Poçt rabitəsinin beynəlxalq standartlara cavab verən yüksək səviyyəyə çatdırılması məhz Heydər Əliyev siyasətinin bariz təzahürüdür

 

“Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru Qəmbər Bəybalayev “www.yap.org.az” saytına müsahibə verib:

- Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümü, eləcə də, Azərbaycan respublikasında telefon rabitəsinin yaradılmasının 130 illiyi tamam olur. Bu illər ərzində bütövlükdə Azərbaycan rabitəsinin, o cümlədən, Azərbaycan poçt rabitəsinin inkişafında hansı uğurlar qazanılıb? Bu inkişafı hansı mərhələlərə bölmək olar?

- Məlum olduğu kimi, Sovetlər İttifaqının dağılması nəticəsində yeni yaranmış bütün müstəqil respublikalarda olduğu kimi Azərbaycanda da poçt rabitəsinin inkişafı demək olar ki, tam dayandı və tənəzzül dövrü yaşanmağa başlandı. Nəticədə illərlə bu sahədə təcrübə qazanmış çoxlu sayda mütəxəssislər məcburiyyət qarşısında ixtisara düşərək işsiz qaldılar. Bununla da müəssisənin gəlirləri get-gedə azalmağa başladı və nəticədə poçt sistemi dövlət dətasiyasından asılı vəziyyətdə qaldı.

Poçt rabitəsinin inkişaf mərhələsinin ən çətin dövrü hesab edilən bu dövr, 1997-ci il yanvar ayının 1-dən etibarən poçt rabitəsinin elektrik rabitəsindən ayrılaraq müstəqil bir qurum kimi fəaliyyətə başlaması ilə başa çatdı. Elə bu ildən başlayaraq poçt rabitəsi özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. Həyata keçirilən məqsədyönlü tədbirlər və uğurlu kadr islahatları nəticəsində poçt rabitəsinin inkişafına start verildi.

1997-ci ilin mart ayında poçt rabitəsinin qısa müddətli “Dirçəliş və inkişaf proqramı” qəbul olundu, dekabr ayında isə “1998-2003-cü illər üçün poçt rabitəsinin inkişaf konsepsiyası” təsdiq edildi.

1999-cu il sentyabr ayının 29-da “Azərpoçt” İstehsalat Birliyi, “Azərpoçt” Dövlət Müəssisəsi adlandırılaraq ona Dövlət Müəssisəsi statusu verildi. 2000-ci ildən poçt rabitəsi rentabelli fəaliyyət göstərməyə başladı. Poçt rabitəsinin tarixində ilk dəfə olaraq 2002-ci ildə “Poçt Rabitəsi Qaydaları” hazırlanaraq təsdiq edildi.

2004-cü il iyun ayının 29-da Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Poçt rabitəsi haqqında” Azərbaycan Respublikası Qanununun imzalanması poçt rabitəsinin inkişafını daha da sürətləndirdi.

Qeyd etmək lazımdır ki, respublikamızda poçt xidməti, xüsusilə də, dövlət poçtunda, digər xidmətlərə nisbətən çox ucuz və əlverişli xidmət vasitəsidir. Belə olmasa idi minlərlə insanlar uzun zamanlardan bəri mövcud olan ənənəvi poçt xidmətləri ilə yanaşı müasir dövrün zəruriyyətindən yaranmış 50-dən çox qeyri-ənənəvi poçt xidmətlərindən o cümlədən, pensiya və müavinətlərin, qəzet və jurnalların, teleqramların, telefon danışıq qəbzlərinin evlərə çatdırılması, kommunal haqlarının yığılması və s. xidmətlərin poçt işçiləri vasitəsilə onlara xidmət göstərməsinə imkan yaratmazdılar.

“Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti ölkənin bütün ərazisində ən geniş xidmət şəbəkəsinə malik olmaqla, əhalinin bütün təbəqələrinə və eləcə də, hüquqi şəxslərə ən aşağı qiymətlərlə ənənəvi və qeyri-ənənəvi poçt xidmətlərinin və poçt-maliyyə xidmətlərinin göstərilməsini həyata keçirir.

“Azərpoçt” MMC tabeliyində olan 10 regional, 53 rayon və şəhər poçt filialı, 7 rayon rabitə qovşağı, 1499 poçt şöbəsi və 71 poçt agentliyi vasitəsilə müştərilərə 50-dən artıq müxtəlif növ poçt xidmətləri göstərir.

Bütün poçt şöbələrinin müasir standartlara uyğun kompüterləşməsi, texniki avadanlıqlarla tam təchizatı və informasiya texnologiyalarının ən son nailiyyətlərinin bu sahədə geniş tətbiqi göstərilən xidmətlərin yüksək keyfiyyətinə və etibarlılığına tam təminat verir.

Poçtun daşınması üçün “Azərpoçt” MMC-də 263 ədəd müxtəlif markalı avtomaşınlardan istifadə olunur.

Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) 07.10.2004-cü il tarixli 122 saylı əmri ilə “Azərpoçt” Dövlət Müəssisəsinə Milli operator statusu verilmişdir.

1999-cu ildə Dövlət Müəssisəsi kimi qeydiyyatdan keçən və 15 avqust 2009-cu ildə MMC-yə çevrilən “Azərpoçt”un fəaliyyətinə əsasən RİTN nəzarət edir. “Azərpoçt” 29 iyun 2004-cü il tarixində qəbul olunmuş və 2 oktyabr 2008-ci il tarixində əlavə və dəyişikliklər edilmiş “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununun əsasında fəaliyyət göstərir.

“Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən respublikanın bütün ərazisində universal poçt xidmətlərinin (UPX) göstərilməsi “Azərpoçt” MMC-yə həvalə edilmişdir.

Respublikada vahid dövlət poçt operatoru olan “Azərpoçt” MMC digər mövcud 30-dan çox özəl poçt operatorlarından fərqli olaraq hüquqi və fiziki şəxslərə dövlət tərəfindən təyin olunmuş ucuz və sərfəli tariflərlə ölkənin ən ucqar yaşayış məntəqələrində universal poçt xidmətləri göstərir.

Qüvvədə olan normativlərə uyğun olaraq “Azərpoçt” MMC-nin şəbəkəsində qəbul olunmuş bütün növ poçt göndərişlərinin respublikanın istənilən rayon, kənd və qəsəbələrinə 1-4 gün müddətində, Bakı və digər şəhərlərdə isə 1 gün müddətində çatdırılmasına zəmanət verilir.

- Siz Azərbaycan rabitəsinin inkişafında müstəqillik dövrünün xüsusi bir mərhələ təşkil etdiyini vurğuladınız. Təbii ki, bütün bunlar Ulu öndər Heydər Əliyevin Azərbaycanda rabitənin inkişafına xüsusi diqqət və qayğısı sayəsində mümkün olmuşdur. İstərdik ki, Ümummilli liderin bu sahənin inkişafı ilə bağlı həyata keçirdiyi tədbirlərdən bəhs edəsiniz.

- Azərbaycanda rabitənin inkişaf tarixinə nəzər saldıqda görə bilərik ki, istər çar imperiyası dövründə, istərsə də Demokratik Cümhuriyyət dövründə o vaxtın tələblərinə uyğun rabitə şəbəkəsi yaradılmışdır. Sovet hakimiyyəti illərində isə Azərbaycan rabitəsində müəyyən işlər görülsə də, 60-cı illərdə respublikamız bu sahədə ittifaqın digər respublikalarından çox-çox geri qalırdı.

Yalnız 1969-cu ildə Ulu öndərimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başladıqdan sonra digər sahələrlə bərabər rabitə sahəsi, o cümlədən, poçt rabitəsi də güclü inkişaf yoluna qədəm qoymuşdur. Bu inkişaf ötən əsrin 70-ci illərində sürətlənmiş və diqqətəlayiq nailiyyətlər əldə olunmuşdur.

1970-ci ildə 1940-cı ilə nisbətən respublikada rabitə müəssisələrinin sayı 3 dəfə artaraq 1590-a, o cümlədən, kənd yerlərində 1171-ə çatmış, məktub korrespondensiyasının sayı 3 dəfə artaraq 75 milyon təşkil etmiş, bağlamalar 2 dəfə, qəzet və jurnallar 6,5 dəfə artmış, poçt marşrutlarının məsafəsi 3 dəfə artaraq 20023 km. olmuşdur. Sovetlər birliyi dövründə Azərbaycanın Dövlət Müstəqilliyyinin uzaqda olmadığını dərk edən böyük öndər Heydər Əliyev uzaqgörənlik nümayiş etdirərək rabitə sahəsinə marağın, diqqətin və qayğının təzahürü olaraq, eyni zamanda, bu sahənin ölkənin müstəqilliyi üçün vacibliyini bilərək, Azərbaycan gənclərinin digər sahələrdə olduğu kimi bu sahə üzrə də ali təhsilə yiyələnməsinə qayğı göstərmiş və yüzlərlə azərbaycanlı məzunlarının Rusiyanın və digər MDB ölkələrinin ali məktəblərində yüksək səviyyədə rabitə təhsili almalarına nail olmuşdur. İndi iftixar hissi ilə deyə bilərik ki, dünyanın ən qabaqcıl texnologiyasını və xidmət sahələrini peşəkarcasına idarə edə bilən rabitə üzrə kadr potensialımız vardır. Ulu öndər onları “ölkəmizin milli sərvəti” adlandırırdı. Poçt rabitəsinin də pillə-pillə inkişaf edərək bugünkü beynəlxalq standartlara cavab verə biləcək bir səviyyəyə çatdırılması məhz Heydər Əliyev siyasətinin bariz təzahürüdür.

Heydər Əliyev respublikaya rəhbərlik etdiyi dövrə qədər Bakı şəhərində mövcud olan Bakı Poçtdaşıma şöbəsinin istehsalat sahələrinin şəraitsizliyi, bütün çeşidləmə proseslərinin əl əməyi ilə fasiləsiz həyata keçirilməsi, tələb olunan səviyyədə poçt göndərişlərinin, qəzet və jurnalların vaxtında göndərilməsinə imkan vermirdi. Bu hal ölkə rəhbərinin diqqətindən yayınmadı. Mövcud problemlərin qısa müddətdə aradan qaldırılması məqsədi ilə Heydər Əliyev Bakı şəhəri Dəmiryolyanı Poçtamt binasının tikintisinə başlamaq qərarı verdi və onun başa çatdırılmasını nəzarət altında saxladı. Məhz onun dəstəyi sayəsində müasir texnika və avadanlıqlarla təchiz edilmiş bina tikilərək poçt işçilərinin istifadəsinə verildi. İndi həmin binada, eyni zamanda, daxil və xaric olan bütün növ beynəlxalq poçt göndərişlərinin qəbulu, işlənməsi və göndərilməsi əməliyyatları həyata keçirilir. 1970-ci illərin əvvəllərində həmçinin poçt göndərişlərinin də rayonlara çatdırılması çətin həyata keçirilirdi. Bu problemin aradan qaldırılması yollarından biri təyyarədən istifadə etmək idi. Lakin o dövrdə respublikanın cəmi 3 bölgəsində-Gəncə, Yevlax və Naxçıvanda aerodrom vardı. Respublikada yeni aeroportların tikintisi məqsədi ilə Heydər Əliyevin sayəsində Rabitə Nazirliyinin Hava-Nəqliyyat İdarəsi ilə birlikdə keçirilən tədbirlər nəticəsində respublikanın ayrı-ayrı rayonlarında otuza qədər yeni aeroportlar açıldı, istifadədə olan aeroportlar isə xeyli genişləndirildi. Beləliklə dövri mətbuatın və poçt göndərişlərinin bölgələrə çatdırılması işi xeyli sürətləndirildi, nəticədə qəzetlərin 80 faizinin çapdan çıxan gün oxuculara çatdırılması təmin edildi, eyni zamanda, qəbul edilən poçt göndərişləri ən ucqar yerlərə, öz ünvanına 2-3 günə çatdırılması həyata keçirildi. Heydər Əliyevin respublikamızın iqtisadiyyatının bütün sahələrinin inkişafına paralel diqqəti və qayğısı nəticəsində ötən əsrin 70-80-ci illərində iş həcmi gündən-günə artırdı. Poçt rabitəsi gəlirlə işləyirdi. Əhalinin poçt rabitəsinə olan tələbatı artırdı. Əhaliyə rabitə xidmətinin yüksək səviyyədə təşkil edilməsi üçün müasir tipli Poçtamt və poçt şöbələrinin tikintisi zərurəti yaranmışdı. Bakı şəhərində və respublikamızın digər şəhər, rayon və kəndlərində poçt rabitəsinin əlavə xidmətlərinin gəliri hesabına yüzlərlə poçt rabitəsi üçün binalar tikilib istifadəyə verildi. Bu illərdə, eyni zamanda, hal-hazırda “Azərpoçt” MMC-nin yerləşdiyi müasir tipli “Rabitə evi”nin binası da istifadəyə verilmişdir.

- Azərbaycan Respublikasında informasiya cəmiyyətinin formalaşdırılması üzrə Ulu öndər Heydər Əliyevin imzaladığı “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-cı illər)”dan irəli gələn vəzifələrin reallaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş “Elektron Azərbaycan” Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər çərçivəsində hansı işlər görülmüş və nailiyyətlər qazanılmışdır?

- “Elektron Azərbaycan” Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər çərçivəsində “Elektron imzanın tətbiqi məqsədilə poçt şöbələrində elektron imza sertifikatının verilməsi üçün Qeydiyyat Mərkəzlərinin (QM-lərin) yaradılması və bununla əlaqədar poçt xidmətlərinin göstərilməsi barədə” müqavilə və təlimat Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən təsdiq olunaraq “Azərpoçt” MMC-yə təqdim olunmuşdur. Təsdiq olunmuş təlimatın surəti Bakı Poçt Filiallarına (PF) göndərilmişdir. Bununla yanaşı, Elektron imza üçün smart kartların alınması ilə bağlı 18.08.2011-ci il tarixli MHM-ə müraciət olunmuşdur. Elektron imza ilə bağlı MHM-də keçirilən kurslarda Bakı PF-lərin nümayəndələri iştirak etmiş və təlimatlandırılmışlar. Hazırda Abşeron və Sumqayıt PF-lərinin nümayəndələri kurslara cəlb olunmuşlar.

Digər rayonların kurslarda iştirak etməsi üçün MHM tərəfindən cədvəl hazırlanmış və həmin cədvələ əsasən PF-lər kurslarda iştirak edəcəklər. Belə ki, hazırda Bakı şəhərində Az1000, Az1006, Az1002, Az1044, Az1063 və Az1072 saylı poçt şöbələrində Elektron imza üçün sertifikat əldə etmək məqsədi ilə qeydiyyat mərkəzləri yaradılmışdır. Kart və sertifikatlar üçün müştəri ərizələrinin toplanması, sertifikatların, kartların və ərizələrin emal statusu haqqında sorğulara baxılması prosesi qeydiyyat mərkəzlərində yerinə yetirilir. Qeydiyyat Mərkəzləri sertifikat almaq üçün Mərkəzə olan müraciətlərə baxılması, sertifikatların qüvvəsinin dayandırılması, bərpası və ləğvi ilə bağlı İmza sahiblərinə xidmətlər göstərir. Mərkəz İmza sahibi barədə yazılar yaradır, onun identikləşdirilməsini və məlumatların yoxlanılmasını, Sertifikat sorğusunun yaradılmasını və Mərkəzə göndərilməsini həyata keçirir.

Hazırda “Azərpoçt” MMC tərəfindən qeydiyyat mərkəzlərinin bütün rayon Poçt Filiallarının Mərkəzi poçt şöbələrində yaradılması məqsədi ilə texniki tədbirlər görülür. Eyni zamanda, RİTN-in müvafiq Tədbirlər Planının icrasının müzakirəsinə həsr olunmuş iclasların protokol qərarlarının müvafiq bəndləri “Azərpoçt” MMC tərəfindən yerinə yetirilmişdir. Belə ki, “Azərpoçt” MMC tərəfindən göstərilə biləcək elektron xidmətlərin siyahısı RİTN-ə təqdim edilmiş və həmin siyahıdan iki xidmət - “Poçt göndərişlərinin izlənilməsi” və “Dövrü mətbuata internet-abunə” xidmətləri RİTN tərəfindən seçilərək 25.07.2011-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim olunmuş siyahıya daxil edilmişdir.

Ötən müddət ərzində “Azərpoçt” MMC-nin rəsmi veb-saytında RİTN tərəfindən müəyyən edilmiş vahid stilə uyğun olaraq “Elektron xidmətlər” bölməsi yaradılmış, bu bölmənin veb-sayta uyğun dizaynı yaradılmış və həmin bölməyə hal-hazırda mövcud olan xidmətlər də daxil olmaqla, 2 interaktiv və 3 informativ növlü xidmət daxil edilmişdir. Göstərilən xidmətlərdən “Dövrü mətbuata internet-abunə” xidməti istisna olmaqla, digər xidmətlər aktivləşdirilmiş və hal-hazırda bu xidmətlərdən istifadə təmin edilmişdir.

“Dövrü mətbuata internet-abunə” xidməti yeni və onun proqram təminatı nisbətən mürəkkəb olduğu üçün bu sahədə müvafiq işlər davam etdirilir və RİTN-in göstərişinə uyğun olaraq 22.08.2011-ci il tarixədək bu xidmətin təşkilinin tam başa çatdırılması nəzərdə tutulmuşdur. İnternet-abunə xidmətinin təşkili sayəsində respublikamızda və xaricdə nəşr olunan istənilən dövrü mətbuat nümunəsinə internet vasitəsilə abunə olunması, sifariş barədə elektron abonementin alınması və abunə haqqının onlayn rejimdə plastik kart vasitəsilə ödənilməsi mümkün olacaqdır.

- “Azərpoçt” MMC-nin beynəlxalq əlaqələri hansı səviyyədədir? Rəhbərlik etdiyiniz müəssisənin “Coinstar” Beynəlxalq pulköçürmələri sisteminə qoşulması ilə bağlı məsələ nə yerdədir. Bu sistemə qoşulma Azərbaycan poct rabitəsindən istifadəçilərə hansı yenilikləri vəd edir?

- Azərbaycan poçtu dünya poçtuna inteqrasiya yolunda növbəti addımlarını atmaqdadır. Dünyanın demək olar ki, bütün ölkələri ilə birbaşa və ya tranzit yolla beynəlxalq poçt mübadiləsinin həyata keçirilməsinə nail olunmuşdur. Poçtumuz indiyə qədər bir çox beynəlxalq təşkilatlarla əlaqələr qurur, beynəlxalq tədbirlərdə üzv və ya müşahidəçi kimi fəal iştirak etməyə daim çalışır.

1993-cü ildə Azərbaycan Ümumdünya Poçt İttifaqının (ÜPİ) üzvlüyünə qəbul olundu. Bu hadisə respublikanın poçt sahəsi üzrə fəaliyyətinin genişlənməsinə böyük imkanlar yaratdı. Bundan başqa, Azərbaycan poçt administrasiyası 1991-ci ildə Rabitə Sahəsində Regional Əməkdaşlıq Təşkilatına (RRƏT), 1992-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT), 2001-ci ildə Poçt və Telekommunikasiya Administrasiyalarının Avropa Konfransı təşkilatına (CEPT), 2001-ci ildə Avrasiya təşkilatına qoşularaq bu qurumların işinə öz töhfəsini verir. 2004-cü ilin fevral ayında Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) yaradıldıqdan sonra beynəlxalq sahədə poçtun fəaliyyəti daha geniş vüsət aldı. Respublikamız müstəqillik əldə etdikdən sonra Azərbaycan poçtunun nümayəndələri Rumıniyanın Buxarest şəhərində keçirilmiş ÜPİ-nin 23-cü Konqresində ilk dəfə olaraq iştirak etdilər və orada böyük nəticələr əldə olundu. Bunlara misal olaraq qanunsuz poçt markalarının buraxılmasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, Azərbaycanın ÜPİ-nin ali qanunverici orqanları olan Administrativ Şuraya və Poçt İstismarı Şurasına üzv seçilməsi və başqalarını göstərmək olar. Hazırda ÜPİ-nin həm Administrativ Şurasında, həm də Poçt İstismarı Şurasında üzvlüyə görə Azərbaycan poçtunun üzərinə bir çox öhdəliklər düşür və bunların yerinə yetirilməsi üçün bu qurumun bütün tədbirlərində fəal iştirak edilir. Belə ki, ÜPİ-nin bir çox komissiyalarının, layihə və işçi qruplarının toplantılarında, şuraların sessiyalarında iştirak etmək məqsədi ilə poçt mütəxəssislərindən ibarət nümayəndə heyəti vaxtaşırı ezam olunurlar. Azərbaycan poçtu hal-hazırda beynəlxalq bağlamaların izlənilməsi üçün ÜPİ-nin İPS Light sistemi üzrə dünyanın 130 ölkəsi ilə əməkdaşlıq edir. Azərbaycan poçtu sürətli poçt xidməti (EMS) üzrə də beynəlxalq sahədə təqdirəlayiq nəticələr əldə etmişdir. Belə ki, bu xidməti həyata keçirən “Azərpoçt” MMC-nin filialı olan “Azərekspresspoçt” Rabitə Müəssisəsi göstərdiyi xidmətlərin keyfiyyətini daim yüksəltməyə çalışmış, bu istiqamətdə qlobal işlər görərək, bir sıra uğurlu layihələr həyata keçirmişdir. Bütün bunların nəticəsidir ki, hal-hazırda müəssisə yüksək keyfiyyətli xidmətləri ilə nəinki ölkəmizdə, hətta beynəlxalq aləmdə də məşhurlaşmışdır. Müəssisəyə verilmiş beynəlxalq dərəcəli sertifikatlar da bunu bir daha təsdiqləyir. Belə ki, hər il Ümumdünya Poçt İttifaqının EMS Kooperativinin tapşırığı və maliyyə dəstəyi ilə müstəqil konsaltinq şirkətləri tərəfindən bütün dünyanın EMS operatorlarının il ərzində göstərdikləri xidmətlərin keyfiyyətinin təftişi və qiymətləndirilməsi aparılır, ilin yekunlarına görə nəticələr elan edilir və sertifikatlar təqdim olunur. “Azərekspresspoçt” Rabitə Müəssisəsi 2002-ci ilin yekunlarına görə bürünc, 2003 və 2004-cü illərin yekunlarına görə iki il gümüş, 2005, 2006, 2007, 2009 və 2010-cu illərin yekunlarına görə isə qızıl səviyyə sertifikatlarına layiq görülmüşdür. “Azərpoçt” MMC-yə Mərkəzi Bank tərəfindən verilmiş lisenziya əsasında digər bank xidmətləri ilə yanaşı, beynəlxalq pul köçürmələri sisteminin tətbiqi üzrə işləri həyata keçirilməkdədir. Ölkənin əksər poçt şöbələrinin “Western Union” beynəlxalq pul köçürmələri sisteminə qoşulması prosesi başa çatdırılmış və əhalinin istifadəsinə verilmişdir. 25 may 2011-ci ildə “Coinstar” beynəlxalq pul köçürmələri ilə “Azərpoçt” MMC arasında imzalanmış müqaviləyə əsasən bu sistemin AKİS-ə (Avtomatlaşmış Korporativ İnformasiya Sistemi) inteqrasiyası yaxın gələcəkdə tam hazırlanaraq əhalinin istifadəsinə veriləcəkdir. “Azərpoçt” MMC “Coinstar” beynəlxalq pul köçürmələri sistemi vasitəsi ilə poçt istifadəçilərinə ölkənin bütün şəhər və rayonları, hətta ucqar dağ kəndləri də daxil olmaqla yüksək səviyyədə xidmət və sərfəli tariflər vəd edir. “Azərpoçt” MMC “Contakt” və “Zolotaya Korona” beynəlxalq pul köçürmələri sistemi ilə də hal-hazırda danışıqlar aparır .

- “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı” Dövlət Proqramının icrası nəticəsində bölgələrimiz sürətlə inkişaf edir, yeni infrastrukturlar yaradılır. Bu baxımdan, bölgələrdə poçt müəssisələrinin və xidmətlərinin müasir tələblərə uyğunlaşdırılması istiqamətində hansı uğurlar qazanılmışdır?

- Qloballaşmanın sürətlə inkişaf etdiyi, İT-nin gündəlik həyata nüfuz etdiyi bir şəraitdə əhalinin böyük bir hissəsinin müasir maliyyə və biznes xidmətlərinə çıxışının təmin edilməsi artıq günün tələbinə çevrilmişdir. Ancaq regionlarda bank-maliyyə xidmətlərinin paytaxtla müqayisədə zəif inkişaf etməsi banklar və digər kredit təşkilatları vasitəsilə bu xidmətlərin göstərilməsini mümkünsüz edir. Ona görə də, bu xidmətlərin “Azərpoçt”un poçt şöbələrində təqdim edilməsi qaçılmaz həqiqətə çevrilmişdir. “Azərbaycan Respublikasında Milli Ödəniş Sisteminin İnkişafı üzrə 2005-2007-ci illər üçün Dövlət Proqramı”nda da yeni bank və maliyyə xidmətlərinin “Azərpoçt”un mövcud platforması vasitəsilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Əsas seçimin poçt platforması üzərində aparılması isə səbəbsiz olmamışdır. Çünki bank-maliyyə xidmətlərinin əsas təchizatçısı olan banklarla müqayisədə “Azərpoçt”un bir çox üstünlükləri vardır. Belə ki, “Azərpoçt” xidmət məntəqələrinin sayına görə bütün bank sistemini təqribən 3 dəfə qabaqlayırdı. “Azərpoçt”un qeyd edilən geniş şəbəkəyə və infrastruktura malik olma üstünlüyü onu xarici investorlar üçün də cəlbedici etmişdir. Bu məqsədlə Dünya Bankı (DB) Azərbaycanda ödəniş xidmətləri infrastrukturunun təkmilləşdirilməsi və ucqarlarda yaşayan əhalinin maliyyə xidmətlərinə sərbəst çıxış imkanlarının yaradılması məqsədilə 2002-ci ildən etibarən xüsusi bir layihənin hazırlanmasına başlamışdır. Azərbaycan hökuməti ilə aparılan uzun müzakirələrdən, eləcə də, layihənin təfərrüatları ilə əlaqədar DB ilə aparılan danışıqlar və araşdırmalar sona çatdırıldıqdan sonra əməkdaşlıq barədə razılıq əldə edilmişdir. Beləliklə, 24 may 2005-ci il tarixində Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında “İnkişaf krediti haqqında” Saziş (MXİL) imzalanmışdır.

Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2005-ci il tarixli 973 nömrəli Sərəncamı ilə bu saziş təsdiq edilmiş və ilkin hazırlıq işləri görüldükdən sonra həmin ilin 14 oktyabr tarixindən onun icrasına başlanılmışdır.

Hal-hazırda Milli poçtumuzda Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən maliyyə xidmətlərinin inkişafı layihəsi uğurla başa çatmış və Mərkəzi Bankın lisenziyası əsasında maliyyə xidmətlərinin göstərilməsinə başlanılmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü ilin fevral ayının 11-də imzaladığı Fərmanla təsdiq edilmiş “2004-2008-ci illər Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın, 2009-cu ilin aprel ayının 14-də imzaladığı fərmanla təsdiq edilmiş “2009-2013-cü illər Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın və 2011-ci ilin may ayının 4-də imzaladığı fərmanla təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın tələblərinə uyğun olaraq regionlarda və Bakı şəhərində Poçt Filialları üçün inzibati, şəhər, qəsəbə və kənd tipli müasir standartlara cavab verən poçt şöbəsi binaları tikilərək istifadəyə verilmiş və tikinti işləri hal-hazırda da uğurla davam etdirilir. “2004-2008-ci illər Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın əhatə etdiyi dövrdə 9 rayonda Poçt Filialının inzibati binası (Laçın, Ağdam, Mingəçevir, Samux, Zaqatala, Ağstafa, Balabəhmənli, Göygöl və Füzuli) və 614 poçt şöbəsi binası, “2009-2013-cü illər Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən bu günə kimi 186 poçt şöbəsi binası tikilərək əhalinin istifadəsinə verilmişdir. Qeyd olunan dövr ərzində isə 75 poçt şöbəsi binası əsaslı təmir edilmişdir. Yeni tikilmiş inzibati və poçt şöbəsi binaları günün tələblərinə uyğun tam olaraq müasir reklam, mebel və texniki avadanlıqlarla təchiz edilmişdir. 2004-2011-ci illər ərzində 9 Poçt Filialının inzibati binası və 800 poçt şöbəsi tikilərək istifadəyə verilmişdir. Hal-hazırda regionlarda 7 poçt şöbəsi binasının tikintisi və təmirə ehtiyacı olan inzibati binaların təmiri işləri davam etdirilir. Bütün bu işlərin görülməsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, şəxsən cənab nazirimiz, akademik Əli Abbasovun əvəzsiz xidməti vardır. Dövlət Proqramlarında qarşıya qoyulmuş vəzifələrin tam olaraq icra dövrünün sonuna kimi başa çatdırılması nəzərdə tutulmuşdur.

- Oktyabrın 9-da Ümumdünya Poçt İttifaqının yaranmasının 137 illiyi tamam olur. Həmin gün, eyni zamanda, Azərbaycanın poçt rabitəsi işçilərinin peşə bayramı günü kimi də qeyd edilir. Bayram ərəfəsində hansı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur?

- Azərbaycan Respublikasının Milli Poçt Operatoru- “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti həmişə olduğu kimi bu il də bu bayramın yüksək səviyyədə keçirilməsi üçün ÜPİ-nin Beynəlxalq Bürosunun Baş direktoru cənab Edurd Dayanın üzv ölkələrin poçt operatorlarına ünvanladığı müraciəti də nəzərə alınaraq tədbirlər planı hazırlamışdır. Tədbirlər planında poçt müəssisələrində bayramla əlaqədar toplantıların keçirilməsi, yeni poçt şöbələrinin açılış mərasimlərinin təşkil edilməsi, bütün müəssisələrin inzibati binalarında və onların ətrafında səliqə-sahmanın, abadlıq işlərinin aparılması məqsədilə iməciliklərin keçirilməsi, veteran rabitəçilərlə görüşlər, qabaqcıl poçt işçilərinin mükafatlandırılması və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

 

 

Yeni Azərbaycan.- 2011.- 6 oktyabr.- S.4.