Azərbaycan hökuməti
növbəti “Eurovision” yarışmasını təşkil
etməyə tam qadirdir
Əli Həsənov: Birmənalı şəkildə bəyan
edirəm: Azərbaycan hökuməti AYB-nin tələbləri
çərçivəsində EMM-in keçirilməsi
üçün bütün lazımi şəraiti təşkil
etməyə, müsabiqəyə qatılan insanların təhlükəsizliyinə,
rahatlığına və onlar üçün münbit
iş şəraitinin yaradılmasına hazır və
qadirdir
Prezident
Administrasiyasının İctimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənovun “Trend”ə
müsahibəsi:
- Əli müəllim, Avropa
Yayımları Birliyinin (AYB) son “Eurovision”
yarışmasının nəticələri artıq bəllidir.
Azərbaycan təmsilçiləri Nigar Camal və Eldar
Qasımov builki yarışmanın qalibləridir. Qaydalara
görə, növbəti yarışma qalib ölkədə
- yəni Azərbaycanda keçirilməlidir. Təbii ki, Azərbaycana
çoxsaylı turist axını gözlənilir. Azərbaycan
gələn qonaqların təhlükəsizliyinə zəmanət
verirmi?
- Əvvəlcədən onu
qeyd edim ki, “Eurovision” mahnı müsabiqəsi (EMM) Avropa
Yayımları Birliyinə məxsus nüfuzlu beynəlxalq
musiqi yarışmasıdır. Neçə illərdir ki, bu
yarış qitənin musiqi ictimaiyyətinin və
tamaşaçıların bir nömrəli “brendi” səviyyəsində
təşkil olunur və həyata keçirilir. Yeri gəlmişkən,
AYB-yə, eləcə də 56-cı “Eurovision” müsabiqəsinə
ev sahibliyi etmiş Almaniyanın İctimai
yayımçılarına - NDR və ZDF kanallarına belə
möhtəşəm, tam obyektiv və şəffaf bir
müsabiqə keçirdiklrinə görə bəri
başdan təşəkkür edirik. Yarışmanın
sonuncu qalibləri, adını çəkdiyiniz iki Azərbaycan
gəncidir. Biz hər birimiz azərbaycanlı olaraq ölkəmizi
yüksək səviyyədə Avropada təmsil etdiklərinə,
bu nüfuzlu mükafatı Azərbaycana
qazandırdıqlarına görə həm qürur hissi
keçiririk, həm də Nigarla Eldara təşəkkür
edirik. Sualınıza gəlincə, birmənalı şəkildə
bəyan edirəm: Azərbaycan bu gün postsovet bölgəsinin
ən sabit və təhlükəsiz ölkəsidir. Hər
il bizdə neçə-neçə beynəlxalq idman, mədəniyyət,
ictimai-siyasi və s. tədbirlər keçirilir,
dünyanın müxtəlif ölkələrini təmsil edən
minlərlə iştirakçılar, jurnalistlər, turistlər
Azərbaycana gəlir. Hələ bir dəfə də olsun bu
tədbirlərə qatılan hansısa insanla bağlı
ölkəmizdə xoşagəlməz hadisə
yaşanmayıb. Yəni beynəlxalq tədbirlərin
keçirilməsi sahəsində mənim ölkəmin kifayət
qədər təcrübəsi vardır. Son zamanlar yerli və
beynəlxalq mətbuatda bu tipli suallara tez-tez rast gəlinir.
Görəsən Azərbaycan bu qədər insanı
qarşılamağa, yerləşdirməyə, onların təhlükəsizliyini,
viza məsələlərini həll etməyə və s.
hazırdırmı? Bu günlərdə bu məsələ
Azərbaycan Prezidenti cənab İlham Əliyevin yanında
geniş müzakirə də olunub. Birmənalı şəkildə
bəyan edirəm: Azərbaycan hökuməti AYB-nin tələbləri
çərçivəsində EMM-in keçirilməsi
üçün bütün lazımi şəraiti təşkil
etməyə, müsabiqəyə qatılan insanların təhlükəsizliyinə,
rahatlığına və onlar üçün münbit
iş şəraitinin yaradılmasına hazır və
qadirdir.
- Bəzi dairələr hesab
edirlər ki, Azərbaycanın mövcud viza rejimi bu qədər
insanın ölkəyə sərbəst daxil olmasına
müəyyən problem yarada bilər. Bununla bağlı nə
deyə bilərsiniz?
- Mən artıq söylədim.
Bütün təşkilati məsələlərlə
bağlı cənab Prezident müvafiq dövlət
qurumlarına göstəriş verib. Viza məsələsində
də hər hansı bir problem olacağını
düşünmürəm. Müsabiqəyə qədər
elə bir həll variantı seçiləcək ki, Azərbaycana
gələcək on minlərlə insanın viza alması sadə
və asan yolla təmin edilsin.
- Düsseldorf təcrübəsi
göstərdi ki, musiqi yarışmasını
işıqlandırmaq üçün hardasa tədbirlərə
3-5 minə qədər jurnalist qatılır. Onların fəaliyyəti,
fikir-söz azadlığının təminatı, azad
yayım imkanları və s. barədə nə deyə bilərsiniz?
- Azərbaycan açıq cəmiyyətli
və plüralizmin hökm sürdüyü bir ölkədir.
Burada Avropa dəyərlərinə, düşüncə,
söz və mətbuat azadlığına xüsusi önəm
verilir. Jurnalistlərin öz peşə fəaliyyətini
yüksək səviyyədə həyata keçirməsi
üçün bu tədbirdə də Azərbaycan hökuməti
bütün mövcud imkanlarından istifadə edərək,
lazımi şərait yaradacaqdır. Bu sahədə heç
bir problemyaradıcı hala yol verilə bilməz. Azad
yayımın təşkili üçün ölkəmizin
bütün texniki resurslarını səfərbər edəcəyik.
Beynəlxalq medianın bu prosesləri geniş
işıqlandırması bilavasitə Azərbaycanın
maraqlarına cavab verir.
- Əli müəllim, bir məsələ
də son zamanlar geniş müzakirə olunur: Azərbaycan
növbəti “Eurovision” yarışmasını beynəlxalq
standartlara və tələblərə uyğun keçirə
biləcəkmi? Görüləcək bütün bu işlərin
hansısa koordinasiyası mövcuddurmu?
- Bilirsiniz, hər bir dövlət
onun ərazisində keçirilən bu və ya digər beynəlxalq
tədbirdə çalışır ki, işlər yüksək
səviyyədə təşkil olunsun və əvvəlkilərdən
daha yüksək nəticələr əldə edilsin. Əlbəttə,
Azərbaycan Almaniya kimi, İngiltərə kimi, yaxud Rusiya kimi
ölkələrlə müqayisədə daha kiçik
dövlətdir və imkanları da onlardan xeyli
aşağıdır. Lakin, buna baxmayaraq, biz bütün
imkanlarımızı ortaya qoymağa və əvvəlki illərdəki
yarışmalardan qətiyyən geri qalmayan, hətta bəlkə
daha üstün yarışın keçirilməsinə
iddialıyıq.
Əlbəttə, bu tədbir
Avropa Yayım Birliyinindir, onun necə təşkil
olunmasını, “Eurovision” yarışmasının
keçirilməsi qaydalarını, şərtlərini,
normalarını da bu qurum və onun Azərbaycandakı təmsilçisi
- müstəqil yayım təşkilatı olan İctimai TV
müəyyənləşdirir. Dövlət isə
yarışa müdaxilə etmədən, onun keçirilməsi
üçün ölkə daxilində şəraitin
yaradılması, təkrar edirəm, təhlükəsizlik,
viza, qonaqların yerləşdirilməsi, tədbirlərin
keçiriləcəyi yerin hazırlanması, gələn
jurnalistlərin və digər kateqoriyalı insanların azad fəaliyyətinin
təmin olunması işini təşkil edir. Bu sahədə
cənab Prezident tərəfindən yaradılmış
dövlət komissiyası Avropa Yayım Birliyi, İctimai TV ilə
öz işlərini mütləq şəkildə koordinasiya
edəcəkdir. Azərbaycan dövlətinin adından bir daha
rəsmi bəyan edirəm ki, AYB-nin tələbləri çərçivəsində
Azərbaycan hökuməti “Eurovision”
yarışmasının keçirilməsi üçün
bütün tələb olunan şəraiti təşkil etməyə
qadirdir.
- Əli müəllim, bu
sualı Sizdən soruşmağı
düşünmürdüm. Amma mətbuatda artıq bu barədə
yazıldığına görə rəsmilər tərəfindən
cavablandırılmasına ehtiyac var. “Eurovision”
yarışmasında müxtəlif kateqoriyalardan olan insanlar,
o cümlədən qrup şəklində cinsi
azlıqların nümayəndələri də iştirak
edir. Onların ölkəmizdə tam sərbəst hərəkət
etməsində bir problem yaşanmayacaq ki?
- Mən müsahibənin əvvəlində
söylədim ki, Azərbaycan tam sabit və təhlükəsiz
ölkədir. O, bütün parametrləri ilə həm də
Cənubi Qafqazın tolerantlıq nümunəsi
sayılır. Bizdə bütün dünyanın müxtəlif
sivilizasiyalarını, dini cərəyanlarını təmsil
edən məbədlər sərbəst şəkildə
tikilir, özü də bəzi dövlətlərdə
olduğu kimi muzey kimi deyil, mövcud dini icmaların, fərqli
dini əqidə daşıyıcılarının ziyarətgahı
kimi real fəaliyyət göstərir. Azərbaycan həm də
beynəlmiləl ölkədir və burada onlarla fərqli xalq
və millətlərin, etnik qrupların nümayəndələri
sülh və əmin-amanlıq içində
yaşayırlar. Bu günədək nə milli, dini, nə də
ki, fərqli sivilizasiya, oriyentasiya və s. zəminində Azərbaycanda
bir dəfə də olsun hər hansı diskriminasiya halına
rast gəlinməmişdir. Bizim qonaqpərvərliyimiz
bütün dünyada məşhurdur. Biz
qonaqlarımızı hansısa dini, milli, cinsi və s.
kateqoriyalara bölməyə adətli deyilik. Bu insanlar Azərbaycanın
qonaqpərvərliyinə, tolerantlığına,
müasirliyinə tam güvənə bilərlər və
onların ölkəmizdə azad və sərbəst
olmaları üçün heç bir problem
yaşanmayacaqdır.
Yeni Azərbaycan.- 2011.- 26 may.- S.6.