Siyasi sistemin təşəkkülü
və milli inkişafın siyasi-hüquqi əsasları
Ulu
öndər Heydər Əliyev: Biz demokratiya yolu
seçmişik, demokratiyanı da inkişaf etdiririk. İnsan
haqlarını təmin etmişik. Azərbaycanda mətbuat
azadlığı, vicdan azadlığı, söz
azadlığı tamamilə təmin olunubdur. Siyasi
plüralizm hökm sürür. Hər şey demokratik prinsiplər
əsasındadır.
Müstəqillik
əldə etdikdən sonra ölkəmizin
qarşısında çox ciddi problemlər və vəzifələr
dururdu. Yeni əldə edilmiş müstəqilliyin fonunda
mövcud olan bütün resurslardan səmərəli surətdə
istifadə etməklə qeyri-formal milli dövlət və
modern cəmiyyət quruculuğu prosesinin əsası
qoyulmalı idi. Bunun üçünsə ölkəyə
rasional təfəkkürə və praqmatik fəaliyyət
mexanizminə malik olan lider siyasətçinin rəhbərlik
etməsi strateji zərurət idi.
Amma müstəqilliyin ilk iki ilində ölkəyə xarici imperialist güclərə xidmət edən səriştəsiz qüvvələrin rəhbərlik etməsi nəinki bəhs edilən vəzifələrin yerinə yetirilməsini mümkün etmədi, hətta Azərbaycan xaos və kataklizmlər meydanına çevrildi. Hakimiyyətdə olan qüvvələrin korporativ maraqlar əsasında çıxış etməsi ölkəni müxtəlif qüvvələrin siyasi-ideoloji qarşıdurma poliqonuna çevirdi.
Ancaq Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkədə hökm sürən xaos və anarxiya meyillərinin qarşısının alınması istiqamətində əhəmiyyətli tədbirlər görüldü. Bunun ardınca isə milli dövlət və modern cəmiyyət quruculuğu prosesinin əsası qoyuldu və ardıcıl olaraq fundamental səciyyəli strateji tədbirlər həyata keçirildi.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən sistematik strategiyanın fonunda milli təhlükəsizliyə real və potensial təhdid yaradan ünsürlərin neytrallaşdırılması, münasibətləri sürüşkən müstəvidə cərəyan edən qüvvələrarası antaqonist əlaqələrə son qoyularaq ümumi konsensusun əldə edilməsi, parlament və hökumət böhranı şəklində təzahür edən və mürəkkəb siyasi-hüquqi kataklizmlərlə müşayiət edilən daxili siyasi böhranın aradan qaldırılması və ümumilikdə, ictimai-siyasi sabitliyin təmin edilməsi artıq qeyri-formal milli dövlət və modern cəmiyyət quruculuğu vəzifəsinin fonunda növbəti strateji istiqamətlərin müəyyən edilməsini diktə edirdi. Bu istiqamətlər sırasına siyasi sistemin təməl atributları və struktur elementlərinin dirçəldilməsi və təkmilləşdirilməsi, ictimai-siyasi institutlaşma prosesinin sürətləndirilməsi, inzibati səciyyə daşıyan struktur islahatlarının həyata keçirilməsi, legitimləşdirmə tendensiyasının sürətləndirilməsi fonunda siyasi plüralizmin təmin edilməsi və bütün bunların əsasında demokratik transformasiyanın milli dəyərlərə və maraqlara müvafiq surətdə baş tutması kimi fundamental strateji vəzifələr aid idi. Zəngin dövlətçilik təcrübəsinə, rasional təfəkkürə və praqmatik fəaliyyət mexanizminə malik olan Ümummilli lider Heydər Əliyev tətbiq etdiyi strategiya sayəsində mərhələli şəkildə bütün bu vəzifələrin həllinə nail ola bildi.
İlk növbədə inzibati səciyyəli struktur islahatları həyata keçirildi. Öncə icra hakimiyyəti strukturlarının və bütövlükdə dövlət sektorunun işinin səmərliliyinin artırılması, onların fəaliyyətinin cəmiyyətin tələbatlarına və sosial qrupların maraqlarına uyğunlaşdırılması üçün ictimai inzibatçılıq sisteminin dəyişdirilməsi prinsipləri, vasitələri və mexanizmləri müəyyənləşdirildi və bu, islahatların davamlı xarakter almasında özünəməxsus rol oynadı. Hakimiyyət strukturları arasında koordinasiya və əməkdaşlığın simmetrik surətdə təmin edilməsi, vəzifə və səlahiyyət bölgüsünün dəqiq həyata keçirilməsi struktur islahatlarında ilk həyata keçirilənlər oldu. İnzibati islahatların səmərəlilik səviyyəsinin artırılması və əhatə dairəsinin genişləndirilməsi üçün qanunvericilik bazasının zənginləşdirilməsi lazım idi ki, bunun üçün də Ana Qanun önəmi kəsb edən yeni Konstitusiyanın qəbul edilməsi lazım idi.
Yeni Konstitusiyanın qəbul olunmasını şərtləndirən zəruri strateji faktorlar sırasında aşağıdakıları qeyd etməliyik:
1. Suverenlik, müstəqillik və ərazi bütövlüyünün qorunmasının hüquqi substratlarının formalaşdırılması zərurəti;
2. Konstitusiya çərçivəsində demokratik siyasi sistemin formalaşdırılması və demokratik transformasiya zərurəti;
3. Vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu vəzifəsi;
4. Milli inkişafın konstitusion əsaslarının yaradılması zərurəti.
Beləliklə, milli iqtidarın gərgin əməyi sayəsində 1995-ci il noyabr ayının 12-də xalq referenduma gələrək öz dövlətçiliyinin əsas hüquqi istiqamətlərini müəyyənləşdirəcək başlıca siyasi-hüquqi sənəd olan Azərbaycan Respublikasının Konstitusiyasını qəbul etdi. Prinsip etibarilə bu tarixi müstəqil Azərbaycan dövlətçiliyində ilk Konstitusiyanın qəbulu günü kimi qeyd etmək olar. Çünki bu zamanadək istər 1921, istər 1937, istərsə də 1978-ci ildə qəbul edilmiş konstitusiyalar keçmiş SSRİ konstitusiyalarının müəyyən maddələrlə məhdudlaşdırılmış surəti olmaqla yanaşı, həm də tamamilə başqa bir ictimai-siyasi quruluşu əks etdirirdi.
Yeni Konstitusiya dövrün tələbləri, reallıqları və qanunauyğunluqlarına görə mükəmməl və təkmil siyasi-hüquqi sənəd idi. Konstitusiyanın hazırlanmasında dünya dövlətlərinin konstitusiya təcrübəsindən geniş istifadə edilməsi ilə yanaşı, respublikamızın tarixi ənənələri, spesifik özəllikləri və xalqımızın mentaliteti də nəzərə alınmışdı. Ana Qanunda bütün demokratik prosedurlar və prinsiplər öz əksini tapmış, eləcə də, insan və vətəndaş hüquq və azadlıqları geniş surətdə təsbit edilmişdi (konstitusiyanın 48 maddəsi, yəni üçdə biri insan və vətəndaş hüquq və azadlıqlarına həsr edilmişdi). Hakimiyyət bölgüsünün (qanunverici, icraedici və məhkəmə hakimiyyəti) təsbit edilməsi isə hakimiyyətin effektivliyinin artırılmasına xüsusi şərait və zəmin yaradan hüquqi substrat idi.
Amma bütün bu demokratik prinsiplərin Ana Qanunda əks olunmasına baxmayaraq, bəzi siyasi qüvvələr iddia edirdilər ki, Konstitusiyada Azərbaycan Respublikasının Prezidentinə həddindən artıq səlahiyyətlər verilib. Əslində isə, Avropanın demokratik siyasi sistemə malik olan ölkələrinin konstitusiyalarına nəzər saldıqda məlum olurdu ki, prezidentə verilmiş səlahiyyətlər nəinki həddindən artıq deyil, hətta onlarla müqayisədə daha məhduddur. Müqayisəyə keçid almamışdan öncə ölkə Prezidentinin Konstitusiyada əks olunmuş bir sıra səlahiyyətlərinə nəzər yetirmək məqsədəmüvafiqdir. Beləliklə, Konstitusiyanın 99-cu maddəsində göstərilirdi ki, Azərbaycan Respublikasının icra hakimiyyəti Prezidentə məxsusdur. Respublika Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir. Bir sıra dövlətlərdən fərqli olaraq Konstitusiyada prezidentə parlamenti buraxmaq səlahiyyəti verilmir. Bundan başqa, Prezident ona tabe olan Nazirlər Kabinetinin başçısını Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə təyin edir. Eyni zamanda, Konstitusiya məhkəməsinin hakimlərini də Prezidentin təqdimatı ilə Milli Məclis təyin edir.
Beləliklə, bütün bu faktların fonunda İtaliya və Fransa kimi demokratik siyasi sistemə malik olan ölkələrin konstitusiyası ilə Azərbaycanın Konstitusiyasında müvafiq məsələylə bağlı əks olunmuş maddələr arasında müqayisələr aparaq. Əvvəla baş nazirin təyin edilməsi ilə bağlı maddəyə diqqət yetirək. Azərbaycan Respublikasının Konstitusiyasının 118-ci maddəsində göstərilirdi ki, baş naziri Milli Məclisin razılığı ilə respublika Prezidenti təyin edir. Fransanın konstitusiyasının 8-ci maddəsində isə təsbit olunub ki, baş nazir bilavasitə respublika prezidenti tərəfindən təyin olunur. İtaliya konstitusiyasının 92-ci maddəsində göstərilir ki, respublika prezidenti baş naziri və onun təklifləri ilə nazirləri təyin edir.
Bunlardan başqa, Fransa və İtaliya konstitusiyalarında parlamentə prezidentə impicment tətbiqetmə hüquqi verilməsi ilə yanaşı, prezidentə də parlamenti buraxmaq hüququ verilir. Qeyd etdiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinə Konstitusiyada belə bir hüquq verilməyib.
Bundan başqa, Fransa Konstitusiyasının 12-ci maddəsində qeyd edilir ki, prezident baş naziri və parlament palatalarının sədrləri ilə məsləhətləşdikdən sonra Milli Məclisi buraxa bilər. İtaliya Konstitusiyasının isə 88-ci maddəsində göstərilir ki, respublika prezidenti hər iki palatanı, yaxud onlardan yalnız birini sədrlərin mövqeyini öyrəndikdən sonra buraxa bilər. Prezident bu hüquqdan ancaq öz səlahiyyət müddətinin son altı ayı ərzində istifadə edə bilməz.
Beləliklə, müqayisələrin sayını istənilən qədər artırmaq olar. Amma təkcə bunlar da deməyə əsas verir ki, Konstitusiyada hakimiyyət bölgüsü prinsipinə dəqiq surətdə əməl edilməklə yanaşı, səlahiyyət bölgüsü də demokratik prinsiplər ve meyarlar əsasında təsbit edilmişdi. Bütün bunların fonunda isə deyə bilərik ki, bəhs edilən Ana Qanunun qəbul edilməsi ilə mərkəzi və yerli hakimiyyət orqanlarının təşkilinin hüquqi əsaslarının, onların səlahiyyətləri və qarşılıqlı münasibətlərinin, dövlətlə vətəndaş arasında simmetrik münasibətlərin substratlarının müəyyənləşdirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi kimi strateji vəzifələrə nail olunması yönündə siyasi-hüquqi nöqteyi-nəzərdən əhəmiyyətli zəmin formalaşdırıldı. Nəzərə alsaq ki, konstitusiya demokratik siyasi sistemin ən mühüm siyasi-hüquqi təsisatlarından biridir, məhz bu zaman belə bir nəticəyə gələ bilərik ki, onun qəbul edilməsi milli dəyərlərə və maraqlara müvafiq surətdə həyata keçirilən demokratik transformasiyanı sürətləndirən və möhkəmləndirən fundamental faktor oldu.
Siyasətşünaslıq elmində konstitusiyalar formalarına görə kodifikasiya olunmuş, kodifikasiya olunmamış və qarışıq tiplərə bölünürlər. Kodifikasiya olunmuş konstitusiyalar vahid yazılı akt olub, konstitusional xarakterli bütün məsələləri özündə ehtiva edir və tənzimləyir. Əgər eyni məsələlər bir neçə yazılı akt vasitəsilə tənzimlənirsə, bu cür konstitusiyalar kodifikasiya olunmamış hesab edilir. Qarışıq tipli konstitusiyalar isə yalnız parlament qanunlarını və məhkəmə presedentlərini deyil, eyni zamanda, adətləri və doktrinal şərhləri də ehtiva edir. Müddətinə görə isə konstitusiyalar daimi və müvəqqəti olur. Beləliklə, 12 noyabr 1995-ci il tarixində qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası formasına görə müəyyən məsələləri nəzərə alaraq kodifikasiya olunmuş, bəzi məsələlərə görə isə kodifikasiya olunmamış konstitusiyalar sırasına aid edilməlidir. Konstitusiya müddətinə görə isə daimi (eyni zamanda, dəyişikliklərə açıq) xarakterli idi.
Beləliklə, ümumxalq səsverməsi-referendum əsasında ölkə konstitusiyasının qəbul edilməsindən sonra qarşıda duran ictimai-siyasi institutlaşma vəzifəsinin fonunda parlament seçkilərinin keçirilməsi istiqamətində strateji addımlar atıldı. Hələ Konstitusiya qəbul edilməmişdən öncə Milli Məclisin 18 avqust 1995-ci il tarixli qərarı ilə 15 nəfərdən ibarət Mərkəzi Seçki Komissiyası (MSK) yaradılmışdı. Bundan sonra 12 noyabr 1995-ci il tarixində Milli Məclisə seçkilər keçirildi. Seçkilər qarışıq seçki sistemi əsasında baş tutdu. Belə ki, 25 nəfər proporsional, 100 nəfər isə majoritar seçki sistemi əsasında parlamentdə təmsilçilik hüququ qazandı. Proporsional seçki sistemi əsasında deputat mandatı uğrunda 8 siyasi partiyadan 200 namizəd mübarizə aparsa da, Milli Məclisdə 3 partiyanın nümayəndələri təmsilçilik hüququ qazandı. Proporsional seçki sistemi əsasında hakim Yeni Azərbaycan Partiyasından (YAP) 19, Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) və Azərbaycan Milli İstiqlal Partiyasından 3 nəfər Milli Məclisdə deputat mandatı qazandılar. Majoritar seçki sistemi əsasında isə birmandatlı 100 seçki dairəsi üzrə 1094 şəxs millət vəkili mandatı uğrunda mübarizəyə qatılmaq istəsə də, “Milli Məclisə seçkilər haqqında” qanuna (12 avqust 1995) əsasən, bu say azaldılaraq 383-ə endirildi. Beləliklə, Milli Məclisin tərkibi 3 mərhələdə baş tutan qarışıq seçki sistemi əsasında formalaşdı.
Aktiv seçki hüququna (seçmək hüququ) malik olan vətəndaşların siyasi iştirakçılığı baxımından parlament seçkilərində mütləq və ya nisbi absenteizm qeydə alınmadı. Demokratikləşmə mərhələsi və strategiyasının fundamental struktur elementi olan parlament seçkilərində vətəndaşlar özlərini hüquq və azadlıqlarından mütləq mənada yararlandılar və ümumi iştirakçılıq səviyyəsi müsbət rəy aldı. Belə ki, seçkilərdə aktiv seçki hüququna malik olan şəxslərin 86,05 faizi iştirak etdi. Bu da növbəti dəfə onu göstərdi ki, müstəqilliyin ilk iki ilində vətəndaşlar arasında siyasi proseslərə münasibətdə yaranmış apatiya və siyasi submədəniyyət normalarına yönəlik mövqe həyata keçirilən demokratik transformasiyanın fonunda sıradan çıxmaqdadır. Müstəqilliyin ilk iki ilində vətəndaşların mövqeyi və dünyagörüşündə absenteizmi şərtləndirən təməl səbəblərə bunları aid edə bilərik: hakimiyyətdə olan subyektlərin korporativ maraqlar üzərindən hərəkət etmələri və özlərinin fəaliyyət mexanizmlərini məhdud dairələrin antimilli mənafeləri üzərində qurmaları, siyasi institutların öz funksiyalarını normal qaydada yerinə yetirə bilməmələri, siyasi mədəniyyətin təşəkkül tapmaması və bunun fonunda siyasi şüurun səviyyəsində durğunluğun müşahidə edilməsi, siyasi subyektlər arasında hökm sürən antaqonist münasibətlərin daha da kəskinləşməsi və siyasi palitrada plüralist fəaliyyət mexanizminə süni maneələrin olması, siyasi sistemin qapalı səciyyə daşıması və sair. Amma 1993-cü ildən sonra Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən demokratikləşmə strategiyasının fonunda vətəndaş cəmiyyətinin və hüquqi dövlətin mütləq komponentlərinin bərqərar olunması yönündə görülən tədbirlər siyasi apatiya və absenteizmin aradan qaldırılmasını şərtləndirdi.
Məhz bütün bunların fonunda parlament seçkilərinin demokratik surətdə keçirilməsi bir neçə istiqamətdə xüsusi önəm kəsb etdi. İlk növbədə, bu, parlament təsisatının funksionallığının təmin edilməsinin fonunda demokratikləşmə strategiyasının sürətlə və ardıcıllıqla həyata keçirilməsinə xüsusi strateji zəmin yaratdı. Çünki öz funksiyalarını normal surətdə həyata keçirən parlament təsisatının formalaşdırılması siyasi plüralizmin, siyasi inteqrasiya və rəqabətin təmin olunmasını şərtləndirməklə yanaşı, siyasi institutların fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinin artırılması baxımından da xüsusi əhəmiyyət kəsb etdi. Fikrimizi əsaslandırmaq üçün sadəcə parlamentin yerinə yetirdiyi funksiyalara nəzər yetirmək kifayət edir. Belə ki, demokratik cəmiyyətlərdə fəaliyyət göstərən parlamentlər ilk növbədə qanunvericilik funksiyasını yerinə yetirirlər. Məhz bu funksiyanın fonunda müxtəlif sahələrə və məsələlərə aid qanun layihələri hazırlanır və onlar spesifik prosedurlar əsasında qəbul edilir. Milli maraqlara və dəyərlərə müvafiq surətdə tərtib və təsdiq edilmiş qanunlar müxtəlif sahələrdə ictimai, siyasi institutların fəaliyyət mexanizmi üçün qanunvericilik bazası yaradır ki, bu da hüquqi dövlətdə başlıca istinad substratı hesab edilir. Bu amilin özü hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin mütləq komponentlərinin bərqərar olunması baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Digər funksiyalara hökumətin fəaliyyətinə hüquqi norma və prosedurlar əsasında nəzarət etmək, icra hakimiyyəti orqanlarının formalaşdırılması istiqamətində müəyyən səlahiyyətlər çərçivəsində müvafiq qərarlar qəbul etmək, dövlət vəzifələrinə müəyyən təyinatların həyata keçirilməsi (bir sıra parlamentli respublikalarda baş nazirin seçilməsi və ya təyin edilməsi), ölkə başçısına qarşı impicmentin tətbiq edilməsi, büdcəyə nəzarət edilməsi və s. daxildir. Bütün bunlara nəzər yetirdikdə belə bir nəticəyə gəlmək olur ki, 12 noyabr 1995-ci il tarixində demokratik səviyyədə keçirilmiş parlament seçkiləri ölkəmizdə ictimai-siyasi institutların fəaliyyət mexanizminin effektivliyinin yüksəldilməsi, strukturlararası koordinasiyanın təmin edilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi və bütün bunların fonunda demokratik transformasiyanın sürətləndirilməsi baxımından əhəmiyyətli tarixi hadisə oldu.
Bunlarla yanaşı, parlament seçkilərində
qarışıq seçki sisteminin tətbiq edilməsi yeni
müstəqillik əldə etmiş və demokratik
transformasiya strategiyası həyata keçirən bir ölkə
üçün məqbul variant idi. Bildiyimiz kimi,
qarışıq seçki sistemi özündə majoritar və
proporsional seçki sistemlərinin ünsürlərini ehtiva
edir. Majoritar seçki sistemində hər seçki dairəsindən
bir nəfər deputat seçilir və seçkilər
birmandatlı dairələr üzrə təşkil edilir. Bu sistemdə
“daha çox səs toplayan qalibdir” prinsipi tətbiq edilir. Səs
çoxluğu iki növdə təsnif və təsbit edilir.
Birincisi, “mütləq çoxluq”
növüdür ki, burada seçicilərin səsinin 50+1
faizini toplamış şəxs qalib gəlir. Əgər heç kəs seçici səslərinin
50+1 faizini toplaya bilmirsə, məhz bu zaman iki daha çox səs
toplamış namizəd ikinci turda rəqabəti davam etdirir.
İkinci turda daha çox səs toplayan şəxs
qalib hesab edilir. İkincisi isə “nisbi
çoxluq” növüdür ki, burada ən çox səs
toplayan namizəd qalib şəxs sayılır.
Proporsional seçki sistemində isə hər seçki dairəsindən bir deyil, bir neçə şəxs deputat seçilir ki, onlar da müxtəlif siyasi partiyaları təmsil edirlər. Siyasi partiyalar parlamentdə seçkilərin fonunda ümumi səslərin nisbətində qazandıqları faizə görə təmsilçilik hüququ əldə edirlər. Bu seçki sistemində daha güclü partiyaların parlamentdə təmsil olunması məqsədilə seçki bariyeri tətbiq edilir. Müxtəlif ölkələrin təcrübi nümunəsində seçki bariyerləri 1-18 faiz həddində olur.
Beləliklə, qarışıq seçki sisteminin mahiyyəti və substratlarına nəzər yetirməklə bir daha belə bir qənaətə gəlmək mümkün oldu ki, dövrün reallıqlarına, tələblərinə və qanunauyğunluqlarına müvafiq surətdə qarışıq seçki sisteminin tətbiq edilməsi ən məqbul variant idi və seçkilərin nəticələri bir daha bunu sübut etdi. Sonrakı mərhələdə cəmiyyətin və hüquqi sistemin dinamik inkişafı, siyasi mədəniyyətin və dünyagörüşün yüksəlməsi seçki sistemində rasional dəyişikliklərin baş verməsi zərurətini yaratdı. Növbəti illərdə Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməklə qarışıq seçki sistemindən imtina edildi. Bunun əvəzində birbaşa demokratiyanın tələblərinə daha dəqiq cavab verən majoritar seçki sistemi tətbiq edilməyə başlandı ki, bu da özlüyündə siyasi sistemin təkmilləşməsinə yeni töhfələr vermiş oldu.
Beləliklə, yeni Konstitusiyanın qəbul edilməsi və parlament seçkilərinin keçirilməsi həyata keçirilən demokratik transformasiyanın fonunda ölkədə siyasi plüralizmin, siyasi inteqrasiyanın təmin və bərqərar olunması, genişmiqyaslı islahatların reallaşdırılması və digər bu kimi strateji vəzifələrin nail olunmasına əlverişli zəmin və şərait yaratdı. Belə ki, qəbul edilmiş yeni konstitusiyanın fonunda hakimiyyət bölgüsü təmin edildi, siyasi partiyalar başda olmaqla subyektlərin fəaliyyətinə hüquqi zəmində əlverişli şərait yarandı və təsisatlar arasında rəqabətə əsaslanan simmetrik və rasional münasibətlər sistemi formalaşdı. Bütün bunların fonunda isə həyata keçirilən islahatların davamlılığını təmin etmək mümkün oldu. Belə ki, həyata keçirilən islahatların fonunda ölkədə sosial tərəqqini, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsini təmin etməyə qadir olan səmərəli idarəçilik sisteminin formalaşdırılması istiqamətində xüsusi strateji uğurlar əldə edildi. Qısa zaman kəsiyində dövlət tənzimləməsinin metodlarında ciddi, kardinal reformativ dəyişikliklər edildi, plüralizm şəraitində rəqabət mühiti təmin edildi, icra hakimiyyəti orqanları və bütövlükdə dövlət sektorunun işinin səmərəliliyi artırıldı, dövlət idarəçiliyinin qanunvericilik və normativ-hüquqi bazası inkişaf etdirildi, dövlət hakimiyyəti orqanları üzərində nəzarət, onların işinin dəyərləndirilməsi metodları sistemi təkmilləşdirildi.
Bütün bunların fonunda siyasi sistemin struktur formalaşmasına nail olundu və onun struktur elementlərinin təkmilləşdirilməsi istiqamətində çox əhəmiyyətli nailiyyətlər əldə edildi. Məhz bu, siyasi sistemin komponentlərinin mütəmadi inkişafının davamlılığının təmin edilməsi vəzifəsinə xüsusi töhfə oldu.
Nəticə etibarilə, Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasi kursun fonunda siyasi sistem təşəkkül tapdı, qanunvericilik bazası formalaşdırıldı və zənginləşdirildi. Bunlar isə milli inkişafın hüquqi substratı qismində çıxış etməklə sonrakı mərhələlərdə siyasi sistemin struktur elementlərinin təkmilləşməsinin qarantı və əsası oldu.
Hikmət BABAOĞLU
Azərbaycan.- 2011.- 7 sentyabr.- S. 4.