Mətbuat Şurası İdarə Heyətinin 2011-ci ildə
ilk iclası keçirilib
Mətbuat Şurasından
Lent.az-a verilən məlumata görə, iclasın gündəliyinə
4 məsələ daxil edilib.
Öncə Mətbuat
Şurasının sədri Əflatun Amaşov Şuranın
2010-cu ildə gördüyü işlərə dair hesabatını
təqdim edib. Əflatun Amaşov deyib ki, sənəddə
komissiyaların fəaliyyətinə, Mətbuat
Şurasına daxil olan şikayət və müraciətlərin
araşdırılmasına, qərar və rəylərin qəbuluna,
«reket jurnalistika»ya qarşı mübarizə tədbirlərinə,
diffamasiya təşəbbüslərinin
reallaşdırılmasına, “Azərbaycan Jurnalistlərinin
Peşə Davranışı Qaydaları”nın yeni
variantı ilə əlaqədar məsələlərə,
milli mətbuatın 135 illiyi ilə əlaqədar prezident sərəncamından
irəli gələn vəzifələrin həllinə,
müxtəlif mövzularda konfrans, seminar və “dəyirmi
masa”ların təhlilinə, beynəlxalq əməkdaşlıq
çərçivəsində görülən işlərə
geniş yer ayrılıb. Müzakirələrdən sonra
hesabat məqbul qiymətləndirilib və sənədin
müəyyən əlavələrlə xüsusi
toplantıda geniş ictimaiyyətə
çatdırılması, eyni zamanda ayrıca kitab şəklində
buraxılması barədə qərar qəbul edilib. Gündəlikdə
duran ikinci məsələ Mətbuat Şurasının
2011-ci ilə dair iş planı ətrafında müzakirələr
olub. Plan müəyyən əlavələrlə təsdiq
olunduqdan sonra qərara alınıb ki, 2011-ci ildə diffamasiya
haqqında qanunun ölkə parlamentinə təqdimatı sahəsindəki
işlər davam etdirilsin. Həmçinin, mətbuatın
iqtisadi durumunun yaxşılaşdırılmasına yönələn
səylərin davamı kimi rəsmi qurumların elan və
reklamlarının KİV-lərdə yerləşdirilməsi
məsələsinə dair işlər görülsün. İş
planına internet jurnalistika və müstəqilliyimizin bərpasının
20 illiyi ilə əlaqədar tədbirlər daxil edilib. Milli
müstəqilliyimizin bərpasında mətbuatın roluna
dair xüsusi konfransın təşkili
razılaşdırılıb. “Şuşa” qəzetinin 100
illiyi ilə bağlı məsələyə toxunularkən
qərara alınıb ki, işğal altında olan bölgələrin
media orqanlarını bir araya gətirən tədbirin təşkili
də aktual səciyyə daşıyır. İclasda Mətbuat
Şurasının Şikayətlər üzrə
Komissiyasının və “Reket jurnalistika”ya qarşı
mübarizə Komissiyasının 2010-cu ilin dekabrında
çıxardığı rəylər əsasında 3 qərar
qəbul olunub. İdarə Heyətinin üzvləri xüsusən
“Salamnyus” İnformasiya Agentliyinin “Tarixi şəxsiyyətlər”
jurnalına qarşı şikayəti ilə bağlı daha
geniş müzakirələr aparıblar. Bildirilib ki, jurnalın
2010-cu ildə çıxan səkkizinci sayında ölkəmizin
xəritəsinin təhrifi, qonşu dövlətə məxsus
xeyriyyə cəmiyyətinin Bakı ofisinin fəaliyyətini əks
etdirən xəritə sxeminin yanlış şəkildə
təqdimatı jurnalın cəmiyyətə xidmət və
mövqeyini şübhə altına qoyur. İdarə Heyəti
bütün bunları əsas götürərək “Tarixi
şəxsiyyətlər” jurnalına ciddi xəbərdarlıq
edilməsi və Xarici İşlər Nazirliyinə müvafiq
məlumat göndərilməsi barədə qərara gəlib.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin
“Gündəm siyasət” qəzetinə qarşı şikayəti
əsasında çıxarılan qərarda isə mətbu
nəşrə xəbərdarlığın olunması məqbul
sayılıb. İclasda “Reytinq” qəzetinə Mətbuat
Şurasının sonuncu xəbərdarlığı da
edilib. Qərara alınıb ki, KİV-in bir aylıq
saylarının monitorinqi aparılsın.
Yeni Azərbaycan.- 2011.- 11 yanvar.-
S.6.