Müstəqil Azərbaycan
dövlətinin əsas ideyası azərbaycançılıqdır
Ulu
öndər Heydər Əliyev: Azərbaycançılıq
öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini
qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə
sintezindən, inteqrasiyasından bəhrələnmək və
hər bir insanın inkişafının təmin olunması
deməkdir
Müstəqillikdən
sonra yeni cəmiyyət və qeyri-formal milli dövlət
quruculuğu prosesinin fonunda ölkəmizin
qarşısında duran növbəti vəzifə milli həmrəylik
və bütövlüyü təmin edəcək fundamental mənəvi
faktor olan milli ideologiyanın müəyyən edilməsi və
ondan milli siyasətin tərkib hissəsi kimi səmərəli
istifadə mexanizminin həyata keçirilməsi idi. Amma
müstəqilliyin ilk illərində (1991-1993) hakimiyyətdə
olanların irrasional səciyyəli antimilli mövqe sərgiləmələri
və korporativ maraqlardan çıxış etmələri
bütün sahələrdə olduğu kimi, milli ideoloji siyasət
sahəsində də güclü “mərkəzdənqaçma”
meyillərinin müşahidə olunmasına və nəticə
etibarilə bu sferada ciddi boşluqların yaranmasına səbəb
oldu. Məhz belə bir mürəkkəb situasiyanın fonunda
siyasi palitrada təmsil olunan qüvvələr özlərinin
qrup mənafeləri naminə müxtəlif ideoloji cərəyanlara
(milliyyətçilik, türkçülük, liberal,
neoliberal cərəyanlar və sair.) istinad etməyə
çalışırdılar və pərakəndə səciyyə
daşıyan, milli xüsusiyyətlərimizə heç bir halda cavab verməyən
bu cür ideologiya nümunələrini cəmiyyətə
zorla da olsa, təqdim etməyə cəhd edirdilər.
Amma
milli mentalitetə və xarakterə, ictimai-siyasi
dünyagörüşünə və şüura yad olan bu
ideologiya növləri cəmiyyət tərəfindən fərdi
və ümumi mənada qəbul edilmir, müxtəlif səviyyə
və formalarda müqavimətlərə rast gəlirdi. Belə
olduqda isə konstruktivlik və milli həmrəylik naminə
mövqelərin yaxınlaşdırılması əvəzinə,
maksimalistlik meyilləri artır, bir-birini inkar formulu aksiomaya
çevrilirdi. Həmin ərəfədə siyasi palitra təmsilçiləri
öz maraq dairələri və dünyagörüşlərinə
görə əks qütblərdə qərar tutduqlarından
nə ümummilli ideologiyanın yaradılmasından, nə də
məqbul bir cəmiyyət strukturunun formalaşdırılmasından
bəhs etmək olmazdı. Belə bir şəraitdə
bütün bu olaylar cəmiyyəti mənəvi-ideoloji iflasa
sürükləyir, idarəetmə və onun
strukturlarının yenidən
formalaşdırılmasını mürəkkəbləşdirirdi.
Milli həmrəylik və bütövlük yarada biləcək ideologiya isə yalnız 1993-cü ildəki siyasi dönümdən sonra müəyyənləşdirildi. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası özündə ümumbəşəri səciyyə daşıyan və milli dəyərlərə cavab verən prinsipləri ehtiva etməklə, milli həmrəyliyi təmin edən milli-mənəvi mexanizm oldu. Azərbaycançılıq təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edərək dünya azərbaycanlılarının milli istinad mənbəyinə çevrildi. Bundan sonra, görülən davamlı tədbirlər sayəsində xalqın, milli dövlətimizin məfkurəsinə çevrilən azərbaycançılıq ideologiyası mənəvi-ideoloji müstəvidə milli inkişafın praktik modelinə çevrildi.
Beləliklə, azərbaycançılıq real tarixi keçmişimizlə, milli mentalitetimizlə və mövcud dəyərlərlə sıx bağlı olduğundan qısa zaman kəsiyində cəmiyyət tərəfindən qəbul olundu. Digər tərəfdən, bu ideologiya siyasi mənsubiyyətindən və dini əqidəsindən asılı olmayaraq bütün etnik qrupların, milli azlıqların hüquqlarını paritet əsasda təsbit etdiyindən milli həmrəylik mənbəyinə çevrildi. Başqa sözlə, ictimai şüurun spesifik səviyyəsi kimi müstəqil Azərbaycan dövlətinin ideya əsasına və dünya azərbaycanlılarını birləşdirən milli məfkurəyə çevrilən azərbaycançılıq ideologiyası ölkədəki bütün konfessiya və etnosların həmrəylik və qarşılıqlı anlaşma mühitində yaşamasını təmin edən mənəvi mexanizm səciyyəsi daşıdı.
Azərbaycançılıq ideologiyasına mənəvi sərvət kimi yanaşan Ümummilli lider Heydər Əliyev deyirdi: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı-Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq... azərbaycanlılar harada yaşamalarından asılı olmayaraq daim öz milli-mənəvi dəyərlərinə, milli köklərinə sadiq olmalıdırlar. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır. Azərbaycan dövləti müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan bütün azərbaycanlılar üçün əsas ideya olub. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.
Universal ideoloji formula olan azərbaycançılıq ideologiyasının önəmi və funksionallıq nöqteyi-nəzərindən səmərəlilik səviyyəsini daha da aydınlaşdırmaq üçün onunla analoji dəyərlərə və prinsiplərə malik olan ideoloji cərəyanlara nəzər yetirmək məqsədəmüvafiqdir. Elmi ədəbiyyatda ideologiya sosial qrupların və ya bütün cəmiyyətin mənafelərini müdafiə və ifadə edən, sosial reallığı bu mənafelər prizmasından izah edən və əməli fəaliyyət direktivləri, orientasiyaları olan nəzəriyyələr, ideyalar və məlumatlar sistemi kimi müəyyənləşdirilir. Milli ideologiya öz funksiyalarına görə, milli həmrəylik və bütövlüyü təmin edən, mənəvi müstəvidə ahəngdarlığın davamlılığına xidmət edən ümummilli baxışlar sistemi səciyyəsi daşıyır. Bunu isbat etmək üçün ideologiyaların nəzəri-empirik surətdə təsbit edilmiş funksiyalarına nəzər yetirmək kifayətdir. Siyasi ideologiyaların ilk funksiyası yönləndirmədir. Bu funksiya müxtəlif sahələrdə, bütövlükdə cəmiyyətdə insan fəaliyyətinin mənəvi əsaslarını və istiqamətlərini müəyyənləşdirir. Yönləndirmə funksiyası müəyyən resurslarla təmin olunmuş subyektlərin fəaliyyət və baxışlar orientasiyasını müəyyən edən fundamental mənəvi faktor qismində çıxış edir. Növbəti-səfərbəredici funksiya isə siyasi fəaliyyətin ideoloji motivi və stimulu qismində çıxış edir. Məhz bu funksiyanın fonunda müəyyən edilmiş siyasi-ideoloji məqsədlərin təmin edilməsi naminə resurslar və subyektlər vahid mərkəzdə cəmləşdirilir və məqsədlərə yönəlik fəaliyyətə səfərbər edilir. İnteqrativ funksiya isə ümumi maraqlar və baxışlar sistemini üstün tutur və fərdlərin fəaliyyətini ümumi maraqlar kontekstində stimullaşdırır. Birləşdirici səciyyə daşıyan bu funksiya müxtəlif qrupları və fərdləri bir mərkəzdə birləşdirə bilir və milli həmrəyliyin təmin olunması işinə birinci dərəcəli töhfələr bəxş edir. Deməli, ideologiya səfərbəredici, maarifləndirici, tərbiyəedici, inteqrativ, kommunikativ səciyyə daşıyır və mənəvi substrat qismində çıxış edir.
Bunlarla yanaşı, fəaliyyətin mənəvi substratı qismində çıxış edən ideologiya gerçəkliyin xüsusi obrazının yaradılması, ictimai şüurun yönləndirilməsi, ümumi ideya və çağırışlar əsasında insanların birləşdirilməsi, siyasi inkişafın istiqamətləri və aparıcı qüvvələrinin müəyyənləşdirilməsi kimi strateji funksiyaları da yerinə yetirir.
Bundan başqa, ideologiyalar bir çox meyarlara görə bir neçə qrupda təsnif edilir:
-Sosial mənafeyə münasibətə görə: mütərəqqi, mühafizəkar, mürtəce, liberal, radikal, millətçi, beynəlmiləl;
-Sosial bazasına görə: milli, sinifi, qrup və irqi;
-Daxili
strukturuna görə: dini, dünyəvi, rasional, irrasional,
universal, partikulyar;
-Nüfuz
dairəsinə görə: milli və ümumbəşəri.
Başlıca siyasi ideoloji cərəyanlar
sırasına isə liberalizm, neoliberalizm, konservatizm
(mühafizəkarlıq), neokonservatizm və sosializm daxildir.
Elmi ədəbiyyatda liberalizm (latınca liberalis-azad) dar
mənada adət-ənənələrə, vərdişlərə
münasibətdə tam müstəqil olan, öz müqəddəratını
və fəaliyyətini müstəqil surətdə müəyyənləşdirməklə,
xarakterizə edilən fəaliyyət və düşüncə
tərzi kimi səciyyələndirilir. Ümumilikdə
isə liberal səciyyəli doktrina və konsepsiyaların mərkəzində
“fərdin azadlığı” ideyası və məfhumu
dayanır. Bu ideoloji cərəyanın əsas
struktur elementləri və prinsipləri müxtəlif
xarakterli nəzəriyyə və konsepsiyalarda əks
olunmuşdur. Onların hamısına aid
olan ortaq nöqtə isə qanunlarla nizamlanmış və
müəyyən hüquqi substratlarla təsbit edilmiş
müstəqillik və azadlıq ideyalarıdır. Məhz bu mərkəzi ideyanın fonunda bəhs edilən
ideoloji cərəyana xas olan digər struktur elementləri-anlayışlar
isə tolerantlıq, humanizm, fərdiyyətçilik və
digərləridir.
Liberalizm
ideologiyasının fonunda meydana gəlmiş siyasi-iqtisadi
konsepsiya və doktrinaların təməlində duran dəyərlər
isə bunlardır: hakimiyyətin bölünməsi prinsipi, fəaliyyətdə
və münasibətlərdə rəqabət
azadlığı, şəxsi təşəbbüsə
qarşı total məhdudiyyətlərin ləğv edilməsi,
xüsusi mülkiyyətə və sərbəst iqtisadi fəaliyyətə
lazımi imkan və şəraitin yaradılması, fərdin
mülki və siyasi hüquqlarının qorunması, inzibati
tənzimləmələrin səviyyəsinin
azaldılması və sair.
Amma zaman
keçdikcə məlum oldu ki, nəzəri cəhətdən
təsbit edilmiş liberal dəyərlər təcrübi
müstəvidə özünü doğrultmadı və
mütləq surətdə gerçəkləşdirilmədiyindən
ideallıq kimi təsvir edilməyə başlandı. Bir
sıra araşdırmaçılar isə liberalizm
ideologiyasını özündə
daşıdığı dəyərlərə görə
real olanla ideal arasında aralıq cərəyan kimi dəyərləndirdilər.
Məhz belə bir durumun fonunda özündə liberalizmlə
mühafizəkarlığın bir sıra prinsiplərini
ehtiva edən neoliberalizm (yeni liberalizm) cərəyanı
meydana gəldi.
XX əsrin
ikinci yarısında meydana gələn neoliberalizmdə
liberalizmdən fərqli olaraq milli dövlət
anlayışı istinad kateqoriyalarından birinə
çevrildi və dövlət tənzimləyici subyekt qismində
səciyyələndirildi. “Dövlətin funksiyalarının
gücləndirilməsi” prinsipindən çıxış
edən neoliberalizmdə təsbit olundu ki, dövlətin
liberal dəyərlərə əsaslanan funksiyaları
universallaşdırılmalı və onun əhatə dairəsi
daha da genişləndirilməlidir. Buradan
çıxış edərək neoliberalistlər
plüralist demokratiya konsepsiyasını mərkəzi istinad
nöqtəsinə çevirdilər və dövlət
hakimiyyətinin təşkilində və hakimiyyətin fəaliyyətində
plüralist prinsiplərə üstünlük verdilər.
Bütün
bunların fonunda liberal proqram və doktrinalarda idarəolunanlarla
idarəedənlər arasında konsensusun yaradılması və
ümumi razılıq əsasında idarəetmənin həyata
keçirilməsi prinsipi əsas götürüldü.
Bunlarla
yanaşı, XVIII əsrdə meydana gələn mühafizəkarlıq
ideoloji cərəyanı da özündə ehtiva etdiyi bir
sıra xüsusiyyətlərə görə fərqlənir.
Mühafizəkarlıqda mərkəzi prinsip qismində adətlər,
ənənələr və varisliyə sadiqlik
çıxış edir. Bu ideoloji cərəyanın təməl
prinsiplərindən biri də budur ki, dəyişikliklər tədrici
surətdə həyata keçirilməli və islahatlara
üstünlük verilməlidir. Dəyişikliklərdə
təkamül yolunu üstün tutan mühafizəkarlar
güclü dövlət tərəfdarı kimi
çıxış edirlər və bildirirlər ki, milli
inkişafın əsasında milli dövlətin universal səciyyə
daşıyan funksional fəaliyyəti dayanır. Mühafizəkarlar
belə bir prinsipi əsas tuturlar ki, keçmişdən
bugünədək qorunmuş ənənələr mütəmadi
surətdə mühafizə edilməli və cəmiyyətdə,
idarəetmədə, fəaliyyətdə əsas istinad
nöqtəsi qismində qəbul edilməlidir.
Mühafizəkarlar
“rasional siyasətçi kimdir” sualı ətrafında belə
bir mövqedən çıxış edirlər ki, praqmatik təfəkkürə
malik olan siyasətçi uzunmüddətli effektiv nəticələr
qazanmaq uğrunda mübarizə aparır: “Siyasətçinin
bütün fəaliyyəti müvəqqəti
üstünlük və ya populyarlıq prizmasından deyil, əldə
edilmiş uzunmüddətli nəticələr nöqteyi-nəzərindən
dəyərləndirilməlidir”.
Bunlarla
yanaşı, ənənəvi proqram, konsepsiya və
doktrinalarda mühafizəkarlıq ideologiyasının digər
təməl prinsipləri məhz
bu cür əks olunub: “Cəmiyyətdə ənənəvi
təsisatların mövcudluğuna və fəaliyyətinə
geniş şərait yaradılmalıdır. Bundan başqa,
ictimai ahəngdarlığın və nizamın təmin
olunması üçün həyata keçiriləcək dəyişikliklər
təkamül yolu ilə baş tutmalıdır. Kardinal dəyişikliklər
cəmiyyətlərə nizamsızlıq, xaos və
dağıntı gətirər ki, bunlar da nəticə
etibarilə ənənəvi təsisatların işini iflic vəziyətinə
salar. Məhz buna görə də, milli dövlətin mərkəzində
durduğu güclü tənzimləmə mexanizmi
lazımdır ki, ictimai ahəngdarlıq pozulmasın və cəmiyyətin
inkişafı təmin edilsin”.
Mühafizəkarlıq
ideologiyasını dəyərləndirən ingilis tədqiqatçısı
M.Oukşot qeyd edir: “Mühafizəkar olmaq bilinməyənə
yox, bilinənə, təcrübədə təsdiq edilməyənə
deyil, sınaqdan keçmişə, ehtima olunana deyil,
mövcud olana, uzağa deyil, yaxına, bol olana deyil, kifayət
edənə, utopikə deyil, reallığa üstünlük
verməkdir”.
Azərbaycançılıq
ideologiyası isə özündə ehtiva etdiyi təməl
prinsiplərə görə liberalizmlə mühafizəkarlığın
bir sıra prinsiplərindən ibarət olan neokonservatizm ilə
sıx bağlıdır. Akademik Ramiz Mehdiyev “Yeni siyasət: inkişafa doğru”
kitabında yazır ki, azərbaycançılıq
coğrafi məkan baxımından neokonservatizmin milli
variantı, onun prinsip və ideyalarının Azərbaycanın
konkret şəraitində təcəssümüdür:
“Metodoloji prinsip baxımından-ümuminin və xüsusinin, yəni
birincinin və ikincinin nisbəti
baxımından azərbaycançılıq ikinci kimi
çıxış edir. Azərbaycançılıq və
neokonservatizm bir-birini zənginləşdirərərək
vahid tam kimi çıxış edirlər. Buna görə də,
azərbaycançılığın milli ideologiya kimi qəbul
edilməsi ölkəmizin sivilizasiyalı dövlətlər
sırasına daxil olması, ümumdünya oriyentirləri və
meyilləri kontekstində daha uğurlu inkişafı
üçün möhkəm zəmin yaradır. Neokonservatizm
və azərbaycançılıq öz ləyaqətini
itirməmiş xalqın sağlam düşüncəsinə,
zəkasına eyni dərəcədə söykənir. Bu mənada
vətənpərvərlik öz vətəninə, ölkəsinə,
xalqına məhəbbət deməkdir və onun şovinizm
ilə, milli müstəsnalıq və etnoeqoizm ilə
heç bir əlaqəsi yoxdur. Əsrlərin, minilliklərin
dərinliklərindən gələn ənənəyə mənsubluq
bizim mədəniyyətimiz kimi qədim mədəniyyət
üçün dövlətçiliyin əsasını,
bütün vətəndaşların rifahı naminə
dövlətin mövcudluğunun və inkişafının əsasını
təşkil edir. Məhz buna görə zəngin
keçmişi olan dövlət
fərdi və ya qrup mənafelərinin mexaniki məcmusunun
ifadəsi deyildir, əksinə, bütün cəmiyyətin
ali mənafelərinin təcəssümüdür. O mənafelərin
ki, vətəndaş onların naminə təkcə öz
mülkiyyətini deyil, həm də həyatını qurban
verməyi bacarmalıdır”.
Neokonservatizmin
mahiyyətini daha da dəqiqləşdirmək
üçün onun əsas prinsiplərini sadalamaq məqsədəmüvafiqdir.
Qeyd etdiyimiz kimi, neokonservatizm liberalizmlə mühafizəkarlığın
təməl prinsiplərini özündə birləşdirən
ideoloji cərəyandır. Ümumiləşdirsək, qeyd edə
bilərik ki, bəhs edilən ideoloji cərəyanın əsas
prinsipləri aşağıdakılardan ibarətdir:
- Dövlət
və vətəndaşın qarşılıqlı mənəvi
məsuliyyəti gücləndirilməlidir;
- fərdin hüquq və azadlıqlarının təmin edilməsinə yönəlik xüsusi hüquqi, ictimai şərait yaradılmalı və fərdin ictimai həyatda rolunun artırılmasına qarşı bütün məhdudiyyətlər aradan qaldırılmalı və bu istiqamətdə əhəmiyyətli tədbirlər görülməlidir;
- Milli maraqların həyata keçirilməsində və milli həmrəyliyin təmin edilməsində əsas aktor qismində dövlət çıxış etməli və o, cəmiyyətin birləşdirici, təşkiledici başlanğıcı qismində fəaliyyət göstərməlidir;
- Dövlət milli maraqları və dəyərləri nəzərə almaqla hüquqi müstəvidə davamlı siyasi islahatlar həyata keçirməli və fərdlərin müstəqil fəaliyyətinə geniş şərait yaratmalıdır;
- Dövlət demokratik şəraitdə insan və vətəndaş hüquq və azadlıqlarının bərqərar olunmasının başlıca təminatçısı olmalıdır;
- Sosial ədalət təmin edilməlidir. Məhz bu zaman əsas prinsip kimi insanların bərabərliyinin inzibati yollarla təmin edilməsi deyil, fərdlərə bərabər imkanların yaradılması götürülməlidir;
- İnkişaf kardinal dəyişikliklər və dağıdıcı üsullarla yox, tədrici təkamül vasitəsilə baş tutmalıdır. Məhz bu zaman dövlət öz üzərinə düşən bütün vəzifə və öhdəlikləri yerinə yetirməli, eyni zamanda, fərd-dövlət birliyi bu missiyanın həyata keçirilməsində təməl mexanizmi olmalıdır.
Beləliklə, ən müxtəlif nəzəri-konseptual mənbələrdə və tətbiqi araşdırmalarda belə bir yekun qənaət ifadə edilir ki, universal səciyyəli, milli dəyərlərin və rasional ənənələrin ehtiva olunduğu və adekvat surətdə əks edildiyi ideologiya milli gücün keyfiyyət ünsürü kimi dəyərləndirilməlidir. Başqa sözlə, bir milləti və ya xalqı digərindən fərqləndirən, onun mənəvi potensialını ehtiva edən, həmçinin, milli mövcudluğun mənəvi əsasını təşkil edən milli ideologiya ümummilli inkişafı təmin edən keyfiyyət ünsürü kimi səciyyələndirilir. Çünki özündə ehtiva etdiyi ümumi prinsiplərə və dəyərlərə müvafiq olaraq monoist yox, universal səciyyəli milli ideologiya normativ-semantik strukturuna görə fərdi və ictimai şüurun struktur elementlərini təkmilləşdirən və onun bütövlüyünü təmin edən mənəvi mexanizm qismində çıxış etməklə yanaşı, ümummilli inkişafın da təkanverici keyfiyyət ünsürü və fundamental faktoru önəmi daşıyır.
Bu, bir faktdır ki, universal səciyyə daşıyan və özündə mütərəqqi dəyərləri ehtiva edən milli ideologiyalar onun daşıyıcıları və tərəfdarlarını bir mərkəzdə birləşdirməklə yanaşı, ümummilli həmrəyliyi-bütövlüyü təmin edən, ictimai şüuru milli inkişaf mənbəyinə çevirən komponent kimi çıxış edir. Bu baxımdan, bir millətin və ya xalqın mənəvi potensialı əsasında təşəkkül tapmış milli ideologiya qeyri-formal komponent kimi milli dövlətin sistematik inkişafını və bütövlüyünü təmin etməklə yanaşı, perspektiv birlik və fəaliyyət konturlarını müəyyənləşdirən amil kimi səciyyələndirilir...
Qeyd etdiyimiz kimi, milli ideoloji sistem həm də milli inkişafın təminatçısı qismində çıxış edir. Çünki milli ənənələrlə müasir mənəvi potensialı uzlaşdıran, rasional prinsipləri özündə ehtiva edən milli ideologiya fərdi və ictimai şüurun bütövlüyünü təmin etməklə yanaşı, insanların sağlam ideoloji oriyentirlərini müəyyənləşdirən və mənəvi şüurda rasional korreksiyalar edən inkişaf mənbəyi kimi səciyyələndirilir. Eyni zamanda, səfərbəredici, inteqrasiyaetdirici, maarifləndirici, tərbiyəedici və təbliğati funksiyaları özündə ehtiva edən ideologiya ümumi ideya-siyasi çağırışlar əsasında ümummilli birliyi-bütövlüyü və həmrəyliyi təmin etməklə yanaşı, ictimai şüura yeni-mütərəqqi dəyərlərin transformasiya olunması, ictimai-siyasi şüurun sağlam komponentlər əsasında formalaşması və dəyərlər sisteminin zənginləşməsi baxımından xüsusi önəm kəsb edir. Bu isə nəticə etibarilə insanların ictimai-siyasi təfəkkürünü gücləndirməklə ümummilli inkişafın mənəvi substratını təşkil etmiş olur...
Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda təsbit etmək olur ki, universal ideoloji formula olmaq etibarilə azərbaycançılıq ideologiyası zamanın tələblərinə müvafiq olaraq dünya azərbaycanlılarını birləşdirən milli məfkurə, müstəqil Azərbaycan dövlətinin ideya əsası kimi çıxış etməkdədir. Bu, eyni zamanda, ölkədəki bütün dinlərin nümayəndələrinin və etnosların həmrəylik və qarşılıqlı anlaşma içində yaşayışını təmin edən mənəvi mexanizm önəmi kəsb edir. Bununla əlaqədar Ulu öndər Heydər Əliyev bildirirdi ki, azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir.
Eyni zamanda, Prezident İlham Əliyevin dilimizin mühafizəsi və inkişafına göstərdiyi yüksək səviyyəli diqqət və qayğı bu sahədə əldə edilən nailiyyətlərin davamlılığını təmin edən fundamental faktor və mexanizm oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən milli siyasətin mühüm strateji istiqaməti kimi Azərbaycan dilinin mühafizəsi və təbliği yönündə reallaşdırılan fundamental tədbirlər milli ideologiyanın-azərbaycançılığın daha da möhkəmlənməsini və kütləvilik səviyyəsinin daha da artmasını şərtləndirdi.
Bunlarla yanaşı, Prezident İlham Əliyevin imzaladığı Fərman və Sərəncamlar milli dilimizin mühafizəsi və inkişafı yönündə mühüm hüquqi substrat olmaqla yanaşı, eyni zamanda, milli identikliyi də gücləndirən əhəmiyyətli mexanizm oldu. “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli Sərəncamı və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli Fərmanı bu sahədə xüsusi önəm kəsb edən substrat səciyyəsi daşıdı.
Beləliklə, Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu milli siyasətin fonunda milli dilimizin-Azərbaycan dilinin mühafizəsi və inkişafı yönündə həyata keçirilən operativ və effektiv işlərin Prezident İlham Əliyev tərəfindən dövrün aktual çağırışlarına və qanunauyğunluqlarına müvafiq surətdə uğurla davam etdirilməsi Azərbaycan dilinin milli həmrəylik, bütövlük və identikliyi təmin edən substrat kimi çıxış etməsini şərtləndirmiş oldu.
Sadaladıqlarımız deməyə əsas verir ki, milli inkişafın mənəvi-ideoloji əsaslarının təmin olunması, milli həmrəylik və bütövlüyə nail olunması baxımından neokonservativ səciyyə daşıyan azərbaycançılıq ideologiyasının seçimi ən məqbul variant idi və ötən zamanda ideoloji müstəvidə əldə edilən nəticələr bunu bir daha sübut etdi.
Hikmət BABAOĞLU
Yeni Azərbaycan.- 2011.- 9 sentyabr.-
S. 4.