Salyan rayonu yeni inkişaf və quruculuq mərhələsini yaşayır

 

Rayonda geniş abadlıq işləri aparılır, yeni müəssisələr tikilir

 

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət kursu Azərbaycanı nəinki regionun liderinə, eyni zamanda, dünyanın ən yüksək sürətlə inkişaf edən dövlətinə çevirib. Bu uğurlu siyasətin nəticəsidir ki, hazırda Azərbaycanın bütün guşələrində böyük tərəqqi hiss edilməkdədir. Prezident İlham Əliyevin imzaladığı regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramları Azərbaycanın inkişafına böyük təkan verib. Bundan başqa, dövlət başçısının səfər etdiyi hər bir şəhər və rayonda yerli strukturların rəhbərlərinə sosial-iqtisadi inkişafa nail olmaq üçün verdiyi xüsusi tapşırıqlar da diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqində dövlət başçısının dərin məzmunlu və proqram xarakterli tövsiyələri, sosial-iqtisadi inkişafla bağlı söylənilən faktlar və rəqəmlər belə bir fikri bir daha təsdiq edir ki, Azərbaycan nəinki regionda, hətta bütün dünyada aparıcı ölkə, Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının hesabatlarına əsasən isə bir nömrəli islahatçı ölkə kimi tanınıb. Dünyada baş verən maliyyə və iqtisadi böhrana baxmayaraq, Azərbaycan yüksək makroiqtisadi göstəricilərini qorumaqdadır. Bu inkişaf özünü rayonlarımızın həyatında baş verən müsbət dəyişikliklərdə də göstərir. Son illərdə böyük inkişaf yolu keçən rayonlarımızdan biri də Salyan rayonudur.

 

Rayon üzrə iqtisadi göstəricilər artıb...

 

Salyan rayonunda 2011-ci ilin birinci yarısı üzrə sosial-iqtisadi göstəricilər artıb, məhsul buraxılışının həcmi 73 milyon 696 min manat olub. Müvafiq dövrə nisbətən sənaye məhsulunun ümumi həcmi 8,5 faiz, pərakəndə ticarət dövriyyəsi 12,1 faiz, əhaliyə göstərilən pullu xidmət 17,6 faiz, kənd təsərrüfatı məhsullarının  həcmi 5,3 faiz, rabitə işlərinin həcmi 15,8 faiz, əsas kapitala yönəldilən investisiyanın həcmi 10,9 dəfə artaraq 41 milyon 118 min manata çatıb. Bir nəfərə düşən orta aylıq əməkhaqqı 192 manat, ümumi məhsul buraxılışının  həcmi 587 manatdır.

Rayon əhalisinin sosial problemlərinin həll edilməsi daim rayon İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanılır. Belə ki, “Ünvanlı sosial yardım haqqında” Qanunun icrası ilə əlaqədar 2600 ailənin 11180 nəfər üzvü sosial yardım alır. Bir nəfər ailəyə düşən sosial yardımın orta məbləği 100 manatdır və hazırda 5077 nəfərə sosial müavinət ödənilir.

Cari ilin birinci yarısında rayonun yerli büdcəsinin gəlirləri 2 milyon 694 min manata qarşı, 3 milyon 460 min manat, yəni, 128,5 faiz yerinə yetirilib. Büdcənin xərclər hissəsi isə ümumilikdə 9 milyon 408 min manata qarşı, 8 milyon 967 min manat, yəni, 95,5 faiz icra edilib, dövlət büdcəsindən yerli xərclərə ayrılan vəsait   6 milyon 197 min manata qarşı 7 milyon 522 min manat olub. 2011-ci ilin rayon büdcəsi üzrə faktiki daxil olan vəsaitdən məqsədyönlü istifadə edilməklə, təşkilatlardan daxil olan xərc sifarişləri öz maliyyə təminatını tapıb, əməkhaqqı, pensiya və müavinətlər tam ödənilib.

Rayonda yeni iş yerlərinin yaradılması, eləcə də, işaxtaran və işsiz vətəndaşların, xüsusilə sosial müdafiəyə daha çox ehtiyacı olan insanların məşğulluğunun təmin edilməsi işi rayon İcra Hakimiyyəti tərəfindən daim nəzarətdə saxlanılır. Bu ilin birinci yarısında əhalinin işlə təmin olunması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəticəsində 751 yeni iş yeri yaradılıb ki, bunun da 303-ü daimidir.

Əhaliyə və idarə təşkilatlara rabitə xidmətinin həcminin və keyfiyyətinin yaxşılaşdırılması məqsədilə rayon mərkəzində 5000 nömrəlik ATSKU tipli stansiya 4500 nömrəlik NGN tipli EATS-lə əvəz edilib. Rayonda istifadəyə verilmiş 6068 NN tutumlu NGN tipli EATS üzərindən 968 abunəçiyə geniş zolaqlı internet və digər multimedia xidmətlərinin göstərilməsinə başlanılıb. Rayonun Dəmiryol qəsəbəsində, Arbatan, Aşağı Kürkənd, Kürqaraqaşlı kəndlərində internet klublar yaradılıb.

 

Salyanda geniş tikinti-quruculuq işlərinə start verilib...

 

Bu ilin birinci yarısında rayonda tikinti-quruculuq və abadlıq işləri geniş vüsət alıb. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 16 mənzilli yaşayış binası, 8 saylı Ərazi  Dövlət Nəzarəti idarəsinin inzibati binası, Abadkənd və Parça Xələc kəndlərində yeni poçt şöbəsi tikilib istifadəyə verilib. Yararsız vəziyyətə düşmüş XIX əsrin tarixi abidəsi olan Cümə məscidində təmir-bərpa işləri başa çatdırılıb. Hazırda Heydər Əliyev Fondunun dəstəyi ilə Uşaqların Texniki  Yaradıcılıq  Mərkəzi və Uşaq Kitabxanası üçün yeni  binanın tikintisində son tamamlama işləri aparılır. Fövqəladə Hallar Nazirliyinin xətti ilə Kür çayının daşqını zamanı ziyan çəkmiş ailələr üçün əlavə olaraq şəhər ərazisində 59, Qaraçala qəsəbəsində, Çuxanlı, Kərimbəyli və Qarabağlı kəndlərində 11 evin tikintisi davam etdirilir.  Şəhərin Ə.Qasımzadə küçəsində yerləşən “Kür” mehmanxanasında, Y.Qasımov küçəsində yerləşən  Muğan” şadlıq evində son tamamlama işləri aparılır və Salyan Olimpiya İdman Kompleksinin stadionunda təmir işləri aparılır.

Bundan başqa, Salyan şəhərinin giriş hissəsindən başlayaraq Ələt-Astara yolunun şəhər ərazisindən keçən hissəsində, Dövlət Bayrağı meydanında, Y.Qasımov, X.R.Ulutürk, T.Xəlilbəyli, Heydər Əliyev və Nizami küçələrində genişmiqyaslı quruculuq-abadlıq işləri aparılır. Eni 8 metr, hündürlüyü 11 metr olan “Salyan şəhəri” göstəricisi klassik memarlıq üslubunda tikilib, hazırda son tamamlama işləri aparılır. 2034 metr uzunluqda istinad divarı tikilib və 3254 kv.m. “Gülbaxt” lay daşı ilə üzlənib. Şəhərin Dövlət Bayrağı meydanında, “Heydər bulağı”, “20 yanvar” abidə kompleksində, “31 mart - dünya azərbaycanlılarının soyqırımı” abidə kompleksində, “1941-45-ci il Böyük Vətən müharibəsi” abidə komplekslərinin ətrafında ümumilikdə 1811 kv.m. “Gülbaxt” lay daşı ilə üzlənib. Bundan başqa, şəhərdə mağazaların və digər sosial obyektlərin fasadları 24076 kv.m, o cümlədən, Y.Qasımov, X.R.Ulutürk, T.Xəlilbəyli küçələrində yerləşən binaların fasadları ağ lay daşı ilə üzlənib. T.Xəlilbəyli küçəsi 109, 111, 113, 115, 164, 146 saylı ikimərtəbəli kommunal evlərin fasadlarında yenidənqurma işləri aparılıb. Həmin küçələrdə 40-a qədər fərdi evlərin fasadları və hasarları yenidən qurulub, milli ornamentlə lay daşı ilə üzlənilir. Şəhər küçələrinə 5,8 km uzunluğunda asfalt basılıb. Hazırda şəhərin bütün bina və küçələrində işıqlandırma sistemi əsaslı surətdə yenidən qurulur.

Rayonun təhsil müəssisələrində də müəyyən işlər aparılır. Düzənlik kəndində 180 şagird yerlik yeni məktəb binasının tikintisinə başlanıb, 480 şagird yerlik Qarabağlı kənd tam orta məktəbi binasının tikintisi üçün torpaq sahəsi ayrılıb, aidiyyəti təşkilatlardan rəy və texniki şərtlər alınıb, Təhsil Nazirliyinə göndərilib. Boranıkənd və Yolüstü kənd orta məktəbləri üçün torpaqayırma sənədləri hazırlanıb.

 

Elektrik və qaz təchizatı müasirləşdirilir...

 

Rayonun elektrik təhcizatında müəyyən işlər görülüb. Rayonda 20 ədəd 110/35 kV-luq və 215 ədəd 10/6/0,4 kv-luk müxtəlif gücdə güc transfarmatorları əsaslı təmir edilib,  387 ədəd 10/6/0,4 kv-luk yarımstansiyada cari təmir işləri aparılıb. 7,1 km uzunluğunda yararsız naqillər dəyişdirilib. Arbatan, ParçaXələc, Yolüstü, Varlı, Kürsəngi kəndlərində ümumilikdə 1456 ədəd sayğac quraşdırılıb. Şəhərin “SİP” kabelə keçməsi ilə əlaqədar 431 ədəd ağac dirək, 290 ədəd dəmir və beton, Arbatan kəndində “SİP” kabellə əlaqədar 380 ədəd dayaq basdırılıb, 15040 metr SİP kabel çəkilib, 466 ədəd smart kart tipli sayğac quraşdırılıb. Hazırda şəhər ərazisində beton dirəklərin daha müasir metal dirəklərlə əvəz edilməsi və smart tipli sayğaclar quraşdırılması işinə başlanıb.

Salyan şəhərinin və rayonun kənd yaşayış məntəqələrinin qaz təchizatının yaxşılaşdırılması məqsədilə 1512 m uzunluğunda yeni qaz kəməri çəkilib. Şəhər ərazisində 800 m uzunluğunda diametri 200 mm olan polietilen yeraltı qaz kəməri çəkilərək şəbəkəyə qoşulub. Həyətlərdə olan qaz xətləri və sayğaclar həyətlərdən kənara çıxarılıb. Sənayecihaz markalı qaz sayğacları yeni temperatura korrektə olunmuş qaz sayğacları ilə əvəz edilib. Pambıqkənd kəndində 170 ədəd və Bəşirbəyli kəndində 112 ədəd sayğac quraşdırılıb. Yolüstü kəndi üzrə ümumi uzunluğu 29028 m olan daşıyıcı və kənddaxili qaz kəmərləri birpilləli, polietilen borularla çəkilib, 383 ədəd sayğac quraşdırılıb və hazırda sayğaclaşma işləri davam etdirilir.

 

İçməli su problemi aradan qaldırılır...

 

Rayonda içməli su təchizatı və kanalizasiya xidmətinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Şəhərin sutəmizləyici stansiyasında  nasoslar, Kürüstü nasosxanada elektrik mühərriki və 350 m daxili su xətti təmir edilib. Plasmas yaşayış massivində yeni tikilən yaşayış evləri üçün 1100 m mərkəzi, 1500 m daxili su xətti çəkilib. Azərbaycan və Yaponiya hökumətləri arasında “Kiçik şəhərlərin su təchizatının və kanalizasiya sisteminin təkmilləşdirilməsi” çərçivəsində 68 milyon manatlıq Salyan şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması nəzərdə tutulub. Qeyd etmək lazımdır ki, Salyan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin həyata keçirilməsi 2012-ci ilə planlaşdırılıb.

Rayonda heyvandarlığın inkişafı və ərzaq təminatı yüksək səviyyədədir...

“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”nın (2009-2013-ci illər) və “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası ilə əlaqədar aqrar sahədə rayonda bir sıra tədbirlər həyata keçirilib. 2010-cu ilin payızında 2011-ci ilin məhsulu üçün 16531 hektar sahədə taxıl əkini aparılıb ki, bunun da 6335 hektarı buğda, 10196 hektarı isə arpa əkin sahələri təşkil edir. Rayonda  hər hektardan məhsuldarlıq 30,5 sentner olmaqla 43398 ton taxıl istehsal olunub. Rayonun  təsərrüfatlarında 9525 hektar sahədə yazlıq əkinlər aparılıb ki, bunun da 284 hektarını qarğıdalı, 308 hektarını  yazlıq arpa, 1269 hektarını pambıq, 182 hektarını günəbaxan, 4222,0 hektarını təzə yonca, 200 hektarını silosluq qarğıdalı,  449 hektarını kartof,  1420 hektarını tərəvəz, 1267 hektarını bostan əkin sahələri təşkil edir. Ümumilikdə rayonda cəmi əkinlər 43065,0 hektar təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 min hektar çoxdur.

2011-ci ilin I yarısında rayonda iribuynuzlu heyvanların baş sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz artaraq 61104 olub,  ana inəklərin baş sayı 32636, qoyun və keçilərin baş sayı 180625 baş olub. 2011-ci ilin ilk altı ayı üzrə rayonda ət istehsalı 4075,3 ton, süd istehsalı 20883 ton, yumurta istehsalı 13300 min ədəd, yun istehsalı 325,3 ton təşkil edib. Qeyd etmək lazımdır ki, 2011-ci ilin ilk yarısında rayonda 15 süni mayalama məntəqəsi tərəfindən 1072 inək və düyələrdə süni mayalama işləri aparmaqla, 481 sağlam buzov alınıb. 2011-ci ilin I yarısında rayonda  39 milyon 344 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 997  min manat və ya 5,3 faiz  çoxdur.

Bu ilin altı ayında rayonda kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi verilməsi işi davam etdirilib. “Buğda və çəltik istehsalçılarının maddi marağının artırılması və buğda və çəltik  istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi Qaydaları”na uyğun olaraq 17 kənd ərazi komissiyası üzrə 1594 istehsalçıya becərdikləri 5184,34  ha buğda sahəsinə görə 207373 manat yardım ayrılması barədə qərar qəbul edilib. “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi Qaydaları”na müvafiq olaraq 11232 nəfər kənd təsərrüfatı məhsulları istehsalçılarına əkib becərdikləri  32947,51 ha əkin sahələrinə görə 1 milyon 317 min 900 manat subsidiya ərazi komissiyaları və rayon komissiyası tərəfindən hesablanaraq sənədləşdirilib, tərtib olunmuş sənədlər Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun olaraq  Respublika Komissiyasına təqdim edilib.

2011-ci ilin I yarısında kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştli şərtlərlə “Aqrolizinq” ASC-nin Salyan filialı və “Aqrokimya” MMC tərəfindən 1100 ton mineral gübrələr (azot və fosfor) satılıb.

 

Yeni müəssisələr tikilib istifadəyə verilir...

 

Rayonda qeyri-neft sektorunun, o cümlədən, kənd təsərrüfatının inkişaf etdirilməsi, yeni istehsal sahələrinin yaradılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Hazırda Salyanda Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun kreditləri və sahibkarların vəsaiti hesabına yeni istehsal və emal sənayesi sahələrinin yaradılması istiqamətində işlər aparılır. Belə ki, hazırda Çuxanlı kəndi ərazisində “Şəfa” Quşçuluq ASC-nin istehsal gücü 450 min ədəd yumurta olan inkubator sexinin tikitisi davam etdirilir. Rayonun Qaraçala qəsəbəsi ərazisində fəaliyyət göstərən “Hacı-Camalxan” kəndli fermer təsərrüfatı tərəfindən 10 min tonluq taxıl anbarının tikintisi başa çatdırılıb, 2400 başlıq beynəlxalq standartlara uyğun süd-əmtəə kompleksinin tikintisi davam etdirilir.  “Ələddin Fermer” MMC tərəfindən illik istehsal  gücü 580 ton olan meyvə qurutma sexinin tikintisinə başlanılıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 2008-ci il tarixli 226 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət vəsaiti hesabına idxal olunan damazlıq heyvanların 50 faiz güzəştlə lizinq yolu ilə heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına satılması Qaydaları”na əsasən “Nurgün” Aqro şirkətinin Salyan filialına Avstriyadan lizinq yolu ilə gətirilmiş 62  cins düyədən 58-dən sağlam bala alınıb.

Rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi üçün torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması, kənd təsərrüfatı bitkilərinin suvarma suyu ilə vaxtında təmin edilməsi mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə rayon ərazisində torpaq sahələrinin su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə 233 km kollektor dren şəbəkəsi, 346 km suvarma kanalları lildən təmizlənib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi Azərbaycan Respublikasında Bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya Fəaliyyət Proqramının icrası ilə əlaqədar rayonda bir sıra tədbirlər həyata keçirilib. Rayon ərazisində olan biomüxtəliflikləri qoruyub saxlamaq üçün yaşayış yerlərinin ətrafında, park və xiyabanlarda yaşıllıqların salınmasına xüsusi diqqət yetirilib. 2011-ci ilin I yarısında rayon ərazisində 15 min 800  ədəd ağac və gül kolları əkilib, onlara aqrotexniki qaydalara uyğun qulluq göstərilməsinə, qorunub saxlanılmasına qayğı göstərilib. Əkilən ağacların əksər hissəsini həmişəyaşıl ağaclar (eldar şamı, sərv, küknar) təşkil edib.

Salyanlılar Ulu öndər Heydər Əliyev ideyalarına və Yeni Azərbaycan Partiyasına sadiqdirlər

Salyan rayonu hər zaman siyasi fəallığı ilə seçilib və Ümummilli liderimiz Heydər Əliyev ideyalarına bağlılıq nümayiş etdirib. YAP Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov bildirib ki, rayonun əsas aparıcı siyasi qüvvəsi Yeni Azərbaycan Partiyasıdır. YAP Salyan rayon təşkilatı 1993-cü ildə yaranıb. Yaranan zaman 227 üzvü, 24 ilk partiya təşkilatından ibarət olan YAP rayon təşkitlatında hazırda 91 ərazi ilk partiya təşkilatı fəaliyyət göstərir. R.Cəbrayılovun sözlərinə görə, YAP Salyan rayon təşkilatının 6212 üzvü var. Bu üzvlərin 2532 nəfərini qadınlar, 2501 nəfərini isə gənclər təşkil edir. Bu ilin ilk yarısında rayon təşkilatına 731 nəfər üzv qəbul olunub. YAP rayon təşkilatının sədri vurğulayıb ki,  bütün Salyan ictimaiyyəti Ulu öndər Heydər Əliyev kursunun davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da inkişaf edəcəyinə inanır.

 

 

Pərviz SADAYOĞLU

 

Yeni Azərbaycan.- 2011.- 14 sentyabr.- S. 5.