AZƏRBAYCANIN DÖVLƏT MÜSTƏQİLLİYİNİN BƏRPASININ 20-ci İLDÖNÜMÜ

 

MÜSTƏQİLLİK - MİLLİ SƏRVƏTİMİZDİR

 

93 il əvvəl Azərbaycan xalqının həyatında çox əlamətdar bir hadisə baş verdi. 1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan olundu. Həmin gün təkcə Azərbaycan xalqının deyil, ümumilikdə bütün Şərq dünyasının tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının ictimai, siyasi, iqtisadi və mədəni həyatında böyük əhəmiyyətə malik hadisə, eyni zamanda, tarixi inkişaf prosesinin qanunauyğun nəticəsi, milli qurtuluş uğrunda uzun və ağır mübarizənin məntiqi yekunu idi.

1919-cu ildə gənc Azərbaycan dövləti çox ağır, gərgin günlər yaşayırdı. Müstəqilliyinə yenicə qovuşmuş ölkə hər tərəfdən böyük təhlükə ilə üz-üzə qalmışdı: Azərbaycanın beş min illik şimal kandarını - Dəmir Qapı Dərbəndi tutan, çar Rusiyasını əvvəlki imperiya hüdudlarında yenidən bərpa etmək istəyən Denikinin ordusu, qara niyyətli ağ qvardiyaçılar addım-addım irəliləyir, qəfil hücum üçün fürsət gözləyirdilər. Daşnak başçısı Şaumyanın, ingilis generalı Tomsonun gizli qəyyumluğundan istifadə edən, 1918-ci ilin mart qırğınlarında minlərlə azərbaycanlını qətlə yetirən Hamazasp Bakıda at oynadır, “dənizdən-dənizə Böyük Ermənistan” xülyasını gerçəkləşdirmək üçün ordu toplayırdı. Zəngəzurda, Qarabağda və İrəvanda erməni cəlladlarının azərbaycanlılara qarşı soyqırımı, qətl və qarətləri bir an belə səngimirdi. Daha bir ciddi təhlükə mövcud idi. Bu təhlükə isə daxildəki pozucu qüvvələrdən, bolşevizm ideyaları ilə zəhərlənmiş satqınlardan ibarət idi. Bütün bunlar bir sıra təxirəsalınmaz tədbirlərin görülməsini zəruri edirdi. Beləliklə, 1919-cu il mart ayının 28-də Hərbi Nazirliyin Baş Qərargahının tərkibində ilk xüsusi xidmət orqanı olan kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradıldı. Bununla belə, təhlükə günü-gündən artır, neft səltənəti Azərbaycan yaxın-uzaq imperiya maraqlarının döyüş meydanına çevrilirdi.

1919-cu il iyun ayının 9-da isə Dövlət Müdafiə Komitəsi (DMK) təsis olundu. DMK-nın xüsusi qərarı ilə onun tərkibində Əksinqilabla Mübarizə Təşkilatı (ƏMT) yaradıldı. Milli Təhlükəsizlik Nazirliyinin sələfi olan ƏMT-nin rəisi Məmməd Bağır bəy Şeyxzamanov təyin olundu. Azərbaycanın ilk xüsusi xidmət orqanının milli istiqlaliyyət, dövlət təhlükəsizliyi, vətən və xalq uğrunda qəhrəmanlıqlarla dolu şanlı mübarizə yolu belə başlandı.

Lakin dövlətə sədaqətlə xidmət edənlər, bu yolda ürəyini şam kimi yandıranlarla yanaşı, gizli-aşkar şimala üz tutanlar, qırmızı ordunun gəlişini gözləyənlər də vardı. XI qızıl ordu hissələri 1920-ci ilin aprelində bolşevik komandan Levandovskinin rəhbərliyi altında Azərbaycan sərhədlərinə yaxınlaşdı. Həmin günlərdə daşnaklar və bolşeviklər heç bir mənəvi və hüquqi səlahiyyətə malik olmadan Azərbaycan xalqı adından XI qızıl ordunu Azərbaycana dəvət etdilər. Aprelin 26-dan 27-nə keçən gecə bu ordunun 167 minlik canlı qüvvəsi Azərbaycan ərazisinə daxil olub Bakıya doğru irəliləməyə başladı.

1920-ci il aprel ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasına baxmayaraq, xalqın müstəmləkəçilərə qarşı mübarizəsi davam edirdi. Gəncədə baş verən qiyam da bir daha sübut etdi ki, xalqın öz azadlığını qorumaq əzmi çox güclüdür. Lakin qüvvələr qeyri-bərabər olduğundan bolşevik-daşnak hərbi birləşmələri bu qiyamı yatırmağa nail oldular və Azərbaycan öz müstəqilliyini uzun müddətə itirdi.

1920-21-ci illərdən başlayaraq, siyasi repressiyalar vüsət aldı. Heç bir əsas olmadan minlərlə soydaşımız güllələndi, on minlərlə insanlar ailəliklə dədə-baba yurdlarından didərgin salınaraq, Orta Asiyaya, Sibirə sürgün edildi. Xüsusən də, 1937-38-ci illərin repressiyaları Azərbaycan xalqına, onun ziyalı təbəqəsinə çox böyük zərbə vurdu. Ən dəhşətlisi o idi ki, xalqımıza qarşı misli görünməyən repressiyalar respublika ÇK-sında, NKVD-də kök salmış yadların, xüsusilə, ermənilərin əli ilə həyata keçirilirdi.

Ulu öndər Heydər Əliyev sonralar bu barədə belə deyirdi: “O vaxtlar Azərbaycan Respublikası müttəfiq respublika kimi Sovetlər İttifaqının tərkibində olduğu halda, təəssüflər olsun ki, bu orqanlarda, xüsusən təhlükəsizlik orqanlarında işləyən adamların tam əksəriyyəti azərbaycanlı deyildi. Azərbaycanlılara qarşı repressiyalar edildiyinə görə azərbaycanlıların az bir miqdarı belə işlərə buraxılmışdı. Mən 37-38-ci illərin materiallarına baxanda görürdüm: Kim idi o vaxt NKVD-nin başında duran adamlar? Qriqoryan, Markaryan, bu gün orada birinin adını oxudum - Topuridze,  yarı erməni, yarı gürcü idi. Borşşov, sonra uzun illər - 1939-cu ildən 1953-cü ilə qədər Yemelyanov nazir idi. Xatirimdədir hamısı. O illərdə Azərbaycanın başında duran adamlar öz xalqına xəyanət edirdilər, azərbaycanlılara düşmən olan, ancaq bu orqanlarda yüksək vəzifə tutan adamların əli ilə Azərbaycanın dəyərli insanlarını əzirdilər, cəza verir, azadlıqdan məhrum edir, repressiya altına alırdılar”.

1950-ci illərdən sonra Azərbaycanın təhlükəsizlik orqanlarında yeni ab-hava bərqərar oldu. Artıq Azərbaycanın təhlükəsizlik orqanlarında milliləşmə prosesi gedir, yeni nəsil formalaşır, kamilləşirdi. Bu misilsiz səylər Ümummilli lider Heydər Əliyevin adı ilə qırılmaz surətdə bağlıdır. Həmin illərdə minlərlə repressiya qurbanının bəraət alması da Ulu öndər Heydər Əliyevin vətənpərvərliyi, yüksək təşkilatçılıq qabiliyyəti və vətəndaş cəsarətinin nəticəsi idi.

Ötən əsrin 60-cı illərində dövlət təhlükəsizlik orqanlarında başlayan təmizlənmə, milli dəyərlərə qayıdış siyasəti 70-80-ci illərdə ümumrespublika miqyasında geniş vüsət aldı. Bu tarixi missiyanı o dövrdə Azərbaycana rəhbərlik edən Heydər Əliyev həyata keçirirdi. Məhz Ulu öndərin uzaqgörən siyasəti nəticəsində dünya Azərbaycan xalqının böyük tarixi, elmi-mədəni potensialı, bəşər xəzinəsinə verdiyi ölçüyəgəlməz maddi-mənəvi sərvətlərilə yaxından tanış olur, onun minilliklərə həkk olmuş varlığını, böyüklüyünü təsdiq və etiraf edirdi; daha mühüm cəhət bu idi ki, xalq öz qüdrətli tarixi gücünə, yaddaşına qovuşur, Azərbaycanın böyük inkişafı, intibahı naminə səfərbər edilirdi. Azərbaycanlıların müstəqillik düşüncəsi ətrafında birləşməsi, habelə gələcək hürr dövlət üçün hərtərəfli zəmin yaradılması imkanları genişlənirdi.

Həmin illərdə Azərbaycanda milli özünüdərk prosesinə əsaslı təkan verən taleyüklü qərarların qəbulu Heydər Əliyevin xalqına və dövlətinə qəlbən bağlı şəxsiyyət olduğunu bir daha təsdiqləyir. Bu, dahi rəhbərin çox incəliklə həyata keçirdiyi, Azərbaycanın qüdrətli gələcəyinə istiqamətlənmiş müdrik və hədəfli siyasəti idi.

Azərbaycanın xüsusi xidmət orqanlarında da inkişaf, milliləşmə prosesi 1969-cu ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra daha böyük vüsətlə başladı. Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbər təyin olunmasından sonra bu orqanlara dövlət qayğısı daha da artdı. Sovetlər dövründə nə qədər çətin olsa da, onun sıralarının saflaşdırılmasına, xalqa sədaqətli kadrların irəli çəkilməsinə, əməkdaşların vətənpərvərlik, milli-mənəvi dəyərlər əsasında təlim-tərbiyəsinə, peşəkarlığının yüksəldilməsinə xüsusi önəm verilirdi.

Məhz sonrakı hadisələr də göstərdi ki, ölkənin böhranlı vaxtlarında, istər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycan “ölüm-dirim” dilemması qarşısında qalanda Ulu öndər Heydər Əliyevin müdrik siyasəti, iradəsi həlledici rol oynadı. Əgər həmin zaman Heydər Əliyev rəhbər vəzifədə olmasaydı, respublikamız tərəqqiyə qovuşmaq əvəzinə, tənəzzülə uğrayacaqdı.

1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi yenidən bərpa olundu. Mürəkkəb siyasi şəraitdə müstəqilliyin qorunub-saxlanılması böyük xalq dəstəyi, bacarıq və idarəçilik qabiliyyəti tələb edirdi. Ölkədəki anarxiya və özbaşınalıqdan, Azərbaycanın o dövrdəki rəhbərlərinin naşılığından və səriştəsizliyindən istifadə edən bədnam ermənilər torpaqlarımızın bir hissəsini işğal etdilər, daxili hərc-mərclik geniş vüsət aldı və yenidən müstəqilliyimizin itirilməsi təhlükəsi yarandı. Bu dəfə də müstəqilliyimizə yönəlmiş təhdidlərin qarşısı yenə Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə alındı.

Ümummilli lider taleyüklü məsələlərin həllini böyük inamla öz üzərinə götürdü, qətiyyəti, cəsarəti və uzaqgörənliyi ilə Azərbaycanda ictimai-siyasi sabitliyə nail oldu, dövlətçiliyimizi məhv olmaq təhlükəsindən xilas etdi. Atəşkəs haqqında saziş imzalandı. Məkrli qüvvələrin 1994-95-ci illərdə hazırladığı dövlət çevrilişləri cəhdlərinin qarşısı da qətiyyətlə alındı. Ölkədaxili qarşıdurmaların və başıpozuqluğun kökü birdəfəlik kəsildi. Xarici siyasətdə uğurlu addımlar atıldı, ölkənin beynəlxalq imici yüksəldildi. İnamla iqtisadi islahatlar həyata keçirildi. Ulu öndər özünün müəllifi olduğu yeni neft strategiyasını dövlət müstəqilliyimizin, suverenliyimizin qarantına çevirməyə nail oldu. Respublikamız iqtisadi tənəzzüldən çıxaraq sürətlə inkişaf etməyə, sosial problemlər həll olunmağa başladı. Azərbaycan dünya miqyasında özünə layiqli yer tutmağı bacardı.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda xüsusi xidmət orqanlarının peşəkar fəaliyyətinin təmin olunması istiqamətində də ciddi islahatlar həyata keçirildi, qanunvericilik bazası formalaşdırıldı. Milli Təhlükəsizlik Nazirliyinin Akademiyası yaradıldı və milli kadrların hazırlanması prosesinə başlanıldı.

Qeyd edilməlidir ki, müstəqilliyimizin bərpasından sonrakı illər ərzində Milli Təhlükəsizlik Nazirliyi Azərbaycanın dövlət müstəqilliyi əleyhinə yönəlmiş, ölkədə siyasi sabitliyi pozmaq və hakimiyyəti zorakılıqla ələ keçirmək cəhdlərinə qarşı aparılan mübarizənin həmişə ön sıralarında olmuşdur. Bu dövrdə, xüsusən də son illərdə onlarla kəşfiyyat-pozuculuq və terror-təxribat əməllərinin qarşısının vaxtında alınması, ekstremizmlə, narkotiklərin qaçaqmalçılığına qarşı mübarizə istiqamətində əldə olunan uğurlar milli təhlükəsizlik orqanlarının tarixində yüksək peşəkarlıq və vətənə sədaqətlə xidmət nümunələri kimi qalacaqdır. Bu gün Azərbaycanın maraqlarının, mənafelərinin etibarlı qorunmasında, eləcə də, respublikada dayanıqlı ictimai-siyasi sabitliyin möhkəmləndirilməsində Milli Təhlükəsizlik Nazirliyinin rolu danılmazdır.

Ulu öndər Heydər Əliyev deyirdi: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz. Bizim xalq və tarix qarşısında böyük məsuliyyətimiz var. Biz müstəqil Azərbaycan dövləti yaradırıq və onu elə yaratmalıyıq ki, daim yaşasın. Heç bir qüvvə, heç bir dövlət gəlib bizim xalqımızın milli azadlığını, müstəqilliyini əlindən ala bilməsin”.

Bu il dövlət müstəqilliyimizin bərpa edilməsinin 20-ci ildönümü tamam olur. Yubileyin ölkəmizin həyatında müstəsna əhəmiyyət daşıyan ictimai-siyasi hadisə olduğunu nəzərə alaraq, müstəqillik illərində Azərbaycan Respublikasının keçdiyi zəngin inkişaf yolunda qazandığı parlaq nailiyyətlərin təbliğini təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sərəncam imzalamışdır. Sərəncamda qeyd olunur: “İyirmi illik inkişaf yolumuzun ən parlaq nəticəsi ondan ibarətdir ki, bu gün Azərbaycan sözün əsl mənasında, artıq tam müstəqil ölkədir. Ölkəmizdə gerçəkləşdirilən siyasət daim Azərbaycan xalqının maraqlarına xidmət göstərir. Azərbaycanın dövlət müstəqilliyi respublikamızın hər bir vətəndaşı üçün ən böyük sərvətdir”.

Hazırda Azərbaycanın sosial-iqtisadi inkişafında yeni mərhələnin təməli qoyulub, yüksək iqtisadi artım üçün zəmin yaradılıb. Ölkəmizin demokratik inkişaf yolu ilə inamla irəliləməsi üçün zəruri olan təsisatlar və hüquqi baza formalaşıb. Dövlət quruculuğu və sosial-iqtisadi sahələrdə, insan hüquqları və azadlıqlarının təmin edilməsi sahəsində qazanılmış uğurlarla yanaşı, digər mühüm nailiyyətlər də ölkəmizdə müstəqilliyin möhkəmlənməsinə xidmət edir. Dövlətimiz günü-gündən inkişaf edir, möhkəmlənir və güclənir. Müstəqillik tariximizə, ötən illərə nəzər salanda, bugünkü müstəqilliyimizin əvəzsiz dəyərini bir daha görürük. İndi müstəqil Azərbaycan dövləti aparıcı ölkələrin strateji müttəfiqi kimi regionda cərəyan edən proseslərin mərkəzində dayanır. Ümummilli lider Heydər Əliyevin fundamental elmi əsaslara söykənən siyasi kursu respublikamızın hazırki tərəqqi səviyyəsinə nail olmasını şərtləndirən başlıca amildir.

Bu gün Azərbaycanın müstəqilliyinin əbədiliyi və dönməzliyi naminə Ulu öndərin müəyyən etdiyi strateji siyasət xəttini inamla və qətiyyətlə irəli aparan Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli tərəqqisi, dinamik inkişafı və beynəlxalq aləmdə layiqli yer tutması istiqamətində əldə etdiyi uğurlar da Heydər Əliyev fenomeninin bariz təntənəsidir.

Müasir dövlətçilik strategiyasının layiqincə həyata keçirilməsində xalqa, dövlətə və xidməti borca, öz Ali Baş Komandanına sadiq milli təhlükəsizlik orqanları milli maraqlar və təhlükəsizlik naminə bütün əmr və tapşırıqların icrasına hər an və dönmədən hazırdır.

 

 

Xatirə TAĞIYEVA,

MTN-in əməkdaşı

 

Yeni Azərbaycan.- 2011.- 29 sentyabr.-S.4