Hər
daşında tarixin sehrli izləri gizlənən Duzdağ
Naxçıvandakı “Duzdağ”
Fizioterapiya Mərkəzində il ərzində 1600-1700 xəstə
müalicə alır
Azərbaycanın
bu qədim və möhtəşəm diyarı haqqında məlumatları
hələ orta məktəbdə oxuyarkən kitablardan əldə
etmişdim. Düzdür, o zamanlar dərslik kitablarında
Naxçıvan Muxtar Sovet Sosial Respublikası
(Naxçıvan MSSR) kimi adı keçən bu diyarın Azərbaycan
tarixindəki müstəsna rolu barədə isə heç
bir məlumata malik deyildim. Çünki sovet məktəblərində
bu barədə dərin bilgi verilmirdi. Lakin 9-cu sinifdə
oxuduğum “Əlincə qalası” və “Qılınc və
qələm” kimi kitablar Naxçıvanın gerçək
tarixi haqqında məndə dolğun təəssürat
oyatdı. Elə o zamandan da məndə bu diyara getmək
arzusu baş qaldırdı. Ancaq bu arzum yalnız 22 il sonra
reallaşdı. Kim bilir, bəlkə də qızım Şəmsiyyənin
müalicəsi üçün həkimlər “Duzdağ”
Fizioterapiya Mərkəzini istinad göstərməsəydilər,
hazırda sözün həqiqi mənasında NƏQŞİ-CAHAN
olan bu diyara hələ neçə illər sonra yolum
düşəcəkdi. Onu da qeyd edim ki, bu qədim türk
yurdunda müşahidə etdiyim özəllikləri növbəti
yazıda oxucuların diqqətinə çatdıracağam.
Hələlik isə Naxçıvan “Duzdağ” Fizioterapiya Mərkəzi
və burada aparılan müalicədən söhbət
açmaq yerinə düşər.
Dünyada 15 milyon nəfərə
yaxın insan bronxial astmalı xəstədir
Yeri gəlmişkən,
qeyd edim ki, Naxçıvan “Duzdağ” Fizioterapiya Mərkəzində əsasən
allergik xəstəliklərdən,
xüsusilə də bronxial astmadan əziyyət çəkənlər
müalicə alır. Ümumdünya
Səhiyyə Təşkilatının
məlumatına görə,
dünya əhalisinin təqribən 10 faizi allergik xəstəliklərdən
əziyyət çəkir
ki, bunun da 1,5-2 faizi
bronxial astmanın payına düşür.
Məlumata görə dünyada
15 milyon nəfərə
yaxın insan bronxial astmalı xəstədir. Bronxial astma
bronxlarda müxtəlif
etioloji amillərdən
asılı olaraq sekresiyanın çoxalması,
bronxların selikli qişasının ödəmi,
bronxların saya əzələlərinin spazmı
və bu hallardan sonra boğulma tutması baş verən allergik, xroniki xəstəlikdir. Bir çox
xəstəliklərin, həmçinin,
bronxial astmanın müalicəsində duz şaxtası şəraitində
aparılan müalicə,
yəni spleoterapiya daha effektlidir. “Spleoterapiya” yunanca
“Spelaion” - mağara, kaha və “terapiya”
- müalicə deməkdir.
Duz şaxtası şəraitində aparılan
müalicə İtaliya,
Macarıstan, Polşa,
Almaniya, Ukrayna, Rumıniya və s. kimi ölkələrdə
geniş yayılıb.
Şaxta
şəraitində bronxial
astmalı xəstələrin
müalicəsi ötən
əsrin 40-cı illərində
təsadüf nəticəsində
aşkara çıxıb.
II Dünya müharibəsindən
sonra Klutert şaxtasında tənəffüs
sistemi xəstəlikləri
üçün müalicə
ocağı yaradılıb.
Həmçinin, karst şaxtası
Macarıstanın Mişkolşe
şəhərinin yaxınlığında
Yoşvafe əyalətində
1954-cü ildən, Gürcüstanın
Sxaltubo şəhərinin
yaxınlığında “Petri-Movime” şaxtası 1971-ci
ildən fəaliyyət
göstərir. Şaxtanın mikroklimatında kalsium ionları üstünlük
təşkil edir.
Mikroklimatı natrium və
xlor (Na+ Cl+) ionları üstünlük
təşkil edən duz şaxtaları da var. Belə şaxtalar Polşanın Krakov şəhərində
1968-ci ildən, Ukraynanın
Ujqorod şəhərinin
Solotvino qəsəbəsində
1972-ci ildən və Azərbaycanın Naxçıvan
şəhərində 1979-cu ildən fəaliyyət göstərir.
Tanrının insanlara bəxş
etdiyi möcüzə
Naxçıvan Respublika Fizioterapiya
xəstəxanası 1979-cu il dekabr ayının
29-dan 50 çarpayılıq xəstəxana kimi Naxçıvan Duz mədəni bazasında, dəniz səviyyəsindən
1173 metr hündürlükdə
fəaliyyət göstərir.
Xəstəxananın yeraltı şöbəsi,
yəni, “Duzdağ” Fizioterapiya Mərkəzi Naxçıvan şəhərindən
14 km aralıda yerləşir.
Bu barədə Mərkəzin
baş həkimi Ruslan Süleymanov məlumat verdi.
Onun sözlərinə
görə, yeraltı
şöbə duz mədənində II əsas
dağ sexində, girişdən 300 metr məsafədə, 110 metr
dərinlikdə 9 işlənmiş
ştrixdə yerləşir.
Onlardan ikisində qadın, ikisində kişi, birində
uşaq palataları, ikisində istirahət foyeləri və s. var: “Dəniz səviyyəsindən 1173 metr
hündürlükdə yerləşən
Mərkəzin duz layları arasında oksigen 20 faiz təşkil edir. Həmçinin, duzun tərkibindəki
zəngin minerallar və kimyəvi elementlər də orqanizmə müsbət təsir göstərir.
2006-cı ildə xəstəxananın yeraltı
şöbəsində ən
müasir tələblərə
uyğun olaraq yenidənqurma işləri
aparılıb, yeraltı
şöbə genişləndirilib,
müasir avadanlıqlarla
və ləvazimatlarla
təmin olunub. Xəstəxananın yeraltı şöbəsinə
300 metr giriş yolu genişləndirilib, yolboyu işıqlanma sistemi yaradılıb.
Yeraltı şöbənin giriş hissəsi yenidən qurulub, şöbəyə yeni transformator qoyulub. Xəstələrin yeraltı şöbəyə
aparılıb gətirilməsi
üçün yeni avtobus ayrılıb.
Şərur-Naxçıvan magistral yolundan
xəstəxananın yeraltı
şöbəsinə qədər
olan 5 km yolda əsaslı təmir işləri aparılıb.
Xəstəxananın yeraltı şöbəsi
lazımi yumşaq və bərk inventarlarla tamamilə təmin olunub. Yeraltı şöbə əlavə
100 ədəd çarpayı
ilə təmin edilib”.
Ruslan həkim deyir ki, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata
keçirilən quruculuq
siyasəti Naxçıvan
Muxtar Respublikasında
da öz müsbət nəticəsini
verir: “Konkret olaraq Mərkəzimizə
gəlincə, onu deyə bilərəm ki, Prezident İlham
Əliyevin tapşırıq
və göstərişlərinə
əsasən, aparılan
abadlıq və yenidənqurma işlərindən
sonra Mərkəzdə
vəziyyət daha da yaxşılaşıb.
Hazırda mərkəzdə 300 yataq yeri mövcuddur.
Yəni,
eyni vaxtda 300 xəstəni qəbul etmək imkanımız
var. İl ərzində
1600-1700 xəstə qəbul
edirik”.
Baş həkim onu da əlavə etdi ki, mərkəzdə
spleoterapiya Ukraynanın
Ujqorod xəstəxanasının
metodik göstərişlərinə
uyğun aparılır:
“Belə ki, xəstələr əvvəlcə
2-3 gün xəstəxana
ərazisinə adaptasiya
olunurlar. Bundan sonra saat axşam
18:00-dan - səhər saat
8:00-a qədər, böyüklər
20-24 seans, uşaqlar isə 14-18 seans yeraltı şöbədə olurlar.
Bu müddət xəstəliyin ağırlığından,
yanaşı gedən
xəstəliklərdən, ümumiyyətlə səhhətinin
vəziyyətindən asılı
olaraq dəyişilə
bilir. Müalicə başa çatdıqdan
sonra böyüklərdə
65-70 faiz, uşaqlarda isə 80-85 faiz yaxşılaşma qeyd olunur. Xəstələr şaxtaya getməklə
bərabər, lazım
gələrsə bəzi
dərman preparatları,
fizioproseduralar, müalicəvi
bədən tərbiyəsi,
döş qəfəsinin
masajları və s. alırlar. Xəstəxana açılan dövrdən
indiyədək 35000-ə yaxın
xəstə burada müalicə olunub”.
Duzdağın ali qonaqları
Bu məqamda qeyd etmək yerinə düşər ki, 2009-cu il oktyabrın
3-də Türkdilli ölkələrin
dövlət başçılarının
IX zirvə görüşündən
sonra tədbirin iştirakçıları “Duzdağ”
Fizioterapiya Mərkəzi
ilə tanış olublar. Azərbaycan Prezidenti İlham
Əliyev qonaqlara məlumat verib ki, Naxçıvanın rəmzlərindən biri də təbii ehtiyatları 90 milyon ton təşkil edən Duzdağdır. Bu dağ ölkəmizdə
təkcə saf və təmiz duzu ilə deyil,
həm də şəfaverici xüsusiyyətlərinə
görə tanınıb.
Hələ Nuh-Nəbi dövründən
burada duz çıxarılır. Şöhrəti dünyaya səs salan İpək Yolundan əvvəl Naxçıvan ərazisindən
Yaxın Şərq ölkələrinə Duz
yolu uzanırdı.
Həmin
ölkələrə buradan
duz daşınırdı.
Qədim
Naxçıvanın ən
möcüzəli yerlərindən
biri olan Duzdağın hər qarışında, dağında,
daşında tarixin sirli, sehirli izləri gizlənib.
Hələ Sovet İttifaqı
dövründə burada
fizioterapiya xəstəxanası
fəaliyyət göstərib.
Sonralar müalicəyə gələnlərin
sayı artdıqca bura genişləndirilib.
Hazırda bu mərkəzə
bir çox ölkələrdən xəstələr
gəlir. Mərkəzin 324 yerlik beşulduzlu mehmanxanası da var.
Xəstələr üçün vacib
xəbərdarlıq
Beləliklə, lazımi prosedurlardan keçdikdən sonra bizə də xəstəxanada 10 günlük
müalicə üçün
müvafiq palata ayrıldı. Müalicə müddətində orada tanış olduğum xəstələr
“Duzdağ” Fizioterapiya
Mərkəzinin onların
sağlamlığının bərpasında müstəsna
rol oynadığını
dedilər. Məsələn, Ağstafa rayonundan
olan Əvəz Həsənov bura gəldikdən sonra səhhətində ciddi normallaşmanın qeydə
alındığını bildirdi. Qazax rayonundan olan
İsmayıl Qurbanov və Bakıdan olan Rüfət Rzayev isə artıq 4-cü ildir ki, bura gəldiklərini
dedilər. Rüfət müəllimin
sözlərinə görə,
ildən-ilə səhhətində
müsbətə doğru
irəliləyişlər müşahidə
edilir.
Orada olarkən
onu da öyrəndik
ki, xəstələr
təkcə müalicə
dövründə deyil,
ondan sonra da səhhətlərinə
xüsusi diqqətlə
yanaşmalıdırlar. Bizimlə söhbətində
Mərkəzin həkim-allergoloqu
Ruxsarə Əsədova
da bunu təsdiqlədi.
Xəstələrə xüsusi
qayğı və nəvazişlə yanaşan
Ruxsarə həkimin sözlərinə görə,
bəziləri elə
hesab edir ki, sadəcə 10-12 gün burada müalicə almaqla iş bitir: “Lakin bu heç
də belə deyil. Hər bir xəstə
istər müalicə
dövründə, istərsə
də ondan sonra özünü ciddi şəkildə soyuqdan və digər amillərdən qorumalıdır. Biz bunu buradakı bütün xəstələrə
deyirik. Ancaq təəssüflər olsun ki, bəzən
bizim tövsiyələrimizi
nəzərə almayanlar
da tapılır”.
Nadir AZƏRİ
Yeni Azərbaycan.- 201.- 8 sentyabr.- S.
5.