“Əsrin
müqaviləsi” haqqında qısa tarixi arayış
Ulu
öndər Heydər Əliyevin “Dünya təcrübəsi
göstərir ki, heç bir ölkə beynəlxalq əməkdaşlıq,
təcrübə mübadiləsi olmadan, səylər və
ehtiyatlar birləşdirilmədən təkbaşına
iqtisadi tərəqqiyə nail ola bilməz” fikri bu
günün gerçəklikləri fonunda bir daha təsdiqini
tapır. 1994-cü ildə “Əsrin müqaviləsi”nin
imzalanmasından ötən müddət ərzində neft-qaz
sektoruna 38 milyard dollardan artıq sərmayə qoyulması, digər
yataqlar və strukturlar üzrə irimiqyaslı layihələrin
həyata keçirilməsi, 1994-2009-cu illərdə xarici neft
şirkətləri ilə hasilatın pay bölgüsü
üzrə 31 sazişin imzalanması günün
reallıqlarıdır. Bu gün Yer kürəsi üzrə
neft ehtiyatları 140-200 milyard ton arasında qiymətləndirilir.
Bunun 5 milyard tonu isə Azərbaycanın payına
düşür. Bununla Azərbaycan böyük neft
istehsalçıları olan ABŞ, Liviya, Nigeriya, Çin
kimi ölkələri qabaqlayır. Təbii ki, bu olduqca
böyük göstəricidir. Buradan da Azərbaycanın
strateji əhəmiyyəti bir daha özünü qabarıq
şəkildə büruzə verir. “Əsrin müqaviləsi”nin
imzalanması təbii ki, bu zərurətdən meydana gəldi.
Xüsusilə, Ulu öndər Heydər Əliyevin bu amili
yüksək peşəkarlıqla dəyərləndirərək
dünyanın ən böyük şirkətlərini Azərbaycanda
toplaması və tarixi sənədin imzalanması Onun
uzaqgörənliyindən xəbər verirdi.
“Əsrin
müqaviləsi” ilə bağlı danışıqların
1994-cü ilin yazında və yayında İstanbul və
Hyustondakı son mərhələləri xüsusilə
ağır keçdi. Bəzən böhran anları da olur,
müəyyən şərtlərin qəbuledilməzliyi
ucbatından danışıqlar dayandırılma məqamına
çatırdı. Həmin anı Prezident İlham Əliyev
belə xatırlayır: “Biz xarici şirkətlərə
deyirdik: siz ayrı-ayrı şirkətlərin
maraqlarını müdafiə edirsiniz. Biz isə ölkənin
və Azərbaycan xalqının maraqlarını müdafiə
edirik. Əgər siz səhvə yol versəniz, bu, sizin
şirkətin yalnız bir layihəsində öz əksini
tapacaq, əgər biz səhv etsək, bu səhv bütün
Azərbaycan xalqının mənafeyinə xələl gətirəcəkdir.
Başqa sözlə, biz heç cür heç bir səhvə
yol verə bilmərik”.
Bütün
çətinliklərə baxmayaraq, müqavilə Azərbaycanın
milli mənafeyinə uyğun hazırlandı.
1994-cü
il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin
Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli”
yataqlarının dərin su qatlarındakı neftin birgə
işlənməsi haqqında hasilatın pay
bölgüsü müqaviləsi imzalandı. Müqavilə
öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə
görə “Əsrin müqaviləsi” adlandırıldı. Sənəd
təxminən 400 səhifə həcmində və 4 dildə
öz əksini tapıb. “Əsrin müqaviləsi”ndə
dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ,
Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və
Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft
şirkəti (Amoko, bp, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl,
Ekson, Türkiyə Petrolları, Penzoyl, İtoçu, Remko,
Delta) iştirak edib. Bununla da “Yeni neft strategiyası” və
doktrinası uğurla həyata keçirilməyə
başlandı. “Əsrin müqaviləsi” Azərbaycan
Respublikasının Milli Məclisi tərəfindən təsdiq
edildi və 12 dekabr 1994-cü ildə qüvvəyə mindi.
Qeyd edək ki, ilk dəfə hesablanmış
çıxarılabilən neft ehtiyatı 511 milyon ton olub,
sonralar qiymətləndirici quyuların nəticələrinə
görə, bu ehtiyat 1 milyard tona çatıb və bununla əlaqədar
yataqların işlənilməsinə tələb olunan sərmayə
xərcləri 11,5 milyard ABŞ dolları qəbul edilib.
“Əsrin
müqaviləsi” üzrə aparılan işlərin nəticəsində
respublikada neft hasilatı durmadan artmaqda davam edir. 1997-2007-ci illər
ərzində neft hasilatı 4,7 dəfə artıb. Belə
ki, 1997-ci ildə respublikada 9,0 mln. ton neft hasil edilmişdisə,
2005-ci ildə 22,2 mln. ton, 2006-cı ildə əvvəliki
rekord göstəricini keçərək (1941-23,5 mln. t) 32,3
mln. ton, 2007-ci ildə 42,6 mln. ton neft hasil edilib. 2010-cu ildə
isə bu rəqəm daha da artaraq 51 milyon tona
çatdırıldı. Artıq uzun illərdir ki, “Azəri-Çıraq-Günəşli”
yatağı layihəsinin iştirakçıları, o
cümlədən, Azərbaycan “mənfəət nefti”ndən
gəlir əldə edirlər. 1999-cu ilə qədər neftin
satışından əldə edilən gəlir sərmayə
qoyuluşunun ödənilməsinə sərf edilirdisə,
1999-cu ilin dekabrından Azərbaycanın “mənfəət
nefti” ilə dolu tankeri xarici bazarlara çıxarılıb.
2008-ci il mayın sonuna 26 mln. tona qədər (217 tanker) “mənfəət
nefti” dünya bazarlarında satılıb. “Mənfəət
nefti”nin satışından əldə edilmiş gəlir
Ümummilli lider Heydər Əliyev tərəfindən
yaradılmış Dövlət Neft Fondunda toplanılır.
“Azəri-Çıraq-Günəşli” yataqlarının
tam miqyasda işlənilməsi, eləcə də, ölkədə,
birinci növbədə Xəzərin Azərbaycan sektoru
akvatoriyasında, yeni neft-kondensat yataqlarının
açılmasının mümkünlüyü, yaxın gələcəkdə
Azərbaycanda neft hasilatının əhəmiyyətli dərəcədə
yüksəldilməsinin (2015-ci il 60 mln. ton) proqnozlaşdırılmasına
imkan verir.
Azərbaycan
neftinin Avropaya və dünya bazarlarına
çıxarılması üçün 1997-ci ildə
mövcud olan “Şimal istiqaməti” Bakı-Novorossiyski və
1999-cu ildə tikilmiş “Qərb marşrutu” Bakı-Supsa neft
kəmərinə əlavə olaraq, 2006-cı ilin mayında
Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri işə
salındı. Qeyd edək ki, 1999-cu ilin noyabrında Türkiyənin
İstanbul şəhərində keçirilmiş ATƏT-in
Sammitində ABŞ, Türkiyə, Azərbaycan,
Gürcüstan, Qazaxıstan və Türkmənistan prezidentləri
tərəfindən Bakı-Tbilisi-Ceyhan (BTC) “Əsas İxrac
Neft Kəməri”nin çəkilişi haqqında dövlətlərarası
Müqavilə imzalandı. 2002-ci il sentyabrın 18-də
Bakıda, Səngəçal terminalında Ümummilli
liderimiz Heydər Əliyevin, Türkiyə və
Gürcüstan prezidentlərinin iştirakı ilə
Bakı-Tbilisi-Ceyhan ixrac neft kəmərinin təməl
daşı qoyuldu və tikintisinə başlanıldı.
BTC-nin Azərbaycan hissəsinin Gürcüstan hissəsi ilə
birləşdirilməsi 2004-cü ilin oktyabrında baş
tutdu. 2006-cı il iyulun 13-də isə Türkiyənin Ceyhan
şəhərində XXI əsrin ən böyük enerji layihəsi
olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas
ixrac boru kəmərinin təntənəli
açılış mərasimi keçirildi. Kəmərin
texniki-iqtisadi əhəmiyyətindən başqa, onun siyasi
rolu da böyükdür. Belə ki, bu neft kəməri
dünya dövlətləri ilə Azərbaycan dövlətinin
yeni münasibətlərinin, dünya xalqları ilə Azərbaycan
xalqının əlaqələrinin yenidən qurulmasına təkan
verib, Azərbaycanın xarici siyasətinin güclənməsinə
və inkişaf etməsinə səbəb olub.
Bakı-Tbilisi-Ceyhan
ixrac neft kəməri unikal bir kəmərdir. Bu kəmərin
ümumi uzunluğu 1769 km-dir, keçirmə qabiliyyəti
gün ərzində 1 mln. barrel, ildə 50 mln. tondur. Əgər
“Əsrin müqaviləsi” layihəsi Azərbaycanı bir daha
bütün dünyaya neft ölkəsi kimi
tanıtmışdısa, 1999-cu ilin iyununda nəhəng
“Şahdəniz” yatağının kəşf edilməsi və
“Şahdəniz” qaz layihəsinin müvəffəqiyyətlə
həyata keçirilməsi Azərbaycanın yaxın vaxtlarda
dünyaya böyük miqdarda qaz ixrac etmək qabiliyyətinə
malik olan bir ölkəyə çevriləcəyini söyləmək
imkanını yaratmış oldu. 2006-cı ilin dekabrında
“Şahdəniz” yatağının şərq hissəsinin mənimsənilməsinə
başlanıldı.
Qeyd
etmək lazımdır ki, Bakı-Tbilisi-Ceyhan neft və
Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin tikintisi layihələrində
məqsəd yalnız Gürcüstandan keçərək Azərbaycan
və Türkiyəni birləşdirən nəql sisteminin yaradılması
deyildi. Bu sistemdən istifadə etməklə, Xəzəryanı
ölkələrin-Qazaxıstanın, Türkmənistanın
karbohidrogen ehtiyatlarının Azərbaycan, Gürcüstan və
Türkiyə ərazilərindən keçərək Avropa
ölkələrinə daşınmasını həyata
keçirmək üçün bir çox layihələr
vardı. Avropa ölkələrinin neft və qaza olan təlabatları
ildən-ilə artır və bu baxımdan, Şərq-Qərb
enerji dəhlizinin istifadə olunma perspektivləri daha
genişdir. Bu Qazaxıstan və Türkmənistanın
karbohidrogen ehtiyatlarının Türkiyədən keçərək
Yunanıstana daşınmasına imkan verir.
Bu
gün Azərbaycan iştirakçısı və təşəbbüsçüsü
olduğu layihələrin reallığa çevrilməsi ilə
regional iqtisadi inkişafın aparıcı qüvvəsinə,
Avratlantik məkanın enerji təhlükəsizliyinin təminatçısına
çevrilib. BTC və BTƏ neft-qaz layihələrinin
gerçəkləşməsi iştirakçı, eyni
zamanda, dünya dövlətlərinin uzunmüddətli
iqtisadi inkişafına təminat verir. Prezident İlham Əliyevin
qeyd etdiyi kimi, “Əsrin müqaviləsi” imzalanmasaydı, təbii
ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri inşa olunmazdı,
Bakı-Tbilisi-Ərzurum qaz kəməri çəkilməzdi
və bu gün biz “Şahdəniz” yatağından qaz
hasilatına nail ola bilməzdik. Zaman keçdikcə
Bakı-Tbilisi-Ceyhan haqqında deyilən və geniş məkan
mənasında işlədilən qlobal layihə sözü
təsdiqini tapdı. Kəmərin istifadəyə verilməsi
ilə regional statusdan çıxaraq beynəlxalq əhəmiyyətli
layihə kimi dünya birliyi dövlətlərinin
marağına səbəb olan BTC-nin istismarı ilə Azərbaycanın
büdcəsi möhkəmləndi. İndi Azərbaycanın
enerji inkişafına istənilən nöqteyi-nəzərdən
yanaşsaq görərik ki, neft və qaz ölkə əhalisinin
rifahına xidmət edir. Təbii sərvətlərdən əldə
olunan gəlir ədalətlə bölünür ki, bu da əhalinin
sosial müdafiəsinin etibarlı təminatı
üçün başlıca amildir. “Azərbaycan nefti, Azərbaycanın
təbii sərvətləri Azərbaycan xalqının xidmətindədir
və bu əsas məqsəddir” söyləyən dövlət
başçısı İlham Əliyev neft
strategiyasının uğurlu həllini digər aspektlərdən
qiymətləndirərək inamla vurğulayır ki, neft Azərbaycana
sülh, sabitlik, əməkdaşlıq gətirir, gözəl
imkanlar yaradır, iqtisadi cəhətdən qüdrətli
dövlətə çevirir, beynəlxalq münasibətlərdəki
mövqeyini möhkəmləndirir, tərəfdaşlıq əlaqələrini
genişləndirir. Ölkəyə xarici investisiya
axınının sürətləndirilməsi, əlverişli
sərmayə mühitinin yaradılması, böyük enerji
şirkətlərinin marağını cəlb etmək neft
strategiyasının başlıca tələbləri kimi, bu
gün də aktuallığını qoruyur. Son on ildə
ölkə iqtisadiyyatına 95 milyard dollar sərmayə
qoyulması bu faktı təsdiqləyir ki, Azərbaycanın gələcəyinə,
həyata keçirilən siyasətə inam
böyükdür.
Son
bir neçə ildə Azərbaycan enerji siyasəti
baxımından, Qərbin Cənubi Qafqazdakı əsas tərəfdaş
ölkəsinə çevrilib. Bakı-Tbilisi-Ceyhan və
Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin
inşası, istismarı ilə bu əməkdaşlıq
xüsusi önəm kəsb etməyə başlayıb. Zəngin
enerji resurslarına malik dövlət kimi, Azərbaycan müstəqil
xarici siyasət kursu yürüdür, region dövlətləri
ilə (Ermənistan istisna olmaqla) konstruktiv əməkdaşlıq
edir.
“Əsrin
müqaviləsi”nin imzalanması ilə rəsmi Bakı beynəlxalq
neft şirkətlərinin enerji sektoruna uzunmüddətli
investisiya qoyuluşunu təmin etdi. Ümummilli lider Heydər Əliyevin
uzaqgörən xarici siyasətinin məntiqi nəticəsi və
şah əsəri olan bu müqavilə Azərbaycanın
müstəqil dövlət kimi fəaliyyətinin qarantı
oldu. Ümummilli liderin yürütdüyü məqsədyönlü
siyasət nəticəsində bu gün Azərbaycan
dünyanın enerji sahəsində aparıcı dövlətə
çevrilib.
Ulu
öndər Heydər Əliyev tərəfindən əsası
qoyulan, xarici siyasətin fundamental tərkib hissəsi olan
balanslaşdırma siyasəti Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Məhz bunun nəticəsində bu
gün Azərbaycan enerji sahəsində yüksək nailiyyətlər
əldə edib və bu kursu müstəqil dövlət kimi
öz maraqlarına uyğun şəkildə həyata
keçirir. Prezident İlham Əliyevin praqmatik siyasəti nəticəsində
Azərbaycan qonşu dövlətlərlə ikitərəfli
münasibətlərini qorumaqla bərabər, müstəqil
şəkildə enerji siyasətini davam etdirir. Ölkə
başçısı dəfələrlə
vurğulayıb ki, rəsmi Bakı xarici siyasətində
yalnız və yalnız milli maraq və mənafeləri əsas
tutur.
Hazırda
Azərbaycan regional çərçivələrdən kənara
çıxaraq daha böyük əməkdaşlıq məkanında
öz maraqlarını təmin edir, rolunu gücləndirir.
Ölkəmiz bu gün təkcə öz enerji
resurslarını dünya bazarına çıxarması ilə
bu sahədəki siyasətini məhdudlaşdırmır. Qərb-Şərq
dəhlizi Azərbaycan üçün Xəzərin
karbohidrogen ehtiyatlarının daşınması
baxımından da olduqca mühüm əhəmiyyət
daşıyır. Trans-Xəzər boru kəmərinin çəkilişi
ilə Azərbaycan, eyni zamanda, bölgədə əsas
tranzit ölkə rolunu da öz üzərinə götürəcək.
Regionun
lider ölkəsi kimi, Azərbaycan artıq təkcə
özünün deyil, bütövlükdə bölgənin
Avropaya, eləcə də, onun enerji təhlükəsizliyi
sisteminə qoşulmasına çalışır.
Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri
regional əməkdaşlığa şərait yaratmaqla
yanaşı, Cənubi Qafqazın Avratlantik məkanına
inteqrasiyasını sürətləndirir. Lakin Ermənistanın
təcavüzkar mövqeyi bu siyasətin tam reallaşmasına
problem yaradır. Bununla, əslində, Yerevan özünü
regional iqtisadi layihələrdən kənarda saxlayır.
Son
bir neçə ildə dünyada karbohidrogen ehtiyatlarının
qiymətinin sürətlə artması, Rusiyanın Avropa qaz
bazarında öz şərtlərini diktə etməsi Avropa
İttifaqının alternativ yollar axtarması ilə nəticələndi.
Rusiyanın “Qazprom” şirkəti vasitəsilə enerji
baxımından ondan asılı dövlətlərə təzyiqlər
etməsi, Qərbin Xəzərin və Mərkəzi
Asiyanın neft və qaz dövlətləri ilə əməkdaşlığını
şərtləndirdi.
Xəzərin,
xüsusilə, Azərbaycanın enerji ehtiyatlarının
Avropa üçün əsas alternativ enerji mənbəyinə
çevrilməsi rəsmi Bakının mövqelərini və
Qərb ilə əməkdaşlığını daha da
möhkəmləndirdi. Bu gün bir çox Avropa dövlətlərinin,
o cümlədən, Polşa, Rumıniya və Baltikyanı
dövlətlərin Azərbaycanla əməkdaşlıqları
müsbət mənada yeni məzmun və mərhələyə
daxil olub. Azərbaycan Türkiyə, Gürcüstan, Moldova və
Rumıniya kimi dövlətlərin neft-yanacaq komplekslərinin
inşasına investisiya qoyub. Karbohidrogen ehtiyatlarının
daşınması üçün dəhlizin
hazırlanması məqsədi ilə Vilnüs Enerji Sammitinin
nəticəsi olaraq yeni konsorsium təsis edilib. Konsorsiumun
yaradılmasının əsas məqsədi Azərbaycan,
Gürcüstan, Ukrayna və Polşadan keçməklə Xəzər
dənizindən Avropa bazarlarına və beynəlxalq bazarlara
gedən daşınma sistemlərinin
reallaşdırılmasının
mümkünlüyünü təhlil etməkdir. Baltik-Qara-Xəzər
dənizləri enerji tranziti birliyinin yaradılması konsepsiyası
da artıq gündəmdədir.
Təbii
ki, “Əsrin müqaviləsi”nin imzalanması nəticəsində
hasilatın artması Azərbayanı ixracatçı ölkəyə
çevirdi. Əminliklə deyə bilərik ki, bu gün Azərbaycan
etibarlı qaz ixracatçısıdır. Ötən il
Türkiyə, Bolqarıstan, Suriya, Misir, İran və digər
ölkələrlə neft-qaz sahəsində əldə
olunan razılaşmalar əməkdaşlıq əlaqələrinin
daha da genişlənməsinə stimul verir. Qeyd edək ki,
Hindistan da Azərbaycanla qaz sahəsində əməkdaşlıq
əlaqələrinin qurulmasına maraq göstərir.
Ümumiyyətlə,
2015-ci ilə qədər isə neft hasilatını 60 milyon
ton, qaz hasilatını 35-40 milyard kubmetrə çatdırmaq
nəzərdə tutulur. Bu günün uğurları regionun
və Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin
təminatında ölkəmizin rolunun qarşıdakı illərdə
daha da artacağına əminlik yaradır.
Bütün
bunlarla yanaşı, ötən il Azərbaycanın neft-qaz
tarixinə daha bir əlamətdar hadisə ilə daxil oldu. Belə
ki, ARDNŞ-in ilk dəfə olaraq Xəzərin dərinsulu
hissəsində öz gücü hesabına
başladığı kəşfiyyat işləri bəhrəsini
verdi. İlin sonunda Xəzər dənizində “Ümid”
qaz-kondensat yatağının rəsmi açılış
böyük təntənə ilə qeyd olundu. Bu münasibətilə
Dövlət Neft Şirkətinin rəhbərliyi ilə
görüşündə Prezident İlham Əliyev bir daha
bildirdi ki, bu gün tarixdə Dövlət Neft Şirkətinin
böyük kəşfiyyat günü kimi qalacaq: “Ümid
edirəm ki, yaxın zamanlarda bütün başqa işlər
də başa çatacaq və oradan biz ilkin qazı
alacağıq. Hər halda bu, bir neçə ildən sonra
olacaqdır. Ancaq artıq dəqiq bilirik ki, “Ümid”
yatağı Azərbaycanın qaz potensialına öz töhfəsini
verəcəkdir. Bir də demək istəyirəm ki, Avropa və
dünya qaz bazarlarında rolumuz artacaqdır”.
Eyni
zamanda bu əminlik də ifadə edildi ki, “Ümid”
yatağının açılması çox böyük
qaz yataqlarının açılmasına gətirib
çıxarır. Qeyd edək ki, artıq yataqda kəşfiyyat
işləri başa çatdırılıb. İlkin nəticələrə
görə, yataqda minimum 200 milyard kubmetr qaz və 30 milyon ton
kondensat ehtiyatı var. Gələcəkdə aparılacaq kəşfiyyat
işləri sayəsində mövcud ehtiyat dəqiqləşdiriləcək.
Bundan sonra ikinci kəşfiyyat quyusu da qazılacaq. Artıq
“Ümid” yatağının genişmiqyaslı işlənilməsi
proqramı hazırlanır. Yəqin ki proqram bir neçə
ilə hazır olacaq. Sözsüz ki, əldə olunan
bütün bu müsbət nəticələrin əsasında
1994-cü ildə imzalanmış tarixi sənəd durur.
“Əsrin müqaviləsi” Azərbaycanın
sosial təhlükəsizliyinin təminatçısıdır
Təbii
ki, “Əsrin müqaviləsi”nin əhəmiyyətindən
danışarkən sənədin ilk növbədə ölkənin
sosial təhlükəsizliyinin təminatında mühüm
rol oynadığını xüsusi qeyd etmək
lazımdır. Belə ki, 1994-cü ildə bu sənəd imzalanandan
sonra ölkənin iqtisadi inkişafı sürətləndi.
Nəticədə, insanların həyat şəraiti,
yaşayış səviyyəsi durmadan artmağa
başladı. Mərhələlərlə regionların
sosial-iqtisadi inkişafı üzrə 2004-2008 və
2009-2013-cü illəri əhatə edən Dövlət
Proqramları qəbul olundu və hazırda uğurla icra
edilir.
Sözsüz
ki, neftdən gələn gəlirlərin səmərəli
şəkildə istifadəsi, xalqın rifahı
üçün xərclənməsi əsas şərtdir.
Bunun üçün Ulu öndər Heydər Əliyevin
1999-cu il 29 dekabr tarixli Fərmanı ilə Dövlət Neft
Fondu (DNF) yaradıldı. Fondun qarşısında qoyulan əsas
məqsədlərdən biri neft gəlirlərinin gələcək
nəsillər üçün toplanaraq artırılması,
bu gəlirlərdən ölkənin sosial ehtiyaclarını,
iqtisadi tərəqqi və inkişaf tələblərini nəzərə
almaqla, bugünkü nəsillər üçün istifadə
edilməsidir. Neft Fondunun qarşısında, həmçinin,
iqtisadiyyatı artan xarici valyuta daxilolmalarının
mümkün mənfi təsirlərindən qorumaq, makroiqtisadi
tarazlığı gözləmək və maliyyə
intizamına xələl gətirməmək məqsədləri
dayanır.
Neftdən
əldə olunan gəlirlərin xalq arasında ədalətli
paylanması və əhalinin sosial müdafiəsinin təminatı,
qeyri-neft sektorunun inkişafı naminə sərf olunması
üçün yaradılan Dövlət Neft Fondunun aktivlərinin
bu gün 20 milyard dolları ötüb keçməsi neft
strategiyasının uğurla davam etdirilməsinin nəticəsidir.
BTC-dən sonra əhəmiyyətinə görə, neft kəmərindən
geridə qalmayan Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin
istifadəyə verilməsi, Bakı-Tbilisi-Qars dəmiryolu
layihəsinin reallığa çevrilməsi istiqamətində
addımların atılması, Azərbaycanın beynəlxalq
aləmdə nüfuzunu, regional əhəmiyyətini
artırdı. Bu gün Azərbaycanın nefti
Bakı-Tbilisi-Ceyhan, Bakı-Novorossiysk, Bakı-Supsa kəmərləri,
təbii qazı isə Bakı-Tbilisi-Ərzurum marşrutu
üzrə dünyanın bir çox ölkəsinə nəql
olunur. Bu sistemdə Ulu öndər Heydər Əliyevin şah
əsərlərindən hesab olunan, sutkada bir milyon barrel Azərbaycan
neftini tam təhlükəsiz Aralıq dənizi sahillərinə
ixrac imkanına malik BTC-nin xüsusi yeri var. İndi BTC
artıq Azərbaycan neftinin deyil, Mərkəzi Asiya ölkələrinin
enerji resurslarının dünya bazarlarına nəqlinə
imkan yaradan infrastruktur kimi böyük əhəmiyyət
daşıyır.
DNF-ni bir sıra əhəmiyyətli layihələrin
maliyyələşdirilməsini həyata keçirir. Ötən il
istifadəyə verilən Oğuz-Qəbələ-Bakı su
kəməri də fondun vəsaiti hesabına həyata
keçirildi. Dövlət Neft Fondu təbii
ehtiyatların idarə olunmasından əldə edilən gəlirlər
və onların xərclənməsi istiqamətlərinin
ictimaiyyətə çatdırılmasında şəffaflığın
təmin olunması üçün gəlir və xərcləri
haqqında rüblük məlumatlar açıqlayır.
Fond Mineral Ehtiyatların Hasilatı ilə Məşğul
olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün
Azərbaycanda tətbiqi prosesində fəal iştirak edir.
DNF şəffaflıq kriteriyaları üzrə
nümunəvi qurum kimi dəyərləndirən dövlət
başçısı İlham Əliyev bildirir ki, biz elə
etməliyik neft-qaz sahəsində əldə edilmiş şəffaflıq
bütün maliyyə sektoruna şamil edilsin. Neft və
qazdan əldə olunan gəlirlərin toplanmasında və xərclənməsində
şəffaflığın yüksək səviyyədə
təmin olunması mühüm sosial-iqtisadi layihələrin
həyata keçirilməsinə zəmin yaradır. Qeyd
etdiyimiz kimi, ötən il DNF-nin vəsaitləri
ilk dəfə olaraq 20 milyard dolları keçib. 2010-cu il ərzində
Dövlət Neft Fondunun büdcə gəlirləri 13088,5 milyon manat, büdcə xərcləri isə
6386,5 milyon manat təşkil edib. Fondun 2010-cu il büdcəsinin
gəlir hissəsi 144,9 faiz, xərc hissəsi
isə 99,4 faiz yerinə yetirilib.
Keçən
il Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata
keçirilməsi ilə bağlı gəlirləri 12932,6
milyon manat, o cümlədən, mənfəət neftinin və
qazın satışından 12761,1 milyon manat,
Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri layihəsi
üzrə dividentlərdən 158,7 milyon manat, tranzit gəlirləri
8,3 milyon manat, xarici sərmayəçilər tərəfindən
təhvil verilmiş aktivlərdən 1,7 milyon manat, bonus ödənişləri
1,6 milyon manat təşkil edib. 2010-cu ildə Neft Fondunun vəsaitlərinin
idarə olunmasından əldə olunan gəlir 155,9 milyon manata bərabər olub.
Hesabat
dövründə Neft Fondunun 2010-cu il büdcəsinin
icrası çərçivəsində 5915,0
milyon manat vəsait dövlət büdcəsinə transfert edilib.
Qaçqın və məcburi köçkün ailələrinin
məskunlaşdırılması və sosial-məişət
vəziyyətinin yaxşılaşdırılması üzrə
tədbirlərin həyata keçirilməsinə 104,9 milyon
manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və
Oğuz-Qəbələ zonasından Bakı şəhərinə
su kəmərinin çəkilişi layihələrinin maliyyələşdirilməsi
məqsədilə isə müvafiq olaraq 131,0 milyon manat və
1.99,6 milyon manat vəsait ayrılıb.
“2007-2015-ci
illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə
təhsili üzrə Dövlət Proqrammı”nın maliyyələşdirilməsinə
Neft Fondundan 9,6 milyon manat vəsait
ayrılıb. Bununla yanaşı, 12,4
milyon manat Bakı-Tbilisi-Qars yeni dəmiryolu layihəsinin maliyyələşdirilməsinə
yönəldilib. 2010-cu il ərzində Neft Fondunun idarə
edilməsi ilə bağlı xərcləri 14,0
milyon manat olub. Valyuta məzənnələrinin dəyişməsindən
yaranan fərq ilə bağlı Fondun büdcədənkənar
xərcləri 502,7 milyon manat təşkil
edib.
2011-ci il
yanvarın 1-nə olan məlumata görə, DNF-nin aktivləri
2010-cu ilin əvvəlinə (14900,4 milyon
ABŞ dolları) nisbətən 52,8 faiz artaraq 22766,8 milyon
ABŞ dollarına bərabər olub. Ümumilikdə, DNF
yarandığı gündən bəri fonda
46 milyard dollar həcmində vəsait daxil olub və bunun təxminən
50 faizi yığıma yönəldilərək Neft Fondunun
aktivlərinə daxil edilib. 2010-cu ildə DNF-nin
valyuta vəsaitləri də aydan-aya artıb. Vəsaitlərin 99 faizi isə sabit gəlirli qiymətli
kağızlarda yerləşdirilib.
“2007-2015-ci
illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə
təhsili üzrə Dövlət Proqramı”nın
qəbulu və icra olunması da sosial təhlükəsizliyinin
təminatı ilə bağlıdır. Hər
bir dövlətin gücü onun iqtisadi, hərbi, eyni zamanda,
intellektual potensialı ilə ölçülür. Bu sırada intellektual potensialın xüsusi çəkisi
var. Çünki intellekt olmadan heç bir sahədə
uğur əldə etmək, irəliyə doğru
addımlamaq mümkün deyil. Azərbaycanda da bu sahəyə
xüsusi önəm verilir, kadr hazırlığı, gənclərin
xarici ölkələrdə təhsil almaları və s. bu
kimi məsələlər diqqətdə saxlanılır.
Yeni neft strategiyasının əsas icraçısı
olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti
də dövlətin bu sahədəki siyasətinə öz dəstəyini
göstərir. Şirkət 2006-cı ildən etibarən
perspektivli neftçi mütəxəssislərin
hazırlanması məqsədi ilə azərbaycanlı gənclərin
xaricdə təhsili üzrə Təqaüd Proqramını
həyata keçirir. İndiyədək
Proqrama 118 gənc cəlb edilib. Artıq 37
təqaüdçü təhsilini müvəffəqiyyətlə
başa çatdıraraq Vətənə qayıdıb və
ARDNŞ-in müxtəlif strukturlarında
çalışır. Hazırda təhsili maliyyələşdirilən
81 təqaüdçünün 35 nəfəri bakalavr, 46 nəfəri
isə magistr dərəcəsi üzrə Almaniya,
Böyük Britaniya, ABŞ, Fransa, Türkiyə, Kanada,
Hollandiya və Norveçin nüfuzlu universitetlərində təhsil
alır.
Sözsüz ki, bütün bunlar son deyil. Çünki bu gün Azərbaycan
“Əsrin müqaviləsi”nin
uğurlarını yaşayır. Və hələ
bundan sonra bu sahədə ölkəmizi daha böyük
uğurlar gözləyir. Təbii ki, bu
amillər də insanların həyat şəraitinin, Azərbaycanın
sosial təhlükəsizliyinin təminatında mühüm
rol oynayacaq.
İqtisadiyyatımızın
inkişafında “Əsrin müqaviləsi”nin
rolu və ya tənəzzüldən iqtisadi yüksəlişə
doğru
Azərbaycanın iqtisadi inkişafının təməlində
məhz “Əsrin müqaviləsi” amili dayanır. Azərbaycan
iqtisadi göstəriciləri ilə dünyanın nüfuzlu
maliyyə qurumlarının hesabatlarında ön yerdə
dayanır. Baxmayaraq ki, 2009 və 2010-cu illər
tarixə beynəlxalq böhran illəri kimi daxil oldu, bu
dövrdə ölkə iqtisadiyyatı dinamik inkişafı
ilə dünyanın diqqətində oldu. Ölkədə aparılan islahatlar dayanıqlı
və şaxələndirilmiş iqtisadiyyat yaratmağa
geniş imkanlar açdı.
İqtisadiyyatın aynası dövlət büdcəsidir. Son yeddi ildə
büdcə xərcləri 12 dəfə artıb. Büdcəmiz investisiya və sosial
yönümlüdür. Müqayisə üçün
bildirək ki, əgər 2006-cı ilin dövlət büdcəsindən
investisiya layihələrinin maliyyələşdirilməsinə
600 milyon manat ayrılmışdısa, 2007-ci ildə bu rəqəm
1,5 milyard, 2008-ci ildə 4,3 milyard, 2009-cu ildə 5,6 milyard,
2010-cu ildə isə 4,1 milyard manat olub. Ayrılan
vəsaitlər əsasən regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramında nəzərdə
tutulan məqsədlərin gerçəkləşdirilməsinə,
xüsusilə, sosial infrastrukturun yeniləşdirilməsinə
yönəldilib.
Azərbaycan 2005-ci ildən iqtisadi artım sürətinə
görə, dünyada birinciliyi ələ alıb. 2010-cu ildə Azərbaycanda
ümumi daxili məhsulun artım sürətini Beynəlxalq
Valyuta Fondu 12,5 faiz, Dünya Bankı 7,8 faiz, Avropa Yenidənqurma
və İnkişaf Bankı 6 faiz, Asiya İnkişaf Bankı
6,7 faiz proqnozlaşdırmışdı. 2010-cu
ilin yanvar-noyabr ayları üzrə sosial-iqtisadi göstəricilərə
diqqət yetirməklə, proşnozların reallığa əsaslandığını
təsdiq etmiş olarıq. Belə ki, bu müddətdə
iqtisadi inkişaf 4,5 faiz təşkil edib.
ÜDM-də məhsul istehsalı neft sektorunda 2,6
faiz, qeyri-neft sektorunda isə 5,9 faiz artıb.
Prezident
İlham Əliyevin 24 noyabr 2010-cu il tarixli
Fərmanı ilə “Azərabaycan Respublikasının 2011-ci
il dövlət büdcəsi haqqında” Qanun təsdiq edildi.
Sənəddə qeyd edilir ki, 2011-ci ilin dövlət büdcəsinin
gəlirləri 12061000,0 min manat, xərcləri
isə 12748000,0 min manat təsdiq edilsin. 2011-ci ilin büdcə
xərclərinin əsas prioritetləri yenə də xərclərin
sosial və investisiya yönümlülüyünün təmin
edilməsindən, dövlətin müdafiə qabiliyyətini
gücləndirmək üçün tələb olunan maliyyə
ehtiyatlarının yaradılmasından, ünvanlı sosial
yardımın, regionların sosial iqtisadi inkişafına dair
tədbirlərin, investisiya və sosial proqramların təminatından
və digər tədbirlərdən ibarətdir. Göründüyü kimi, iqtisadi tərəqi
büdcə xərclərinin artması ilə müşayiət
olunur.
Azərbaycanın neft gəlirlərindən istifadə
edərək qeyri-neft sektorunu inkişaf etdirmək cəhdləri
öz bəhrəsini verir. Təkcə onu demək kifayətdir
ki, son 7 ildə ölkəmizdə 950 min yeni iş yeri
açılıb, minlərlə yeni müəssisə fəaliyyətə
başlayıb. Bunların 80 faizi isə bölgələrin
payına düşür.
Göründüyü kimi, ölkədə həyata
keçirilən iqtisadi siyasət, xüsusilə də, neft
siyasəti böyük uğurların əldə
olunmasına gətirib çıxarır. Təbii ki, bu
uğurların əsasında “Əsrin müqaviləsi”
dayanır.
“Əsrin müqaviləsi”nin Azərbaycan üçün siyasi əhəmiyyəti
Sözsüz
ki, “Əsrin müqaviləsi”nin Azərbaycan
üçün siyasi əhəmiyyəti olduqca
böyükdür. Ötən əsrin 90-cı
illərinin əvvəllərində yenicə müstəqillik
əldə etmiş Azərbaycan beynəlxalq aləmdə
çox zəif mövqeyə malik idi. Ölkəmiz
hələ təzə-təzə addımlamağa
başlayırdı. Bununla yanaşı,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi və ölkə daxilində hökm
sürən qarışıqlıq Azərbaycanı bir
dövlət olaraq yer üzündən silinmək təhlükəsi
ilə üz-üzə qoymuşdu. Buna
baxmayaraq, görkəmli dövlət xadimi Heydər Əliyevin
səyi nəticəsində Azərbaycan xaosdan, anarxiyadan,
inkişafa, siyasi sabitliyə doğru addımlamağa
başladı. Xüsusilə, “Əsrin müqaviləsi”nin imzalanması ilə siyasi sabitlik möhkəmləndi,
iqtisadi yüksəliş sürətləndi. Dünyanın
ən böyük şirkətləri ilə bağlanan
müqavilələr əslində, ölkəmizin siyasi təhlükəsizliyinin
təmin olunmasına yönəldilmişdi. Nəzərə alsaq ki, əməkdaşlıq
etdiyimiz şirkətlər dünyanın süper dövlətlərini
təmsil edir, deməli bu dolayısı ilə həmin
dövlətlərlə əməkdaşlıq,
qarşılıqlı münasibətlərin qurulması deməkdir.
Müqavilə bağlanan şirkətlərin təmsil
olunduğu dövlətlərin bir çoxu isə BMT Təhlükəsizlik
Şurasının daimi üzvləridirlər. Bu isə, Azərbaycanın beynəlxalq aləmdəki
mövqelərinin möhkəmlənməsi deməkdir. Bununla yanaşı, gənc respublika olan Azərbaycanı
artıq dünya miqyasında dəstəkləyən dövlətlər
meydana gəlmişdi. Bütün bunlar isə
Ulu öndər Heydər Əliyevin təşəbbüsü
ilə imzalanan “Əsrin müqaviləsi” sayəsində
qurulan faydalı və uzunmüddətli əməkdaşlıqların
nəticəsində mümkün oldu. Bu
gün ölkəmiz regionda və dünyada söz sahibinə
çevrilib. Artıq bir çox dövlətlər
hər bir məsələdə Azərbaycanla
hesablaşır, onun milli maraqlarına hörmətlə
yanaşır. Xüsusilə qeyd etmək
lazımdır ki, Azərbaycanın ən böyük problemi
olan Dağlıq Qarabağ münaqişəsində ölkəmizin
haqlı mövqeyi dünya dövlətləri tərəfindən
dəstəklənir. Avropa Şurası,
BMT və s. nüfuzlu beynəlxalq təşkilatlarda
münaqişənin ədalətli, beynəlxalq hüququn
prinsiplərinə uyğun həll olunması ilə
bağlı sənədlər, qətnamələr qəbul
olunur. Buna baxmayaraq Ermənistanın
qeyri-konstruktiv mövqeyi nəticəsində münaqişənin
həlli uzanır. Münaqişə Azərbaycana
kifayət qədər maddi və mənəvi zərbə
vursa da, “Əsrin müqaviləsi” ilə əsası qoyulan və
bu gün uğurla həyata keçirilən siyasət nəticəsində
ölkəmiz sürətli inkişafdan geri qalmır.
Son illər Azərbaycanın dövlət müstəqilliyi
möhkəmlənib, ictimai-siyasi sabitliyə nail olunub, cəmiyyətdə
demokratiya və iqtisadiyyatda bazar münasibətləri daha da
inkişaf edib.
Azərbaycan Qafqazın və Xəzər
regionunun geosiyasətində əhəmiyyətli rol
oynamağa başlayıb. Azərbaycan
yalnız neft və qaz ehtiyatlarına görə deyil, həmçinin,
Qara və Xəzər dənizləri regionunda tutduğu
mövqeyə görə ABŞ, Avropa və Asiya dövlətlərinin
maraqlarının kəsişdiyi geosiyasi mərkəzə
çevrilib. Neft və qaz
ehtiyatlarının işlənməsi, həmçinin,
onların dünya bazarlarına ixracı üzrə nəhəng
layihələrin həyata keçirilməsi sayəsində Xəzər
regionu XXI əsrdə dünyanın əhəmiyyətli regionlarından
birinə çevrilib.
“Əsrin müqaviləsi” Azərbaycanın
enerji təhlükəsizliyinin təmanatçısı
rolunda
Təbii ki, enerji təhlükəsizliyi Azərbaycanın
xarici siyasət konsepsiyasının təməl prinsiplərindəndir. Prezident İlham Əliyevin
vurğuladığı kimi, Avropaya inteqrasiya yolunu seçən
ölkəmiz enerji təhlükəsizliyinə uzun illər
öncədən diqqət yetirib: “Azərbaycan öz enerji
strategiyasının həyata keçirilməsinə enerji təhlükəsizliyi
məsələlərinin Avropa bazarı üçün bu dərəcədə
vacib olmasından bir çox illər əvvəl
başlamışdır. 1994-cü ildə biz əsas
neft şirkətlərini Xəzərin Azərbaycan sektoruna gəlməyə
və sərmayə qoymağa dəvət etdik. Bunu etməklə, biz Xəzər dənizini və
onun resurslarını beynəlxalq əməkdaşlıq
üçün açdıq və bütün vəzifələrimizi
yerinə yetirdik”.
Dörd boru kəmərinin çəkilişi enerji
resurslarımızın şaxələndirilmiş nəqletmə
yollarının yaranmasına imkan verir. İstehlakçı
dövlətlərin təchizat yollarının şaxələndirilməsinə
verdiyi önəm enerji təhlükəsizliyini artırır
və bazarda daha ədalətli qiymətlər təmin edilir.
Bu baxımdan, müxtəlif dövlətlərlə
ikitərəfli səviyyədə əməkdaşlığın
qurulması mühüm əhəmiyyət daşıyır.
Azərbaycanın Avropa İttifaqının üzvü
olan ölkələrlə ikitərəfli əməkdaşlığı
və ümumilikdə Avropa İttifaqı ilə işbirliyi
hər iki tərəfin maraqlarına cavab verir. Bu baxımdan,
Azərbaycanla Avropa İttifaqı arasında enerji məsələləri
üzrə strateji tərəfdaşlığa dair memorandumun
imzalanması yüksək qiymətləndirilməlidir.
Bir
zamanlar ölkəmiz üçün uzaq və əlçatmaz
olan Avropa enerji bazarına Azərbaycan məhz Prezident İlham
Əliyevin davam etdirdiyi praqmatik siyasətin nəticəsində
daxil oldu: “Enerji siyasətimizi və layihələrin həyata
keçirilməsini başlayanda, həmin vaxt Avropa
İttifaqının bazarı bizim üçün uzaq olan məsələ
idi. Biz diqqəti əsasən, qonşu bazarlara,
qonşu ölkələrə yönəldirdik. Lakin əsas enerji layihəmiz reallığa
çevrildiyi bir vaxtda gördük ki, Avropaya, Avropa
İttifaqına alternativ təchizat lazımdır. Hasilatçı ölkə kimi, biz artıq həmin
məqsədə nail olmuşuq”.
Avropa
İttifaqının “Yeni qonşuluq siyasəti”ndə
iştirak edən Azərbaycan ölkə
başçısının bəyan etdiyi kimi, xarici siyasətimizin
prioriteti kimi Avropaya inteqrasiya yolunu seçib: “Biz Avropaya
inteqrasiyanı xarici siyasətimizin prioriteti hesab edirik. Bundan əlavə, qeyd etdiyim kimi, bizim çox
yaxşı enerji əməkdaşlıq çərçivəmiz
var. Ehtiyatlarımız və boru kəmərlərimiz
mövcuddur. Digər tərəfdən isə,
Avropada artan tələbatlar var. Bütün bu elementləri
bir-birilə uyğunlaşdıraraq, biz olduqca güclü tərəfdaşlığımızı
qura bilərik”.
Ölkəmizin Avropa strukturlarına fəal
inteqrasiyası Azərbaycanın inkişafı
baxımından olduqca mühümdür. Odessa-Brodı-Plotsk-Qdansk
boru kəməri vasitəsilə Azərbaycan öz neftini nəinki
Qara və Aralıq dənizlərinə, həm də Baltik dənizi
bazarına çıxara biləcək. Bu
layihə, eyni zamanda, regional tərəfdaşlıq işinə
də öz töhfəsini verir.
Bununla yanaşı, qeyd edək ki, vaxtilə Rusiya və
İrandan qaz idxal edən Azərbaycan son 5 ildə qaz ixrac edən
ölkəyə çevrilib. Təsdiq edilmiş qaz ehtiyatları,
ən azı, 2 trilyon kubmetrə bərabərdir və bu,
ölkəmizin daxili tələbatı üçün ən
azı 150 il üçün kifayətdir.
NABUCCO layihəsinə qoşulmaqla isə Azərbaycan
enerji resurslarından daha geniş istifadə imkanı əldə
edəcək. Prezident İlham Əliyevin
vurğuladığı kimi, “Xəzər regionu Avropa
İttifaqı üçün yeganə yeni alternativ potensial
qaz təchizatçısıdır, çünki
bütün digər təchizat mənbələri artıq
istifadə olunur. Düzdür, Avropaya ənənəvi
təchizat yolları ilə nəql olunan enerji
daşıyıcılarının hasilat həcmi
artmaqdadır, lakin yeni alternativ variant yalnız Xəzər
regionu sayılır. Biz bu yolu
yaradırıq. Bu, yeni enerji dəhlizidir.
Gələcəkdə olduqca uğurlu əməkdaşlığa
nail olmaq üçün biz Avropa İttifaqı ilə
sıx əlaqələndirmə işi aparmalıyıq”.
Ümumiyyətlə, qaz bazarı ilə neft
bazarını bir-birindən fərqləndirmək
lazımdır. Bu gün dünyada xüsusilə qaz
bazarı uğrunda nəhəng güclərin mübarizəsi
gedir. Prezident İlham Əliyevin bütün bunları nəzərə
alması bir daha söyləməyə əsas verir ki, Azərbaycan
qaz bazarında da əhəmiyyətli dövlətə
çevriləcək: “Qaz bazarı neft bazarından tamamilə
fərqlidir. O, müxtəlif bazarlarla bağlıdır. Ona görə, enerji proqramımızı, qaz
hasilatını artırmaq məqsədi ilə böyük sərmayələr
proqramını planlaşdırmaq üçün biz Avropa
İttifaqının tələbatlarını və onun
hasilatımıza necə təsir göstərəcəyini
bilməliyik”.
Dövlət
başçısının enerji təhlükəsizliyinə
nail olmaq yolları da olduqca açıq və aydındır.
O, dünya siyasətində zor və güc tətbiqinin əleyhinədir:
“Biz qəti şəkildə inanırıq ki, yalnız və
yalnız istehlakçı və hasilatçıların
ümumi maraqları fayda gətirə bilər. Enerji
daşıyıcıları - neft və qaz toqquşma və
ya hər hansı digər məsələ yox, əməkdaşlıq
və dostluğun vasitələri olmalıdır. Bizim timsalımızda Azərbaycan Avropa
İttifaqının dostudur. Ölkəmiz
özünün Avropaya inteqrasiya siyasətinə sadiqdir.
Artıq mövcud infrastruktura və böyük
neft-qaz yataqlarına malikdir. Ölkəmiz
açıq ürəklə yaxından işləməyə
hazırdır”.
Bütün sadalanan faktları, real siyasi və iqtisadi
göstəriciləri nəzərə alaraq əsaslı
şəkildə söyləmək olar ki, Azərbaycan enerji
təhlükəsizliyi sahəsində dünya siyasətində
aparıcı mövqeyə malikdir.
Seymur Orucov,
YAP Gənclər Birliyinin sədri
Yeni Azərbaycan.- 2011.- 22 sentyabr.-
S.4-5.