiqamətdə böyük inkişaf var. Hətta onu da qeyd etmək lazımdır ki, cənab Prezident çıxışlarının birində Azərbaycanda İKT sahəsini neftdən sonra ikinci prioritet sahə elan edib. Eyni zamanda, dövlət başçısı bəyan edib ki, biz neft kapitalını insan kapitalına çevirməliyik. Bu, o deməkdir ki, artıq elm cəmiyyətdə layiqli yerini tutur. Sözsüz ki, burada dövlətin mövqeyi çox önəmlidir və bu baxımdan, Azərbaycan dövləti elmin inkişafı üçün böyük işlər görür.

- Amma cəmiyyətdə bu məsələyə münasibət birmənalı deyil. Əmək Məcəlləsinə edilən dəyişikliklərə etiraz edənlərin arqumentləri əsaslıdırmı?

- Cəmiyyətdə gedən müxtəlif söz-söhbətlərə gəlincə, demək istəyirəm ki, yaşı 65-ə çatmış alimlərin təqaüdə getməsi heç bir problem yaratmayacaq. Çünki dövlətimizin dəstəyi ilə minlərlə gəncimiz xarici ölkələrin nüfuzlu elm-təhsil ocaqlarında təhsil alırlar. Artıq həmin gənclərin bir qismi təhsillərini başa vurub ölkəmizə qayıtmaqdadırlar. Mən hesab edirəm ki, yeni düşüncənin, yeni nəfəsin elm və təhsilə gəlməsi Azərbaycanda bu sahələrin inkişafına böyük bir təkan olacaq. Bununla yanaşı, elm və təhsil sahəsində rəhbər vəzifələrdən də yeni idarəçilik üsulları tələb olunur. Bu baxımdan, gələn gənclər tutduğu vəzifələrdə aldığı biliklərdən istifadə edib idarəetmə üsullarını təkmilləşdirəcəklər. Bu da Azərbaycanda elm və təhsil sahəsinə uğurlar gətirəcək. Ona görə də, hesab edirəm ki, yaşla bağlı qanunvericiliyə edilən dəyişiklik tam zamanında olan qərardır.

Təbii ki, yaşlı insanların da təcrübəsindən istifadə etməliyik. Yaşı 65-ə çatmış alimlərə saat hesabı yolu ilə dərs verilə bilər. Onlar tələbələrin, magistrlərin yetişdirilməsində öz dəstəklərini göstərə bilərlər. Eyni zamanda, bu dəyişikliklər nəticəsində rektorlar qarşısında da böyük imkanlar yaradılır. Bu da seçim imkanıdır. Yəni, aparıcı alim-müəllimlərlə müqavilə imzalamaqla onların imkanlarından istifadə olunacaq. Bu baxımdan rektorların işi yüngülləşəcək. Çünki geniş seçim imkanı olacaq. Bəzi alimlər isə təqaüdə gedəcək. Hansısa insan ciddi fəaliyyət göstərmək iqtidarında deyilsə, o, təqaüdə getsə, yaxşı olar. Dövlət cəmiyyətimizin, vətəndaşların maraqlarını həmişə nəzərə alır. Yəqin ki, yaşı 65-i ötmüş alimlərin də təqaüdləri normal səviyyədə olacaq.

- Eşitdiyimizə görə, siz də elmi fəaliyyətinizdə yeni uğurlar qazanırsınız. Çin universitetlərinin biri sizi “Fəxri professor” seçib...

- Bəli, Kiyevdə səfərdə olarkən bu xoş xəbəri eşitdim. Çində Siçuan vilayətinin Çinq Du şəhərində Siçuan Universiteti fəaliyyət göstərir. Bu universitet Çində böyük nüfuza malikdir. Bir ay əvvəl bu universitetin dəvəti ilə mən bu təhsil ocağında mühazirələr oxumuşdum. İndi Siçuan Universiteti məni özünün “Fəxri professoru” seçib. İyunun 10-da bu elmi titulun təqdimetmə mərasimi olacaq və mən bu məqsədlə Çin Xalq Respublikasına səfər edəcəm.

 

 

Yeni Azərbaycan.- 2011.- 26 may.- S.8.