Azərbaycanda bilik
iqtisadiyyatının formalaşdırılması istiqamətində
dövlət səviyyəsində ciddi tədbirlər həyata
keçirilir
Havar Məmmədov: Azərbaycan
elminin prestijini bərpa etmək üçün elmin və
innovasiyanın məqsədyönlü inkişafını təmin
etmək, iqtisadiyyatın texnoloji modernləşdirilməsini həyata
keçirmək, elmi potensialı dayanıqlı iqtisadi
inkişafın əsas resurslarından birinə çevirən
tədqiqatların və effektiv innovasiya sisteminin
balanslaşdırılmış strukturunu formalaşdırmaq
tələb olunur
Azərbaycan Texniki Universitetinin
rektoru, texnika elmləri doktoru, professor Havar Məmmədov
www.yap.org.az saytına müsahibə verib:
- Havar müəllim,
informasiya əsri adlandırılan XXI əsr elmin,
informasiya-kommunikasiya texnologiyalarının sürətlə
inkişaf etdiyi, innovasiya proseslərinin daha da intensivləşdiyi
bir zamandır. Bu nöqteyi-nəzərdən müasir elmin
inkişafı, innovativ sistemlərin yaranması fonunda Azərbaycanın
yerini necə dəyərləndirmək olar?
- Bəli, qeyd etdiyiniz kimi,
yaşadığımız XXI əsr bir sıra fərqli
xüsusiyyətləri, özəllikləri və qlobal
problemlərin ortaya çıxması ilə səciyyələnir.
Bu problemlərin həlli yolları hələ məlum olmayan
enerji mənbələrinin kəşfində, yeni, enerjiyə
qənaətli texnologiyaların işlənməsində,
informasiya texnologiyalarının inkişafı və geniş
tətbiqi əsasında tədricən postindustrial cəmiyyətə
keçiddə, təhsil texnologiyalarının və vasitələrinin
inkişafı nəticəsində dünya əhalisinin mədəni
və peşəkar səviyyəsinin yüksəldilməsində
axtarılır. Bu gün inkişaf etmiş ölkələrdə
əsas diqqət innovasiya cəmiyyətinin yeni mərhələsinin
- biliyin generasiyası, yayılması və istifadəsi əsasında
qurulmuş iqtisadiyyatın formalaşmasına yönəldilib.
İntellektual fəaliyyətə qoyulan investisiya
resursların ən səmərəli şəkildə yerləşdirilməsi
üsuluna çevrilir. Dünyada gedən innovasiya proseslərində
Azərbaycanın yeri ölkənin mövcud iqtisadi,
intellektual və təhsil səviyyəsinə uyğun
olmalıdır. Bildiyiniz kimi, son illər Azərbaycanda
bütün sahələrdə sürətli inkişaf gedir.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə
həyata keçirilən uğurlu siyasət nəticəsində
elmin inkişafına xüsusi diqqət yetirilir, bu istiqamətdə
mühüm islahatlar həyata keçirilir. Məhz bunun nəticəsində
də innovasiya prosesləri genişlənməkdədir.
- Prezident İlham Əliyev
ölkəmizin neft sərvətinin insan kapitalına
çevriləcəyini bəyan edib. Bu gün ölkəmizdə
elmin inkişafına, yeni informasiya biliklərinə malik nəslin
yaranmasına dövlət qayğısı göz
önündədir. Sizcə, bu istiqamətdə fəaliyyəti
sürətləndirmək və qlobal innovasiya
dünyasına daha tez daxil olmaq üçün daha hansı
tədbirlər görülməlidir?
- Azərbaycanda bilik
iqtisadiyyatının formalaşdırılması istiqamətində
dövlət səviyyəsində ciddi tədbirlər həyata
keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev 10 aprel
2008-ci il tarixli Sərəncamı ilə “2009-2015-ci illərdə
Azərbaycanda elmin inkişafı üzrə Milli
strategiya”nı və “2009-2015-ci illərdə Azərbaycanda
elmin inkişafı üzrə Milli strategiyanın
reallaşdırılmasının Dövlət
Proqramı”nı təsdiq edib. Sərəncama uyğun olaraq
elmi islahatlar aparmaq üçün Dövlət Komissiyası,
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin
İnkişafı Fondu yaradılmışdır. Fondun əsas
məqsədi elmin müxtəlif sahələrində
aparılan tədqiqatların aktivliyinin təmin edilməsi və
Azərbaycan elminin beynəlxalq səviyyədə layiqincə
təmsil olunmasıdır. Ölkə Prezidentinin
tapşırığı ilə 21 noyabr 2009-cu ildə Azərbaycan
Respublikası Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasında Prezident Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyevin iştirakı ilə humanitar və ictimai
elmlər sahəsində mövcud vəziyyət geniş
müzakirə olunmuşdur. Azərbaycan elminin prestijini bərpa
etmək üçün elmin və innovasiyanın məqsədyönlü
inkişafını təmin etmək, iqtisadiyyatın texnoloji
modernləşdirilməsini həyata keçirmək, elmi
potensialı dayanıqlı iqtisadi inkişafın əsas
resurslarından birinə çevirən tədqiqatların və
effektiv innovasiya sisteminin balanslaşdırılmış
strukturunu formalaşdırmaq tələb olunur. Elmin prestijini
yüksəltmək məqsədilə mövcud intellektual
potensialın imkanlarından rasional istifadə etməklə bərabər,
elm sahəsinə dünyanın qabaqcıl elm mərkəzlərində
təcrübə keçmiş, yeni informasiya
texnologiyalarına və Avropa dillərinə yiyələnmiş
gənc mütəxəssislərin axınını gücləndirmək
lazımdır. İntellektual fəaliyyətin nəticələrinin
təsərrüfat dövriyyəsinə daxil edilməsi ilə
iqtisadi və hüquqi mexanizmlərin qarşılıqlı
inkişafı üçün şərait yaratmaq olar. Eyni
zamanda, vurğulamaq istəyirəm ki, “2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı” çərviçəsində
gənclərimiz dünyanın nüfuzlu ali məktəblərində
təhsil almağa göndərilir. Hesab edirəm ki, dövlətimizin
bu siyasəti gələcəyimiz üçün
güclü kadr potensialının formalaşmasında
özünün ciddi təsirini göstərəcək.
- Azərbaycanda təhsilin
inkişafı ilə bağlı olduqca əhəmiyyətli
addımlar atılıb. Ölkəmizdə Qərb təhsil
sistemi-Bolonya prosesinə keçilib və bu gün ali təhsil
ocaqlarımızda bu sistem tətbiq olunur. Qərb təhsil
sisteminə keçid hansı yeniliklərə yol
açıb və bu addım gələcəkdə Azərbaycanı
qlobal innovasiya dünyasının bir hissəsinə
çevirə bilərmi?
- Ölkəmizdə son illərdə
ali təhsil sisteminin inkişafı ilə əlaqədar
genişmiqyaslı tədbirlər planı həyata
keçirilir, vahid təhsil məkanı
formalaşdırılır, təhsil xidmətlərinin
mobilliyi təmin olunur, yeni təhsil standartları və təhsilin
təşkilini reqlamentləşdirən normativ sənədlər
işlənib hazırlanır. Ali təhsil sisteminin Bolonya
prosesi kontekstində modernləşdirilməsinin, təhsilin
keyfiyyətinin yüksəldilməsinin və nəticələrinin
tanınmasının əsas istiqamətlərindən biri də
tədris prosesində və idarəetmə strukturlarında
müasir informasiya texnologiyalarının tətbiqidir. Təhsildə
informasiya texnologiyalarının tətbiqi ilə əlaqədar
həll olunmalı məsələlərin dairəsi
genişdir. Azərbaycan 2006-2007-ci illərdə müasir
informasiya-kommunikasiya və innovasiya texnologiyalarından istifadə
səviyyəsinə görə Bolqarıstan, Qazaxıstan,
Serbiya, Ukrayna, Misir, Pakistan kimi dövlətləri geridə
qoyaraq 122 qabaqcıl ölkə arasında 71-ci yeri
tutmuşdur. Müqayisə üçün qeyd edək ki,
2004-2005-ci illərdə Azərbaycan, hətta 140 ölkə
siyahısına düşməmişdi. Təhsildə yeni tədris
texnologiyaları açıq və distant təhsil
üçün informasiya tədris vasitələrinin
yaradılmasını, asinxron tədris texnologiyalarının
tətbiqini, elektron dərsliklərin, təhsil
portallarının yaradılmasını və multiagentli
texnologiyalardan istifadə tələb edir. Təhsil sahəsində
aparılan islahatlar bir tərəfdən pedaqoji və
psixoloji, digər tərəfdən isə, telekommunikasiya və
şəbəkə texnologiyaları, informasiyanın
vizuallaşdırılması, süni intellekt, mürəkkəb
proseslərin modelləşdirilməsi və
avtomatlaşdırılması kimi texnoloji problemlərlə
qarşılaşır. Müasir təhsil sistemini distant təhsilin
elementlərindən təcrid edilmiş şəkildə təsəvvür
etmək mümkün deyil. Universitetlərdə informasiya
infrastrukturunun inkişafı üçün klassik əyani təhsil
sistemi yeni tədris texnologiyaları ilə təkmilləşdirilməlidir.
- Bu gün ölkəmizdə
təhsil müəssisələri demək olar ki, tam şəkildə
kompyüterləşib. Bu, təhsilimizin yeni texnologiyalara əsasən
inkişafına nə dərəcədə təsir göstərir?
- Bəli, bu gün Azərbaycanda
orta və ali təhsil müəssisələri yüksək
səviyyədə yeni informasiya texnologiyaları ilə təmin
olunub. Bununla yanaşı, təhsilin kompyüterləşdirilməsində
elektron tədris vəsaitlərinin yaradılması və
ekspertizasına da böyük önəm verilməlidir.
Elektron dərslik işlənərkən pedaqoji prosesin təşkilinin
ümumi prinsipləri və elektron dərslikdən istifadənin
səmərəlilik şərtləri nəzərə
alınmalıdır. Elektron dərslik bir tərəfdən
konkret fəaliyyətin informasiya modeli, digər tərəfdən
isə, tədris prosesinin informasiya modeli kimi
hazırlanmalıdır. Elmin, texnologiyanın və
texnikanın prioritet istiqamətləri üzrə kadr
hazırlığında informasiya-kommunikasiya
texnologiyalarının ən son nailiyyətlərindən biri
də universitetlərin idarə olunmasının avtomatlaşdırılmış
sistemi - elektron universitetdir (EU). EU anlayışı faktiki
olaraq təhsilin distant və onlayn formalarının
inkişafının yeni mərhələsini əhatə
edir, təhsil müəssisəsinin potensial
sifarişçisi olan tələbələrin təhsil
problemlərinin iqtisadi baxımdan əlverişli üsullarla həll
etmək və təhsil xidmətləri üzrə elektron
biznesi həyata keçirmək imkanları yaradır. Azərbaycan
Texniki Universitetində də elektron universitet layihəsi üzərində
aktiv tədqiqatlar aparılır, universitetin hər bir
funksional bölməsi üzrə həmin bölməyə
aid məsələləri avtomatlaşdırılmış
rejimdə həll etmək imkanlarına malik altsistemlər
işlənir, funksional altsistemlərin əlaqələndirilməsi
aztu.az portalı vasitəsilə həyata keçirilir.
- İstərdik ki, rəhbərlik
etdiyiniz ali təhsil ocağı ilə bağlı fikirlərinizi
bildirəsiniz. Azərbaycan Texniki Universitetində təhsilin səviyyəsi,
yeni texnologiyaların inkişafı ilə bağlı nə
deyə bilərsiniz?
- Azərbaycan Texniki
Universitetinin inkişafı, bu təhsil ocağında təhsilin
səviyyəsinin artırılması universitetimizə
dövlət qayğısının nəticəsidir. 60 illik
tarixə malik Texniki Universitetin fəaliyyətində intibah və
tərəqqi mərhələlərinin
başlanğıcı Ulu öndər Heydər Əliyevin
respublikaya rəhbərliyi illərinə təsadüf edir.
Ümummilli lider Heydər Əliyevin təhsil sistemində həyata
keçirdiyi islahatların sürətləndirilməsi məqsədilə
2000-ci ilin iyun ayında imzaladığı “Azərbaycan
Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi
haqqında” Sərəncam təhsil müəssisələri,
o cümlədən, ali məktəblər
qarşısında yeni vəzifələr qoymuşdur. Ulu
öndər Heydər Əliyevin təhsilə göstərdiyi
qayğını, bu dövlət siyasətini uğurla davam
etdirən möhtərəm Prezident İlham Əliyevin ötən
illərdə bütövlükdə elmin, ali təhsilin
inkişafı, mövcud problemlərin həlli istiqamətində
həyata keçirdiyi məqsədyönlü tədbirlər
AzTU-nun inkişafına yeni təkan vermişdir. İqtisadi sahədə
keçid dövrünün başa çatması ilə əlaqədar
ölkədə güclü insan kapitalının
formalaşdırılmasına xidmət edən siyasətin də
yeni mərhələyə qədəm qoyması Azərbaycanın
ali təhsil müəssisələri qarşısında bir
sıra mühüm vəzifələr müəyyənləşdirir.
Prezident İlham Əliyevin elm və təhsil
strategiyasını əldə rəhbər tutan universitet nəinki
nüfuzunu və elmi səviyyəsini qoruyub saxlayır, eyni
zamanda fəaliyyətini qloballaşan dünyanın yeni tələblərinə
uyğun qurur. AzTU uzun illər ərzində
qazandığı nailiyyətləri artırmaqla,
respublikamız və bir sıra xarici dövlətlər
üçün yüksək ixtisaslı mütəxəssislər
hazırlamağa qadir ali məktəb kimi hazırkı mərhələdə
üzərinə düşən məsuliyyəti
düzgün dəyərləndirir.
- Texniki Universitetin təhsildə
yeni hədəfləri hansılardır və bu, necə
müəyyənləşdirilir?
- Hər bir ali təhsil müəssisəsinin uğurlarını təmin edən əsas amillərdən biri dövrün tələb və reallıqlarını maksimum nəzərə alması, təhsili məzmun və formaca müasirləşdirməsi, maddi-texniki bazasını, infrastrukturunu yeniləşdirməsidir. Qloballaşan dünyanın çağdaş inkişaf meyilləri bir sıra yeni ixtisaslar üzrə kadr hazırlığını aktual məsələ kimi önə çıxardığından, son illər universitetdə bu məsələyə ciddi diqqət yetirilir. Bunlardan müasir dövrün tələblərinə uyğun olan, informasiya və kommunikasiya texnologiyaları sahəsində mütəxəssis hazırlığına şərait yaradan ixtisasları göstərmək olar. Digər tərəfdən, müasir tələblərə cavab verən maddi-texniki bazaya və professor-müəllim heyətinə malik olan AzTU təhsilin Avropa standartlarına uyğunlaşdırılması, Bolonya Deklarasiyasının şərtlərindən irəli gələn prinsiplərin respublikada tətbiqi istiqamətində də öncüllüyünü qoruyub saxlayır. Azərbaycan təhsil sisteminin Bolonya prosesinə qoşulması ilə əlaqədar AzTU son illər fəaliyyətini bu sistemə uyğunlaşdırmaq istiqamətində mühüm tədbirlər həyata keçirmişdir. Belə ki, bakalavr və magistrlərin yüksək səviyyədə hazırlanması üçün tədrisin plan və proqramlarına yenidən baxılmış, 2002-ci ildə Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq olunmuşdur. Bu tədris planlarında tələbələrin artıq yüklənməsinə səbəb olan fənlər aradan götürülmüş, həftəlik dərs yükü Avropa universitetlərinin həftəlik dərs yükünə qismən uyğunlaşdırılmışdır. Yeni təhsil sisteminə keçidlə əlaqədar universitetdə təhsilin təşkilində və idarə olunmasında da ciddi dəyişikliklərə başlanmışdır. Bu zaman Rusiya və inkişaf etmiş Qərb ölkələrinin qabaqcıl universitetlərinin uyğun tədris plan və proqramları əsas götürülmüş, habelə çoxsəviyyəli təhsilin xüsusiyyətləri nəzərə alınmışdır. Son illər universitetdə 10-dan çox lokal şəbəkə ilə birləşdirilən və internetə qoşulmuş kompyüter sinifləri yaradılmışdır. “Microsoft”un Akademiyası, video-konfrans zalı açılmışdır. Son illərdə universitetin “Avtomatika və kompüter texnikası” fakültəsində yeni tədris laboratoriyaları yaradılmışdir. Burada avtomatika və idarəetmə fənni üzrə 50-dən çox laboratoriya işini yerinə yetirmək üçün xüsusi laboratoriya qurğusu alınmışdır. Energetik sistemlərinin avtomatik idarə edilməsi ixtisası üzrə Fransanın ŞNAYDER firmasının hazırladığı müasir laboratoriya kompleksi yaradılmışdır. Eləcə də, kompyüterlərlə təchiz edilmiş xüsusi laboratoriya təşkil edilmiş və paket proqramlarla təchiz olunmuşdur. Burada robotlarla idarə olunan avtomatlaşdırılmış sistemlər laboratoriyası fəaliyyət göstərir. Həmçinin, energetik sistemlərdə proseslərin idarə olunması üçün SCADA tipli intellektual və çoxfunksiyalı inteqrasiya olunmuş laboratoriya avadanlıqları da quraşdırılmışdır. Universitetdə tədris olunan fənlər üçün elektron dərsliklər hazırlanmış və tələbələrin istifadəsinə verilmişdir. Eyni zamanda, təhsil ocağında elektron kitabxana, müasir kommunikasiya texnologiyaları - CAD-CAM texnologiyaları ilə idarə olunan Amerikanın HAAS firmasının istehsalı olan, proqram təminatı isə Almaniyanın KELLER firmasına məxsus unikal maşınqayırma dəzgahları alınmış və “Virtual Layihə Tədris-Texnoloji Mərkəz” yaradılmışdır. AzTU-da aparılan elmi işlərin nəticələrinin istehsalatda tətbiqi məsələsi də daim diqqət mərkəzində saxlanılır. 2005-2010-cu illərdə AzTU-da 10-dək beynəlxalq konfrans keçirilmişdir. Son illər universitetin alimləri tərəfindən xarici ölkələrin elmi məcmuələrində 600-dək elmi məqalə nəşr edilmişdir. Təkcə 2009-cu ildə dünyanın ən nüfuzlu elmi məcmuələrində 25 elmi əsər çap olunmuşdur. Son 10 ildə 60 nəfərdən çox universitet əməkdaşı Alman Akademik Mübadilə Xidməti (DAAD) xətti ilə Almaniyanın müxtəlif ali məktəblərində elmi təcrübədə olmuşdur. Hazırda AzTU-nun 10-dək gənc alimi Almaniyanın müxtəlif ali məktəblərində və elm-istehsalat müəssisələrində müvəffəqiyyətlə çalışır.
Yeni Azərbaycan.- 2011.- 13 yanvar.-
S.5.