Azərbaycan ötən 20 ildə böyük inkişaf yolu keçib

 

Məlahət İbrahimqızı: Bu gün 20 illik müstəqilliyini qeyd edən Azərbaycan dövləti gələcəkdə daha böyük uğurlara imza atacaq

 

Müsahibimiz Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızıdır:

 

Müstəqillik Azərbaycana böyük qanlar bahasına başa gəldi

 

İlk olaraq söhbətimizə Azərbaycanın müstəqilliyinə gedən yolun çətinliyindən, ancaq buna baxmayaraq xalqımızın şərəfli mübarizə tarixindən başlayan Məlahət İbrahimqızı o zaman SSRİ-nin süqutunun tarixi zərurət olduğunu bildirib. Onun sözlərinə görə, 1991-ci ildə SSRİ-nin dağılmasının ardından digər müttəfiq respublikalar kimi Azərbaycan da öz dövlət müstəqilliyini elan etmişdi:

- Amma bu müstəqillik Azərbaycan üçün digər respublikalardan fərqli olaraq çox böyük qanlar bahasına başa gəlmişdi. Həmin dövrün siyasi mənzərəsinə nəzər saldıqda xüsusi olaraq qeyd etmək lazımdır ki, o dövrlərdə Azərbaycanda baş vermiş 20 Yanvar faciəsi, o cümlədən, keçmiş Sovet İmperiyasının varisi Rusiyanın himayədarlığı ilə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və Ermənistanda yaşayan azərbaycanlıların öz ata-baba yurdlarından deportasiyası ölkəmizdə olduqca gərgin bir situasiya yaratmışdı. Bütün bu acılarla yanaşı, Azərbaycan xalqı həm də bir siyasi sınaqla üz-üzə durmuşdu. Bu cür çətin bir zamanda səriştəsiz və təsadüfi insanların hakimiyyətə yiyələnməsi xalqı və dövləti daha ağır imtahanlara sürükləməkdə davam edirdi. Belə bir xaotik vəziyyətdə Azərbaycan xalqı ard-arda zərbələr alırdı. Xocalı soyqırımı, Dağlıq Qarabağda gedən qanlı savaş, bununla paralel olaraq Bakıda o zaman hakimiyyətdə olan qüvvələrin və hakimiyyətə yiyələnməyə çalışanların kürsü savaşı ölkəni uçurumun kənarına gətirib çıxarmışdı.

Bir sözlə, Azərbaycanın müstəqilliyinin ilk illərində cəmiyyətdə xaos, qarşıdurma hökm sürürdü. Bir tərəfdən o dövrkü hakimiyyətin qətiyyətsiz və qeyri-peşəkar siyasəti nəticəsində torpaqlarımız işğal olunur, erməni vəhşiliyinin qarşısı alınmırdı. Bu da xalq tərəfindən ciddi etirazla qarşılanırdı və o zamankı hakimiyyətə qarşı etimadsızlıq yaranmışdı. Digər tərəfdən, xalqın bu etiraz dalğasından o vaxtkı müxalifət öz məqsədləri üçün yararlanmağa çalışırdı. Tezliklə də bu qüvvələr vəziyyətdən istifadə edərək hakimiyyətə gəldilər.

Millət vəkilinin fikrincə, 1991-92-ci illərdə Milli Ordumuzun olmamasından istifadə edərək, fərdi surətdə özbaşına qanunsuz silahlı dəstə toplayaraq siyasi hakimiyyətə gəlməyə çalışan qüvvələr xalqı vətəndaş müharibəsinə sürükləyirdilər. Əlbəttə, sovetlər birliyi dağılsa da imperialist qüvvələr regionda öz maraqlarını hər vəchlə təmin etməyə çalışırdılar. Belə bir vəziyyətdə xalq əliyalın öz torpaqlarını müdafiə etmək üçün ayağa qalxmışdı. M.İbrahimqızı qeyd edib ki, hakimiyyətdəki qeyri-peşəkar, tam səriştəsiz və dövlət idarəçiliyindən xəbəri olmayan insanlar o dövrün vəziyyətini qiymətləndirə bilmədiklərindən düşmən hücumlarının qarşısını almaq üçün heç bir tədbir görülmürdü. Çünki biz təkcə ermənilərlə deyil, Sovet ordusunun sələfləri ilə silahlı qüvvələrlə qarşı-qarşıya dayanmışdıq:

- 1992-ci ilin mayında hakimiyyətə yiyələnən AXC-Müsavat cütlüyünün zamanında isə hakimiyyət savaşı daha da yüksək səviyyədə vüsət aldı. Həmin zamanlarda hakimiyyətdə olan insanlar özləri fərdi surətdə hərbi dəstələr yaradırdılar və bu hərbi qruplar vasitəsilə də siyasi hakimiyyət mübarizəsində önə çıxmağa çalışırdılar. Xalqın iradəsi, arzusu, istəyi və ən əsası Azərbaycanın suverenliyi məsələsi o zamankı hakimiyyət nümayəndələri üçün önəm daşımırdı.

 

Ümid yalnız Ulu öndər Heydər Əliyevə idi

 

Belə bir məqamda yalnız bir çıxış yolu olduğunu deyən M.İbrahimqızının sözlərinə görə, bu çıxış yolu görkəmli siyasi və dövlət xadimi, Naxçıvan Muxtar Respublikasının Ali Məclisin Sədri, Yeni Azərbaycan Partiyasının Sədri Heydər Əliyevin Bakıya dəvət olunmasından ibarət idi. Millət vəkili qeyd edib ki, Azərbaycan dövlətçiliyinin yaşamasını istəyən, ölkənin separatçı rejimlər tərəfindən bölüşdürülməsini sakit şəkildə izləyə bilməyən ziyalılar Ulu öndər Heydər Əliyevə müraciət etdilər:

- Azərbaycan ziyalıları, o cümlədən, sadə insanlar Ümummilli liderə müraciətlər edirdilər, ölkədə yaranan siyasi gərginliyin aradan qaldırılması üçün Heydər Əliyevin hakimiyyətə gəlməsinin vacibliyini qeyd edirdilər. Amma həmin dövrdə Naxçıvan blokadada idi və məhz Ulu öndərin siyasi qüdrəti və böyük zəkası sayəsində bu bölgə özünü layiqincə qorudu. Təbii ki, Naxçıvanla yanaşı Ulu öndər Heydər Əliyev Azərbaycanın xilası yollarını axtarırdı. Heydər Əliyev görürdü ki, ölkə vətəndaş müharibəsi ərəfəsindədir və cənubda, şimalda separatçı qüvvələr başqa xarici qüvvələrin təhriki ilə Azərbaycanda bölücülük siyasəti həyata keçirirlər.

Azərbaycan xalqının böyük oğlu 1993-cü il iyunun 9-da Bakıya döndü. Bu dönüş xalqın istəyi, tarixin zərurəti idi. Bu qayıdış insanların qəlbinə bir inam və rahatlıq toxumu səpdi, ölkənin xilas olduğuna inamı artırdı.

Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra qısa müddət ərzində ölkədə sabitliyi bərpa etdi, separatçı qüvvələri zərərsizləşdirdi, 1994, 1995-ci illərdə dövlət çevrilişi cəhdlərinin qarşısını qətiyyətlə aldı. Məhz bu mərhələdən sonra xalqımız sakit həyat tərzi sürməyə başladı. Əlbəttə ki, bunun kökündə Ümummilli liderimiz tərəfindən müəyyənləşdirilmiş milli birlik və həmrəylik konsepsiyası dayanırdı. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası nəinki azərbaycanlıları, ölkəmizdə yaşayan bütün xalqları, dünyada yaşayan soydaşlarımızı vahid ideya ətrafında birləşdirdi.

M.İbrahimqızı hesab edir ki, müstəqilliyimizin bərpa olunduğu 20 il ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizin inkişaf strategiyasının Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirildiyini deyən millət vəkili Azərbaycanda Heydər Əliyev siyasətinin alternativinin olmadığını vurğulayıb. Onun sözlərinə görə, bu gün Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, müasirləşən, modernləşən dövlətə çevrilib:

- Həqiqətən də, Azərbaycan ötən 20 il ərzində böyük bir yol keçib. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu inkişaf konsepsiyaları Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu tək Azərbaycan vətəndaşları təsdiq etmir, bu faktı bütün dünya təsdiq edir. Azərbaycana səfər edən hər bir şəxs ölkəmizdə gedən inkişafdan heyran qalır. Hətta bir sıra beynəlxalq ekspertlər ölkəmizdə təkcə yoxsulluğun səviyyəsinin son illərdə azalması faktoruna söykənərək Azərbaycanı inkişaf etməkdə olan yox, inkişaf etmiş ölkələrin sırasına daxil edirlər. Ölkəmizdə gedən inkişaf həm geniş spektrlidir, həm də bütün regionları əhatə edir. Bu da çox önəmli bir amildir. Yəni, inkişaf tək paytaxtla məhdudlaşmır. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan qanunlar olduqca böyük əhəmiyyətə malikdir. Əlbəttə ki, bütün bu nailiyyətlərin əsasında Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır.

 

Qısa müddətdə Azərbaycan hüquqi-demokratik dövlət quruculuğu istiqamətində ciddi nailiyyətlər əldə edib

 

YAP Siyasi Şurasının üzvü bildirib ki, ötən 20 ildə əldə olunan ən böyük nailiyyətlərdən biri də 1995-ci ildə qəbul edilmiş Konstitusiya ilə Azərbaycanda hüquqi dövlət quruculuğunun daha təkmil mərhələyə qədəm qoymasıdır. Onun sözlərinə görə, 1995-ci ildə müstəqil Azərbaycanın ilk parlamentinə keçirilən seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar yaratdı. Bu, dövlətin gələcək inkişaf prioritetlərini müəyyənləşdirmək və həyata keçirmək yolunda əsas istinad mənbəyi rolunu oynadı. Bununla da, Azərbaycanın dünya dövlətləri sırasında özünəlayiq yer tutması, beynəlxalq münasibətlərin tam hüquqlu subyektinə çevrilməsi istiqamətində fəaliyyətin əsasları qoyuldu.

Ötən 20 il ərzində iqtisadi sferada da çox böyük nailiyyətlərin əldə olunduğunu xatırladan həmsöhbətimiz bildirib ki, həyata keçirilən mütərəqqi islahatlar nəticəsində ölkəmizin büdcəsi on dəfələrlə yüksəlib. Bu gün Azərbaycanın dövlət büdcəsi 20 milyard dollar həcmindədir. Millət vəkilinin fikrincə, ölkəmizdə vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin nəticəsidir ki, Azərbaycan bu gün nəinki bölgədə, bəlkə də daha böyük bir coğrafiyada təqaüdlərlə bağlı ən uğurlu islahatları həyata keçirən dövlətdir.

M.İbrahimqızı Azərbaycanda bir çox sosial-humanitar layihələrin həyata keçirilməsində Heydər Əliyev Fondunun fəaliyyətini də xüsusi qeyd edib. Onun sözlərinə görə, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsləri nəticəsində təhsil, səhiyyə sahələrində önəmli layihələr həyata keçirilib. Eləcə də, milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində önəmli layihələr həyata keçirir. Onun beynəlxalq səviyyəli həyata keçirdiyi layihələr Azərbaycan qadınının əzəmətinin və insanlığa verdiyi töhfələrdən xəbər verir.

 

Müstəqillik tariximizin önəmli hadisələrindən biri YAP-ın yaradılmasıdır

 

M.İbrahimqızı qeyd edib ki, 20 illik müstəqillik tariximizdə ölkəmizin siyasi spektri də kifayət qədər zənginləşib. Onun fikrincə, siyasi həyatımızda mühüm yer tutan siyasi qurum isə birmənalı şəkildə Yeni Azərbaycan Partiyasıdır:

- Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası həqiqətən də son 20 illik tariximizin şanlı səhifələrindəndir. Ümummilli liderimizin 1993-cü ilin iyun ayında ümumxalq tələbi nəticəsində siyasi hakimiyyətə qayıdışı ilə YAP-ın inkişafında yeni mərhələ başladı. Həmin dövrdə YAP-ın qarşısında bir tərəfdən iqtidar partiyası kimi cəmiyyətin siyasi sistemində özünün aparıcı mövqeyini təsdiq etmək, digər tərəfdən isə müstəqil dövlət quruculuğu proseslərində yaxından iştirak etmək vəzifəsi dayanırdı. Və YAP bu missiyanı olduqca yüksək səviyyədə, şərəflə yerinə yetirə bildi. Bu gün öz sıralarında 540 mindən artıq üzvü birləşdirən YAP, Ümummilli liderin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə öz aparıcı rolunu günü-gündən möhkəmləndirməkdədir. Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyamız yeni inkişaf mərhələsini yaşayır və Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsinə çevrilib. Müstəqil Azərbaycan tarixində keçirilən seçkilərdə hər zaman böyük qələbələr qazanan Yeni Azərbaycan Partiyası öz uğurlarını xalqla olan vəhdətindən əldə edir. Yeni Azərbaycan Partiyasının ən böyük özəlliyi hər zaman ümumxalq mövqeyindən çıxış etməsidir. Bəzi siyasi təşkilatlar yalnız seçkidən seçkiyə fəallaşsa da, YAP bütün zamanlarda ictimai prosesin önündə yer alır. Bu da seçicilərin partiyamıza olan inamının artmasına səbəb olan amillərdəndir. Mən deyərdim ki, YAP elə Azərbaycan dövləti ilə paralel fəaliyyət göstərib, inkişaf edib. O baxımdan çağdaş dövlətçilik tariximizdə əldə olunan bütün nailiyyətləri həm də Yeni Azərbaycan Partiyasının nailiyyətləri kimi qeyd etmək mümkündür. Mən Yeni Azərbaycan Partiyasının üzvü kimi təmsil olunduğum siyasi partiyanın ölkəmizin inkişafındakı rolu ilə fəxr edirəm. Partiyamızın gücü tək üzvlərimizin sayında deyil, həm də xalqımızın bu partiyaya sevgisində, inamındadır. Partiyamızın sıralarında Azərbaycanın ən aparıcı intellektual və zəka sahibi olan insanları təmsil olunurlar. Təbii ki, belə bir partiyanın iqtidarda olması xalqımıza, dövlətimizə yalnız uğur gətirir.

 

Azərbaycan hər bir xalqın, hər bir millətin nümayəndəsinin bərabər hüquqlu, təhlükəsiz və əmin-amanlıq şəraitində yaşadığı bir ölkədir

 

Azərbaycan Respublikasında yaşayan hər bir vətəndaşın milliyyətindən, dinindən, dilindən, irqindən asılı olmayaraq bərabərhüquqlu olduğunu deyən M.İbrahimqızı qeyd edib ki, Azərbaycan tarixən müxtəlif dini, irqi, milləti təmsil edən xalqların birgə yaşadığı, sabitliyin hökm sürdüyü ölkə olub. Baxmayaraq ki, ölkə əhalisinin əsas hissəsi İslam dininə sitayiş edir, ölkəmizdə digər dini qruplara, onların öz qayda - qanunlarının yerinə yetirilməsində heç bir problem yoxdur:

- Hətta, dövlətin qəbul etdiyi qərar və qanunlarda digər dinlərə aid xalqların yaratdıqları birliklərin fəaliyyəti üçün münbit zəmin yaradılıb, onların qeydiyyatı proseduru kifayət qədər sadələşdirilib. Ölkəmizin ən ali qanunu olan Azərbaycan Respublikasının Konstitusiyasında insanların vicdan azadlığı təsbit edilib. Belə ki, Ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu ilk milli Konstitusiyamızda dinindən, dilindən asılı olmayaraq bütün vətəndaşların qanun qarşısında bərabərliyinin təsbit olunması Azərbaycandakı tolerantlığın bariz sübutu idi. O da bir faktdır ki, bu gün beynəlxalq ictimaiyyət də ölkəmizdə uzun əsrlər boyu mövcud olan tolerantlığı yüksək qiymətləndirir. Azərbaycanda müxtəlif mədəniyyətlər arasında mövcud tolerantlıq bütün dünya üçün örnək ola biləcək səviyyədədir.

Ümumiyyətlə, həmsöhbətimiz hesab edir ki, bu gün 20 illik müstəqilliyini qeyd edən Azərbaycan dövləti gələcəkdə daha böyük uğurlara imza atacaq.

 

 

Nardar BAYRAMLI

 

Yeni Azərbaycan.-2011.- 10 sentyabr.- S.5.