Ulu öndər Heydər Əliyevin torpaq islahatları Azərbaycanın 20 illik inkişaf tarixində müstəsna rola malikdir

 

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, akademik Qərib Məmmədov www.yap.org.az saytına müsahibə verib:

- Qərib müəllim, ölkəmizin ikinci dəfə müstəqillik əldə etməsindən 20 il ötür. Ötən bu müddət ərzində əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş torpaq islahatının həyata keçirilməsində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin üzərinə böyük məsuliyyət düşmüşdür. Sizcə, torpaq islahatının aparılması hansı zərurətdən yaranmışdı və bu 20 ildə əldə edilən nəticələr Sizi qane edirmi?

- Məlumdur ki, 1991-ci ildə Sovetlər Birliyinin dağılmasından sonra mövcud olan asılı iqtisadiyyat sistemi digər respublikalar kimi, Azərbaycanı da ağır iqtisadi böhrana saldı. Respublikanı bu böhrandan çıxarmanın yeganə və düzgün yolu ölkə iqtisadiyyatını qısa bir müddətə yeni iqtisadi əsaslarla bərpa etmək idi ki, bunun da həyata keçirilməsi üçün ilk növbədə, aqrar-torpaq islahatları aparmaq lazım gəlirdi. Müstəqillik əldə edilməsinin ilk üç ili (1991-1993) ərzində ölkə qarşısında duran çoxsaylı iqtisadi, ictimai-siyasi və başqa problemlər nəinki həll olunmur, əksinə, qonşu Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində daha da dərinləşirdi. Bu təcavüz nəticəsində bir milyona yaxın həmvətənimiz qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Bu illər həm də dövlət çevrilişi cəhdləri və siyasi intriqalar dövrü kimi səciyyələnir. O zamankı ölkə rəhbərliyinin səriştəsizliyi ucbatından respublikada sənaye məhsulları istehsalı 62 faiz, kənd təsərrüfatı məhsulları - 44 faizə düşmüş, əhalinin həyat səviyyəsi xeyli pisləşmişdi.

Belə ağır günlərdə xalqımız öz xoşbəxtliyinin xilaskarı kimi Ulu öndərimiz Heydər Əliyevə üz tutdu. Çünki onlar yaxşı bilirdilər ki, Ümummilli liderimiz hələ sovetlər dönəmində respublikamıza rəhbərlik etdiyi 1969-cu ildən torpaq amilinə yüksək qiymət vermiş, Azərbaycan Respublikasının başçısı kimi xalq təsərrüfatının bütün sahələrini, o cümlədən, kənd təsərrüfatında yaranmış geriliyin səbəblərini avqust plenumunda geniş təhlil edib, 1970-ci ilin iyul ayında SSRİ Nazirlər Sovetində “Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalının daha da intensivləşdirilməsi tədbirləri haqqında” qərar qəbul etdirmişdir. Təbii ki, həmin dövr üçün bu istək böyük cəsarət və əzmkarlıq tələb edirdi.

Nəhayət, Azərbaycan xalqının bütöv əksəriyyətinin təkidli xahiş və tələbi ilə hakimiyyətə gələn Ulu öndərimiz Heydər Əliyev tarixdə heç vaxt Azərbaycan kəndlisinə aid olmayan torpağı kəndliyə verməklə, tarixi ədaləti bərpa etmək qərarına gəldi.

“Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 1996-cı ildə qəbul edilməsinə baxmayaraq, bu məsələnin təməli, əslində, Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə rəhbərlik etdiyi dövrdə, 1992-ci ildə Culfa rayonunun Şurut və Gal kəndlərindəki torpaqların kəndlilərə verilməsi ilə qoyulmuşdu.

Torpaq - vətəndaş münasibətlərində həyata keçirilən tarixi və inqilabi hadisənin birinci mərhələsinin yekunlarını Ulu öndər Heydər Əliyev olduqca yüksək qiymətləndirərək demişdir: “Biz torpaq islahatının aparılmasında radikal tədbirlərə əl atmışıq. Deməliyəm ki, nəticə idealdır. Özü də bu, hələlik başlanğıcdır”.

Torpaq islahatları nəticəsində respublikamızda mövcud olmuş 2032 təsərrüfat, yəni, kolxoz və sovxozlar ləğv edilərək, onların əkinə yararlı münbit torpaqları əhaliyə paylanıldı. İşğal olunmuş rayonlarımız istisna olmaqla ölkəmizdə torpaq payı almaq hüququ olan 870 min ailəyə torpaq payı verildi. Bu, 3 442 778 subyekt demək idi. Torpaq islahatları nəticəsində torpaq üzərində üç mülkiyyət forması müəyyənləşdi. Azərbaycanın vahid torpaq fondunu təşkil edən 8 641 506 hektar torpaq sahəsindən 4 913 639 hektarı, başqa sözlə 56,9 faizi dövlət mülkiyyətində saxlanıldı; 2 032 744 hektarı, yəni, 23,5 faizi bələdiyyə mülkiyyətinə verildi; 1 695 123 hektarı, yəni, 19,6 faizi isə xüsusi mülkiyyətə ayrıldı.

Torpaq islahatları həmişə inkişafda olan dinamik bir prosesdir ki, bu proses də digər proseslərlə kompleks şəkildə həyata keçirilir. Torpaq islahatlarının birinci mərhələsi olan torpaqların xüsusi mülkiyyətə verilməsi ilə yanaşı, ölkədə vahid torpaq fondu üzrə dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işlərinin də həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb etdiyindən bu işlərin nizama salınmasının hüquqi əsaslarını tənzimləyən “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir (12 mart 1999-cu il). Bu Qanuna və digər qanunvericilik aktlarına uyğun olaraq “Torpaq-kadastr sənədlərinin aparılması qaydaları” və eləcə də, “Dövlət torpaq kadastrının aparılması qaydaları haqqında”, “Dövlət torpaq kadastrı fondunun yaradılması, istifadəsi və mühafizəsi haqqında”, “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında” əsasnamələr hazırlanmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmişdir.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə uyğun olaraq torpaqlardan istifadə edilməsinin hüquqi əsasları, növləri, torpaq mülkiyyətçiləri, istifadəçiləri və kateqoriyaları üzrə bölüşdürülməsi, torpaqların kəmiyyət xarakteristikası, habelə, torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi haqqında lazımi məlumat və sənədlər sistemini əks etdirən dövlət torpaq kadastrı yaradılmışdır.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Dünya Bankının “Təsərrüfatların özəlləşdirilməsi” layihəsi çərçivəsində respublikanın Lənkəran, Salyan, Ucar, Bərdə, Xaçmaz rayonları və Naxçıvan MR-da 6 nümunəvi özəl pilot təsərrüfatlar üçün zəruri kompleks yerquruluşu layihələri hazırlamaqla vətəndaşların (ailələrin) adına tərtib edilmiş hüquqi sənədlərə dair kadastr və qeydiyyat işlərinin aparılmasını təmin etmişdir. Dünya Bankının 2-ci layihəsi olan “Kənd təsərrüfatının inkişafı və kreditləşdirilməsi” layihəsi çərçivəsində işlərin həyata keçirilməsində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi də iştirak etmişdir. Belə ki, həmin layihə çərçivəsində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində olmuş ABŞ, Kanada, Yaponiya, Fransa, İsveçrə, Finlandiya, Almaniya, Hollandiya, Türkiyə və s. kimi ölkələrdən gəlmiş mütəxəssislər Komitənin müasir avadanlıq və informasiya texnologiyası ilə təmin olunma səviyyəsini çox yüksək qiymətləndirmişlər. Respublikamızda aparılan torpaq islahatları digər MDB ölkələrinin daima marağına səbəb olmuş, bu istiqamətdə Azərbaycanda torpaq islahatlarının aparılması prosesini əhatə edən hüquqi bazanın öyrənilməsinə maraq göstərilmiş və bu prosesin idarə edilməsi və həyata keçirilməsi mexanizmlərinə xüsusi diqqət yönəldilmişdir. Bu məqsədlə, həmçinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində “Heydər Əliyev torpaq islahatı” məktəbi yaradılmış və hal-hazırda da bu məktəbdə mütəxəssislərin bilik səviyyəsinin artırılması istiqamətində treninqlər və seminar-məşğələlər davam etdirilir.

- Bu gün respublika əhalisinin yarısının yaşadığı kənddə aqrar islahatların yeni mərhələsi başlanmışdır. Ona görə də, dövlət başçısı kəndin sosial-iqtisadi strukturunun yaxşılaşdırılması, burada müasir tələblərə cavab verən istehsal, sosial infrastrukturun yaradılması, aqrar sektorun inkişafında müşahidə olunan müsbət meyillərin daha da güclənməsi, regionlarda istehsal edilən məhsulların səmərəliliyinin və keyfiyyətinin yüksəlməsi və s. istiqamətlərdə görülən işlərin miqyasının genişləndirilməsini prioritet vəzifə kimi qiymətləndirir.

- Bu tarixi bir həqiqətdir ki, cənab İlham Əliyev Azərbaycan xalqının xoşbəxt gələcəyi və həmin gələcəyin əbədi qoruyucuları olan Azərbaycan gəncliyinin sağlam və vətənpərvər ruhda böyüməsi üçün əlindən gələni əsirgəmir. Cənab Prezident hələ 2000-ci ildə bu sağlam siyasəti Milli Olimpiya Komitəsinin prezidenti olarkən bütün bölgələrdə müasir tipli idman komplekslərinin inkişaf etdirilməsi ilə başlamışdır. Bu qayğı indinin özündə də cənab Prezident İlham Əliyev tərəfindən göstərilir. Bu komplekslərin müasir tələblərə cavab verən səviyyədə inşası üçün tələb olunan torpaq sahələri Komitə tərəfindən struktur vahidləri ilə birlikdə qısa müddətdə naturada və yerquruluşu sənədləri ilə müəyyən edilmişdir.

1988-ci ildən Azərbaycana torpaq iddiası edən Ermənistanla qanlı toqquşmaların dayanması məqsədilə 1994-cü ildə Moskvada Ermənistanla Azərbaycan arasında atəşkəsin müvəqqəti elan edilməsi haqqında müqavilənin imzalanmasından sonra 1994-cü ilin sentyabrında Azərbaycan hökumətinin xarici neft şirkətləri ilə imzaladığı “Əsrin müqaviləsi”nin mühüm bir vasitəsi olan, Supsada uzunluğu 830 km, gündəlik maksimum ötürmə gücü 115 min barel, hər birinin tutumu 250 min barel olan dörd terminalın tikintisinə başlanıldı və 1999-cu il aprel ayının 17-də Supsada ilkin Xəzər neftinin Qərb istiqamətində nəqli üçün Bakı-Supsa ixrac boru kəmərinin və Supsa yerüstü terminalının təntənəli rəsmi açılış mərasimi oldu.

Bu dövrdə yalnız iqtisadi deyil, həmçinin, çox böyük geopolitik əhəmiyyət daşıyan, region ölkələrinin gələcək ictimai-siyasi və iqtisadi həyatında ciddi dəyişikliklərə yol açan Bakı-Tbilisi-Ceyhan neft boru kəməri istifadəyə verilmişdir. Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin çəkilməsi Azərbaycan qazının birbaşa dünya bazarına çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir və dövlət büdcəsinin gəlir hissəsinin formalaşmasında vacib rol oynayır. Həmçinin, ötən dövr ərzində Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin inşası istiqamətində böyük işlər görülmüş, bəzi dövlətlərin və beynəlxalq qurumların təzyiqlərinə baxmayaraq, Azərbaycan layihənin maliyyələşdirilməsi ilə bağlı məsələləri qətiyyətlə öz üzərinə götürmüş, bu istiqamətdə mühüm razılaşmalar əldə etmişdir. Bu layihələr birlikdə Avropanın enerji təhlükəsizliyi baxımından müstəsna rol oynayır və ölkəmizin dünya üçün geopolitik əhəmiyyətini xeyli dərəcədə artırır.

Prezident İlham Əliyevin bəyan etdiyi regionların sosial-iqtisadi inkişafı siyasətində ölkəmizdə yoxsulluğun azaldılmasına yönəldilmiş tədbirlər sistemində yeni iş yerlərinin yaradılması həlledici amillərdən biri kimi qarşıya əsas məqsəd kimi qoyuldu.

Heç şübhəsiz ki, yoxsulluğun sürətlə azalması, millətin genefondunun qorunması, ailələrin, uşaqların xoşbəxtliyi, ölkənin iqtisadi qüdrətinin artmasına xidmət edən əsas amillərdən biridir. Bu reallıq Prezident İlham Əliyevi daim narahat edən əsas məsələlərdən biri olmuşdur.

Azərbaycan ta qədimdən ənənəvi kənd təsərrüfatı istehsalının inkişafı üçün əlverişli şəraitə və unikal imkanlara malik ölkə hesab edilir. Aqrar sektor onilliklər boyu ölkəmizin iqtisadiyyatında mühüm yer tutmuşdur, bu meyil indi də davam edir. Müasir dövrün fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, kənd təsərrüfatının idarə edilməsi sahəsində köklü dəyişikliklər edilmiş, kəndlilər əsrlər boyu həsrətlə gözlədikləri arzuya qovuşmuş və nəticədə onlar torpağa sahiblik əldə etməklə, xüsusi mülkiyyətçiyə çevrilmişlər. Aparılan müqayisəli təhlillərdən görünür ki, aqrar islahatların birinci mərhələsinin nəticələri uğurlu olmuşdur: istehsalın həcmi xeyli artmış, yerli mənbələr hesabına əhalinin ərzaqla təchizat səviyyəsi yaxşılaşmış, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün real şərait yaranmışdır.

- Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” əslində, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı”nın davamı kimi qiymətləndirilir. Bu Dövlət Proqramlarının icrası məqsədilə Komitə tərəfindən nə kimi işlər görülmüşdür?

- “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın (2004-2008-ci illər) icrası ilə əlaqədar respublikamızın ayrı-ayrı rayonlarının ərazisindəki torpaqların şorlaşmaya, şorakətləşməyə, eroziyaya və deqradasiyaya uğrama dərəcəsinin müəyyənləşdirilməsi məqsədilə irimiqyaslı torpaq-meliorasiya tədqiqat işləri aparılmışdır. Belə ki, əvvəlki illərdə olduğu kimi, dövlət və xüsusi mülkiyyətdə olan torpaq sahələrində torpaqların münbitlik vəziyyəti haqqında, xüsusən, onların təbii və antropogen təsirlərə (təkrar şorlaşma, qrunt sularının dərinlik səviyyələri və minerallaşma dərəcələri, eroziyaya, deqradasiyaya uğrama dərəcələri, bataqlaşma, sürüşmə, təsərrüfat yerlərinin deformasiyaya uğrama vəziyyəti, məhsuldar torpaq-bitki örtüyünə malik sahələrdə tikinti işlərinin aparılması vəziyyəti və s.) məruz qalmaları, torpaq istifadəçilərinin istifadəsindəki torpaqların texniki uçot vəziyyəti haqqında məlumatlar öyrənilmişdir.

Ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli 80 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” üzrə tapşırıqlar Komitə tərəfindən uğurla yerinə yetirilir.

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın vəzifələri və regionların prioritet istiqamətlərində əsas məqsədi ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaqdan ibarətdir.

2008-2015-ci illəri əhatə edən Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi olaraq görüləcək işləri bir daha təkmilləşdirmək məqsədilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda möhtərəm Prezidentimiz, Ulu öndər Heydər Əliyevin iqtisadi-siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin imzaladığı Dövlət Proqramının 4.1.13. - Torpaqların texniki uçotunun elektron formatda aparılmasının, bonitirovkasının, iqtisadi qiymətləndirilməsinin və xəritələşdirilməsinin təmin edilməsi bəndini rəhbər tutaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli 80 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın Tədbirlər Planının 4.1.13-cü bəndi ilə 2009-2013-cü illərdə torpaqların texniki uçotunun elektron formatda aparılmasının, bonitirovkasının, iqtisadi qiymətləndirilməsinin və xəritələşdirilməsinin təmin edilməsi ölkə əhəmiyyətli tədbirlər sırasına aid edilmiş və bu tədbiri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Yerquruluşu Layihə İnstitutu həyata keçirmişdir.

Bakı şəhərinin su təchizatının yaxşılaşdırılması məqsədilə, Oğuz-Qəbələ-Bakı su kəmərinin mühafizə zolağının naturada müəyyənləşdirilməsi və xəritələşdirilməsi təmin olunmuşdur.

Bakı şəhəri və Abşeron yarımadasında nəqliyyatın intellektual idarə edilməsi layihəsi üzrə şəhərin 2200 km2 ərazisində nəqliyyatın intellektual idarə edilməsi üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən rəqəmsal xəritələr hazırlanmışdır. Bu xəritələrdə 57 növdə 3d formatında məlumatlar həm mətn, həm də qrafiki formada hazırlanmış, aidiyyəti üzrə təhvil verilmişdir. Bu işin əsas sifarişçisi Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyidir və işin yerinə yetirilməsi Koreyanın SKCS şirkətinə həvalə edilmişdir. İşin əsas hissəsi olan rəqəmsal xəritələr Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmışdır. Bu xəritələr əsasında Bakı şəhərinin və Abşeron yarımadasının ərazilərində nəqliyyat vasitələrinin hərəkəti üçün yolların gediş istiqaməti, yol nişanları, döngələr, binalar, bina nömrələri, yolların adları, strateji obyektlərin adları və ünvanları, parklar və s. barədə vizual görüntü yaranır və eləcə də, istənilən yerdən tələb olunan yerə qədər olan məsafə və vaxt tez bir zamanda təyin edilir.

Dövlət Proqramlarının əsas tərkib hissəsi olan ölkədaxili magistral, avtomobil yollarının və yol infrastrukturunun inkişaf etdirilməsi məqsədilə İnstitutun mütəxəssisləri tərəfindən Bakı-Astara və Gəncə-Qazax magistral yollarının yenidən qurulması ilə əlaqədar Nəqliyyat Nazirliyinin sifarişi əsasında topogeodeziya işləri yerinə yetirilmişdir. Həmçinin, “Azəryolservis” ASC ilə bağlanılmış müqavilə əsasında Tovuz şəhər dairəvi avtomobil yolunun (İpək Yolunun) mühafizə zolağında layihə-axtarış işləri aparılaraq zolağa düşən pay torpaqlarının sərhədləri müəyyənləşdirilib xəritələşdirilərək sifarişçiyə təhvil verilmişdir.

“Milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi” və “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində mərhələlərlə topoqrafik planalma və planların tərtibatı işləri aparılır.

Məlumdur ki, hər dövlətin inkişafı onun vətəndaşlarının yaşayış tərzi ilə ölçülür. Bu gün Azərbaycanda yaşayan insanların sosial rifah halının aydan-aya deyil gündən-günə yüksəlməsi inkaredilməz faktdır. Harada Ulu öndərin əllərinin izi, zəhməti, əməyi, adı varsa, orada yalnız uğurlardan, işıqlı sabahdan söhbət açıla bilər.

- Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin atdığı hər bir addımın dövlətçiliyimizin təkcə möhkəmlənməsinə deyil, bütövlükdə ölkə vətəndaşlarının sosial-rifah halının durmadan inkişafına yönəlməsi həm də onu göstərir ki, Ulu öndərin ölməz və işıqlı ideyaları həmişəyaşardır.

- Bu işdə 2004-cü il may ayının 10-da yaradılmış Heydər Əliyev Fondunun rəhbəri, hörmətli millət vəkilimiz, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın müstəsna xidmətləri göz önündədir.

Fond Ulu öndərin ideyalarının həyata keçirilməsi prosesində yorulmadan yüksək səviyyədə işlər aparır. Heç kimə sirr deyildir ki, Heydər Əliyev Fondu ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında təkcə ölkəmizdə deyil, eləcə də, Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasının sürətləndirilməsində xüsusi rola malikdir.

Heydər Əliyev Fondunun yarandığı 2004-cü ildən az bir müddət keçməsinə baxmayaraq, həm ölkəmizdə, həm də beynəlxalq aləmdə xüsusi rəğbət qazanmışdır. Heydər Əliyev Fondunun fəaliyyəti cəmiyyət həyatının bütün əhəmiyyətli sahələrini əhatə edir. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı son illər ölkəmizdə reallaşdırılan ən uğurlu layihələrdən olmuşdur. Bu Proqram çərçivəsində ölkəmizin müxtəlif bölgələrində onlarla yeni məktəb tikilmiş, yüzlərlə məktəb əsaslı şəkildə təmir edilmişdir. Bundan başqa, “Təhsilə dəstək” layihəsi, “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramları da öz növbəsində Azərbaycanda təhsilin inkişafını sözün əsl mənasında ictimai hərəkata çevirmişdir. Heydər Əliyev Fondunun təhsilin inkişafı sahəsində gördüyü işlər tək ölkəmizlə məhdudlaşmır. Belə ki, Fond Gürcüstanda və Moskvada azərbaycanlıların təhsil aldığı məktəblərə də kompüter dəstləri, məktəb ləvazimatları və digər avadanlıqlar hədiyyə etmişdir. Pakistan İslam Respublikasının zəlzələdən zərər çəkmiş Müzəffərabad şəhərində Fondun maliyyə dəstəyi hesabına müasir tələblərə cavab verən ümumtəhsil məktəbi inşa edilmişdir.

Mədəni irsin qorunması və beynəlxalq aləmdə təbliği istiqamətində görülən işlər də Heydər Əliyev Fondunun çoxsahəli fəaliyyətinin bir istiqamətidir. Məhz Mehriban xanımın səyləri nəticəsində Azərbaycan muğamı YUNESKO kimi nüfuzlu beynəlxalq qurum tərəfindən bəşəriyyətin şifahi qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil edilmişdir. Bakıda Beynəlxalq Muğam Mərkəzi tikilmişdir ki, bu mərkəz muğamlarımızın qorunub saxlanması və inkişafı, dünyada yayılması və beynəlxalq muğam tədbirlərinin keçirilməsi məqsədi daşıyır.

Fondun sosial sahədə reallaşdırdığı layihələr də xalqa xidmətin bariz nümunəsidir. “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Kor və görmə qabiliyyəti zəif olan insanlar üçün İKT-yə çıxışın təmin edilməsi”, “Hərəmiz bir ağac əkək” layihələri müstəqil dövlətimizdə hiss olunan sosial problemlərin həllinin aradan qaldırılmasına bilavasitə təkan vermişdir.

Azərbaycan həqiqətlərinin də dünyaya çatdırılmasında da Heydər Əliyev Fondunun rolu böyükdür. “Qarabağ həqiqətləri” toplusu, “Xocalı soyqırımı” filmi, “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması”, “Müharibə və tarixi-mədəniyyət abidələrimiz”, xarici nəşrlərdən tərcümə edilmiş “Türklər və dünya: munis tariximiz”, “Bakı-Tbilisi-Ceyhan boru kəməri: Qərbə açılan neft pəncərəsi”, “Azərbaycan təbiəti”, “Yuxuların çin olduğu yerdə”, “Bəyazidin müdafiəsi: həqiqət və yalan”, “Əlahəzrətin general-adyutantı” kitabları məhz Mehriban xanım Əliyevanın təşəbbüsü ilə hazırlanaraq bütün  dünyada həqiqət carçılarına çevrilmişdir. 4 min səhifəlik “Azərbaycan” portalı isə öz konkret məlumatları ilə dünyanın hər yerində Azərbaycanla bağlı informasiya əldə etməyə xidmət edir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan bu portal, eyni zamanda, Heydər Əliyev Fondu tərəfindən Azərbaycanda elektron hökumətin qurulmasına ən böyük dəstəkdir.

Azərbaycanın birinci xanımı, millət vəkili, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun 2004-cü ildən bəri gördüyü işləri nəzərdən keçirəndə qürur hissi ilə demək olur ki, Mehriban xanım Əliyevanın varlığı Azərbaycan anaları üçün taleyin bizə bəxş etdiyi tanrı payıdır.

Heydər Əliyev Fonduna Mehriban xanım Əliyeva kimi bir insanın rəhbərlik etməsi, Azərbaycanın çiçəklənməsi yolunda gördüyü böyük işlər həm də ona görə uğurludur ki, Azərbaycan Milli Məclisinin deputatı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın özü müasir Azərbaycanın dövlətçilik fəlsəfəsinin yaradıcısı Ulu öndərimiz Heydər Əliyev siyasi akademiyasından dərs alıb. Məhz elə Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin, təhsilinin, elminin, incəsənətinin durmadan artan yaradıcı inkişafında gördüyü işlər bir daha sübut edir ki, o, Ulu öndərimizin fenomenliyinin daha böyük miqyasda tanıdılması üçün bundan sonra da nələr etməyin vacibliyini dərk edən insanlar arasında öncüllük edənlərin ön sırasındadır.

Heydər Əliyev Fondunun rəhbərliyi ilə Qobustan dövlət tarixi-bədii qoruğunun virtual muzeyinin yaradılması və Azərbaycan portalında yerləşdirilməsi ilə bağlı görülən işlərlə əlaqədar Qobustan dövlət tarixi-bədii qoruğu ərazisində yerləşən milli sərvətlər xəzinəsinin qorunması və gələcək nəsillərə çatdırılması, eləcə də, Azərbaycan Respublikasının qədim mədəni irsinin geniş miqyasda təbliğ olunması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev 11 iyun 2007-ci il tarixli Sərəncam imzalamışdır. Heydər Əliyev Fondu və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi bu Sərəncamdan irəli gələn vəzifələrlə əlaqədar Azərbaycanın qədim irsi olan Qobustanın dünya miqyasında tanıdılmasına və təbliğ olunmasına kömək etmək məqsədi ilə birgə layihə həyata keçirir. Layihə çərçivəsində Qobustan dövlət tarixi-bədii qoruğunun virtual muzeyinin yaradılması və Azərbaycan portalında yerləşdirilməsi nəzərdə tutulmuşdur.

- Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və şəhər şöbələri tərəfindən yenidən formalaşmış bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi məqsədilə nə kimi işlər görülmüşdür?

- Azərbaycan Respublikasının yeni qanunvericiliyinə müvafiq olaraq bələdiyyələrin birləşməsi nəticəsində Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi ilə birlikdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və şəhər şöbələri tərəfindən yenidən formalaşmış bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi məqsədilə Komitədə vacib işlər görülmüşdür.

Məlumdur ki, ölkənin 8 641 506 hektar vahid torpaq fondunun 2 032 744 hektarı (23,5%) bələdiyyə mülkiyyətinə aiddir. 1999-cu ildə hüquqi status almış 2667 bələdiyyənin torpaqları və 1999-cu ildən 2009-cu ilədək yeni hüquqi status almış bələdiyyələrin torpaqları zəruri yerquruluşu xəritələri tərtib edilməklə özlərinə təhvil verilmişdir. Azərbaycan Respublikasının yeni qanunvericiliyinə müvafiq olaraq bələdiyyələrin birləşməsi nəticəsində Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi ilə birlikdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və şəhər şöbələri tərəfindən yenidən formalaşmış 1718 bələdiyyənin torpaqları əvvəlki bələdiyyələrdən təhvil-təslim olmuşdur. Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi məqsədilə bələdiyyələrin sərhədlərinin müəyyənləşdirilməsi, razılaşdırılması, sərhədlərinin əsas döngə nöqtələrində mərz nişanlarının basdırılması və nəticəsinin xəritələşdirilərək Azərbaycan Respublikası Prezidenti Administrasiyası vasitəsilə Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilməsi üçün zəruri tədbirlər görülmüşdür. Belə ki, bələdiyyələrin xəritələrinin hazırlanması məqsədilə zəruri olan və qanunvericilikdə nəzərdə tutulmuş bildiriş və aktların nümunələri qısa müddətdə hazırlanmış və Komitənin 2010-cu il 7 iyun tarixli kollegiya iclasında baxılaraq təsdiq edilmişdir.

- Ərazi vahidləri və inzibati ərazi dairələrinin dövlət reyestri ilə bağlı onların xəritələrinin hazırlanması barədə görülən işlərlə əlaqədar nə deyə bilərsiniz?

 - Qeyd edilən  sahədə görülən işlərlə əlaqədar respublika üzrə mövcud 1959 inzibati ərazi dairəsindən və 4593 ərazi vahidindən 47 rayon üzrə 403 inzibati ərazi dairəsinin və 846 ərazi vahidinin sərhədlərinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi, mərz nişanlarının basdırılması və xəritələşdirilməsi işlərinə başlanılmış və bundan 200 inzibati ərazi dairəsinin və 344 inzibati ərazi vahidinin Dövlət reyestrinin aparılması və onlara Şəhadətnamənin verilməsi məqsədi ilə xəritələri hazırlanıb, təsdiq edilərək digər sənədlərlə birlikdə Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunmuşdur.

Vətəndaşların qanuni istifadəsində olan həyətyanı, bağ sahələri və fərdi yaşayış evi altındakı  torpaqların sənədləşdirilməsi ilə bağlı indiyədək Komitə tərəfindən  2637 yaşayış məntəqəsi üzrə 801688 vətəndaşın adına kompleks və fərdi qaydada Şəhadətnamə, 551 yaşayış məntəqəsi üzrə 190635 vətəndaşın adına isə kompleks qaydada plan və ölçü sənədi hazırlanıb verilmişdir.

Torpaq-kadastr xəritələri, yerquruluşu, mərzçəkmə və mərz nişanları ilə əlaqədar Dövlət Yerquruluşu Layihə İnstitutu təkcə 2010-cu ildə respublikanın 23 rayonunun 137 inzibati ərazi vahidi üzrə elektron taxeometr və CPS alətləri ilə elektron kadastr xəritələrinin hazırlanması üçün planaalma işlərini, 89 hektar ərazidə torpaqların ekologiyası və rekultivasiyası üzrə layihə-tədqiqat işlərini, 16 rayonda 26 bələdiyyənin   mülkiyyətinə aid torpaqlar üzərində hüququ təsdiq edən sənədlərin verilməsi məqsədi ilə inventarlaşdırma işlərini, 2 rayonda 4 təsərrüfat üzrə rayon kadastr xəritələrinin hazırlanmasına dair işlərini, 22 min 823 hektar dövlət mülkiyyətində olan qış otlaqlarının inventarlaşdırılması üzrə çöl tədqiqat işlərini, 17 rayonun ərazisində 133 min 626 hektar sahədə suvarılan torpaqların inventarlaşdırılmasına dair çöl və kameral işlərini, torpaqların keyfiyyət göstəricilərinin dəqiqləşdirilməsi üzrə 142 min 916 hektarda bonitirovka və xəritələşdirmə işlərini, 22 rayon 260 inzibati ərazi dairəsi üzrə   698 min 811 hektar ərazidə torpaqların elektron formatda iqtisadi qiymətləndirilməsi işlərini, 3 rayonda xüsusi mülkiyyətdə olan 8 min 061 hektar ərazidə kənd təsərrüfatına yararlı torpaqların meliorasiya tədbirlərinə ehtiyacını müəyyənləşdirmək üçün inventarlaşdırma işlərini aparmışdır. Torpaqların şorlaşma, şorakətləşmə və eroziyaya uğrama dərəcələrinin müəyyənləşdirilməsi üzrə kameral işləri, münbitlik göstəricilərinin müəyyən edilməsi məqsədilə 8 rayonda 382 min 034 hektar  kəndətrafı örüş,   yay otlaqları və asudə dövlət ehtiyat fondu   torpaqlarında, 6 rayonun inzibati ərazisində isə 84 min 368 hektar bələdiyyə mülkiyyətinə aid kəndətrafı örüş sahələrində geobotaniki tədqiqat işləri həyata keçirilmişdir.

Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzi tərəfindən ötən ildə respublikanın 23 rayonunun 40 yaşayış məntəqəsində vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələrinin və 28 bələdiyyənin mülkiyyətinə aid  torpaqların, habelə torpaq islahatı ilə bağlı və müxtəlif növlü təsərrüfat formaları üzrə 10714 ədəd texniki torpaq kadastrı sənədləri (plan və ölçü) hazırlanmış və 8 rayonun (Göyçay, Qobustan, Masallı, Şabran, Kürdəmir, İsmayıllı, Zərdab və Beyləqan) 111 təsərrüfatının kadastr məlumatlarının ilkin vahid bazası yaradılmışdır.

Komitənin tabeliyində olan Dövlət Aerogeodeziya Müəssisəsi  vasitəsi ilə  geodeziya, topoqrafiya və kartoqrafiya sahəsində də bir sıra mühüm işlər görülmüşdür.

Bakı Kartoqrafiya Fabriki tərəfindən Azərbaycan Respublikasının Kompleks Atlası, Bakı şəhərinin 1:10000 miqyaslı Turist Atlası, Azərbaycan Respublikasının Ekoloji Atlası (Azərbaycan və ingilis dillərində), Azərbaycan Respublikasının Milli Ensiklopediyası ilə bağlı xəritələrin tərtibatı, Zərdab, Biləsuvar, Ağcabədi, Beyləqan, Astara, Lənkəran, Masallı və Cəlilabad rayonlarının 1:100000 miqyasında ümumcoğrafi xəritələrinin tərtibatı və çapı işləri yerinə yetirilmiş, 1:2000 miqyasında 508 nomenklatura, 1:5000 miqyasında 83 nomenklatura və 1:10000 miqyasında 84 nomenklatura olmaqla, cəmi 675 nomenklatura topoxəritələr nəşr edilmiş, 1:1000 miqyaslı ortofoto xəritələrinin və 1:5000 miqyaslı xəritələrinin hazırlanması üçün nəzərdə tutulmuş aerofotoçəkiliş, ortofoto xəritələrinin peyk geodeziya çəkilişi və emalı işləri, habelə ölkə ərazisində qurulması nəzərdə tutulan daimi fəaliyyət göstərən peyk şəbəkəsinin 37 qəbuledici stansiyalarının tikintisi işləri həyata keçirilmişdir. İlk dəfə olaraq ölkə ərazisində 132 qravimetriya məntəqəsinin qurulması və müşahidəsi işləri həyata keçirilmişdir. Həmin 37 qəbuledici stansiyadan biri olan mərkəzi idarəetmə sistemi Dövlət Aerogeodeziya Müəssisəsinin əsas binasında quraşdırılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli 80 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” üzrə 2010-cu ildə sərhədlərinin 794 min döngə nöqtəsinin koordinatları CPS qlobal mövqemüəyyənetmə aləti vasitəsilə müəyyən edilərək torpaqların texniki uçotunun elektron formatda aparılması, 275 min hektar ərazidə torpaqların bonitirovkasının nəticələri elektron formatda xəritələşdirilməsi, 265 obyekt üzrə   torpaqların iqtisadi qiymətləndirilməsi işləri həyata keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 3004 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” üzrə 2010-cu ildə torpaq ehtiyatlarının inventarlaşdırılması, onların kəmiyyət və keyfiyyət göstəricilərinin dəqiqləşdirilməsi üzrə respublikanın 17 rayonunun ərazisində 133626 ha suvarılan torpaqların inventarlaşdırılması, 13 rayon üzrə 104 inzibati ərazi dairəsinin 186 min ha torpaqlarının bonitirovkası, 22 rayon üzrə isə 260 inzibati ərazi dairəsi üzrə torpaqların iqtisadi qiymətləndirilməsi elektron formatda həyata keçirilmişdir.

- Qərib müəllim, Azərbaycan Respublikasının dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası məsələləri hansı vəziyyətdədir?

- Azərbaycan Respublikasının dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası məsələləri ilə bağlı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası və Gürcüstan arasında dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” 1995-ci il 03 yanvar tarixli 140 nömrəli, 2002-ci il 30 iyul tarixli 965 və 966 nömrəli sərəncamlarının və bu sərəncamlara uyğun olaraq Nazirlər Kabinetinin “Dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının ekspert qrupu haqqında” 1999-cu il 20 aprel tarixli 76s nömrəli, 2002-ci il 23 oktyabr tarixli 223 nömrəli sərəncamlarının icrası məqsədi ilə Azərbaycanın Rusiya Federasiyası və Gürcüstanla dövlət sərhədlərinin delimitasiya işlərinə başlanılmışdır. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında uzunluğu 390 km olan (Balakən, Zaqatala, Qax, Oğuz, Şəki, Qəbələ, Qusar və Xaçmaz rayonları ilə həmsərhəd) dövlət sərhədinin delimitasiyası işlərinə 1996-cı ildən başlanılmış və 2010-cu ilin avqust ayında bu işlər başa çatdırılaraq Azərbaycan Respublikasının və Rusiya Federasiyasının Prezidentləri tərəfindən Bakı şəhərində imzalanan 03 sentyabr 2010-cu il tarixli “Sərhəd müqaviləsi”nin təsdiqi ilə tamamlanmışdır. Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında imzalanan bu müqavilə Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması sahəsində olduqca böyük tarixi əhəmiyyətə malik bir hüquqi sənəddir.

Qeyd etmək lazımdır ki, keçmiş Sovetlər Birliyinə daxil olan MDB dövlətləri arasında Azərbaycan Respublikası da Rusiya Federasiyası ilə dövlət sərhədlərinin müəyyən edilməsinə - delimitasiya işlərinə nail olmuşdur. “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında” müqavilə artıq Azərbaycan Respublikasının 2010-cu il 21 dekabr tarixli 27/IVQ nömrəli Qanunu ilə təsdiq edilərək qüvvəyə minmişdir. Həmin  müqavilənin ayrılmaz tərkib hissəsi olan “Sərhəd xəttinin yazılı təsviri” və “Sərhəd xəttinin keçməsini əks etdirən xəritələr toplusu” 1996-2010-cu illər ərzində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ekspertlərinin və tabeliyində olan müvafiq icraçı struktur vahidlərinin sahəvi ixtisaslı və uzun illərdən bəri formalaşmış mütəxəssisləri ilə birlikdə yerinə yetirdikləri topogeodeziya, yerquruluşu, dövlət torpaq kadastrı və xəritəçəkmə işlərinin nəticəsində hazırlanmışdır.

Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin uzunluğu 480 km təşkil edir. Delimitasiya ilə bağlı işlər 1996-cı ilin dekabr ayından bu günədək davam edir. Hazırda sərhədin təxminən 300 km hissəsi hər iki tərəfin Dövlət Komissiyaları tərəfindən razılaşdırılmışdır. Sərhədin qalan hissələrində hər iki ölkənin ekspertləri tərəfindən torpaqların faktiki istifadə vəziyyətinin dəqiqləşdirilməsi, arxivlərin öyrənilməsi və digər zəruri tədbirlər həyata keçirilir.

- Azərbaycan Respublikası Hökuməti və Dünya Bankı tərəfindən birgə maliyyələşdirilən “Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi” üzrə işlərin yerinə yetirilməsi vəziyyəti haqqında nə deyə bilərsiniz?

- Azərbaycan Respublikası Hökuməti və Dünya Bankı tərəfindən birgə maliyyələşdirilən “Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi” üzrə işlər Azərbaycanda 2007-ci ildən başlayaraq həyata keçirilir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi həmin layihənin “C” komponenti üzrə (baza xəritəçəkmə, ortofoto və kadastr xəritələrinin hazırlanması) görülən işlərin təşkilinə, texniki nəzarətinə və qəbuluna  cavabdehdir. Bu komponent üzrə yerinə yetirilmiş işlər aşağıdakılardan ibarətdir:

1. Ölkə ərazisinin 65 min kv. km sahəsində aerofotoçəkiliş və kosmik çəkilişi əsasında 1:1000, 1:5000 və 1:10000 miqyaslarda ortofotoplanların hazırlanması.

2. Ölkə ərazisində 37 stansiyadan ibarət olan Daimi Fəaliyyət Göstərən Peyk Geodeziya Şəbəkəsinin qurulması. Həmin şəbəkənin mərkəzi idarəetmə stansiyası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində qurularaq Komitənin Dövlət Aerogeodeziya Müəssisəsi tərəfindən idarə olunacaqdır.

3. Ölkə ərazisinin 4 mln. ha sahəsini əhatə edən torpaq kadastrı xəritələrinin hazırlanması. Bu subkomponent üzrə artıq Beynəlxalq Tender keçirilib və müvafiq araşdırmalardan sonra qalib seçilmiş şirkətlə tezliklə müvafiq müqavilə imzalanacaqdır.

Nəzərdə tutulan vaxtdan 1 ay əvvəl başa çatan layihədə Azərbaycanda şəhər kadastrı nümunəsində torpaq kadastrı sisteminin təkmilləşdirilməsi məqsədi ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzi ilə Azərbaycan Respublikasının Bakı şəhərinin Xəzər rayonunun Zirə qəsəbəsi ərazisində 1000,0 ha (10 kv.km) sahədə birgə pilot şəhər kadastrı layihəsinin həyata keçirilməsi və müasir kadastrın yaradılması, habelə torpaq kadastrı üçün münasib metodologiyanın öyrənilməsi və tətbiqi, işçilərin bilik potensialının gücləndirilməsinin dəstəklənməsi nəzərdə tutulmuşdur. Layihə Koreyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) tərəfindən ayrılmış 1.500.000 (bir milyon beş yüz min) ABŞ dolları məbləğində Qrant hesabına 18 ay ərzində həyata keçirilməli idi. Layihə üzrə işlərə 21 sentyabr 2009-cu il tarixində başlanmışdır.

Koreyanın Kadastr Korporasiyası Təşkilatının 4 nəfər əməkdaşı 21 sentyabr 2010-cu il tarixindən, 2009-cu ilin fevral ayından isə 7 nəfər mütəxəssisi Komitənin Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzində layihənin icrası ilə bağlı iş fəaliyyətinə başlamış, onlara layihə çərçivəsində işləri yerinə yetirmək üçün müvafiq iş otağı ayrılmış və avtomobil  ilə təmin olunmuşlar.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzi Koreyanın Kadastr Korporasiyası Təşkilatının əməkdaşları ilə birgə Azərbaycan Respublikasının Bakı şəhərinin Xəzər rayonunun Zirə qəsəbəsi ərazisində seçilmiş 1000,0 ha pilot sahədə torpaq kadastr işlərini uğurla həyata keçirmişlər. Layihənin icrası ilə bağlı artıq müsbət nəticələr əldə olunmuşdur. Belə ki, layihə çərçivəsində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Aparatının və Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzinin 20 nəfər mütəxəssisi 2009-cu ilin noyabr ayında Koreya Respublikasına ezam olunmuş, təcrübə mübadilələri apararaq Koreyada aparılan torpaq kadastr işləri ilə yaxından tanış olmuş və əldə olunmuş təcrübə əsasında müvafiq işlərin yerinə yetirilməsində tətbiqini təmin etmişlər. Layihə çərçivəsində müasir geodeziya ölçmə, çap avadanlıqları alınmışdır.

Pilot sahədə bu avadanlıqlar vasitəsi ilə torpaq kadastr işləri üçün mərzçəkmə işləri yerinə yetirilmiş və çöl ölçmə məlumatları dərhal rəqəmli kadastr xəritələrinə inteqrasiya olunmuşdur ki, bu da həm vaxt, həm də maliyyə vəsaitinə qənaət cəhətdən çox önəmlidir. Eyni zamanda, qeyd etmək istərdim ki, Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzində dörd terabayt həcmində müasir serverin qurulması yekunlaşmışdır. Dörd terabaytlıq server şəhər kadastr sisteminin məlumat bazasının sistemləşdirilməsi və saxlanması, eyni zamanda, Coğrafi İnformasiya Sisteminin (GİS) daha da təkmilləşdirilməsi üçün xidmət edəcəkdir.

Torpaq kadastr sisteminin daha da təkmilləşdirilməsi məqsədi ilə, layihənin Xəzər  rayonunun bütün ərazisində keçirilməsi üçün Koreya tərəfi ilə danışıqlar aparılmış və bu barədə ilkin razılıq əldə olunmuşdur. Oxşar layihələrin gələcəkdə də davam etdirilməsi, münasibətlərin daha da inkişaf etdirilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Koreyanın Kadastr Korporasiyası Təşkilatı üçün çox önəmlidir.

- Ölkə rəhbərinin korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi rəhbərlik etdiyiniz Komitədə necə qarşılandı?

- Korrupsiyaya qarşı mübarizə tədbirləri ölkə rəhbəri cənab İlham Əliyevin hər zaman  diqqət mərkəzində olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 03 sentyabr tarixli 377 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı (2004-2006-cı illər)” üzrə tədbirlərin Komitəyə aid hissəsinin vaxtında və düzgün icra edilməsini təmin etmək məqsədilə, korrupsiyaya qarşı mübarizə ilə bağlı Komitədə daxili nəzarətin təşkilini və dövlət qulluğunun nüfuzunun artırılmasını tənzimləyən tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə 2005-ci il 23 mart tarixli 59 nömrəli əmri ilə komissiya yaradılmışdır.

Hələ Ulu öndər Heydər Əliyevin  ölkəmizə rəhbərlik etdiyi dövrlərdə, əsasən də keçid dövründə sosial-iqtisadi inkişafa mane olan hallara qarşı mübarizə metodları və üsulları genişləndirilmiş, cinayətkarlığa, o cümlədən,  korrupsiyaya şərait yaradan halların, aradan qaldırılmasına yönəldilmiş əməli tədbirlər gücləndirilmişdir. Ulu öndərin “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında” 1994-cü il 9 avqust tarixli, “İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə” 1996-cı il 17 iyun tarixli, “Dövlət nəzarət sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında” 1999-cu il 7 yanvar tarixi fərmanları, “Azərbaycan Respublikasında iqtisadi cinayətkarlığa qarşı mübarizə sahəsində bəzi tədbirlər haqqında” 1998-ci il 27 yanvar tarixli Sərəncamı cinayətkarlığa, o cümlədən, korrupsiyaya qarşı mübarizəni dövlət siyasətinin mühüm istiqamətlərindən biri hesab etmiş, onun daha da məqsədyönlü aparılmasına şərait yaratmışdır. Ulu öndərin 28 noyabr 2000-ci il tarixli 422 saylı Fərmanı ilə təsdiq olunmuş “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında” Əsasnamə ilə verilmiş səlahiyyətləri çərçivəsində torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti işinin Komitənin müfəttişləri tərəfindən həyata keçirilməsi də torpaq sahələrinin mülkiyyətə və icarəyə ayrılması işlərində öz növbəsində  şəffaflığı təmin etmiş, torpaq sahəsinin ayrılması zamanı korrupsiyaya gətirib çıxara bilən halların qarşısı alınmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli 2292 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə milli strategiyanın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı (2007-2011-ci illər)” əsasında  Komitənin 2007-ci il 03 sentyabr tarixli 211 nömrəli Əmri ilə təsdiq edilmiş “Tədbirlər Planı”na müvafiq olaraq 2011-ci ildə 30.12.2010-cu il tarixli 376 nömrəli əmrlə müəyyən edilmiş və həyata keçiriləcək tədbirlərin (müraciət, ərizə və şikayətlərlə əlaqədar effektiv araşdırmaların aparılması, elektron poçt vasitəsilə ərizə və şikayətlərin qəbulu işinin təşkili, məlumat əldə edilməsi qaydalarının və üsullarının, məlumat əldə edilməsi üzrə məsul olacaq struktur bölmələrinin fəaliyyətinin təkmilləşdirilməsi, hesabatlarda dövlət qulluğuna qəbul və qulluqla bağlı digər məsələlərin əks etdirilməsi,  ərizə və şikayətlərə baxılması, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərə dair hesabatların hazırlanması, hesabatların dərc edilməsi və ictimaiyyətə açıqlanması, şəxslərin birbaşa daxili nəzarət orqanlarına müraciət imkanlarının yaradılması, daxili nəzarət orqanları tərəfindən müraciətlərə operativ və qısa müddət ərzində baxılması, daxili nəzarət qurumlarının maddi və texniki resurslarla təmin edilməsi, internet saytlarında məlumatların mütəmadi yeniləşdirilməsi, göstərilən xidmətlərə görə ödənişlər barədə məlumatları əks etdirən lövhələrin yerləşdirilməsi, göstərilən xidmətlərə görə nağd ödəmələrin azaldılması, Komitənin Aparatında və struktur bölmələrində ödənişlərin plastik kartlar vasitəsilə həyata keçirilməsinin təmin edilməsi, “qaynar xətt”ə daxil olan məlumatlarla əlaqədar operativ tədbirlərin görülməsi, etik davranış məsələləri üzrə tədris və treninqlərin təşkil edilməsi, dövlət qulluqçularının ixtisasartırma üzrə treninqlərə cəlb edilməsi və rotasiya sisteminin tətbiq ediləcəyi sahələrin müəyyən edilməsi və rotasiya prinsipinin tətbiq edilməsi) icrasının daim nəzarətdə saxlanılması, korrupsiyaya gətirib çıxara biləcək halların əvvəlcədən müəyyən edilərək bu barədə ciddi qabaqlayıcı tədbirlərin həyata keçirilməsinin təmin edilməsi və bu işlər üzrə görülən tədbirlərə dair hesabatın müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasına göndərilməsinin təmin edilməsi barədə müvafiq olaraq  Komitədə yaradılmış Komissiyaya, aidiyyəti rəhbər vəzifəli şəxslərə və Komitənin tabeliyində olan icraçı struktur vahidlərinin rəhbərlərinə  tapşırıqlar vermişdir.

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (29 iyun 2001-ci il, 160-IIQ) 9-cu bəndində nəzərdə tutulduğu kimi, bələdiyyələr mülkiyyətlərində olan torpaq sahələrini bilavasitə, torpaq hərracları və müsabiqələri vasitəsilə icarəyə, mülkiyyətə və istifadəyə verməli olduqları halda bu əməliyyatları birbaşa həyata keçirməyə üstünlük verirdilər ki, bu da neqativ halların yaranmasına şərait yaradırdı. Komitənin  təklifi əsasında bələdiyyə torpaqlarının yalnız müsabiqə və ya hərracla mülkiyyətə və icarəyə verilməsi ilə əlaqədar “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 23 oktyabr tarixli, 466-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamında ölkədə bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının  yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə oluna biləcəyi, torpaq sahələrinin ayrılmasında şəffaflığın təmin edilməsi məqsədi ilə  görülmüş tədbirlərdəndir. Bu qanun bələdiyyələrin mülkiyyətlərində olan torpaq sahələrinin bilavasitə qanunsuz olaraq satışına son qoydu. Torpaq müsabiqələri və hərraclarının keçirilməsi  təşkilatçı olaraq Komitəyə həvalə olundu. Komitənin əmri ilə torpaq müsabiqələri və hərraclarının keçirilməsini həyata keçirmək məqsədilə   torpaq müsabiqə və hərrac komissiyaları yaradıldı. Komitə tərəfindən torpaq müsabiqə və hərrac keçirilərkən şəffaflığın təmin edilməsi məqsədilə komissiyalar 2 nəfər Komitə əməkdaşlarından qalan 3 nəfər isə ictimaiyyət, bələdiyyə assosiasiyalarından və yerli icra hakimiyyətinin nümayəndəsindən ibarət olaraq 5 nəfərlik tərkibdə yaradıldı. Artıq 2009-cu ildən indiyə qədər 5000-ə yaxın müsabiqə və hərrac keçirilmiş və bu müsabiqə və hərraclarla bağlı vətəndaşlar tərəfindən yalnız 2 müraciət daxil olmuşdur ki,  onlar da araşdırma zamanı öz təsdiqini tapmamışdır. 

- Qərib müəllim, bu yaxınlarda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində keçirilən elmi-praktiki konfransda Sizin “Heydər Əliyev torpaq islahatlarının Azərbaycanın 20 illik inkişaf tarixində rolu” adlı kitabınız geniş müzakirə edilmişdir.  Bu haqda nə deyə bilərsiniz?

- 20 sentyabr 2011-ci il tarixdə Komitənin “Heydər Əliyev torpaq islahatı” məktəbində ölkə müstəqilliyinin 20 illik inkişaf  tarixinə həsr olunmuş “Heydər Əliyev torpaq islahatlarının Azərbaycanın 20 illik inkişaf tarixində rolu” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir. Bu konfransda təqdim edilən “Heydər Əliyev torpaq islahatlarının Azərbaycanın 20 illik inkişaf tarixində rolu” adlı kitab və Heydər Əliyev torpaq islahatının bu gün Onun layiqli davamçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs edən sənədli film bir daha onu sübut etdi ki, Heydər Əliyev torpaq islahatı məktəbi hələ bundan sonra da ölkə vətəndaşları tərəfindən dönə-dönə təhlil ediləcək və öyrəniləcəkdir. 

Təbii ki, bütün bunlar ölkə müstəqilliyimizin 20 ilində görülən uğurlu işlərin az bir hissəsidir.

23 sentyabr 2011-ci il tarixində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin iyirminci ildönümünə həsr olunmuş beynəlxalq bayram tədbirində çıxış edərkən Prezident İlham Əliyev demişdir: “Biz 20 ildir müstəqilik. Biz tariximizlə, mədəniyyətimizlə qürur duyuruq. Bu gün müstəqil və azad xalq kimi yaşamağımız ən böyük qürurverici amildir. Azərbaycanın gələcəyi Azərbaycan xalqının əlindədir... Bu gün qeyd etmək istəyirik ki, bizim ən böyük nailiyyətimiz - bizim müstəqilliyimizdir, azadlığımızdır. Bu, Azərbaycan xalqı üçün ən böyük sərvətdir”.

Bütün bu deyilənlər bir daha sübut edir ki, ölkəmizin müstəqillik əldə etdiyi bu 20 ildə xalqımızın gələcək rifah halının durmadan yaxşılaşması Ulu öndərimiz Heydər Əliyevin və Onun iqtisadi-siyasi kursunun layiqli davamçısı Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi və uzaqgörən siyasəti nəticəsində öz müsbət həllini tapmaqla ölkəmizi və insanlarımızı daha təminatlı və təhlükəsiz gələcəyə aparacaqdır.

 

 

Yeni Azərbaycan.- 2011.- 4 oktyabr.- S.4-5.