Xaricdən kimlərinsə Azərbaycanın
qəbul etdiyi qərarlara, ölkəmizdə həyata
keçirilən siyasətə irad tutması cəhdləri qətiyyətlə
rədd edilir
Mübariz Qurbanlı: Azərbaycan
tam müstəqil dövlətdir və müstəqil siyasət
yürüdür. Azərbaycan dünyəvi dəyərləri
öz siyasi həyatına tətbiq edərkən, eyni zamanda,
dini inancla bağlı hansısa fəaliyyəti həyata
keçirərkən, bunu kimlərinsə xoşuna gəlmək
üçün etmir
Məlum olduğu kimi, son
vaxtlar bəzi xarici dairələr, daha dəqiq desək,
İranın rəsmi dairələrinin bəzi nümayəndələri,
dini xadimləri, həmçinin, İran parlamentinin bir
neçə üzvü baş örtüyü məsələsindən
istifadə edərək, Azərbaycan haqqında həqiqətə
uyğun olmayan fikirlər səsləndirir və yalnış
təsəvvür formalaşdırırlar. Bu isə Azərbaycan
ictimaiyyətində narahatlıq doğurur və mənfi hal
kimi qəbul edilir.
Bu və digər məsələlərlə
bağlı suallarımızı Yeni Azərbaycan
Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili
Mübariz Qurbanlıya ünvanladıq:
- Mübariz müəllim,
son vaxtlar İranın bəzi dini xadimləri
çıxışlarında baş örtüyü məsələsini
bəhanə edərək, Azərbaycandakı ictimai-siyasi vəziyyətilə
əlaqədar düzgün olmayan məlumatlar
yaymaqdadırlar. Sizin bu məsələyə münasibətiniz
necədir?
- Hər kəsə bəlli
olduğu kimi, Ulu öndər Heydər Əliyev tərəfindən
əsası qoyulan Azərbaycanın xarici siyasət
strategiyasında balans prinsipi mühüm yer tutur. Azərbaycan
dövləti bu gün Prezident İlham Əliyevin rəhbərliyi
ilə xarici siyasətimizdəki bu prinsipə istinad edərək,
bütün ölkələrlə, (təcavüzkar Ermənistan
istisna olmaqla) o cümlədən, İran İslam
Respublikası ilə mehriban qonşuluq siyasətini həyata
keçirir. Azərbaycan və İran qonşu ölkələrdir.
Azərbaycanla İran arasında münasibətləri tənzimləyən
çoxsaylı sənədlər imzalanıb. Bununla
yanaşı, Azərbaycan Respublikasının xarici siyasətində
dinc yanaşı yaşamaq və daxili işlərə
qarışmamaq prinsipi də əsas yerlərdən birini
tutur.
Məlumdur ki, İran
İslam Respublikası öz daxili siyasətində müxtəlif
addımlar atır, qanunlar qəbul edir. Azərbaycan
Respublikası isə İranın həyata keçirdiyi daxili
siyasətə müdaxilə etməyib, qonşu dövlətin
daxili işlərinə qarışmayıb və İran
xalqının seçiminə hörmətlə
yanaşıb.
Ola bilsin ki, Azərbaycanda bəzi
insanlar, ayrı-ayrı mətbu orqanlar, eyni zamanda, siyasətşünaslar
İranın daxilində həyata keçirilən bu və ya
digər siyasi xətti bəyənməsin, onunla
razılaşmasın və bununla bağlı öz fikirlərini
ifadə etsinlər. Amma, bunlar heç də həmişə
Azərbaycan dövlətinin rəsmi mövqeyi olmayıb.
Heç bir zaman Azərbaycan hakimiyyətinin nümayəndələri,
dövlətin idarəçiliyində təmsil olunan şəxslər
çıxışlarında Azərbaycan-İran münasibətlərinə
xələl gətirə biləcək fikirlərə yer verməyiblər.
Amma təəssüflər
olsun ki, son vaxtlar İranın din xadimləri
çıxışlarında İran-Azərbaycan münasibətlərinə
xələl gətirən fikirlər səsləndirirlər.
Bəllidir ki, İranın bəzi
dini nümayəndələri çıxışlarında
baş örtüyü məsələsinə istinad edərək,
Azərbaycanın daxili siyasətini tənqid etməyə cəhd
göstəriblər. Onlar həm İranın, həm də
dünya ictimaiyyətinin diqqətinə belə bir fikir
çatdırmağa çalışırlar ki, guya Azərbaycanda
dövlət səviyyəsində qadınların baş
örtüyündən istifadə etməsinə qadağalar
qoyulur, bununla əlaqədar olaraq, hökumət hansısa
addımlar atır.
Əlbəttə ki, bu,
yolverilməz haldır və Azərbaycan-İran münasibətlərinə,
dövlətlərimizin əməkdaşlıq ruhuna uyğun
deyil.
- Mübariz müəllim, bəs,
Azərbaycanda əsil vəziyyət necədir?
- Əslində, vəziyyət
İranın bəzi din xadimlərinin eyni zamanda, İran
parlamentinin bir sıra deputatlarının söylədiyi, təsvir
etdiyi kimi deyil. Azərbaycanda heç vaxt baş
örtüyündən istifadə hansısa qanunla və ya qərarla
qadağan edilməyib. Azərbaycan əhalisinin əksəriyyəti
müsəlman olan ölkədir. Ölkəmizdə İslam
dininə böyük hörmət və ehtiramla
yanaşılır. Eyni zamanda, Azərbaycan dünyəvi
dövlətdir və burada din dövlətdən
ayrıdır.
Ölkəmizdə “Dini
etiqad azadlığı haqqında” Qanun da fəaliyyətdədir
və dövlət də millli-mənəvi dəyərlərimizin
qorunması istiqamətində böyük işlər
görür.
Qeyd edim ki, bu istiqamətdə
Ulu öndər Heydər Əliyev tərəfindən səmərəli
addımlar atılıb. Ümummilli lider Heydər Əliyev
dövlət quruculuğunu həyata keçirərkən, Azərbaycan
Respublikasının Konstitusiyasının müəllifi kimi,
Ali Qanunumuzda vicdan azadlığı məsələsinin də
yer almasında əhəmiyyətli rol oynayıb.
Bu gün isə cənab
Prezident İlham Əliyev dini etiqad azadlığının həyata
keçirilməsi istiqamətində dövlət səviyyəli
tədbirlərin keçirilməsinə şərait
yaradır. Bəllidir ki, Azərbaycanda Prezident İlham Əliyevin
və Heydər Əliyev Fondunun təşəbbüsü ilə
bir sıra məscidlər bərpa olunub, inşa edilib. Yəni,
bu günə qədər Azərbaycanda insanların dini etiqad
azadlığı tam şəkildə təmin edilib və
bundan sonra da ediləcək.
Bu mənada söyləyim
ki, Azərbaycanda baş örtüyündən istifadəyə
qadağa qoyulmayıb və bununla bağlı, dövlət,
hökumət səviyyəsində hansısa qadağanı
ifadə edən fikirlər səslənməyib. Ona görə
də, İranda bəzi dairələrin yanlış fikirlər
səsləndirməsi, xüsusilə də, baş
örtüyü məsələsi ətrafında
spekulyasiyalara yol verməsi tam əsassızdır və
yersizdir. Əlbəttə ki, olmayan və ya yol verilməyən
bir məsələyə görə, Azərbaycanı
qınamaq cəfəngiyyatdan başqa bir şey deyil.
Azərbaycanda baş
örtüyü ilə bağlı problem yoxdur. Bu problemi kimlərsə,
süni şəkildə qabartmağa çalışır.
Görünür ki, bəzi dairələr məxsusi şəkildə
mövcud olmayan bir məsələdən istifadə edərək,
Azərbaycan haqqında mənfi fikir formalaşdırmağa cəhd
göstərir. Təbii ki, bütün bunlar yolverilməzdir.
Ümumiyyətlə, Azərbaycan
tam müstəqil dövlətdir və müstəqil siyasət
yürüdür. Azərbaycan dünyəvi dəyərləri
öz siyasi həyatına tətbiq edərkən, eyni zamanda,
dini inancla bağlı hansısa fəaliyyəti həyata
keçirərkən, bunu kimlərinsə xoşuna gəlmək
üçün etmir. Bu Azərbaycanın seçdiyi yola
uyğun olaraq atılan addımlardır və kimlərinsə
fikirləri dövlətimizi öz mövqeyindən döndərə
bilməz.
Digər tərəfdən
bildirim ki, bu gün Azərbaycanın daxili siyasətilə
bağlı atdığı addımlar haqqında İranda səhv
fikirlərin səsləndirilməsi dövlətlərimiz
arasındakı münasibətlərin və əməkdaşlığın
ruhuna, mehriban qonşuluq siyasətinin prinsiplərinə,
imzalanmış sənədlərin tələblərinə
uyğun deyil. Yəni, İranın hansısa bir formada Azərbaycanın
daxili işlərinə qarışmağa nə siyasi, nə
də mənəvi haqqı var. Nəinki İranın, digər
başqa dövlətlərin də buna haqqı yoxdur. Azərbaycanda
bütün işlər qanunlar çərçivəsində
həyata keçirilir. Azərbaycanın bu seçimi
xalqımızın iradəsini, cəmiyyətimizin istəyini
ifadə edir. Xaricdən kimlərinsə Azərbaycanın qəbul
etdiyi qərarlara, ölkəmizdə həyata keçirilən
siyasətə irad tutması qətiyyətlə rədd
edilir. Azərbaycan ictimaiyyəti həmişə bu cür hərəkətlərə
mənfi münasibət bəsləyib.
- Məlum olduğu kimi, Azərbaycanda
orta təhsil məktəblərində vahid formaya keçidlə
bağlı yekun qərar oldu. Amma təəssüflər
olsun ki, bəzi xarici dairələr bu məsələ ilə
də bağlı həqiqətə uyğun olamayan fikirlər
səsləndirirlər. Buna münasibətinizi bilmək istərdik.
- Bir daha qeyd edirəm ki,
Konstitusiyada da göstərildiyi kimi, Azərbaycan hüquqi,
dünyəvi, demokratik və unitar dövlətdir. Dünyəvilik
prinsipinə uyğun olaraq, Azərbaycanda təhsil sistemi də
dünyəvi xarakter daşıyır. Azərbaycanın orta
və ali təhsil ocaqlarında ictimai-humanitar elmlərlə
yanaşı, dini dünyagörüşü haqqında da
kifayət qədər məlumatlar, biliklər verilir. Azərbaycan
dünyəvi dövlət olduğuna görə, təhsil
prosesində də bu özünü açıq şəkildə
göstərməlidir. Bununla əlaqədar olaraq, Azərbaycanın
təhsil ocaqlarının fəaliyyəti dünyəvilik
prinsipinə uyğun şəkildə qurulur.
Təhsil Nazirliyinin xəttilə
ölkəmizin təhsil ocaqlarında vahid məktəbli
formasına keçidlə bağlı fikirlər səslənib
və təhsil müəssisələri da buna müvafiq
olaraq, vahid məktəbli formasına keçid haqqında qərar
qəbul ediblər. Bu vahid forma isə həmin məktəblərdə
təhsilalanlara aiddir.
Təhsilin hansı formada həyata
keçirilməsini və nə cür formanın tətbiqini
hər bir dövlət özü müəyyən edir. Bu
gün dünyanın müxtəlif ölkələrində
vahid məktəbli forması tətbiq olunub. Sual olunur: bu
günə qədər hansısa azərbaycanlı bir siyasətçi
İrandakı məktəblilərin formaları ilə
bağlı hansısa xoşagəlməz fikir söyləyibmi?
Əlbəttə ki, yox. Bu, İranın daxili işidir,
qarşısına qoyduğu perspektiv məqsədlərdən
asılı olaraq, onun seçimidir.
Bu mənada, İranda Azərbaycan məktəblərində vahid formaya keçidin baş örtüyü məsələsilə əlaqələndirilməsi də tamamilə qəbuledilməzdir
Yeni Azərbaycan.- 2011.- 18 yanvar.-
S.5.