Müstəqilliyimiz şöhrətimizdir, qürur duyduğumuz milli sərvətimizdir

 

Əhəd Abıyev: Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində hər bir azərbaycanlının qürur duya biləcəyi Azərbaycan dövləti formalaşıb

 

Məlum olduğu kimi, bu il Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsinin 20-ci ildönümü tamam olur. Prezident İlham Əliyevin Sərəncamına əsasən, bununla bağlı dövlət səviyyəsində müxtəlif tədbirlər həyata keçirilir. “Yeni Azərbaycan” qəzeti olaraq, biz də müstəqilliyimizin ildönümü ilə əlaqədar bir sıra layihələr icra etməkdəyik. Bu istiqamətdə həyata keçirdiyimiz rubrikalarımızdan biri isə “Bu mənim mövqeyimdir” adlanır. Bu rubrikada Azərbaycanın görkəmli elm adamlarının, cəmiyyətdə nüfuzu olan ictimai və siyasi xadimlərin dövlətimizin müstəqillik tarixi, inkişaf yolu ilə bağlı fikirlərini dərc edir, bu şərəfli tarixi fərqli rakurslardan dəyərləndirməyə çalışırıq. Rubrikamızın növbəti qonağı isə Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevdir.

- Əhəd müəllim, ilk olaraq, rubrikamızın ənənəvi sualını vermək istərdim. Müstəqillik Azərbaycan xalqı üçün nə deməkdir və hansı əhəmiyyəti daşıyır?

- Müstəqillik və azad dövlət qurmaq hər bir xalqın arzusudur, məqsədidir. Dünyada bəzi xalqlar bu arzularına çatsa da, sonrakı tarixi proseslər nəticəsində dövlətsiz qalmışlar. Bu proses təbii, ictimai-siyasi və tarixi məsələdir. Amma problemin digər tərəfi daha maraqlıdır. Bir çox xalqlar elə başa düşürlər ki, müstəqilliyi qazanmaqla hər şey bitmiş sayılır. Əslində isə, bütün proseslər - tənəzzül və böhrandan yayınma, inkişaf, tərəqqi, uğurların əldə edilməsi, həmçinin, digər hadisələr sonradan başlayır. Yəni, sübut olunur ki, müstəqilliyi qoruyub saxlamaq, möhkəmləndirmək və inkişaf etdirmək onu əldə etməkdən qat-qat çətindir. Bu fikir isə 1990-cı illərin əvvəllərində - müstəqillik əldə etdikdən sonra məhz Azərbaycanın timsalında əyani şəkildə öz təsdiqini tapdı.

1988-ci ildən başlayaraq, bütövlükdə keçmiş SSRİ ərazisində milli dövlətlərin dirçəldilməsi, müstəqilliyin əldə olunması uğrunda cərəyan edən proseslər Azərbaycana da təsirsiz ötüşməmişdir. Digər milli coğrafiyalardan fərqli olaraq, Azərbaycanda milli azadlıq hərəkatına təsir göstərən daxili və xarici amillər mövcud olmuşdur. 200 il Çar Rusiyasının, 70 il isə Sovetlərin tərkibində yaşayan, böyük dövlətçilik tarixinə sahib Azərbaycan xalqının müstəqil olmaq arzusu artıq beyinlərdən dilə gəlmiş və konkret əmələ keçmişdir. Digər tərəfdən isə, tarixi torpaqlarımıza göz dikmiş bədnam ermənilər, xüsusilə də, sözügedən proseslər zamanı çirkin planlarını reallaşdırmaq üçün əməli işə başlamışdılar.

Bu səbəblərdən də, totalitar rejimdən xilas olub müstəqil şəkildə öz dövlətini qurmağa, ərazisini, təbii sərvətlərini qorumağa, inkişaf etməyə və dünya ölkələri sırasında qürurla dayanmağa can atan xalqımız 1991-ci ilin oktyabr ayının 18-də məqsədinə çatdı. Amma çox təəssüflə qeyd etməliyik ki, elə müstəqilliyimizin ilk illərindən başlayaraq, dövlətimiz və eyni dərəcədə xalqımız səriştəsiz siyasətçilərin eksperiment meydanına və vasitəsinə çevrilmişdi. Siyasi intriqaların baş alıb getməsi, cəmiyyətin ideologiyasız şəraitdə təşvişə düşərək, xaosa sürüklənməsi, digər tərəfdən, Ermənistanın torpaqlarımızı işğal etməsi müstəqilliyimizi sual altına qoymuşdu. Bu azmış kimi, hakimiyyət çevrilişləri, daxili silahlı qruplaşmalar arasındakı müharibələr dövlətin və xalqın milli azadlıq ruhunun məhv olmasına gətirib çıxarırdı. Sabit siyasi və iqtisadi kurs formalaşdıra bilməyən, indi özünü “müxalifət” adlandıran AXC-Müsavat cütlüyü Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın inkişafı üçün keçmiş SSRİ zamanı formalaşdırdığı potensialı bir neçə ay ərzində darmadağın etmiş, torpaqlarımızın işğalına səbəb olmuşdu...

Lakin müdrik Azərbaycan xalqı vaxtında qərar qəbul edərək, AXC-Müsavat cütlüyünün xəyanətkar əməllərinə göz yummadı və müstəqilliyimizin xilaskarı, müasir dövlətimizin banisi və qurucusu Ulu öndər Heydər Əliyevi Naxçıvandan Bakıya - hakimiyyətə dəvət etdi...

İndi təsəvvür edin ki, müstəqilliyin əldə olunmasından 1993-cü ilin iyun ayına qədər Azərbaycan xalqı hansı bəlalarla, təhlükələrlə üzləşmiş, nələri itirmişdir. Amma itkilərimizin çox olmasına baxmayaraq, 1993-cü ildə DAHİ ŞƏXSİYYƏT Heydər Əliyevin hakimiyyətə gəlməsi, insanlarda işıqlı sabaha inam formalaşdırdı, AXC-Müsavat cütlüyünün öldürməyə çalışdığı xalqımızın yaşayıb-yaratmaq arzusunu, potensialını yenidən canlandırdı.

Məhz bütün bunları söyləməkdə məqsədim odur ki, bir daha müstəqilliyimizin bizim üçün nə qədər əhəmiyyətli, vacib olduğunu anlayaq. Biz sözlə ifadə etməli olsam deyərdim ki: MÜSTƏQİLLİYİMİZ ŞÖHRƏTİMİZDİR, QÜRUR DUYDUĞUMUZ MİLLİ SƏRVƏTİMİZDİR.

- Qeyd etdiyiniz kimi, Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra ölkədə inkişaf və tərəqqi prosesləri başlandı. Sizcə, bütün bunlar necə baş verdi? Axı dünyada elə bir sehrli formul yoxdur ki, tənəzzüldən birbaşa tərəqqiyə keçid yaratsın. Amma Azərbaycanda bu proses baş tutdu. Məhz bu inkişaf prosesinin canlı şahidi kimi Azərbaycanın qısa zaman kəsiyində inkişaf relslərinə oturmasını hansı amillərlə bağlayırsınız?

- Mən bunu, ilk növbədə, dünya miqyasında tanınan BÖYÜK SİYASƏTÇİ, DAHİ ŞƏXSİYYƏT, xalqımızın Ümummilli lideri Heydər Əliyevin şəxsi keyfiyyətləri, fitri istedadı, dövlət qurmaq bacarığı ilə bağlayıram. Bu gün əminliklə deyə bilərik ki, həmin vaxt Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması, möhkəmləndirilməsi, dövlətimizin inkişaf etdirilməsi məhz Heydər Əliyev fenomenindən asılı olmuşdur. Çünki 1993-cü ildən sonra baş vermiş dövlət çevrilişlərinin qarşısının alınmasında Ulu öndər Heydər Əliyev ŞƏXSİYYƏTİ daha əhəmiyyətli rol oynadı. Yəqin ki, bu gün hər kəs sözügedən illərdə cənubda baş vermiş olayları və həmin separatçı əməllərin qarşısının alınmasında Ümummilli liderimizin fəaliyyətini yaxşı xatırlayır.

Ümumiyyətlə, hər kəsə bəlli idi ki, AXC-Müsavat cütlüyünün hakimiyyəti dönəmində Azərbaycan sosial-iqtisadi baxımından həddindən artıq zəifləmişdi. İnsanların maddi rifah və sosial vəziyyəti o dərəcədə ağırlaşmışdı ki, hətta insanlarda sabaha inam itmişdi. Dövlətin büdcəsi də eyni vəziyyətdə idi. Amma hakimiyyətə gəldikdən sonra Ulu öndər Heydər Əliyev ölkənin təbii və insani resurslarından Azərbaycanın inkişafı üçün səmərəli istifadə etdi. Ermənistanın işğalçı əməllərinin qarşısını atəşkəs haqqında Sazişlə alan Ümummilli lider Heydər Əliyev 1994-cü ildə dünyanın ən güclü dövlətlərinin və transmilli şirkətlərinin iştirakı ilə “Əsrin müqaviləsi”ni imzaladı. Bununla da, Azərbaycan xaosdan, hakimiyyətdaxili intriqalardan çıxaraq, inkişaf mərhələsinə qədəm qoydu. 1995-ci ildə isə banisi Ulu öndər Heydər Əliyev olan Konstitusiyamızın ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi nəticəsində müasir, demokratik, suveren və dünyəvi Azərbaycan dövlətinin hüquqi əsasları formalaşdırıldı.

Torpaq islahatlarının keçirilməsi, özəlləşdirmə siyasətinin intensivləşdirilməsi, sosial-iqtisadi sferanın tərəqqisi naminə bir sıra qanunların qəbul edilməsilə ölkədə həyat canlanmağa başladı. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişilə bağlı razılıqların əldə olunması, yanacaq-enerji ehtiyatlarının istismarı sahəsində xarici ölkələrlə müqavilələrin imzalanması tədricən dövlətimizin büdcəsini doldururdu. Bu da öz növbəsində həm ölkəmizin inkişafına, abadlaşmasına, həm də insanların rifah halının yüksəlməsinə səbəb olurdu. Mən o dövrə aid müqayisə aparmaq üçün rəqəmlərlə sizləri yormaq istəmirəm. Amma real faktlar ondan ibarətdir ki, Ümummilli lider Heydər Əliyevin Azərbaycanın milli-tarixi və coğrafi keyfiyyətlərini, real potensialını nəzərə alaraq ortaya qoyduğu uğurlu inkişaf modeli modern dövlətimizin bugünkü sürətli inkişafının əsasını qoydu. 2003-cü ildən  başlayaraq isə Ulu öndər Heydər Əliyevin siyasi kursunu cənab Prezidentimiz İlham Əliyev uğurla davam etdirməyə başladı...

- Artıq 10 ilə yaxın bir müddətdir ki, cənab Prezident İlham Əliyev ölkəmizə rəhbərlik edir, Ulu öndərimizin siyasi kursunu uğurla davam etdirir. Bu müddət ərzində əldə etdiyimiz uğurlar hansılardır?

- İlk növbədə, onu qeyd edim ki, cənab Prezident İlham Əliyev 2003-cü ildə prezident seçkilərində xalqa hansı vədləri vermişdisə, onları artıqlaması ilə yerinə yetirdi. Hələ o zaman cənab Prezident İlham Əliyev transmilli layihələrin reallaşmasına nail oldu, çadır şəhərciklərini tamamilə ləğv edərək, onların yerində müasir standartlara cavab verən şəhərciklər inşa etdirdi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü çərçivəsində həllinə nail olmaq üçün Azərbaycanın mövqeyini daha da möhkəmləndirdi və s. Digər tərəfdən, insanların maaş və pensiyaları artdı, insanların rifah halının yüksəldilməsinə xidmət edən müxtəlif sosial proqramlar işə salındı, 600 mindən artıq yeni iş yerləri açıldı, yerli istehsalı stimullaşdıracaq yeni istehsal sahələri yaradıldı. Bütün bu uğurlar isə cənab Prezident İlham Əliyevin 2008-ci ildə yenidən dövlət başçısı seçilməsini təmin etdi. Bu dövrdə isə yuxarıda söylədiyim uğurların miqyası daha da genişləndi. Artıq respublikamızda 1 milyona qədər yeni iş yeri açılıb, insanların gəlirləri dəfələrlə yüksəlib. Əlbəttə ki, bu sırada hər bir bölgənin olduğu kimi, Daşkəsən rayonunun da adı var. Rayonumuzun əhalisinin yaşayış səviyyəsi xeyli yüksəlib, yeni iş yerləri açılıb.

Ümumiyyətlə, dövlətimizin başçısının müvafiq siyasəti nəticəsində bütün dünyanın heyran qaldığı “inkişafın Azərbaycan modeli” formalaşıb. Bu gün artıq hər kəs Azərbaycanı yeni modernləşən dövlət kimi xarakterizə edir.

Bir sözlə, cənab Prezident İlham Əliyev fəaliyyətilə Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirdi, sarsılmaz, dönməz etdi. Hazırda Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində hər bir azərbaycanlının qürur duya biləcəyi Azərbaycan dövləti formalaşıb.

- Əhəd müəllim, təəssüflər olsun ki, müasir Azərbaycanın uğurlarına sevinməyənlər də var. Onlar həm xaricdə, həm də daxildə fəaliyyət göstərirlər. Hətta radikal müxalifət nümayəndələri ərəb dünyasında baş verənlərdən həvəsə gəlib müxtəlif xarici siyasi qərəzli qüvvələrin köməyilə ölkədə qarışıqlıq yaratmağa çalışırlar. Belələrinə münasibətdə sizin mövqeyinizi bilmək istərdik...

- Mənim mövqeyim həmişə olduğu kimi, bu gün də eynidir, birmənalıdır. Dövlətinin, xalqının uğurlarına sevinməyən, hansısa dairələrin, maraq qruplarının siyasi sifarişlərini yerinə yetirən, nəyinsə xatirinə ölkəsində qarışıqlıq yaratmağa çalışanlar qaragüruhçulardır, vətən xainləridir.

Bu gün parlament seçkilərində birmənalı şəkildə məğlub olmuş, xalqın dəstəyini qazana bilməyən müxalifətin radikal qanadı 2010-cu il seçkilərinin ardından öz rüsvayçı məğlubiyyətlərini ört-basdır etmək üçün qəribə, gülməli yola əl atıblar. Guya Azərbaycan parlamentinə alternativ bir qurum yaradaraq adını “İctimai Palata” qoyublar. Əlbəttə ki, Azərbaycan Konstitusiyasına əsasən, insanların müəyyən bir qurumda birləşmək hüquqları var. Ancaq bu İP bilinmir nədir və nə üçündür, hansı hədəfləri qarşıya qoyub? “İctimai Palata” məqsədləri bilinməyən bir qurumdur. Bizdə rayonda Əli Kərimli, İsa Qəmbər kimilərinin yaratdıqları bu quruma ya “ip”, “kəndir”, ya “palatka”, ya da “palata” deyirlər.

Ümumiyyətlə, orada təmsil olunanların böyük əksəriyyəti yalnız siyasi ambisiya, şəxsi maraq, həyata keçməyən siyasi istəyinin əsirinə çevrilənlərdir. Onlar başa düşməlidirlər ki, yalnız arxasında xalq olan, ictimaiyyətin dəstəyinə əsaslanan qurum uğur qazana bilər. Misal üçün Yeni Azərbaycan Partiyası. Sıralarında yarım milyondan artıq insan var, dəstəyi isə bu rəqəmdən dəfələrlə artıqdır. Yəni, yalnız bu cür siyasi təşkilat cəmiyyətdə dəyişikliklər etmək bacarığına malikdir.

Amma radikallar belə bir dəstəyə malik deyil. Yəqin ki, elə bu səbəbdən radikallar elə yerdə aksiyalar keçirtmək istəyirlər ki, mitinqə ətrafda olan insanlar cəlb olunsun və bunların sırasına çoxluq gətirsin. Elə bu fakt onu sübut edir ki, ictimaiyyət onlara inanmır.

Radikal müxalifət partiyalarının sabitliyi pozmaq, qarşıdurma yaratmaq, ictimai həyatı iflic vəziyyətə salmaq cəhdləri həm ölkə əhalisinin, həm də həmin partiyaların üzvlərinin kəskin etirazına səbəb olur. Elə Daşkəsənin özündən onlarla müsavatçı, AXCP-çi partiya sıralarını tərk etdi və YAP-a qoşuldu. Artıq hər kəs görür ki, başda cənab Prezident İlham Əliyev olmaqla YAP Azərbaycanı daha da inkişaf etdirir.

Azərbaycan xalqının keçirilən seçkilərdə radikal müxalifəti birmənalı şəkildə rədd etməsi həmin partiyaların sədrlərində xalqımıza qarşı qisasçılıq hisslərinin baş qaldırmasına səbəb olub. Düşünürəm ki, müxalifət xalqdan qisas almaq məqsədilə ölkədə siyasi sabitliyi poza bilməyəcək. Müxalifət məhkəmələrdə, küçələrdə ucuz şoularla cəmiyyətin diqqətini özünə cəlb etməyə çalışsa da, bu mümkün olmayacaq. Çünki cəmiyyət artıq özünü gürcüyə, ukraynalıya, qırğıza, ərəbə oxşadan müxalifəti tarixin arxivinə göndərib.

- Müsahibəyə görə təşəkkür edirik.

- Mən də öz təşəkkürümü bildirirəm. İnsanları, xüsusilə də, gəncləri yalançı vədlər verən radikal müxalifətin təxribatlarına uymamağa səsləyirəm. Artıq 20 ildir ki, müstəqilik. Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyilə dövlətimiz dünya dövlətləri sırasında layiqli yerini tutub. Hər bir azərbaycanlı qürur hissi duymalıdır ki, o, cənab Prezident İlham Əliyevin rəhbəri olduğu qüdrətli, müasir Azərbaycan dövlətinin vətəndaşıdır.

Sonda bir daha Azərbaycan xalqını müstəqilliyimizin 20-ci ildönümü ilə əlaqədar təbrik edirəm və hər kəsi cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşməyə çağırıram.

 

 

Ramil VƏLİBƏYOV

 

Yeni Azərbaycan.- 2011.- 28 sentyabr.- S.4.