İstanbulda azərbaycanlı rəssamın fərdi yaradıcılıq sərgisi açılıb

 

Sərgidə rəssamın son illərdə yaratdığı yağlı boya tabloları nümayiş etdirilir   

İstanbulun “Alta” Sənət Qalereyasında azərbaycanlı rəssam Əbülfəz Fərəcoğlunun fərdi rəsm sərgisi açılıb. Sərgidə rəssamın son illərdə yaratdığı yağlı boya tabloları nümayiş etdirilir.

Rəssam Əbülfəz Fərəcoğlu bildirib ki, bu, onun Türkiyədə açılan iyirminci fərdi sərgisidir. Ekspozisiyada Türkiyədəki 14 illik yaradıcılığının hər dövrünə aid tablolar təqdim olunur. Türkiyə mediası və sənətsevərlər azərbaycanlı rəssamın bu fərdi sərgisinə də böyük maraq göstərirlər.

1956-cı ildə Naxçıvanda anadan olmuş Əbülfəz Fərəcoğlu Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirib. Yaradıcılığını 1997-ci ildən bəri Türkiyədə davam etdirir. 2005-ci ildə İstanbulun Yeşilköy səmtində “Ekim” Sənət Məktəbini yaradan Ə.Fərəcoğlu orada 70 müdavimə dərs deyir. O, eyni zamanda Türkiyə Mətbuat Muzeyinin Sənət Qalereyasında da 30 tələbəyə rəsm sənətinin sirlərini öyrədir. Ə.Fərəcoğlu indiyədək tələbələri ilə 50 qrup sərgisi açmışdır. Azərbaycanlı rəssamın Türkiyədə 3 kataloqu çap edilib

 

 

Yeni Azərbaycan.- 2011.- 11 yanvar.- S.8.