Böyük yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayev hər
bir azərbaycanlının qəlbində
özünə əlçatmazlıq heykəli ucaldıb
Elə
insanlar var ki, onların ölüm tarixi də doğum tarixi
kimi mənsub olduğu millətin yaddaşına əbədi
həkk edilir. Onlar zaman keçdikcə unudulmur, yaddan
çıxmır, əksinə, daha böyük sevgi və
hörmətlə anılır. Haqqında söhbət
açmaq istədiyim böyük ədib Mir Cəlal
Paşayev də məhz belə insanlardandır...
Sentyabrın
28-i XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin
inkişafında misilsiz xidmətlər göstərmiş
xeyirxah insan, görkəmli yazıçı, böyük
alim Mir Cəlal Paşayevin xatirə günüdür. Bu
müdrik insan, görkəmli yazıçı və ədəbiyyatşünas
alim 33 il bundan əvvəl - 1978-ci il sentyabrın 28-də əbədiyyətə
qovuşub.
Böyük
şəxsiyyət kimi tarixləşmiş Mir Cəlal
Paşayevin əziz xatirəsi mənsub olduğu millətin
yaddaşında əbədiyaşarlıq qazanıb. Hər
il sentyabrın 28-də onu sevənlər bu nurlu insanı yenidən
“kəşf” edir və onunla bağlı ən şirin,
unudulmaz xatirələrini dilə gətirirlər.
Mir Cəlal
1908-ci il aprelin 26-da Cənubi Azərbaycanın Ərdəbil kəndində
yoxsul kəndli ailəsində dünyaya göz açıb.
Kiçik yaşlarında atası Gəncəyə
köçdüyündən uşaqlığını
burada keçirib. 1918-ci ildə atası vəfat edib,
böyük qardaşının himayəsində
yaşayıb.
Əzablı
ömür qisməti dünyaya gəldiyi ilk illərdən
onu izləməyə başlasa da, ulu yaradanın mərhəməti
sayəsində Mir Cəlal Paşayev çox çətinliklərə
sinə gərərək, öz yolu ilə inadla, inamla irəliləyə
bilib. O, 1918-1919-cu illərdə xeyriyyə cəmiyyətinin
köməyi ilə ibtidai təhsil alıb və Azərbaycanda
sovet hakimiyyəti qurulduqdan sonra Gəncə Darülmüəlliminə
daxil olub. Tələbə təşkilatının, sonra isə
şəhər tələbə həmkarlar təşkilatının
sədri seçilib.
Mir Cəlal
Paşayev Kazan Şərq Pedaqoji İnstitutunun ədəbiyyat
şöbəsində, Azərbaycan Dövlət Elmi-Tədqiqat
İnstitutunun aspiranturasında təhsilini davam etdirməklə
yanaşı, müəllimlik edib və millətinin
övladlarına xalqının tarixini, mədəniyyətini,
zəngin keçmişini mənimsədib. Bu mənada Mir Cəlal
Paşayevin XX əsr Azərbaycan elminin, ədəbiyyatının,
təhsilinin inkişafındakı xidmətləri misilsizdir.
Yazıçı kimi 1928-ci ildə ədəbiyyat aləminə
gələn Mir Cəlal,
elə həmin ildə də ilk tədqiqat əsərini yazıb. Sözün gücünə
güvənib, onun böyüklüyünə baş
əyən sənətkarın
könüllərə yanğı
salmış “Bir gəncin manifesti” əsəri, zəmanənin
güzgüsü olan
hekayələri klassik
bədii nümunələr
kimi müəllifinə
ədəbiyyat tariximizin
səhifələrində əbədiyaşarlıq
qazandırıb. Yuxusuz
gecələrinin, gərgin
zəhmətinin bəhrəsi
olan “Füzuli sənətkarlığı”, “XX əsr Azərbaycan ədəbiyyatı”, “Azərbaycanda
ədəbi məktəblər
(1905-1917)”, “Ədəbiyyatşünaslığın
əsasları” adlı
fundamental əsərləri ədəbiyyatşünaslıq elminin qızıl nüsxələrindəndir.
Ali təhsilimizin beşiyi sayılan Bakı Dövlət Universitetinin sevimli müəllimi, nüfuzlu professoru kimi xatirələrdə daim yaşayacaq Mir Cəlal Paşayev həqiqət, düzlük,
səmimiyyət aşiqi,
ailəsini, övladlarını
sevən, qoruyan şəxsiyyət olub. Onun bu kəlamı
indi də dillər əzbəridir:
“Həyatımda yaratdığım
ən böyük əsər ailəmdir”.
XX əsrin 20-30-cu illərində
ədəbi aləmdə
əvvəlcə şeir,
sonra isə oçerk və hekayələri ilə görünən Mir Cəlal,
az sonra
istedadlı və orijinal yaradıcılıq
üslubu olan yazıçı kimi tanınıb. Əlli illik yaradıcılıq
fəaliyyəti dövründə
o, görkəmli nasir
kimi Azərbaycan ədəbiyyatı tarixində
öz layiqli və şərəfli yerini tutub. Qəti əminliklə deyə bilərik ki, təkcə “Bir gəncin manifesti” əsərinə görə
Mir Cəlal klassik sənətkarlar sırasında
dayanmaq haqqını qazanıb. Bu əsər çapdan çıxanda onun heç 30 yaşı yox idi. 1928-ci ildə mətbuatda
ilk şeirləri (“Dənizin
cinayəti”, “Ananın
vəsiyyəti”, “Müxbir”)
çap olunub. Lakin o, bundan sonra, daha
doğrusu, 1930-cu ildən
etibarən hekayələr
yazıb. O dövrün
“Şərq qadını”,
“Gənc işçi”,
“İnqilab və mədəniyyət”, “Ədəbiyyat
qəzeti” kimi nüfuzlu nəşrlərində
“Doktor Cinayətov”, “İfşa”, “Mərkəz
adamı”, “Naxələf”,
“Bostan oğrusu”, “Qüdrət nümayişi”,
“İstifadə”, “Dəzgah
qızı”, “Heyrət”
... hekayələrini çap
etdirib. 1932-ci ildə “Sağlam yollarda”, 1935-ci ildə
“Boy” adlı ilk oçerklər
və novellalar kitabları çap olunub.
Mir Cəlalın ilk irihəcmli
əsəri - “Dirilən
adam” romanı
1935-ci ildə ayrıca
kitab kimi nəşr olunub. Hələ yarım əsr bundan əvvəl akademik Məmməd Arif yazmışdır: “Mir Cəlal
“Dirilən adam”la
diqqətli bir realist yazıçı olduğunu
göstərib”.
İlk dəfə 1937-39-cu illərdə
hissə-hissə “Revolyusiya
və kultura” jurnalında nəşr olunan “Bir gəncin
manifesti” əsəri isə yazıçının
həyatında böyük
bir dönüş yaradıb, ədəbi zirvəyə aparan yoluna cığır açıb və müəllifə böyük
oxucu auditoriyası qazandırıb. 1940-cı ildə “Uşaqgəncnəşr”də
kitab halında kütləvi tirajla buraxılan bu əsər oxucu tələbatına görə
sonrakı illərdə
də dəfələrlə
çap edilib. “Bir gəncin
manifesti”i bu gün də qəlbləri riqqətə
gətirir. Doqquz dəfə
müxtəlif illərdə
ayrıca kitab halında nəşr olunmuş “Bir gəncin manifesti” Azərbaycanın hüdudlarından
çox-çox uzaqlarda
da sevilib.
Mir Cəlalın nəşr
olunmuş altı romanı oxuculara məlumdur. “Dirilən adam”, “Bir gəncin
manifesti”, “Yolumuz hayanadır” romanlarında
keçmiş, “Açıq
kitab”, “Yaşıdlarım”,
“Təzə şəhər”
romanlarında isə müasir həyat lövhələrinin bədii
təsviri ustalıqla
qələmə alınıb.
“İnsanlıq fəlsəfəsi” (1961) kitabında
toplanmış hekayələri
böyük tərbiyəvi-əxlaqi
əhəmiyyətə malikdir.
“İnsanlıq fəlsəfəsi”,
“Subaylıq fəlsəfəsi”,
“Təzə toyun nəzakət qaydaları”,
“Vicdan mühakiməsi”,
“Vicdan əzabı”, “Hesab dostları”, “Təsadüf, ya zərurət”, “Qocaların
uşaq söhbəti”
və digər hekayələrində real həyat
lövhələri, fəlsəfi
düşüncələr əks olunub.
Mir Cəlalın bədii yaradıcılıq nümunələri
dəfələrlə nəşr
olunub: “Seçilmiş
əsərləri” (2 cilddə,
1956-57), “Seçilmiş əsərləri”
(4 cilddə, 1967-68), “Seçilmiş
əsərləri” (2 cilddə,
1986-87), hekayə və
povestlərdən ibarət
“Şəfəqdən qalxanlar”
(1972), “Dağlar dilə
gəldi” (1978), “Ləyaqət”,
hekayələrdən ibarət
“Bostan oğrusu”
(1937), “Gözün aydın”
(1939), “Vətən” (1944), “Həyat hekayələri”
(1945), “Sadə hekayələr”
(1955), “Xatirə hekayələri”
(1962), “Gülbəsləyən qız” (1965), “Silah qardaşları” (1974) və
s. Ümumiyyətlə, indiyədək
yazıçının 70-dən çox kitabı nəşr olunub.
Elmi fəaliyyətini davam etdirən gənc Mir Cəlal Paşayev
1940-cı ildə “Füzulinin
poetik xüsusiyyətləri”
əsərinə görə
filologiya elmləri namizədi, 1947-ci ildə isə “Azərbaycanda ədəbi məktəblər”
əsərinə görə
filologiya elmləri doktoru alimlik dərəcələrini alıb.
Füzuli poeziyasının qüdrətinə heyran olan, ümumiyyətlə,
klassik ədəbiyyata
qəlbən bağlı
Mir Cəlal Paşayev
1958-ci ildə bu mövzuya yenidən müraciət edərək
və əvvəlki əsərini təkmilləşdirərək
“Füzuli sənətkarlığı”
adlı monoqrafiyasını
nəşr etdirib.
Professor Qara Namazov
deyir ki, Mir Cəlalın “Füzuli sənətkarlığı” monoqrafiyası
Füzuli ədəbi
irsini öyrənmək,
mənimsəmək və
dərk etmək üçün elmi açardır. Əsər 1994-cü ildə təkrar nəşr olunub.
“Azərbaycanda ədəbi
məktəblər (1905-1917)” əsərində isə
Mir Cəlal Paşayev
XX əsrin əvvəllərində
inqilabi-demokratik meyillərlə
əlaqədar baş
verən ictimai-siyasi hadisələr kontekstində
Azərbaycanda realizm, romantizm ədəbi məktəbləri, maarifçi-didaktik
yazıçılar və
xırda məişət
dramları haqqında
müfəssəl tədqiqatlar
aparıb, əhatəli
elmi nəticələr
əldə edib.
Mir Cəlal Paşayevin tanınmış tədqiqatçı
Firudin Hüseynovla birgə yazdığı
“XX əsr Azərbaycan
ədəbiyyatı” əsəri
40 ilə yaxındır
ki, ali məktəblərin
dərs vəsaitidir.
Bu gün təkcə
Azərbaycanda deyil, onun sərhədlərindən
kənarda da bu böyük ədibin həyat və yaradıcılığı
geniş şəkildə
öyrənilir və
əsərləri çap
olunaraq maraqla oxunur.
“YUNESKO-nun
2008-2009-cu illərdə görkəmli
şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd edilməsi proqramına Azərbaycanla bağlı
daxil olmuş yubileylərin keçirilməsi
haqqında” Azərbaycan
Prezidentinin 2008-ci il 31
yanvar tarixli Sərəncamına əsasən,
yazıçı Mir Cəlal
Paşayevin yubiley mərasimi təntənə
ilə qeyd edilib. Parisdə, YUNESKO-nun
iqamətgahında XX əsr
Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi,
alim, pedaqoq Mir Cəlal Paşayevin 100 illiyinə həsr olunmuş mərasim keçirilib.
XX əsr Azərbaycan ədəbiyyatında, elmində
müstəsna xidmətlər
göstərən Mir Cəlal
Paşayevin 100 illiyinin
YUNESKO səviyyəsində qeyd olunması, ilk növbədə, Azərbaycan
elminə, mədəniyyətinə
və ədəbiyyatına
dünya miqyasında verilən önəmin və dəyərin təzahürüdür. 2008-2009-cu
illərdə YUNESKO-nun dünya
miqyaslı hadisələrin
və şəxsiyyətlərin
yubileylərinin qeyd olunması ilə bağlı qərarına
Mir Cəlal Paşayevin
də adının daxil edilməsi, həm də Azərbaycan-YUNESKO əməkdaşlığının
inkişafının bariz
nümunəsidir.
İllər ötdükcə Mir Cəlal
Paşayevin təkcə
elmi irsi tədqiq edilmir, onun həm də
xeyirxahlığı, bəşəri
insanlığı heyranlıqla
qarşılanır və
əsl örnək kimi sevilə-sevilə qəlblərdə özünə
ucalıq, əlçatmazlıq
heykəli qurur. Bu zirvənin yeri daim öz ucalığını
itirməyəcək və
onun mərhəmət
sevgisi heç vaxt azalmayacaq.
Yeni Azərbaycan.- 2011.- 29 sentyabr.- S.3.