Azərbaycanın bank sektorunda böyük kəmiyyət və keyfiyyət dəyişiklikləri baş verir

 

“Kapital Bank” ASC-nin İdarə Heyətinin sədri Elmar Məmmədovun www.yap.org.az saytına müsahibəsi:

- Elmar müəllim, Azərbaycan Respublikası bu il dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünü qeyd edir. Müstəqillik dövründə respublikamızın bank-maliyyə sektorunda gedən inkişaf proseslərini necə xarakterizə edərdiniz?

- Dövlət müstəqilliyinin bərpası bizim ötən əsrin sonlarına doğru əldə etdiyimiz ən böyük tarixi nailiyyətdir. Ölkənin müstəqillik qazanması cəmiyyət həyatının bütün sahələrində böyük inkişaf proseslərinə təkan verdi. Əlbəttə, bu proseslər heç də birdən-birə başlanmadı, müstəqillik dövrünün ilk mərhələsi bir sıra problemlər, çətinliklərlə də müşayiət olundu. Bununla belə, Azərbaycan müstəqilliyin ilk illərində cəmiyyətin ümumi narahatlığına səbəb olan siyasi təlatümlər, xaos, iqtisadi böhran mərhələsini xalqımızın Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin siyasi iradəsi sayəsində qısa bir zamanda başa çatdıraraq aydın inkişaf yoluna qədəm qoydu. Azərbaycanda hüquqi dövlət quruldu, demokratik islahatlar geniş vüsət aldı, ölkənin gələcək inkişafına təminat verən yeni sosial-iqtisadi formasiyanın prinsipləri cəmiyyətdə bərqərar oldu. Təbii ki, ölkənin bank-maliyyə sektoru da, bu inkişaf proseslərindən kənarda qala bilməzdi. Yaxın tariximizə qısa nəzər yetirsək, bir daha şahid olarıq ki, bazar iqtisadiyyatına keçidlə əlaqədar respublikada aparılan liberal islahatların mühüm bir hissəsi elə məhz bank-maliyyə sektorunun payına düşür.

- Bu islahatlar hansı cəhətləri ilə səciyyəvidir?

- İslahatların ilk mərhələsi dövlət banklarının restrukturizasiyası və sağlamlaşdırılması tədbirlərinin həyata keçirilməsi ilə xarakterik oldu. Özəl bank sisteminin institusional təsisatları formalaşdırıldı, ölkədə bank sistemi genişləndi. Bu mərhələdə kapitalla bağlı müəyyən edilən aşağı tələblər, bankların fəaliyyəti üçün müəyyən edilmiş son dərəcədə liberal şərtlər və yumşaq tənzimləmə alətləri çoxlu sayda özəl bankın sistemə daxil olmasını təmin etdi. Bunun ardınca, təbii ki, bank sisteminin davamlılığının təmin olunması tədbirləri gəlməli idi. Beləliklə, 1996-cı ildən etibarən həyata keçirilən tədbirlər inkişafın növbəti mərhələsinə təkan verdi. Banklar qarşısında qoyulan minimal kapital tələbinin mərhələli şəkildə artırılması dövrün tələblərinə cavab verə bilməyən kiçik bankların birləşməsinə, yaxud bağlanmasına səbəb oldu. Özəl bankların intensiv sağlamlaşdırılması tədbirləri bank sisteminin davamlılığının möhkəmlənməsinə və maliyyə vasitəçilik funksiyasının yaxşılaşmasına münbit şərait yaratdı. Özəl bankların minimal kapital tələbinin ardıcıl artırılması və konsolidasiya prosesinin təşviqi özəl bank sisteminin kapital bazasını möhkəmləndirdi, bank sisteminin genişlənməsinə imkan verdi.

Müstəqillik dövründə bankçılıq fəaliyyəti sahəsində hüquqi mexanizmləri tənzimləyən mükəmməl qanunvericilik bazası da formalaşdırıldı. Ölkədə müstəqil bank sistemi və pul tədavülünün hüquqi əsaslarını təmin etmək üçün yeni qanunvericilik sənədləri qəbul edildi. 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbulundan az sonra “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” və “Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında” qanunlar qəbul edildi. Zaman keçdikcə bu qanunvericilik sənədləri daha da təkmilləşdirildi. Bu sahədə mükəmməl qanunvericilik bazasının formalaşdırılması Azərbaycanın bank sisteminin etibarlılığının artırılmasına, əmanətçilərin və kreditorların maraqlarının daha səmərəli şəkildə qorunmasına zəmin yaratdı.

- Bank sektorunda inkişaf prosesləri bu gün hansı səviyyədə davam edir?

- Ümumiyyətlə, 2002-ci ildən bu sahədə başlanan və bu gün də davam edən yeni meyilləri Azərbaycanda bank sisteminin restrukturizasiyasının növbəti mərhələsi kimi nəzərdən keçirmək olar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi strateji inkişaf kursu sayəsində ölkəmizin əldə etdiyi sosial-iqtisadi nailiyyətlər bu prosesə böyük təkan verdi. Uğurlu neft strategiyasının məntiqi nəticəsi kimi iri neft gəlirlərinin ölkəyə axınına paralel olaraq bankların maliyyə resurslarının bu axına hazır olması məqsədilə məqsədyönlü tədbirlər həyata keçirildi. Neft gəlirlərinin qeyri-neft sektoruna səmərəli və təhlükəsiz transformasiyası təmin edildi, yoxsulluğun azaldılması üçün bank sisteminin maliyyə vasitəçilik funksiyası inkişaf etdirildi, əhalinin və regionların bank xidmətlərinə çıxış imkanları artırıldı. Bank sisteminin davamlılığının və etibarlılığının möhkəmləndirilməsi, bank xidmətləri bazarında azad və sağlam rəqabət mühitinin təmin edilməsi üçün zəruri tədbirlər həyata keçirildi. Eyni zamanda, ölkədə müasir bank infrastrukturunun qurulması istiqamətində də ardıcıl addımlar atıldı, bank sektorunda informasiya texnologiyalarının geniş tətbiqinə başlandı, yeni ödəniş sistemləri istifadəyə verildi, ölkədə nağdsız ödəniş ənənələri formalaşdırıldı.

Bank sisteminin bütün istiqamətləri üzrə aparılan islahatlar və institusional inkişaf sayəsində bu gün Azərbaycanın bank sektorunda böyük kəmiyyət və keyfiyyət dəyişiklikləri baş verir. Tam əminliklə demək olar ki, bu gün ölkəmizin bank sistemi həm maliyyə sabitliyi göstəricilərinə, həm risk menecmenti təcrübəsinə, həm xidmətlər spektrinə, həm də korporativ mədəniyyət normalarına görə beynəlxalq standartlara tam uyğunlaşdırılır.

- Bu sistemdə “Kapital Bank”ın yeri və rolu nədən ibarətdir?

- “Kapital Bank” Azərbaycanda ən zəngin tarixi ənənələrə malik bankdır. Bank Bakıda ilk əmanət kassasının açıldığı 1874-cü ildən bəri, müxtəlif dövrlərdə ad dəyişiklikləri ilə düz 137 ildir ki, fəaliyyət göstərir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə də mövcud olan bu bank, milli dövlətçilik tariximizin hər iki dövründə mövcudluğunu qorumuş digər təsisatlar kimi, ölkəmizin ötən əsrin əvvəllərində itirilmiş istiqlalı ilə əsrin sonunda yenidən qazandığımız dövlət müstəqilliyi arasında sanki bir körpüyə çevrilib və fəaliyyətinin son 20 ili məhz Azərbaycanın müstəqilliyi dövrünə təsadüf edir. Düşünürəm ki, “Kapital Bank”da çalışan hər bir işçi də, bankın xidmətlərindən istifadə edən hər bir vətəndaş da bu faktla qürur duya bilər. Eyni zamanda, 137 illik fəaliyyət tarixi yalnız tarix deyil, həm də bu tarix boyu əldə edilmiş təcrübədir, zəngin ənənələrə əsaslanan keyfiyyətli xidmət, uzun illər ərzində qazanılmış müştəri etimadıdır.

“Kapital Bank” fəaliyyət göstəricilərinə görə ölkənin ən aparıcı banklarından biridir. Hazırda Bankın aktivləri 1 milyard manatı ötmüşdür. Bank aktiv plastik kartlarının sayı və xidmət şəbəkəsinin genişliyi baxımından da aparıcı mövqedədir. Bu gün 2 milyondan artıq müştəri məhz “Kapital Bank”ın plastik kartlarından faydalanır. 89 filial, 10 müstəqil şöbə, tabeli şöbələr və kassalar da daxil olmaqla, ölkə üzrə 136 xidmət məntəqəsinə malik olması müxtəlif regionlarda yaşayan müştərilərə çeşidli bank xidmətlərinin göstərilməsi sahəsində “Kapital Bank”ın üstünlüyünü təmin edir. Bütün dünyada pərakəndə bankçılıq ənənələrinin geniş vüsət aldığı müasir dövrümüzdə öz müştərilərinə ərazicə yaxınlıq “Kapital Bank”a imkan verir ki, həm kəmiyyət, həm də keyfiyyət baxımından getdikcə genişlənən xidmət şəbəkəsi ilə bank xidmətlərini hər bir Azərbaycan sakini üçün əlçatan etsin. İnformasiya texnologiyalarının inkişafı bu sahədə imkanları daha da genişləndirir. Artıq müştərilərə bank məhsulları internet-bank, mobil-bank, avtomatlaşdırılmış bank köşkləri kimi ən müasir texnoloji vasitələrlə təklif edilir. “Kapital Bank” özünün prosessinq sistemini də yaratmışdır. “KapitalKart” prosessinq sisteminin funksiyaları kart ödənişləri üzrə prosessinq xidmətlərinin göstərilməsi, kart hesablarının dəstəklənməsi, bankomat, POS-terminal və digər ödəniş terminallarının fəaliyyətinin təmin olunması, bank və beynəlxalq kart təşkilatları üçün hesabatların hazırlanması, beynəlxalq kart təşkilatları ilə banklar arasında məlumat mübadiləsinin təşkil edilməsi və digər xidmətlərdən ibarətdir. Ölkəmizdəki digər bankların istəyindən asılı olaraq “KapitalKart” prosessinq sistemindən onların da istifadə imkanları təmin edilə bilər.

Bank sisteminin regional şəbəkəsi və maliyyə xidmətlərinə çıxış imkanları da sürətlə genişlənir, “Kapital Bank” beynəlxalq maliyyə bazarlarında aktiv fəaliyyətə başlayır. İndi dünyanın hansı yerində yaşamasından asılı olmayaq, hər kəs istədiyi zaman “Kapital Bank”ın təklif etdiyi yeni texnologiyalardan istifadə etməklə ona lazım olan bank əməliyyatlarını həyata keçirə bilər.

- “Kapital Bank”ın beynəlxalq reytinqləri hansı səviyyədədir?

- Dünyanın nüfuzlu beynəlxalq agentlikləri tərəfindən banka verilmiş reytinqlər “Kapital Bank”ın son illərdə qazandığı nailiyyətləri əks etdirir. Beynəlxalq “Fitch Ratings” şirkəti “Kapital Bank”ın fəaliyyətini kifayət qədər yüksək qiymətləndirərək ona uzunmüddətli (RDE) “B+” reytinqini verib, Bankın reytinq proqnozunu isə “Stabil” kimi müəyyənləşdirib. Bundan başqa, “Moody’s” beynəlxalq şirkəti də “Kapital Bank”a yüksək “B1” reytinqini verib və bankın uzunmüddətli reytinq proqnozunu “Stabil” göstərib.

- Ölkə əhalisinin özəl bank sisteminə inam və etimadını necə qiymətləndirmək olar?

- İnkişafın ilk mərhələlərində əhalidə banklara inamın bir o qədər yüksək olmaması bütün inkişaf etmiş ölkələrə xas bir tendensiyadır. Əhali banklara yalnız o zaman inanır ki, bankın onun pulunu vaxtında qaytaracağına və ya inflyasiya baş verərsə, pullarının bankda dəyərdən düşməyəcəyinə tam əmin olur. Azərbaycan dövləti insanlarda bu əminliyi formalaşdırmaq üçün bank sektoruna hər cür dəstək verir. Əhalinin real pul gəlirlərinin artımına paralel olaraq, əmanət qoyuluşunu stimullaşdırmaq və əhalinin bank sektoruna etibarını artırmaq məqsədilə 2007-ci ildə əmanətlərin sığortalanması sisteminin formalaşdırılması, kreditorların və əmanətçilərin maraqlarının müdafiəsinin hüquqi əsaslarının təkmilləşdirilməsi bu sahədə vəziyyəti xeyli dəyişdi. Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun fəaliyyətə başlaması əhalinin əmanətlərinin sürətli artımı ilə müşayiət olundu.

2008-ci ilin qlobal maliyyə böhranı dövründə də əhalinin banklara inamını artıran proseslər baş verdi. İnsanlar banklar üçün son dərəcə ağır sınaq mərhələsində Azərbaycan hökumətinin bütün banklara lazımi dəstək verdiyini gördülər. Dünyanın əksər ölkələrindən fərqli olaraq Azərbaycanda bankların ciddi bir çətinliklə üzləşmədiyinə, heç bir əmanətçinin öz vəsaitlərini itirmədiyinə şahid oldular. Bütün bunlar əhalinin bank sektoruna inam və etimadını artıran, insanları öz vəsaitlərini əmanət şəklində banklarda yerləşdirməyə təşviq edən amillərdir. Bundan əlavə, makroiqtisadi sabitliyin qorunması və inflyasiyanın aşağı səviyyədə saxlanılması istiqamətində hökumətin və Mərkəzi Bankın apardığı siyasət də əhalidə bank sektoruna inamı artırır. Həmçinin, bu sahədə tənzimləyici funksiyasını yerinə yetirən Mərkəzi Bankın bank sektoruna məqsədyönlü nəzarəti, riskli əməliyyatların həyata keçirilməsinə qoyulan məhdudiyyətlər və risklərin idarə edilməsi sisteminin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər, bankların fəaliyyətində tətbiq edilən korporativ idarəetmə standartları Azərbaycanın bank sisteminin keyfiyyətinə, sabitliyinə, əhalinin banklara inamının güclənməsinə faydalı təsir göstərir. Bütün bunların müsbət nəticələrini Kapital Bankın əmanət portfeli üzrə getdikcə yüksələn artım dinamikasında da izləmək olar.

- “Kapital Bank” ölkə iqtisadiyyatının kredit ehtiyacının ödənilməsində hansı formada iştirak edir?

- “Kapital Bank” milli iqtisadiyyatın real sektorunun kreditləşdirilməsi sahəsində zəngin təcrübəyə malikdir və bu istiqamətdə mövqelərini getdikcə gücləndirməyə çalışır. Regionların inkişafına yönəlmiş layihələrin maliyyələşdirilməsi “Kapital Bank” üçün xüsusilə böyük əhəmiyyət kəsb edir. Bildiyiniz kimi, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda və regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş digər sənədlərdə nəzərdə tutulan tədbirlərin uğurla icrası ölkənin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoydu. Bütün bunlar, qeyri-neft sektorunun davamlı inkişafına, yeni iş yerlərinin və müəssisələrin yaradılmasına, regionlarda kommunal, xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəlməsinə təkan verdi. Sahibkarlıq mühitinin daha da yaxşılaşmasında, iqtisadiyyata investisiya qoyuluşlarının artmasında, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsində və yoxsulluğun azalmasında mühüm rol oynadı. Azərbaycan Respublikası regionlarının mövcud potensialından daha səmərəli istifadə etməklə yerlərdə sənaye sahələrinin və kənd təsərrüfatının inkişafını sürətləndirmək, bu işdə sahibkarlara dəstək olmaq ölkəni iqtisadi cəhətdən hərtərəfli inkişaf etdirmək bu gün dövlət institutları ilə yanaşı, hər bir özəl qurum, o cümlədən, bank-kredit təşkilatı qarşısında da duran əsas vəzifələrdəndir.

Böyük fərəh hissi ilə qeyd edə bilərik ki, son illər regionların inkişafı istiqamətində görülən ardıcıl işlərdə müvəkkil bank kimi “Kapital Bank” da yaxından iştirak edir. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Sahibkarlığa Kömək Milli Fondundan ayrılmış vəsait və bankın öz resursları hesabına regionların inkişafı istiqamətində sahibkarlara kreditlərin verilməsini bank bu gün də uğurla davam etdirir.

İndiyə qədər “Kapital Bank”ın kreditləri hesabına regionlarımızda reallaşdırılan biznes-layihələr, yüzlərlə insanın özünə iş yeri tapdığı yeni istehsal-emal müəssisələrinin fəaliyyəti Bankı bu sahədə daha fəal iştiraka ruhlandırır. Regionlarda kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlərə dövlət tərəfindən subsidiyaların verilməsi də müvəkkil bank kimi “Kapital Bank”ın ölkənin bütün regionlarını əhatə edən geniş xidmət şəbəkəsi vasitəsilə, plastik kartlarla həyata keçirilir. “Kapital Bank” pensiyaların və pensiyalara əlavə olunan müavinətlərin, məvaciblərin plastik kartlarla, bankomatlar vasitəsilə ödənilməsi prosesində də müvəkkil bank olaraq yaxından iştirak edir.

Bankın korporativ müştəri kontingentinin zaman-zaman genişləndirilməsi, etibarlı maliyyə sabitliyinə malik tərəfdaşlarla münasibətlərin qorunması, cəlb olunmuş vəsaitlərin strukturunda belə müəssisələrin xüsusi çəkisinin artırılması, ən əsası isə hər bir müştəriyə onun ehtiyaclarına uyğun fərdi yanaşma “Kapital Bank”ın daim rəhbər tutduğu fəaliyyət prinsipləridir. Geniş xidmət şəbəkəsinə malik olması, fəaliyyətinin universallığı, yüksək xidmət şəraiti fərdi müştərilər kimi, korporativ müştərilər üçün də “Kapital Bank”ın cəlbediciliyini artırır.

- Bankın qarşıdakı dövr üçün strateji planları nədən ibarətdir?

- Azərbaycanın sosial-iqtisadi inkişaf kursuna və bu kursun perspektivlərinə əsaslanaraq “Kapital Bank” da növbəti illər üçün öz strateji hədəflərini müəyyənləşdirmişdir. Bankın başlıca hədəfi indiyə qədər qazandığı nailiyyətləri qorumaq, öz fəaliyyət göstəriciləri ilə ölkənin bank-maliyyə sektorunda aparıcı mövqeyini daha da möhkəmləndirmək, xarici maliyyə bazarlarına inteqrasiya üçün sağlam maliyyə vəziyyətini təsdiq edən reytinqlərə malik olmaqla beynəlxalq standartlara uyğun xidmət səviyyəsinə nail olmaqdır.

“Kapital Bank” aparılan əməliyyatların həcminə və mürəkkəbliyinə uyğun, korporativ idarəetmə standartlarının tələblərinə cavab verən riskləri idarəetmə sisteminin yaradılması, standart texnologiyaların müştərilərin fərdi ehtiyacları ilə uzlaşdırılması üçün səyləri bundan sonra da davam etdirəcəkdir.

Hazırda “Kapital Bank”da beynəlxalq mühasibat sisteminin tətbiqi istiqamətində də intensiv işlər gedir və ümid edirik ki, yaxın zamanlarda bank yeni mühasibat uçotu standartlarının tətbiqinə başlayacaqdır. Müştərilərə göstərilən xidmətin keyfiyyətinin monitorinqi sisteminin tətbiqi və bu üsulla xidmətin keyfiyyətinin artırılması, pərakəndə bankçılıq təcrübəsinin genişləndirilməsi, müştərinin tələbatı və fəaliyyət xüsusiyyətləri nəzərə alınmaqla kompleks bank məhsul və xidmətlərinin təklif edilməsi, işin səmərəliliyinin yüksəldilməsi də “Kapital Bank”ın strateji məqsədləri sırasındadır.

Hər bir təsisat qarşıya qoyduğu məqsədləri peşəkar kadrların birgə əməyi sayəsində reallığa çevirdiyindən “Kapital Bank” da kadrların peşəkarlıq səviyyəsinin artırılmasını, korporativ ruh və qarşılıqlı kömək şəraitində fəaliyyət göstərən, yüksək mənəvi dəyərlərə, peşəkarlıq prinsiplərinə sadiq, operativ qərarlar qəbul etmək imkanına malik komanda ilə çalışmağı özünün strateji məqsədlərindən biri kimi görür.

Eyni zamanda, təkmil idarəetmə modellərinin yaradılması, bazara yeni innovasiya məhsullarının çıxarılmasına, əməliyyatların tam avtomatlaşdırılmasına və təhlükəsizliyinin təmin edilməsinə yönəldilmiş informasiya texnologiyalarının inkişaf etdirilməsi də “Kapital Bank”ın məqsədidir.

Bütün bunlarla yanaşı, biz bank xidmətləri üzrə daxili texnologiya və proseslərin optimallaşdırılmasına, bütün bunları xidmətdən istifadənin sadələşdirilməsinə və avtomatlaşdırılmasına yönəltməyə çalışırıq. Növbəti illər üçün qarşıya qoyulmuş məqsədlərdən biri də bankın struktur bölmələrini vahid korporativ üsluba uyğunlaşdırmaq və “Kapital Bank”ı bu üslubla təkcə Azərbaycanda deyil, dünyada da tanıtmaqdır.

Ümid edirik ki, bu il dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünü qeyd edən müstəqil Azərbaycan dövləti qüdrətləndikcə “Kapital Bank” da addım-addım öz məqsədlərinə doğru yaxınlaşacaqdır.

 

 

Yeni Azərbaycan.- 2011.-23 sentyabr.-S. 3.