YAP Gənclər
Birliyi beynəlxalq əlaqələrini genişləndirir
Ramin Məmmədov: EDS-in tədbirlərində
YAP Gənclər Birliyinin təmsil olunması bu ailənin
içərisində Azərbaycan gəncliyinin aktiv rol
oynamasının təmin edilməsinə çox
böyük dəstək verəcəkdir
Müsahibimiz
Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədr
müavini Ramin Məmmədovdur:
-
Ramin müəllim, bu yaxınlarda YAP Gənclər Birliyinin
nümayəndəsi olaraq Avropa Demokrat Tələbələr
Birliyinin tədbirində iştirak etmisiniz. Bu tədbir haqqında məlumat
verməyinizi xahiş edirik...
-
Bildiyiniz kimi, Avropa Parlamentində ən böyük fraksiya
Avropa Xalq Partiyasına məxsusdur. Avropa Xalq Partiyasının
çərçivəsində də müxtəlif təşkilatlar
öz fəaliyyətini həyata keçirməkdədir. Belə
təşkilatlardan biri də Avropa Demokrat Tələbələr
Birliyidir (EDS). Xatırladım ki, bu qurum iyul ayında Vyana
şəhərində 50 illik yubileyini keçirmişdi. YAP Gənclər
Birliyinin nümayəndəsi kimi mən bu yubiley tədbirində
iştirak etmişəm. Bildirmək istərdim ki, EDS-in il ərzində
bir neçə silsilə tədbirlər proqramı
mövcuddur. 2011-2012-ci illəri əhatə edən bu proqrama
uyğun olaraq təşkilatın birinci Şura iclası 13-18
sentyabrda Çexiyanın paytaxtı Praqa şəhərində
keçirilib. Bu Şura iclasının ana mövzusu Mərkəzi
və Şərqi Avropada inkişafın və müstəqilliyin
20 illiyi məsələsi seçilmişdi. Qeyd olunan
mövzu ətrafında həm seminarlar, həm müxtəlif
iclaslar oldu və ümumiyyətlə, bütün qeyd olunan məruzələr
sırf bu mövzu ətrafında
iştirakçıların diqqətinə
çatdırıldı. Bir məqamı qeyd etmək istərdim
ki, bu ildən etibarən EDS-in müəyyən layihələrində
Avropa Şurasının gənclərlə iş
direktoratı da bilavasitə iştirak edəcək. Və ilk
pilot layihə olaraq Praqa şəhərində Avropa
Şurasının və Avroparlamentdə ən böyük
fraksiyaya sahib olan bir partiyanın gənclər təşkilatı
arasında artıq müştərək əməkdaşlığın,
birgə fəaliyyətin ilk formaları qurulmaqda və həmin
iştirakçıların diqqətinə
çatdırılmaqda idi. Avropa Şurasının qeyd
etdiyim direktoratının nümayəndəsi və gənclər
siyasətini bilavasitə həyata keçirən məmurlarından
Mişel Berqdol həmin seminarlarda həm müşahidəçi
statusunda, həm də müəyyən treninqləri sırf
aparan şəxs qismində bizim tədbirdə iştirak edib.
-
Ümumiyyətlə, YAP Gənclər Birliyinin bu təşkilatla
əməkdaşlığının əhəmiyyəti nədən
ibarətdir?
- Məlum
olduğu kimi, YAP Gənclər Birliyi artıq ikinci dəfədir
ki, EDS-in tədbirində iştirak edir. Təbii ki, hər bir
beynəlxalq tədbirdə iştirak zamanı təmsil
etdiyimiz ölkə və partiya haqqında məlumatları
düzgün və əhatəli təqdim etməyə
çalışırıq. Çünki bir çox
iştirakçı ölkələr Azərbaycanın
apardığı siyasət, beynəlxalq arenada, iqtisadi məkandakı
rolunun artmasından ümumi şəkildə xəbərdardırlar.
Ancaq yaranmış konkret suallara daha detallı şəkildə
cavab verilməsi üçün bilavasitə bizim orda
olmağımızın böyük əhəmiyyəti vardır.
-
Avropanın enerji təhlükəsizliyi məsələsi bu
gün aktual mövzulardan biridir. EDS-in toplantısında bu məsələyə
dair müzakirələr aparıldımı?
- Mən
tədbirin proqramında bir neçə məqamı
xüsusi vurğulamaq istərdim. Həmin tədbirdə
Çexiyanın müxtəlif sahələrinə rəhbərlik
edən və kifayət qədər yüksək səviyyəli
şəxslər iştirak etdilər. Onlar müxtəlif
mövzularda tədbir iştirakçılarına
Çexiyanın son 20 il ərzində əldə etdiyi nailiyyətlər,
Avropa ailəsinə yönəlik atdıqları addımlar
barəsində ətraflı məruzələr etdilər.
Biz bu məruzələrlə tanış olduq. Xüsusi məruzələrdən
biri Yaponiyada baş vermiş təbii fəlakətdən sonra
Avropanı narahat edən və bu gün demək olar ki,
Avropanın enerji məkanında ən vacib məsələlərdən
olan atom enerjisinin və atom elektrik stansiyalarının fəaliyyətinin
dayandırılması və ya yeni stansiyaların tikintisi ilə
bağlı oldu. Bu mövzuda məruzəni Çexiyanın
atom enerjisi təhlükəsizliyi idarəsinin nümayəndəsi
Dara Drabova təqdim etdi. Bu istiqamətdə fikir mübadiləsi
aparıldı. Ümumiyyətlə, həmin tədbirdə
enerji təhlükəsizliyinə çox böyük önəm
verildi.
Digər
buna bənzər məsələlərdən biri də,
Avropanın bu gün müxtəlif enerji mənbəyi, enerji
daşıyıcı layihələrinin uğurundan kifayət
qədər söhbətin açılmasıdır. Belə
bir məruzə ilə Çexiyanın ətraf mühit nazirinin
müavini Veronika Hunt Şafrankova çıxış etdi. O,
eyni zamanda, enerji daşıyıcılarının Avropaya gətirilməsi
yollarının müxtəlifliyi və müxtəlifliyin gətirdiyi
həm alternativ enerji mənbələri, həm alternativ enerji
daşıyıcılarının Avropaya
çatdırılması məsələsi və enerji
sisteminin qurulmasında ətraf mühitə vurulan zərər,
bu zərərin qarşısının alınması
yolları haqqında da fikirlərini bildirdi. Təbii ki, tədbirdə
iştirak edən gənclər şahid oldu ki, Avropanın
enerji təhlükəsizliyi məsələsi kifayət qədər
aktualdır və Avropa gəncləri bu məsələyə
xüsusi diqqət yetirir.
- Azərbaycanın
Avropanın enerji təhlükəsizliyinin təmin
olunmasındakı rolu necə dəyərləndirildi?
- Bu tədbirdə
Avropada geniş və çox güclü aktor olaraq təbii
ki, regionumuzla da bağlı məsələlər müzakirə
olundu, yaşadığımız bölgənin gələcəkdə
Avropanın enerji təhlükəsizliyi sistemində rolunun
güclənməsinə dair müəyyən fikir mübadiləsi
aparıldı.
Ümumiyyətlə,
tədbirin əsas mahiyyətlərindən biri ondan ibarət
idi ki, biz bir daha müxtəlif Avropa platformalarında Azərbaycanın
artan rolunu qeyd edərək Avropa ictimaiyyətinə
çatdırmaq istəyirik ki, Avropanın enerji təhlükəsizliyinin
gələcəyi Azərbaycansız mümkün deyil. Azərbaycanın
bu məsələdə rolunun artmasını nəzərə
alaraq təbii ki, ölkəmizin də problemlərinə kifayət
qədər diqqət ayrılmalıdır, çünki bu
gün Azərbaycanın həll olunmayan problemləri gələcəkdə
Avropanın təhlükəsizlik sisteminə zərər verə
biləcək problemlərdən biri kimi qəbul
olunmaqdadır.
-
Yaxın gələcəkdə bu təşkilatın aktual
mövzularla bağlı yeni tədbirlər keçirəcəyi
və bu tədbirdə YAP Gənclər Birliyinin nümayəndələrinin
iştirakı nəzərdə tutulurmu?
- EDS-in
2011-2012-ci illər ərzində təsdiq etdiyi və həyata
keçirməyi planlaşdırdığı bəzi tədbirlər
haqda bir neçə kəlmə demək istərdim.
Çünki il ərzində bizi maraqlandıran bir sıra məsələlər
müzakirə ediləcək. Qeyd etmək istərdim ki, EDS-in
növbəti Şura iclası bu ilin dekabr ayında
Fransanın Marsel şəhərində olacaq. Güman edirəm
ki, YAP Gənclər Birliyi həmin tədbirdə təmsil
olunacaq. Həmin tədbir demək olar ki, Avropada multikulturalizm,
müxtəlif inteqrasiya prosesləri, xalqlar arasındakı
mübadilə mövzusuna həsr olunacaq. Avropa ailəsi
genişdir, müxtəlif xalqların təmsilçilərini
özündə birləşdirməkdədir. Bu nöqteyi-nəzərdən
Azərbaycanın Avropa təsisatlarına inteqrasiya
yönündə uğurlu siyasəti haqqında da fikir
mübadiləsi aparmaq mümkündür. Qeyd edim ki,
üçüncü şura iclası isə Belçikada
keçiriləcək.
Ümumiyyətlə,
EDS növbəti illər ərzində üç şura
iclası, qış və yay universitetləri layihələrini
reallaşdırmağı nəzərdə tutur. Onu da
bildirim ki, qış universitetləri Xorvatiyada keçiriləcək.
Bu tədbirlərdə YAP Gənclər Birliyinin təmsil
olunması bu ailənin içərisində Azərbaycan gəncliyinin
aktiv rol oynamasının təmin edilməsinə çox
böyük dəstək verəcək.
- Ramin
müəllim, YAP Gənclər Birliyinin beynəlxalq əlaqələrinin
daha da genişləndirilməsi istiqamətindəki perspektiv
planlar haqqında nə deyə bilərsiniz?
-
Bildiyiniz kimi, bu ilin yanvar ayında YAP Gənclər Birliyinin
növbəti hesabat-seçki konfransı keçirilib və
konfransda birliyin yeni rəhbər heyəti seçilib. Yeni heyət
seçildiyi ilk gündən beynəlxalq əlaqələrin
inkişafı və beynəlxalq ikitərəfli əməkdaşlığın
genişlənməsinə böyük önəm verərək
bu məsələni əsas prioritet istiqamətlərdən
biri kimi öz proqramına daxil edib. Mən beynəlxalq əlaqələrə
məsul sədr müavini kimi deyə bilərəm ki, ilk
gündən etibarən apardığımız işlərin
prioritet istiqamətlərini təyin etmişik. Təbii ki, YAP
olaraq regionda bizə yaxın olan dövlətlərin
nüfuzlu siyasi təşkilatları ilə əməkdaşlıq
edirik. Buna bariz nümunə kimi qardaş Türkiyənin hakim
partiyasının gənclər təşkilatı ilə
sıx təmaslarımızı göstərə bilərəm.
Güman edirəm ki, həmin təşkilatın nümayəndə
heyəti yaxın zamanlarda Bakıya səfər edərək
bizim gənclərlə görüşəcək. Eyni zamanda,
onlar YAP Gənclər Birliyinin dəstəyinə arxalanaraq digər
layihələr həyata keçirəcəklər.
Digər
bir istiqamət isə, MDB məkanında mövcud olan gənclər
təşkilatları ilə əlaqələrin genişlənməsini
planlaşdırır. Bizim vəzifəmiz ondan ibarətdir ki,
indiyədək qurulmuş əlaqələri daha da gücləndirək
və əhatəsini genişləndirək. Artıq bununla
bağlı iş aparılır və Belarus, Moldova, Ukrayna,
Gürcüstan, Mərkəzi Asiya ölkələrinin hakim
partiyalarının gəncləri və fəal gənclər
təşkilatları ilə əməkdaşlığın
gücləndirilməsi yönündə işlər
aparılır. Ümumiyyətlə, gələcəkdə
bu məkanda vahid platforma ilə çıxış etmək
üçün müəyyən yeni bir fəaliyyət
formasının axtarışındayıq. Təbii ki, bu məsələ
ilə bağlı həmin təşkilatlarla fikir mübadiləsi
aparılmaqdadır və fikrimcə, yaxın zamanlarda bu əməkdaşlıq
formasının nədən ibarət olduğuna yekun vuraraq gənclərimizi
bu platforma ilə tanış edəcəyik. Prioritet istiqamətlərdən
biri Avropa gənclər təşkilatları ilə əlaqələrin
qurulmasıdır. Bununla bağlı bir çox işlər
aparılıb.
Bilirsiniz
ki, biz bu ilin may və iyun aylarında Rumıniyanın hakim
partiyası olan Liberal Demokrat Partiyasının gənclər təşkilatının
dəvəti ilə bu ölkədə səfərdə
olduq. Eləcə də, rumın gənclər də iyul
ayında ölkəmizə səfər etdilər. Rumıniya
Avropada bizim dayaq nöqtəmizə çevrilib. Rumıniya
hakim partiyasının gəncləri ilə əməkdaşlığımız
bir nümunə olaraq digər Avropa gəncləri ilə də
həyata keçiriləcək. Bu gün Serbiya, Norveç,
Almaniya, Fransa, İtaliya, Çexiya, Baltik ölkələri gəncləri
və s. dövlətlərin gəncləri ilə münasibətlərin
inkişaf etdirilməsinə dair işlər aparılır.
Güman edirik ki, bu ilin sonuna qədər və 2012-ci ildə
təşkilatımızın beynəlxalq arenada daha
yaxşı tanınması üçün, həm də Azərbaycanımızın
nailiyyətlərini dünya gəncləri arasında təbliğ
etmək üçün mühüm zaman kəsiyi olacaq.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.- 2011.- 30 sentyabr.-
S.5.