Ulu öndər
Heydər Əliyev müstəqilliyimiz üçün təhlükə
törədən amilləri aradan qaldıraraq onu dönməz
və əbədi etmişdir
Gövhər Baxşəliyeva: Ulu
öndərin layiqli davamçısı cənab İlham Əliyevin
2003-cü ildən ölkəyə rəhbərliyi
dövründə əldə olunan nailiyyətlər, iqtisadi
uğurlar Azərbaycanı həyatın müxtəlif
sferalarında dünya miqyasında aparıcı mövqelərə
çıxartdı
Məlum
olduğu kimi, bu il Azərbaycanın
dövlət müstəqilliyinin əldə edilməsinin
20-ci ildönümü tamam olur. Prezident
İlham Əliyevin Sərəncamına əsasən, bununla
bağlı dövlət səviyyəsində müxtəlif
tədbirlər həyata keçirilməkdədir. “Yeni Azərbaycan” qəzeti olaraq, biz də müstəqilliyimizin
ildönümü ilə əlaqədar bir sıra layihələr
icra etməkdəyik. Bu istiqamətdə həyata
keçirdiyimiz rubrikalarımızdan biri isə “Bu mənim
mövqeyimdir” adlanır. Bu rubrikada Azərbaycanın
görkəmli elm adamlarının, cəmiyyətdə
nüfuzu olan ictimai, siyasi xadimlərin dövlətimizin
müstəqillik tarixi, inkişaf yolu ilə bağlı fikirlərini
dərc edir, bu şərəfli tarixi fərqli rakurslardan dəyərləndirməyə
çalışırıq. Rubrikamızın
növbəti qonağı isə millət vəkili,
AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru
Gövhər Baxşəliyevadır.
- Gövhər
xanım, 20 il öncə dünyada
böyük tarixi əhəmiyyət daşıyan bir hadisə
baş verdi və SSRİ kimi böyük bir imperiya süquta
uğradı. İmperiyanın süqutunu necə
izah edirsiniz? Bu, tarixi zərurət idi,
yoxsa, imperiyanın tərkibində yaşayan respublikaların
bu prosesdə hansısa rolu oldu? Yəni,
bu, tarixi hadisələrin nəticəsində baş
vermiş olay idi?
- Hesab
edirəm ki, Sovet İttifaqının süqutu tarixi zərurət,
qanunauyğun, obyektiv tarixi proseslərin nəticəsi idi. Gec-tez bu, baş verməli idi. Tarixdən
məlumdur ki, böyük imperiyalar həmişə idarəolunmaz
hala gəlir. Yarandıqdan bir qədər
sonra dağılır. Məsələn, Böyük
İsgəndərin imperiyasından bu yana Ərəb
xilafətinı, Osmanlı imperiyasını və digər
imperiyaları xatırlamaq olar. Doğrudur, sovet
imperiyasına daxil olan 15 respublikadan əksəriyyəti
müstəqillik arzusu ilə yaşayırdı. Lakin sovet hakimiyyətinin rəhbərliyindən
narazı xalqların etirazlarının qarşısı zor
gücünə alınır, müstəqil
düşüncəli insanların səsləri boğulurdu.
O vaxtkı şəraitdə bu istiqamətdə mübarizə
aparmaq çox çətin idi. Lakin dövlətin
bu cür idarə edilməsi çox uzun müddət davam edə
bilməzdi. Digər imperiyalar kimi Sovet
İttifaqının da dağılması qaçılmaz
idi. Şükürlər olsun, 70 ildən
artıq yaşadıqdan sonra SSRİ rəhbərliyində
baş verən hadisələr ölkənin süqutunu
sürətləndirdi ki, bunun da nəticəsində imperiyaya
daxil olan respublikalar müstəqillik əldə etdilər.
- Bəs
necə oldu ki, Azərbaycan digər keçmiş sovet
respublikalarından fərqli olaraq, bu prosesi daha ağır,
çətin və daha çox itki ilə başa vurdu?
-
Bilirsiniz ki, o zaman Azərbaycana mərkəzin münasibəti
birmənalı deyildi. Bir yandan sərvətləri
ilə zənginliyi, digər tərəfdən insanların qəlbində
müstəqillik arzusunun yaşaması və ən əsası
da Sovet İttifaqını idarə edənlərin
xalqımıza qarşı milli, dini baxımdan fərq
qoyması ayrıseçkilik münasibətinin
yaranmasını şərtləndirirdi. Tarixən
də məlumdur ki, Azərbaycanın mühüm geostrateji
mövqeyi və zəngin təbii sərvətləri daim
yadelli işğalçıları cəlb edib. Ancaq xalqımız daim azadlıq uğrunda
mübarizə aparıb. Sovet
İttifaqı dağılanda da bir yandan SSRİ rəhbərliyinin
Azərbaycan xalqının müstəqillik istəklərindən
ehtiyatlanması, digər tərəfdən isə
xalqımıza qarşı olan qərəzli münasibəti
ölkəmizdə bu proseslərin ağır keçməsinə,
qan tökülməsinə, böyük itkilərin verilməsinə
səbəb oldu.
Bütün bunları həyata keçirmək
üçünsə, ilk növbədə həmin proseslərin
qarşısını ala biləcək, məhz öncəki
illərdə Azərbaycan xalqına qarşı hər
hansı təxribatların qarşısını cəsarətlə
almış bir insan - Ulu öndər Heydər Əliyev Sovet rəhbərliyindən
düşünülmüş şəkildə
uzaqlaşdırıldı. Məhz bundan sonra Azərbaycana
qarşı istənilən təxribatları həyata
keçirmək mümkün oldu.
SSRİ-nin dağılması nəticəsində
iqtisadi böhran, ərazilərin itirilməsi, qaçqın,
köçkün ordusunun yaranması Azərbaycanın
inkişafına, iqtisadi-siyasi durumuna mənfi təsir göstərdi. Ölkəyə
səriştəsiz insanların rəhbərlik etməsi həm
iqtisadi, həm də siyasi böhran şəraitində
müstəqilliyimizin, dövlətimizin mövcudluğunu belə
sual altında qoymuşdu.
-
1993-cü ilin iyunundan sonra Azərbaycanda ciddi dəyişikliklər
baş verdi. İstər
siyasi, istər iqtisadi, istərsə də sosial sferalarda
böyük inqilabi dəyişikliklər yarandı. Ulu öndər Heydər Əliyevin Azərbaycanda
hakimiyyətə gəlməsi nə anlam
daşıyırdı və bu tarixi hadisə ölkəmizdə
nələri dəyişdirdi?
- Azərbaycan
xalqı, ilk növbədə lider qazandı - uzun illər
respublikamızı idarə etmiş, əməyi sayəsində
özünü təsdiqləmiş, daim xalqın uğuruna
çalışmış, xalqımızı çox
çətin bir dövrdə ağır bəlalardan qurtaran,
millətin gələcəyini, dövlətçiliyin təməlini
quran, siyasi sabitliyi, əmin-amanlığı təmin edən,
gələcək iqtisadi inkişafın əsasını
qoyan bir lideri. Ulu öndər Heydər Əliyevin
bu amallar uğrunda hələ sovetlər dönəmində
respublikamıza rəhbərlik etdiyi vaxtlarda da böyük
xidmətləri olmuşdu. Azərbaycan dilinin dövlət
dili kimi qəbul edilməsi, Naxçıvanski adına
hərbi liseyin yaradılması, ölkədə müstəqil
sosial-iqtisadi infrastrukturun yaradılması və
inkişafı, istehsal müəssisələrinin
artırılması gələcək müstəqilliyin təməlini
qoyurdu. Ulu öndər özü də deyirdi
ki, dili, ordusu olan bir ölkə, iqtisadiyyatı güclü
olan dövlət müstəqil sayılır.
Biz tariximizin bütün anlarını yadda
saxlamalıyıq. Unutmayaq ki, xalqımızın azadlıq
və milli istiqlal uğrunda mübarizə tarixi şanlı və
şərəfli olduğu qədər də faciəvi olub.
Faciəvi olub ona görə ki, zaman-zaman tarixi
şəraitin diktəsi və xalqın azadlıq ruhunun
hökmü ilə milli haqlarımız uğrunda gedən
mücadilələr son nəticədə məğlubiyyətə
uğramış, ata-babalarımızın müstəqillik
arzuları yadelli işğalçılar tərəfindən
qan içində boğulmuşdur. Ən
ibrətamiz və təəssüfləndirici hal odur ki, bu
acı məğlubiyyətlərdə obyektiv proseslərlə
yanaşı, subyektiv amillərin də ciddi təsiri
olmuşdur. Daxili çəkişmələr və
münaqişələr, regional və sinfi maraqların milli mənafelərdən
üstün tutulması, ən başlıcası xalqın
bütün təbəqələrini vahid məqsəd ətrafında
birləşdirməyi bacaran Ümummilli liderin olmaması məhz
bu cür subyektiv amillərdəndir ki, xarici müdaxiləyə
meydan açmış, milli müstəqillik
üçün yaranmış tarixi şansın gerçəkləşməsinə
imkan verməmişdir. Bunu XVIII əsrdə - bütün
dünyada milli dövlətlərin formalaşması prosesinin
getdiyi bir zamanda Azərbaycanın xanlıqlara
parçalanması faktı da təsdiq edir, Şərqdə
ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin cəmi
23 ay yaşadıqdan sonra süquta uğraması da.
XX əsrin sonunda xalqımızın milli istiqlala
qovuşması üçün növbəti tarixi şərait
yarandı. 1988-ci
ildən vüsət alan xalq hərəkatı
Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi,
xalq hərəkatının içərisindən
çıxmış siyasi qüvvələrin hakimiyyətə
gəlməsi ilə nəticələndi. Lakin
bir tərəfdən Ermənistanın torpaqlarımıza təcavüzü,
digər tərəfdən isə hakimiyyət təcrübəsi
və səriştəsi olmayan qüvvələrin daxili və
xarici siyasətdə buraxdığı səhvlər
xalqımızı ciddi sınaq qarşısında qoydu.
Siyasi didişmələr və silahlı
qruplaşmaların mübarizəsi ölkəni vətəndaş
müharibəsi həddinə gətirib çıxardı.
Daxili hərc-mərclik, hakimiyyət orqanlarının iflic vəziyyətə
düşməsi yenicə qazanılmış müstəqilliyin
itirilməsinə səbəb ola bilərdi.
Lakin bu dəfə tarix təkrarlanmadı.
Çünki əvvəlki dövrlərdən
fərqli olaraq indi xalqın bütün təbəqələrinin
inandığı və hörmət bəslədiyi Ümummilli
lider, böyük siyasi iradəyə və təcrübəyə
malik şəxsiyyət - Heydər Əliyev şəxsiyyəti
var idi. Xalqın mütləq əksəriyyətinin, o
cümlədən, hakimiyyət nümayəndələrinin təkidli
tələbi ilə Bakıya gəlib Ali Sovetin Sədri, daha
sonra ölkə Prezidenti seçilən Heydər Əliyev
müstəqilliyimizə qarşı yönəlmiş, necə
deyərlər, ənənəvi ssenarini pozdu, Azərbaycanın
hansısa xarici qüvvələrin əlində oyuncağa
çevrilməsinə imkan vermədi. Bu,
çoxəsrlik tariximizdə şəxsiyyətin roluna dair ən
bariz nümunə, ən parlaq örnəkdir. 1993-cü ilin son dərəcə gərgin şəraitində
möhtərəm Heydər Əliyevin daxili sabitliyi təmin
etmək, xarici təzyiqlərin qarşısını almaq və
beləliklə, dövlət müstəqilliyimizi qoruyub
saxlamaq istiqamətində apardığı nəhəng
işlər bu gün öz bəhrəsini verir. Biz o günlərin canlı şahidləri olsaq da, həmin
dövrdə baş vermiş prosesləri yenidən mənalandırmaq,
onların mahiyyətinə daha dərindən varmaq ehtiyacı
duyuruq. Möhtərəm Heydər Əliyevin
Ali Sovetin Sədri seçilərkən etdiyi
çıxışın mətni xüsusi diqqət çəkir.
Ötən bu illərdən həmin proqram
xarakterli çıxışa nəzər saldıqda
görürük ki, Ulu öndərin bütün sonrakı fəaliyyəti
o tarixi çıxışdakı müddəaların
addım-addım gerçəkləşdirilməsindən
ibarətdir. Millət və dövlət
qarşısında götürülmüş öhdəliklərə
sədaqətin bundan böyük nümunəsini təsəvvür
etmək çətindir. Ulu öndər
müstəqilliyimiz üçün təhlükə törədən
amilləri aradan qaldıraraq onu, öz təbirincə desək,
dönməz və əbədi etmişdir. Həmin çıxışda müəyyən
edilən digər iki istiqamət - demokratik islahatların həyata
keçirilməsi və ərazi
bütövlüyünün təmin olunması istiqamətində
də ardıcıl işlər görülmüşdür.
Məşhur bir deyimə görə, dağın əzəmətini
duymaq və müşahidə etmək üçün ona
uzaqdan baxmaq lazımdır. Tarixi hadisələr də
belədir. Yeni əsrin zirvəsindən
yaxın keçmişə - 1993-cü ildə baş
vermiş proseslərə və həmin proseslərin mərkəzində
dayanan Ulu öndər Heydər Əliyevin çoxşaxəli
fəaliyyətinə nəzər saldıqda o dövrün
tariximizdə müstəsna yerini və əhəmiyyətini
daha dərindən dərk edirik.
Ulu öndərin layiqli davamçısı cənab
İlham Əliyevin 2003-cü ildən ölkəyə rəhbərliyi
dövründə əldə olunan nailiyyətlər, iqtisadi
uğurlar Azərbaycanı həyatın müxtəlif
sferalarında dünya miqyasında aparıcı mövqelərə
çıxartdı. Məhz möhtərəm Prezident İlham Əliyevin
düşünülmüş iqtisadi siyasəti sayəsində
Azərbaycan iqtisadi inkişaf tempinə görə ən
yüksək yeri tutdu, bütün dünyanı iqtisadi
böhran bürüdüyü bir dövrdə həmin
böhranı, demək olar ki, hiss etmədən adladı və
iqtisadi inkişafını davam etdirdi.
- Məlum
olduğu kimi, 1993-cü ilə qədər Azərbaycanda
bütün sahələrdə dərin böhran hökm
sürürdü. O cümlədən, ideoloji cəhətdən
də bir boşluq yaranmışdı. Yeni
düşüncə tərzinin yaranması və
inkişafı üçün baza qıtlığı
mövcud idi. Belə bir şəraitdə
Ulu öndərin atdığı addımları necə
xarakterizə edərdiniz? Milli-mənəvi
dəyərlərin qorunması istiqamətində
görülən işləri necə qiymətləndirirsiniz?
- Həqiqətən
də, həmin dövrdə Azərbaycan bütün sahələrdə
dərin böhran yaşayırdı. Həm
iqtisadi, həm siyasi, həm ideoloji cəhətdən ölkəmizin
düşdüyü vəziyyət çox acınacaqlı
idi və hətta deyərdim ki, müstəqilliyimizin, dövlətçiliyimizin
itirilməsi həddində idi. İlk
günlərdən Ulu öndər Heydər Əliyev dövlətin
bütün sahələrdə siyasətinin prinsiplərini,
xarakterini müəyyənləşdirdi və bu xətlə
aparılan siyasət də Azərbaycanı böhrandan çıxardı.
Azərbaycanın dünya dövlətləri
arasında layiqli, möhkəm yerini tutmasında Ulu öndərin
müdrik xarici siyasəti mühüm rol oynadı. Mən bir
şərqşünas kimi, ilk növbədə Heydər Əliyevin
xarici siyasətindən danışmaq istərdim. Ulu
öndər öz xarici siyasətində Azərbaycanın
Şərqlə Qərb arasında siyasi, iqtisadi, elmi, mədəni
və s. sahələrdə körpü rolunu oynamasından
maksimum istifadə etməyə çalışırdı.
Ümummilli lider Heydər Əliyevin xarici siyasətində,
Şərqə münasibətdə, qonşu ölkələrlə,
xüsusilə, Türkiyə, İran və s. ölkələrlə
münasibətlərdə dahi uzaqgörənlik, müdriklik
və mahir davranış həmişə duyulurdu. Ölkəmizlə
çoxsaylı dini, mədəni, etnik tellərlə
bağlı olan Yaxın və Orta Şərq ölkələri
ilə bərabərhüquqlu münasibətlər qurulur,
regionda yerləşən bütün dövlətlərlə
mehriban qonşuluq əlaqələri saxlanılır, bu əlaqələr
inkişaf etdirilərək möhkəmləndirilirdi və
indiyədək də bu siyasət uğurla davam etdirilir. Burada əsasən dünyada geostrateji əhəmiyyətə
malik olan, eyni zamanda, region problemləri ilə hər hansı
bir əlaqəsi olan və bizə coğrafi və siyasi cəhətdən
yaxın olan ölkələrlə münasibətlərə
daha çox diqqət yetirilirdi. Belə ölkələrə
birinci növbədə Türkiyə, İran, Səudiyyə
Ərəbistanı, Misir, Pakistan və s. aiddir. Bu və İslam Konfransı Təşkilatına
daxil olan digər ölkələrin Azərbaycana dəstəyi,
mənəvi yardımı gənc dövlətimiz
üçün çox vacib idi. Bütün bu amilləri
nəzərə alan Heydər Əliyevin
apardığı siyasət nəticəsində bu sahədə
böyük uğurlar qazanılmış və
qazanılmaqdadır.
- Elm xadimi kimi 20 illik müstəqillik dövründə Azərbaycan elminin inkişafı ilə bağlı fikirlərinizi bilmək istərdik. Eyni zamanda, Azərbaycan elminin dünyaya inteqrasiyası hansı səviyyədədir?
- Ulu öndər Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından və Elmlər Akademiyası üzvləri ilə, elmi ictimaiyyətlə tarixi görüşündən və bu görüş nəticəsində atdığı addımlardan sonra Elmlər Akademiyası sistemində mövcud olmuş dərin böhran, tənəzzül, hətta iflas proseslərinin qarşısı alındı və necə deyərlər, ölkənin digər sahələrində olduğu kimi, Elmlər Akademiyasında da sabitlik yarandı. Elmin inkişafı, elmi-texniki potensialın güclənməsi, yüksəkixtisaslı elmi kadrların hazırlanması, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması sahəsində önəmli tədbirlər həyata keçirildi. Ümummilli lider Heydər Əliyevin 2001-ci il 15 may tarixli Fərmanı ilə Azərbaycan Elmlər Akademiyasına “Milli Elmlər Akademiyası” statusu verildi. Bu tarixi Fərman ölkədə fundamental elmin nailiyyətlərini, Azərbaycan xalqının sosial, iqtisadi, mədəni və mənəvi təşəkkülündə elmin rolunu, ölkənin ictimai-siyasi həyatında nüfuzunu, dövlətin tərəqqisinin təminatçısı olduğunu bir daha təsdiqlədi.
Bütün sahələrdə olduğu kimi, elmə münasibətdə də Heydər Əliyev kursunun layiqli davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyev isə elmdə islahatlar, elmin inkişaf strategiyası, Elmin İnkişafı Fondunun yaradılması ilə bağlı sərəncamları ilə Azərbaycan elminin günün tələbləri səviyyəsinə yüksəlməsi istiqamətində mühüm addımlar atdı. Ötən illərdə ölkəmizdə alimlərin məvacibləri dəfələrlə artırılıb. Xüsusən də, dövlət başçısının 2005-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 60 illiyi ilə əlaqədar imzaladığı sərəncamlarla görkəmli alimlərimizə yüksək dövlət mükafatları, elmi adlar, Prezident təqaüdü və mənzillər verilməsini qeyd etmək istərdim. Elmin inkişafına yönəldilən xərclər təxminən 7 dəfə artıb. Azərbaycan Elminin İnkişaf Strategiyası təsdiq olunub, 2009-2015-ci illərdə Elmin inkişafı üzrə Milli Strategiyasının həyata keçirilməsi üçün Dövlət Proqramı qəbul edilib, Elmin İnkişaf Fondu yaradılıb və s. Bütün bunlar göstərir ki, AMEA-ya, Azərbaycan elminə diqqət ilbəil artırılır. Bu il Prezidentimizin AMEA-nın illik hesabat yığıncağındakı iştirakı da elmə dövlət tərəfindən yüksək diqqət və qayğının nümunəsidir. Dövlət başçısının həmin tədbirdə söylədiyi nitqdə Azərbaycan elminə yüksək qiymət verilir, görülən işlərin çox uğurlu və təqdirəlayiq olduğu bildirilir, Azərbaycan elminin gələcəyinə böyük inam bəslənilir.
Elmimizin dünyaya inteqrasiyası məsələsinə gəldikdə isə, bu proses gedir. Bu məsələ 2009-2015-ci illərdə Elmin inkişafı üzrə Milli Strategiyada öz əksini tapıb. Hazırda bu istiqamətdə böyük işlər gedir, mütəmadi beynəlxalq konfrans, simpozium, seminarlar keçirilir. Böyük uğurlar qazanılır. Beynəlxalq jurnallarda məqalələr dərc olunur.
Şərqşünaslıq İnstitutu bu sahədə fəallığı və məhsuldarlığı ilə seçilir. Müstəqillik illərində Şərqşünaslıq İnstitutu əməkdaşlarının nəşr olunmuş 245 kitabından 17-si, 2700 elmi məqaləsindən 365-i xarici ölkələrdə işıq üzü görüb. Keçirilmiş 28 konfransdan 15-i beynəlxalq miqyaslıdır və bu sırada xaricdə təşkil etdiyimiz birgə konfranslar da var. Bunlardan müxtəlif illərdə Bakıda Hollandiyanın Utrext Universiteti ilə birgə keçirdiyimiz “Azərbaycan və qonşu ölkələrdə XX əsrin əvvəllərində ictimai-siyasi fikir və ideoloji reallıqlar” mövzusunda, YUNESKO ilə birgə təşkil etdiyimiz Mirzə Kazım bəyin 200 illiyinə həsr olunmuş beynəlxalq konfransları, “Heydər Əliyev və Şərq”, “Yaxın və Orta Şərq: dünəni, bu günü və sabahı”, “Şərq xalqlarının Bakı qurultayı-1920: tarix və reallıqlar” və s. mövzuda, həmçinin, Türkiyə Respublikasının 75 illiyinə, Osmanlı dövlətinin yaranmasının 700 illiyinə, böyük İran şairləri Hafiz Şirazi və Sədi Şiraziyə, İranda Məşrutə inqilabının 100 illiyinə, Şeyx Məhəmməd Xiyabani hərəkatının 90 illiyinə həsr olunmuş beynəlxalq konfransları qeyd edə bilərəm. Son zamanlar Rumıniyanın Babeş Bolya Universiteti ilə sıx əlaqələr qurulub və bu Universitetin Türkologiya və Mərkəzi Asiya Tədqiqatları İnstitutu ilə birgə ötən il Rumıniyanın Kluj-Napoka şəhərində “Şərq və Qərb arasında dialoq”, bu il isə Bakıda “Müasir şərqşünaslığın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfransları uğurla keçirmişik. Bizim, həmçinin, təşkil etdiyimiz 51 seminardan 8-i, 34 simpoziumdan 11-i beynəlxalq səviyyəlidır.
Bu illər ərzində əməkdaşlarımızın xaricdə iştirak etdiyi tədbirlər sırasında 317 konfrans, 47 seminar, 121 simpozium var. Alimlərimiz indiyədək 14 qrant alıb.
İnstitutumuzun hazırda Türkiyə, Almaniya, Hollandiya, Rumıniya, İran, Birləşmiş Ərəb Əmirlikləri, Misir Ərəb Respublikası və s. ölkələrin universitet və elmi mərkəzləri, habelə Türk Tarix Qurumu ilə sıx elmi əlaqələri var. Onlarla ikitərəfli elmi əməkdaşlıq haqqında müqavilələr imzalanıb, şərqşünas alimlərin daha səmərəli elmi fəaliyyətlə məşğul olması təmin edilib. Həmçinin, institut YUNESKO-nun dəstəyi ilə fəaliyyət göstərən Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutunun Azərbaycan üzrə əlaqələndiricisidir.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-
2011.- 7 oktyabr.- S.4.