“Əsrin
müqaviləsi” haqqında tarixi qeydlər
Ulu öndər Heydər Əliyevin “Dünya təcrübəsi
göstərir ki, heç bir ölkə beynəlxalq əməkdaşlıq,
təcrübə mübadiləsi olmadan, səylər və
ehtiyatlar birləşdirilmədən təkbaşına
iqtisadi tərəqqiyə nail ola bilməz” fikri bu
günün gerçəklikləri fonunda bir daha təsdiqini
tapır.
1994-cü ildə “Əsrin müqaviləsi”nin
imzalanmasından ötən müddət ərzində neft-qaz
sektoruna 38 milyard dollardan artıq sərmayə qoyulması, digər
yataqlar və strukturlar üzrə irimiqyaslı layihələrin
həyata keçirilməsi, 1994-2009-cu illərdə xarici neft
şirkətləri ilə hasilatın pay bölgüsü
üzrə 31 sazişin imzalanması günün
reallıqlarıdır.
Bu gün Yer kürəsi üzrə neft ehtiyatları
140-200 milyard ton arasında qiymətləndirilir. Bu rəqəmdən
5 milyard ton isə Azərbaycanın payına düşür.
Bununla Azərbaycan böyük neft istehsalçıları
olan bir sıra ölkələri qabaqlayır. Təbii ki, bu
olduqca böyük göstəricidir. Buradan da bir daha Azərbaycanın
strateji əhəmiyyəti özünü qabarıq şəkildə
büruzə verir. “Əsrin müqaviləsi”nin imzalanması
isə təbii ki, bu zərurətdən meydana gəldi.
Xüsusilə Heydər Əliyevin bu amili yüksək peşəkarlıqla
dəyərləndirərək dünyanın ən
böyük şirkətlərini Azərbaycanda toplaması və
tarixi sənədin imzalanması onun uzaqgörənliyindən
xəbər verirdi.
“Əsrin müqaviləsi” ilə
bağlı danışıqların 1994-cü ilin yazında
və yayındakı İstanbul və Hyustondakı son mərhələləri
xüsusilə ağır keçdi. Bəzən böhran
anları da olur, müəyyən şərtlərin qəbuledilməzliyi
ucbatından danışıqlar dayandırılma məqamına
çatırdı. Həmin anı İlham Əliyev belə
xatırlayır: “Biz xarici şirkətlərə deyirdik: siz
ayrı-ayrı şirkətlərin maraqlarını
müdafiə edirsiniz. Biz isə ölkənin və
Azərbaycan xalqının maraqlarını müdafiə
edirik. Əgər siz səhvə yol versəniz, bu, sizin
şirkətin yalnız bir layihəsində öz əksini
tapacaq, əgər biz səhv etsək, bu səhv bütün
Azərbaycan xalqının mənafeyinə xələl gətirəcəkdir.
Başqa sözlə, biz heç cür heç bir səhvə
yol verə bilmərik.” Bütün çətinliklərə
baxmayaraq, müqavilə Azərbaycanın milli mənafeyinə
uyğun hazırlandı.
1994-cü il
sentyabrın 20-də Bakıda “Gülüstan” sarayında Xəzərin
Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli”
yataqlarının dərin su qatlarındakı neftin birgə
işlənməsi haqqında hasilatın pay
bölgüsü müqaviləsi imzalandı. Müqavilə
öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi”
adlandırıldı. Sənəd təxminən 400 səhifə
həcmində və 4 dildə öz əksini tapıb. “Əsrin
müqaviləsi”ndə dünyanın 8 ölkəsinin (Azərbaycan,
ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç,
Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur
neft şirkəti (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl,
Statoyl, Ekson, Türkiyə Petrolları, Penzoyl, İtoçu,
Remko, Delta) iştirak edib. Bununla da yeni neft strategiyası və
doktrinası uğurla həyata keçirilməyə
başlandı. “Əsrin müqaviləsi” Azərbaycan
Respublikasının Milli Məclisi tərəfindən təsdiq
edildi və 12 dekabr 1994-cü ildə qüvvəyə mindi. Qeyd edək ki, ilk dəfə hesablanmış
çıxarılabilən neft ehtiyatı 511 milyon ton olub,
sonralar qiymətləndirici quyuların nəticələrinə
görə bu ehtiyat 1 milyard tona çatıb və bununla əlaqədar
yataqların işlənilməsinə tələb olunan sərmayə
xərcləri 11,5 milyard ABŞ dolları qəbul edilib.
“Əsrin müqaviləsi”
üzrə aparılan işlərin nəticəsində
respublikada neft hasilatı durmadan artmaqda davam edir. 1997-2007-ci illər
ərzində neft hasilatı 4,7 dəfə artıb. Belə ki, 1997-ci ildə respublikada 9,0 mln. ton neft
hasil edilmişdisə, 2005-ci ildə 22,2 mln. ton, 2006-cı ildə
əvvəlki rekord göstəricini keçərək
(1941-23,5 mln. t) 32,3 mln. ton, 2007-ci ildə isə 42,6 mln. ton neft
hasil edilib. 2010-cu ildə isə bu rəqəm daha da artaraq 51
milyon tona çatdırıldı. Artıq uzun illərdir ki, “Azəri-Çıraq-Günəşli”
yatağı layihəsinin iştirakçıları, o
cümlədən Azərbaycan “mənfəət nefti”ndən
gəlir əldə edirlər. 1999-cu ilə qədər neftin
satışından əldə edilən gəlir sərmayə
qoyuluşunun ödənilməsinə sərf edilirdisə,
1999-cu ilin dekabrından Azərbaycanın “mənfəət
nefti” ilə dolu tankeri xarici bazarlara çıxarılıb.
2008-ci il mayın sonuna 26 mln. tona qədər (217 tanker) “mənfəət
nefti” dünya bazarlarında satılıb. “Mənfəət
nefti”nin satışından əldə edilmiş gəlir
ümummilli lider Heydər Əliyev tərəfindən
yaradılmış Dövlət Neft Fondunda toplanılır. “Azəri-Çıraq-Günəşli”
yataqlarının tam miqyasda işlənilməsi, eləcə
də ölkədə, birinci növbədə Xəzərin
Azərbaycan sektoru akvatoriyasında, yeni neft-kondensat
yataqlarının açılması
mümkünlüyü, yaxın gələcəkdə Azərbaycanda
neft hasilatının əhəmiyyətli dərəcədə
yüksəldilməsinin 2015-ci il 60 mln. ton
proqnozlaşdırılmasına imkan verir.
Azərbaycan
neftinin Avropaya və dünya bazarlarına
çıxarılması üçün 1997-ci ildə
mövcud olan “Şimal istiqaməti” Bakı-Novorossiysk və
1999-cu ildə tikilmiş “Qərb marşrutu” Bakı-Supsa neft
kəmərinə əlavə olaraq 2006-cı ilin mayında
“Bakı-Tbilisi-Ceyhan” neft ixrac kəməri işə
salındı. Qeyd edək ki, 1999-cu ilin noyabrında Türkiyənin İstanbul şəhərində
keçirilmiş ATƏT-in Sammitində ABŞ, Türkiyə,
Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkmənistan
prezidentləri tərəfindən Bakı-Tbilisi-Ceyhan (BTC) əsas
ixrac neft kəmərinin çəkilişi haqqında
dövlətlərarası Müqavilə imzalandı. 2002-ci
il sentyabrın 18-də Bakıda, Səngəçal terminalında ümummilli liderimiz Heydər Əliyevin,
Türkiyə və Gürcüstan prezidentlərinin
iştirakı ilə Bakı-Tbilisi-Ceyhan ixrac neft kəmərinin
təməl daşı qoyulmuş və tikintisinə
başlanıldı. BTC-nin Azərbaycan hissəsinin
Gürcüstan hissəsi ilə birləşdirilməsi
2004-cü ilin oktyabrında baş tutdu. 2006-cı il iyulun 13-də
isə Türkiyənin Ceyhan şəhərində XXI əsrin
ən böyük enerji layihəsi olan Heydər Əliyev
adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli
açılış mərasimi keçirildi. Kəmərin
texniki-iqtisadi əhəmiyyətindən başqa, onun siyasi
rolu da böyükdür. Belə ki, bu neft kəməri
dünya dövlətləri ilə Azərbaycan dövlətinin
yeni münasibətlərinin, dünya xalqları ilə Azərbaycan
xalqının əlaqələrinin yenidən qurulmasına təkan
verəcək, Azərbaycanın xarici siyasətinin güclənməsinə
və inkişaf etməsinə səbəb olacaq.
Bakı-Tbilisi-Ceyhan ixrac neft kəməri
unikal bir kəmərdir. Bu kəmərin
ümumi uzunluğu 1769 km-dir, keçirmə qabiliyyəti
gün ərzində 1 mln. barrel, ildə 50 mln. tondur. Əgər
“Əsrin müqaviləsi” layihəsi Azərbaycanı bir daha
bütün dünyaya neft ölkəsi kimi
tanıtmışdısa, 1999-cu ilin iyununda nəhəng
“Şahdəniz” yatağının kəşf edilməsi və “Şahdəniz” qaz layihəsinin
müvəffəqiyyətlə həyata keçirilməsi Azərbaycanın
yaxın vaxtlarda dünyaya böyük miqdarda qaz ixrac etmək
qabiliyyətinə malik olan bir ölkəyə çevriləcəyini
söyləmək imkanını yaratmış oldu.
2006-cı ilin dekabrında “Şahdəniz” yatağının
şərq hissəsinin mənimsənilməsinə
başlanıldı.
Qeyd etmək lazımdır ki,
Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin
tikintisi layihələrində məqsəd yalnız
Gürcüstandan keçərək Azərbaycan və
Türkiyəni birləşdirən nəql sisteminin
yaradılması deyildi. Bu sistemdən istifadə
etməklə Xəzəryanı ölkələrin-Qazaxıstan
və Türkmənistanın karbohidrogenlərinin Azərbaycan,
Gürcüstan və Türkiyə ərazilərindən
keçərək Avropa ölkələrinə
daşınmasını həyata keçirmək
üçün bir çox layihələr vardı. Avropa
ölkələrinin neft və qaza olan tələbatları
ildən-ilə artır və bu baxımdan Şərq-Qərb
enerji dəhlizinin istifadə olunma perspektivləri daha
genişdir. Bu, Qazaxıstan və Türkmənistan karbohidrogen
ehtiyatlarının Türkiyədən keçərək
Yunanıstana daşınmasına imkan verir.
“Əsrin müqaviləsi” Azərbaycanın
sosial təhlükəsizliyinin təminatçısıdır
Təbii ki, “Əsrin müqaviləsi”nin
əhəmiyyətindən danışarkən sənədin
ilk növbədə ölkənin sosial təhlükəsizliyinin
təminatında mühüm rol oynadığını
xüsusi qeyd etmək lazımdır. Belə ki, 1994-cü ildə
bu sənəd imzalanandan sonra ölkənin iqtisadi
inkişafı sürətləndi. Nəticədə
insanların həyat şəraiti, yaşayış səviyyəsi
durmadan artmağa başladı. Mərhələlərlə
regionların sosial-iqtisadi inkişafı üzrə 2004-2008 və
2009-2013-cü illəri əhatə edən Dövlət
proqramları qəbul olundu və hazırda uğurla icra
edilir.
Sözsüz ki, neftdən gələn
gəlirlərin səmərəli şəkildə istifadəsi,
xalqın rifahı üçün xərclənməsi əsas
şərtdir. Bunun üçün ulu öndər
Heydər Əliyevin 1999-cu il 29 dekabr tarixli fərmanı ilə
Dövlət Neft Fondu yaradıldı. Fondun
qarşısında qoyulan əsas məqsədlərdən
biri neft gəlirlərinin gələcək nəsillər
üçün toplanaraq artırılması, bu gəlirlərdən
ölkənin sosial ehtiyaclarını, iqtisadi tərəqqi
və inkişaf tələblərini nəzərə almaqla,
bugünkü nəsillər üçün istifadə edilməsidir.
Neft Fondunun qarşısında, həmçinin
iqtisadiyyatı artan xarici valyuta daxilolmalarının
mümkün mənfi təsirlərindən qorumaq, makroiqtisadi
tarazlığı gözləmək və maliyyə
intizamına xələl gətirməmək məqsədləri
dayanır.
Neftdən əldə
olunan gəlirlərin xalq arasında ədalətli
paylanması və əhalinin sosial müdafiəsinin təminatı,
qeyri-neft sektorunun inkişafı naminə sərf olunması
üçün yaradılan Dövlət Neft Fondunun aktivlərinin
bu gün 20 milyard dolları ötüb keçməsi neft
strategiyasının uğurla davam etdirilməsinin nəticəsidir.
BTC-dən sonra əhəmiyyətinə görə
neft kəmərindən geridə qalmayan Bakı-Tbilisi-Ərzurum
qaz kəmərinin istifadəyə verilməsi,
Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin reallığa
çevrilməsi istiqamətində addımların
atılması Azərbaycanın beynəlxalq aləmdə
nüfuzunu, regional əhəmiyyətini artırdı. Bu gün
Azərbaycanın nefti Bakı-Tbilisi-Ceyhan, Bakı-Novorossiysk,
Bakı-Supsa kəmərləri, təbii qazı isə
Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə dünyanın
bir çox ölkəsinə nəql olunur. Bu
sistemdə ulu öndər Heydər Əliyevin şah əsərlərindən
hesab olunan, sutkada bir milyon barrel Azərbaycan neftini tam təhlükəsiz
Aralıq dənizi sahillərinə ixrac imkanına malik BTC-nin
xüsusi yeri var. İndi BTC artıq Azərbaycan neftinin deyil,
Mərkəzi Asiya ölkələrinin enerji resurslarının
dünya bazarlarına nəqlinə imkan yaradan infrastruktur kimi
böyük əhəmiyyət daşıyır.
DNF bir sıra əhəmiyyətli
layihələrin maliyyələşdirilməsini həyata
keçirir. Ötən il istifadəyə verilən Oğuz-Qəbələ-Bakı
su kəməri də fondun vəsaiti hesabına həyata
keçirildi. Dövlət Neft Fondu təbii
ehtiyatların idarə olunmasından əldə edilən gəlirlər
və onların xərclənməsi istiqamətlərinin
ictimaiyyətə çatdırılmasında şəffaflığın
təmin olunması üçün gəlir və xərcləri
haqqında rüblük məlumatlar açıqlayır.
Fond Mineral Ehtiyatların Hasilatı ilə Məşğul
olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün
Azərbaycanda tətbiqi prosesində fəal iştirak edir.
DNF-ni şəffaflıq
kriteriyaları üzrə nümunəvi qurum kimi dəyərləndirən
dövlət başçısı İlham Əliyev bildirir
ki, biz elə etməliyik ki, neft-qaz sahəsində əldə
edilmiş şəffaflıq bütün maliyyə sektoruna
şamil edilsin. Neft və qazdan əldə olunan gəlirlərin
toplanmasında və xərclənməsində şəffaflığın
yüksək səviyyədə təmin olunması
mühüm sosial-iqtisadi layihələrin həyata
keçirilməsinə zəmin yaradır. Qeyd etdiyimiz kimi,
ötən il DNF-nin vəsaitləri ilk dəfə olaraq 20
milyard dolları keçib. 2010-cu il ərzində Dövlət
Neft Fondunun büdcə gəlirləri 13088,5 milyon manat,
büdcə xərcləri isə 6386,5 milyon manat təşkil
edib. Fondun 2010-cu il büdcəsinin gəlir hissəsi 144,9
faiz, xərc hissəsi isə 99,4 faiz yerinə yetirilib.
Keçən
il Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata
keçirilməsi ilə bağlı gəlirləri 12932,6
milyon manat, o cümlədən mənfəət neftinin və
qazın satışından 12761,1 milyon manat,
Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsi
üzrə dividentlərdən 158,7 milyon manat tranzit gəlirləri 8,3 milyon manat,
akrhesabı ödənişlər 1,2 milyon manat, xarici sərmayəçilər
tərəfindən təhvil verilmiş aktivlərdən 1,7
milyon manat, bonus ödənişləri 1,6 milyon manat təşkil
edib. 2010-cu ildə Neft Fondunun vəsaitlərinin idarə
olunmasından əldə olunan gəlir 155,9 milyon manata bərabər
olub.
Hesabat dövründə Neft
Fondunun 2010-cu il büdcəsinin icrası çərçivəsində
5915,0 milyon manat vəsait dövlət büdcəsinə
transfer edilib. Qaçqın və məcburi
köçkün ailələrinin məskunlaşdırılması
və sosial-məişət vəziyyətinin
yaxşılaşdırılması üzrə tədbirlərin
həyata keçirilməsinə 104,9 milyon manat,
Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və
Oğuz-Qəbələ zonasından Bakı şəhərinə
su kəmərinin çəkilişi layihələrinin
maliyyələşdirilməsi məqsədilə isə
müvafiq olaraq 131,0 milyon manat və 1.99,6 milyon manat vəsait
ayrılıb.
“2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə
Neft Fondundan 9,6 milyon manat vəsait ayrılıb. Bununla
yanaşı, 12,4 milyon manat “Bakı-Tbilisi-Qars yeni dəmir
yolu” layihəsinin maliyyələşdirilməsinə yönəldilib.
2010-cu il ərzində Neft Fondunun idarə edilməsi ilə
bağlı xərcləri 14,0 milyon manat olub. Valyuta məzənnələrinin
dəyişməsindən yaranan fərq ilə bağlı
Fondun büdcədənkənar xərcləri 502,7 milyon manat
təşkil edib.
2011-ci il
yanvarın 1-nə olan məlumata görə, DNF-nin aktivləri
2010-cu ilin əvvəlinə (14900,4 milyon ABŞ dolları)
nisbətən 52,8 faiz artaraq 22766,8 milyon ABŞ dollarına bərabər
olub. Ümumilikdə DNF yarandığı gündən bəri
fonda 46 milyard dollar həcmində vəsait daxil olub və bunun
təxminən 50 faizi yığıma yönəldilərək
Neft Fondunun aktivlərinə daxil edilib. 2010-cu ildə DNF-nin
valyuta vəsaitləri də aydan-aya artıb. Vəsaitlərin
99 faizi isə sabit gəlirli qiymətli kağızlarda yerləşdirilib.
“2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı”nın qəbulu və icra
olunması da sosial təhlükəsizliyin təminatı ilə
bağlıdır. Hər bir dövlətin gücü onun
iqtisadi, hərbi, eyni zamanda intellektual potensialı ilə
ölçülür. Bu sırada intellektual potensialın
xüsusi çəkisi var. Çünki intellekt olmadan
heç bir sahədə uğur əldə etmək, irəliyə
doğru addımlamaq mümkün deyil. Azərbaycanda da bu sahəyə
xüsusi önəm verilir, kadr hazırlığı, gənclərin
xarici ölkələrdə təhsil almaları və s. bu
kimi məsələlər diqqətdə saxlanılır.
Yeni neft
strategiyasının əsas icraçısı olan Azərbaycan
Respublikası Dövlət Neft Şirkəti də dövlətin
bu sahədəki siyasətinə öz dəstəyini
göstərir. Şirkət 2006-cı ildən etibarən
perspektivli neftçi mütəxəssislərin
hazırlanması məqsədi ilə azərbaycanlı gənclərin xaricdə
təhsili üzrə Təqaüd Proqramını həyata
keçirir. İndiyədək Proqrama 118 gənc cəlb
edilib. Artıq 37 təqaüdçü təhsilini müvəffəqiyyətlə
başa çatdıraraq Vətənə qayıdıb və
ARDNŞ-in müxtəlif strukturlarında
çalışır. Hazırda təhsili
maliyyələşdirilən 81 təqaüdçünün
35 nəfəri bakalavr, 46 nəfəri isə magistr dərəcəsi
üzrə Almaniya, Böyük Britaniya, ABŞ, Fransa,
Türkiyə, Kanada, Hollandiya və Norveçin nüfuzlu
universitetlərində təhsil alır.
Sözsüz ki, bütün bunlar son deyil. Çünki bu gün Azərbaycan “Əsrin
müqaviləsi”nin uğurlarını
yaşayır. Və hələ bundan sonra bu sahədə
ölkəmizi daha böyük uğurlar gözləyir.
Təbii ki, bu amillər də insanların həyat
şəraitinin, Azərbaycanın sosial təhlükəsizliyinin
təminatında mühüm rol oynayacaq.
“İqtisadiyyatımızın
inkişafında “Əsrin müqaviləsi”nin
rolu və ya tənəzzüldən iqtisadi yüksəlişə
doğru”
Azərbaycanın iqtisadi
inkişafının təməlində məhz “Əsrin
müqaviləsi” amili dayanır. Azərbaycan iqtisadi göstəriciləri
ilə dünyanın nüfuzlu maliyyə qurumlarının
hesabatlarında ön yerdə dayanır. Baxmayaraq ki, 2009
və 2010-cu illər tarixə böhran ili
kimi daxil oldu, bu dövrdə ölkə iqtisadiyyatı dinamik
inkişafı ilə dünyanın diqqətində oldu. Ölkədə aparılan islahatlar dayanıqlı
və şaxələndirilmiş iqtisadiyyat yaratmağa
geniş imkanlar açdı. Qeyd edək
ki, ötən ilin əvvəllərində beynəlxalq maliyyə
qurumları ölkəmizdə iqtisadi inkişafla bağlı
proqnozlarını irəli sürmüşdülər.
Belə ki, 2010-cu ildə ümumi daxili məhsulun artım
sürətini Beynəlxalq Valyuta Fondu 12,5 faiz, Dünya
Bankı 7,8 faiz, Avropa Yenidənqurma və İnkişaf
Bankı 6 faiz, Asiya İnkişaf Bankı 6,7 faiz proqnozlaşdırmışdı.
Sözsüz ki, bu proqnozlar uğurlu siyasətə
əsaslanırdı.
İqtisadiyyatın aynası dövlət
büdcəsidir. Son yeddi ildə büdcə xərcləri 12 dəfə
artıb. Büdcəmiz investisiya və
sosial yönümlüdür. Müqayisə
üçün bildirək ki, əgər 2006-cı ilin
dövlət büdcəsindən investisiya layihələrinin
maliyyələşdirilməsinə 600 milyon manat
ayrılmışdısa, 2007-ci ildə bu rəqəm 1,5
milyard, 2008-ci ildə 4,3 milyard, 2009-cu ildə 5,6 milyard, 2010-cu
ildə isə 4,1 milyard manat olub. Ayrılan vəsaitlər
əsasən regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramında nəzərdə tutulan məqsədlərin
gerçəkləşdirilməsinə, xüsusilə sosial
infrastrukturun yeniləşdirilməsinə yönəldilib.
Azərbaycan 2005-ci ildən iqtisadi
artımın sürətinə görə dünyada
birinciliyi ələ alıb. 2010-cu ildə Azərbaycanda ümumi daxili məhsulun
artım sürətini Beynəlxalq Valyuta Fondu 12,5 faiz,
Dünya Bankı 7,8 faiz, Avropa Yenidənqurma və
İnkişaf Bankı 6 faiz, Asiya İnkişaf Bankı 6,7
faiz proqnozlaşdırmışdı. 2010-cu
ilin yanvar-noyabr ayları üzrə sosial-iqtisadi göstəricilərə
diqqət yetirməklə proqnozların reallığa əsaslandığını
təsdiq etmiş olarıq. Belə ki, bu müddətdə
iqtisadi inkişaf 4,5 faiz təşkil edib.
ÜDM-də məhsul istehsalı neft sektorunda 2,6
faiz, qeyri-neft sektorunda isə 5,9 faiz artıb.
Prezident İlham Əliyevin 24 noyabr 2010-cu il
tarixli fərmanı ilə “Azərbaycan Respublikasının
2011-ci il dövlət büdcəsi haqqında” qanunu təsdiq
edildi. Sənəddə qeyd edilir ki, 2011-ci ilin dövlət
büdcəsinin gəlirləri 12061000,0
min manat, xərcləri isə 12748000,0 min manat təsdiq
edilsin. 2011-ci ilin büdcə xərclərinin əsas
prioritetləri yenə də xərclərin sosial və
investisiya yönümlülüyünün təmin edilməsindən,
dövlətin müdafiə qabiliyyətini gücləndirmək
üçün tələb olunan maliyyə
ehtiyatlarının yaradılmasından, ünvanlı sosial
yardımın, regionların sosial iqtisadi inkişafına dair
tədbirlərin, investisiya və sosial proqramların təminatından
və digər tədbirlərdən ibarətdir. Göründüyü kimi, iqtisadi tərəqqi
büdcə xərclərinin artması ilə müşayiət
olunur.
Azərbaycanın neft gəlirlərindən
istifadə edərək qeyri-neft sektorunu inkişaf etdirmək
cəhdləri öz bəhrəsini verir. Təkcə onu demək kifayətdir ki,
son 7 ildə ölkəmizdə 950 min yeni iş yeri
açılıb, minlərlə yeni müəssisə fəaliyyətə
başlayıb. Bunların 80 faizi isə bölgələrin
payına düşür.
Göründüyü kimi, ölkədə
həyata keçirilən iqtisadi siyasət, xüsusilə də
neft siyasəti böyük uğurların əldə
olunmasına gətirib çıxarır. Təbii ki, bu
uğurların əsasında “Əsrin müqaviləsi”
dayanır.
“Əsrin müqaviləsi” Azərbaycanın
enerji təhlükəsizliyinin təminatçısı
rolunda
Təbii ki, enerji təhlükəsizliyi Azərbaycanın
xarici siyasət konsepsiyasının təməl prinsiplərindəndir. Avropaya inteqrasiya yolunu seçən
Prezident İlham Əliyevin vurğuladığı kimi,
ölkəmiz enerji təhlükəsizliyinə uzun illər
öncədən diqqət yetirib: “Azərbaycan öz enerji
strategiyasının həyata keçirilməsinə enerji təhlükəsizliyi
məsələlərinin Avropa bazarı üçün bu dərəcədə
vacib olmasından bir çox illər əvvəl
başlamışdır. 1994-cü ildə biz əsas
neft şirkətlərini Xəzərin Azərbaycan sektoruna gəlməyə
və sərmayə qoymağa dəvət etdik. Bunu etməklə, biz Xəzər dənizini və
onun resurslarını beynəlxalq əməkdaşlıq
üçün açdıq və bütün vəzifələrimizi
yerinə yetirdik.”
Dörd boru kəmərinin çəkilişi
enerji resurslarımızın şaxələndirilmiş nəqletmə
yollarının yaranmasına imkan verir. İstehlakçı
dövlətlərin təchizat yollarının şaxələndirilməsinə
verdiyi önəm enerji təhlükəsizliyini artırır
və bazarda daha ədalətli qiymətlər təmin edilir.
Bu baxımdan, müxtəlif dövlətlərlə
ikitərəfli səviyyədə əməkdaşlığın
qurulması mühüm əhəmiyyət daşıyır.
Azərbaycan Avropa İttifaqının
üzvü olan ölkələrlə ikitərəfli əməkdaşlığı
və ümumilikdə Avropa İttifaqı ilə işbirliyi
hər iki tərəfin maraqlarına cavab verir. Bu baxımdan, Azərbaycanla
Avropa İttifaqı arasında enerji məsələləri
üzrə strateji tərəfdaşlığa dair memorandumun
imzalanması yüksək qiymətləndirilməlidir.
Bir zamanlar ölkəmiz üçün uzaq və əlçatmaz
olan Avropa enerji bazarına Azərbaycan məhz Prezident İlham
Əliyevin davam etdirdiyi praqmatik siyasətin nəticəsində
daxil oldu: “Enerji siyasətimizi və layihələrin həyata
keçirilməsini başlayanda, həmin vaxt Avropa
İttifaqının bazarı bizim üçün uzaq olan məsələ
idi. Biz diqqəti əsasən, qonşu bazarlara,
qonşu ölkələrə yönəldirdik. Lakin əsas enerji layihəmiz reallığa
çevrildiyi bir vaxtda gördük ki, Avropaya, Avropa
İttifaqına alternativ təchizat lazımdır. Hasilatçı ölkə kimi, biz artıq həmin
məqsədə nail olmuşuq.”
Avropa İttifaqının “Yeni qonşuluq
siyasəti”ndə iştirak edən Azərbaycan ölkə
başçısının bəyan etdiyi kimi, xarici siyasətimizin
prioriteti Avropaya inteqrasiya yolunu seçib. “Biz Avropaya inteqrasiyanı
xarici siyasətimizin prioriteti hesab edirik. Bundan
əlavə, qeyd etdiyim kimi, bizim çox yaxşı enerji əməkdaşlıq
çərçivəmiz var. Ehtiyatlarımız və boru kəmərlərimiz
mövcuddur. Digər tərəfdən isə,
Avropada artan tələbatlar var. Bütün bu elementləri
bir-birilə uyğunlaşdıraraq, biz olduqca güclü tərəfdaşlığımızı
qura bilərik.”
Ölkəmizin Avropa strukturlarına fəal
inteqrasiyası Azərbaycanın inkişafı
baxımından olduqca mühümdür. Odessa-Brodı-Plotsk-Qdansk
boru kəməri vasitəsilə Azərbaycan öz neftini nəinki
Qara və Aralıq dənizlərinə, həm də Baltik dənizi
bazarına çıxara biləcək. Bu
layihə, eyni zamanda, regional tərəfdaşlıq işinə
də öz töhfəsini verir.
Bununla yanaşı, qeyd edək ki, vaxtilə
Rusiya və İrandan qaz idxal edən Azərbaycan son 5 ildə
qaz ixrac edən ölkəyə çevrilib. Təsdiq edilmiş qaz ehtiyatları, ən
azı 2 trilyon kubmetrə bərabərdir və bu, ölkəmizin
daxili tələbatı üçün ən azı 150 il kifayətdir. “Nabukko” layihəsinə
qoşulmaqla isə Azərbaycan enerji resurslarından daha
geniş istifadə imkanı əldə edəcək. Prezident İlham Əliyevin vurğuladığı
kimi, “Xəzər regionu Avropa İttifaqı üçün
yeganə yeni alternativ potensial qaz təchizatçısıdır,
çünki bütün digər təchizat mənbələri
artıq istifadə olunur. Düzdür,
Avropaya ənənəvi təchizat yolları ilə nəql
olunan enerji daşıyıcılarının hasilat həcmi
artmaqdadır, lakin yeni alternativ variant yalnız Xəzər
regionu sayılır. Biz bu yolu
yaradırıq. Bu, yeni enerji dəhlizidir.
Gələcəkdə olduqca uğurlu əməkdaşlığa
nail olmaq üçün biz Avropa İttifaqı ilə
sıx əlaqələndirmə işi aparmalıyıq.”
Ümumiyyətlə, qaz bazarı ilə
neft bazarını bir-birindən fərqləndirmək
lazımdır. Bu gün dünyada xüsusilə qaz bazarı
uğrunda nəhəng güclərin mübarizəsi gedir.
Prezident İlham Əliyevin bütün
bunları nəzərə alması bir daha söyləməyə
əsas verir ki, Azərbaycan qaz bazarında da əhəmiyyətli
dövlətə çevriləcək. “Qaz
bazarı neft bazarından tamamilə fərqlidir. O,
müxtəlif bazarlarla bağlıdır. Ona
görə enerji proqramımızı, qaz hasilatını
artırmaq məqsədi ilə böyük sərmayələr
proqramını planlaşdırmaq üçün biz Avropa
İttifaqının tələbatlarını və onun
hasilatımıza necə təsir göstərəcəyini
bilməliyik.”
Dövlət başçısının enerji təhlükəsizliyinə
nail olmaq yolları da olduqca açıq və aydındır.
O, dünya siyasətində zor və güc tətbiqinin əleyhinədir.
“Biz qəti şəkildə inanırıq ki,
yalnız və yalnız istehlakçı və
hasilatçıların ümumi maraqları fayda gətirə
bilər. Enerji
daşıyıcıları - neft və qaz toqquşma və
ya hər hansı digər məsələ yox, əməkdaşlıq
və dostluğun vasitələri olmalıdır. Bizim timsalımızda Azərbaycan Avropa
İttifaqının dostudur. Ölkəmiz
özünün Avropaya inteqrasiya siyasətinə sadiqdir.
Artıq mövcud infrastruktura və böyük
neft-qaz yataqlarına malikdir. Ölkəmiz
açıq ürəklə yaxından işləməyə
hazırdır.”
Bütün sadalanan faktları, real siyasi və
iqtisadi göstəriciləri nəzərə alaraq əsaslı
şəkildə söyləmək olar ki, Azərbaycan enerji
təhlükəsizliyi sahəsində dünya siyasətində
aparıcı mövqeyə malikdir.
Seymur Orucov,
YAP Gənclər Birliyinin sədr
İki sahil.- 2011.- 22
sentyabr.- S. 5;11.