Yeni Azərbaycan Partiyası ilə
Rumıniyanın Liberal Demokrat Partiyasının əlaqələrinin
gücləndirilməsi hər iki ölkənin münasibətlərində
vacib yer tutur
Yeni Azərbaycan Partiyası
Gənclər Birliyinin sədri Seymur Orucov www.yap.org.az
saytına müsahibə verib:
- Seymur müəllim, bu
günlərdə YAP Gənclər Birliyinin nümayəndə
heyəti Rumıniyada səfərdə olub. Səfər
haqqında məlumat verməyinizi xahiş edirik. Ümumiyyətlə,
YAP Gənclər Birliyinin beynəlxalq əlaqələrinin
genişləndirilməsi baxımından bu səfərin əhəmiyyəti
nədən ibarətdir?
- Bildiyiniz kimi, 16-20 may tarixlərində
Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin
nümayəndə heyəti Rumıniyanın hakim Liberal
Demokrat Partiyasının Gənclər Birliyinin dəvəti
ilə bu ölkədə səfərdə oldu. Nümayəndə
heyətinin tərkibinə mənimlə yanaşı, YAP Gənclər
Birliyinin sədr müavinləri Emil Əliyev və Ramin Məmmədov
daxil idi. Məlumat üçün deyim ki, bir neçə ay
öncə YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədovun
rəhbərliyi ilə partiyamızın nümayəndə
heyəti bu ölkədə səfərdə oldu. O zaman YAP və
Rumıniyanın Liberal Demokrat Partiyası arasında imzalanan
Memorandumda hər iki partiyanın gənclər birliklərinin əlaqələrinin
gücləndirilməsi məsələləri əks olunur.
Məhz bizim səfərimizi də həmin memorandumda nəzərdə
tutulan məsələlərin həyata keçirilməsinin
nümunəsi kimi dəyərləndirə bilərik. Səfərimiz
zamanı Rumıniya parlamentində maraqlı görüşlər
keçirdik. Bu ölkənin parlamenti-Senat və Deputatlar
Palatasından ibarətdir. Senatda görüşümüz
hakim partiya fraksiyasının rəhbəri Radu Alexandru ilə
oldu. Bu görüşdə Azərbaycan – Rumıniya
münasibətləri ilə bağlı fikir mübadiləsi
aparıldı, bu münasibətlərin inkişafında hər
iki dövlətin Prezidentlərinin rolu xüsusi
vurğulandı. Qeyd olundu ki, Azərbaycanla Rumıniya strateji
tərəfdaşdırlar, dövlətlər münasibətlərin
daha da gücləndirilməsində maraqlıdırlar. Bundan
başqa, Deputatlar Palatasının Müdafiə və təhlükəsizlik
komitəsinin üzvü Danuts Liqa ilə
görüşdük. Qeyd edim ki, bu şəxs Azərbaycanın
dostudur və o, ölkəmizə çox böyük maraq
göstərir. Danuts Liqa ölkəmiz haqqında xoş
sözlər dedi, Azərbaycanın Rumıniya
üçün önəmindən geniş bəhs etdi. O, hətta
iyun ayında YAP Gənclər Birliyinin on nəfər
üzvünü Buxarestə dəvət etdi və bu səfərin
bütün xərclərini Rumıniya tərəfinin çəkəcəyini
bildirdi. Bundan əlavə, biz Liberal Demokrat Partiyasının Gənclər
Birliyi sədrinin birinci müavini Sorin Moldovan başda olmaqla bu
partiyanın gəncləri ilə görüşdük. Gənclər
Birliyinin sədrinin səhhətində problem olduğu
üçün görüşdə iştirak etmək
imkanı olmadı.
- Rumıniyanın hakim partiyasının
gəncləri ilə görüşdə hansı məsələlər
müzakirə olundu? Qarşılıqlı əməkdaşlıq
çərçivəsində birgə layihələrin həyata
keçirilməsinin perspektivləri haqda tərəflər nə
qənaətə gəldilər?
- Bu
görüşümüzdə də Rumıniya-Azərbaycan
dövlətlərarası əlaqələrinin
inkişafı ilə bağlı fikir mübadilələrimiz
oldu, iki ölkənin dövlət
başçılarının arasındakı münasibətlərin
dostluq səviyyəsində olduğu vurğulandı.
Rumıniyalı gənclər Azərbaycanla bağlı
olduqca yüksək fikirlərini bildirdilər. Biz ölkəmizdə
olan iqtisadi inkişafdan, yüksək rifahdan, ölkəmizin
son illərdə həyata keçirdiyi irimiqyaslı layihələrdən
bəhs açdıq, Azərbaycanın regiondakı lider
mövqeyi haqda fikirlərimizi bildirdik. Eyni zamanda, YAP Gənclər
Birliyinin fəaliyyəti ilə bağlı qarşı tərəfə
ətraflı məlumat verdik.
Görüşdə, hər
iki partiyanın gənclər birlikləri arasında əlaqələrin
inkişaf etdirilməsi, təcrübə mübadilələrinin
aparılması ilə bağlı müzakirələrimiz
oldu. Həmçinin, partiyaların gənclər birlikləri
arasında əməkdaşlıq memorandumunun imzalanması ilə
bağlı razılıq əldə etdik. Biz rumın gənclərini
ölkəmizə dəvət etdik və onların
partiyamızın Gənclər Birliyi tərəfindən həyata
keçirilən yay məktəblərində iştirak etməsində
maraqlı olduğumuzu vurğuladıq. Tərəfimizdən
Bakı şəhərində Avrasiya Gənclər Forumunun
keçirilməsi ilə bağlı təkliflər səsləndirildi.
Belə bir beynəlxalq tədbirin keçirilməsinə
Rumıniya böyük dəstək verə bilər. Bildiyiniz
kimi Rumıniya Şərqi Avropada Azərbaycanın ən
yaxın tərəfdaşlarından biridir. Bizim dövlətlərarası
əməkdaşlığımız çox yüksək səviyyədədir.
Biz də öz növbəmizdə hər iki ölkənin
hakim partiyasının gəncləri olaraq, əməkdaşlığımızı
daha da inkişaf etdirmək üçün bu tip
görüşlərin davamlı olması qənaətinə
gəldik.
- Bəs Heydər Əliyev
Fondunun Rumıniya nümayəndəliyində keçirilən
görüşlər barədə nə deyə bilərsiniz?
- Səfərimiz çərçivəsində
Buxarest şəhərində yerləşən Heydər Əliyev
Fondunun Rumıniya nümayəndəliyində olduq, nümayəndəliyin
rəhbəri İqbal Hacıyevlə görüşdük.
Biz Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin
bu ölkədəki fəaliyyəti ilə yaxından
tanış olduq və görülən işlərdən
qürur duyduq. Onu da vurğulamaq istəyirəm ki, nümayəndəlikdə
Rumıniyada yaşayan Azərbaycan diasporası ilə
görüş keçirdik. Görüşdə bu ölkədə
yaşayan və təhsil alan soydaşlarımız, Heydər
Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyinin əməkdaşları,
Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Rumıniya-Azərbaycan
Ticarət və Sənaye Palatasının, Rumıniya-Azərbaycan
Gənclər və Mədəniyyət Assosiasiyasının
üzvləri iştirak edirdilər.
Mən Azərbaycan
Respublikasının dirçəlişi, ölkəmizin
sürətli inkişafı, YAP-ın Gənclər Birliyinin
fəaliyyəti, Azərbaycan Prezidenti İlham Əliyevin
ölkəmizin gənclərinə olan dəstək və
qayğısı haqqında ətraflı məlumat verdim.
Görüşdə Ramin Məmmədov xaricdə yaşayan
Azərbaycan diasporasının rolu və istiqaməti
haqqında söhbət açdı. Xarici ölkələrdə
yaşayan Azərbaycan diasporasının erməni təbliğatına
qarşı daha da aktiv olmasının zəruriliyini deyərək
bu yolda YAP-ın Gənclər Birliyinin Rumıniyada yaşayan
Azərbaycan diasporasına hər zaman dəstək verə biləcəyini
söylədi.
Emil Əliyev isə Azərbaycan
Respublikasının beynəlxalq müstəvidə rolu, biznes
mühiti və Azərbaycana qoyulan xarici investisiyalar
haqqında görüş iştirakçılarına məlumat
verərək, ölkəmizin son bir neçə ildə
iqtisadiyyatın ən yüksək inkişaf tempinə
çatdığını və bir çox dünya ölkələrinə
nümunə ola biləcəyini vurğuladı.
Onu da bildirmək istəyirəm
ki, söhbətlərimiz zamanı sadə rumınların da
Azərbaycan haqqında xoş fikirdə olduqlarını
müşahidə etdik. Təsadüfi deyil ki, Buxarest sakinləri
burada yerləşən “Heydər Əliyev parkında” istirahət
edir, Ümummilli liderimizin əziz xatirəsini ehtiramla yad edirlər.
Rumınlar iki ölkə arasında münasibətlərin
qurulmasında Ulu öndər Heydər Əliyevin xidmətlərini
minnətdarlıqla xatırlayırlar.
- Seymur müəllim, diaspor
nümayəndələrimiz Azərbaycanın bu ölkədə
daha yaxından tanıdılması istiqamətində
hansısa təkliflər, fikirlər irəli sürdülərmi?
- Bəli, görüş zamanı müəyyən təkliflər də səsləndirildi. Belə təkliflərdən biri də YAP-ın üzvü olan gənc müğənnilərin Buxarestdə konsertinin təşkili ilə bağlı oldu. Artıq bu istiqamətdə ilkin razılığa gəlinib. Yəqin ki, belə bir konsert Buxarestdə reallaşdırılacaq. Bundan başqa, rumıniyalı gənc tədqiqatçının Azərbaycana gəlib burada elmi-tədqiqat aparmaq təklifi səsləndirildi. Təbii ki, biz bunda çox maraqlıyıq. Çünki həmin tədqiqatçının əsəri kitab şəklində nəşr olunacaq. Azərbaycanın Ermənistan tərəfindən təcavüzə məruz qaldığını nəzərə alsaq, Azərbaycan həqiqətlərinin bu ölkədə yayılması olduqca böyük əhəmiyyətə malikdir. Bizim diasporumuz erməni təcavüzü ilə bağlı Rumıniya cəmiyyətinə geniş məlumatlar çatdırırlar və bu yöndə gələcəkdə də ciddi şəkildə fəaliyyət göstərəcəklərini vurğulayırlar. Dövlətimizin siyasəti ilə yanaşı, diasporumuzun fəaliyyətinin bəhrəsidir ki, bu ölkə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və rumınlar ermənilər tərəfindən xalqımızın başına gətirilən fəlakətlər haqqında məlumatlıdırlar.
Onu da bildirim ki, yuxarıda səsləndirilən təkliflərin həyata keçirilməsi Heydər Əliyev Fondunun dəstəyi ilə baş tutacaq. Ümumiyyətlə, hesab edirəm ki, bu səfərimiz çox uğurlu oldu. Yeni Azərbaycan Partiyası və Rumıniyanın Liberal Demokrat Partiyası arasında əlaqələrin gücləndirilməsi hər iki ölkənin münasibətlərində vacib yer tutur.
Mən bu səfərin reallaşmasında göstərdikləri dəstəyə görə, partiyamızın rəhbərliyinə təşəkkür edirəm. Eyni zamanda, Rumıniyada nümayəndə heyətimizə diqqət göstərdikləri üçün Azərbaycanın bu ölkədəki səfirliyinə minnətdarlığımızı bildirmək istəyirəm. Qeyd etmək istəyirəm ki, YAP Gənclər Birliyi olaraq beynəlxalq əlaqələrimizi daha da gücləndirmək üçün bundan sonra da səylə çalışacağıq.
Yeni Azərbaycan.- 2011.- 26 may.- S.8.