İNANA BİLMİRƏM
İllərim ötüşür karvanlar təki,
Gah səhər görürəm, gah da ki, axşam.
İnana bilmirəm, gün gələcək ki,
Mən də bu dünyada olmayacağam.
Onlarla tanışlar ötürmüşəm mən,
Çiynimə tabutlar götürmüşəm mən.
Nə qədər adamı dəfn eləmişəm,
Bacımı, atamı dəfn eləmişəm.
Yüz yol alışmışam, odlanmışam mən,
Fəxri qarovulda dayanmışam mən,
Nə qədər ömürlər suala dönüb,
Körpələr yox olub xəyala dönüb.
Bir göz qırpımında itib tanışlar,
Sağımdan, solumdan gedib tanışlar.
Hey ürəyim qəmli, hey qanım qara,
Baxmışam sahilsiz qəbiristanlara.
Ulduzlar sanında məzar görmüşəm,
Yenə də özümü ölməz bilmişəm,
Heç inanmamışam gün gələcək ki,
Mən də köçəcəyəm milyonlar təki.
Belə qurulsa
da bəşər, kainat,
Gözüm
görə-görə, hər gün, hər saat.
Min ömür çatsa da
sona - insanlar,
İnana bilmirəm
buna - insanlar.
Sanıram üstümə
ölüm gələndə,
O, mənim köksümü
söküb dələndə
Hər cürə
davadan, dərmandan əvvəl.
Hər cürə həkimdən,
loğmandan əvvəl,
Öz sevgiləriylə,
istəkləriylə.
Mənə "Ata! Ata!"
deməkləriylə,
Öz baxışlarıyla,
öz səsləriylə,
Öz isti, mehriban nəfəsləriylə,
Məni balalarım
sağaldacaqlar,
Ölüm
zülmətindən çıxaradacaqlar.
Sanıram o çətin
anımda mənim,
Dostlarım dayansa yanımda
mənim,
Sorsalar: "Necəsən?"
o əzizlərim,
Təzədən
yanacaq sönən gözlərim.
Onlar əllərimdən
yapışan kimi,
Durub gəzəcəyəmm
bir cavan kimi,
Mənə elə gəlir ən
son nəfəsdə,
O cəllad duranda
başımın üstə,
Sözlərim meydana girib ər
kimi,
Çarpışıb,
vuruşub iyidlər kimi,
Gücünü, əzmini
bildirəcəklər,
O qara kabusu öldürəcəklər.
Mənə elə gəlir ölüm gələndə
Bir haray düşəcək o doğma kəndə,
Eşidib, bilənlər
yüyürəcəklər,
Onu
boğazlayıb sürüyəcəklər.
Mənim küləklərim
tüğyan edəcək,
Mənim çiçəklərim
üsyan edəcək,
Mənim qartallarım millənəcəklər,
Mənim laylalarım dillənəcəklər,
Çəpərə
dönəcək bənövşələrim,
Qalxacaq ayağa göy
meşələrim,
Adamlar, qartallar, qayalar,
dağlar,
Məni bu həyata
qaytaracaqlar.
Mənə elə gəlir,
varlığım, canım,
Loğmanlar loğmanı Azərbaycanım,
Ürəyi istəsə -
diriləcəyəm,
Mənə oğul desə,
diriləcəyəm...
İllərim
ötüşür karvanlar təki,
Gah səhər
görürəm, gah da ki, axşam.
İnana bilmirəm
gün gələcək
ki,
Mən də bu dünyada
olmayacağam.
Belə qurulsa da bəşər, kainat,
Gözüm görə-görə
hər gün, hər saat,
Min ömür çatsa da
sona, insanlar!
İnana bilmirəm buna,
insanlar!
Yeni Azərbaycan.- 2011.- 15 yanvar.- S.10.