Müstəqillik
dövründə Azərbaycan böyük inkişaf və tərəqqiyə
imza atıb
Eldar İbrahimov: Azərbaycan dövləti
gələcəkdə daha böyük nailiyyətlər
qazanacaq
Məlum
olduğu kimi, bu il Azərbaycanın
dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci
ildönümü tamam olur. Prezident İlham Əliyevin
Sərəncamına əsasən, bununla bağlı dövlət
səviyyəsində müxtəlif tədbirlər həyata
keçirilir. “Yeni Azərbaycan” qəzeti
olaraq, biz də müstəqilliyimizin ildönümü ilə
əlaqədar bir sıra layihələr icra etməkdəyik.
Bu istiqamətdə həyata keçirdiyimiz
rubrikalarımızdan biri isə “Bu mənim mövqeyimdir”
adlanır. Bu rubrikada Azərbaycanın
görkəmli elm adamlarının, cəmiyyətdə
nüfuzu olan ictimai və siyasi xadimlərin dövlətimizin
müstəqillik tarixi, inkişaf yolu ilə bağlı fikirlərini
dərc edir, bu şərəfli tarixi fərqli rakurslardan dəyərləndirməyə
çalışırıq. Rubrikamızın
növbəti qonağı isə Milli Məclisin Aqrar siyasət
komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü
Eldar İbrahimovdur.
Müstəqilliyə gedən yol Azərbaycana
böyük qanlar bahasına başa gəldi
İlk olaraq söhbətimizə Azərbaycanın
müstəqilliyinə gedən yolun çətinliyindən,
ancaq buna baxmayaraq xalqımızın şərəfli
mübarizə tarixindən başlayan Eldar İbrahimov o zaman
SSRİ-nin süqutunun tarixi zərurət olduğunu bildirib. Onun sözlərinə
görə, 1991-ci ildə SSRİ-nin süqutun ardından digər
müttəfiq respublikalar kimi Azərbaycan da öz dövlət
müstəqilliyini elan etmişdi:
- Amma bu
müstəqillik Azərbaycan üçün digər
respublikalardan fərqli olaraq çox böyük qanlar
bahasına başa gəlmişdi. Həmin dövrün siyasi
mənzərəsinə nəzər saldıqda xüsusi
olaraq qeyd etmək lazımdır ki, o dövrlərdə Azərbaycanda
baş vermiş 20 Yanvar faciəsi, o cümlədən, Ermənistanın
Azərbaycan torpaqlarını işğal etməsi və Ermənistanda
yaşayan azərbaycanlıların öz ata-baba yurdlarından
deportasiyası ölkəmizdə olduqca gərgin bir situasiya
yaratmışdı. Bütün bu ağır
durumla yanaşı, Azərbaycan xalqı həm də bir
siyasi sınaqla üz-üzə durmuşdu. Bu cür çətin bir zamanda səriştəsiz
və təsadüfi insanların hakimiyyətə yiyələnməsi
xalqı və dövləti daha ağır imtahanlara
sürükləməkdə davam edirdi. Belə
bir xaotik vəziyyətdə Azərbaycan xalqı ard-arda zərbələr
alırdı. Xocalı
soyqırımı, Dağlıq Qarabağda gedən qanlı
savaş, bununla paralel olaraq Bakıda o zaman hakimiyyətdə
olan qüvvələrin və hakimiyyətə yiyələnməyə
çalışanların kürsü savaşı ölkəni
uçurumun kənarına gətirib
çıxarmışdı.
Bir sözlə, Azərbaycanın müstəqilliyinin
ilk illərində cəmiyyətdə xaos, qarşıdurma
hökm sürürdü. Bir tərəfdən
o dövrkü hakimiyyətin qətiyyətsiz və
qeyri-peşəkar siyasəti nəticəsində
torpaqlarımız işğal olunur, erməni vəhşiliyinin
qarşısı alınmırdı. Bu da
xalq tərəfindən ciddi etirazla qarşılanırdı
və o zamankı hakimiyyətə qarşı
etimadsızlıq yaranmışdı. Digər
tərəfdən, xalqın bu etiraz dalğasından o
vaxtkı müxalifət öz məqsədləri
üçün yararlanmağa çalışırdı.
Tezliklə də bu qüvvələr vəziyyətdən
istifadə edərək hakimiyyətə gəldilər.
Komitə sədrinin fikrincə, 1991-1992-ci illərdə
Milli Ordumuzun olmamasından istifadə edərək, fərdi
surətdə özbaşına qanunsuz silahlı dəstə
toplayaraq siyasi hakimiyyətə gəlməyə
çalışan qüvvələr xalqı vətəndaş
müharibəsinə sürükləyirdilər. Əlbəttə,
sovetlər birliyi dağılsa da, imperialist qüvvələr
regionda öz maraqlarını hər vəchlə təmin etməyə
çalışırdılar. Belə bir
vəziyyətdə xalq əliyalın öz torpaqlarını
müdafiə etmək üçün ayağa
qalxmışdı. E.İbrahimov qeyd edib
ki, hakimiyyətdəki qeyri-peşəkar, tam səriştəsiz
və dövlət idarəçiliyindən xəbəri
olmayan insanlar o dövrün vəziyyətini qiymətləndirə
bilmədiklərindən düşmən
hücumlarının qarşısını almaq
üçün heç bir tədbir
görülmürdü. Çünki biz təkcə
ermənilərlə deyil, Sovet ordusunun sələfləri ilə
silahlı qüvvələrlə qarşı-qarşıya
dayanmışdıq:
- 1992-ci
ilin mayında hakimiyyətə yiyələnən
AXC-Müsavat cütlüyünün zamanında isə
hakimiyyət savaşı daha da yüksək səviyyədə
vüsət aldı. Həmin zamanlarda hakimiyyətdə
olan insanlar özləri fərdi surətdə hərbi dəstələr
yaradırdılar və bu hərbi qruplar vasitəsilə də
siyasi hakimiyyət mübarizəsində önə
çıxmağa çalışırdılar. Xalqın iradəsi, arzusu, istəyi və ən əsası
Azərbaycanın suverenliyi məsələsi o zamankı
hakimiyyət nümayəndələri üçün önəm
daşımırdı. Azərbaycan məhv
olmaq, parçalanmaq təhlükəsi ilə üz-üzə
qalmışdı.
Xalq ümidlərini yalnız Ulu
öndər Heydər Əliyevə bağlamışdı
Belə
bir məqamda yalnız bir çıxış yolunun
olduğunu deyən Eldar müəllimin sözlərinə
görə, bu çıxış yolu görkəmli siyasi və
dövlət xadimi, Naxçıvan Muxtar Respublikasının
Ali Məclisin Sədri, Yeni Azərbaycan Partiyasının Sədri
Heydər Əliyevin Bakıya dəvət olunmasından ibarət
idi. Millət vəkili qeyd edib ki, Azərbaycan dövlətçiliyinin
yaşamasını istəyən, ölkənin
separatçı rejimlər tərəfindən
bölüşdürülməsini sakit şəkildə izləyə
bilməyən ziyalılar Ulu öndər Heydər Əliyevə
müraciət etdilər:
- Azərbaycan
ziyalıları, o cümlədən, sadə insanlar
Ümummilli liderə müraciətlər edirdilər, ölkədə
yaranan siyasi gərginliyin aradan qaldırılması
üçün Heydər Əliyevin hakimiyyətə gəlməsinin
vacibliyini qeyd edirdilər. Amma həmin dövrdə
Naxçıvan blokadada idi və məhz Ulu öndərin
siyasi qüdrəti və böyük zəkası sayəsində
bu bölgə özünü layiqincə qorudu. Eyni zamanda, AXC hakimiyyətinin Heydər Əliyevi
hakimiyyətdən qanunsuz yollarla devirmək cəhdlərinin də
qarşısını sadə insanlar qətiyyətlə
aldı və bu zaman hamı Ulu öndərə olan xalq
sevgisinin bir daha şahidi oldu. Təbii ki,
Naxçıvanla yanaşı, Ulu öndər Heydər Əliyev
Azərbaycanın xilası yollarını axtarırdı.
Böyük siyasi xadim Heydər Əliyev
görürdü ki, ölkə vətəndaş müharibəsi
ərəfəsindədir və cənubda, şimalda
separatçı qüvvələr başqa xarici qüvvələrin
təhriki ilə Azərbaycanda bölücülük siyasəti
həyata keçirirlər.
Azərbaycan
xalqının böyük oğlu 1993-cü il
iyunun 9-da Bakıya döndü. Bu
dönüş xalqın istəyi, tarixin zərurəti idi.
Bu qayıdış insanların qəlbinə
bir inam və rahatlıq toxumu səpdi, ölkənin xilas
olduğuna inamı artırdı.
Ulu öndər Heydər Əliyev hakimiyyətə
qayıtdıqdan sonra qısa müddət ərzində
ölkədə sabitliyi bərpa etdi, separatçı
qüvvələri zərərsizləşdirdi, 1994, 1995-ci
illərdə dövlət çevrilişi cəhdlərinin
qarşısını qətiyyətlə aldı. Məhz bu mərhələdən
sonra xalqımız sakit həyat tərzi sürməyə
başladı. Əlbəttə ki, bunun
kökündə Ümummilli liderimiz tərəfindən
müəyyənləşdirilmiş milli birlik və həmrəylik
konsepsiyası dayanırdı. Ulu öndər
Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq
ideologiyası nəinki azərbaycanlıları, ölkəmizdə
yaşayan bütün xalqları, dünyada yaşayan
soydaşlarımızı vahid ideya ətrafında birləşdirdi.
E.İbrahimov
hesab edir ki, müstəqilliyimizin bərpa olunduğu 20 il ərzində Azərbaycan böyük
inkişaf yolu keçib. Ölkəmizin
inkişaf strategiyasının Ulu öndər Heydər Əliyev
tərəfindən müəyyənləşdirildiyini deyən
millət vəkili Azərbaycanda Heydər Əliyev siyasətinin
alternativinin olmadığını vurğulayıb. Onun
sözlərinə görə, bu gün Prezident İlham Əliyevin
bu siyasəti uğurla həyata keçirməsi nəticəsində
Azərbaycan dinamik inkişaf edən, müasirləşən,
modernləşən dövlətə çevrilib:
- Həqiqətən
də, Azərbaycan ötən 20 il ərzində
böyük bir yol keçib. Ulu öndər
Heydər Əliyevin əsasını qoyduğu inkişaf
konsepsiyaları Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Ötən dövr ərzində
möhtəşəm iqtisadi uğurlara imza atılıb.
Bunu tək Azərbaycan vətəndaşları
təsdiq etmir, bu faktı bütün dünya təsdiq edir.
Azərbaycana səfər edən hər bir
şəxs ölkəmizdə gedən inkişafdan heyran
qalır. Hətta bir sıra beynəlxalq
ekspertlər ölkəmizdə təkcə yoxsulluğun səviyyəsinin
son illərdə azalması faktoruna söykənərək Azərbaycanı
inkişaf etməkdə olan yox, inkişaf etmiş ölkələrin
sırasına daxil edirlər. Ölkəmizdə
gedən inkişaf həm geniş spektrlidir, həm də
bütün regionları əhatə edir. Bu
da çox önəmli bir amildir. Yəni,
inkişaf tək paytaxtla məhdudlaşmır. Regionların sosial-iqtisadi inkişafı ilə
bağlı qəbul olunan proqramlar olduqca böyük əhəmiyyətə
malikdir. Əlbəttə ki, bütün
bu nailiyyətlərin əsasında Ulu öndər Heydər Əliyev
tərəfindən müəyyənləşdirilmiş
siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu
uğurla davam etdirməsi faktı dayanır.
Azərbaycan bu gün dinamik
inkişaf edir
YAP Siyasi Şurasının üzvü bildirib ki, ötən
20 ildə əldə olunan ən böyük nailiyyətlərdən
biri də 1995-ci ildə qəbul edilmiş Konstitusiya ilə Azərbaycanda
hüquqi dövlət quruculuğunun daha təkmil mərhələyə
qədəm qoymasıdır. Onun sözlərinə
görə, 1995-ci ildə müstəqil Azərbaycanın ilk
parlamentinə keçirilən seçkilər isə dövlət
müstəqilliyinin möhkəmləndirilməsi prosesinin
hüquqi bazasının formalaşdırılmasına daha
geniş imkanlar yaratdı. Bu, dövlətin
gələcək inkişaf prioritetlərini müəyyənləşdirmək
və həyata keçirmək yolunda əsas istinad mənbəyi
rolunu oynadı. Bununla da, Azərbaycanın
dünya dövlətləri sırasında özünəlayiq
yer tutması, beynəlxalq münasibətlərin tamhüquqlu
subyektinə çevrilməsi istiqamətində fəaliyyətin
əsasları qoyuldu.
Ötən
20 il ərzində iqtisadi sferada da çox
böyük nailiyyətlərin əldə olunduğunu
xatırladan həmsöhbətimiz bildirib ki, həyata
keçirilən mütərəqqi islahatlar nəticəsində
ölkəmizin büdcəsi on dəfələrlə
yüksəlib. Bu gün Azərbaycanın
dövlət büdcəsi 20 milyard dollar həcmindədir.
Millət vəkilinin fikrincə, ölkəmizdə
vətəndaşların sosial rifahının
yaxşılaşdırılması istiqamətində
görülən tədbirlərin nəticəsidir ki, Azərbaycan
bu gün nəinki bölgədə, bəlkə də daha
böyük bir coğrafiyada təqaüdlərlə
bağlı ən uğurlu islahatları həyata keçirən
dövlətdir.
E.İbrahimov Azərbaycanda bir çox sosial-humanitar layihələrin
həyata keçirilməsində Heydər Əliyev Fondunun fəaliyyətini
də xüsusi qeyd edib. Onun sözlərinə görə, Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın
təşəbbüsləri nəticəsində təhsil, səhiyyə
sahələrində önəmli layihələr həyata keçirilib.
Eləcə də, Fond milli-mənəvi dəyərlərin
qorunması və təbliği istiqamətində önəmli
layihələr həyata keçirir.
YAP-ın yaradılması müstəqillik
dövrünün tarixi hadisələrindən biridir
E.İbrahimov qeyd edib ki, 20 illik müstəqillik tariximizdə
ölkəmizin siyasi spektri də kifayət qədər zənginləşib. Onun fikrincə, siyasi həyatımızda
mühüm yer tutan siyasi qurum isə birmənalı şəkildə
Yeni Azərbaycan Partiyasıdır:
-
Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan
Partiyası həqiqətən də, son 20 illik tariximizin
şanlı səhifələrindəndir. Ümummilli
liderimizin 1993-cü ilin iyun ayında ümumxalq tələbi nəticəsində
siyasi hakimiyyətə qayıdışı ilə YAP-ın
inkişafında yeni mərhələ başladı. Həmin dövrdə YAP-ın qarşısında
bir tərəfdən iqtidar partiyası kimi cəmiyyətin
siyasi sistemində özünün aparıcı mövqeyini təsdiq
etmək, digər tərəfdən isə müstəqil
dövlət quruculuğu proseslərində yaxından
iştirak etmək vəzifəsi dayanırdı. Və YAP bu missiyanı olduqca yüksək səviyyədə,
şərəflə yerinə yetirə bildi. Bu gün öz
sıralarında 550 mindən artıq üzvü birləşdirən
YAP, Ümummilli liderin parlaq ideyalarının
daşıyıcısı kimi cəmiyyətdə öz
aparıcı rolunu günü-gündən möhkəmləndirməkdədir.
Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi
ilə partiyamız yeni inkişaf mərhələsini
yaşayır və Cənubi Qafqaz regionunun ən güclü
siyasi qüvvəsinə çevrilib. Müstəqil
Azərbaycan tarixində keçirilən seçkilərdə
hər zaman böyük qələbələr qazanan Yeni Azərbaycan
Partiyası öz uğurlarını xalqla olan vəhdətindən
əldə edir. Yeni Azərbaycan Partiyasının
ən böyük özəlliyi hər zaman ümumxalq
mövqeyindən çıxış etməsidir. Bəzi siyasi təşkilatlar yalnız seçkidən
seçkiyə fəallaşsa da, YAP bütün zamanlarda
ictimai prosesin önündə yer alır. Bu
da seçicilərin partiyamıza olan inamının
artmasına səbəb olan amillərdəndir. Mən deyərdim ki, YAP elə Azərbaycan dövləti
ilə paralel fəaliyyət göstərib, inkişaf edib.
O baxımdan, çağdaş dövlətçilik
tariximizdə əldə olunan bütün nailiyyətləri
həm də Yeni Azərbaycan Partiyasının nailiyyətləri
kimi qeyd etmək mümkündür. Mən Yeni
Azərbaycan Partiyasının üzvü kimi təmsil
olunduğum siyasi partiyanın ölkəmizin
inkişafındakı rolu ilə fəxr edirəm. Partiyamızın gücü tək üzvlərimizin
sayında deyil, həm də xalqımızın bu partiyaya
sevgisində, inamındadır. Partiyamızın
sıralarında Azərbaycanın ən aparıcı
intellektual və zəka sahibi olan insanları təmsil
olunurlar. Təbii ki, belə bir
partiyanın iqtidarda olması xalqımıza, dövlətimizə
yalnız uğur gətirir.
Müstəqillik
illərində aqrar sahənin inkişafı da diqqət mərkəzində
olub
Parlamentin
Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovun fikrincə,
ötən illər ərzində ölkəmizdə kənd
təsərrüfatının inkişafına da xüsusi
diqqət yetirilib:
- Aqrar sahənin
inkişafından söz düşmüşkən, ilk
növbədə Azərbaycanda həyata keçirilən
torpaq islahatını vurğulamaq lazımdır. Bu islahatlar da Ulu öndər Heydər Əliyevin
adı ilə bağlıdır. Əlbəttə
ki, bu islahatlar nəticəsində Sovet dövründən
qalan kolxoz və sovxozlar ləğv olundu, torpaqlar əsil
sahiblərinə - kəndlilərə verildi. Hazırda
aqrar sahənin inkişafına ciddi fikir verilir, kənd təsərrüfatı
istehsalçılarına dövlət tərəfindən
konpensasiya, iş adamlarına güzəştli kreditlər
verilir. Təbii ki, bütün bunlar
özünün müsbət təsirini göstərir.
Artıq bir çox məhsularla
özümüzü təmin edə bilirik. Hesab edirəm ki, ərzaq təhlükəsizliyinin təmin
olunması ilə bağlı Dövlət Proqramının
icrası nəticəsində qarşımızda duran məqsədlərə
nail olacağıq.
Ümumiyyətlə, Azərbaycan parlamenti də bu sahənin
inkişafı yönündə vacib qanunlar qəbul edib. Müstəqillik illərində
Milli Məclis “Aqrar islahatların əsasları haqqında”,
“Torpaq islahatı haqqında”, “Meliorasiya və irriqasiya
haqqında”, “Toxumçuluq haqqında”, “Seleksiya nailiyyətləri
haqqında”, “Damazlıq heyvandarlıq haqında”, “Kənd təsərrüfatı
məhsulları istehsalçılarına müddətli vergi
güzəştlərinin verilməsi haqqında” və digər
qanunlar qəbul edilib. Komitəmizin hazırladığı və
bu gün də qüvvədə olan “Baytarlıq haqqında”
və “Fitosanitar nəzarəti haqqında” qanunlar ingilis dilinə
tərcümə olunaraq Ümumdünya Ticarət Təşkilatına
təqdim olunub və həmin təşkilatın mütəxəssisləri
tərəfindən qiymətləndirilib.
Hazırda komitəmiz “Kənd təsərrüfatı
kooperasiyası haqqında” və “Mədəni bitkilərin
genetik ehtiyatlarının mühafizəsi və səmərəli
istifadəsi haqqında” qanun layihələri üzərində
işi davam etdirir. Bu qanun layihələri payız
sessiyasında müzakirəyə çıxarılacaq və
yəqin ki, qəbul olunacaqlar.
Ümumiyyətlə, həmsöhbətimiz hesab edir ki,
bu gün 20 illik müstəqilliyini qeyd edən Azərbaycan
dövləti gələcəkdə daha böyük nailiyyətlər
qazanacaq.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-
2011.- 15 oktyabr.- S.5.