“Səs” qəzeti yalnız xalqımızın maariflənməsi, dövlətimizin maraqlarının qorunması ideologiyası əsasında qurulan bir nəşrdir

 

Bəhruz Quliyev: “Səs” qəzeti həm də bir mətbu məktəbdir, özünəməxsus özəlliklərə, ənənələrə malikdir

 

“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev www.yap.org.az saytına müsahibə verib:

- Bəhruz müəllim, ilk olaraq rəhbərlik etdiyiniz və müstəqil Azərbaycan mətbuatının inkişafı tarixində özünəməxsus yeri olan “Səs” qəzetinin yubileyi münasibətilə Sizi və rəhbərlik etdiyiniz kollektivi səmimi-qəlbdən təbrik edirik. İstərdik, söhbətimizə də elə “Səs” qəzetinin tarixinə, 20 il öncəyə qısa ekskurs ilə başlayaq...

- Təşəkkür edirəm. Həqiqətən də “Səs” qəzeti müstəqil Azərbaycan mətbuatının inkişafı tarixində xüsusi və əhəmiyyətli yerə malikdir. “Səs” qəzetinin fəaliyyətinin bir hissəsi Sovet İttifaqının son dövrlərinə təsadüf edir. 1990-cı ilin sonunda qeydiyyatdan keçən “Səs” qəzeti 1991-ci ilin yanvarından öz oxucularının ixtiyarına verilib. Həmin dövrlərdə Azərbaycanda müstəqil sözə, azad fikrə necə böyük ehtiyac olduğu və o dövrlərdə bunları söyləməyin necə təhlükə yaratdığı yəqin ki, xalqımızın yaddaşındadır. Digər tərəfdən, o dövrdə ölkəmizdə mətbuat anlayışının yalnız SSRİ ideologiyası çərçivəsində məhdudlaşdığını nəzərə alsaq, “Səs” qəzetinin üzərinə götürdüyü missiyanın ağırlığı günümüzün reallığında hər kəs üçün aydın olar. Təəssüf ki, Azərbaycan müstəqilliyinin ilk illərində də mətbuata qarşı təzyiqlər, azad sözün inkişafına yaradılan çərçivələr aradan qalxmadı. AXCP-Müsavat hakimiyyəti mətbuat üzərindəki senzuranı daha da sərtləşdirərək bir növ müstəqil mətbuatın inkişafının qarşısına sədd çəkməyə cəhd göstərdi. Buna baxmayaraq “Səs” qəzeti öz nəşrini dayandırmadı. Çünki, “Səs” qəzeti yalnız xalqımızın maariflənməsi, dövlətimizin maraqlarının qorunması ideologiyası əsasında qurulan bir nəşr idi. Həmin dövrdə “Səs” qəzeti xalqın arasında parçalanma yaratmağa çalışanlara, dövlət müstəqilliyimizə qarşı olan daxili və xarici qüvvələrə layiqli cavablarını verirdi, sağlam bir ideologiya nümayiş etdirirdi. O illərdə, xalqını sevən, dövlət suverenliyimizin qorunması uğrunda mübarizə aparan, Heydər Əliyev dühasının bu ağır günlərdə xalqımızın və dövlətimizin yeganə nicat yolu olduğunu dərk edən insanlar qəzetimizin ətrafında birləşmişdilər...

- Təbii ki, bu məqamda “Səs” qəzetinin tarixinə qızıl hərflərlə həkk olunmuş ziyalıların Ulu öndər Heydər Əliyevə ünvanlanan müraciəti xatırlanmalıdır...

- Bəli, bu müraciət həm “Səs” qəzeti, həm xalqımız, həm də dövlətçiliyimizin qorunması üçün tarixi hadisə idi. 1992-ci il oktyabrın 16-da 91 ziyalının Ulu öndər Heydər Əliyevə müraciəti və oktyabrın 24-də Heydər Əliyevin ziyalıların müraciətinə cavabı məhz “Səs” qəzetində dərc edildi. Bu cəsarətli, xalqımızın, dövlətimizin xilası üçün atılmış addım Azərbaycan tarixində əhəmiyyətli bir rola malik oldu. Ulu öndər Heydər Əliyev hər zaman bu məqamı xüsusi olaraq xatırlayır və “Səs” qəzetinin bu addımını çox yüksək dəyərləndirirdi. “Səs” qəzeti həmin dövrdə 30 minə yaxın tirajla çıxırdı. Mətbuatın sağlam müxalifətçilik prinsipi, yolu məhz “Səs” qəzeti tərəfindən qoyulub, desək yanılmarıq. O dövrdə “Səs” qəzeti siyasi müxalifətdə olan Yeni Azərbaycan Partiyasının banisi Ulu öndər Heydər Əliyev ideyalarına-yalnız dövlətin inkişafına, xalqımızın vahid ideologiyada - AZƏRBAYCANÇILIQ ideologiyasında birləşməsinə xidmət göstərirdi. O mənada, “Səs” qəzeti xalqımızın birliyi istiqamətitndə maarifləndirici rolu ilə seçilirdi.

- Yeni Azərbaycan Partiyasının yaranması prosesində də “Səs” qəzeti mühüm rol oynayıb. O dövrdə informasiya kommunikasiya sistemi zəif, hətta yox dərəcəsində idi. Və YAP-ın regionlarda strukturlaşması, yaradılması işində də populyar mətbu orqan olan “Səs” qəzeti məlumatlandırıcı, maarifləndirici vəzifəni tam olaraq öz üzərinə götürmüşdü...

- Bəli, o dövrdə YAP-ın regionlarda tanınması, strukturlaşması və partiyanın atdığı addımların xalqa çatdırılması işində “Səs” qəzeti əvəzsiz rol oynayıb. Amma bu o qədər də asan olmayıb. Söhbət o zamanlardan gedir ki, azad mətbuat olaraq fikir yürütmək olduqca çətin idi, jurnalistə fərqli fikirlərinə görə yazısını yedirirdilər, canlı efirlərə basqınlar olunurdu və bəzi hüquq-mühafizə orqanlarının rəhbərləri özlərini silahlı dəstə başçısı kimi aparırdı, anarxiya yaratmışdılar. Amma “Səs” qəzeti bu çətin zamanlarda mətanətlə və cəsarətlə Ulu öndər Heydər Əliyev ideyalarına-azərbaycançılıq, dövlətçilik və milli birlik ideyalarına sadiqlik nümayiş etdirirdi. “Səs” qəzeti bütün çətinlikləri dəf edərək YAP-ın sağlam və cəmiyyətə fayda verən ideyalarını yayırdı.

- Ötən 20 il ərzində müstəqil Azərbaycan mətbuatının inkişaf tarixini necə təsvir edərdiniz?

- Bu inkişaf xəttinin əsası 1993-cü ildən qoyuldu. Ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının ardından ölkəmizdə azad sözə, azad fikrə qarşı dözümlülük prinsiplərinin yaranması, demokratik cəmiyyətin qurulması istiqamətində fəaliyyətə başlanıldı. Bunun məntiqi nəticəsi idi ki, 1995-ci ildə Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Azərbaycan Konstitusiyasında vətəndaşların söz azadlığı, azad fikrə hörmət prinsipləri müddəa kimi yer aldı. Azərbaycan Konstitusiyası dünyada vətəndaşların hüquqlarının müdafiəsinə ən çox yer ayıran Ana Yasalardan sayılır. Bu, Ulu öndər Heydər Əliyevin azad vətəndaş cəmiyyətinin qurulması istiqamətində apardığı fəaliyyətin nəticəsi idi. Azərbaycan mətbuatının inkişaf trayektoriyasının əsas pik nöqtəsi, fikrimcə, 1998-ci ildə mətbuatın üzərindəki senzuranın ləğvi məsələsidir. Bundan başqa, ölkədə mətbuatın azadlığının təmin olunması istiqamətində atılan addımlar-mətbuatla bağlı nazirliyin ləğvi, mətbuatın ictimai bir sahəyə çevrilməsi müasir Azərbaycan mediasının yüksəlişinə xidmət göstərən baza sayıla bilərdi. 2003-cü ildən isə mətbuatımızın inkişaf tarixində yeni səhifə açıldı. Prezident İlham Əliyevin Azərbaycan mətbuatının inkişafındakı yeri, rolu olduqca böyükdür. 2005-ci ildə- Milli Mətbuatımızın 130 illik yubileyi münasibətilə jurnalistlərə fəxri adların verilməsi ilə bağlı Sərəncam, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının qəbulu, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması Azərbaycan mediasının həyatında yeni səhifədir. Ötən il iyulun 22-də Prezident İlham Əliyev tərəfindən imzalanan Azərbaycan Milli Mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında Sərəncam isə bu mənada əlamətdarlığı ilə seçildi. Prezident İlham Əliyevin jurnalistlərə fəxri adların verilməsi, mətbu orqanlara birdəfəlik yardımların ayrılması, ən əsası isə jurnalistlərin məişət problemlərinin aradan qaldırılması istiqamətində ilkin addım sayılan və MDB ölkələrində analoqu olmayan sərəncamların imzalanması bu gün ölkəmizdə mətbuatın diqqət mərkəzində olduğunu bir daha sübut etdi. Prezident İlham Əliyev bir daha Azərbaycanda söz azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması prinsiplərinə göstərilən hörməti, diqqəti ortaya qoydu. Bütün bu fəaliyyətin, dost münasibətin nəticəsi idi ki, jurnalistlər 2010-cu ildə Prezident İlham Əliyevi “Jurnalistlərin dostu” mükafatına layiq gördülər. Bu qarşılıqlı münasibət-dövlətin mətbuata qayğısı, mətbuatımızın isə dövlətçiliyimizin, milli-mənəvi dəyərlərimizin, milli maraqlarımızın qorunmasında aldığı rol ölkəmizin inkişafına yüksək təkan verəcək.

- Qeyd etdiyiniz bu dövlət qayğısı müasir “Səs” qəzetinin fəaliyyətinə hansı təsiri göstərir və istərdik qəzetinizin hazırki durumundan danışasınız...

- Təbii ki, ölkəmiz müasir texnologiyaların mənimsənilməsi istiqamətində qısa zaman ərzində böyük bir yol keçib. Bu isə ölkədə informasiya kommunikasiya sisteminin inkişafına yol açıb. Bu gün Azərbaycanda xeyli internet portalları, qəzetlərin veb-səhifləri, informasiya agentlikləri, internet radiolar, televiziyalar fəaliyyət göstərir. Amma yazılı KİV-qəzetlər hər zaman medianın ən populyar sahəsi olaraq qalır. Düzdür, bu gün bütün dünyada qəzetlərin tirajlarının azalması prosesi gedir və bu da qeyd etdiyim inkişaf nöqteyi-nəzərdən başadüşülən və təbii prosesdir. İkinci tərəfdən, ölkəmizdə qəzetlərin sayının artması rəqabətin güclənməsinə, oxucuların isə zövqlərinin fərqliliyi nisbətində sayının azalmasına yol açır. Bu həm də sevindiricidir, o baxımdan ki, ölkəmizdə azad sözün ifadəsinə, fərqliliyə hörmət, dözümlülük mühiti yaranıb. Amma təbii ki, “Səs” qəzeti kimi özünəməxsüs yerə malik olan qəzetlərin sadiq oxucuları da var ki, bu da çox geniş bir auditoriyadır. “Səs” qəzeti də daim öz oxucularının zövqünü oxşamaq, maarifləndirici missiyanı layiqli şəkildə yerinə yetirmək üçün yenilənir, dövrün tələblərinə uyğunlaşır. “Səs” qəzeti həm də bir mətbu məktəbdir, özünəməxsus özəlliklərə, ənənələrə malikdir. Biz, qəzetimizin balansında informasiya agentliyi də təsis etmişik və “Səs” İnformasiya Agentliyi qısa zaman kəsiyində populyarlıq qazanıb, oxucularının rəğbətini qazanıb. Bu yaxınlarda yeni idman portalının “SİASport”un fəaliyyətinə start veriləcək. Qarşıda isə yeni planlar və layihələrimiz var. Hazırda ilk olaraq “SəsTv.az” internet televiziyasının üzərində iş gedir, yaxın zamanlarda biz bunu ictimaiyyətə təqdim edəcəyik. Bundan başqa da planlarımız var ki, zamanı gəldikcə ictimaiyyətə təqdim olunacaq. Bir sözlə, “Səs” qəzeti yenə də Azərbaycan mətbuatının inkişafında özünəməxsus rola malik olması ənənəsini davam etdirir.

 

 

Yeni Azərbaycan.- 2011.- 13 yanvar.- S.4.