İmperiyanın süqutu həm zərurət, həm də məntiqi nəticə idi

 

Yusif Məmmədov: Ümummilli liderimizin Azərbaycan dövlətçiliyi qarşısında ən böyük xidmətlərindən biri də şübhəsiz ki, Prezident İlham Əliyev kimi böyük bir siyasətçi yetişdirməsi idi

 

Məlum olduğu kimi, bu il Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsinin 20-ci ildönümü tamam olur. Prezident İlham Əliyevin Sərəncamına əsasən, bununla bağlı dövlət səviyyəsində müxtəlif tədbirlər həyata keçiriləcək. “Yeni Azərbaycan” qəzeti olaraq, biz də müstəqilliyimizin ildönümü ilə əlaqədar bir sıra layihələr icra etməkdəyik. Bu istiqamətdə həyata keçirdiyimiz rubrikalarımızdan biri isə “Bu mənim mövqeyimdir” adlanır. Bu rubrikada Azərbaycanın görkəmli elm adamlarının, cəmiyyətdə nüfuzu olan ictimai, siyasi xadimlərin dövlətimizin müstəqillik tarixi, inkişaf yolu ilə bağlı fikirlərini dərc edir, bu şərəfli tarixi fərqli rakurslardan dəyərləndirməyə çalışırıq. Rubrikamızın növbəti qonağı isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Yusif Məmmədovdur.

 

- 20 il öncə dünyada böyük tarixi əhəmiyyət daşıyan bir hadisə baş verdi və SSRİ kimi böyük bir imperiya süquta uğradı. İmperiyanın süqutunu necə izah edirsiniz, bu tarixi zərurət idi, yoxsa, imperiya tərkibində yaşayan respublikaların bu prosesdə hansısa rolu oldu? Yəni bu, tarixi hadisələrin nəticəsində baş vermiş olay idi?

- Tarixi təcrübə də sübut edir ki, bütün imperiyalar süqut edib və bu tarixi zərurətdir. Bunu da şərtləndirən səbəblər müxtəlifdir. İnsanın təbiətində azad olmaq, asılı olmamaq kimi bir tələbat var. O cümlədən, cəmiyyətlər, xalqlar da daim azad olmaq, azad yaşamaq istəyir və bunun uğrunda mübarizə aparır. Ona görə də, şübhəsiz ki, Sovet İttifaqının o dövrdə dağılması tarixi zərurət olmaqla yanaşı, bu prosesdə başqa nüanslar da müəyyən dərəcədə rol oynamışdı. Bu, təkcə 1990-cı illərin hadisəsi deyildi. Xalqlar arasında narazılıqlar, mərkəzi hakimiyyətin idarəçiliyi ilə bağlı etirazlar, gizli də olsa, uzun illər idi ki, mövcud idi. Sovet imperiyasının bu narazılıqları, etirazları boğmaq, xalqın etiraz gücü yüksək olan ziyalılarını məhv etmək yönündəki tədbirləri hamıya məlumdur. Represiya dörvündə xalq arasından çıxan müstəqil fikirləri boğmağa çalışıblar və bu məqsəd üçün ayrı-ayrı fərdləri məhv ediblər. Bu proses də davamlı ola bilməzdi və gec-tez süquta uğramalı idi. Bu, gec-tez olacaqdı. 90-cı illər olmasa da, 10 il sonra, 20 il, 50-il, 100 il sonra yenə də nəticə etibarilə müəyyən bir sonluqla tamamlanmalı idi. Qısaca, Sovet imperiyasının çökməsi tarixi zərurətin nəticəsidir. Eyni zamanda, bu, imperiyanın tərkibində olan xalqların azadlığa, öz müqəddəratına sahib olmağa yönəlmiş mübarizəsinin nəticəsi idi.

- Bəs necə oldu ki, Azərbaycan digər keçmiş Sovet respblikalarından fərqli olaraq, bu prosesi daha ağır, daha çox itki ilə başa vurdu?

- Sirr deyil ki, mərkəzi hakimiyyətin digər Sovet respublikaları ilə müqayisədə Azərbaycana münasibətində ögeylik vardı. O vaxtkı Sovet hakimiyyətində Qorbaçov açıq-aşkar ermənilərin mövqeyini müdafiə edirdi. Amma eyni zamanda, danılmaz faktdır ki, o dövrkü Azərbaycan rəhbərliyi də milli mövqelərdən çıxış etmirdi. Elə imperiyanın süqutundan sonra da ölkəmizə rəhbərlik edən qüvvələr milli mövqelərdən deyil, daha çox mərkəzə yarınmaq mövqeyindən çıxış edirdilər. Mən burada o dövrkü komandada yer alan hamını xəyanətkar adlandırmaq istəmirəm. Onların da sıralarında vətənini sevən, xalqını düşünən insanlar var idi. Lakin bu insanların da idarəçilik, dövləti qorumaq, rəhbərlik etmək təcrübəsi yox idi. Dövlətçilik təcrübəsi, dövlətçilik bacarığı olmayan idarəçilik qabiliyyəti olmayan adamlar isə böyük süquta səbəb oldu. Müstəqilliyimizi 1991-ci ildə elan etdik, əlbəttə çox əhəmiyyətli bir faktdır ki, dünya birliyi bizi bir dövlət kimi qəbul etdi və bizim dünya dövlətləri içərisində adımız oldu. Amma yenə də müstəqilliyimizin daimi olacağına inam yox idi və vətəndaşlar haqlı olaraq, belə bir pessimizm içərisində idilər. İqtisadiyyatımız yox, hərbi gücümüz yox, təhsilimizə, elmimizə, mədəniyyətimizə zərbə vurulmuşdu. Ölkədə vətəndaş müharibəsi baş qaldırırdı. Eyni zamanda, istəmədiyimiz, arzu etmədiyimiz münaqişəyə cəlb olunmuşduq, orada da ağır itkilər verirdik. Mən şahidiyəm, hətta bir çoxları deyirdi ki, belə də müstəqillik olar? Yenidən Rusiyanın tərkibinə qayıtmaqla bağlı çağırışlar edənlər də olurdu. Bəziləri isə deyirdi ki, Türkiyə ilə birləşək. Yaşlı nəslin nümayəndələri deyirdi ki, biz necə bir dövrdəyik? Vaxtilə imperiya dövrü olsa da, biz müəyyən şeylər görmüşük, təhsil ala bilmişik. İndi isə, yeniyetmələrin, gənclərin gələcəyinə şübhə ilə yanaşırıq ki, bunlar nə oxuya biləcək, hansı dövləti formalaşdıra biləcəklər, hansı dövlətləri olacaq. Baxın, belə bir vəziyyət yaranmışdı. Vətəndaş müharibəsi, səriştəsizlik, idarəçilik bacarığı olmamaq, ayrı-ayrı qüvvələrin kreslo uğrunda davası həqiqətən dövlətin sonunu yaxınlaşdırırdı. Böyük səmimiyyətlə deyirəm, şəxsən mən düşünürdüm ki, Azərbaycanın belə bir şəraitdə dövlət kimi qalması, yaşaması mümkün olmayacaq. Amma çox şükür ki, bu kimi pessimist proqnozlar özünü doğrultmadı...

- 1993-cü ilin iyunundan sonra Azərbaycanda hər şey dəyişdi. İstər siyasi, istər iqtisadi, sosial sferalarda böyük inqilabi dəyişikliklər yarandı. Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsi nə anlam daşıyırdı və bu tarixi hadisə ölkəmizdə nələri dəyişdirdi?

- Bayaq sadaladığımız məqamlar da bir daha göstərir ki, Ulu öndərin hakimiyyətə gəlişi tarixi zərurət kimi ortaya çıxmışdı. Müxalifətdə olan qüvvələr cürbəcür don geyindirməyə çalışsalar da, onlar da Heydər Əliyevin hakimiyyətə gəlməsi və hətta onların özlərini də xilas etməsi üçün yalvarırdılar. Görürdülər ki, Azərbaycan əldən gedir, yalnız Heydər Əliyev gəlib bu vəziyyəti düzəldə bilər. Doğrudan da, Ulu öndər gəldi və silahsız, müharibə etmədən, yalnız təcrübəsinə və dərin zəkasına, xalqının potensialına arxalanaraq, dövlətimizi xilas etdi. Şübhəsiz bu, bizim xalqımızın qismətinə yazılmış, Allah tərəfindən bizə töhfə verilmiş böyük bir qayıdış idi. Nə yaxşı ki, Ulu öndər Heydər Əliyev var idi və O, xalqın çağırışı ilə hətta həyatına müəyyən təhlükələrin olduğunu bilərək Bakıya qayıtdı. O, böyük imperiyaya rəhbərlik etmiş şəxslərdən biri idi və dünyada gedən prosesləri gözəl bilirdi, qüvvələr balansını dəqiq hesablayırdı. Ulu öndər Heydər Əliyev bilirdi ki, dövlətimizin uçuruma doğru getməyinin əsas səbəbi nədir, hansı qüvvələrdir, bu, daxildən və ya xaricdən hansı qüvvənin marağındadır. Niyə onların marağı bizim əleyhimizə yönəlib, niyə onlar bizə qarşı çıxış edir? Bunların hamısını hesablamaq gücü, siyasəti vardı və bu qüvvənin hansını nə cür ram etmək olar, bunu bilirdi. Tutaq ki, filan ölkə niyə bizdən narazıdır? Səbəb nədir, bunu nə cür həll etmək olar? Daxildə niyə bu proseslər baş verir? Məsələn, bir məqamı xatırlatmaq istəyirəm. Biz o vaxt MDB-dən çıxmışdıq. Ulu öndər hakimiyyətə gəldikdən sonra biz MDB-yə üzv olduq. O vaxt bəziləri tənqid edirdilər ki, biz SSR-dən ayrılmışıq və yenidən onun tərkibinə keçirik. Bunun nə demək olduğunu isə anlamırdılar. Həmin şəxslər vaxtilə, İrana, Çinə nota verirdilər, amma bu addımların Azərbaycan dövləti üçün nə təhlükə vəd etdiyini hesablaya bilmirdilər. Bu kimi addımlar Azrbaycana təzyiqlərin artmasına səbəb olurdu. Ulu öndər bu təzyiqləri də dəf etdi, qonşu dövlətlərlə dostluq münasibətlərinin yaranması üçün real addımlar atdı. Daxildəki problemləri də böyük zərgər dəqiqliyi ilə həll etdi.

Bəzi məlumatsız, savadsız adamlar deyirlər ki, dövlət idarəçiliyi, hakimiyyətdə olmaq sadə məsələlərdir. Onlar bu yükün ağrılığını dərk etmirlər. Necə ki, 90-cı illərin əvvəllərində məhz belə insanların idarəçilikdə olmasının ağrısını yaşamışıq. Bir misal çəkmək istəyirəm. Londonda böyük bir saat varmış. O saat işləməyib, dayanıb. Saatsazları çağırıblar, çox o yan-bu yan baxıb bir şey edə bilməyiblər. Sonra çağırıblar məşhur bir alimi, yarım saat fırlanıb bunun ətrafında. Bir az qulaq asıb, o yan-bu yanına baxıb, sonra deyib yaxşı bir çəkic gətirin, gətiriblər. Saatın bir yerinə çəkiclə vurub, saat başlayıb işləməyə. Ondan soruşublar ki, bu saatı düzəltməyin müqabilində bizdən nə istəyirsən? O da cavab verib ki, bir milyon funt. Deyiblər, neyləmisən ki, bir çəkic vurmusan və bir çəkicə görə kiməsə bir milyon funt verərlər? O da deyir ki, söhbət bir çəkic vurmaqdan getmir, mən beynimdə hesabladım, bunun harasına, hansı nöqtəsinə çəkic vurmaq lazımdır və o çəkic hansı qüvvə ilə vurulmalıdır? Yəni sən yüz çəkic vursaydın, o saat işləməyəcəkdi. O pulu mən hesablamama görə istəyirəm. Dahi şəxslərin də addımları kənardan bəlkə də sadə görünür, amma onun beynində hansı hesablamalar gedir, nələri bilirlər və nələri özləri yaradırlar, bu, heç də sadə məsələ deyil, çox mürəkkəb məsələdir. Ümummilli liderimiz Heydər Əliyev də elə qərar qəbul edirdi ki, fikirləşirdin ki, elə bunu mən də edərəm. Amma o qərarı qəbul edənə qədər 500 adam yığışıb fikirləşirdi ki, bu vəziyyətdən necə çıxaq, heç kimin ağlına heç nə gəlmirdi. Məsələ bax bundadır. Heydər Əliyev bizim hamımızdan daha tez və ən doğru qərarı qəbul edirdi. Ona görə də, Heydər Əliyev dahi idi, bu xalqın Lideri idi.

- Yusif müəllim, məlum olduğu kimi, 1993-cü ilə qədər Azərbaycanda bütün sahələrdə dərin böhran hökm sürürdü. O cümlədən, ideoloji cəhətdən də bir boşluq yaranmışdı. Köhnə kommunist düşüncəsi tam olaraq sıradan çıxmışdı. Yeni düşüncə tərzinin yaranması və inkişafı üçün baza qıtlığı mövcud idi. Belə bir şəraitdə Ulu öndərin atdığı addımları necə xarakterizə edərdiniz?

- 1993-cü ilin yayına kimi Azərbaycan dərin böhrana düşmüşdü. İqtisadiyyatda, siyasi həyatda nə qədər geriləmələr var idisə, bu mənfi meyillər mənəvi həyatda da özünü göstərirdi. Kommunist ideologiyasına inam yox idi. Çünki sözlə əməl arasında böyük uçurum yaranmışdı, ikili siyasət xalqın kommunist ideologiyasına inamını sarsıtmışdı. Mənəvi aşınmalar günü-gündən artırdı. Milli-mənəvi dəyərlər sanki əhəmiyyətini itirirdi. Əhali çaş-baş qalmışdı. Kimə inanmalı, nə etməli, hansı ideologiyaya yiyələnməli kimi fikirlər əhalini yormuşdu.

Belə bir şəraitdə Ulu öndər hakimiyyətə gəldi, xalqın inamını özünə qaytardı. Azərbaycançılıq ideologiyası - yeni milli ideologiya xalqın inamına, əqidəsinə çevrilməyə başlandı. Ulu öndər qeyd edirdi ki, dünya azərbaycanlıları hansı ölkədə yaşamalarından asılı olmayaraq, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, xalqımızın bu günü və gələcəyi haqqında düşünməlidirlər. Bu birliyi şərtləndirən əsas prinsip isə dövlətçilik maraqlarının qorunması, milli mənafeyin hər şeydən öndə dayanmasıdır. Milli ideologiyanın, dəyərlər sisteminin yaradıcısı olan Heydər Əliyev bu sistemin qorunub saxlanılmasına, onun gələcək nəsillərə çatdırılmasına öz töhfəsini verdi. Ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərindən danışarkən ölkəmizin bu gün əldə etdiyi siyasi və iqtisadi uğurlarla yanaşı, özünəməxsus vətəndaşlıq həmrəyliyi fəlsəfəsi olan azərbaycançılıq ideologiyası, bütün Türk dünyasının birliyi ideyası, dilimiz, milli-mənəvi, dini dəyərlərimiz, vətəndaş cəmiyyətinin formalaşması, dünya azərbaycanlılarının təşkilatlanması və s. kimi məsələlər göz önünə gəlir. Ulu öndər bütün dünya azərbaycanlılarını bir ideya - azərbaycançılıq ideyası ətrafında sıx birləşməyə çağırırdı. Onun siyasətinin fəlsəfi kökündə milli təfəkkür, milli şüur, milli düşüncə, azərbaycançılıq məfkurəsi dayanırdı. Heydər Əliyev xalqın birliyində, həmrəyliyində Azərbaycan dilinin, milli-mənəvi dəyərlərin əhəmiyyətini yüksək qiymətləndirərək deyirdi: “Xalqları dil qədər, milli-mənəvi ənənələr qədər, dəyərlər qədər birləşdirən başqa bir vasitə yoxdur. Biz bu vasitədən daim istifadə etməliyik”.

Ona görə də, bu gün tam məsuliyyətlə deyə bilirik ki, müasir Azərbaycan ideologiyasının formalaşması, həm də dünya azərbaycanlıları birliyinin güclənməsi, diasporanın formalaşması Ulu öndərin gərgin əməyinin bəhrəsidir. Bunların hər biri bu böyük insanın düşüncələrinin məhsulu idi.

- “Təhsil millətimizin gələcəyidir” deyən Ümummilli liderimiz bu sahənin inkişafı üçün hələ Azərbaycan KP MK-nın birinci katibi kimi fəaliyyət göstərdiyi 1969-82-ci illərdə böyük islahatlar həyata keçirib. 1993-cü ildə müstəqil respublikamızda hakimiyyətə gəldikdən sonra isə bu islahatları davam etdirdi. İstərdik bir elm xadimi kimi, Ulu öndərin təhsil siyasətinin üstünlüklərindən də bəhs edəsiniz.

- Birmənalı olaraq, qeyd etməliyəm ki, digər sahələrdə olduğu kimi, təhsil sahəsində də bu gün əldə olunan böyük nailiyyətlərin əsası Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Əgər, Ulu öndərin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə Onun təşəbbüsü və rəhbərliyi ilə təhsil müəssisələrinin zəngin şəbəkəsi yaranmasaydı, onların möhkəm maddi-texniki bazası qurulmasaydı, ölkədən kənarda yüksəkixtisaslı mütəxəssislər, xüsusən, milli hərbi kadrlar hazırlanmasaydı, elmi-tədqiqat institutlarında fundamental elmin inkişafı təmin olunmasaydı, Azərbaycan bu gün müasir sivilizasiyaya cavab verən böyük elmi, milli təhsil sistemi və zəngin mədəniyyəti olan ölkəyə çevrilə bilməzdi. Sirr deyil ki, məhz Ümummilli liderimizin Azərbaycan KP MK-nın birinci katibi olduğu 1969-82-ci illərdə orta və ali məktəblərin, orta ixtisas və texniki-peşə məktəblərinin böyük şəbəkəsi yaradılmış, onların maddi-texniki bazasının möhkəmləndirilməsinə xüsusi diqqət yetirilmişdi. Azərbaycanda bu gün də “tipovoy məktəb” terminini özündə ehtiva edən yeni məktəb binaları 70-80-ci illərdə tikilib. Tikilən məktəblərin sayı 700 idi. Ali məktəblərin sayı 12-dən 17-yə, tələbələrin sayı 70 mindən 100 minə çatmışdı. Uşaq bağçaları - məktəbəqədər müəssisələr və məktəbdənkənar müəssisələr çox inkişaf etdirildi. Regionlarda elm və ali təhsil, orta ixtisas təhsili müəssisələrinin yeni strukturu yaradıldı. Respublikamızın xalq təsərrüfatı üçün yeni kadr hazırlığına başlandı. Nadir ixtisaslara sahib olmaq üçün ali təhsil müəssisələrinin bir qrup tələbə və gəncləri təhsil üçün SSRİ-nin ən nüfuzlu ali məktəblərinə göndərildi. Belə tələbələrin sayı artıq hər il 1000-1400 nəfərə çatırdı. Eyni siyasət azərbaycanlı hərbi kadrların yetişdirilməsi sahəsində də həyata keçirildi. Təkcə 1982-ci ildə SSRİ-nin ali hərbi məktəblərinə qəbul olunan 1000 nəfərdən 550 nəfəri milliyyətcə azərbaycanlı olmuşdu. Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından sonra təhsilə göstərilən diqqət və qayğı elə ilk günlərdən bir daha özünü göstərdi. Azərbaycanın iqtisadi vəziyyəti o qədər də ürəkaçan olmasa da, Ulu öndər qeyd edirdi ki, dövlət hardan olursa-olsun kəsib təhsilə xərcləməlidir. Dövlət başçıları içərisində Heydər Əliyev qədər elmə, təhsilə, mədəniyyətə, ziyalıya bağlı olan, onun inkişafı üçün hər cür kömək göstərən ikinci rəhbər yox idi.

Amma çox təəssüf ki, 1990-cı illərin əvvəllərində Heydər Əliyevin yaratdığı o möhkəm özül, güclü təhsil sistemi tamamilə dağıdıldı. Hətta o vaxtlar söz-söhbətlər gəzirdi ki, akademiyanı bağlamaq istəyirlər. Elmdən, təhsildən məlumatı olmayan insanlar absurd qərarları ilə təhsildə bu gün də həll edə bilmədiyimiz bəzi problemləri yaratdılar. Şahidi olduğum bir hadisəni danışmaq istəyirəm. Mən Bakı Dövlət Universitetində işləyirdim. Üç nəfər əli avtomatlı gəlib adını çəkməyəcəm, bir müəllimi axtarırdılar. Deyirdilər ki, hardadır, mənim xalam oğluna qeyri-kafi yazıb onu güllələyəcəm. Belə dövlət olardı? Özü də həmin 3 nəfər dövlət orqanında çalışırdı. Yəni, dövlət məmuru terrorçuluqla məşğul idi. Digər tərəfdən, müəllimlərin iqtisadi vəziyyəti çox aşağı idi. Müəllim kimi çalışmaq, yaşamaq qeyri-mümkün idi. Təhsilə heç bir qiymət yox idi, heç olacağı da gözlənilmirdi. Professor ailəsini dolandıra bilmirdi. Təhsilin geri düşməsinin səbəbi şübhəsiz ki, təhsilə münasibətin aşağı olması idi. Ölkə rəhbəri bir sahəyə nə qədər diqqət yetirirsə, o sahə bir o qədər də inkişaf edir. Akademiya lazım deyil deyəndə, əlbəttə ki, o sahəyə diqqət ayrılmayacaqdı. Amma Heydər Əliyev “Təhsil millətin gələcəyidir” deyirdi. Və bu gələcəyi güclü qurmaq üçün də çalışırdı. Ulu öndər Heydər Əliyevin təhsil siyasətinin ən üstün cəhətləri onun zəngin mütərəqqi ənənələrə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanmasıdır. Azərbaycanda təhsil islahatının memarı və qurucusu Heydər Əliyevin müdrik tövsiyələri hazırda respublikamızda uğurla davam etdirilir. Təbii ki, təhsilin inkişafı bilavasitə güclü maddi-texniki təminatla bağlıdır. Buna görə də, Azərbaycan hökuməti bu məsələyə xüsusi diqqət yetirərək, son illər ərzində təhsil müəssisələrinin maddi-texniki təminat məsələlərinin yüksək səviyyədə həlli üçün əsaslı işlər görüb. Bunun nəticəsidir ki, hazırda Azərbaycanda 5 minə yaxın orta məktəb var. Onların yarısı son 5-6 ildə tikilib. Dövlətin hər il ayırdığı investisiya hesabına bir çox köhnə məktəb binaları yeniləri ilə əvəzlənib, şagird sıxlığı olan məktəblərdə korpuslar tikilib, əhali sıxlığı müşahidə edilən ərazilərdə isə ikinci məktəb açılıb. Hər il dövlət büdcəsindən təhsilin inkişafına milyardlarla vəsait ayrılır. Bu gün dövlət büdcəsindən təhsilə ayrılan vəsait hərbi sahədən sonra ikinci yerdədir.

Onu da qeyd etmək istərdim ki, təhsillə bağlı dövlətin rəsmi dairələri ilə yanaşı, bir sıra digər təşkilatların da təşəbbüsü və dəstəyi ilə mühüm işlər görülməkdədir. Xüsusən, Heydər Əliyev Fondunun dəstəyi ilə görülən işlər hər bir vətəndaşımızın təqdirini qazanıb. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində yüzlərlə yeni məktəb tikilib, həmçinin, bir çox təhsil ocaqları əsaslı bərpa və yenidənqurma işlərindən sonra istifadəyə verilib.

- Sizin də qeyd etdiyiniz kimi, Azərbaycan 20 ildə çox böyük inkişaf yolu keçib və bu gün ölkəmiz inkişaf tempinə görə dünyanın qabaqcıl ölkələrini də qabaqlayır. Azərbaycan dövləti bütün məsələlərdə yalnız milli maraqlara söykənən müstəqil siyasət həyata keçirir. Amma çox təəssüflər olsun ki, bəzi beynəlxalq maraqlı qüvvələr bundan narahatlıq hissi keçirir və bu inkişafın qarşısını almaq üçün ölkəmizdəki əlaltıları vasitəsilə müxtəlif təxribatlar törətməyə çalışırlar...

- Ümummilli liderimizin Azərbaycan dövlətçiliyi qarşısında ən böyük xidmətlərindən biri də şübhəsiz ki, Prezident İlham Əliyev kimi böyük bir siyasətçi yetişdirməsi idi. Tarixi zərurətə əsaslanan bu müdrik seçim Ulu öndərimizin adı ilə bağlıdır. Prezident seçkiləri ərəfəsində Azərbaycan xalqına müraciətində Ümummilli liderimiz Heydər Əliyev ölkəmizin gələcək inkişafının, dövlət müstəqilliyimizin möhkəmliyinin yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətin - cənab İlham Əliyevin simasında etibarlı əldə olacağına qəti inamını ifadə etmişdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək”.

Həqiqətən də, bu inamın, etibarın arxasında cənab İlham Əliyevin uzun illər ərzində topladığı sanballı siyasi dividendlər və Onun tükənməz enerjisi dururdu.

Bu gün bir millətin və ölkənin vətəndaşı kimi qürur hissi keçirirsən ki, mənim dövlətimin belə yüksək səviyyəli, dünya liderləri tərəfindən böyük hörmətlə qarşılanan, dünya liderlərinin hesablaşdığı bir rəhbəri var. Sizin üçün, gənclər üçün bəlkə də adi görünür. Amma bu böyük bir hissdir, müstəqil dövlətimizin, xalqımızın maraqlarını belə yüksək səviyyədə, təəsübkeşliklə, canıyananlıqla qoruyan liderimizin olması həm böyük rahatlıq, həm də böyük qürur doğurur.

Təbii ki, bir sıra hallarda Azərbaycanın müstəqil hərəkət etməsi, müəyyən qüvvələrin maraqlarına tabe olmaması bəzilərini narahat edir. Amma əsas odur ki, onların heç bir təzyiqi, hədəsi Azərbaycanı öz yolundan döndərə bilmir. Biz bilirik ki, bəziləri demokratiya deyəndə nəyi nəzərdə tutur. İstər Afrika ölkələrində, istər Ərəb ölkələrində olsun, İraqda, Əfqanıstanda baş verənlər olsun, bunlar demokratiyadırmı? Şübhəsiz ki, yox. Bu yerlərdə insan hüquqları hər gün pozulur, insanlara zülm olunur. Haqsız yerə insanların haqqı tapdanır. Vaxtilə bu dövlətlərdə insanlar əmin- amanlıqla, sakit həyat tərzi sürürdülər, sonra bəzi qüvvələr çıxdı və birdən - birə demokratiya adı altında onların həyatını, dövlətini iflic etdi. Demək istəyirəm ki, müdaxilə edən qüvvələr heç də marağında deyillər ki, bu xalqları əmin-amanlığa çıxartsınlar. Bu əmin-amanlığı pozublar, bir azdan da deyəcəklər ki, biz gedirik özünüz məsələlərinizi həll edin. Eləcə də, digər ölkələr. Mən siyasətçi deyiləm, amma sadə bir vətəndaş məntiqi də bunu dərk etməyə imkan verir. Azərbaycan xalqının 20 ildən artıq bir dövrdə pozulmuş hüquqlarını bərpa etmək üçün niyə belə canfəşanlıq etmirlər? Düşünməyək ki, bizim özümüzdən çox  kimsə bizi istəyir. Bunu da biz başa düşməliyik. Azərbaycan bu gün inkişaf edir, güclənir, dünya dövlətləri arasında öz yerini möhkəmləndirir. Bu isə o deməkdir ki, Ulu öndərimiz Heydər Əliyevin söylədiyi kimi, müstəqilliyimiz əbədidir, sarsılmazdır, dönməzdir.

 

 

Aqşin ŞAHİNOĞLU

 

Yeni Azərbaycan.- 2011.- 17 sentyabr.- S. 6.