Zaqatala rayonunun inkişafı
keyfiyyətcə yeni mərhələyə qədəm qoyub
Ümummilli lider Heydər Əliyevin əsasını
qoyduğu və Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət
kursu Azərbaycanı nəinki regionun liderinə, eyni zamanda, dünyanın ən yüksək
sürətlə inkişaf edən
dövlətinə çevirib. Bu uğurlu siyasətin nəticəsidir ki, hazırda Azərbaycanın bütün
guşələrində böyük tərəqqi
hiss edilməkdədir. Prezident
İlham Əliyevin imzaladığı
regionların sosial-iqtisadi inkişafı
üzrə dövlət proqramları Azərbaycanın
inkişafına böyük təkan verib. Bundan başqa,
dövlət başçısının səfər etdiyi hər bir şəhər
və rayonda yerli
strukturların rəhbərlərinə sosial-iqtisadi
inkişafa nail olmaq üçün verdiyi xüsusi
tapşırıqlar da diqqət mərkəzindədir.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Sədrliyi ilə
Nazirlər Kabinetinin 2011-ci ilin
birinci yarısının sosial-iqtisadi
inkişafının yekunlarına həsr olunmuş
iclasındakı nitqində dövlət
başçısının dərin məzmunlu və proqram xarakterli tövsiyələri,
sosial-iqtisadi inkişafla
bağlı söylənilən faktlar və rəqəmlər belə bir fikri bir
daha təsdiq edir ki, Azərbaycan nəinki regionda,
hətta bütün dünyada
aparıcı ölkə, Beynəlxalq Valyuta
Fondunun və Dünya
Bankının hesabatlarına əsasən isə bir nömrəli islahatçı ölkə kimi tanınıb. Dünyada
baş verən maliyyə və iqtisadi böhrana baxmayaraq, Azərbaycan yüksək makroiqtisadi göstəricilərini
qorumaqdadır. Bu inkişaf
özünü rayonlarımızın həyatında
baş verən müsbət dəyişikliklərdə
də göstərir. Son illərdə böyük inkişaf yolu keçən rayonlarımızdan biri də Zaqatala rayonudur.
2011-ci
ilin altı ayının yekunları sosial-iqtisadi inkişaf
baxımından Zaqatala rayonu üçün də uğurlu
olub. Belə ki, rayonda 48,5 milyon manatlıq məhsul istehsal
edilib və xidmətlər göstərilib ki, bu da keçən
ilin müvafiq dövrünə nisbətən 5,6 faiz
çoxdur. Məhsul istehsalı əvvəlki ilin müvafiq
dövrünə nisbətən sənayedə 52,6 faiz, kənd
təsərrüfatında 3,5 faiz, ticarətdə 10,2 faiz
artıb.
Pullu
xidmətlərin həcmi 8,8 faiz artaraq 11,3 milyon manata, pərakəndə
əmtəə dövriyyəsi
21,3 faiz artaraq 47,5 milyon manata çatıb.
Sahibkarlar
tərəfindən rayon iqtisadiyyatına sərmayə
qoyuluşu davam edir. Belə ki, gündəlik emal gücü
5 ton olan fındıq məmulatları emal edən müəssisədə
son tamamlama işləri aparılır. Bundan əlavə
sahibkarlığın inkişafına dəstək məqsədilə
21 sahibkarlıq obyektinin tikintisi üçün icazə
verilib, alkoqollu içkilərin və tütün məmulatlarının
satışı üçün 22 xüsusi razılıq
(lisenziya), Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti
hesabına 6 layihə üzrə 71,0 min manat həcmində
güzəştli kreditlər verilib.
2011-ci
ilin birinci yarısında rayonda
fəaliyyət göstərən banklar və kredit təşkilatları
tərəfindən əhaliyə və iş adamlarına
11,8 milyon manat məbləğində kredit verilib, əhali tərəfindən
banklara yerləşdirilən əmanətlərin həcmi 2,1 milyon manat təşkil edib,
bankomatların sayı artaraq 20-yə çatıb.
Rayonda
əhalinin rifah halının, onun maddi təminatının
yaxşılaşdırılması, sosial müdafiəsinin
gücləndirilməsi, ünvanlı sosial yardımların,
pensiyaların, əməkhaqlarının vaxtında verilməsi,
aztəminatlı ailələrə qayğının
artırılması daim diqqət mərkəzində
saxlanılıb.
Bu
ilin ilk altı ayında adambaşına düşən orta
aylıq pensiyanın məbləği 102 manat, orta aylıq əməkhaqqı
5,3 faiz artaraq 194,5 manat olub.
Əhaliyə
pensiya və müavinətlərin ödənilməsinə
11,7 milyon manat vəsait yönəldilib, 1185 ailənin 5117
üzvünə, hər ailəyə orta hesabla 98 manat olmaqla
cəmi 936,6 min manat ünvanlı sosial yardım ödənilib.
Cari
ilin altı ayı ərzində 170 nəfər vətəndaşa
yeni pensiya təyin olunub və ümumilikdə 17075 nəfər əmək
pensiyaçısına xidmət göstərilib.
2011-ci
ilin altı ayında 2,3 milyon manat, keçən ilin
müvafiq dövründəkindən 8,2 faiz çox məcburi
dövlət sosial sığorta haqları
yığılıb. Vergi daxilolmaları üzrə proqnoz
tapşırıqlar 102,4 faiz icra edilib, qeyri-dövlət
sektoru üzrə daxilolmalar 2,7 milyon manat təşkil edib.
Rayonda
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü
illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nın icrası uğurla davam etdirilib, sosial
infrastruktur layihələr həyata keçirilib. Proqramın
icrası rayonda sahibkarlığın inkişafına, təzə
istehsal müəssisələrinin fəaliyyətə
başlamasına, yeni iş yerlərinin açılmasına
və işsizliyin səviyyəsinin aşağı
düşməsinə öz müsbət təsirini göstərir.
Regional
inkişaf proqramının icrası nəticəsində təkcə
bu ilin 6 ayında rayonda 340-ı daimi olmaqla, 381 yeni iş yeri,
2003-cü ildən sonra isə 13217 yeni iş yeri
açılıb ki, onlardan da 8763-ü daimi iş yerləridir.
Sosial-iqtisadi
inkişafda keyfiyyətcə yeni mərhələyə qədəm
qoymuş respublikamızda aqrar
sahənin inkişafı daim diqqət mərkəzində
saxlanılır. Rayonda həyata keçirilən torpaq
islahatı, ölkə Prezidenti tərəfindən kənd təsərrüfatının
inkişaf etdirilməsinə yönəldilmiş fərman və
sərəncamların nəticəsi olaraq xidmət sahələrinin
genişləndirilməsi, kreditlərin və dövlət
büdcəsi hesabına yardımların verilməsi
torpaqlardan daha səmərəli istifadə edilməsinə
ciddi təkan verib.
Kənd
təsərrüfatı məhsullarının
istehsalçılarına əkin sahəsinin becərilməsində
istifadə etdiyi yanacaq və motor yağlarına görə
dövlət büdcəsinin vəsaiti hesabına
yardımın verilməsi qaydalarına uyğun olaraq cari ildə
11111 nəfər istehsalçıya 24053,49 ha əkin sahəsinin
becərilməsinə görə 962 min 139 manat subsidiya
(yardım) hesablanıb, buğda istehsalçılarına əlavə
olaraq 305 min manat subsidiya verilib.
Rayonda,
ilk növbədə, torpaqlardan istifadə edilməsinin əhəmiyyətli
dərəcədə yaxşılaşdırılmasına
xüsusi diqqət yetirilib, 2011-ci ilin məhsulu
üçün 30839 ha sahədə əkin aparılıb
ki, bu da ötən ildəkindən 82 ha çoxdur. 6 ay ərzində
aqrar sahə üzrə ümumi məhsulun həcmi 21,6 milyon
manat, əvvəlki ilin müvafiq dövrünə nisbətən
731 min manat çox olub.
Rayonun
Əli Bayramlı, Muxax, Göyəm, Yengiyan, Aşağı
Tala, Maqov kəndlərində yaradılmış özəl
toxumçuluq təsərrüfatları taxıl
istehsalını artırmaq məqsədilə fermer təsərrüfatlarını
keyfiyyətli toxumlarla təmin edib. Bu il həmin təsərrüfatlarda
toxumluq (taxıl) sahələri 1809 hektara
çatdırılıb, o cümlədən, 403 ha sahədə
arpa, 1406 ha sahədə buğda səpilib.
Tütünçülüyü
inkişaf etdirmək məqsədilə bu il 638 ha sahədə
tütün şitili əkilib. Dünya bazarının təklifinə
uyğun olaraq ətirli və qiymətli tütün
sortları olan Berley və Verdjiniyanın yetişdirilməsinə
üstünlük verilib.
Əkin
sahələrinin suvarılmasını
yaxşılaşdırmaq məqsədilə 6 kəndin ərazisini
əhatə edən və 2101 ha əkin sahəsinin
suvarılmasına xidmət edəcək iki pilləli “Alazan”
nasos stansiyasının təmiri davam etdirilir.
Heyvandarlığın
inkişaf etdirilməsi və mal-qaranın cins tərkibinin
yaxşılaşdırılması məqsədilə
rayonda yaradılmış camışçılıq,
iribuynuzlu maldarlıq və qoyunçuluq özəl
damazlıq təsərrüfatları fəaliyyətlərini
davam etdirib. Cari ilin 6 ayı ərzində iribuynuzlu
mal-qaranın baş sayı 60207 (102 baş çox),
qoyun-keçilərin baş sayı 169100 (525 baş çox)
olub, ət istehsalı 3522 (21 ton çox) ton, süd
istehsalı 16180 (767 ton çox), yumurta istehsalı 7,1 milyon ədəd
(1,4 milyon ədəd çox), yun istehsalı 169 ton (2 ton
çox) olub.
2011-ci
ilin birinci yarısında rayonda bütün maliyyə mənbələri
hesabına 5,4 milyon manat dəyərində tikinti, təmir və
abadlıq işləri görülüb.
Dövlət
büdcəsi hesabına inşa edilən obyektlərdən
Zaqatala şəhərinin içməli su təchizatı və
kanalizasiya sistemlərinin yenidən qurulması və tikintisi
layihəsi çərçivəsində xarici su təchizatı
obyektləri, qurğuları və boru kəmərlərində,
rayon statistika idarəsinin yeni inzibati binasında,
Aşağı Çardaxlar kəndində 220 şagird yerlik
ümumorta məktəb binasında tikinti-quraşdırma
işləri davam etdirilib, rayon baytarlıq idarəsinin yeni
inzibati binasının tikintisinə başlanılıb. Zaqatala
şəhərində 1 və 4 saylı uşaq
bağçalarında yenidənqurma və əsaslı təmir
işləri aparılmaqla yeni inventar və avadanlıqlarla təmin
edilib, “Xilaskar əsgər” abidəsində əsaslı təmir
və yenidənqurma işləri başa
çatdırılıb. Hazırda 7, 9 və 10 saylı
uşaq bağçalarında əsaslı təmir işləri,
Nazirlər Kabinetinin sərəncamı ilə RİH-nə
ayrılmış vəsait hesabına Tala çayının
sağ sahilində uzunluğu 200 metr olan daş-beton bənd
tikintisi davam etdirilir.
Rayon
ərazisində qəzalı və şəraitsiz hesab
edilmiş Əliabad qəsəbə 3 saylı,
Danaçı kənd 2 saylı, Yeni Suvagil kənd 2 saylı, Zəyəm kənd
tam orta, Muxax kənd 3 saylı,
Sabunçu kənd ümumorta məktəblərinin yenidən
tikintisi üçün təkliflər hazırlanaraq Azərbaycan
Respublikası Nazirlər Kabinetinə göndərilib.
Sahibkarlar
tərəfindən rayonda yeni ticarət, xidmət, turizm və
istirahət obyektlərinin, yüksək mərtəbəli
yaşayış binalarının tikintisi davam etdirilib. Rayonda
ümumi sahəsi 7,4 min kvm olan 66 fərdi yaşayış
evləri tikilərək istifadəyə verilib, Tala
çayı üzərində uzunluğu 183 m olan
“Meşleş” körpüsünün tikintisi başa
çatdırılıb, Yuxarı Tala ərazisindən Asma
körpüyə gedən avtomobil yolunda əsaslı təmir
və abadlıq işlərinə başlanıb. Yaponiya səfirliyinin
maliyyə dəstəyi ilə rayonun Aşağı Tala kəndində
məişət tullantılarının idarə edilməsi
poliqonunun tikintisi davam etdirilir.
İlin
6 ayı ərzində rayonda 1,0 milyon manatlıq, o cümlədən,
daxili imkanlar hesabına 148,0 min manat həcmində abadlıq və
təmir işləri görülüb. Büdcə vəsaiti
hesabına 20 saylı SMD-nin yaşayış massivində 2 mərtəbəli
yaşayış evinin, M.Rəsulzadə küçəsində
63 saylı binanın 1606 kvm dam
örtüyü, 28 may küçəsində 56 saylı və
Sülh küçəsində 5 və 7 saylı binaların
girişləri əsaslı təmir edilib. Şəhərin
Nizami küçəsinin 1-ci döngəsində, Qala
düzü pilləkənlərinin ətrafında və Car
küçəsində abadlıq və
işıqlandırma işləri aparılıb,
Ü.Hacıbəyov küçəsində şəhər
pilləkənləri,
avtovağzal ərazisində mühafizə divarları,
Heydər Əliyev prospektində yaşıllıq qazonu, Sabir
küçəsində 32 pm su arxı və Heydər Əliyev
adına Parkda gediş-gəliş yolları təmir edilib.
İmam Şamil, M.Ə.Rəsulzadə və H.Aslanov
küçələrində işıqlandırma, Lahıc
bələdiyyəsi ərazisindəki rayonun giriş
monumentində abadlıq işləri aparılıb.
Uzunluğu
2 km olan yerli əhəmiyyətli Zaqatala-Kebeloba avtomobil yolu və
Zaqatala-Sumaylı-Dardoqqaz avtomobil yolunun 4,3 km-də əsaslı
təmir işləri aparılaraq
asfaltlaşdırılıb. Dardoqqaz kəndində yeni
körpünün tikintisi aparılır. Yuxarı Tala kəndində
0,6 km, Aşağı Tala kəndində 0,4 km kənddaxili
yollara asfalt örtüyü
döşənib. Yuxarı Tala-Mişleş avtomobil yolunda 2,3
km uzunluğunda torpaq yatağı və çınqıl
örtük tikilib.
Şəhərin Heydər Əliyev prospekti, Ü.Sadıqov, Dədə Qorqud, H.Z.Tağıyev, Ü.Hacıbəyov, N.Nərimanov, Nizami, F.Əmirov, C.Məmmədquluzadə, Car küçələrində, Yuxarı Tala kəndinin və Qazangül qəsəbəsinin magistral yol kənarında olan yaşayış və ictimai binaların fasadları və sərhəd divarları təmir olunaraq rəngləmə işləri aparılıb.
Rayonda enerji təminatı sahəsində də müəyyən işlər görülüb. Keçən dövr ərzində 24,9 km uzunluğunda 10 kvt-luq, 11,9 km uzunluğunda 0,4 kvt-luq hava xətlərində əsaslı və cari təmir işləri aparılıb, 22 ədəd transformator məntəqəsi cari təmir olunub. 134 yeni elektrik dayağı basdırılıb, 37 ədəd yararsız dayaq yeni dayaqlarla əvəz edilib, 672 yeni sayğac quraşdırılıb.
2011-ci ilin 6 ayı ərzində Əliabad qəsəbəsində təbii qaz xətlərinin çəkilişi işləri davam etdirilib, 800 pm 200 mm-lik, 11000 pm 160 mm-lik polietilen boru ilə orta təzyiqli təbii qaz xətləri çəkilib, 4 qeyri-əhali və 228 yeni əhali abonenti qeydiyyata alınıb, 1526 abonentin qaz sayğacı yenisi ilə əvəz edilib, 2 ədəd yeni qazpaylayıcı şkaf quraşdırılıb. Bu il Car, Suvagil və Bəhmətli kəndlərinə də qaz xətlərinin çəkilişi başlanması nəzərdə tutulub.
2011-ci ilin I yarımili ərzində 15 ədəd artezian quyuları əsaslı təmir edilib.
Zaqatala Telekommunikasiya Qovşağında 2011-ci ilin 6 ayında proqnoz tapşırıqları tam yerinə yetirilib, qovşaq üzrə ümumilikdə 621300 manat tarif gəliri əldə edilib, 51 ədəd yeni telefon çəkilib, 15 km əsaslı təmir, 71 km cari təmir işləri görülüb, Gözbarax və Mamrux kəndlərinin ATS-larının birləşdirici xətləri fiber optik kabellə əvəz edilib. Şəhərdə 144, Əliabad qəsəbəsində 48, Aşağı Tala, Maqov, Göyəm, Əli Bayramlı kəndlərində əhaliyə 136 nömrə genişzolaqlı internet xidməti göstərilməsi məqsədilə DSLAM avadanlıqları quraşdırılıb, genişzolaqlı internet xidməti istifadəçilərinin sayı 959-a çatdırılıb.
Ötən dövr ərzində “Azərpoçt” MMC-nin Zaqatala Poçt Filialı üzrə 130,3 min manat tarif gəliri əldə edilib, ilin sonuna qədər Yuxarı Çardaxlar, Yengiyan və Göyəm kənd poçt şöbələri üçün yeni binaların tikilib istifadəyə verilməsi nəzərdə tutulub.
Son illər rayonda təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə, təlim-tərbiyə və tədrisin keyfiyyətinin yüksəldilməsinə diqqət artırılıb, 23 yeni məktəb binası, 1 bağça tikilmiş, 22 məktəbdə və 8 bağçada əsaslı təmir işləri aparılıb. Aşağı Çardaxlar və Muxax kənd 1 saylı tam orta məktəblərində əsaslı təmir işləri başa çatmaq üzrədir. Təbii fəlakətlə əlaqədar Humanitar fənlər gimnaziyasının və Şəhər 5 saylı ümumi orta məktəbinin yararsız vəziyyətə düşmüş dam örtükləri təmir edilib, uyğunlaşdırılmış binalarda yerləşən Zəyəm kənd tam orta məktəbinin tikintisinə başlanıb, şəhərdə yeni bağçanın tikintisi üçün smeta-layihə sənədləri hazırlanıb.
2011-ci ilin I yarımilində MRX-da və kənd səhiyyə obyektlərində tikinti-abadlıq işləri aparılıb, səhiyyə xidmətini daha da yüksəltmək məqsədi ilə 100446 manatlıq bərk və tibbi inventar alınıb, Əliabad qəsəbə, Suvagil, Danaçı kənd xəstəxanaları və uşaq poliklinikası yeni inventar və bərk avadanlıqlarla təchiz edilib, Maqov kənd həkim məntəqəsi yenidən tikilib, Danaçı kənd xəstəxanasının dam örtüyü əsaslı təmir olunub, köhnə Ağciyər xəstəlikləri xəstəxanasının binasına əsaslı təmir edildikdən sonra Uşaq poliklinikası köçürülüb. Talassemiyalı və hemofiliyalı xəstələr üçün qanvermə aksiyası keçirilib.
Son illərdə yenidən qurulub, əsaslı təmir olunmuş mədəniyyət müəssisələrinin yeni texniki avadanlıqla, kompüterlərlə, müxtəlif inventarlarla, səs gücləndirici aparatlarla təmin edilməsinə diqqət artırılıb.
Azərbaycanın ucqar bölgələrindən biri olmasına baxmayaraq, Zaqatala rayonu siyasi aktivlik, ictimai-siyasi fəallıq baxımından həmişə diqqəti cəlb edib. Rayon sakinləri ictimai-siyasi proseslərdə yaxından iştirak edərək ölkəmizin yüksək inkişafı və güclənməsi üçün hər bir pozitiv təşəbbüsü dəstəkləyirlər. Onlar ölkənin əsas aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasına (YAP) dərin inam və etibar bəsləyir, partiya sıralarına qəbul olunmaqdan yüksək qürur və fəxr duyduqlarını ifadə edirlər.
Rayon sakinləri Ümummilli lider Heydər Əliyev ideyalarına hər zaman sadiq qalaraq ictimai-siyasi, iqtisadi-sosial proseslərdə öz fəallıqları ilə həmişə seçiliblər. Onlar indiyə kimi keçirilən bütün seçkilərdə Ulu öndərin davamlı siyasi kursuna, bu siyasəti yeni inkişaf mərhələsində gücləndirən Prezident İlham Əliyevə və hakim partiyaya sədaqət nümayiş etdiriblər. Bunun nəticəsidir ki, rayonda YAP-ın üzvü olmaq istəyən insanların sayı hər il durmadan artır. Təkcə bu ilin 6 ayı ərzində rayon təşkilatının sıralarına 76-sı qadın, 86-sı isə gənc olmaqla ümumilikdə, 162 nəfər daxil olub. Hazırda YAP Zaqatala rayon təşkilatı öz sıralarında 6684 nəfəri birləşdirir. Hazırda rayon təşkilatında partiya üzvlərinin 2670 nəfərini gənclər təşkil edir.
YAP Zaqatala rayon təşkilatında qadınların fəallığı da xüsusi diqqət çəkir. 3646 nəfər qadının üzv olduğu rayon təşkilatında zərif cinsin nümayəndələrinin birbaşa təşəbbüsü ilə müntəzəm olaraq müxtəlif tədbir və seminarlar təşkil olunur, ölkə həyatının inkişafına səbəb olan aksiyalar keçirilir.
Aydın görünən odur ki, rayon sakinləri dərin inam və qətiyyətlə Yeni Azərbaycan Partiyasının Sədri, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi mükəmməl islahatları dəstəkləyərək davamlı olan xoş sabahlar naminə YAP-a böyük etimad göstərirlər.
Bir sözlə, “Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”na əsasən
yaxın üç ildə Zaqatala rayonunun sosial-iqtisadi inkişafının gücləndirilməsi,
ərazinin infrastrukturunun yenidən
qurulması üçün bir sıra mühüm
layihələrin həyata keçirilməsi nəzərdə
tutulub. Rayon rəhbərliyi
əmin edir ki, Zaqatalada son illər ərzində
bütün sahələrdə əldə
edilən uğurlar davam
etdiriləcək, yeni nailiyyətlərin
qazanılması üçün
qarşıya qoyulan vəzifələr
layiqincə yerinə yetiriləcək.
Ramil VƏLİBƏYOV
Yeni Azərbaycan.- 2011.- 17
sentyabr.-S.9.