“Eurovision” tarixində
ən gözəl mahnı yarışması Bakıda təşkil
olunacaq
Aysel Teymurzadə: Ekspertlər indiyədək ən möhtəşəm müsabiqənin Moskvada təşkil
olunduğunu söyləyirlər, amma düşünürəm
ki, Azərbaycanda təşkil olunacaq
“Eurovision-2012” bütün rekordları təzələyəcək
...Adətən,
incəsənət sahəsində çalışanlar
azacıq tanınanda, hər hansı bir şöhrət
qazananda, çox tez “ulduz xəstəliyinə” tutulurlar,
özlərini əlçatmaz hesab edirlər. O isə tamam fərqlidir.
Azərbaycan xanımına xas olan ən müsbət keyfiyyətləri-
zərifliyi, səmimiliyi, gülərüzlülüyü və ən nəhayət, vətənpərvərliyi
ilə seçilir. Məhz ondakı bu keyfiyyətlərin sayəsində
Azərbaycan tarixində ikinci dəfə
qatıldığı Avropanın ən nüfuzlu musiqi
yarışmasında-Moskvada keçirilən “Eurovizion-2009” mahnı
müsabiqəsində üçüncü yerə sahib ola
bildi. Əslində, bu, böyük qələbə
idi. Çünki, artıq 54-cü dəfə
keçirilən bu yarışmada Azərbaycan ikinci dəfə
iştirak edirdi. Və bu uğur, gələcəkdə - iki il
sonra Almaniyada keçiriləcək 56-cı musiqi
yarışmasında Azərbaycan təmsilçilərinin
qalib gəlməsinə bir növ zəmin yaratdı,- Avropa
tamaşaçısında Azərbaycan, onun musiqisi haqda xoş təəssüratlar oyada
bildi. Bəs, iki il əvvəl, ifa etdikləri musiqi nömrəsi
ilə nəinki
ölkəmizin, eləcə də, Avropanın musiqisevərlərinin qəlblərini
riqqətə gətirən Aysel Teymurzadə-Araş cütlüyünün sonrakı
aqibəti necə oldu? Avropa tamaşaçısı yenidən bu
cütlüyün şux, oynaq duetlərinin şahidi
olacaqmı? Sentyabrın 21-də “Yeni Azərbaycan”
redaksiyasının qonağı olan Aysel Teymurzadə
bütün bunlara aydınlıq gətirdi, eləcə də, Bakıda keçiriləcək
“Eurovision-2012” mahnı müsabiqəsi ilə bağlı
öz fikirlərini bölüşdü...
- Aysel
xanım, təmsilçilərimiz-Nigar və Eldar
cütlüyü Almaniyada keçirilən “Eurovision-2011”
musiqi yarışmasında qalib gəldikləri üçün
gələn il Azərbaycan paytaxtı bu
möhtəşəm müsabiqəyə ev sahibliyi edəcək.
Amma bu qələbəyə birdən-birə nail
olmadıq. Bu qələbədə, “Eurovision”
yarışmasında əvvəlki illərdə iştirak
etmiş musiqiçilərimizin, o cümlədən, sizin də
payınız var...
- Təbii,
bunu inkar etmək olmaz. Hesab edirəm ki, həm birinci kollektiv-
Samir Cavabzadə-Elnur Hüseynov dueti, həm bizim
cütlük, həm də Səfura Əlizadənin bu qələbədə
müəyyən payı var. Çünki Avropa
tamaşaçısını Azərbaycan musiqisinə
alışdırmaq lazım idi. Doğrudur, Avropa
tamaşaçısı əvvəllər də bizim sənətkarlarımızın
ifaları ilə tanış olmuşdular.
Məsələn, muğamlarımız, xalq
mahnılarımız Avropada böyük məmnunluqla dinlənilir.
Amma müasir musiqimiz, estrada janrında olan
mahnılarımızı Avropa tamaşaçısına təqdim
etmək, onlara bəyəndirmək bir qədər çətin
idi. Düşünürəm ki, çox
qısa zamanda biz buna nail olduq. 56-cı dəfə
keçirilən bu mahnı yarışmasında Azərbaycan
artıq 4-cü ildə qalib oldu. Bundan əvvəlki
illərdə isə, daim ilk onluqda qərar tuturduq. Hələ
Avropada belə bir ölkə olmayıb ki, onun təmsilçiləri
hər il ilk onluqda qərarlaşa bilsin. Yalnız Yunanıstan təmsilçilərinə
belə bir uğur qazanmaq nəsib olmuşdu. İndi Azərbaycan
bu rekordu da təzələyə bildi- cəmi 4 il lazım oldu ki, birinciliyi əldə etsin. Düşünürəm ki, hər şeydən əvvəl,
bu, bizim musiqimizin, ifaçılıq sənətimizin
yüksək olmasından irəli gəlir. Digər tərəfdən isə, unutmaq lazım
deyil ki, biz elə ilk gündən bu müsabiqəyə ciddi
hazırlaşırdıq. Burada təkcə
ifaçılar deyil, böyük bir yaradıcı kollektivin-
komandanın əməyini xüsusi qeyd etmək
lazımdır. Buraya İctimai Televiziya, Gənclər
və İdman Nazirliyi, Mədəniyyət və Turizm
Nazirliyi və digər qurumlar daxildir. Eyni
zamanda, Heydər Əliyev Fondu da hər zaman bizə dəstək
olub. Odur ki, bu qələbədə hər
kəsin, o cümlədən, tamaşaçıların da
müəyyən mənada payı var və bizə verdikləri
dəstəyə görə onlara dərin minnətdarlığımızı
bildirirəm. Biz bu qələbəyə
doğru məqsədyönlü şəkildə, pillə-pillə
addımladıq və uğurlu nəticə qazandıq.
Bu münasibətlə, bir daha hər kəsi təbrik
edirəm.
- Sizcə
2011-də Azərbaycanın qələbəsini şərtləndirən
əsas amillər hansılar idi?
- Öncə Avropa tamaşaçısı artıq səs-küylü,
gurultulu mahnılardan bezmişdi. Tamaşaçının
daha çox sakit, qəlbləri oxşaya bilən, onda romantik
hisslər oyada bilən bir musiqiyə ehtiyacı var idi. Və biz də bu boşluğu doldura bildik. Amma onu da mütləq qeyd etməliyəm ki, elə
bizim uşaqlar da- Eldar və Nigar səhnədə bu hissləri
çox məharətlə çatdıra bildilər. Onların həm mahnıları çox gözəl
idi, həm də ifaları. Afərin, onlara!
- Siz həm
müsabiqə iştirakçısı kimi, həm də
tamaşaçı qismində bir neçə dəfə
“Eurovision” yarışmasında olmusuz. Sizcə,
Azərbaycan bu mötəbər müsabiqəni keçirməyə
hazırdırmı?
- Əminliklə deyə bilərəm ki, bəli, biz
buna hazırıq. Çünki Azərbaycan paytaxtı indiyədək bir
sıra mühüm beynəlxalq idman yarışlarına,
forumlara, dünya miqyaslı sammit və konfranslara ev sahibliyi edib. Belə irimiqyaslı tədbirlərin
keçirilməsi üçün Bakı şəhərində
bütün lazımi infrastruktur mövcuddur, həmin tədbirlərin
təşkili üçün yetərincə peşəkar
kadrlarımız var. Digər tərəfdən isə, şəhərdə
turistləri qəbul etmək üçün çoxlu sayda
beynəlxalq standartlara uyğun beşulduzlu hotellər, gözəl
və yaraşıqlı istirahət mərkəzləri,
yüksək səviyyədə xidmətlər təqdim edən
bar və restoranlar mövcuddur. Dənizkənarı
Milli Parkımız dünyanın ən uzun və ən
yaraşıqlı bulvarlarından biridir. Bundan əlavə,
“Eurovision-2012”nin keçirilməsi
üçün paytaxtda, Xəzər dənizinin sahilində
möhtəşəm konsert salonu inşa edilir. Paytaxtımız günü-gündən inkişaf
edir, gözəlləşir, yeni-yeni hündürmərtəbəli
binalar, park və xiyabanlar salınır ki, bunlar da şəhərə
xüsusi yaraşıq verir. Bütün bu
sadaladıqlarım onu deməyə əsas verir ki, gələn
il “Eurovision”a ev sahibliyi edəcək
doğma Bakımız turistləri bir çox özəllikləri
ilə heyrətləndirəcək. Yeri gəlmişkən,
qeyd edim ki, hər il, musiqi
yarışması bitdikdən sonra, Avropanın nüfuzlu
musiqişünasları və ekspertləri “Eurovision”un təşkilini
və keçirilməsini qiymətləndirirlər. Onların qənaətinə görə, indiyədək
ən möhtəşəm “Eurovision” mahnı müsabiqəsi
2009-cu ildə Moskvada təşkil olunub. Amma mən
düşünürəm ki, gələn il
Bakıda təşkil olunacaq “Eurovision-2012” musiqi
yarışması bütün paramertlərinə görə
bu rekordu da təzələyəcək. Və
“Eurovision” tarixində ən möhtəşəm mahnı
müsabiqəsi məhz Bakıda təşkil olunacaq.
- Siz
xarici ölkələrdə çox olursunuz. Bəs
Avropadan Azərbaycan necə görünür?
- Məlumat
üçün qeyd edim ki, mən ali təhsilimin
bir hissəsini ABŞ-da almışam. Vaxtilə orada, Azərbaycan
haqda çox az sayda insanlarda təsəvvürlər
var idi, bizi yalnız dərsliklər vasitəsi ilə
tanıyırdılar. Eləcə də,
Avropada çox məhdud dairələrdə ölkəmiz
haqda məlumata malikdilər. Amma artıq
demək olar ki, dünyanın hər yerində Azərbaycanı
tanıyırlar. Təbii ki, bizim
“Eurovision”da qələbə çalmağımız, bu,
ölkəmizin təbliği üçün böyük bir
fürsət oldu. Təsəvvür edin, gələn il müsabiqədə iştirak etmək, eləcə
də, onun işini işıqlandırmaq üçün
bütün Avropa dövlətlərindən on minlərlə
turistlər, eləcə də, minlərlə KİV nümayəndələri
ölkəmizə gələcəklər. Ölkəmizin zəngin
mədəniyyəti, milli mətbəxi, adət-ənənələri
ilə yaxından tanış olacaqlar. Hesab edirəm ki, bu, ölkəmizin təbliği
üçün böyük bir şansdır.
- Aysel
xanım, “Eurovision” təmsilçilərinin seçilməsi
ilə bağlı söz-söhbətlər hələ də
davam edir. Kimisi münsifləri regionçuluqda
və yerlibazlıqda günahlandırır, kimisi SMS-lərin
düzgün hesablanmadığını iddia edir. Sizcə, ölkəni bu yarışmada təmsil edəcək
namizədin seçilməsi üçün ideal variant
hansıdır?
- Bu
çox çətin bir məsələdir. Məsələn,
builki seçim turundan sonra da belə söz-söhbətlər
dolaşdı, mətbuatdan mən də bu haqda oxudum.
Kimisi münsifləri ədalətsizlikdə
günahlandırdı, kimisi ona göndərilən SMS-lərin
sayının guya bilərəkdən
azaldıldığını dedi. Məsələn,
bizim vaxtımızda namizədin seçilməsi qapalı
keçirildi və 40 iştirakçı arasından məni
seçdilər. Sonra mənim Araşla
duet oxuyacağım bəlli oldu. Amma
sonrakı illərdə namizədin seçilməsi
açıq səsvermə-SMS vasitəsi ilə müəyyənləşdi.
Sonda münsiflər öz yekun qərarlarını
söylədilər. Bu, heç də bir
nəfərin fikri kimi başa düşülməməlidir.
Münsiflər heyəti musiqimizi dərindən
bilən, eyni zamanda, ölkəmizin təəssübkeşliyini
çəkən insanlardan ibarətdir. Və
mənim fikrimcə, münsiflərin qərarına hörmətlə
yanaşılmalıdır. Ən
azından, Eldar-Nigar cütlüyünün qələbəsi
bunu təsdiqlədi.
- Ölkədə
keçirilən “Eurovision”un uğuru həm
də ev sahibinin təqdim etdiyi şou-proqramdan, eləcə də,
müsabiqənin aparıcılarının peşəkarlığından
da çox asılıdır. Sizcə, Azərbaycan, bu
baxımdan Avropanı təəccübləndirə biləcəkmi?
-
Sözsüz. Bizdə ingilis dilində sərbəst
danışa bilən çoxlu istedadlı gənclər var.
Hesab edirəm ki, məqamı yetişəndə onlar
arasında seçim aparılacaq və ölkəmizi bu
müsabiqədə layiqincə təmsil edə biləcək
aparıcılar müəyyənləşəcək.
Digər tərəfdən isə, məlum olduğu kimi,
“Eurovision-2012”nin keçirilməsi
üçün xüsusi komissiya yaradılıb. Hesab edirəm ki, Bakıda təşkil olunacaq
mahnı yarışması “Eurovision” tarixinə öz
damğasını vura biləcək.
- İcazə
verin, bir az da şəxsi işlərinizlə
maraqlanaq. Son vaxtlar hansı işləri
görürsünüz?
- Son
vaxtlar yeni mahnılar üzərində işləyirəm. Qeyd edim ki, “To night” adlanan mahnı Londonda studiyada lentə
alınıb. Bu mahnı ilə
bağlı böyük planlarımız var, yaxın vaxtlarda
həmin mahnıya klip çəkiləcək. Xatırladım ki, mahnı sırf xarici auditoriya
üçün nəzərdə tutulub. Yaradıcı
heyət mahnının Avropada populyar olacağına əmindir.
Bundan əlavə, məndən çox
xahiş edirlər ki, Azərbaycan dilində də mahnılar
ifa edim. Bu istiqamətdə də müəyyən
işlər aparılır. İnşallah,
çox yaxın vaxtlarda həmin mahnılar efirlərdən səslənəcək.
- Bəs
xarici ölkələrdən necə, sizə təkliflər
olurmu?
- Bilirsiz,
xarici auditoriyaya çıxmaq üçün “Eurovision”
müsabiqəsi bir növ tramplindir, səni bütün
Avropada tanıyırlar. Bu baxımdan,
özümü şanslı hiss edirəm və mənə
bu etimadı göstərənlərə öz minnətdarlığımı
bildirirəm. O ki qaldı sualın birbaşa cavabına,
bəli, bir sıra ölkələrdən, o cümlədən,
Rusiya və Türkiyədən də mənə belə
iş təklifləri gəlir, həmin ölkələrin
konsert salonlarında çıxışımı istəyirlər.
Hələlik bu təkliflər müzakirə
olunur. Amma bir şeyi də nəzərə
çatdırmaq istəyirəm ki, valideynlərim məni hələ
uşaqlıqdan bir az vətənpərvər
ruhda tərbiyə ediblər. Odur ki, Vətənimi
çox sevirəm və hələ ondan ayrılmaq istəmirəm.
- Pərəstişkarlarınız
sizin musiqi albomunuzu tezliklə görə biləcəklərmi?
- Digər
bəzi müğənnilərdən fərqli olaraq, mən
bu işə çox ciddi yanaşıram. Bəzən
elə olur ki, kimsə özünü tanıtmaq
üçün, üç-beş mahnıdan ibarət albom
çıxarır. Mən isə işi
görəndə min ölçüb-bir biçirəm, onu
keyfiyyətlə görürəm. İstəyirəm
ki, albomumda keyfiyyətli, Avropa auditoriyasına hesablanan
mahnılar daha çox yer alsın. Tezliklə
deyə bilmərəm, amma gələcəkdə, bu,
mümkündür.
- Qısa
bir zaman kəsiyində öz şux, oynaq mahnıları ilə
Avropa tamaşaçısının qəlbini riqqətə
gətirən, onların sevimlisinə çevrilən
Aysel-Araş cütlüyü sona yetdimi? Yoxsa,
biz hələ qabaqda yenidən bu əməkdaşlığın
şahidi olacağıq?
- Deməzdim
ki, bu cütlük artıq tarixə qovuşdu. Bildiyiniz
kimi, Araş bizim soydaşımızdır, Avropada yaşasa
da, əslən Cənubi Azərbaycandandır. Bizim dostluğumuz hələ də davam edir. Demək olar ki, hər gün, internet vasitəsi ilə
bir-birimizlə əlaqə saxlayırıq. Bu ilin martında onun toyu oldu, çox təəssüf
edirəm ki, işlərimin çoxluğundan həmin mərasimdə
iştirak edə bilmədim. Amma onları
təbrik etdim. Yeri gəlmişkən, qeyd
edim ki, “To night”ı Araşa da göndərmişəm, bu
mahnı onun da çox xoşuna gəlib. (Gülür)Dünyanın işini bilmək olmaz, bəlkə
inşallah, elə bir məqam yetişəcək ki, yenə də
bu cütlüyü hansısa yeni bir layihədə görə
biləcəksiniz.
- İndi bir növ müğənnilərin filmlərə dəvət olunması dəb halını alıb. Siz necə, heç filmlərdə çəkilməyə dəvət almısınızmı?
- Ötən iki il ərzində filmlərdə, yaxud seriallarda çəkilməklə bağlı mənə təkliflər çox olub. Bütün təkliflərdən imtina etmişəm. Çünki ssenarilərlə tanış olduqdan sonra düzü, onları bəyənməmişəm. Əslində, çəkilmək istərdim, amma indiyədək mənə təklif olunan əsərlərin həm özləri, həm də yaradıcı heyət çox zəif olub. Əlbəttə, hər hansı bir məşhur rejissorun filmində, yaxud, məşhur bir əsərin motivləri əsasında çəkilən bir filmdə oynamaq istərdim. Yeri gəlmişkən, qeyd edim ki, orta məktəbdə bizə gələcəkdə hansı peşə sahibi olmaq istədiklərimizi öyrənmək üçün anketlər paylayardılar. Mən də həmişə yazardım ki, ya aktrisa, ya da ki müğənni olacağam. Demək müəyyən mənada arzum çin olub.
- Bəs nə vaxtsa, “Qremmi” mükafatını almaq ürəyinizdən keçibmi?
- Uşaqlıqda, bəli, olub belə bir arzum. Amma yaşa dolduqca, bu, mənim üçün əlçatmaza çevrildi. Amma yenə də şansım gətirdi, “Eurovision” kimi Avropanın nüfuzlu musiqi yarışmasında üçüncü oldum. Avropa tamaşaçısı məni tanıdı, qəbul etdi. Taleyin işini bilmək olmaz. Bəlkə bir gün gələcək və mən həmin arzuma da çatacağam?
- Gələcək planlardan söz düşmüşkən, ixtisasca, gərək ki, diplomatsınız. Yoxsa gələcəkdə hansısa ölkədə Azərbaycanı səfir kimi təmsil etmək haqda düşünürsüz?
- (Gülür). Ötən il Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər fakültəsini Avropaşünaslıq və Amerikaşünaslıq ixtisası üzrə bitirmişəm. Yəni, ixtisasca, doğrudan da, diplomatam. Bilmək olmaz, bəlkə də bir gün gələcək elə əsas ixtisasımla məşğul olacağam. Niyə də olmasın? İndinin özündə də bizim diplomat xanımlarımız var. Yeri gəlmişkən, qeyd edim ki, elə incəsənət işçiləri, musiqiçilər də öz ölkələrinin mədəniyyət sahəsi üzrə bir növ diplomatları hesab olunurlar. Biz xarici ölkələrə səfərlər edirik, ölkəmizi təbliğ və təqdim edirik, başqa sözlə, indinin özündə də bir növ əsas peşəmlə məşğulam. Amma mən hələ gəncəm, düşünürəm ki, gələcəkdə hər iki işimi paralel aparacağam, bir növ peşələrimi sintez edəcəyəm.
- Aysel xanım, yeri gəlmişkən, bir gənc nəslin nümayəndəsi kimi, Azərbaycanda dövlət tərəfindən aparılan gənclər siyasətini necə qiymətləndirirsiniz?
- Heç kimə sirr deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə gənclərə xüsusi diqqət və qayğı göstərilir. Gənc kadrlar dövlətin idarəetmə strukturlarında işə cəlb olunur, onların məişət və digər sosial problemlərinin həlli istiqamətində ayrıca dövlət proqramları qəbul edilir və uğurla icra olunur. Bir gənc kimi, dövlətin bu diqqət və qayğısını hər zaman hiss etmişəm. Hesab edirəm ki, bizim gənclər də dövlətin bu diqqət və qayğısına öz əməli işləri ilə cavab verməyə hazırdırlar və bunu edirlər də. Görün neçə-neçə gənc idmançımız beynəlxalq yarışlarda qələbə qazanaraq dövlətimizin bayrağını ucalara qaldırıblar, onların şərəfinə dövlət himnimiz səslənib? Bu hissləri yaşamaq özü bir şərəfdir. Və hər bir gəncimizə belə uca hissləri yaşamağı arzu edirəm.
- Üzvü olduğunuz Yeni Azərbaycan Partiyası ilə bağlı fikirlərinizi bilmək oxucularımız üçün də maraqlı olardı.
- Mən çoxdan bu partiyaya üzv olmaq istəyirdim. Mənim atam YAP-ın fəal üzvlərindən biridir. Bu ilin yanvar ayında sənədlərimi hazırladım. Və fevralın 2-də - Gənclər günündə məni partiyaya qəbul etdilər. Bunun üçün çox sevinirəm və özümü çox xoşbəxt hiss edirəm. Çünki tarix göstərdi ki, Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu bu partiya Azərbaycanı tənəzzüldən inkişafa, tərəqqiyə apardı, onun dünya dövlətləri sırasında öz layiqli yer tutmasını labüdləşdirdi. Ulu öndərimizin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni-yeni zirvələri fəth etdi. Dünyanın ən inkişaf etmiş dövlətlərindən birinə çevrildi. Və mən də çalışacağam ki, öz əməli işimlə bu partiyaya fayda verə bilim, onun layiqli üzvlərindən birinə çevrilim, layiqli vətəndaş ola bilim.
- Səmimi söhbətə görə, təşəkkür edirik.
- Mən də qəzetiniz vasitəsi ilə o
xucularınıza, eyni zamanda, bütün Azərbaycan xalqına öz salamlarımı çatdırıram. İnşallah, gələn il, Bakıda möhtəşəm “Eurovision” şousu görmək arzusu ilə sizə ən xoş arzularımı ifadə edirəm.
Səlim LOĞMANOĞLU
Yeni Azərbaycan.-
2011.- 23 sentyabr.- S.5.