Azərbaycan siyasi sabitlik şəraitində yüksək iqtisadi inkişaf xəttini davam etdirir

  

Bu, danılmaz bir həqiqətdir ki, hər bir ölkədə iqtisadi inkişafın, yüksək rifahın əsasında sosial-siyasi sabitlik, cəmiyyətdaxili harmoniya, qarşılıqlı etimad və razılığa söykənən vətəndaş-dövlət münasibətləri dayanır. Siyasi, sosial, iqtisadi sahələrdə sabitliyin və davamlı inkişafın əldə olunması bilavasitə hərtərəfli düşünülmüş, rasional daxili və milli maraqların müdafiəsinə xidmət edən uzaqgörən xarici siyasətə əsaslanır. Azərbaycanın 20 illik müstəqillik tarixinə nəzər salsaq, ölkəmizin sosial-siyasi və iqtisadi baxımdan Sovet hakimiyyəti dövrünün totalitarizm, birtərəfli ekstensiv inkişaf, mülkiyyət məhdudiyyətləri qalıqlarından qurtularaq müasir dövlətçiliyin, demokratik sistemin, vətəndaş cəmiyyətinin əsaslarının qurulmasınadək böyük inkişaf yolu keçdiyini söyləmək olar.

Məlum olduğu kimi, müstəqilliyinin ilk dövrlərində Azərbaycanda dərin sosial, siyasi, iqtisadi böhran hökm sürürdü. Tez-tez baş verən hakimiyyət çevrilişləri, qanunsuzluq və özbaşınalıq, daxildən parçalanma təhlükəsi, xarici hərbi təcavüz ölkənin gələcəyini ciddi təhlükə altına qoymuşdu. Dünya təcrübəsi göstərir ki, belə situasiyalarda vaxtında vahid siyasi hakimiyyətin yaradılmaması, böhranlı vəziyyətə müdaxilə edilməməsi, cəmiyyətdə harmoniyanın yaradılmasına xidmət edən addımların atılmasının gecikdirilməsi daha böyük fəsadlarla müşayiət olunan faciəli nəticələrə gətirib çıxara bilər.

 

Vətəndaş müharibəsinin dayandırılması və XİLASKARIN Bakıya tarixi qayıdışı

 

Azərbaycanda da müstəqilliyin ilk illərində bu cür mənfi halların gündəmə gəldiyi sirr deyil. Məlum olduğu kimi, müstəqilliyin ilk illərində cəmiyyətdə xaos, qarşıdurma hökm sürürdü. Bir tərəfdən Ayaz Mütəllibov hakimiyyətinin qətiyyətsiz siyasəti nəticəsində torpaqlarımız işğal olunur, erməni vəhşiliyinin qarşısı alınmırdı. Bu da xalq tərəfindən ciddi etirazla qarşılanırdı və bu hakimiyyətə qarşı etimadsızlıq yaranmışdı. Digər tərəfdən, o vaxtkı müxalifət xalqın bu etiraz dalğasından öz məqsədləri üçün yararlanmağa çalışırdı. Beləliklə, həmin qüvvələr vəziyyətdən istifadə edərək A.Mütəllibovu istefaya göndərib özləri hakimiyyətə gəldilər.

AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə vəziyyət nəinki düzəlmədi, əksinə ölkə vətəndaş müharibəsi ilə üz-üzə qaldı. Belə ki, 1993-cü ilin 4 iyun tarixində Gəncədə hərbi qiyam baş verdi, dövlətə tabe olmaq istəməyən 709 saylı hərbi hissənin komandiri Surət Hüseynov qiyam qaldıraraq paytaxta doğru irəliləməyə başladı. Həmin gün bir-birinə qarşı silah işlətməklə hər iki tərəf ölkədə vətəndaş müharibəsinə gedən təhlükəli yolun əsasını qoydular. Artıq dövlətin qorunması üçün heç bir şey edə bilməyən, səriştəsizliyi ilə Azərbaycan dövlətçiliyini və milləti uçuruma sürükləyən AXC-Müsavat hökuməti vəziyyəti kritik həddə gətirib çıxarmışdı. Zor gücü ilə hakimiyyətə gəlmiş bu komanda yarıtmaz, səriştəsiz fəaliyyəti ilə ölkəni parçalanıb məhv olmaq təhlükəsinə məhkum etmişdi. Müharibə gedən ölkədə qeyri-nizami ordunun varlığı, vahid komandanlığın olmaması azmış kimi, hətta Müdafiə Nazirliyi hərbi təhlükəsizlik məsələləri ilə məşğul olmaq yerinə ambisiyalı savaş aparır, şəxsi maraqların girovuna çevrilirdi. Maraqlıdır ki, AXC-dən ayrılan bütün partiyalar öz silahlı dəstələrini yaradır, partiya sədrləri, hətta parlamentdə belə özlərini batalyon komandiri kimi aparırdı. Siyasi böhrandan istifadə edərək hakimiyyətə gəlmək istəyən bu siyasi qüvvələrin hakimiyyət hərisliyi həmin könüllü birləşmələrin Bakıya gətirilməsinə səbəb olmuşdu və beləliklə, düşmənlə üz-üzə duran ön xətt zəiflədilirdi. Yanlış kadr siyasəti, daxili qarşıdurmaların get-gedə böyük miqyas alması, vəzifə uğrunda aparılan mübarizə sərhəd bölgələrindəki qüvvələr nisbətini, demək olar ki, hər gün Azərbaycanın ziyanına dəyişirdi.

Məhz belə bir məqamda Gəncədə yerləşən 709 saylı hərbi hissənin ləğv edilməsi ilə bağlı qərar çoxdan gözlənənlərin baş verməsi istiqamətində katalizator rolunu oynamağa başladı. Milli Qvardiya ilə qarşıdurmaya gedən və Bakıya tərəf yol alan silahlı birləşmələr hakimiyyəti ölkədə vətəndaş müharibəsi yaratmaqda günahlandırırdı. Bakıda isə vəziyyət olduqca pis idi. Demək olar ki, hər gün cəbhə xəttindən torpaqlarımızın işğalı xəbərləri gəlirdi, hökumət isə yiyəsiz idi. Bu azmış kimi cənub bölgəsində separatçı Əlikram Hümbətov tərəfindən “Talış Muğan Respublikası”nın yaradıldığı elan olunmuş, şimal zonasında isə “Sadval”çılar fəallaşmışdı.

Belə bir məqamda Azərbaycan xalqı artıq vəziyyətin son dərəcə ağırlaşdığını, yalnız bir çıxış yolu olduğunu gördü. Bu çıxış yolu isə, görkəmli dövlət və siyasi xadim, Naxçıvan Muxtar Respublikasının Ali Məclisin Sədri, Yeni Azərbaycan Partiyasının Sədri Heydər Əliyevin Bakıya dəvət olunmasından ibarət idi. Beləliklə, Azərbaycan dövlətçiliyinin yaşamasını istəyən, ölkənin separatçı rejimlər tərəfindən bölüşdürülməsini sakit şəkildə izləyə bilməyən ziyalılar Ulu öndər Heydər Əliyevə müraciət etdilər. Azərbaycan xalqının böyük oğlu 1993-cü il iyunun 9-da Bakıya döndü. Bu dönüş xalqın istəyi, tarixin zərurəti idi. Çünki Azərbaycan dövləti XX əsrdə ikinci dəfə əldə etdiyi müstəqilliyini yenidən itirə bilərdi. Bu qayıdış insanların qəlbinə bir inam və rahatlıq toxumu səpdi, ölkənin xilas olduğuna inamı artırdı.

 

Lider faktoru milli inkişaf və həmrəyliyin fundamental təminatçısı kimi...

 

Tarixdən məlumdur ki, bu və ya digər ölkənin milli inkişafının əsasının qoyulması və onun davamlılığının təmin edilməsində fundamental amil kimi çıxış edən birinci dərəcəli məsələ lider faktoru ilə bağlıdır. Rasional təfəkkürə və praqmatik fəaliyyət mexanizminə malik olan liderin rəhbərliyi ilə müəyyənləşdirilən və tətbiq edilən milli inkişaf konsepsiyası milli tərəqqinin və həmrəyliyin şərtləndirici substratı qismində çıxış etməklə bərabər, milli dövlət və modern cəmiyyət quruculuğunun təminatçısı səciyyəsi daşıyır. Belə ki, müəyyənləşdirilmiş strateji hədəflərə müvafiq surətdə qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün milli resurslardan səmərəli surətdə istifadə edən ümummilli liderlər milli qurtuluş və inkişafin banisi statusu daşıyırlar.

Bu məsələnin Azərbaycan təcrübəsinə gəldikdə isə, qeyd edə bilərik ki, müstəqilliyin ilk iki ilində olduqca mürəkkəb siyasi-hüquqi və sosial-iqtisadi kataklizmlər burulğanında olan Azərbaycana siyasi proseslərin mahiyyətini dərindən mənimsəyən, müəyyən və tətbiq edəcəyi milli inkişaf strategiyası ilə tərəqqini təmin edə biləcək lider siyasətçinin rəhbərlik etməməsi keçid dövrünü yaşayan ölkəmizin böhranların ağuşuna atılmasını şərtləndirmişdi. 1991-1993-cü illər ərzində ölkəyə rəhbərlik edən şəxslərin korporativ maraqlar əsasında atdıqları addımların qanunauyğun nəticəsi kimi, Azərbaycan müxtəlif qüvvələrin ideoloji qarşıdurma və destruktiv mübarizə meydanına, poliqonuna çevrilmişdi. Bu isə nəinki milli inkişaf strategiyasının hazırlanıb, tətbiq edilməsini mümkün etmədi, hətta ölkəmizi uçurumun astanasına gətirib çıxardı.

Amma Ulu öndər Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəlməsi ilə siyasi, iqtisadi, hüquqi, sosial və digər sahələrdə hökm sürən dərin tənəzzül meyilləri və tendensiyalarının qarşısı alındı. Beləliklə, ictimai-siyasi sabitliyin təmin edilməsi milli dövlət və modern cəmiyyət quruculuğu prosesinin başlanmasını təmin etmiş oldu. Bundan sonra dövrün tələblərinə, reallıqlarına və qanunauyğunluqlarına müvafiq surətdə həyata keçirilən milli inkişaf konsepsiyasının fonunda siyasi, hüquqi, sosial, iqtisadi və digər sahələrdə əhəmiyyətli nailiyyətlər əldə edildi.

Ulu öndər Heydər Əliyevin fəaliyyətinin strateji detalları bir daha onu göstərdi ki, öz fəaliyyətində milli maraqları əsas tutaraq rasional və praqmatik surətdə fəaliyyət göstərən lider milli inkişafın banisi və qarantı qismində çıxış edir. Təsadüfi deyil ki, Azərbaycan xalqı Heydər Əliyevi Ümummilli lider statusu ilə qiymətləndirir.

Bu gün isə Ulu öndər Heydər Əliyevin siyasi kursu zamanın aktual çağırışlarına müvafiq surətdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən milli inkişaf strategiyasının fonunda bütün sahələrdə mütəmadi uğurlar əldə edilməkdədir ki, bu da Azərbaycanı sürətlə inkişaf edən müasir məmləkətə çevirib.

Beləliklə, sadaladıqlarımızın fonunda belə bir nəticəyə gələ bilərik ki, müstəqilliyin ilk iki ilində hökm sürən dərin kataklizmlər fonunda ölkəyə rasional və praqmatik lider siyasətçinin rəhbərlik etməməsi Azərbaycanı çox ciddi problemlərin məngənəsinə saldı. Amma Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi sadalanan missiyaların yerinə yetirilməsini mümkün etdi və milli inkişaf prosesi start götürdü.

 

Ümumi həmrəylik formulasının tətbiqi məsələləri

 

Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra qısa müddət ərzində ölkədə sabitliyi bərpa etdi, separatçı qüvvələri zərərsizləşdirdi, 1994, 1995-ci illərdə dövlət çevrilişi cəhdlərinin qarşısını qətiyyətlə aldı. Məhz bu mərhələdən sonra xalqımız sakit həyat tərzi sürməyə başladı. Əlbəttə ki, bunun kökündə Ümummilli liderimiz tərəfindən müəyyənləşdirilmiş milli birlik və həmrəylik konsepsiyası dayanırdı. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası nəinki azərbaycanlıları, ölkəmizdə yaşayan bütün xalqları, dünyada yaşayan soydaşlarımızı vahid ideya uğrunda birləşdirib. Əminliklə demək olar ki, bu gün dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Azərbaycan dövlətini özünün Vətəni hesab edir və ölkəmizi dünyada təbliğ edir. Azərbaycanlılar öz dövlətinin olmaları ilə qürur duyur və sahibi olduqları ölkənin inkişafı üçün bütün addımları atır. Bunun nəticəsində də Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib.

Eyni zamanda, Azərbaycan Respublikasında yaşayan hər bir vətəndaş milliyyətindən, dinindən, dilindən, irqindən asılı olmayaraq, bərabərhüquqludur. Azərbaycan tarixən müxtəlif dini, irqi, milləti təmsil edən xalqların birgə yaşadığı, sabitliyin hökm sürdüyü ölkə olub. Baxmayaraq ki, ölkə əhalisinin əsas hissəsi İslam dininə sitayiş edir, ölkəmizdə digər dini qruplara, onların öz qayda-qanunlarının yerinə yetirilməsində heç bir problem yoxdur. Hətta dövlətin qəbul etdiyi qərar və qanunlarda digər dinlərə aid xalqların yaratdıqları birliklərin fəaliyyəti üçün münbit zəmin yaradılıb, onların qeydiyyatı proseduru kifayət qədər sadələşdirilib. Ölkəmizin ali qanunu olan Azərbaycan Respublikasının Konstitusiyasında insanların vicdan azadlığı təsbit edilib. Belə ki, Ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu ilk milli Konstitusiyamızda dinindən, dilindən asılı olmayaraq, bütün vətəndaşların qanun qarşısında bərabərliyinin təsbit olunması Azərbaycandakı tolerantlığın bariz sübutu idi.

Müstəqilliyimizin ilk illərində ölkəmizdə bütün istiqamətlərdə müşahidə olunan geriləmə, xaos və böhran milli-mənəvi dəyərlərin qorunması istiqamətində də neqativ mənzərəni ortaya çıxarmışdı. Lakin Azərbaycanda bütün istiqamətlərdə cərəyan edən böhran 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dayandı, Azərbaycan xalqı öz mənəvi və dini köklərinə qayıtdı. O tarixdən başlayaraq milli-mənəvi dəyərlərin təbliği, vicdan azadlığının, tolerantlıq mühitinin möhkəmlənməsi istiqamətində hakimiyyətin atdığı addımlar öz məntiqi nəticəsini verdi. O da bir faktdır ki, bu gün beynəlxalq ictimaiyyət də ölkəmizdə tolerantlıq sahəsində görülən işləri yüksək qiymətləndirir, Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətlərin bütün dünya üçün örnək ola biləcəyini qətiyyətlə vurğulayır.

Bütün bunların əsasında isə ümumi həmrəyliyin əsas formulası olan azərbaycançılıq ideologiyası dayanır.

 

Azərbaycanda ictimai-siyasi sabitliyin dönməzliyini uğurlu sosial-iqtisadi inkişaf strategiyası təmin etdi

 

Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi iqtisadi inkişaf doktrinası müstəqil Azərbaycanın ötən 20 illik tarixində mühüm sosial dinamikanın möhkəmlənməsinə və iqtisadi tərəqqinin yeni mərhələyə qədəm qoymasına səbəb olub. Ulu öndərin hakimiyyətə gəlişi ilə öz həqiqi dövlət müstəqilliyinə qovuşmuş Azərbaycanın inkişaf strategiyasının hazırlanması və həyata keçirilməsi ölkəmizin potensial imkanlarının dünya birliyinə təqdim olunması üçün əsaslı zəmin yaradıb. Ölkəmizin milli mənafeləri, qlobal iqtisadi meyillər, geosiyasi reallıqlar və bu qəbildən olan digər vacib amillər nəzərə alınmaqla hazırlanan inkişaf konsepsiyası milli iqtisadiyyatın bütün komponentlərini əhatə etdi və müstəqil Azərbaycanın parlaq gələcəyi üçün fundamental dayaqlara çevrildi.

Liberal bazar iqtisadiyyatının bütün komponentlərini həyata keçirməyi islahatların başlıca hədəflərinə çevirən Azərbaycan hökuməti 1994-cü ildən başlayan bərpa və dinamik inkişaf dövrünün tələblərinə uyğun qətiyyətli addımlar atdı. Dövlətin tabeçiliyində olan torpaq mülkiyyəti kəndlilərə verildi ki, bu sahədə respublikamız MDB-də ilk islahat aparan ölkə hesab olunur. Digər sahələrdə də özəlləşdirmənin həyata keçirilməsi nəticəsində iqtisadiyyatın strukturunda ciddi keyfiyyət dəyişiklikləri baş verdi və liberal iqtisadiyyatın formalaşması üçün əlverişli zəmin yarandı. Bunun nəticəsində ölkədə maliyyə vəziyyəti sabitləşdi, iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə artdı, xalqın həyat səviyyəsi yaxşılaşmağa başladı. İqtisadi transformasiyanın sürətləndirilməsi sayəsində planlı iqtisadi sistemdən liberal bazar iqtisadiyyatına keçid üçün münbit şərait formalaşdı. İqtisadiyyatın əsasını təşkil edən neft sektoru ilə yanaşı, digər sahələrdə də genişmiqyaslı islahatlara başlanıldı. Bazar iqtisadiyyatına uyğun qanunvericiliyin, büdcə, vergi, bank sistemlərinin formalaşdırılması, aqrar islahatların həyata keçirilməsi, dövlət əmlakının özəlləşdirilməsi, sahibkarlığın inkişafı üçün əlverişli biznes mühitinin yaradılması nəticəsində bazar iqtisadiyyatına keçidin əsası qoyuldu və sahibkarlıq sinfi formalaşdı.

1994-cü il sentyabrın 20-də dünyanın 8 ölkəsini təmsil edən 11 transmilli neft şirkəti ilə “Əsrin müqaviləsi”nin imzalanması və icrasına başlanması ilə Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının və ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu. “Əsrin müqaviləsi”ni imzalamaqla respublikamızın yaxın illər üçün güclü maliyyə resurslarının formalaşmasına baza yaratdı. Ötən dövrdə uğurlu torpaq islahatlarının həyata keçirilməsi, özəlləşdirməyə start verilməsi, çoxmülkiyyətli bazar strukturlarının formalaşdırılması, maliyyə-bank sektorunun inkişafı ilə bağlı strateji qərarların qəbul olunması Azərbaycanın 1995-2000-ci illərdə siyasi və iqtisadi gücünün artmasına imkan verdi. 1995-ci ildən başlayaraq iqtisadiyyatın artım tempi hər il əhəmiyyətli dərəcədə yüksəlməyə başladı. İqtisadiyyatda aparılan islahatlar ölkənin maliyyə vəziyyətinin yaxşılaşmasını, dövlət büdcəsinin gəlirlərinin ildən-ilə artmasını təmin etdi. 2002-ci ildə dövlət büdcəsinin bütün mənbələrdən daxil olan gəlirləri 1993-cü ilə nisbətən 85 dəfə artaraq 4,6 trilyon manata (köhnə manatla) çatdı.

1995-2003-cü illər ərzində ölkəmizdə böyük sosial-iqtisadi dəyişikliklər müşahidə olunmağa başladı. Bu illər ərzində ümumi daxili məhsul 95 faiz, sənaye məhsulunun həcmi 25,7 faiz, kənd təsərrüfatı istehsalının həcmi 53,9 faiz, dövlət büdcəsinin gəlirləri 3 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, xarici ticarət dövriyyəsi 4 dəfə, orta aylıq real əməkhaqqı 5,1 dəfə artdı. İnflyasiya səviyyəsi isə 2-3 faizə endirildi. Büdcə gəlirləri 1995-ci ildə 500 milyon manat olduğu halda 2003-cü ildə 1,5 milyard manatı ötdü. 2003-cü ildə dövlət büdcəsinin gəlirləri 1,5 milyard manatı, xərcləri isə 1,7 milyard manat təşkil etdi. İqtisadiyyata yönəlmiş investisiyaların ümumi həcmi 20 milyard ABŞ dollarını ötdü.

İqtisadi siyasətin ana xəttini təşkil edən sosial islahatların həyata keçirilməsi mühüm pozitiv dəyişikliklərlə müşayiət olunmağa başladı. İqtisadiyyatda sosialyönümlülüyün gözlənilməsi beynəlxalq standartlara uyğun sosial müdafiə modelinin təşəkkül tapmasına səbəb oldu.

 

Möhkəm siyasi sabitlik-davamlı iqtisadi islahatlar düsturu Azərbaycanın inkişafını sürətləndirir

 

Azərbaycanda siyasi sabitliyin təmin edilməsi yeni əsrdə ölkənin iqtisadi inkişafının dinamikasının daha da sürətlənməsinə səbəb oldu. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan tamamilə keçid iqtisadiyyatını arxada qoydu və ölkəmizdə yeni inkişaf mərhələsi başlandı. Azərbaycanın iqtisadi modelinin konturları müəyyən olundu və milli inkişaf modelinin tətbiq olunması iqtisadiyyatın strukturunda tam yeni meyillərə gətirib çıxardı. Ölkəmizin ümumi inkişaf səviyyəsi daha da yüksəldi. 2004-2010-cu ildə ölkədə ÜDM istehsalı 3 dəfə, dövlət büdcəsinin gəlirləri 5,1 dəfə, orta aylıq əməkhaqqı 3,5 dəfə, minimum pensiyanın məbləği 5 dəfə, minimum əməkhaqqı 7 dəfə artdı, 35 mindən artıq yeni müəssisə, 950 minə yaxın yeni iş yeri açıldı, yoxsulluğun səviyyəsi 4,5 dəfə azalaraq 9 faizə endirildi.

Göründüyü kimi, Azərbaycanın iqtisadi modeli çoxşaxəli iqtisadiyyatın inkişafına və innovativ iqtisadiyyatın möhkəmlənməsinə geniş yol açdı. Qeyd edək ki, bu modelin baza sütunları diversifikasiya siyasətinin dərinləşdirilməsi nəticəsində iqtisadiyyatda liberalizmin daha dərin xarakter almasından, innovasiyaların iqtisadi idarəetmədə möhkəmlənməsindən ibarətdir.

Bu gün Azərbaycan siyasi sabitlik şəraitində yüksək iqtisadi inkişaf xəttini davam etdirir. Hazırda tarixi qanunauyğunluqlardan biri olan siyasi sabitlik-sistemli və davamlı iqtisadi islahatlar düsturu respublikamızın ictimai həyatında başlıca faktora çevrilib. Bu gün bütün dünya dövlətlərinin sosial-iqtisadi inkişaf yolu onu göstərir ki, proqressiv meyillərin yaranmasının başlıca səbəbi birbaşa sabitliklə bağlıdır. Yəni, siyasi sabitlik olmayan yerdə nə iqtisadi islahatlardan, nə inkişafdan, nə də iqtisadi uğurlardan danışmaq olar. Qeyri-sabit olan ölkə həmişə böhranlarla, inqilablarla üzləşməyə məhkumdur. İnqilablar olan yerdə isə iqtisadi inkişaf ola bilməz. İnqilablar əksinə ölkəni inkişafdan geri qoyur, dövlətin milli iqtisadi dayaqlarını daha da zəiflədir. İnkişafa isə düşünülmüş kompleks islahatlarla, təkamül yolu ilə nail olmaq mümkündür. Bu gün Azərbaycanın inkişafının da əsas səbəbi məhz düşünülmüş iqtisadi strategiyanın həyata keçirilməsidir. Bu gün ölkəmizdə hökumətin apardığı siyasət xalq tərəfindən dəstəklənir, iqtidarın həyata keçirdiyi islahatlar vətəndaşların milli mənafelərinə, sosial vəziyyətlərinə cavab verir və xalq-iqtidar olan birlik daha da möhkəmlənib. Bu isə siyasi sabitliyi daha da möhkəmləndirir və inkişafı sürətləndirir.

 

“Yeni Azərbaycan”ın Analitik Qrupu

 

 

Yeni Azərbaycan.- 2011.- 30 sentyabr.- S.4.