Azərbaycan Respublikası ötən 20 ildə dünyada demokratik, hüquqi, dünyəvi dövlət nüfuzu qazanmışdır

 

Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Xarici iqtisadi əlaqələr şöbəsinin müdiri Ağadayı Ağayevin www.yap.org.az saytına müsahibəsi:

- Ağadayı müəllim, bildiyimiz kimi xalqımız Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümünü qeyd edir. Bu tarixə nəzər salaraq, ilk növbədə, müstəqilliyimizin yenidən əldə olunmasına gətirib çıxaran, bu tarixi nailiyyəti şərtləndirən məqamları təhlil etməyinizi istərdik. Sizcə, müstəqilliyimizin əldə olunması tarixi zərurət, yoxsa, baş verən obyektiv hadisələr fonunda qazanılmış nailiyyət idi?

- Qədim tarixə və zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı XX yüzilliyin son onilliyinə müstəqil bir dövlət kimi daxil oldu və qısa zaman kəsiyində özünün müstəqil dövlətini dünyaya tanıda bildi. Bu, xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı prinsipial mübarizədə qazandığı parlaq nailiyyət və böyük tarixi qələbəsi idi.

Azadlıq və müstəqillik uğrunda xalqımızın apardığı prinsipial mübarizənin məntiqi nəticəsi olaraq 1991-ci il oktyabrın 18-də Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə ölkəmiz öz müstəqilliyini yenidən qazandı və əsrin əvvəllərində itirilmiş müstəqilliyimiz bərpa olundu. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin dediyi kimi, “Müstəqil Azərbaycan Respublikası bizim ən böyük tarixi nailiyyətimizdir və Azərbaycanın müstəqilliyi daimidir, dönməzdir, əbədidir”.

Konstitusiya Aktında qeyd edilirdi ki, Azərbaycan dövləti müstəqil, unitar və dünyəvi dövlətdir, siyasi hakimiyyət xalqa məxsusdur, bütün vətəndaşlar seçib-seçilmək hüququna malikdir, dünya dövlətləri ilə siyasi, iqtisadi və mədəni əlaqələr qurur, demokratik yolla dövlət strukturları yaradır. Beləliklə, müstəqilliyini yenicə bərpa edən gənc Azərbaycan Respublikasının qarşısında yeni tarixi vəzifələr qoyuldu. Bu tarixi vəzifələr əsasən aşağıdakılardan ibarət idi: Yenicə yaradılmış dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlət qurulması, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi; Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli; daxildə ictimai-siyasi sabitliyin bərpası; əhalinin təhlükəsizliyinin, sosial və mədəni rifahının təmin edilməsi; bazar iqtisadiyyatına doğru dərin islahatların həyata keçirilməsi; milli və dövlət strukturlarının yaradılması; əsaslandırılmış daxili və xarici siyasət kursunun hazırlanması.

- Müstəqilliyimizin bərpa olunduğu ilk illərdə ölkəmiz dərin böhranla üzləşmişdi. Etiraf etmək lazımdır ki, digər keçmiş Sovet İttifaqı respublikaları ilə müqayisədə Azərbaycan bu prosesləri daha ağır və daha çox itkilərlə yaşadı. Sizcə, bu, daha çox daxili, yoxsa xarici amillərlə bağlı idi və ümumiyyətlə, bunun səbəblərini nə ilə izah etmək olar?

- Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi nə qədər çətin şəraitdə mümkün olmuşdursa, yeni dövlətin xarici siyasət doktrinasını hazırlamaq da bir o qədər mürəkkəb, məsuliyyətli və çətin idi. Qeyd etmək lazımdır ki, nə 1991-1992-ci illərdə, nə də 1992-1993-cü illər AXC hakimiyyəti dövründə milli xarici siyasət konsepsiyasının hazırlanması məsələsi özünün müsbət həllini tapa bilməmişdi.

Bunun obyektiv və subyektiv səbəbləri vardı. Məlumdur ki, Azərbaycan uzun müddət çar Rusiyasının, sonra isə SSRİ-nin tərkibində olduğundan özünün müstəqil xarici siyasət proqramı olmamış və bu mühüm dövlət xətti “Kreml” tərəfindən idarə edilmişdi. Azərbaycanın xarici siyasəti formal xarakter daşıyırdı və Moskvanın maraqlarına uyğun formada “yuxarıdan” istiqamətləndirilirdi. Buna görə də, ikitərəfli və çoxtərəfli əməkdaşlığa dair xarici siyasət məsələlərini hazırlamaq ilk vaxtlar çətin idi. Xüsusilə, milli kadrların olmaması bu işi daha da çətinləşdirirdi. Bundan başqa, müstəqillik qazandıqdan sonra Azərbaycanın genişmiqyaslı xarici siyasət fəaliyyəti bir çox çətinliklərlə qarşılaşırdı.

1991-1993-cü illərdə Azərbaycanın xarici siyasətində çox ciddi və bağışlanılmaz səhvlərə yol verilmişdi. Belə ki, xalqımızın milli mənafelərinə xidmət edən, müstəqil dövlətçiliyimizin və ərazi bütövlüyümüzün qorunmasına, təhlükəsiz həyat şəraitinə təminat verən xarici siyasət doktrinası yaradılmamış, dövlətimizin xarici siyasəti diplomatiyadan uzaq diletantlara tapşırılmış, qonşu dövlətlərlə, xüsusilə, Rusiya ilə normal münasibətlər qurulmamış, yaxın və uzaq xarici ölkələrdə səfirliklərin açılması yubadılmış, respublikamızın kütləvi informasiya vasitələri informasiya blokadasını dəf edə bilməmiş və Azərbaycan həqiqətlərinin dünya ölkələrinə çatdırılması istiqamətində operativ işləməmişdir. Məhz, qeyd etdiyimiz nöqsanlar və digər qüsurlar müstəqil Azərbaycan dövlətini 1993-cü ilin iyun ayında dərin sosial-iqtisadi, siyasi və hərbi böhrana gətirib çıxardı. Ölkəmiz bütün sahələrdə iflic vəziyyətinə düşdü. AXC-Müsavat cütlüyü hökuməti isə bu şəraitdən çıxış yolu tapa bilmədi.

- Əslində, çıxış yolu kifayət qədər aydın idi və sadəcə, bu addımı atacaq iradə tələb olunurdu...

- Bəli, o dövrdə xalqımız haqlı olaraq, ümidlərini təcrübəli dövlət xadimi, müdrik siyasətçi Heydər Əliyevə bağladı və Onun Naxçıvandan ölkə rəhbərliyinə gəlməsini təkidlə tələb etdi. Beləliklə, xalq böyük xilaskar Heydər Əliyevin timsalında özünün nicat yolunu tapdı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmin dövrün konkret təhlilini verərək demişdir ki, 1990-cı illərin əvvəllərində Azərbaycanda “...iqtisadi böhran, siyasi böhran, hərbi böhran, vətəndaş müharibəsi, Ermənistanın Azərbaycana qarşı etdiyi təcavüz, torpaqlarımızın işğal olunması, vətəndaş qarşıdurması, bütövlükdə Azərbaycan dövlətçiliyi sual altında idi”.

Vəziyyət son dərəcə təhlükəli xarakter almışdı, cəbhədə isə erməni silahlı qüvvələri kənd və şəhərlərimizi bir-birinin ardınca işğal edirdilər. Azərbaycan xalqının və Azərbaycan dövlətçiliyinin taleyi, müstəqil gənc dövlətimiz təhlükə qarşısında qalmışdı. Başlanmış təhlükəli proseslərin qarşısını almaqda gücsüzlüyünü dərk edən iqtidar son anda kömək üçün Ulu öndər Heydər Əliyevə müraciət etdi. Heydər Əliyev xalqın arzusunu nəzərə alaraq iyunun 9-da Bakıya gəldi. İyunun 15-də isə yekdilliklə Azərbaycan parlamentinin Sədri seçildi. Həmin gün Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Ulu öndər Heydər Əliyev 1993-cü ilin oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçildi.

- 1993-cü ilin iyun ayından sonra isə Azərbaycanda hər şey tədricən dəyişməyə başladı. Ulu öndərimizin hakimiyyətə qayıdışı Azərbaycanın inkişafı, dövlətçiliyimizin möhkəmlənməsi baxımından yeni bir mərhələ idi. Bunun üçün Ümummilli liderimiz hansı addımları atdı?

- Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra qısa müddət ərzində sabitlik bərpa olundu və ölkənin iqtisadi imkanlarının səfərbər olunması, Azərbaycanın malik olduğu təbii sərvətlərdən müstəqil dövlətimizin və xalqımızın rifahı naminə istifadə olunması, on illərlə imperiya maraqlarına xidmət etmiş təbii ehtiyatlarının Azərbaycanın inkişafı və rifahı üçün istismarı, bu məqsədlə xarici investisiyaların cəlb olunması üçün cəsarətli siyasi addımlar atıldı. 1994-cü ildə atəşkəs elan olundu.

Milli maraqlara əsaslanan neft strategiyasının həyata keçirilməsi də yalnız Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur. 1994-cü ilin sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə dünyanın tanınmış neft şirkətləri arasında saziş imzalandı. “Əsrin müqaviləsi” adını almış bu sazişdə dünyanın 7 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanı) 11 ən məşhur neft şirkəti (Amoko, Yunokal, Penzoyl, McDermott, Britis Petroleum, Ramko Enerji, Statoyl, LUKoyl, Türk Petrolları, Delta, ARDNŞ) iştirak etmişdir. Bu müqavilənin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən və Heydər Əliyev tərəfindən işlənib hazırlanmış neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. “Əsrin müqaviləsi” Azərbaycanın bir dövlət kimi tanınmasına, dünya iqtisadi sisteminə qoşulmasına və beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsinə şərait yaratdı. Beynəlxalq neft sazişlərinin imzalanması ilə neft sazişlərində iştirak edən dövlətlərlə səmərəli və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün əsaslı təməl quruldu, ölkənin geosiyasi mövqeyinin daha da möhkəmlənməsi, dünya iqtisadiyyatına inteqrasiya prosesinin sürətlənməsi üçün şərait yarandı.

- Neft strategiyasından söz düşmüşkən, sizcə, “Əsrin müqaviləsi” müstəqil Azərbaycan dövlətinin və bütövlükdə regionun gələcəyi üçün hansı mənanı ifadə edirdi?

- “Əsrin müqaviləsi”nin imzalanması ilə müstəqil Azərbaycan dövlətinin tarixində yeni milli neft strategiyası həyata keçirilməyə başlandı. Bu strategiyanın gerçəkləşməsi və beynəlxalq neft şirkətləri ilə sazişlərin imzalanması sayəsində ölkənin neft ehtiyatlarının istismarına çoxmilyardlı xarici investisiyalar cəlb edildi. Məhz bu müqavilədən sonra dünya dövlətlərinin Azərbaycan iqtisadiyyatına marağı artdı, ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsinə güclü təkan verildi. Neft strategiyasının mühüm tərkib hissəsini xarici şirkətlərlə birlikdə hasil olunan neftin və qazın nəqlini və xarici bazarlara ixracını təmin edəcək çoxvariantlı boru nəqliyyat infrastrukturunun yaradılması təşkil edirdi. Bu məqsədlə 1997-ci ildə Bakı-Novorossiysk, 1999-cu ildə isə Bakı-Supsa neft boru kəməri istismara verildi. Hər iki kəmərin müsbət və mənfi cəhətlərinə baxmayaraq, Ulu öndər Heydər Əliyev müdrik və yeganə düzgün qərar qəbul etdi. Azərbaycanın malik oldugu neft potensialı neftin tam ixracı üçün əsas ixrac boru kəmərinin çəkilməsini zəruri edirdi. Bunları nəzərə alan Ümummilli lider Heydər Əliyev neft ixracının yeni variantı üzərində fəaliyyətə başladı. Bakı-Tbilisi-Ceyhan məhz bu fəaliyyətin məntiqi nəticəsi kimi meydana çıxmışdır. 1999-cu il noyabrın 18-də İstanbulda keçirilən ATƏT-in zirvə toplantısının gedişində “Xam neftin Azərbaycan Respublikası, Gürcüstan Respublikası və Türkiyə Cümhuriyyətinin əraziləri ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsi ilə nəql edilməsinə” dair saziş imzalandı. Bununla da, Azərbaycanın uzunmüddətli siyasi, iqtisadi mənafelərinin təmin edilməsi, genişmiqyaslı beynəlxalq əməkdaşlığın həyata keçirilməsi, eyni zamanda, regionda sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar edilməsi üçün mühüm addım atılmış oldu. Xəzər dənizi ilə Aralıq dənizini birləşdirən bu yeni enerji dəhlizinin fəaliyyəti sayəsində Azərbaycan neftinin beynəlxalq bazarlara genişmiqyaslı nəqli və ölkədə çoxvariantlı ixrac strategiyasının həyata keçirilməsi üçün əlverişli imkan yarandı, eyni zamanda, ölkənin tranzit potensialı bir neçə dəfə artdı. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin fəaliyyət göstərməsi Azərbaycan, Gürcüstan, Türkiyə ilə Mərkəzi Asiya regionu arasında idxal-ixrac münasibətlərinin və iqtisadi əlaqələrin inkişafına təkan verildi. Həyata keçirilən neft strategiyası dünyaya nümayiş etdirdi ki, Azərbaycan müstəqil dövlətdir və müstəqil dövlət kimi öz təbii sərvətlərinin sahibi olaraq onlardan istifadə edilməsi haqqında qərarlar qəbul edir.

- Ağadayı müəllim, Azərbaycan 20 ildə çox böyük inkişaf yolu keçib və bu gün ölkəmiz inkişaf tempinə görə dünyanın qabaqcıl dövlətləri sırasındadır. Azərbaycan dövləti bütün məsələlərdə yalnız milli maraqlara söykənən müstəqil siyasət həyata keçirir. Bu məqam da Ulu öndərin qəbul etdiyi bütün qərarların, o cümlədən, Ümummilli liderin siyasi varisi cənab İlham Əliyevi özünün layiqli davamçısı kimi hazırlayaraq xalqımıza ərmağan etməsi nə dərəcədə doğru və gələcəyə hesablanmış bir qərar olduğunu göstərmirmi?

- Azərbaycanın daxili sabitliyinə, yüksək iqtisadi, siyasi, elmi, mədəni inkişafına və düzgün xarici siyasət strategiyasına nail olan Heydər Əliyev kimi böyük tarixi şəxsiyyətdən sonra ölkəni idarə etmək asan məsələ deyildi. Bu missiyanı yalnız Azərbaycan reallıqlarını düzgün qiymətləndirə bilən və Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirməyə qadir olan şəxs yerinə yetirə bilərdi.

2003-cü il oktyabr ayının 15-də Azərbaycan Respublikasının Prezidentliyinə keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini İlham Əliyev böyük səs çoxluğu ilə qələbə qazandı. O, Prezident seçildikdən sonra Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirəcəyini bildirərək, cəsarətlə taleyüklü məsələlərin həllinə başladı.

İlk olaraq ölkə başçısı 24 noyabr 2003-cü il tarixli “Azərbaycan Respublikasında sosial iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Fərman imzaladı. Az bir müddət ərzində xalq təsərrüfatının bütün sahələrində müsbət irəliləyişlər özünü göstərdi. Bunun ardınca Prezident İlham Əliyev 11 fevral 2004-cü il tarixli “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının təsdiq edilməsi haqqında (2004-2008-ci illər)” Fərman verdi. Dövlətin artan maliyyə imkanları hesabına ölkədə mühüm investisiya, o cümlədən, regional proqramların və infrastruktur layihələrinin maliyyələşdirilməsinə şərait yaranmışdır.

Son illər ərzində Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət proqramları və tədbirlərin icrası çərçivəsində ölkənin bütün bölgələrində və Bakı şəhərində müxtəlif infrastruktur layihələri həyata keçirilir, təhsil, sosial və digər obyektlərin inşası uğurla davam etdirilir. İnsanların həyat səviyyəsinin və sosial vəziyyətinin yaxşılaşdırılması, sosial məsələlərin həlli, yoxsulluğun azaldılması istiqamətində mühüm işlər görülür.

Azərbaycanın düşünülmüş siyasəti və konkret addımları göstərdi ki, seçilmiş bu yol düzgün yoldur. Bu gün Azərbaycan iqtisadiyyatı şaxələndirilmiş iqtisadiyyatdır. Əgər ümumi investisiya portfelinin yarısı qeyri-neft sektoruna qoyulubsa, bu onu göstərir ki, Azərbaycanda qeyri-neft sektoru da çox cəlbedici bir sahədir. Qeyri-neft sektoruna qoyulan həm xarici, həm daxili investisiyalar, həm dövlət büdcəsindən, həm də özəl sektordan ayrılan vəsait yeni bir vəziyyət yaratdı.

Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və şöhrəti durmadan artmaqdadır. Azərbaycan Respublikası bütün dünyada demokratik, hüquqi, dünyəvi dövlət nüfuzu qazanmışdır. Heydər Əliyev zəkasının məhsulu olan təməl qanunumuz dünyanın ən demokratik, ən mükəmməl konstitusiyalarından biridir və beynəlxalq aləmdə Vətənimizə böyük rəğbət qazandırır. Yurdumuzda hökmranlıq edən sabitlik, həyata keçirilən daxili islahatlar xarici ölkələrlə əlaqələrimizin genişlənməsinə müsbət təsir göstərir. Özünün xarici siyasətini bərabərlik və qarşılıqlı mənafe prinsipləri əsasında quran Azərbaycan Respublikası dünyanın bütün dövlətləri üçün açıq ölkəyə çevrilmişdir.

 

 

Yeni Azərbaycan.- 2011.- 27 sentyabr.- S.7.