Kürdəmir rayonu günü-gündən inkişaf edir

 

2011-ci ilin birinci yarısında da rayonda geniş abadlıq-quruculuq işləri həyata keçirilib

 

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət kursu Azərbaycanı nəinki regionun liderinə, eyni zamanda, dünyanın ən yüksək sürətlə inkişaf edən dövlətinə çevirib. Bu uğurlu siyasətin nəticəsidir ki, hazırda Azərbaycanın bütün guşələrində böyük tərəqqi hiss edilməkdədir. Prezident İlham Əliyevin imzaladığı regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramları Azərbaycanın inkişafına böyük təkan verib. Bundan başqa, dövlət başçısının səfər etdiyi hər bir şəhər və rayonda yerli strukturların rəhbərlərinə sosial-iqtisadi inkişafa nail olmaq üçün verdiyi xüsusi tapşırıqlar da diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasındakı nitqində dövlət başçısının dərin məzmunlu və proqram xarakterli tövsiyələri, sosial-iqtisadi inkişafla bağlı söylənilən faktlar və rəqəmlər belə bir fikri bir daha təsdiq edir ki, Azərbaycan nəinki regionda, hətta bütün dünyada aparıcı ölkə, Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının hesabatlarına əsasən isə bir nömrəli islahatçı ölkə kimi tanınıb. Dünyada baş verən maliyyə və iqtisadi böhrana baxmayaraq, Azərbaycan yüksək makroiqtisadi göstəricilərini qorumaqdadır. Bu inkişaf özünü rayonlarımızın həyatında baş verən müsbət dəyişikliklərdə də göstərir. Son illərdə böyük inkişaf yolu keçən rayonlarımızdan biri də Kürdəmir rayonudur.

 

Kənd təsərrüfatının inkişafı yüksək səviyyədədir...

 

2011-ci ilin birinci yarısı Kürdəmir rayonu üçün yüksək iqtisadi göstəricilərlə müşayiət olunub. Qeyd olunan dövrdə ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi daxili məhsul istehsalı 6,1 faiz, artaraq 100 milyon 405min manata çatıb. Ümumi daxili məhsul istehsalının 72,2 faizi məhsul istehsalı sahələrində, o cümlədən, 15,7 faizi sənayedə, 9,4 faizi inşaat kompleksində, 47,1 faizi kənd təsərrüfatında yaradılıb. Rayonda 2011-ci ilin əvvəlindən 273 yeni iş yeri yaradılıb ki, onun da 223-si daimidir.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayonda aqrar sektorun və heyvandarlığın inkişafına diqqət daha da artırılıb. Taxıl istehsalının artırılması tədbirləri daim diqqət mərkəzində saxlanılır. 34755 hektarda əkilmiş taxıl əkini sahələri aqrotexniki qaydalara uyğun becərilib. May ayında güclü küləklərlə müşayiət olunan leysan yağışların 10 min hektardan çox taxıl zəmisinə ciddi ziyan vurmasına baxmayaraq, istehsal ötən ildəkindən 4 min tondan çox, yəni 55 min 177 ton olub. İstehsal olunan taxılın 23.4 min tonunu buğda məhsulu təşkil edir. 6 min tona qədər toxumluq dən ayrılıb.

Tarixən pambıqçılıq ənənəsinə malik olan Kürdəmirdə bu sahəyə maraq bir qədər artıb, bu il 305 hektar sahədə pambıq əkilib ki, bu da ötən illə müqayisədə 286 hektar çoxdur. Rayonda yaradılmış “Aqrolizinq” ASC-nin 6 aqrotexservis mərkəzlərinin və əlavə 5 özəl aqrotexservis mərkəzinin 220-dən çox traktor, kombayn və digər kənd təsərrüfatı texnikalarından istifadə olunur. Bunun nəticəsidir ki, rayonda taxıl biçini optimal müddətdə başa çatdırılıb. İstehsalçılara 500 tondan çox güzəştli qiymətlərlə mineral gübrələr satılıb, əkinlərə 2500 tondan çox üzvü gübrə verilib.

Qeyd etmək lazımdır ki, Kürdəmir aqrotexservis filialının bazasının tikilməsi ilə bağlı işlər sürətlə davam etdirilir və tikintinin bu il istifadəyə veriləcəyi nəzərdə tutulub.

Rayonda heyvandarlığın və quşçuluğun inkişaf etdirilməsi sahəsində məqsədyönlü işlər görülür. Hazırda iribuynuzlu mal-qaranın sayı 62 min başı, qoyun keçilərin sayı 133,7 min başı ötüb, heyvandarlıq məhsulları istehsalının dinamik artımına nail olunub, bu ilin I yarımilliyində ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 38,8 faiz, süd istehsalı 18,2 faiz, yumurta istehsalı 1,9 dəfə, yun istehsalı 1 faiz artıb.

Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması sahəsində məqsədyönlü işlər görülüb, 9 nəfər süni mayalanma texnikləri hazırlanıb, onların fəaliyyəti üçün hər cür şərait yaradılıb, süni mayalanma avadanlıqları, yüksək məhsuldar cins mal-qara toxumu və nəqliyyatla təmin ediliblər.    Bu ilin I yarımilliyində 495 başadək iribuynuzlu mal-qara süni mayalandırılıb, 257 başdan çox bala alınıb. Lizinq yolu ilə alınmış 158 baş cins düyənin 83 başı bala verib. Hazırda onların hər biri gündəlik orta hesabla 25-30 litr süd verir. Rayonda saatda 5 ton məhsul istehsal edəcək Süd Zavodunun tikintisi demək olar ki, başa çatıb.

 

Şoranlaşmış torpaqlar təmizlənərək əkinə yararlı hala salınır...

 

Rayonda əkin yerlərinin və torpaqların münbitliyinin artırılması istiqamətində işlər aparılır. Erroziyaya uğramış, şoranlaşmış, meliorasiya tədbirlərinə ehtiyacı olan 14200 hektar torpaq sahəsi olduğu müəyyən edilib və həmin torpaqlardan səmərəli istifadə edilməsi ilə bağlı təkliflər hazırlanır və xəritələşdirilməsi işləri aparılır. Torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması sahəsində işlər görülüb, 6 kəndin 5 min hektaradək ərazisini su ilə təmin edəcək uzunluğu 18 km-lik Axtaçı-Ərəbqubalı beton üzlüklü kanalın 10 km-lik hissəsi, 5-6 min hektar ərazini suvarma suyu ilə təmin edəcək 33 km-lik Çərtəyəz-Muradxan beton üzlüklü kanalın 5 km-lik hissəsi tikilib, R-16 beton kanalının 8 km-lik hissəsində, R-19 beton kanalının 5 km-lik hissəsində əsaslı yenidənqurma işləri aparılıb. Bu ilin 6 ayında rayonun daxili imkanları hesabına 12 km uzunluğunda yeni torpaq kanalı çəkilib, 450 km-dən çox kanallar lildən təmizlənib, 5 ədəd yeni nasos kompleksi, 15 ədəd yeni hidrotexniki qurğu qurulub, 62 km beton kanalı, 22 km latok kanalı, 80-dən çox hidrotexniki qurğu təmir olunub. Şilyan kəndinin 500 hektaradək suvarma şəbəkəsi olmayan ərazisinə kanal çəkilərək yeni nasos stansiyası qurulub. Meliorasiya sahəsində 1,5 km yeni kollektor çəkilib, 110 km kollektor-dren şəbəkəsi lildən təmizlənib, 35 hidrotexniki qurğu, 8 ədəd nasos əsaslı təmir edilib, 1 ədəd yeni nasos qurulub.

 

Enerji və qaz təchizatı, içməli su problemi öz həllini tapıb

 

Əhalinin elektrik enerjisi, təbii qaz, içməli su ilə təminatının yaxşılaşdırılması rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olub və bu məqsədlə, bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirilib. Əhalinin elektrik enerjisinə olan tələbatını ödəmək məqsədi ilə 10 kv-luq elektrik hava xəttinin 3.1 km hissəsində əsaslı, 10,4 km hissəsində cari və 04 kv-luq elektrik hava xəttinin 3,6 km hissəsində əsaslı, 14.1 km hissəsində isə cari təmir işləri aparılıb. 35/10 kv-luq və 35/6 kv-luq Mollakənd yarımstansiyasında yerləşən güc transformatorları cari təmir olunub. Kəndlərdə olan elektrik transformatorlarından 7 ədədi əsaslı, 36 ədədi cari təmir edilib. Abonentlərin mənzilinə 989 ədəd 1 fazalı elektrik sayğacı quraşdırılıb.

Dövlət Proqramına uyğun olaraq cari ildə əhalinin qazla təchizatının yaxşılaşdırılması məqsədi ilə Ağsu-Kürdəmir orta təzyiqli qaz kəməri 31 km məsafədə diametri 315 mm olan polietilen boru ilə yenidən çəkilib istifadəyə verilib. Rayonun Sığırlı kəndində kənddaxili qaz kəməri 101 km məsafədə əsaslı təmir olunaraq, 1500 evin təbii qazla təchiz olunması üçün müxtəlif diametrli polietilen boru ilə qaz kəməri çəkilib. Uzun illərdən bəri təbii qaz almayan Təklə kəndinin qaz təchizatı bərpa edilib, 11.3 km məsafədə polietilen boru ilə yeni qaz kəməri çəkilərək 75 abonentin mənzilinə qaz sayğacı quraşdırılıb. Şəhərin Heydər Əliyev prospektində abadlıq işlərinin aparılması ilə əlaqədar 1012 p/m, diametri 219 mm olan yerüstü metal boru sökülərək, diametri 280 mm olan polietilen boru ilə yenidən çəkilib istifadəyə verilib. 10 ədəd qaz tənzimləyici şkaf, 9 ədəd müxtəlif diametrli siyirtmələr quraşdırılıb. Qaz təchizatının inkişafı ilə bağlı addımlar davam etdirilir.

Əhalinin içməli suya olan təminatını yaxşılaşdırmaq məqsədi ilə 2011-ci ilin 6 ayında I və II Külüllü-Kürdəmir mərkəzi su xəttində təmir işləri aparılıb, bir neçə yerdə su itkisinin qarşısı alınıb. Heydər Əliyev prospektinin 1-ci məhəlləsində 160 mm-lik plastik boru ilə yeni su xətti çəkilib, 22 ailə içməli su ilə təmin olunub. Azəbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə əhalinin su pulu borclarının silinməsi rayonun 2600 ailəsinə şamil edilərək, 130 min 777 manat məbləğində yaranmış borc silinib.

Rayonun 10 kəndində modul tipli 137 bulaq inşa edilib, “BP” şirkətinin maliyyə dəstəyi ilə daha 5 kənddə isə sutəmizləyici qurğular tikilib, bütövlükdə bu qurğular vasitəsi ilə 16 min nəfərdən çox əhali içməli saf su ilə təmin edililb. Bundan əlavə, 2011-ci ildə daha 14 kənddə modul tipli sutəmizləyici qurğu tikilməsi planlaşdırılıb, hazırda Dəyirmanlı, Mürtülü, Cəyli kəndlərində də bulaqların və sutəmizləyici qurğuların tikintisi başa çatdırılmaq üzrədir.

 

Rabitə xidməti yenidən və keyfiyyətli şəkildə qurulur

 

Dövlət Proqramına əsasən əhaliyə rabitə xidmətinin yaxşılaşdırılması məqsədi ilə şəhərin Bakı prospektində 400 nömrəlik DS-200 tipli yeni EATS-istimara verilib. Şəhərin mərkəzi ATS-i üzrə Aşıq Şakir, Qarabağ və Aran qəsəbəsində hava rabitə xətləri texniki norma səviyyəsinə gətirilib, 7, 8, 10 və 11 saylı paylayıcı şkaflar istiqamətində TPP-200 x 2 və TPP-300 x 2 tipli kabelin zədəli hissəsi dəyişdirilib. Yenikənd kəndinə telefon çəkilişi məqsədi ilə 700 metr məsafədə hava rabitə xətti tikilib. Pirili, Cəyli, Sor-Sor kəndlərində və Karrar qəsəbəsində EATS-ın xətt şəbəkəsində təmir bərpa işləri aparılıb. Əhaliyə keyfiyyətli və sürətli internet xidməti göstərilməsi məqsədi ilə NGN tipli elektron stansiyasının üzərindən 232 abunəçi, Şıxımlı kənd EATS-də 48 portluq DSLAM avadanlığının üzərindən isə 27 abunəçi sürətli internet xidmətinə qoşulub. Kürdəmir Poçt filialının vasitəsi ilə rayon mərkəzində 2, kəndlərdə 26 poçt şöbələri əhaliyə günün tələbləri səviyyəsində poçt və rabitə xidməti göstərir.

 

Quruculuq və abadlıq işləri genişləndirilir

 

Bu ilin 6 ayi ərzində şəhər ərazisində və avtomobil yollarının kənarlarında 9 müasir obyektin tikintisi, 21 obyektin isə ağlay və alkapon materialı ilə rekonstruksiyası aparılıb. Əhalinin məşğulluğunun etibarlı təminatı və artan sosial tələblərin həlli istiqamətində aparılan ardıcıl işlər sayəsində Kürdəmir Süd Emalı zavodunun tikintisində son tamamlama, abadlıq işləri yekunlaşmaq üzrədir. Yaxın vaxtlarda sutkalıq 30 ton süd məhsulu emal edəcək zavodda 150-dən artıq sakinin işlə təmin olunması gözlənilir. Bu il Vergilər Nazirliyinin Kürdəmir Kompüter Terminalı istifadəyə verilib, Regional Enerji Nəzarət idarəsinin binasında son tamamlama işləri aparılır, FHN Kürdəmir Yanğın Təhlükəsizliyi İdarəsinə yeni depo binasının tikintisi başa çatmaq üzrədir. İcra Hakimiyyətinin yeni binasının tikintisinə başlanılıb. 2010-cu ilin aprel-may aylarında Kür çayında suyun səviyyəsinin həddindən çox qalxması və həmçinin, yağan güclü leysan yağışları nəticəsində fərdi yaşayış evlərinə dəymiş ciddi ziyanlıqlar aradan qaldırılmaq üzrədir. Belə ki, rayonda FHN tərəfindən qəzalı olduğu müəyyən edilmiş 317 yeni fərdi evlərin 314-ündə tikinti işləri başa çatdırılaraq istifadəyə verilib, 3-də isə son tamamlama işləri aparılır.

Dövlət Proqramının icrası ilə əlaqədar 2011-ci ilin I yarımilliyində “Azəryolservis” ASC-nin vəsaiti hesabına Bakı-Ələt-Qazax avtomobil yolunun 1 km hissəsində 7200 m2 və Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun 2.2 km hissəsində 14750 m2 sahəyə asfalt döşənməklə, orta və cari təmir işləri aparılıb. Şəhər küçələrinin asfaltlaşdırılması üçün ayrılmış vəsait hesabına ümumilikdə 13540 m2 asfalt işləri görülüb. Füzuli, T.İsmayılov, Ə.Abdullayev, Q.Qarayev, M.Müşfiq, Cavanşir küçələrində, o cümlədən, Heydər Əliyev prospekti dalan 2-də, dalan 5-də, Aran qəsəbəsində, 8 saylı uşaq bağçasının həyətində təmir işləri aparılmaqla 11910 manat vəsait xərclənib. Rayonun Xırdapay kənd yolunun 1050 m2-də asfalt işləri görülüb. 13 km kəndarası yollara çınqıl daş tökülərək təmir işləri aparılıb. Şəhərin abadlaşdırılması məqsədi ilə X.İslamzadə küçəsinə 350 metr uzunluğunda yeni piyada yolu çəkilib, Heydər Əliyev prospektində isə 1785 m mövcud səki sökülərək müasir mozaik örtük tavaları ilə üzlənib.

 

Təhsil və səhiyyə sahələri inkişaf etdirilir...

 

Rayonda təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişaf etdirilməsi, mövcud problemlərin aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində olub. Dövlət Proqramına müvafiq olaraq 640 şagird yerlik şəhər 3 saylı orta məktəbin şəhərin simasına xüsusi gözəllik verən, müasir dizayn və arxitektur gorünüşünə malik yeni 3 mərtəbəli binasi tikilib başa çatdırılıb, hazırda məktəbin inventar və avadanlıqlarla təminatı aparılır. 220 şagird yerlik Sor Sor, Xırdapay, Qarasaqqal kənd orta məktəblərinin, Təhsil Şöbəsinin yeni binasının tikintisi üçün lahiyə-smeta sənədlərinin hazırlanması, şəhər mərkəzində yerləşən 3 saylı uşaq baxçası-körpələr evinin müasir üslubda rekonstruksiya və əsaslı təmir edilməsinə nail olunub. Yaponiyanın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə “Sülh” qeyri-dövlət humanitar təşkilatı tərəfindən Bala Kəngərli kənd ümumi orta məktəbi yanında 200 yerlik yeni məktəb binası tikilib istifadəyə verilib.

Mərkəzi Rayon Xəstəxanasının əsas binasında Regionların Sosial İqtisadi İnkişafı Dövlət Proqramına əsasən rekonstruksiya və əsaslı təmir işləri davam etdirilir. Kür çayında suyun səviyyəsinin qalxması nəticəsində ziyan çəkmiş Xəlsə həkim məntəqəsi üçün 4 otaqlı yeni binanın tikintisi, Köhünlü kənd həkim məntəqəsinin əsaslı təmiri başa çatdırılıb.

Rayon əhalisinin müraciətləri operativ şəkildə araşdırılır

Cari ilin 6 ayında rayon İcra Hakimiyyəti Başçısı Aparatında və səyyar qəbullarda 405 nəfər vətəndaş qəbul edilib ki, onlardan 227 nəfəri rayon İcra Hakimiyyəti Başçısı tərəfindən fərdi qaydada, 178 nəfəri yerlərdə keçirilən səyyar qəbullar zamanı fərdi qaydada qəbul edilib, onların hər bir müraciətinə diqqət və qayğı ilə yanaşılıb, mümkün lazımi köməkliklər göstərilib. Rayon İcra Hakimiyyəti Başçısı Aparatına 2011-ci ilin birinci yarısında vətəndaşların 4201 müraciəti daxil olub. Müraciətlərin sayının artması əsasən yeni evlərin tikintisi ilə əlaqədar köməkliklərin göstərilməsi ilə bağlıdır.

 

YAP rayonun aparıcı siyasi qüvvəsidir

 

Rayonun aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının (YAP) Kürdəmir rayon təşkilatı 1993-cü ilin yayında yaradılıb. Yaranan zaman 16 ilk təşkilatdan, 399 üzvdən ibarət olan Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının nəzdində hazırda 117 ilk təşkilat birləşib. Rayonda 6448 nəfər Yeni Azərbaycan Partiyasının üzvü var. Bu üzvlərin əsas hissəsini-2856 nəfərini gənclər, 2319 nəfərini qadınlar təşkil edir. Partiyanın rayon təşkilatına bu ilin son səkkiz ayında 334 nəfər yeni üzv qəbul olunub. YAP Kürdəmir rayon təşkilatının sədri Ağəli Kərimlinin sözlərinə görə, rayon əhalisi birmənalı olaraq Yeni Azərbaycan Partiyasının Sədri, möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı siyasəti dəstəkləyir. Ümumiyyətlə, Kürdəmir rayonun əhalisi hər zaman Ulu öndərimiz Heydər Əliyev siyasi xəttinə sədaqəti ilə seçiliblər. A.Kərimli qeyd etdi ki, Yeni Azərbaycan Partiyası hər zaman Kürdəmir rayonunun aparıcı siyasi qüvvəsi kimi qüdrətini saxlayacaq. Çünki bu partiya Ümummilli liderimiz Heydər Əliyev ideyalarının daşıyıcısıdır.

 

 

Pərviz SADAYOĞLU

 

Yeni Azərbaycan.- 2011.- 9 sentyabr.- S. 5.