Ölkəmizdə sosial sferada böyük nailiyyətlər əldə olunub

 

Musa Quliyev: Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsindən sonra əsas prioritetlərdən biri əhalinin sosial rifahının gücləndirilməsi məsələsi olub

 

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Musa Quliyev www.yap.org.az saytına müsahibə verib:

- Musa müəllim, bu il ölkəmiz müstəqilliyinin 20 illiyini qeyd edir. Hazırda bu münasibətlə respublikamızın bütün guşələrində tədbirlər keçirilir, bu illər ərzində qazanılan uğurlar, nailiyyətlər haqqında hesabatlar verilir. Bu mənada Azərbaycanda əhalinin sosial müdafiəsinin təmin olunması yönündə həyata keçirilən siyasət haqqında fikirlərinizi bilmək istərdik...

- Ümumiyyətlə, müstəqilliyimizin bərpa olunmasından sonra Azərbaycanda əhalinin sosial rifahının gücləndirilməsi dövlət siyasətinin prioritetlərindən biridir. Ulu öndər Heydər Əliyev ölkənin daxili siyasi kursunu müəyyənləşdirərkən sosial siyasətə, xüsusən sosial müdafiə sahəsinə böyük diqqət ayırdı və sosial siyasəti ölkənin daxili siyasətinin prioritet istiqaməti kimi müəyyən etdi. Məlumdur ki, hər bir ölkədə əhalinin sosial rifah halı ölkənin iqtisadi durumu, inkişafı və inkişafın səviyyəsi ilə bağlıdır. Azərbaycan müstəqilliyini əldə etdiyi ilk illərdə ölkəmizdə iqtisadi durum olduqca ağır vəziyyətdə idi. 1993-cü ildə ölkəmizin büdcəsi 300 milyon dollar idi. Həmin ildə Ulu öndər Heydər Əliyevin qarşısında çox böyük bir vəzifə dururdu: ölkədəki hərc-mərcliyi aradan qaldırmaq, ictimai-siyasi sabitliyi yaratmaq, iqtisadi tənəzzülün qarşısını almaq, planlaşdırılmış sosialist iqtisadiyyatından yeni bazar iqtisadiyyatına keçidi ağrısız şəkildə keçirmək, ən nəhayət ölkə iqtisadiyyatını stabilləşdirmək, inkişafa nail olmaq və bu fonda da əhalinin sosial müdafiəsini daima etibarlı şəkildə təmin etmək. Bütün bunlar ölkəmizin ilk illərində çox çətin vəzifələr idi. Amma buna baxmayaraq, Ümummilli lider öz uzaqgörən siyasəti ilə əhalinin sosial müdafiəsini təmin olunması ilə bağlı mühüm tədbirlərin həyata keçirilməsini ardıcıl olaraq təmin edirdi. Demək olar ki, müstəqilliyimizin ilk 10 ili ölkədə iqtisadi, siyasi sabitliyin təmin olunmasına, iqtisadi tənəzzülün aradan qaldırılmasına, islahatların aparılmasına xüsusilə də, aqrar islahatları vurğulamaq lazımdır, özəlləşdirmənin həyata keçirilməsinə həsr olundu. 2000-ci illərin əvvəlindən isə inkişaf prosesi başladı. Bu dövr ərzində əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı bir sıra sərəncamlar, fərmanlar imzalandı, qanunlar qəbul edildi. Xüsusilə əlillərin, şəhid ailələrinin, Qarabağ müharibəsi veteranlarının statusu və onların sosial müdafiəsini şərtləndirən və təmin edən qanunvericilik aktları qəbul olundu. Çernobıl əlillərinin, pensiyaçıların, sosial müavinət alanların, əlil uşaqların sosial müdafiəsi ilə bağlı bir sıra qanunlar qəbul edildi.

- Əhalinin sosial müdafiəsinin gücləndirilməsi işində Azərbaycanda pensiya islahatlarının rolu nədən ibarətdir? Son illər pensiya sisteminin daha da təkmilləşdirilməsi hansı uğurları özündə ehtiva edir?

- Azərbaycanda əhalinin sosial müdafiəsi ilə bağlı yeni konsepsiyanın hazırlanması, yeni baxışların tətbiq olunması, modern pensiya təminatının həyata keçirilməsi 2001-ci il 17 iyul tarixində Ulu öndərin imzaladığı “Azərbaycan Respublikasında pensiya islahatları konsepsiyası” haqqında Sərəncamdan başlandı. Məhz bu Sərəncamda Azərbaycanda pensiya təminatının təyin olunmasının və ödənilməsinin yeni bir modeli, artıq sosial sığortaya əsaslanan modelinin tətbiq olunmasına hüquqi əsaslar yaratdı. Keçmiş Sovet İttifaqının tərkibində olduğumuz illər ərzində Azərbaycanda pensiyanın həmrəylik prinsipi həyata keçirilirdi. Yəni, hər işləyən nəsil pensiyaya çıxan nəslin pensiyasını təmin edirdi. Bu, bazar iqtisadiyyatı prinsiplərinə uyğun deyil, o cümlədən, bazar iqtisadiyyatı münasibətlərində özünü doğruldan bir sistem deyildi. Sığorta sisteminə əsaslanan pensiya sisteminin qurulmasının da əsas mahiyyəti ondan ibarət idi ki, hər bir işləyən şəxs, eyni zamanda, işlədiyi dövrdə özünün pensiya kapitalını da özü formalaşdırmalıdır. Bu sistemə keçidin əsasını Azərbaycanda pensiya islahatları konsepsiyası haqqında Prezident Sərəncamı qoydu. Bunun ardınca isə daha bir Fərman imzalandı və həmin Fərman Azərbaycanda pensiya sisteminin təkmilləşdirilməsi haqqında idi. Məhz bu Fərmandan irəli gələrək o zamandan əhalinin pensiyalarının hesablanması və ödənişi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən alınaraq Dövlət Sosial Müdafiə Fonduna verildi. Burada əsas mahiyyət ondan ibarət idi ki, fond həm pensiya təminatı üçün əsas təşkil edəcək kapitalı, yəni, sosial sığortaların yığılmasını, təyin olunmasını təmin edəcək, həm də pensiyaların təyinatını aparacaq. Bununla bağlı olaraq pensiya sistemində yeni qaydaların tətbiqinə 2005-ci ildə başlanıldı.

- Ümumiyyətlə, pensiya islahatları ilə bağlı ölkəmizdə hansı qanunlar qəbul edilib? Bu prosesin həyata keçirilməsində Milli Məclis tərəfindən qəbul olunan qanunların əhəmiyyətini necə dəyərləndirirsiniz?

- 2005-ci ildə bu sahə ilə bağlı üç mühüm qanun qəbul olundu. Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə həmin qanunlar 2006-cı ilin yanvar ayından qüvvəyə mindi. Bunlar “Əmək pensiyaları haqqında”, “Sosial müavinətlər haqqında” və “Fərdi uçot haqqında” qanunlardır. Məhz bu qanunların qüvvəyə minməsi ölkəmizdə pensiya islahatlarının modern şəkildə həyata keçirilməsini təmin etdi və Azərbaycanda çox uğurlu və mütərəqqi bir pensiya sistemi quruldu. Görülən işlərin nəticəsi olaraq pensiyaların ödənilməsində şəffaflıq, ünvanlılıq təmin olundu, hər kəsin pensiyasının özünün hesablayacağı bir baza sistemi yarandı. Artıq 5 ildən çoxdur ki, Azərbaycanda pensiyaların ödənilməsinin 99 faizi plastik kartlar vasitəsilə həyata keçirilir ki, bu da ödəmələrdə şəffaflığın təmin olunmasında böyük rol oynayır. Aparılan islahatlar nəticəsində pensiyaların ödənilməsində və təminatında çox böyük uğurlar əldə olundu. O cümlədən də, pensiyaların məbləğində.

- Sizcə, “Əmək pensiyaları haqqında” Qanuna bu il edilmiş dəyişikliklərin önəmi nədən ibarətdir?

- Əgər 1993-cü ildə Azərbaycanda pensiyaların minimum məbləği indiki pulla 1 manat 10 qəpik, 2001-ci ildə pensiyaların minimum məbləği 5 manat 50 qəpik təşkil edirdisə, bu gün pensiyanın minimum məbləği 85 manat həcmindədir. Pensiya islahatlarının ən bariz nümunəsi və son mərhələsi olaraq 2011-ci ilin əvvəlində möhtərəm Prezidentimizin tapşırığı ilə hökumət 2006-cı ilə qədər pensiyaya çıxanlarla, 2006-cı ildən sonra pensiyaya çıxanların pensiyalarının arasında uyğunsuzluğu aradan qaldırmaq üçün tədbirlər işləyib hazırladı. Məhz bu tədbirlərdən sonra 2006-cı ilin II yarısında Azərbaycanda 850 min nəfər pensiyaçını əhatə edən pensiya islahatı həyata keçirildi. Azərbaycanda pensiyaların orta məbləği yüksəldi, həm də 850 min nəfərin pensiyası xeyli-30 faizdən 100-120 faizə qədər artırıldı. Bununla da, Azərbaycanda pensiyanın orta məbləği 140 manatı üstələdi. Beləliklə, biz Avropa Sosial Xartiyasının daha bir müddəasına qoşulduq. İnkişaf etmiş dövlətlər qarşısında qoyulan tələblərdən biri ondan ibarət idi ki, həmin dövlətlərdə pensiyanın orta aylıq məbləği orta əmək haqqının orta aylıq məbləğinin 40 faizindən az olmamalıdır. Azərbaycanda Avropa Sosial Xartiyasının bu tələbi də yerinə yetirildi. Aparılan pensiya islahatlarının və sosial iqtisadi inkişafın nəticəsi olaraq Azərbaycan bu gün pensiyaların orta aylıq məbləğinin yüksəkliyi baxımından MDB məkanında yalnız Qazaxıstandan geridə qalır və ikinci yerdədir. Bu gün Azərbaycanda pensiyaların orta aylıq məbləği 140 manatdan yuxarı təşkil edir. Minimum pensiya isə 85 manatdır və nəzərə alsaq ki, baza pensiyasının üzərinə də staja uyğun sığorta haqqları gəlir və Azərbaycanda bu gün orta hesabla pensiyaçıların böyük əksəriyyəti 100 manatdan çox pensiya alır. Ümumiyyətlə, pensiya-sığorta sisteminin Azərbaycanda təkmilləşdirilməsi ilə bağlı xüsusi bir dövlət proqramı da qəbul olunub. Bu, ölkə Prezidentinin 2008 -ci ilin 30 dekabrında imzaladığı Sərəncamı ilə təsdiq edilən 2009-2015-ci illərdə Azərbaycanda sığorta pensiya sisteminin inkişafına dair dövlət proqramıdır. Və Azərbaycanda sosial siyasətin, xüsusilə də, sosial müdafiə məsələlərinin dövlət siyasəti səviyyəsinə qaldırılması və dövlətin daxili siyasətinin prioritetlərindən birinə çevrilməsi ölkəmizin dövlət büdcəsində də hər zaman öz əksini tapıb. Dövlət büdcəmizin daim sosialyönümlü olması və son illərdə, eyni zamanda, investisiya tutumlu olması ilə yanaşı dövlət büdcə xərclərinin adətən 1/3-dən az olmayaraq sosial müdafiəyə ayrılması bir daha göstərir ki, Azərbaycan dövləti və Prezidenti sosialyönümlü siyasət aparır. Prezidentimizin əsas hədəflərindən biri Azərbaycanı varlı ölkəyə çevirməkdir, əhalimizi inkişaf etmiş, sosial-rifah içində yaşayan bir xalqa çevirməkdir. Biz buna da 20 il ərzində addım-addım gələrək nail olmuşuq və böyük nailiyyətlər əldə etmişik.

- Azərbaycanda yoxsulluğun aradan qaldırılması yönündə görülən işləri necə dəyərləndirmək mümkündür?

- 20 illik müstəqillik dövründə aparılan sosial-iqtisadi islahatların çox mühüm tərkib hissəsi Azərbaycanda yoxsulluğun aradan qaldırılmasına yönəlik dövlət proqramları, dövlət tədbirləri və qanunvericilik aktlarının qəbul olunması idi. Azərbaycanda yoxsulluğun aradan qaldırılması ilə bağlı ilk dövlət proqramı Ulu öndər Heydər Əliyevin imzası ilə 2003-cü ilin 20 fevralında qəbul olunub və bu proqram 2003-2005-ci illəri əhatə edirdi. Bu proqramla əlaqədar imzalanmış Sərəncamın həyata keçirilməsi ilə Azərbaycanda yoxsulluğun aradan qaldırılması üçün məqsədyönlü və çoxşaxəli tədbirlər həyata keçirilməyə başlanıldı. Həmin Sərəncamın davamı olaraq Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı bir Sərəncamla-Azərbaycan Respublikasında yoxsulluğun (2008-2015-ci illər) aradan qaldırılması və davamlı inkişaf üzrə Dövlət Proqramı qəbul olundu. Məhz həmin dövlət proqramının qəbul olunması və icrası nəticəsində ölkənin ümumi sosial-iqtisadi inkişafı fonunda Azərbaycanda yoxsulluq 2001-ci ildəki 49 faiz həddindən 2011-ci ildə 9 faizə endi. Dünya dövlətləri tarixində 10 il ərzində yoxsulluğun bu qədər sürətlə azaldılması kimi fakt yoxdur. Bu, yalnız Azərbaycan dövlətinin uğurudur.

- Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramı həyata keçirilməkdədir. Bu proqramın icrası nəticəsində bölgələrimizdə böyük abadlıq və quruculuq işləri görülür. Sizcə, bu proqram əhalinin sosial müdafiəsində nə dərəcədə rol oynayır?

- Əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı çox mühüm əhəmiyyət kəsb edən Prezident fərmanlarından biri də 2004-cü ilin fevralında imzalanan “Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı” oldu. Bu istiqamətdə iki dövlət proqramı qəbul edilib-biri 2004-2008-ci illəri, ikinci proqram isə 2009-2013-cü illəri əhatə edir. Bu dövlət proqramlarının qəbulu da əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində təsiredici amillərdən biri oldu. Regionlarda, xüsusilə, infrastrukturun yaradılması, qeyri-neft sektorunun inkişafı, regionlarda daimi iş yerlərinin yaradılması əhalinin sosial-rifah halının yüksəlməsinə birbaşa təsir göstərən amillərdən biri olub. Eyni zamanda, daha bir mühüm strateji məsələ ölkəmizdə işsizliyin artırılması, məşğulluq siyasətinin müəyyənləşdirilməsi və həyata keçirilməsi ilə bağlı idi. 2003-cü ildə möhtərəm Prezidentimiz seçkiqabağı kampaniyada belə bir vədlə çıxış etdi ki, biz beş il ərzində Azərbaycanda 600 mindən çox yeni iş yeri açacağıq. Cənab Prezidentin proqram xarakterli irəli sürdüyü bu müddəa qısa müddət ərzində çox uğurla həyata keçdi. Bu günə qədər Azərbaycanda 900 mindən artıq yeni iş yerləri açılıb ki, onun da 800 mindən çoxu daimi iş yerləridir. Məhz məşğulluq siyasətinin strateji baxımdan planlaşdırılması və həyata keçirilməsinin təmin edilməsi üçün cənab Prezidentimizin Sərəncamı ilə 2006-2015-ci illər üçün Azərbaycanda məşğulluq strategiyası qəbul olundu və bu gün də bu strategiya uğurla həyata keçirilir.

- Musa müəllim, bəs Azərbaycanda ünvanlı sosial yardım sisteminin tətbiq olunmasının dövlətimizin sosial siyasətində önəmi haqqında nə demək olar?

- “Ünvanlı sosial yardımlar haqqında” Qanun 2006-cı ildə qəbul olunub və 2007-ci ildən tətbiq edilir. Bu qanunun qəbulu Azərbaycanda yoxsulluğun aradan qaldırılması və sosial müdafiəyə ehtiyacı olan vətəndaşların dövlət tərəfindən birbaşa ünvanlı sosial yardım almasını təmin edən və həyata keçirən çox mühüm bir layihədir. Bu, Azərbaycanın sosial müdafiə sistemində yeni bir istiqamət idi. Belə ki, qısa müddət ərzində ölkədə 250 min ailəni və ya 750 mindən çox vətəndaşı əhatə edən bir ünvanlı sosial strategiya həyata keçirildi. Bu gün ölkədə mütləq yoxsulluq həddində olan insan yoxdur. Yalnız 9 faiz yoxsul vətəndaş var ki, onlar ünvanlı sosial yardım alırlar. Amma bu qanunun da daha çevik forması yoxsul ailələrin sosial reabilitasiya proqramıdır ki, bu proqram artıq müxtəlif rayonlarda pilot layihə olaraq həyata keçirilir. Yəqin ki, bu layihə gələn ildən daha da genişlənəcək. Əsas mahiyyətsə bundan ibarətdir ki, yoxsul ailələrə aylıq müavinətlər əvəzinə yoxsulluqdan çıxmaqdan ötrü onlara birdəfəlik peşə öyrədilməsi və ya fərdi kiçik sahibkarlığın, təsərrüfatlarının qurulması üçün dövlət dəstəyinin verilməsidir ki, bu sahədə də uğurlu iş aparılır.

 

 

 Yeni Azərbaycan.- 2011.- 12 oktyabr.- S.4.