Neft
Daşları ilə telekörpü
Neft
Daşları bütün dövrlərdə
sınaqdan çıxmış, mərd və iradəli
neftçilərin çalışdığı,
qurub-yaratdığı bir məkan olmuşdur.
“Neft Daşları” NQÇİ-nin rəisi Sarxan
Babaşov vurğulayır ki, bu gün də burada Xəzərə,
neft sənayesinə ürəkdən bağlı qəhrəmanlar
çalışırlar. Onların sosial-məişət
şəraitinin yüksək səviyyədə təşkili
daim ARDNŞ və “Azneft” İB rəhbərliklərinin diqqət
mərkəzində olan məsələlərdəndir. Sarxan
müəllimlə söhbətimiz məhz “Neft
Daşları” NQÇİ-də 2011-ci ilin səkkiz
ayında sosial sahədə yerinə yetirilmiş və
yaxın gələcəkdə görülməsi nəzərdə
tutulan işlər barədədir.
İdarə rəisi bildirir ki, Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin və “Azneft”
İstehsalat Birliyinin tapşırığı və
yaxından köməyi sayəsində 9-mərtəbəli
kişilər korpusunda yenidənqurma və əsaslı təmir
işləri başa çatmış, bütün otaqlar
yeni, müasir avadanlıq və inventarlarla təchiz
olunmuşdur. Belə ki, 9 mərtəbəli kişilər
korpusuna son aylar ərzində 162 ədəd televizor, 118 ədəd
soyuducu, 158 ədəd kondisioner, 370 ədəd
çarpayı və digər inventarlar alınmış, otaqlar komplektləşdirilmişdir.
Bütün otaqların jalüzləri vurulmuş,
televizor, telefon xətləri çəkilmiş, kondisionerlər
quraşdırılmışdır. Dəhlizlərə bəzək
gülləri qoyulmuş, palazlar döşənmişdir.
Binanın ön tərəfinə yeni qazon örtüyü
salınmış, dekorativ güllər əkilmiş,
ağaclar budanmışdır. Korpusun arxa tərəfi
tullantılardan təmizlənərək böyük dəmir
lövhələrlə çəpər çəkilmişdir.
Neft Daşları qəsəbəsi ərazisində
bir çox sahələrə yeni asfalt örtüyü
salınmış, çörəkbişirmə sexinin
fasadı rənglənmiş, pilləkənlərə
yeni məhəccərlər vurulmuşdur. 9-mərtəbəli
kişilər korpusunun 1-ci mərtəbəsində yerləşən
qəzet redaksiyası, Qızıl Aypara Cəmiyyəti,
İcra Hakimiyyəti nümayəndəliyi və polis sahə
müvəkkilinin otaqlarının təmir edildiyini, lazımi
avadanlıqlarla təchiz olunduğunu bildirən Sarxan
Babaşov “V”, “A” və 9 mərtəbəli qadınlar
korpusunun fasadlarının rəngləndiyini, 19-cu korpusun dəhlizlərində
rəngləmə işlərinin
aparıldığını da söyləyir.
Çvanov adasındakı Heydər Əliyev adına
parkın ərazisində onlarla bəzək kolu, 1350 ədəd
mövsümi güllər, 80-dək dekorativ ağac əkilmişdir.
930 m2 qazon, 100 kisə torf alınaraq park ərazisində
qurulmuş 8 guşəli ulduzun ətrafına döşənmişdir.
Bütün idman avadanlıqları ilə təchiz edilmiş
idman kompleksində, parkdakı Çay evində cari təmir
başa çatmış, bu tikilinin və Heydər Əliyev
muzeyinin damında təmir işləri
aparılmışdır.
Bundan əlavə, mini-futbol, voleybol
meydançalarında təmir işləri başa
çatdırılaraq burada 28 May - Respublika Günü
münasibətilə mini-futbol turniri keçirilmiş, ilk
üç yeri tutan komandaları “Neft Daşları”
NQÇİ Həmkarlar İttifaqı Komitəsi qiymətli
hədiyyələrlə mükafatlandırmışdır.
Vertolyot meydançasının gözləmə
zalında ağartma, fasadında rəngləmə işləri
aparılmış, həyətyanı sahədə yeni qazon
salınmış, güllər əkilmiş, asfalt
örtüyü isə təzələnmişdir. Yataqxanalarda,
özüllərdə təmirə ehtiyacı olan kondisionerlər
və soyuducular “Akond” firması tərəfindən təmir
edilmişdir və bu iş davamlı xarakter
daşıyır. Təcili və təxirəsalınmaz tibbi
yardım göstərilməsi, xəstələrə iş
yerlərində və vaxtında yardım göstərilməsi
məqsədilə müasir tipli tibbi avadanlıqlarla təchiz
edilmiş təcilli tibbi yardım avtomaşını da
alınmışdır.
Sarxan müəllim deyir ki, 9-mərtəbəli
qadınlar yataqxanasının 2-ci mərtəbəsində
yerləşən kitabxana tam təmir edilmiş,
avadanlıqlar alınması üçün sifariş verilmişdir. Həmin korpusun 1-ci mərtəbəsində
YAP Neft Daşları ərazi təşkilatı, bələdiyyə,
poçt, dərzi, bərbərxana və ayaqqabı təmiri
üçün otaqlar ayrılmışdır. 1, 2 və
4-cü mədənlərdə yeməkxanaların tikilməsi
məqsədilə “Azneft” İB rəhbərliyindən
müvafiq məktubla köməklik göstərilməsi
xahiş edilmişdir.
Ayrı-ayrı özüllərdəki
yaşayış evciklərində cari təmir işləri
aparılmış, sex və sahələrdəki soyunub-geyinmə
otaqları idarənin daxili imkanları hesabına cari təmir
olunmuşdur. Son iki ay ərzində 2 ədəd müasir
tipli vaqon-evcik alınmış, zəruri məişət
avadanlıqları və yataq dəstləri ilə təchiz
edilərək neftçilərin istifadəsinə
verilmişdir. Zığ sahəsində yerləşən
Maddi Texniki Təchizat şöbəsi də əsaslı təmirdən
çıxmış, məişət avadanlıqları ilə
təchiz edilmişdir. Hal-hazırda NQÇİ-nin Texnoloji Nəqliyyat
Sexində də yenidənqurma və əsaslı təmir
işləri başa çatdırılmışdır. Su
çənləri parkındakı çənlər
yuyulmuş və dezinfeksiya edilmişdir. Yeni tikilmiş Bioloji
təmizləmə qurğusu tam istifadəyə verilmiş,
hazırda çirkab suları burada təmizlənərək
sanitar qovşaqlarında istifadə olunur.
Sarxan Babaşov yerinə yetirilən işlərdə
NQÇİ Sosial inkişaf şöbəsinin, xüsusən
şöbə rəisi Nəvai Həsənovun, mühəndislər
Kamran Şirinov, Zaur Əsgərov, Hikmət Məmmədovun səmərəli
fəaliyyətini vurğuladı. Bildirdi ki, Neft
Daşlarında məhsuldarlığı sutka ərzində
400-500 m3 olan ƏKS OSMOS tipli dəniz suyunu şirinləşdirən
ikinci sutəmizləyici qurğunun tikintisinə
başlanılmışdır. Su çənləri
parkında növbəti 2000 tonluq su çənində
hal-hazırda təmir işləri aparılır.
İdarə rəisi qeyd etdi ki, Möcüzələr
adasında 20 sentyabr - Neftçilər günü peşə
bayramı da yüksək səviyyədə qeyd edilmişdir.
Heydər Əliyev adına parkda təşkil olunmuş bayram
konserti zamanı Bakıdakı Milli Parkda keçirilən
bayram tədbiri ilə telekörpü qurulmuş, ARDNŞ
prezidenti Rövnəq Abdullayev dəniz fatehlərini təbrik
edərək uğurlar arzulamışdır. Əməkdə
fərqlənmiş dəniz neftçiləri peşə
bayramı münasibətilə NQÇİ rəhbərliyi
və HİK tərəfindən
mükafatlandırılmışlar.
İlqar Məmmədli
İki sahil.- 2011.- 22 sentyabr.- S. 10.