Azərbaycanın müasir yüksəliş dövrü Ümummilli lider Heydər Əliyev tərəfindən hazırlanmış neft strategiyasının uğurları ilə başlanmışdır

 

Rövnəq Abdullayev: 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın 11 transmilli neft şirkəti ilə çağdaş tariximizdə “Əsrin müqaviləsi” kimi məşhur olan qlobal neft müqaviləsinin təntənəli şəkildə imzalanması nəticəsində Xəzər dənizi hövzəsində və bütün postsovet məkanında beynəlxalq əməkdaşlığın bünövrəsi qoyuldu

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti, Milli Məclisin deputatı Rövnəq Abdullayev www. yap. org. az saytına müsahibə verib:

- Rövnəq müəllim, ilk olaraq istəyirik ki, Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş neft strategiyasının dövlətimiz və xalqımız üçün əhəmiyyəti barədə fikirlərinizi bildirəsiniz. Neft təbii sərvət kimi Azərbaycanın həyatında hansı rola malikdir?

- Azərbaycan həmişə neftin, qazın hasilatı, emalı və nəqli sahələrində çoxsaylı ideyaların generatoru olmuş, Bakı neftçiləri tarix boyunca misilsiz fədakarlıqlar göstərərək, ən mütərəqqi yenilikləri istehsalatda tətbiq etmişlər. Neftin sənaye üsulu ilə hasil edilməsinin, emalının, tankerlərlə, dəmiryolu ilə, boru kəmərləri ilə nəql edilməsinin, sahildə, açıq dənizdə, Xəzərin dərinsulu hissələrində neft yataqlarının kəşf olunmasının və istismar edilməsinin əsası məhz Azərbaycanda qoyulmuşdur. Paradoks ondadır ki, xalqımız XX əsrin sonlarına qədər öz təbii sərvətlərinin sahibi olmamış, neftin və qazın gətirdiyi mənfəətdən tam şəkildə faydalana bilməmişdir. Dünya neft sənayesi tarixinə bu qədər yeniliklər yazmış Azərbaycanın adı beynəlxalq ictimai dairələrdə 1994-cü ildən, nüfuzlu xarici neft şirkətləri ilə “Əsrin müqaviləsi”nin imzalanmasından sonra daha geniş əks-səda doğurmuşdur. Azərbaycanın müasir yüksəliş dövrü də elə o vaxt- xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən işlənib hazırlanmış yeni neft strategiyasının uğurları ilə başlanmışdır. Məhz həmin strateji kursun həyata keçirilməsi nəticəsində Azərbaycan nefti tarixdə ilk dəfə mənsub olduğu xalqa xidmət etməyə başladı. Gənc, müstəqil Azərbaycan dövləti ölkənin təbii sərvətləri üzərində sərəncam vermək, bunlardan sərbəst surətdə istifadə etmək haqda qərarlar çıxarmaq, həmin qərarları gerçəkləşdirmək iqtidarına malik olduğunu dünyaya bəyan etdi.

Azərbaycanın dünya birliyində mövqeyinin yüksəlməsi artıq hamı tərəfindən etiraf olunan həqiqətdir. Respublikanın sosial-iqtisadi inkişafı getdikcə sürətlənir, ölkədə quruculuq işləri daha böyük miqyas alır, şəhər, kənd və qəsəbələrin siması tamamilə dəyişir, xalqımızın maddi rifah halı durmadan yüksəlir. Çiçəklənən respublikamız Cənubi Qafqaz dövlətləri arasında liderdir. Əlbəttə ki, bütün bu uğurların təməli Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən işlənib hazırlanan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən yeni neft strategiyası ilə qoyulmuşdur.

Ötən əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmiş Azərbaycanın inkişaf strategiyasının müəyyən olunmasında neft faktoru mühüm rol oynadı. Respublikamızın dünya iqtisadiyyatına inteqrasiyasının və milli inkişaf modelinin əsas baza sütunlarından birinə çevrilən neft strategiyası Azərbaycanın davamlı uğurlarına yol açmış oldu.

- “Əsrin müqaviləsi” dünya neft tarixində hansı strateji əhəmiyyətə malikdir və bu sazişin imzalanması Azərbaycanın iqtisadi həyatında nə kimi yeniliklərə səbəb oldu?

- Məlum olduğu kimi, ölkəmizin son illərdə əldə etdiyi uğurların əsası Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən işlənib hazırlanan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən yeni neft strategiyası ilə qoyulmuşdur. Bu strategiya müstəqilliyini yenicə əldə etmiş Azərbaycanın güclü və qüdrətli bir dövlətə çevrilməsinə yönəlmiş müdrik siyasi-iqtisadi konsepsiya, uzaqgörənliklə hazırlanmış dəqiq fəaliyyət planıdır. Azərbaycanın o zamankı məhdud maliyyə imkanları ilə neft-qaz yataqlarının mənimsənilməsinin, bu əvəzsiz təbii sərvətin Qərb bazarlarına çıxarılmasının qeyri-mümkünlüyünü nəzərə alan Ulu öndərimiz Heydər Əliyev məsələnin həll yolunu Qərb şirkətləri ilə milli maraqlara söykənən əməkdaşlığın qurulmasında görmüş və bütün geostrateji çətinliklərə rəğmən, qısa bir müddətdə bu möhtəşəm konsepsiyanı gerçəkləşdirməyə nail olmuşdu. 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın 11 transmilli neft şirkəti ilə çağdaş tariximizdə “Əsrin müqaviləsi” kimi məşhur olan qlobal neft müqaviləsinin təntənəli şəkildə imzalanması nəticəsində Xəzər dənizi hövzəsində və bütün postsovet məkanında beynəlxalq əməkdaşlığın bünövrəsi qoyuldu. Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə mənimsənilməsini nəzərdə tutan bu sazişin reallaşması təkcə respublikamız üçün deyil, Qərbin bir sıra aparıcı dövlətləri, habelə Cənubi Qafqaz və Orta Asiya regionu ölkələri üçün strateji əhəmiyyət daşıyırdı. Saziş regionda digər qlobal layihələrin gerçəkləşdirilməsi üçün müsbət təmayül yaratdı, Xəzərdə maraqları təmin olunmuş bir çox aparıcı Qərb dövlətlərinin Azərbaycanla bütün sahələrdə genişmiqyaslı əməkdaşlığa marağını artırdı, beynəlxalq maliyyə qurumları ilə münasibətlərdə keyfiyyətcə tamamilə yeni bir mərhələ başlandı. 1994-2010-cu illər ərzində Azərbaycanın neft-qaz sektoruna 40 milyard ABŞ dollarına yaxın sərmayə yatırıldı, bir çox yataq və perspektiv strukturlar üzrə irimiqyaslı layihələrin həyata keçirilməsinə imkanlar açıldı. Ötən dövrdə Azərbaycan Prezidentinin verdiyi səlahiyyətlər çərçivəsində ARDNŞ və xarici neft şirkətləri arasında 33 Hasilatın Pay Bölgüsü Sazişi imzalanmış və 20 ölkəni təmsil edən 53 enerji şirkəti quruda və Xəzərin Azərbaycan sektorunda yerləşən yataqlar üzrə aparılan neft-qaz əməliyyatlarına cəlb olunmuşdur. Bu proses davamlı xarakter daşıyır.

- Ümumiyyətlə, Azərbaycanın təsdiq olunmuş və proqnozlaşdırılan karbohidrogen ehtiyatları nə qədərdir?

- Aparılan hesablamalara görə, Azərbaycanın təsdiq olunmuş karbohidrogen ehtiyatları şərti yanacaqla 4,2 mlrd. ton, proqnoz karbohidrogen resursları isə 10 mlrd. ton həcmindədir. Bu gün respublikamızın quru və dəniz əraziləri üzrə qazmaya hazırlanmış fondda 40-dan çox struktur mövcuddur. Beynəlxalq şirkətlər bu gün də həmin strukturlara böyük maraq göstərirlər. Xarici sərmayələrin qorunmasında ölkəmizin nümayiş etdirdiyi öncül təcrübə, habelə qazanılan nailiyyətlər onları buna təşviq edir.

Ölkəmizdə neftin hasilatı sahəsində ilbəil rekord göstəricilər qazanılır ki, bu nailiyyətlərdə də şirkət mühüm rol oynayır. “Əsrin müqaviləsi” çərçivəsində ilk neftin hasil olunduğu 1997-ci ildən sonrakı dövrdə ölkə üzrə neft hasilatı sürətli templərlə inkişaf etmiş, təxminən 5,6 dəfə artaraq, 9 milyon tondan 2010-cu ildə 50,7 milyon tona çatdırılmışdır. Ötən il hasil edilmiş neftin 8,4 milyon tonu Dövlət Neft Şirkətinin payına düşmüşdür. Cari ilin yanvar-avqust aylarında isə ölkədə neft hasilatı 31,7 milyon ton təşkil etmişdir ki, bunun da 5,6 milyon tonu ARDNŞ tərəfindən çıxarılmışdır. Şirkətin əməkçiləri işlənmədə olan yataqlarda istismarın intensivləşdirilməsi, yeni quyuların qazılması, lazımi təmir-bərpa işləri aparmaqla köhnə quyuların istismar fonduna daxil edilməsi istiqamətində mövcud imkanları səfərbər edərək, neft hasilatının sabit saxlanılması üçün səylərini əsirgəmirlər. Həyata keçirilmiş tədbirlərin nəticəsidir ki, ötən il ARDNŞ üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 136324 metrlik qazma işi görülmüş, bunun da 127858 metri istismara, 8466 metri kəşfiyyata (o cümlədən, 1785 metr struktur axtarış qazmasına) aid olmuşdur. 2011-ci il sentyabrın 1-nə olan məlumata əsasən, ARDNŞ-nin istismar quyu fondu 9333 ədəd təşkil etmişdir ki, bunların da 6720-si işlək fonddadır. Ötən il fəaliyyətsiz fonddan 127 quyu istismara qaytarılmış, nəticədə əlavə olaraq 35 min 730 ton neft hasil edilmişdir. Bu ilin yanvar-avqust aylarında isə 208 quyu fəaliyyətsiz fonddan işlək quyu fonduna daxil edilmiş, bu quyulardan əlavə 42 min ton neft alınmışdır. 2010-cu il ərzində “Azneft” İstehsalat Birliyinin neft və qazçıxarma idarələrində 4644 geoloji və texniki tədbir həyata keçirilmiş, nəticədə əlavə olaraq 240 min 635 ton neft hasil edilmişdir. 2011-ci ilin 8 ayında aparılmış 3400 texniki-geoloji tədbir isə 160 min ton əlavə neft hasilatına zəmin yaratmışdır.

- Rövnəq müəllim, hazırda Azərbaycan nə qədər ölkəyə xam neft və neft məhsulları ixrac edir? İxracın həyata keçirilməsində neft kəmərlərinin potensialını necə dəyərləndirirsiniz?

- Ölkəmizdə hasil olunan karbohidrogenlərin qəbulu, saxlanılması və dünya bazarlarına çıxarılması yeni neft strategiyasının ən mühüm tərkib hissələrindən biri olaraq daim diqqət mərkəzindədir. Ötən müddətdə bu istiqamətdə böyük uğurlar qazanılmışdır. Şaxələndirilmiş ixrac neft və qaz kəmərləri sisteminin qurulması respublikamızın enerji müstəqilliyini təmin etmiş, Avropa və digər uzaq regionların yüksək keyfiyyətli karbohidrogen resursları ilə təminatı üçün yeni perspektivlər açmış, Xəzəryanı ölkələrdə hasil olunan enerji daşıyıcılarının nəql edilməsi baxımından sabit tranzit dəhlizi kimi Azərbaycana real imkanlar yaratmışdır.

Hazırda ABŞ, Çin, İngiltərə, Almaniya, Fransa, Hindistan, İsrail, Cənubi Koreya, Braziliya, İndoneziya, Çili, İspaniya da daxil olmaqla dünyanın 33 ölkəsinə Azərbaycandan xam neft və neft məhsulları ixrac edilir. İlkin neftin dünya bazarına çıxarılması üçün 1997-ci ildə Bakı-Novorossiysk, 1999-cu ildə isə Bakı-Supsa neft boru kəmərləri istifadəyə verilmişdir. Hər birinin ötürücülük gücü ildə 6 mln. ton təşkil edən həmin kəmərlər bu gün də Azərbaycan neftinin müxtəlif istiqamətlər üzrə nəql edilməsində mühüm rol oynayır. Lakin Azərbaycanın neft nəqli sisteminin başlıca arteriyası, əlbəttə ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməridir. Haqlı olaraq, xalqımızın Ümummilli lideri Heydər Əliyevin qalibiyyətli neft strategiyasının şah əsəri sayılan bu misilsiz layihə məhz Ulu öndərin gərgin səyləri nəticəsində 2006-cı ildə gerçəkləşmişdir. BTC əsas ixrac boru kəməri Avrasiya regionunda ən iri və unikal mühəndis qurğularından olub, dünyada enerji təhlükəsizliyinin əsas elementlərindən biridir və Azərbaycan neftinin təhlükəsiz və fasiləsiz ixracında əvəzedilməz rol oynayır. Bu gün Ulu öndər Heydər Əliyevin adını şərəflə daşıyan BTC, eyni zamanda, ümumilikdə beynəlxalq enerji təhlükəsizliyi sistemi baxımından, eləcə də, neft ixracı sahəsində ölkəmizlə uğurlu tərəfdaşlıq edən dövlətlər, xüsusilə Mərkəzi Asiya dövlətləri üçün də müstəsna əhəmiyyət kəsb edir. Hazırda sutkada 40-50 min barel həcmində Türkmənistan nefti BTC vasitəsilə Azərbaycan ərazisindən tranzitlə Avropa bazarlarına ötürülür. BTC kəmərinin illik ötürücülük qabiliyyəti 60 milyon tona çatdırılmışdır. Bu həcmin artırılması istiqamətində mütəmadi iş aparılır. Hazırda BTC sutkada 1,2 milyon barel neftin Səngəçal terminalından Aralıq dənizi sahillərinə ixrac edilməsinə imkan yaradır. Ötən müddət ərzində bu kəmərlə 166 milyon tondan artıq Azərbaycan nefti, 3 milyon tona yaxın türkmən nefti nəql olunmuşdur.

- Məlum olduğu kimi, dünyanın bir çox dövlətlərinin təbii qaza olan tələbatı artmaqdadır. Belə bir şəraitdə Azərbaycan özünü beynəlxalq birliyə hansı səviyyədə qaz istehsalçısı və ixracatçısı kimi təqdim edir?

- Əlbəttə, dünyada təbii qaza olan ehtiyacın artması bir reallıqdır. Dünyada təbii qaza olan tələbat və marağın xüsusilə yüksəldiyi son illərdə Azərbaycan özünü beynəlxalq birliyə etibarlı qaz istehsalçısı və ixracatçısı kimi təqdim edə bilmişdir. 2004-2010-cu illərdə ölkə üzrə qaz hasilatı 5,2 dəfə artırılaraq 5 milyard kubmetrdən 26,3 milyard kubmetrə çatdırılmışdır. Ötən il ölkə üzrə hasil olunmuş qazın təxminən 7,2 milyard kubmetri ARDNŞ-nin payına düşmüşdür. Bu il isə ölkədə 27,9 milyard kubmetr qaz hasil olunacağı nəzərdə tutulur ki, bunun da 7,2 milyard kubmetrinin Dövlət Neft Şirkəti tərəfindən çıxarılacağı proqnozlaşdırılır. “AÇG” yataqlar blokundan hasil olunan səmt qazının həcminin artırılması, ARDNŞ-nin “Qaz proqramı” üzrə görülən kompleks tədbirlər, habelə 1999-cu ildə kəşf olunan nəhəng “Şahdəniz” yatağının istismara verilməsi Azərbaycanın enerji baxımından tam müstəqilliyini təmin etməyə imkan vermiş, təbii qaz ixrac edən ölkələr sırasına daxil olmasına zəmin yaratmışdır. Bir neçə il əvvəl qaz idxal edən Azərbaycan bu gün artıq özü Gürcüstan, Türkiyə, Rusiya, İran və Yunanıstana qaz ixrac edir.

Xüsusi ilə qeyd etmək lazımdır ki, “Şahdəniz” hazırda dünyanın dəniz akvatoriyalarında işlənilən ən iri qaz-kondensat yataqlarından biridir. Onun sübut olunmuş ehtiyatları 1,2 trln. kubmetr qaz və 240 mln. tondan artıq kondensat həcmində qiymətləndirilir. Ötən il “Şahdəniz” yatağından təxminən 6,9 milyard kubmetr qaz, 1,9 milyon ton kondensat hasil olunmuşdur. Yataq istismara veriləndən indiyədək buradan 27,3 milyard kubmetr qaz, 7,3 milyon ton kondensat çıxarılmışdır. Hazırda orta gündəlik hasilatı 18-19 milyon kubmetr qaz və 4 min ton kondensat olan 3 quyu istismar edilir. Bu gün 15 illiyini təntənə ilə qeyd etdiyimiz “Şahdəniz” layihəsi üzrə hasil olunan qazın Gürcüstan və Türkiyəyə ixrac edilməsi məqsədi ilə Cənubi Qafqaz qaz boru kəməri tikilib istifadəyə verilmişdir. 2006-cı ildən etibarən “Şahdəniz” qazı Səngəçal terminalında ilkin emaldan keçirilərək, ötürücülük qabiliyyəti ildə 20 mlrd. kubmetr təşkil edən Bakı-Tbilisi-Ərzurum kəməri vasitəsi ilə nəql olunur.

Artıq yatağın işlənilməsinin II mərhələsinə hazırlıq başa çatmaq üzrədir. İnkişaf konsepsiyasına əsasən, bu mərhələdə əlavə hasilat ildə minimum 16 mlrd. kubmetr səviyyəsinə çatdırılmalı, bunun üçün 30 hasilat quyusu istismara verilməli, yeni SDB platforması və kommunikasiya sistemi tikilməlidir. 2-ci mərhələ üzrə ilk qazın hasil olunması 2017-ci ilə proqnozlaşdırılır.

- Rövnəq müəllim, qaz hasilatı ilə bağlı perspektiv planlar haqqında da məlumat verməyinizi xahiş edirik. Aşkar olunmuş yeni yataqların işlənməsi baxımından qarşıda hansı vəzifələr dayanır?

- ARDNŞ son dövrdə istər xarici tərəfdaşlarla birlikdə, istərsə də müstəqil olaraq Xəzərin dərinsulu hissələrində yerləşən mürəkkəb qaz strukturlarında kəşfiyyat və qazma işlərini uğurla həyata keçirməyə qadir olduğunu sübut etmişdir. Uzun fasilədən sonra “Ümid” perspektivli strukturunda daxili resurslar hesabına başlanmış kəşfiyyat işləri ötən il böyük müvəffəqiyyətlə nəticələnmişdir. Dənizin 58 metr dərinliyində quraşdırılmış stasionar özüldən qazılan 8 saylı birinci quyuda güclü qaz axını alınmış və beləliklə də, Xəzərin Azərbaycan sektorunda yeni bir qaz-kondensat yatağı kəşf olunmuşdur. İlkin hesablamalara görə, yatağın çıxarıla bilən ehtiyatları 200 mlrd. kubmetr qaz, 40 mln. ton kondensat həcmində qiymətləndirilir. Hazırda yatağın ehtiyatlarının dəqiqləşdirilməsi məqsədi ilə qazılan ikinci quyuda işlər uğurla davam etdirilir. Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra kəşf edilmiş ilk yataq olaraq “Ümid”də alınan nəticələr həm də Xəzərin Azərbaycan sektorunda məhsuldarlıq perspektivlərini yüksəltmiş, yeni lay və yataqların açılması ehtimalını artırmışdır. Artıq “Babək” strukturunun ehtiyatları 400 mlrd. kubmetr qaz, 80 mln. ton kondensat həcmində qiymətləndirilir.

Neftçilərin peşə bayramı ərəfəsində ölkəmizin qaz ehtiyatlarının artırılması baxımından xüsusi əhəmiyyət kəsb edən daha bir əlamətdar hadisə baş vermişdir. ARDNŞ və onun layihə üzrə tərəfdaşları- Fransanın TOTAL və GdF şirkətləri tərəfindən “Abşeron” qaz-kondensat yatağının kəşf edildiyi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına məruzə olunmuşdur. Dövlətimizin başçısı bu hadisəni yüksək qiymətləndirmiş və yeni yatağın açılması münasibəti ilə xalqımızı təbrik etmişdir. Cənubi Xəzər neftli-qazlı hövzəsinin Abşeron arxipelaqında, Bakı şəhərindən 85-100 kilometr Şərqə doğru açıq dənizdə yerləşən bu struktur Azərbaycan geofiziklərinin seysmik kəşfiyyat işləri nəticəsində 1960-cı ildə aşkar edilmiş və 1993-cü ildə axtarış qazmasına hazırlanmışdır. 1997-ci ildə bu blokun “Şevron” və “Total” şirkətləri ilə birgə işlənilməsinə dair saziş imzalanmışdır. 2000-ci ildə burada bir quyu qazılsa da texniki səbəblərdən ləğv edilmiş və 2005-ci ildə sazişə xitam verilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Abşeron” yatağının kəşf olunması münasibəti ilə açıqlamasında Azərbaycan geoloqlarının, ARDNŞ mütəxəssislərinin bu strukturda məhsuldar layların olduğuna həmişə dərin inam bəslədikləri xüsusi vurğulanmışdır. Tarix sübut etdi ki, onların inam və qətiyyəti dəqiq elmi tədqiqatlara, düzgün təcrübi araşdırmalara əsaslanırdı. Əldə olunan geoloji-kəşfiyyat məlumatlarının təkrar qiymətləndirilməsi bir müddət sonra “Abşeron” layihəsini yenidən diqqət mərkəzinə gətirdi. 2009-cu il fevralın 27-də ARDNŞ ilə Fransanın “Total” şirkəti arasında yeni bir HPBS imzalandı. Bu ilin yanvarında layihə dərinliyi 7200 metr olan quyunun qazılmasına başlandı və sentyabrın əvvəllərində 6558 metr dərinlikdə Fasilə lay dəstəsi açıldı. Quyuda aparılmış geofiziki tədqiqat işlərinin nəticəsi müsbət qiymətləndirilir. Fasilə lay dəstəsi və Balaxanı dəstəsinin 8-ci horizontu karbohidrogenlərlə doymuş hesab olunur. Hazırda quyuya qoruyucu kəmərin buraxılması üçün iş aparılır. Əlbəttə, bir quyuda alınmış nəticələrə əsasən, yatağın ehtiyatlarının qiymətləndirilməsi asan məsələ deyil, amma mütəxəssislərimizin ilkin hesablamalarına görə “Abşeron” yatağında 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat həcmində karbohidrogen ehtiyatlarının olduğu ehtimal edilir.

Ötən ilin oktyabrında ARDNŞ ilə BP Exploration (Azərbaycan) şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şəfəq-Asiman” perspektiv strukturunun birgə geoloji-kəşfiyyatı və işlənməsi haqqında hasilatın pay bölgüsü sazişi (HPBS) imzalanmışdır. Hazırda “BP-Azərbaycan” şirkəti ilə “Kaspian Geofizikal” Müştərək Müəssisəsi tərəfindən həmin strukturda 3 D seysmik tədqiqat işlərinin aparılmasına hazırlıq işləri tamamlanma mərhələsindədir. Qarşıdakı dövrdə Almaniyanın RWE şirkəti ilə “Naxçıvan” perspektiv strukturunda kəşfiyyat işlərinə başlanılması da nəzərdə tutulur. Bu strukturda 300 mlrd. kubmetr qaz, 40 milyon ton kondensat ehtiyatı olması gözlənilir. “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun dərinlikdə yerləşən qaz ehtiyatlarının işlənilməsi məsələsi də baxılma mərhələsindədir. İlkin qiymətləndirmələrə əsasən, burada da qaz ehtiyatları 300 mlrd. kubmetr civarındadır.

Ümumiyyətlə, həyata keçirilən layihə və proqramlar üzrə görülən işlər, eləcə də, perspektiv strukturların potensialı nikbin proqnozlar üçün əsas verir. 2015-ci ildə ölkə üzrə neft hasilatının 50-55 mln. tona, qaz hasilatının isə 30 mlrd. kubmetrə çatdırılacağı nəzərdə tutulur. Deməli, region və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin qorunmasında Azərbaycanın rolu qarşıdakı illərdə daha da artacaqdır. 2020-ci ilədək Avropanın enerji istehlakının 70 faizinin, 2030-cu ilədək isə 85 faizədək hissəsinin idxal hesabına təmin ediləcəyi barədə ekspert rəyləri fonunda bu, xüsusən böyük əhəmiyyət kəsb edir. Ölkənin təsdiq edilmiş qaz ehtiyatlarının həcmini bu gün 2,5 trilyon kubmetrdən artıq qiymətləndirmək mümkündür.

- Bəs, Avropaya qaz nəqlini nəzərdə tutan beynəlxalq layihələrin perspektivini necə görürsünüz? Bu layihələrdə Azərbaycanın yeri və rolu nədən ibarətdir?

- Azərbaycan qazı Avropa Birliyi ölkələri tərəfindən təklif edilən NABUCCO, Türkiyə-Yunanıstan-İtaliya (İTGİ), Transadriatik qaz kəməri (TAP), “Bəyaz axın” kimi iritutumlu qaz kəmərləri layihələrinin əsas mənbələrindən hesab olunur. Hazırda Azərbaycan qazının uzunmüddətli sazişlər əsasında Avropa Birliyi ölkələrinə tədarük olunması istiqamətində əlverişli variantlar araşdırılır. Azərbaycan Avropa Birliyi və digər regionlarla yeni, birbaşa enerji və nəqliyyat əlaqələri yaradan müasir İpək Yolunu - “Cənub enerji dəhlizi” strategiyasını dəstəkləyir və bu strategiya çərçivəsində yeni qaz təchizatı dəhlizinin açılmasını Avropa qaz bazarının sabitliyinə təsir edə biləcək mühüm amil kimi qiymətləndirir.

Azərbaycan, Gürcüstan və Rumıniya arasında AGRİ (Azerbaijan-Georgia-Romania Interconnector) layihəsi üzrə “Qaz tədarükü sahəsində əməkdaşlıq haqqında” Memorandumun imzalanması Avropa ölkələrinə qaz tədarükü sahəsində yeni imkanlar açılmasından xəbər verir. AGRİ layihəsi gələcəkdə Azərbaycan təbii qazının boru xətləri vasitəsi ilə Gürcüstanın Qara dəniz sahillərinə nəql olunmasını, Kulevidə xüsusi terminalda mayeləşdirilərək (LNG), tankerlərlə Rumıniyanın Konstansa limanındakı terminala çatdırılmasını, sonra isə yenidən təbii qaz şəklində Rumıniyanın və digər Avropa ölkələrinin qaz infrastrukturu şəbəkəsinə ötürülməsini nəzərdə tutur. Artıq həm AGRİ, həm də sıxılmış qazın Gürcüstandan Bolqarıstana daşınması layihələri üzrə ilkin işlərə başlanılmışdır. Azərbaycan hasil etdiyi təbii qaz həcmlərini Avropa və digər ölkələrin artan qaz tələbatının təminatına yönəltməyə, bu məqsədlə müxtəlif nəqliyyat seçimlərinin diversifikasiyasına tərəfdardır. İstehsalçı ilə son istehlakçılar arasında birbaşa əlaqənin yaradılması, tranzit azadlığı, habelə təbii qazın nəqli zamanı şəffaf xərclərə əsaslanan sabit tranzit rejimlərindən istifadə olunması, diskriminasiyaya yol verilməməsi beynəlxalq hüquqa əsaslanan başlıca prinsiplərdir. Biz istər istehsalçı, istərsə də tranzit ölkə kimi bu prinsiplərə sadiqik və qarşı tərəflərdən də bunu gözləyirik.

- Məlum olduğu kimi, ARDNŞ xarici ölkələrdə də geniş investisiya layihələri həyata keçirir. Bu layihələr haqqında nə deyə bilərsiniz?

- Bu gün Türkiyə Cümhuriyyətinin ən iri neft-kimya müəssisəsi olan “Petkim”- Holdinq ARDNŞ-nin idarəçiliyindədir. Son illərdə bu holdinqin iqtisadi mövqeyi güclənmiş, istehsal etdiyi məhsullar Türkiyə bazarının təqribən 30 faizini əhatə etmişdir. 2010-cu ildə konsernin tərkibinə daxil olan 7 fabrikdə istehsalın ümumi həcmi rekord səviyyəyə çatdırılmışdır. “Petkim”in xammala, əsasən naftaya olan tələbatının ödənilməsi, idxaldan asılılığının aradan qaldırılması məqsədi ilə ARDNŞ onun nəzdində yeni neft emalı zavodunun tikintisini planlaşdırır. Təməli yaxın vaxtlarda qoyulacaq Egey Neft Emalı Zavodunun emal gücü ildə 10 milyon ton neft təşkil edəcəkdir. Burada istehsal olunacaq məhsulların Türkiyə bazarı ilə bərabər, Aralıq dənizi və Cənubi Avropa bazarlarına da ixrac edilməsi nəzərdə tutulur. Yaranacaq əlavə enerji ehtiyacının ödənilməsi məqsədi ilə holdinqin tərkibində 25 meqavatt gücündə külək enerji stansiyasının inşası üçün müvafiq lisenziya alınmışdır.

Şirkətimiz 10-dan artıq ölkədə fəaliyyət göstərən nümayəndəlikləri, İsveçrə, Türkiyə, Gürcüstan, Ukrayna, Rumıniya və başqa ölkələrdəki müəssisələri vasitəsi ilə dünya enerji bazarında özünə layiqli yer tutmağa nail olub. Böyük Britaniya, Almaniya, Avstriya, Gürcüstan, Türkiyə, Rumıniya, İsveçrə, Qazaxıstan, Ukrayna və İranda yaradılmış nümayəndəlikləri ARDNŞ-nin beynəlxalq fəaliyyətinin təşkilində mühüm rol oynayır, müəssisələrin təsis olunması, müqavilələrin hazırlanması və s. işlərdə yaxından iştirak edir, lazımi tədbirləri operativ olaraq yerinə yetirirlər. Hazırda Şirkətin təsisçiliyi ilə yaradılmış 35 birgə müəssisə, 6 alyans Azərbaycanda və dünyanın müxtəlif ölkələrində neft-qaz sənayesinin demək olar ki, bütün sahələrində uğurla fəaliyyət göstərir.

Xarici ölkələrdə həyata keçirilən investisiya layihələri ARDNŞ-nin strateji inkişafına xidmət edir. Bu sırada Gürcüstandakı ən böyük aktivimiz olan Kulevi Qara Dəniz Terminalı xüsusi qeyd olunmalıdır. Şirkətə məxsus neft və neft məhsullarının dünya bazarına çıxarılmasında əhəmiyyətli rola malik olan bu terminal fəaliyyət göstərdiyi 2008-ci ildən etibarən Azərbaycana Qara dənizdə əlverişli mövqe qazandırmışdır. Artıq Kulevi Terminalında yük dövriyyəsi 3 dəfəyədək artırılmış, ümumi yükdaşıma həcmi 6 milyon tona çatdırılmışdır. Bu, təkcə Azərbaycana deyil, region ölkələrinə də böyük mənfəət gətirmişdir. Belə ki, terminal Qazaxıstanın “Tengiz” yatağından hasil olunan xam neft həcmlərinin dünya bazarına nəqli istiqamətində də əhəmiyyətli rol oynayır.

Gürcüstan ictimaiyyəti ARDNŞ-nin qonşu ölkədə neft məhsullarının səmərəli satışını həyata keçirən “SOCAR Georgia Petroleum”, bölgələrin qaz təminatında mühüm rol oynayan “SOCAR Georgia Gas” kimi törəmə müəssisələrinin fəaliyyətini yüksək qiymətləndirir. Şirkətimiz hazırda Gürcüstan neft məhsulları bazarının 50 faizini əhatə edir. Burada “SOCAR” brendi ilə 70-dən artıq yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Tezliklə həmin stansiyaların sayını 100-ədək artırmağı planlaşdırırıq. “SOCAR Georgia Petroleum” MMC, həmçinin, azərbaycanlıların kompakt yaşadığı bölgələrdə irihəcmli sosial layihələr də həyata keçirir. Müəssisə 4 ildir ki, dalbadal “İlin ən iri vergi ödəyicisi”, habelə “Gürcüstana ən böyük sərmayə yatıran şirkət”, “Müasir YDM-lər şəbəkəsi” və “Xeyriyyəçi şirkət” mükafatlarına layiq görülür.

Bu gün Gürcüstanın 30 regional qaz distribusiya şirkəti “SOCAR Georgia Gas” tərəfindən idarə olunur. Bu müəssisənin həyata keçirdiyi 3 illik investisiya proqramı çərçivəsində 150 mindən artıq abonentin qazlaşdırılması nəzərdə tutulur. Artıq Gürcüstanın onlarla yaşayış məntəqəsində, o cümlədən, azərbaycanlıların kompakt yaşadığı bir neçə kənddə qaz kəmərləri tikintisi başa çatdırılmış, iri yaşayış massivlərində qaz təchizatının bərpa edilməsinə nail olunmuşdur.

Ötən il ARDNŞ Ukrayna və Rumıniyanın pərakəndə yanacaq satışı bazarlarına inamla daxil olmuşdur. Şirkətimiz, eyni zamanda, “SARMATİA” birgə müəssisəsi çərçivəsində AvroAsiya Neft Nəqliyyatı Dəhlizi layihəsi üzrə görülən tədbirlərdə fəal iştirak edir. Artıq Azərbaycan neftinin Ukrayna və qonşu ölkələrin bazarlarına çatdırılması sahəsində konkret nəticələr əldə olunmuşdur.

 

 

Yeni Azərbaycan.- 2011.- 20 sentyabr.- S.5.