QOCALIQ

 

Müddət bu, qismət bu, qədər budurmu,

Ömür başdan-başa qəm yoludurmu?

Təklik qorxusunu ürək duydumu,

Hazir ol, qapını döyür qocalıq.

 

Zaman öz yerində dayanaydı kaş

Özüm bilmirəm, nədir bu təlaş,

Təkcə qamətini deyil, a qardaş,

Kişilik əzmini əyir qocalıq.

 

Baharı vermişəm, qış qazanmışam,

İlləri vermişəm, yaş qazanmışam.

Dolunu vermişəm, boş qazanmışam,

Kim deyir, gətirir xeyir qocalıq?

 

Zaman açılanı necə soldurur,

Dolunu boşaldır, boşu doldurur.

Bəxyiyar cavanlıq yaradır, qurur,

Keçmişdən xatirə deyir qocalıq.

 

 

BƏXTİYAR VAHABZADƏ

 

Yeni Azərbaycan.- 2011.- 15 yanvar.- S.10.