Azərbaycan hüquqi, demokratik dövlət quruculuğu prosesində ciddi nailiyyətlər qazanmışdır

 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli www.yap.org.az saytına müsahibə verib

 

- Əli müəllim, hazırda respublikamızın bütün guşələrində Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 20 illiyi qeyd edilir. Sizcə, ötən bu illər ərzində Azərbaycanın müstəqilliyinin qorunması və gücləndirilməsi prosesində əsas faktor nədən ibarətdir?

- Tarixi təcrübə sübut edir ki, hər hansı dövlətin inkişafını, dünya birliyində öz layiqli yerini tuta bilməsini şərtləndirən əsas amillərdən biri də xalqın özünə lider olaraq seçdiyi şəxsin fərdi keyfiyyətləridir. Çünki dövlətin böyük və ya kiçikliyindən, malik olduğu iqtisadi potensialdan asılı olmayaraq, son nəticədə onun hərtərəfli tərəqqisini müəyyən edən əsas məqamlardan biri məhz lider amilidir. Mürəkkəb, ziddiyyətlərlə dolu tarixi prosesləri düzgün qiymətləndirən, geosiyasi dəyişikliklərin gedişini xalqının maraqları çərçivəsinə yönəltməyə qadir olan, bu məqsədlə praqmatik, rasional gedişlər etməyi bacaran, hadisələrin inkişaf axarını qabaqlaya bilən lider ölkəsinin inkişafı, təhlükəsizliyinə nail olmaqla yanaşı, dünya birliyində onun mövqelərini gücləndirir.

Ümummilli lider Heydər Əliyevi XX əsrin ictimai-siyasi fenomeni kimi artıq bütün dünya qəbul edir. Birmənalı demək olar ki, zəmanəmizin ən böyük azərbaycanlısı olan Heydər Əliyev həm millətin, həm də bəşəriyyətin dahilik meyarlarına cavab verən tarixi şəxsiyyətdir. XX-XXI əsrlərin qovuşuğunda Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq müstəqil bir dövlət kimi formalaşması böyük öndərimizin siyasi fəaliyyətinin nəticəsi, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Onun hakimiyyətə qayıdışının bəhrəsidir. Bu qayıdış bütün tariximizin xüsusi mərhələsi, əsaslı dönüş nöqtəsidir. Heydər Əliyevin qayıdışı Azərbaycan xalqının itirilmiş inamını özünə qaytardı, sabaha, gələcəyə ümidini artırdı. Beləliklə, Azərbaycan dövlətçiliyinin müqəddəratının həll edildiyi 1993-cü ilin iyun günlərində dünya miqyaslı siyasi dövlət xadimi Heydər Əliyevin yenidən hakimiyyətə dəvət edilməsi ilə Azərbaycan dövləti parçalanıb dağılmaq və müstəqilliyini itirmək kimi dəhşətli fəlakətdən xilas oldu. Hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini, xalqın birliyinin təmin olunmasını, ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş üçün zəmin yaradılmasını özünün dövlətçilik strategiyasının prioritet istiqaməti kimi müəyyənləşdirdi.

- Ölkəmiz müstəqilliyini bərpa etdiyi ilk illərdə müəyyən təxribatlar, dövlət çevrilişinə cəhdlərlə də üz-üzə qaldı. Bu cəhdlərin qarşısının alınması hansı ənənənin əsasını qoydu?

- Bəli, belə problemlər oldu. 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında dövlət çevrilişinə silahlı cəhdlərin göstərilməsi müstəqil dövlətçiliyimiz üçün növbəti sınaqlar oldu. Ulu öndər Heydər Əliyevin qətiyyəti, xalqın öz qüdrətli liderini qəti şəkildə dəstəkləməsi nəticəsində bu təhlükəli cəhdlərin qarşısı alındı, ölkədə hakimiyyəti zor və silah gücünə ələ keçirmək ənənəsinə birdəfəlik son qoyuldu. 1993-1995-ci illər müasir Azərbaycanın tarixinə dövlət müstəqilliyinin qorunub saxlanılması uğrunda mübarizə dövrü kimi yazılmışdır. İctimai-siyasi sabitliyin və qanunçuluğun bərqərar edilməsi bu dövrün ən mühüm nailiyyəti oldu və Ümummilli liderimizə dövlət quruculuğunda, iqtisadi, sosial və mədəni həyatda böyük işlərə başlamaq, genişmiqyaslı və ardıcıl islahatlar aparmaq üçün əlverişli imkan yaratdı.

- Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, sivil cəmiyyətin formalaşmasında milli Konstitusiyanın rolunu necə dəyərləndirirsiniz?

- Demokratik dəyərlərin üstünlüyünü qəbul edən, azadlığın, haqq və ədalətin bərqərar olunduğu dövlət qurmaq istəyən hər bir ölkə, hər bir xalq üçün Konstitusiya birinci dərəcəli əhəmiyyət daşıyır. Siyasi, iqtisadi, hüquqi sistemin köklü şəkildə dəyişdiyi, cəmiyyətdə keçid dövrünün başlandığı bir vaxtda Konstitusiyanın - Əsas Qanunun rolu qat-qat artır. Bu bir həqiqətdir ki, müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul olunması və müstəqillik tariximizdə ilk parlament seçkiləri keçirilməsi ilə Azərbaycanın tarixi inkişafının yeni bir mərhələsi başlandı. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərlik etdiyi komissiya tərəfındən hazırlanmış ümumxalq müzakirəsinə çıxarılan Konstitusiya layihəsi 1995-ci il noyabrın 12-də keçirilən referendumda - ümumxalq səsverməsində qəbul edilmişdir. Bu mühüm tarixi əhəmiyyətə malik sənəd ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarına lazımi təminatlar yaratmaqla hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun möhkəm təməlini təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasında yüz illər boyu bəşəriyyətin əldə etdiyi mütərəqqi dəyərlər fundamental hüquq və azadlıqları öz əksini tapmışdır.

Bildiyiniz kimi, ölkəmizdə Konstitusiyada təsbit olunmuş hakimiyyət bölgüsü prinsipinə uyğun dövlət idarəetmə sistemi formalaşmış, icra, qanunvericilik və məhkəmə orqanlarının səmərəli fəaliyyəti təmin edilmişdir. Ölkəmizdə müxtəlif yönlü siyasi partiyaların, ictimai təşkilatların, həmçinin, kütləvi informasiya vasitələrinin azad fəaliyyəti üçün yaradılmış şərait memarı və qurucusu Heydər Əliyev olan müstəqil dövlətimizdə siyasi plüralizmin, fikir azadlığının, demokratiyanın bərqərar olduğunu bariz şəkildə təsdiqləyir. Ümummilli liderimiz vicdan azadlığının təmin edilməsini, tolerantlıq mühitinin formalaşmasını əsl vətəndaş cəmiyyətinin formalaşdırılması üçün mühüm amil sayırdı və respublikaya rəhbərliyi dövründə bu amilləri dövlət həyatının ayrılmaz hissəsinə çevirmişdi. Əminliklə demək olar ki, bu gün ölkəmizin məhkəmə-hüquq sistemi beynəlxalq standartlara uyğun şəkildə yenidən qurulmuşdur. Bu sahədə aparılan islahatlar hüquqi dövlət quruculuğunun uğurla həyata keçirilməsi, ölkəmizdə insan hüquqlarının təmin edilməsi və qorunması üçün böyük əhəmiyyət kəsb etmişdir.

- Qeyd etdiyiniz istiqamətlərdə islahatların həyata keçirilməsi prosesində parlamentin qəbul etdiyi qanunlar hansı rol oynayır?

- Əlbəttə, ölkəmizdə siyasi, iqtisadi, sosial islahatların həyata keçirilməsi, dövlətimizin beynəlxalq birliyə tamhüquqlu üzv kimi qəbul olunması üçün müvafiq hüquqi bazanın yaradılması istiqamətində mühüm addımlar atılmışdır. Belə ki, Milli Məclisin qəbul etdiyi qanunvericilik aktlarının əsas ruhu insan hüquqlarının müdafiəsi təminatlarının yaradılması olmuşdur. Bunlar bir tərəfdən Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunun təmin edilməsi, çoxpartiyalılığa, müxtəlif siyasi cərəyanların ideyalarının azad ifadə olunmasına əsaslanan siyasi sistemin yaradılması, insan və vətəndaş hüquqlarının qorunmasına xidmət edən təsisatların formalaşması, digər tərəfdən isə, ölkəmizdə azad rəqabətə, müasir bazar münasibətlərinə əsaslanan iqtisadiyyatın qurulması məqsədini güdən qanunvericilik tədbirlərini əhatə etmişdir.

- Bəs Azərbaycanın müasir inkişafı haqqında nə deyə bilərsiniz?

- Böyük siyasətin miqyası həm də onun uzun tarixi dövrün reallıqlarına cavab verərək yetirdiyi varislər tərəfindən uğurla davam etdirilməsi, cəmiyyəti irəli aparması, xalqı xoş güzərana qovuşdurması ilə ölçülür. Bu mənada Ulu öndər Heydər Əliyevin formalaşdırdığı böyük siyasət çağdaş demokratik Azərbaycanın ideya-siyasi palitrasının fövqündə dayanaraq alternativsiz bir strategiya kimi cəmiyyətdə tam dəstəklənir və ən layiqli varis - Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir.

Prezident İlham Əliyev öz səlahiyyətlərini icra etdiyi illər ərzində Heydər Əliyev siyasətini uğurla həyata keçirdiyini sübut etmişdir. Dövlət başçımız əsası Ulu öndər tərəfindən qoyulan daxili sabitlik sahəsində qazanılmış nailiyyətləri siyasi həmrəyliyin təmin olunması və milli birliyin möhkəmləndirilməsi istiqamətində daha da inkişaf etdirmiş, faktiki olaraq dönməzliyə çevirmişdir. Azad, demokratik və hüquqi dövlət quruculuğu zamanı isə daxili sabitliyin qorunub saxlanılması ölkədə həm iqtisadi inkişafa, həm də dövlət quruculuğu prosesinə təkan verən, onu sürətləndirən amillərdən biridir. Prezident İlham Əliyevin həyata keçirdiyi, elmi cəhətdən əsaslandırılmış, məqsədyönlü iqtisadi siyasət nəticəsində ölkəmizdə böyük uğurlar qazanılmışdır. Son 5-6 ildə Azərbaycanda ümumi daxili məhsul iki dəfə, dövlət büdcəsi isə on dəfə artmışdır. Dünyanın qabaqcıl ölkələrinin maliyyə böhranından əziyyət çəkdiyi bir dövrdə Azərbaycan öz iqtisadi inkişaf sürətinə görə bütün dünyada öncüllər sırasındadır. Dinamik inkişaf ictimai-sosial həyatın bütün sahələrini əhatə edir, sosial problemlər sürətlə həll edilir, insanların sosial rifahı daha da yüksəlir.

- Əli müəllim, amma bu da faktdır ki, qazanılan uğurlara rəğmən bəzi xarici dairələr tərəfindən ölkəmizə qarşı qərəzli yanaşmalar ortaya qoyulur. Bu yanaşmaları hansı amillərlə izah edərdiniz?

- Dinamik inkişaf edən Azərbaycanın həssas region olan Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasında rolu və əhəmiyyəti artmaqdadır. Regionun lider dövləti kimi Azərbaycan bu bölgənin siyasi, iqtisadi atmosferinin formalaşmasında həlledici təsirə malikdir. Məhz bu imkanlarından yararlanaraq ölkəmiz daxili sabitlik və çoxşaxəli xarici əlaqələr əsasında bölgədə sülh və sabitliyin təmin olunmasında öz mövqeyini konkret fəaliyyəti ilə ortaya qoyur.

Regionda tərəqqi və rifahın təşviqində hər zaman fəallıq nümayiş etdirən Azərbaycan başqa dövlətlərlə münasibətdə suveren hüquqlara hörmət və qarşılıqlı etimad prinsiplərini rəhbər tutur. Bu, həm də ölkəmizin müstəqil inkişafından və öz gücünə arxalanmasından irəli gələn bir məsələdir. Azərbaycanın kənar təsirlərə tabe olmadan müstəqil siyasət yeritməsi, öz yolu ilə irəliləməsi ölkənin siyasi nüfuzunu artırır. Məhz respublikamızın beynəlxalq siyasi nüfuzunun durmadan artmasının nəticəsidir ki, ölkəmizin dövlətlərarası və regional münasibətlərdə fəaliyyəti xarici ekspertlər və siyasi analitik mərkəzləri tərəfindən yüksək dəyərləndirilir. Bütün bunlar ölkənin milli mənafeyi ilə dövlətlərarası münasibətlərin etik və hüquqi cəhətlərinin keyfiyyətli uzlaşdırılması sayəsində mümkün olub.

Mövcud vəziyyətə əsaslanaraq deyə bilərik ki, Azərbaycanın bölgədəki siyasəti regionun siyasi, iqtisadi gələcəyinə əhəmiyyətli dərəcədə təsir etmək gücündədir. Bu isə o deməkdir ki, Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsi və xarici əlaqələrinin genişlənməsi təkcə ölkəmiz üçün deyil, bütövlükdə regionun stabil inkişafı baxımından çox böyük önəm daşıyır. Avratlantik məkana sürətlə inteqrasiya edən respublikamızın regionun siyasi, iqtisadi həyatındakı əvəzedilməz rolu bölgənin inkişaf perspektivlərinin yüksəlməsinə yardım edir.

Əlbəttə, bu siyasət normal əməkdaşlığa və tərəfdaşlığa əsaslansa da, bölgədə marağı olan bəzi xarici qüvvələr bütün bunlardan qıcıqlanır. Onlar Azərbaycana təzyiq etməyə çalışır, müstəqil siyasət yürütməsinin qarşısını almağa cəhd edirlər. Ölkəmizə qarşı yönələn bu addımlar müəyyən beynəlxalq qeyri-hökumət təşkilatların vasitəsi ilə atılır. Bu mənada ölkəmizdə mülkiyyət hüququ ilə bağlı son vaxtlar səslənən fikirlər, eləcə də, Azərbaycan tərəfinin guya Beynəlxalq Boks Federasiyasına rüşvət verməsi kimi iddialar bu siyasətin tərkib hissəsidir.

Hesab edirəm ki, bütün bunların hamısı Azərbaycanın artan imicinə zərbə endirmək cəhdləridir və erməni lobbisi tərəfindən dəstəklənən xarici qüvvələrin işidir. Amma buna baxmayaraq, Azərbaycanın müstəqilliyinə heç bir təhdid yoxdur, ölkəmiz, o cümlədən, iqtisadiyyatımız çox güclüdür. Bu qüvvələrin yalnız buna imkanı çatır ki, hansısa formada Azərbaycanın demokratik inkişafı, insan hüquqları sahəsində vəziyyətə, bir sözlə ölkəmizin təmiz imicinə zərər gətirsinlər. Lakin bütün bunlar bizi tutduğumuz yoldan döndərə bilməz.

 

 

Yeni Azərbaycan.- 2011.- 30 sentyabr.- S.6.