Əli Əhmədov: Hər bir vətəndaş Azərbaycan qanunları
qarşısında bərabərdir
Yeni Azərbaycan
Partiyasının Sədr müavini-İcra
katibi, Milli Məclisin
deputatı Əli Əhmədov APA-ya
müsahibə verib
- Bir neçə gün öncə YAP
rayon və şəhər təşkilatları sədrlərinin
ümumrespublika müşavirəsi keçirildi.
Müşavirədən sonra keçirilməsi nəzərdə
tutulan konfranslara hazırlıq işləri necə gedir?
- Biz artıq YAP-ın rayon
və şəhər təşkilatlarının
konfranslarının keçirilməsi hazırlıqlarına
start vermişik. Təxminən
bir aydan sonra konkret rayon
və şəhər təşkilatlarında konfranslar
keçiriləcək. YAP-ın Nizamnaməsinə
uyğun şəkildə müəyyən
müddətdən bir partiyanın rayon və şəhər təşkilatları
konfranslarını keçirir,
hesabatlarını təsdiqləyir, tərkibdə müəyyən
dəyişiklik etmək zərurət yaranırsa, bunu edir, yeni
tərkibi təsdiq edir, növbəti fəaliyyət
üçün proqram
müəyyənləşdirilir. Hesab edirik
ki, YAP-ın qarşıdan gələn rayon və şəhər təşkilatlarının
konfransları yüksək fəallıq şəraitində
keçəcək. Ən azı ona
görə ki, YAP əvvəlki konfranslardan keçən dövr
ərzində əhəmiyyətli dərəcədə inkişaf edib,
partiyanın say tərkibi xeyli
artıb, partiyanın Azərbaycanın ictimai-siyasi
həyatında böyük uğurlar silsiləsi davam
edib, daha da artıb, partiya ötən
seçkilərdə qələbə qazanıb. Beləliklə,
YAP növbəti dəfə Azərbaycanın ictimai-siyasi
həyatında hakim partiya
statusunu təsdiq edib.
Bütün bunlar
YAP-ın əldə etdiyi uğurlar,
qazandığı nailiyyətlərdir. Keçiriləcək
konfranslarda bu barədə
həm danışılacaq, həm də növbəti dövr üçün fəaliyyət
proqramları təsdiqlənəcək. İnanıram ki, qarşıdakı konfranslar
partiyamızın həyatında əhəmiyyətli hadisə
kimi yadda qalacaq.
- Bir müddət öncə işdən azad edilmiş təhsil nazirinin müavinləri arasında YAP Siyasi Şurasının iki
üzvünün olması birmənalı
qarşılanmadı. Buna münasibətinizi
öyrənmək istərdik. Elmar
Qasımov və İradə Hüseynova
YAP Siyasi Şurasının üzvü kimi
qalacaqlarmı?
- Bəli, onlar həqiqətən də YAP Siyasi Şurasının üzvləridir. Amma YAP-ın üzvü olmaq, hətta YAP-ın yüksək səviyyəli
seçkili orqanlarında təmsil olunmaq kimisə hansısa vəzifədən azad edilməkdən xilasedici
vasitə rolunu oynamır, kiminsə
sığortalanması demək deyil.
Nazirləri və nazir müavinlərini vəzifəyə
təyin etmək və vəzifədən azad
etmək səlahiyyəti müstəsna olaraq
Konstitusiya ilə Azərbaycan prezidentinə
məxsusdur. Prezident də bu
məsələləri öz səlahiyyətləri
çərçivəsində lazım bildiyi
zaman həll edir. Azərbaycan
təhsil nazirinin üç
müavininin eyni zamanda işdən azad
edilməsi Azərbaycan prezidentinin ölkənin
təhsil sahəsində həyata keçirdiyi
islahatlara yeni impuls vermək istəyindən irəli gəlib.
Azərbaycan cəmiyyəti də bunu bu cür qəbul edir. Bununla yanaşı,
deməliyəm ki, YAP Siyasi
Şurasının üzvləri olan sabiq müavinlər YAP-ın fəalları kimi partiya ilə bu gün də əlaqələrini
saxlayıblar. Hesab edirik
ki, onlar bundan sonra da
YAP-ın işində yaxından iştirak
edəcəklər.
- “İctimai Palata” ilə
bağlı yaranmış vəziyyəti necə şərh
edərdiniz?
- “İctimai Palata”
adlandırılan qurum fəaliyyət
göstərdiyini sübut etmək üçün çox
müxtəlif toplantılar keçirir. Bu, Azərbaycan
müxalifətinin son 15 il
ərzində birləşmək istiqamətində
atdığı və nəticə etibarilə hər
hansı uğura çıxarmayan
addımlarından biridir. “İctimai
Palata” son vaxtlar hansısa “yol xəritəsi”
adlandırılan layihə hazırlayıb, orada
özlərinin bəzi fikirlərini əks etdiriblər.
Bununla tanış olanda
belə qənaətə gəldim ki, görünür, “İctimai
Palata” ya Amerikanı təzədən
kəşf etmək istəyir, ya da velosipedi təzədən
yaratmaq fikrindədir. O şeyləri ki, özlərinin uydurduqları “yol xəritəsi”ndə ictimaiyyətə təqdim
etmək istəyirlər, onlar Azərbaycanda
çoxdan həllini tapmış məsələlərdir.
Bu gün Azərbaycanda “demokratiya
qurmaq” haqqında planlar
cızmaq və s. bundan
xəbər verir ki,
ölkəmizin hansı dövrdə, hansı mərhələdə
yaşamasından ya xəbərsizdirlər,
ya da sadəcə bunu qəbul etmək istəmirlər. 21-ci əsrin
birinci onilliyi başa çatıb, artıq ikinci onilliyin
başlanğıcındayıq. Ölkəmiz 20-ci əsrin
90-cı illərində deyil. Onların indi dedikləri məsələlər ötən
əsrin 90-cı illərində Azərbaycanın ictimai-siyasi həyatının gündəmindəydi.
O zaman, yəni 90-cı illərin əvvəllərində
onların bəzilərinin - hansılar ki,
hakimiyyətdə təmsil olunmaq
şansı əldə etmişdilər - indi
dedikləri məsələləri həyata keçirmək
imkanları var idi. Amma o zaman bu
insanlar indi təqdim
etdiklərini həyata keçirmək istəmədilər. Çünki başları tamam
ayrı işlərə qarışmışdı. “İctimai Palata”nın ümumi
fəaliyyətini boşluqdan
yığışaraq vaxt keçirmək
kimi səciyyələndirmək olar. Onlar Azərbaycan
cəmiyyəti tərəfindən soyuq
biganəliklə qarşılanırlar. Bir
şeyi də deyim ki, “İctimai Palata” adlandırılan qurum
Azərbaycan müxalifətinin bütün
palitrasını əks etdirmir. Baxmayaraq ki, onlar özlərini Azərbaycan müxalifətinin
təmsilçisi kimi təqdim edirlər.
Halbuki müxalifətin digər hissəsi
“İctimai Palataya”
qarşı kifayət qədər sərt mövqedə dayanır.
- “Yol xəritəsi” YAP-a rəsmi
olaraq göndərilmişdimi?
- Həmin “yol xəritəsi” adlandırılan layihəni
poçtla bizə də göndərmişdilər,
tanış oldum. Tanışlıq nəticəsində
də gəldiyimiz qənaət bu oldu ki, onlar
sanki Amerikanı təzədən kəşf
etmək istəyiblər. Onlar deyəsən
bir toplantı keçirirdilər, sənədi
də bizə həmin toplantıya dəvət etmək məqsədilə
göndərmişdilər. Amma deməliyəm
ki, sənəd bizə çatanda,
artıq toplantı başlamışdı. Təbii, onlar özləri məxsusi şəkildə
elə bir vaxtda
göndərmişdilər ki, bu məktub bizə çatanda,
toplantı başa çatmış olacaq. Yəni, formal bir göndəriş idi ki, hamıya desinlər ki,
baxın, biz, Yeni Azərbaycan
Partiyasına da dəvət göndərdik.
Amma istənilən halda,
“yol xəritəsi”ndə müzakirə oluna biləcək, hər hansı ciddi müzakirə üçün
diqqəti cəlb edəcək nəsə yoxdur.
Azərbaycanın çoxdan keçdiyi, həllini tapmış məsələləri
“İctimai Palata”
adlandırılan qurum yenidən
müzakirə predmetinə çevirmək istəyib, guya ki, Azərbaycanın demokratiyaya keçidini təmin
etmək üçün tədbirlər
görürlər. Azərbaycan bu yolu çoxdan keçib. Əlbəttə, biz
Azərbaycanda demokratiyanın daha da təkmilləşdirilməsi, demokratik təsisatların daha
da gücləndirilməsi üzərində
işləyirik. Azərbaycan hökuməti bu
istiqamətdə üzərinə götürdüyü
öhdəliklərə sadiqdir. Amma “İctimai Palata” deyilən qurumun Azərbaycanda
yumşaq şəkildə demokratiyaya keçid
problematikası təbii ki, reallıqdan
tamamilə uzaqdır. Bu, bir
daha deyirəm, Amerikanı yenidən kəşf
etmək niyyətinə oxşayır. Amerika
isə çoxdan kəşf edilib.
- “İctimai Palata”nın 2 aprel
aksiyasında tutulmuş şəxslərin
məhkəməsində Müsavat
Partiyasının başqanı İsa Qəmbər
aksiyanın bütün məsuliyyətini
üzərinə götürdüyünü
dedi...
- Hüquq məntiqi ilə hər bir hüquq pozuntusuna həmin hüquq
pozuntusunda iştirak etmiş insan cavab verməlidir. Əgər kimsə bir cinayəti törədibsə,
başqasının həmin cinayəti törətməyə-törətməyə
məsuliyyəti üzərinə götürməsi, onun məsuliyyətə cəlb edilməsi üçün
əsas yaratmır. Düşünürəm ki,
İsa Qəmbər bunu
özü də bilir.
Bu səbəbdən
də onun məhkəmədə
çıxış edərək, guya məsuliyyəti
öz üzərinə götürməsi
populizmdən başqa bir
şey deyil. İsa Qəmbər özü
də çox gözəl bilir ki, hər kəs hüquqazidd əməlinə görə
yalnız özü cavab
verməlidir. Bu mənada, İsa Qəmbərin bu populist çıxışı yalnız öz tərəfdarları arasında müəyyən
səbəblərlə əlaqədar itirilən mövqelərini
kompensasiya etməyə hesablanıb. Ola bilsin, başqa
məqsəd də var. Bu məhkəmələrlə
bağlı bəzi müxalifət qəzetlərində
yaradılan rezonansa gəlincə, hüquqi cəmiyyətdə hər bir vətəndaş hərəkətinə hüquq məntiqi baxımından qiymət
verilməlidir. Əgər
razılaşdırılmamış aksiyalar
keçirilirsə, bu aksiyalar
zamanı Azərbaycanın qanunları pozulursa,
bu pozuntuda rol oynamış insanlar müvafiq şəkildə öz
hərəkət və əməllərinə cavab verməlidir. Bu məsələdə
kimin partiya təmsilçisi,
fəalı olması onların məsuliyyətdən azad edilməsinə hər hansı əsas
yaratmır. Günahkarın hər biri öz əməlinə görə cavab verməlidir. İstər müxalifət,
istərsə də başqa partiyanın
təmsilçisi olsun. Bu
mənada YAP Siyasi Şurasının
üzvləri olan nazir
müavinlərinin vəzifələrindən azad
olunmalarında da təəccüblü bir şey yoxdur.
Hansı təşkilata mənsubluğundan asılı olmayaraq, hər bir vətəndaş
Azərbaycan qanunları qarşısında bərabərdir.
- YAP-la müxalifət partiyaları arasında dialoq, debat gözlənilirmi?
- Biz Azərbaycanda ayrı-ayrı siyasi partiyaların təmsilçiləri, o cümlədən hakimiyyətdə olan partiya ilə
müxalifət partiyalarının təmsilçiləri
arasında dialoq, yaxud
debat məsələsinə tamamilə
müsbət yanaşmışıq. Amma
məsələ burasındadır ki, bəzi
adamlar müxalifət dedikdə məhdud sayda olan ayrı-ayrı
partiyaları və onları təmsil edən insanları nəzərdə
tuturlar. Sanki bəzi
müxalifətçilər müxalifət
anlayışını da inhisara
almaq fikrinə düşüblər. Bununla da elə hesab edirlər ki, əgər
YAP-ın bir təmsilçisi məsələn,
İsa Qəmbər, yaxud
Əli Kərimli ilə debat
aparmayıbsa, bu, Azərbaycanda
iqtidar-müxalifət debatının, dialoqunun
olmaması deməkdir. Axı nəyə görə Azərbaycan
müxalifətinin parlamentdə təmsil olunan
nümayəndələri ilə YAP-ın təmsilçiləri
arasında debatlar iqtidar-müxalifət
debatı kimi qəbul olunmasın? Bununla yanaşı, deyim ki, biz hər hansı təşəbbüs
olacağı halda onda
iştirakdan heç zaman imtina etmirik.
- Son günlərdə BBC telekanalı tərəfindən
Azərbaycan boksunda rüşvət
iddiası ilə bağlı nə deyə bilərsiniz?
- Mətbuatda
yayılmış bu informasiyaların nə
qədər ciddi əsasları var, deyə bilmərəm. Amma
bir neçə məqamı demək istərdim.
Məlum olduğu kimi,
Azərbaycanda boks üzrə Dünya Çempionatı keçirilir.
Bu, Azərbaycanın idman
həyatı üçün əhəmiyyətli
hadisələrdən biridir. Bu, ondan xəbər verir ki, bütövlükdə Azərbaycan dünyada idmanın və bədən tərbiyəsinin
inkişafına əhəmiyyətli töhfələr verən
ölkələrdən birinə çevrilib.
Ölkəmizdə tez-tez müxtəlif səviyyəli
idman yarışları, Avropa
və Dünya Çempionatları təşkil
olunur. Digər tərəfdən,
hazırda keçirilən boks üzrə
Dünya Çempionatının özəlliklərindən
biri də odur ki, bu çempionatda
2012-ci ildə Londonda keçiriləcək
Olimpiadaya lisenziyalar əldə
etmək mümkün olacaq.
Bütün bunlar təbii
ki, kimlərdəsə Azərbaycana
qarşı qısqanclıq hissləri yaradır. Mən
yayılan məlumatları daha çox Azərbaycana qarşı
yaranmış qısqanclığın nəticəsi hesab edirəm. İkincisi,
bunu Azərbaycanda keçirilən bu böyük idman hadisəsinin üzərinə kölgə
salmaq cəhdi sayıram.
Bütövlükdə, bu kampaniya və yazılarda Azərbaycana
qarşı təzyiq elementləri də hiss
edilir. Əslində, bunu
görməmək mümkün deyil. Azərbaycan boksçularının beynəlxalq
yarışlarda yüksək nəticələr əldə etdiyi hamıya məlumdur. Qarşıdan gələn
Olimpiada da
idmançılarımızın yüksək nəticələr
əldə etmək ehtimalı kifayət qədər böyükdür. Beləliklə də, Azərbaycan
idmançılarının bir ildən sonra keçiriləcək yarışlarda əldə
edə biləcəyi qələbənin üzərinə əvvəlcədən
kölgə salma kampaniyası həyata
keçirirlər. Hesab edirəm ki, bu, Azərbaycandan çox Beynəlxalq Boks
Federasiyasının problemdir, yəqin onlar da məsələyə
aydınlıq gətirəcəklər. Nəticə etibarilə
həqiqət, bunun Azərbaycanda
keçirilən böyük idman yarışının üzərinə
kölgə salmaq cəhdləri olduğu üzə çıxacaq.
Yeni Azərbaycan.- 2011.- 1 oktyabr.- S.4.